(13.19) “. Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar”.
(13.20) “O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar”.
(13.21) “. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər”.
(13.22) “O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –“
Fövqəluca bilik sahibi olub xeyirxah işlər görənlərlə, belə məziyyətlərə malik olmayan arasındakı çox böyük fərq olduğunu göstərir. Məgər Vəhyin həqiqət olduğunu başa düşən və xeyirxahlıq edən insanla haqqı tanımayan və onu əsas tutmayan axmaq koru müqayisə etmək olarmı? Həqiqətən də, onların arasında fərq göylərlə yer arasındakı fərqə oxşayır. Buna görə Allahın qulları onlardan kimisini gözəl sonluğun gözlədiyi barədə düşünməlidirlər ki, həmin yola üstünlük versinlər və o yola çıxsınlar. Lakin heç də hamı düşünmür ki, ona fayda verən və ya zərər vuran nədir? Öz əməllərinin verə biləcəyi nəticələr haqqında təkcə sağlam təfəkkürə və düzgün baxışlara malik olan ağıllı insanlar düşünürlər. Bunlar – Adəm nəsillərinin ən yaxşılarıdır və əgər onların məziyyətləri haqqında bilməyi arzu edənlər varsa, onda onlar Fövqəuca Allahın onlara verdiyi gözəl xasiyyətnamə ilə tanış olsunlar.
Onlar Onun qarşısında öz vəzifələrini ən mükəmməl surətdə yerinə yetirəcəklərini vəd etdikləri vaxtda Onunla bağladıqları əhdə sadiqdirlər. Onlar verdikləri əhdi yerinə yetirir və bunu səmimiyyətlə Onun xatiri üçün edirlər. Buna əlavə, onlar öz üzərlərinə götürdükləri öhdəlikləri pozmurlar. Bu, onların təkcə Allah qarşısında olan öhdəliklərinə deyil, bütün müqavilələrinə və sazişlərinə, andlarına və vədlərinə aiddir. Allahın qulu öz öhdəliklərini ən layiqli tərzdə yerinə yetirmədikcə və onları pozmadıqca böyük mükafat vəd edilən dərrakəli insanlardan biri ola bilməz.
Bununla yanaşı dərrakəli insanlar Allahın müdafiə edilməsinə hökm verdiyi şeyləri dəstəkləyirlər. Bu isə o deməkdir ki, onlar Ona və Onun Elçisinə (s.ə.s) iman gətirirlər, Onu və Onun Elçisini (s.ə.s) sevirlər, Ona şərik qoşmadan ibadət edir və Onun Elçisinə (s.ə.s) itaət edir, sözləri və əməlləri ilə atalarına və analarına ehtiram göstərir və onların faydalı əmrlərinə itaətsizlik etmir, qohumluq əlaqələrini kəsmir və yaxınlarına sözlə və işləri ilə yardım edir və həm də zövcələri, silahdaşları və qullar qarşısında maddi və mənəvi həyata aid vəzifələrini layiqincə yerinə yetirirlər. Allahın dəstəkləməyi əmr etdiyi şeyləri dəstəkləmələrinin səbəbi – Onun qarşısında və Əzəmətli Hesabat Günü dirildiləcəklərindən qorxmalarıdır. Onlar Ona itaətsizlik göstərməyə cəsarət etmir, Onun hökmlərinə laqeydcəsinə yanaşmırlar, çünki Onun cəzalandıracağından qorur və Onun mükafatlandıracağına ümid bəsləyirlər.
Onlar dini hökmləri səbirlə yerinə yetirir, səbirlə hər cür haramlardan qaçır, narazılıq bildirmədən və hiddətlənmədən Rəbbin qədərinin əzab-əziyyətinə mətinliklə dözürlər. Onlar bunu digər tamahkarlıq məqsədləri üçün deyil, öz Rəbbi xatirinə səmimiyyətlə edirlər. Səbirli olmaq, insan Rəbbinin lütfkarlığını qazanmaq, Ona yaxınlaşmaq və Onun mükafatına layiq olmaq ümidi ilə itaətsizlikdən çəkindiyi vaxt fayda verə bilər. Belə səbirlilik əsil möminləri fərqləndirən məziyyətlərdəndir. Səs-küylü şan-şöhrət qazanmaq xatirinə səbirli olmağa gəldikdə isə, bunu həm möminlər və həm də günahkarlar, həm iman gətirənlər və həm də kafirlər nümayiş etdirə bilərlər. Lakin əslində belə səbirlilik tərifə layiq deyildir.
Ağıllı insanlar da namaz qılır, onun şərtlərini, vacib və sünnələrini yerinə yetirirlər. Bu zaman onlar Allaha qəlbən və cismən ibadət edirlər. Bununla yanaşı onlar zəkat verir, günahları təmizləyən və digər növ vacib ianələr paylayır və həmçinin könüllü sədəqələr verirlər. Onlar zəruriyyət yarandıqda sədəqələrini ya gizli, ya da aşkar verirlər. Əgər insanlar onları sözləri və ya əməlləri ilə incitdikdə, onlar belələri ilə eyni tərzdə pis davranmır və onları incidənlərə yaxşılıq göstərirlər. Bu insanlar əvvəllər onları yaxşılıqdan məhrum etmiş şəxslərə iltifat göstərir, onlara qarşı ədalətsizlik edənləri bağışlayır, qohumluq əlaqələrini kəsmək istəyənlərlə bu əlaqələri davam etdirir, onlara pislik edənlərə yxşılıq edirlər. Əgər onlar onlara əzab verənlərə yaxşılıq edirlərsə, onda gör onların pislik etməyənlərə münasibəti necə olmalıdır?! Öz şərəfli keyfiyyətləri və gözəl ləyaqətləri sayəsində onlar, Fövqəlucanın növbəti ayələrdə səciyyələndirdiyi Axirət yurduna layiqdirlər.
(13.23) “əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər:”
(13.24) “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”
Ədəm bağları – möminlərin heç vaxt tərk etməyəcəkləri əbədiyyət bağlarıdır. Onlar özləri üçün buranı əvəz ədəcək bir şey axtarmayacaqlar, çünki yer üzündə Cənnətdən daha gözəl bir şey yoxdur. Orada ən tələbkar insanları razı salmağa qadir olan böyük sevinc və zövq verən hər şey bir yerə toplanmışdır. Cənnət sakinlərinin sevincinə onların həm də öz ruhu və keyfiyyətlərinə görə onlara oxşayan əməlisaleh valideynləri və zövcələri, oğulları və qızları, ulu ata-babaları və nəsilləri, silahdaşları və sevgililəri ilə birlikdə oraya daxil olmaları əlavə ediləcəkdir. Ayədəki “Əzvac” (“zövcələr”) və “zurriyyət” (“nəsillər”) sözlərini məhz bu mənada başa düşmək lazımdır.
Mələklər Cənnət əhlinin yanına onun bütün qapılarından daxil olub onları salamlayacaq və onlara ən xoş arzular diləyərək, deyəcəklər: “Sizə salam olsun! Siz əmin-amanlığa və Rəbbinizin salamına layiqsiniz. Bu gün siz hər cür xoşagəlməz şeylərdən xilas ediləcəksiniz və ən çox istədiyiniz və arzu etdiyiniz şeyləri hökmən əldə edəcəksiniz. Bunun səbəbi göstərdiyiniz səbirlilikdir. Bu keyfiyyətinizin sayəsində siz yüksək saraylarda və füsünkar bağlarda yaşamağa nail olmusunuz. Axirət yurdu necə də gözəldir!”
Əgər insan özünə səmimiyyətlə xeyirxahlıq arzulayırsa və öz taleyinə qayğıkeşliklə yanaşırsa, onda o, öz nəfsi və şəhvani hissləri ilə mübarizə aparmalı (Yəni, insan özü öz nəfsi və şəhvani hisslərinə qarşı cihad etməlidir. F.S.)və səylə ağıllı insanların keyfiyyətlərini mənimsəməyə can atmalıdır. Məhz onda o, bütün arzuların həqiqətə çevrilib gerçəkləşdiyi və insanları böyük sevinc hissinin bürüdüyü və əsil şadlığın, ləzzətlərin bir yerə toplandığı məskəndə yer tutmağa layiq ola biləcəkdir. Qoy zəhmətkeş insanlar bunun xatiri üçün çalışsınlar! Qoy yarışmaq istəyənlər bu işdə yarışsınlar!
(13.25) “Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır”.
Fövqəluca Allah Cənnət sakinlərinin məziyyətlərini xatırlatdıqdan sonra, qeyd edir ki, Cəhənnəm sakinləri isə bunlara tamamilə zidd olan keyfiyyətlərə malikdirlər. Onlar Allahla bağladıqları və barəsində Allahın elçilərindən öyrənəcəkləri əhdi yerinə yetirməkdən imtina edirlər. Onlar bu əhdi itaətkarcasına qəbul etmir, ondan üz döndərir və onu pozurlar. Onlar iman gətirməkdən və xeyirxah əməllər işləməkdən boyun qaçıranda öz Rəbbi ilə rabitəni qırır, həmçinin qohumluq əlaqələrini kəsir, öz yaxınları qarşısında vəzifələrini yerinə yetirmirlər. Bundan başqa, kafirliyə etiqad etməklə və günah işlətməklə insanları düz yoldan çıxararaq və haqq yalan kimi göstərərək onlar yer üzündə şərəfsizlik yayırlar. Onlar alçaldılmağa və hər yerdən qovulmağa layiqdirlər. Onlar Allahın, mələklərin və mömin müsəlmanların lənətinə layiqdirlər. Onların məskəni isə, mütləq Cəhənnəm Odu olacaqdır ki, orada şiddətli ağrı verən cəzadan başqa heç nə yoxdur.
(13.26) “Allah istədiyinin ruzisini ya bol edər, ya da azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı Axirətlə müqayisədə keçici bir zövqdür”.
Allah kimə bol var-dövlət əta etməyi, kimin isə vəsaitini məhdudlaşdırmağı təkbaşına həll edir. Kafirlər maddi nemətlərə o dərəcədə möhkəm sevinirlər ki, tam arxayınlaşır və Axirət həyatını yaddan çıxarırlar. Bunun səbəbi təkcə ağlın çatmamasındadır, çünki dünya həyatı Axirət həyatı ilə müqayisədə - ötəri bir zövqdür. O, o dərəcədə az bir müddəti əhatə edir ki, kafirlər ondan çox qısa bir zamanda ləzzət ala bilirlər və bundan sonra var-dövlət və dostlar uzun çəkən sonsuz müsibətlərlə əvəz olunur.
(13.27) “Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Ona üz tutan kimsəni isə doğru yola yönəldir”.
Fövqəluca ayədə bildirir ki, Allahın ayələrinə iman gətirməkdən imtina edən günahkarlar, Allahın Elçisinə (s.ə.s.) müqavimət göstərir və ondan qəribə möcüzələr tələb edirlər. Onlar tələb etdikləri möcüzələrin baş verməməsinə hiddətlənirlər və elan edirlər ki, əgər istədikləri möcüzələr göstərilsəydi, onlar hökmən iman gətirərdilər. Amma Allah təkcə Onun lütfkarlığını qazanmağa can atanları düz yola yönəldir. Onlar isə özləri nə düz yola qoymağa və nə də azdırmağa qadir deyillər və buna görə imanı yeni möcüzələrin nazil edilməsi ilə əlaqələndirmək lazım deyil. Bundan başqa, onlar yalan danışırlar, çünki mələklər onların yanına gəlsələr də və ya ölülər onlarla danışsalar da və yaxud onların qarşısında istənilən möcüzələr cəm edilsələr də, Fövqəluca Allah bunu istəmədikcə, onlar iman gətirməyəcəklər. Həqiqətən, kafirlərin əksəriyyəti bundan xəbərsizdir.
Müşriklərin, Allahın Elçisindən (s.ə.s.) tələb etdikləri möcüzənin göstərməsinin heç bir zəruriyyəti yoxdur. Onun (s.ə.s.) öz Təliminin doğruluğunu sübut etmək məqsədilə onlara göstərdiyi digər möcüzələr kifayət qədərdir. O (s.ə.s.), onun (s.ə.s.) qarşısında qoyulmuş tapşırığı artıq yerinə yetirmişdir və insanlar, onların görmək istədikləri möcüzələrdənsə, bunlardan daha çox fayda əldə edə bilərlər. Əgər onlara tələb etdikləri möcüzələr nazil edilsəydi və sonra onlar yenə də iman gətirməsəydilər, onda Fövqəluca Allah onları cəzalandırmağı ləngitməzdi.
(13.28) “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”.
Fövqəluca bu ayədə möminlərin fərqləndirici sifətləri barədə xəbər verir. Allahın adı xatırlandığı zaman onlar narahatçılıqdan və həyəcandan xilas olur, böyük sevinc və məmnunluq hiss edirlər. Həqiqətən də, insanların qəlbinə başqa şeylərlə rahatlıq tapmaq yaraşmaz, çünki dünyada Yaradana məhəbbət bəsləməkdən və Onu dərk etməkdən daha fərəhləndirici və ruhu oxşayan bir şey yoxdur. İnsan Allahı daha möhkəm sevməklə və daha yaxşı dərk etməklə Onu daha yaxşı anlaya bilər. Bu şərh o zaman ədalətli hesab olunur ki, Allahı xatırlamaq dedikdə, Onun ucaldılması, şöhrətləndirilməsi və ya qulları tərəfindən Allahın xatırlanmasının başqa formaları nəzərdə tutulsun.
Başqa bir şərhə görə, Allahın xatırlanması ( Allahın zikr edilməsi. F.S.) dedikdə, möminlər üçün xatırlatma olan Müqəddəs Quran nəzərdə tutulur. Bu şərhdən isə görünür ki, ürəklər Quran ayələrinin mənaları və onun müdrik ehkamları ilə tanış olduqda təskinlik tapır, çünki Vəhy – inandırıcı dəlillər və sübutlarla təsdiq edilən mütləq həqiqətin şəhadətidir. Bütün bunlar insanların qəlbinə rahatlıq və əminlik bəxş edir ki, bunlar aydın biliklər və möhkəm etiqad olmadan mümkün deyildir. Bu bilikləri Allahın Kitabında tapmaq olar. Ən mükəmməl və qüsursuz keyfiyyətlər də məhz o Kitaba məxsusdur. Quran biliklərinə əsaslanmayan digər kitablara gəldikdə isə, onlar insana təsəlli verməyə qadir deyillər. Bundan başqa, onlar narahatçılıq və həyəcan yaradır, çünki onların sübutları və hökmləri ziddiyyətlidir. Bax buna görə də Fövqəluca buyurur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (Nisa, 4/82). Quranı öyrənən və onun ayələrinin mənaları üzərində düşünən hər kəs, həm də digər elmlər üzərində düşünür. Çox gözəl məlumdur ki, onların arasında böyük fərqlər mövcuddur.
(13.29) “İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır”.
Bu insanlar bütün qəlbi ilə Allaha, mələklərə, Kitablara, elçilərə və Qiyamət gününə iman gətirərək, öz imanlarını saleh əməlləri ilə təsdiq edirdilər və onları həm qəlbən və həm də cismən yerinə yetirirdilər. Onlar Allahı sevir, Ondan qorxur və təkcə Ona ümid bəsləyirdilər. Bununla yanaşı onlar namaz qılır və digər xeyirxah işlər görürdülər və bunların sayəsində gözəl həyata və şərəfli məskənə layiq görüldülər. Onlar Allahın lütfkarlığını qazandılar və həm bu dünyada və həm də öldükdən sonra Allahın mərhəmətinə layiq görüldülər. Onlar kamil rahatlıq və qüsursuz həzzə layiq görüldülər. Allahın onlara bağışlayacağı saysız-hesabsız hədiyyələr arasında “Tuba” (“Səadət”) adlı Cənnət ağacı da olacaqdır. Səhih hədislərdə bildirilir ki, bir atlı bu ağacın kölgəsində yüz il çapsa da, sonuna gedib çata bilməz.
(13.30) “Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar ər-Rəhmanı inkar etsələr, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa ilah yoxdur. Mən yalnız Ona təvəkkül edirəm və tövbə ilə Ona qayıdacağam”.
Ey Muhəmməd! Biz səni ona görə göndərmişik ki, qəbilədaşlarını doğru yola dəvət edəsən. Əvvəllər yaşamış xalqların yanına da elçilər gəlirdi və buna görə sən Allahın seçdiklərinin birincisi deyilsən. Bu isə o deməkdir ki, sənin qəbilədaşlarının sənin peyğəmbərliyini təkəbbürlə rədd etməyə əsasları yoxdur. Sən onların arasında hər ağlına gələn şeyi təbliğ etmirsən. Həqiqətən də, sən onlara vəhylə sənə təlqin edilmiş Müqəddəs Quranın ayələrini oxuyursan. Bu ayələr ürəkləri zəmizləyir və ruhu nəcibləşdirir. Lakin sənin qəbilədaşların Mərhəmətliyə iman gətirməkdən imtina edirlər. Onlar Allahın lütfkarlığının ən böyük təzahürlərindən biri olan və sənə nazil etdiyi Müqəddəs Quranı qəbul etməkdən imtina edir və ona görə öz minnətdarlıqlarını bildirməkdənsə, əksinə, Allahın lütfünü inkar və rədd edir, özlərindən əvvəlkilərin taleyindən ibrət götürmürlər. Axı Allah günahları və cinayətlərinə görə kafirlərin bütöv nəsillərini cəzalandırmışdır. Buna görə də öz qəbilədaşlarına de: “Mənim yeganə Rəbbim – Allahdır. Təkcə Onun, Ona ibadət edilməsinə və hökmranlığa haqqı var. O, məni yaratdığı andan mənə saysız-hesabsız nemətlər əta edir. Bütün əməllərimin başlanğıcında Ona təvəkkül edir və bütün dualarımı Ona yönəldirəm”.
Tarix: 20.04.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 622 Bölmə: Sureler