Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 131-140

(6.131) “Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!

Allah haqdan üz döndərən və onu inkar edən bütün şeytanları və insanları qınayacaqdır. O, onların azğınlığını özlərinə izah edəcək və yolunu azmışlar günahlarını etiraf edəcəklər. O, onlara xatırladacaq ki, elçilər onlara Onun hökmləri və qadağaları, mömin əməllər və şər əməllər, faydalı vədlər və sərt təhdidlər olan və təfsilatı ilə açıqlanmış aydın ayələr gətirirdilər. Elçilər onları Qiyamət gününün yaxınlaşması barədə xəbərdar edir və bəyan edirdilər ki, Həmin gün xilas olmaq, uğur əldə etmək təkcə Allahın hökmlərinin yerinə yetirilməsi və haramlardan çəkinilməsi sayəsində mümkün ola biləcəkdir. Elçilər öyrədirdilər ki, bu hökmlərin yerinə yetirilməməsi bədbəxtlik və böyük ziyanla nəticələnəcəkdir.
İnsanlar və cinlər bunu etiraf edəcək və boyunlarına alacaqlar ki, bu dünya öz nemətləri, gözəllikləri və zövqü-səfası ilə onları o dərəcədə aldatmışdır ki, onlar ümidlərini ona bağlamış, ondan məmnun olmuş və Axirətə laqeydlik göstərmişlər. Onlar özlərinə qarşı şahidlik edəcək və kafir olduqlarını boyunlarına alacaqlar. Onlar ittihamı özlərindən kənarlaşdıra bilməyəcəklər və onda bütün məxluqlar, hətta kafirlər özləri Allahın ədalətliliyinə əmin olacaqlar. O, onları işgəncəli cəzaya məhkum edəcək və buyuracaq: “...Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!...” (Əraf, 7/38).
Onlar eyni günahları işlətmiş, yer üzündəki qismətlərindən eynilə zövq almış və yalan boşboğazlıqlar etmişdilər və buna görə də onlar əsil ziyana uğrayacaqlar. Məgər Səadət diyarına düşmək imkanından məhrum olmaqdan da boyük ziyan ola bilərmi?!! Cəhənnəmin bütün sakinlərinin ziyana düşəcəklərinə baxmayaraq, onların ziyanının ölçüsündə çox böyük fərqlər olacaq.
(6.132) “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”

Hər bir cinayətkar öz cinayətlərinə uyğun gələn pilləni tutacaq və buna görə az günah işlədənlər qatı cinayətkarlarla eynu səviyyədə olmayacaqlar, aldadılmış sadəlövh insanlara isə kafirlərin başçılarına verilən cəza, verilməyəcək. Cənnət bağlarına daxil olanların hamısının uğur əldə edəcəyinə baxmayaraq, belə fərqlər Cənnət sakinləri arasında da olacaqdır. Təkcə Allah bilir ki, onların mükafatları bir-birindən nə qədər fərqli olacaq, lakin onların hər biri öz Himayədarının hədiyyələrindən məmnun qalacaqdır.
Biz isə Fövqəluca Allaha dua edirik ki, bizi, Öz yaxın, seçilmiş və sevimli qulları üçün hazırladığı ən yüksək Firdövs cənnətinin sakinləri etsin. O, Öz məxluqlarının əməllərinə laqeyd yanaşmır və onlardan hər birini Ona dəqiqliklə məlum olan əməllərinə və niyyətlərinə uyğun olaraq hökmən mükafatlandıracaqdır.


(6.133) “Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər”.
(6.134) “Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!”

Allahın qullarına xeyirxah əməllər etməyi və onlara yaramaz hərəkətlərdən çəkinməyi əmr etməsi onlara göstərdiyi mərhəmətinin təcəssümüdür. O, bunları insanların öz mənafeləri xatirinə etmişdir, çünki O, Özünəbəs və yaratdıqlarına Ehtiyacduymayandır. İtaətkarların mütiliyi Ona heç bir fayda vermədiyi kimi, itaətdən çıxanların itaətsizliyi də Ona heç bir zərər vurmur.
Ey insanlar! Əgər Allah istəsə, sizi məhv edər və sizi başqa xalqların nəslindən yaratdığı kimi, sizin yerinizə də istədiklərini xələfləriniz edər. Sizdən əvvəlkilər kimi, sizə də bu dünyanı hökmən tərk edəcəyiniz və sələflərinizin onu sizə qoyub getdiyi kimi, sizin də onu varislərinizə verəcəyiniz məlumdursa, onda siz niyə bu dünyaya daimi məskəniniz kimi yanaşırsınız? Niyə siz Yeri özünüzün daimi yaşayış məskəni seçir və unudursunuz ki, o, həyatınızın son mərhələsi deyil, aralıq məntəqədir? Niyə unudursunuz ki, irəlidə istənilən nemətlərlə zəngin və hər cür qüsur və nöqsanlardan xali olan bir diyar vardır?
Həmin o diyar üçün ilk və sonrakı nəsillər səy göstərmiş və ilk möminlər və onların ardıcılları oraya getmişlər. Orada olduqdan sonra insan əbədi həyat və daimi yaşayış əldə edir, ən çox arzu etdiyi məqsədinə çatır və ən müqəddəs istəyinin icra edilməsinə nail olur ki, bu istəyin yanında yerdə bütün digər arzu və xəyallar əhəmiyyətsizdir. Allaha and olsun ki, orada ürəyin istəyə, gözlərin görə biləcəyi və yarışanların bir-biri ilə adı ilə yarışdıqları hər şey bir yerdə toplanmışdır. Orada insanlara ləzzət və həzz verən, çoxlu sevinc gətirən, ruhu və bədəni oxşayan nemətlər hazırlanmışdır. Orada insanlar qeybi Bilən Allahın yaxınlığında olacaqlar. Allaha and içirəm ki, ağıllı insanın səy göstərməsi ancaq belə səxavətli hədiyyələrlə bağlanmaq və onun yeganə arzusu Cənnətin ən yüksək pillələrinə çatmaq olmalıdır. Bundan azı ilə qane olanların qisməti necə də mənhusdur! Faydasız sövdəyə üstünlük verənlərin ciddi-cəhdləri necə də mənfurdur!!
Qoy haqdan laqeydliklə üz döndərənlərə o Aləm çox uzaqda təsəvvür edilməsin! Allahın vəd etdiyi mütləq gələcəkdir və o zaman onlar Ondan qurtula, Onun verəcəyi cəzadan yayına bilməyəcəklər! Onların taleyi – Onun əlindədir və onlar Onun hökmlərindən asılıdırlar.

(6.135) “(Ey Elçim! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət Yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”

Ey Elçi! Sən möizələrinlə həmqəbilələrinə müraciət edərək onları qarşıda nələrin gözlədiyini onlara bildirmişsən. Sən onlara hansı vəzifələrin həvalə edildiyini də açıqlamışsan, lakin onlar sənə itaət etməkdən imtina ediblər, öz istədiklərinə üstünlük verərək, uydurulmuş “tanrılarına” ibadət etməkdən əl çəkməmişlər. Buna görə də onlara de: “Ey mənim həmqəbilələrim! Necə bilirsiniz, eləcə də edin, razı qaldığınız əməlləri törədin. Mən isə Allahın hökmlərini yerinə yetirəcək və Onun rizasını qazanmağa çalışacağam. Siz çox tezliklə Son məskənin kimə qismət olacağını biləcəksiniz”.
Bu vəhy Allahın misilsiz ədalətinin dəlilidir. O, əməlləri edənlər arasında olan fərqi göstərmiş və onların əvəzini ədalətli dəyərləndirmə ilə əlaqələndirmişdir. O, bir eyhamın bəsliyinin mümkün olduğu halda, fikri birmənalı şəkildə bildirmir, çünki tamamilə aydındır ki, gözəl sonluq həm bu dünyada və həm də ölümdən sonra təkcə təqvalı qullarının aqibəti olacaqdır.
Son məskən təkcə onlara qismət ediləcəkdir, çünki elçilərin dəvətindən üz çevirən hər kəsi çirkin sonluq gözləyir. Hətta əgər zalım insana dünya nemətlərindən həzz almaq mümkün olsa da, o heç vaxt uğur qazana bilməyəcək, çünki o, onsuz da məhv olacaqdır. Allah ona möhlət verir və O, onu bir dəfə elə yaxalayacaq ki, o artıq həmin vəziyyətdən canını daha qurtara bilməyəcəkdir.

(6.136) “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!”

Fövqəluca Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən müşriklərin əməlləri haqqında xəbər verir və bu əməllər onların axmaqlığını, yüngülməcazlığını və hədsiz nadanlığını təsdiq edir. Mərhəmətli və Fövqəluca Allah onlardan ancaq bir neçəsini sadalayır ki, müşriklərin azğınlığını nəzərə çapdırsın, insanları onlardan qorunmalarına yönəltsin və izah etsin ki, belə axmaqların Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi haqqa qarşı çıxmaları, heç vəchlə bu haqqın əhəmiyyətini azaltmır. Müşriklər, ümumiyyətlə, layiq deyillər ki, onların sözlərinə görə kimsə haqdan dönsün.
Müşriklər əkinlərinin və mal-qaralarının bir hissəsini Allah üçün, başqa bir hissəsini də öz “tanrıları” üçün təyin edərdilər. Halbuki Fövqəluca Allah qulları üçün mal-qaranı Özü təkbaşına yaratmış və onları ruzi ilə təmin etmişdir. Bu davranışları ilə müşriklər bir dəfəliyə iki, hətta üç təhlükəli günah işlədirdilər. Birincisi, onlar belə hesab edirdilər ki, əkinin və mal-qaranın bir hissəsini Allahın payı kimi təyin etdikdə, Ona lütfkarlıq göstərirlər, çünki belə qurbanlar, onların rəyinə görə, vacib olmayan ianələrdir. İkincisi, onlar müşriklərə rusi verməyənləri, onların əkin və mal-qarasının yaradılmasında iştirak etməyənləri Allaha şərik qoşurdular. Üçüncüsü, onlar ədalətsizcəsinə rəftar edərək, Allah üçün təyin olunmuş paya xüsusi əhəmiyyət vermirdilər. Onlar bu payı hətta öz “tanrıları” arasında bölə də bilərdilər. Eyni zamanda müşriklər öz “tanrılarına” ayırdıqları payın qayğısına qalırdılar. Onlar onu ciddi-cəhdlə qoruyur və heç vaxt o payın bir hissəsini belə Allah üçün ayırmırdılar.
Müşriklər taxıl və meyvə məhsullarını yığarkən və ev heyvanlarından Rəbbin bəxş etdiyi bala artımı alarkən, onlar bu neməti iki yerə bölürdülər. Bir hissəni Allah üçün ayıraraq onlar güman edirdilər ki, O, bu qurbanları onlardan qəbul edir, – amma o da məlumdur ki, Allah təkcə səmimi qəlblə Onun üçün ayrılmış qurbanı qəbul edir və Ona şərik qoşanların əməllərini rədd edir. İkinci hissəni onlar öz bütləri və heykəlləri üçün təyin edərdilər.
Əgər Allah üçün ayırdıqlarının bir hissəsi öz “tanrıları” üçün təyin etdiklərinə qarışardısa, onlar onu Allahın payına qaytarmazdılar. Onlar buna əhəmiyyət verməyərək, deyərdilər: “Allahın bunlara ehtiyacı yoxdur!” Əgər, əksinə, “tanrılarına” həsr etdikləri hissədən bir qisim Allahın payına qarışardısa, onda müşriklər onu geriyə qaytarardılar və deyərdilər: “Bizim tanrılarımız kasıbdır və biz onların payını geri qaytarmalıyıq”.
Allaha həsr olunan qurbanlardan daha çox məxluqlara həsr olunmuş qurbanlara böyük səylə, səmimiyyətlə və qayğıkeşliklə yanaşan insanların yürütdüyü mühakiməsi gör nə dərəcədə yaramaz və ədalətsiz idi!!
Belə bir rəy var ki, bu kərim ayə Fövqəluca Allahın dediyi: “Mən bütün şəriklər arasında Mənə şərik qoşulmasına qətiyyən ehtiyac duymayanam və kim ki, Mənə bir şeyi şərik qoşarsa, Mən də onu o şərikiylə təklikdə qoyaram” kəlamının əks olunduğu səhih hədislə ( İmam Müslim, Zühd, 46; İbn Macə, Zühd, 21; Tirmizi, Təfsir 18, surə 6. Tərc. F.S.) şərh edilmişdir.
Bu ayənin mənası ondadır ki, müşriklər bütlərinə ayırdıqları qurbanları vasitəsi ilə bütün ciddiyyətləri ilə onlara yaxınlaşmaq istəyirdilər və buna görə də onlar Allaha çatmırdı. Müşriklərin Allah üçün ayırdıqları qurbanlar da Ona çatmır, müşriklərin “tanrılarına” qismət olurdu, çünki O, belə qurbanlara ehtiyac duymurdu və Ona şərik qoşanların əməllərini qəbul etmirdi.


(6.137) “Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarma-qarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ey Elçim!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!”

Müşriklər o dərəcədə düşüncəsiz və azğınlaşmış insanlardılar ki, onların şərikləri – kafir başçıları və şeytanlar – onları uşaqlarını öldürməyin məqsədəuyğunluğuna əmin etmişdilər. Onlar dilənçiliyə düşməkdən qorxaraq öz uşaqlarını və rüsvayçılıqdan ehtiyat edərək doğulmuş körpə qızlarını diri-diri basdırırdılar. Müşriklər onları məhvə sürükləyən, dinlərini qarışıqlığa salan və onları ən yaramaz cinayətlər törətməyə yönəldən şeytanlar tərəfindən aldadılırdılar.
Bu şəriklər, müşriklər üçün onların günahlarını, onlar o günahları ləyaqətli əməl sayana qədər, bəzəməkdə davam edirdilər. Əgər Allah istəsəydi onlara belə davranmağa mane olardı və valideynlərə uşaqlarını öldürməyə imkan verməzdi. Lakin Allah Özünün ilahi müdrikliyinə əsasən, onlara öz istədikləri kimi hərəkət etməyə imkan və möhlət verir ki, onlar daha da dərin azğınlığa düşsünlər və öz işlərinə xüsusi əhəmiyyət verməsinlər. Məhz buna görə Allah onları öz yalançı düşüncələri ilə tənha buraxmağı və buna görə kədərlənməməyi əmr edir. Həqiqətən, onlar Ona qətiyyən zərər vura bilmədilər.


(6.138) “(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir”.

Müşriklərin cəfəngiyat baxışlarına bir bidət də onların ev heyvanları haqqında uydurduqları idi. Allah insanlara istənilən ev heyvanından istifadə etməyə, onlardan yeməyə və müxtəlif məqsədlər üçün tətbiq etməyə yol vermişdi. Lakin müşriklər öz arzularına əsaslanaraq, yeni qanunlar və hətta heyvanlara və əkinəcəklərə dair yeni istilahlar icad etmişdilər. Onlar bəzi ev heyvanlarını və bəzi əkinləri, özlərinin yeməyə icazə verdiklərindən başqa qalan bütün insanlar üçün haram elan etmişdilər. Bu zaman onlar inandırıcı sübutlara deyil, ancaq öz istəkləri və qüsurlu mülahizələrinə istinad edirdilər.
Bəzi heyvanlara təkcə minməyi və yük vurub daşımağı haram edir və onları “hami” adlandırırdılar. Bir başqa heyvanı, üstündə Allahın adları çəkilmədən, ancaq Allahdan başqa ibadət etdikləri bütlərin adını xatırlayaraq qurban kəsirdilər. Bu zaman onlar iddia edirdilər ki, onlara bu cür etmək Allah tərəfindən əmr olunmuşdur, lakin onların sözləri utanmazcasına söylədikləri yalan idi. Allah Onun adından yalan uydurduqlarına, uydurma “tanrılara” ibadətə yol verdiklərinə və halal şeyləri yeməyi və istifadə etməyi haram etdiklərinə görə əvəzini onlara mütləq verəcəkdir.


(6.139) “(Müşriklər) həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir”- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, Hikmət, Elm Sahibidir!”

Onların cəfəng baxışlarına aid etdikləri şeylərdən biri də kişilər üçün halal saydıqları halda, öz qadınlarına bəzi heyvanların balalarını yeməyi haram etmələridir. Onlar deyirdilər ki, əgər heyvanın balası diri doğulubsa, kişilərin yeməsi üçün halal, qadınların yeməsi üçün isə haramdır. Bala ölü doğulduqda isə, onun ətini yemək həm kişilər və həm də qadınlar üçün halal sayılırdı.
Allah onlara halalı haram saydıqlarına, haramı da halal elan etdiklərinə, Onun qanununu pozduqlarına, yeni qanunlar uydurduqlarına və bu qanunları Ona aid etdiklərinə görə mütləq əvəzini verəcəkdir. O, Öz müdrikliyi əsasında onlara möhlət və imkan vermişdir ki, belə azğın baxışlara etiqad etsinlər. Bunlar Ona çox yaxşı məlumdur, çünki heç bir şey Ondan gizlədilə bilməz. Ona müşriklərin törətdikləri və yalandan Onun adına çıxartdıqları hər şey Ona bəlliydi. Lakin buna baxmayaraq, O, onlara sağlamlıq və ruzi bəxş etməyinə fasilə vermirdi.

(6.140) “Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər”.

Allah müşriklərin düşdüyü ziyan haqqında xəbər verərək onların düşüncəsizliyini ifşa edir. Onlar dinlərindən, uşaqlarından və ağıllarından məhrum oldular. Sağlam təfəkkür əvəzində şərəfsiz axmaqlıq və azğınlıq onların ayrılmaz keyfiyyətinə çevrildi. Allah Öz mərhəməti sayəsində onlar üçün ruzi kimi hazırladığı nemətlərdən onlar həzz almağı özlərinə haram etdilər. Onlar Onun nemətini rədd etdilər və bununla da qane olmadılar. Onlar Allahın halal elan etdiyi neməti haram adlandırdılar. Bu zaman onlar Allaha müdhiş böhtan atdılar və elə yalan danışmağa cəsarət etdilər ki, bunu ancaq inadkar kafirlərdən gözləmək olardı. Müşriklər dərin azğınlığa qərq oldular və öz çoxsaylı təşəbbüslərində doğru yol ilə yönəldilmədilər.


Tarix: 20.04.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Sureler
loading...