(201) “Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır”.
(202) “Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir".
Hər ibadət ayininin sonunda qullar yol verdikləri xətalara görə Allahdan bağışlanma diləməli və göstərdiyi qayğıkeş rəhbərliyi və yardımına görə Ona həmd etməlidirlər. Onlar, öz vəzifələrini layiqincə yerinə yetirdiklərini və yüksək mövqe tutmağa layiq olduqla- rını güman edən və hətta Rəbbin qarşısında lovğalanan kafirlərə bənzətməməlidirlər. Belə adamlar nifrətə və qınanmağa, onların əməlləri isə rədd olunmağa layiqdir. Halbuki, əsil qulların əməlləri bəyənilməyə, özləri isə Allahın onları yeni xeyirxah əməllərə ruhlandırmasına layiqdirlər.
Sonra Uca Allah bildirir ki, tamamilə bütün insanlar nemət sahibi olmaq və şərdən qurtulmaq ümidi ilə Allaha dua edirlər, lakin bu zaman onlar müxtəlif məqsədlər güdürlər. Bəzi adamlar öz alçaq nəfslərinə uyaraq özləri üçün ancaq maddi nemətlər istəyirlər. Axirət günündə onlar yaxşı qismətdən məhrum ediləcəklər, çünki onlar özləri Axirətdən üz çevirdilər və onların arzusu ancaq bu dünya nemətinə və ləzzətlərinə olan ehtirasla məhdudlaşırdı. Lakin insanlar da var ki, onlar həm bu dünyanın və həm də Axirət nemətinə nail olmağı arzulayırlar. Onlar Allahdan xahiş edirlər ki, din və dünya həyatı ilə bağlı olan bütün təşəbbüslərində Allah onlara kömək etsin. Hər iki qrup insanlar layiq olduqlarını və qazandıqlarını mütləq alacaqlar. Hər kəs öz əməllərinə, niyyətinə və səylərinə müvafiq gələn əvəz alacaqdır. Bəziləri üçün bu əvəz Allahın rəhməti, başqaları üçün isə ədaləti olacaqdır, lakin hər iki halda Uca Allah etdiklərinə görə ən kamil tərifə - həmdə layiq görüləcəkdir.
Ayə ona dəlalət edir ki, Allah dua edənlərin hamısından onların duasını qəbul edir, istər müsəlman olsun, istərsə kafir və ya günahkar olsun. Əgər Allah insanın yalvarışına diqqət yetirirsə, bu heç də Allahın ona qarşı məhəbbətinə və ya onun Rəbbə yaxın olmasına dəlalət etmir. Bu barədə o vaxt düşünmək olar ki, Axirət gününün nemətləri üçün yaxşı əməllər etməkdən ötrü və dinin hökmlərini yerinə yetirməyə görə Allah insana kömək etmiş olsun.
Bu dünyada yaxşılıq ifadəsi dedikdə, xoşagələn və icazə verilən ərzaq, vicdanlı əməklə qazanılmış sərvət, mömin zövcə, sevinc bəxş edən övlad, rahat həyat, faydalı biliklər, saleh əməllər və insanlara halal və lazım olan bir çox başqa şeylər nəzərdə tutulur. Axirət həyatında yaxşılıq dedikdə isə, qəbirdə, Qiyamət günü dirildikdən sonra məhşər ayağında və Cəhənnəmdə cəzadan xilas olmaq və həmçinin Allahın lütfünə və Rəhmli Rəbbin yaxınlığında olmağın əbədi ləzzətinə nail olmaq nəzərdə tutulur. Bax buna görə də bu ayədə xatırlanan dua dərin və geniş məna daşıyır. O dua ən kamil və üstün sayılan duadır və buna görə də Muhəmməd Peyğəmbər (s.ə.s.) onu özü tez-tez təkrarlayar və başqalarını da buna təşviq edərdi.
(203) “Sayı müəyyən olan günlərdə (zil-hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız”.
Uca Allah Qurban bayramının ardıyca gələn sayı müəyyən olan günlərdə (təşriq günləri nəzərdə tutulur) (Təşriq günləri – Qurban bayramının birinci günündən (zilhiccənin onuncu günü) sonrakı üç günə verilən addır. Ərəblər bu günlərdə qurban ətini qurutmaq üçün günəş altında sərdikləri üçün bu günlərə təşriq adı verilmişdir. Təşriq sözü – gözəl üzlü olmaq, üzünü şərqə tutmaq, günəşdə ət qurutmaq kimi mənalara malikdir. “Şamil İslam Ensiklopediyası, türk dilində (“İkra-2” elektron proqramı). F.S.) Onu zikr etməyi buyurmuşdur. Bu günlər öz xüsusiyyətləri və qədir-qiyməti ilə fərqlənir, çünki həmin günlərdə zəvvarlar həccin qalan ayinlərini yerinə yetirir və Allahın Özünün qonaqları sayılırlar. Bu günlərdə oruc tutmaq qadağandır, Allahı zikr etmə isə, Onu başqa vaxtlardakı xatırlamalardan daha əfzəldir. Muhəmməd Peyğəmbər (s.ə.s.) bununla əlaqədar demişdir: “Təşriq günləri yemək, içmək və Allahı zikr etmək üçün təyin edilmişdir”.
Bu günlərdə Allahın zikr edilməsinə həmçinin daş atarkən, qurban kəsərkən və fərz namazlardan sonra edilən dualar da daxildir. Bəzi İslam alimləri hətta belə hesab edirdilər ki, təşriq günlərində Allahı, Qurban bayramında edildiyi kimi, tərifləyib ucaltmaq yaxşı olardı və bu rəy, mənə elə gəlir ki, yanlış deyil.
Sonra Uca Allah buyurur ki, əgər zəvvar tələsərək Mina vadisini ikinci gün günəş batana qədər tərk edirsə, o, günah işlətmir, baxmayaraq ki, ona üçüncü gecəni Mina vadisində keçirməyə və üçüncü gün daş atmağa icazə verilir. Uca Allah qullarına onların vəzifələrini asanlaşdırmış və icazə verilmiş iki əməl arasında sərbəst seçmək imkanını təmin etmişdir. Amma tamamilə aydındır ki, əgər hər iki əmələ yol verilibsə, onda daha yaxşısı üçüncü gecəni Mina vadisində qalmaqdır, çünki bu halda zəvvar Allahı daha çox ibadət edə bilər.
Yuxarıda xatırlanan iki mərasim arasında seçməyə icazə verilməsi ilə əlaqədar olaraq başqa hallarda da belə icazə verildiyi kimi yanlış təsəvvür yarana biləcəyini nəzərə alan Uca Allah sonra bildirir ki, təkcə bu iki hökmün arasında seçim edən günah iş görmür. Məhz buna görə Allah Öz icazəsini, Rəbbinin hökmlərini, o cümlədən, həccə dair hökmlərini layiqincə yerinə yetirən təqvalı qulları ilə bağlayır.
Əgər insan hər hansı bir əməlində Allahdan qorxarsa, o heç vaxt sıxıntı çəkməz. Əgər o, Allah qarşısında ancaq bəzi hallarda qorxu hissi keçirərsə, onda o, törətdiyi günahlarına müvafiq cəza alacaqdır. İnsanlar Allahın hökmlərini yerinə yetirərək və itaətsizlikdən çəkinərək Ondan qorxmalıdırlar. Onlar bilməlidirlər ki, Allah onları bir yerə toplayacaq və onda hər bir adam nəyə layiqdirsə, onu da alacaqdır. Kim təqvalı olmuşsa, Allahdan mükafat alacaq, öz Rəbbindən qorxmayan isə ən sərt cəzaya məhkum ediləcək. Əvəzin labüdlüyü haqqında bilik təqvalılığı və möminliyi möhkəmləndirən mühüm amillərdən biridir və buna görə Allah Öz qullarını bunu bilməyə və yadda saxlamağa çağırır.
(204) “İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir”.
Allahı, xüsusilə həmin məqsədlər üçün ayrılmış saatlarda və günlərdə tez-tez zikr etmək hökmündən sonra (insan bunun sayəsində yaxşılıqlar və nemət əldə edir), Uca Allah, sözdə İslamı qəbul etmiş, amma əməlləri ilə bunu təsdiq etməyən adamlar haqqında xəbər verir. Onların sözləri əməlləri ilə düz gəlmir, axı söz insanı həm yüksəldə, həm də alçalda bilər.
Belə adam danışmağa başlayanda o, müsahiblərini öz nitqi ilə heyrətləndirir və insanlara elə gəlir ki, onun sözləri doğru və faydalıdır. Sözlərinin daha da inandırıcı olması üçün o, bəyan edir ki, onun həqiqi imanının, dediyi sözlərindən fərqlənmədiyi Allaha çox gözəl məlumdur. Lakin əslində o, yalançıdır, çünki sözləri ilə işləri bir-biri ilə düz gəlmir. Əgər o, həqiqəti danışsaydı, sözləri əməllərinə zidd olmazdı, möminlər isə məhz belə keyfiyyətləri ilə fərqlənirlər və ikiüzlülükdən uzaqdırlar. Elə buna görə Allah belə adamı qatı mübahisəçi adlandırır. O, mübahisəyə və ya müsahibəyə qoşulduqda, hökmən öz nəzər nöqtəsini təəssübkeşliklə müdafiə edir, həqiqətlə barışmaq istəmir və həmişə sadəliklə, haqqa itaətkarlıqla və mərdliklə fərqlənən möminlərin əxlaqi siması ilə uyuşmayan yaramaz keyfiyyətlər nümayiş etdirir.
(205) “O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. Allah isə fitnə-fəsadı sevmir”.
O, olduğu yerlərdə möminləri yoldan çıxardır, onlardan aralanan kimi, günahlar törətməyə başlayır və hər yerdə fitnə-fəsad yayır. Onun günahları əkinlərin, məhsulun və ev heyvanlarının məhvinə səbəb olur və onlar insanlara daha fayda vermirlər. Allah fitnə-fəsadı sevmir və yer üzündə fitnə-fəsad yayan qullara, onlar gözəl danışsalar da, amansız nifrət bəsləyir.
Bu ayə, insan öz sözlərini əməlləri ilə təsdiq etmədikcə, təkcə sözlərinə əsasən onun doğruçuluğu və ya yalançılığı, möminliyi və ya yaramazlığı haqqında mühakimə yürütməyin mümkün olmadığını sübuta yetirir. Ondan belə bir nəticə də çıxır ki, hakimlər şahidlərin əməllərinə diqqət yetirməlidirlər, çünki doğruçu adamı yalançıdan ancaq onların əməlinə görə fərqləndirmək olar. Həm də onların, əsassız iddialarına və özünütəriflərinə aldanmayaraq, rəftarına və digər təfərrüatlarına diqqət yetirilməlidir.
(206) “Ona : “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!”
Uca Allah bildirir ki, yer üzündə fitnə-fəsad yayan günahkar onu təqvalı olmağa dəvət edəndə, Allahın hökmlərini pozaraq, təkəbbürlə üz döndərir. O, nəinki Allaha itaətsizliyini davam etdirir, hətta ən səmimi xeyirxahları qarşısında dikbaşlıq edir. Ona Cəhənnəm bəs edər. O, hər bir günahkarın və dikbaşın məskəni olacaqdır! Əbədi cəzanın, sonsuz dəhşətlərin və hüdudsuz qəm-qüssənin hökm sürdüyü yer necə də pisdir! Günahkarların aqibəti yüngülləşdirilməyəcək və onlar əcr qazanacaqlarına ümidlərini itirəcəklər. Törətdikləri cinayətlərin qisası belə alınacaqdır. Allah bizi belə qismətdən qorusun!
(207) “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir!”
“Şara” feli “satmaq” və “satın almaq” mənalarını bildirir. O, iki əks mənası olan sözlərə aiddir. Bu ayədə o, “satmaq” mənasında işlədilmiş- dir. Həmin söz eyni mənada Uca Allahın: “Onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar...” (Yusuf, 12/20) ayəsində işlədilmişdir.
Şərh edilən ayə müşriklərin İslamdan üz döndərməsini təklif etdikləri Suheyb b. Sinan ər-Rumi ilə əlaqədar nazil edilmişdir. Bunu İbn Abbas, Ənəs, Səid b. əl-Müseyəb, Əbu Osman ən-Nəhdi, İkrimə və başqaları rəvayət etmişlər. Suheyb İslama Məkkədə daxil olmuşdur və o, Mədinəyə hicrət etmək istədikdə, adamlar ona öz var-dövləti ilə yola çıxmasına mane oldular və bütün əmlakından əl çəkərək getməsinə icazə verdilər. O, bütün əmlakını onlara verərək, canını təqib edilməkdən qurtarır və elə həmin vaxt Allah bu ayəni nazil edir. Bir neçə səhabə, o cümlədən Ömər b. əl-Xəttab da onların arasında olmaqla, Suheybi əl-Xarra adlı yerdə qarşıladılar və ona dedilər: “Xeyirli sövdə ilə təbrik edirik! Xeyirli sövdə ilə təbrik edirik!” O isə belə cavab verdi: “Allah sizin də sövdələrinizi ziyansız etsin! Siz nəyə işarə edirsiniz?” Belə olduqda onlar Allahın onun barəsində ayə nazil etdiyini ona danışdılar. Həmçinin rəvayət edirlər ki, Allahın Elçisi (s.ə.s.) demişdir: “Suheybin sövdəsi sərfəli olmuşdur!”
Əbu Osman ən-Nəhdi rəvayət edib ki, bir dəfə Suheyb dedi: “Mən Məkkədən köçüb Peyğəmbərin (s.ə.s.) yanına hicrət etmək istəyəndə qureyşlilər mənə dedilər: “Ey Suheyb! Sən bizə gələndə sənin əmlakın yox idi. Doğrudanmı sən indi bizdən bütün əmlakınla çıxıb getmək istəyirsən? Allaha and içirik ki, sən bunu heç vaxt etməzsən!” Belə olduqda mən soruşdum: “Deyin görüm, mən öz əmlakımı sizə versəm, məni rahat qoyarsınızmı?” Onlar dedilər: “Bəli”. Məm mal-mülkümü onlara verdim və onlar da məndən əl çəkdilər. Mən isə yola çıxdım və Mədinəyə gəldim. Bunu bildikdə, Peyğəmbər (s.ə.s.) demişdi: “Suheybin sövdəsi sərfəli olmuşdur! Suheybin sövdəsi sərfəli olmuşdur!””
Həmməd b. Sələmə Əli b. Yeziddən, (o, da Səid b. əl-Museyabdan) rəvayət edir ki, Suheyb Peyğəmbərin (s.ə.s.) yanına hicrət etmək məqsədilə gedərkən bir neçə qureyşli onu təqib etməyə başlamışdılar. Belə olduqda o, öz dəvəsindən düşərək, oxqabından oxlarını çıxarıb demişdir: “Ey qureyşlilər! Siz bilirsiniz ki, mən sizin aranızda ən yaxşı ox atıcısıyam. Allaha and içirəm, mən öz öxqabımdan sonuncu oxu atana qədər siz mənə yaxınlaşa bilməzsiniz. Lakin hətta bundan sonra da əlimdə tuta biləcəyimə qədər qılıncımla sizinlə döyüşərəm. Nə istəyirsiniz edin, amma istəyirsinizsə, Məkkədə sərvətimi harada gizlətdiyimi sizə deyim və siz də məni rahat buraxın”. Onlar bununla razılaşdılar və Suheyb Peyğəmbərin (s.ə.s.) yanına gəldikdə, o (s.ə.s.) ona dedi: “Sərfəli sövdə ilə təbrik edirəm!” O (s.ə.s.), Suheybə onunla əlaqədar (şərh olunan) ayənin nazil olması barədə xəbər verdi.
Lakin İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, bu vəhy Allah yolunda mübarizə aparan hər bir mücahidə dair nazil edilmişdir. Çünki Uca Allah buyurub: “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur”. (Tövbə, 9/111))
Döyüşlərin birində Xişam b. Əmir düşmənlərin arasına atıldı və bir neçə müsəlman bu hərəkətinə görə onu danladılar. Belə olduqda, Ömər b. əl-Xəttab, Əbu Xureyrə və digər səhabələr onlara etiraz etdilər və şərh etdiyimiz ayəni onlara oxudular. Bütün bu deyilənlər haqqında daha ətraflı İbn Kəsirin təfsirində bəhs edilir.
(208) “Ey iman gətirənlər! İslamı bütövlükdə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o, sizə açıq-aydın düşməndir”.
Uca Allah möminlərə İslamı bütövlükdə qəbul etməyi, dinin bütün hökmlərini yerinə yetirməyi və onların hətta bəzilərindən belə boyun qaçırmamağı əmr edir. Müsəlman özünü, öz istəklərini ilahiləşdirən, Allahın hökmləri onun istəklərinə uyğun gəldikdə onları yerinə yetirən, istəklərinə uyğun gəlmədikdə isə onları rədd edən şəxslərə bənzətməməlidir. Müsəlman öz istəklərini dinin tələblərinə tabe etməli və gücü çatdığı bütün saleh əməlləri həyata keçirməlidir. Əgər o, hökmlərin bir hissəsini yerinə yetirməyi bacarmırsa, onda ilk imkan yaranan kimi onları qətiyyətlə icra etmək niyyətində olmalı və öz niyyəti sayəsində etmədiklərinin yerini doldurmalıdır.
İnsan şeytanın yolundan dönmədikcə İslamı bütövlüklə qəbul etməyi bacarmayacağına görə, Uca Allah möminlərə günahlar və xətalar törədərək şeytanın ayaq izləri ilə addım atmağı qadağan etmişdir, axı şeytan – bəşəriyyətin aşkar düşməni – insanlara ancaq alçaqlıq və qınanılan hərəkətlər törətməyi təlqin edir və onları, onlara zərər verən nə varsa, ona dəvət edir. Lakin insan səhv və yanlışlıqlardan azad olmadığı bacarmadığı üçün Uca Allah sonra belə buyurur:
(209) “Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir”.
Əgər siz bilik əldə etdikdən və möhkəm əqidə sahibi olduqdan sonra səhvə yol versəniz və günah işləsəniz, onda bilin ki, Rəbbiniz – Qüdrətli və Müdrikdir.
Bu vəhy səhvlərə və günahların törədilməsinə qarşı sərt xəbərdarlıqdan ibarətdir. Burada Allah Öz Qüdrətini ilahi Müdrikliyi ilə bağlayır. İnsan günah işlədirsə, Allah onu Öz Qüdrəti sayəsində sarsıdır və Öz Müdrikliyinə müvafiq olaraq cəzaya uğradır, çünki ilahi müdrikliyi itaətsizlik göstərənləri və cinayətkarları cəzalandırmağı tələb edir. Bu sərt və qorxunc xəbərdarlıqdan adamın ürəyi üzülür və yer ayağının altından qaçır.
(210) “Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır”.
Doğrudanmı yer üzündə fitnə-fəsad yayan və şeytanın ayaq izləri ilə gedən və Allahın hökmlərinə saymazyana yanaşan günahkarlar, insanların etdikləri əməllərinə görə əvəz alacaqları Qiyamət gününün gələcəyini gözləmirlər? Həmin günün dəhşətləri və bədbəxtlikləri zalımları rahatlıqdan məhrum edəcək, şiddətli intiqam isə günah əməllər yayan insanları hər tərəfdən mühasirəyə alacaqdır. Həmin gün Uca Allah səmaları bükəcək və yeri dümdüz edəcək. Göy cisimləri töküləcək, Günəş və Ay qatlanacaq. O vaxt mələklər göydən enəcəklər və yerin məxluqları onları hər tərəfdən əhatə edəcəklər. Bundan sonra Öz qulları üzərində ədalətli məhkəmə qurmaq üçün Xeyirxah və Uca Allah buludların kölgəsində aşağı enəcəkdir.
Həmin gün Tərəzi qurulacaq və əməl dəftərləri açılacaq, bax onda xoşbəxt möminlərin üzü işıqlanacaq, bədbəxt günahkarların üzü isə qaralacaq. Möminlər cinayətkarlardan ayrılacaq və onlardan hər biri etdikləri əməllərinə görə əvəzini alacaqlar. Bax onda zalımlar öz barmaqlarını çeynəməyə başlayacaqlar, axı onlar başa düşəcəklər ki, özlərini nəyə məhkum etmişlər.
Bu və buna bənzər digər ayələr, Allahın Özünün Özünü səciyyələndirdiyi və Allahın Elçisinin (s.ə.s.) Onu səciyyələndirdiyi istiva etmə, enmə, zahir olma və digər sifətlərini Sünnə və camaat əhlinin qəbul etməkdə haqlı olduqlarını təsdiq edir. Onlar bu sifətlərin aydın mənalarını Allahın böyüklüyünə və kamilliyinə uyğun formada qəbul edərək, Onun sifətlərini yaratdıqlarının keyfiyyətlərinə bənzətmir, onları təhrif etmir və mənadan məhrum etmirlər. Onlar özlərini, Allahın ilahi sifətlərini inkar edən, Quran ayələrini ağılları əsasında şərh edən cəhmiyyəçilərə, mötəzilələrə, əşarilərə və başqa bidətçilərə bənzətmirlər. Belə təfsirlər Allahın Özünün nazil etdiyi etibarlı dəlillərə əsaslanmır və Allahın və Onun Elçisinin (s.ə.s.) haqqı sadə üsulla izah edə bilmədiklərini zənn edirlər və əslində demək istəyirlər ki, Onun əsil sifətləri haqqında bilmək ancaq idrak əsasında təfsir etməklə mümkündür.
Lakin bu bidətçilər öz doğruçuluqlarını etibarlı müqəddəs mətnlərlə sübut etməyi bacarmırlar. Bundan əlavə, onlar hətta inandırıcı məntiqi dəlillərə də malik deyillər.
Müqəddəs mətnlərə gəldikdə isə, ağıla əsaslananlar da etiraf edirlər ki, Quran və Sünnənin müqəddəs mətnlərinin aydın və hətta aşkar mənası Sünnə və camaat əhlinin baxışlarının xeyrinə dəlalət edir. Onlar həmçinin etiraf edirlər ki, onların yanlış baxışlarını izah etmək üçün mətnlərin aydın mənalarını inkar etmək və əlavələr və azaltmalar etmək yolu ilə dəyişmək lazımdır. Şübhəsiz ki, bu hal qəlbində heç olmazsa bir qətrə iman olan insanı qane edə bilməz.
Məntiqi dəlillərə gəldikdə isə, sağlam ağıl yuxarıda qeyd olunan ilahi sifətləri inkar edə bilməz. Əksinə, sağlam ağıl sübut edir ki, hərəkət qabiliyyəti hərəkətsizlikdən daha kamil bir keyfiyyətdir və Allahın əməlləri Onun ilahi mahiyyəti və Onun məxluqları ilə bağlıdır. Kamillik ancaq belə ola bilər və əgər ağıla əsaslanan kəslər zənn edirlərsə ki, Allahın sifətlərinin etirafı Allahı Onun yaratdıqlarına oxşatmalıdır, onda biz deməliyik ki, Allahın sifətlərinin müzakirəsi Allahın mahiyyətinin müzakirəsinə bənzədilməlidir. Əgər Allah mahiyyətə malikdirsə, və o, məxluqların mahiyyətinə oxşamırsa, onda Onun məxluqların keyfiyyətlərinə oxşamayan sifətlərə malik olmasında da heç bir qəribəlik olmamalıdır. Allahın sifətləri Allahın mahiyyəti ilə bağlı olduğu kimi, məxluqların keyfiyyətləri də onların mahiyyəti ilə bağlıdır. Bu isə o deməkdir ki, Allahın sifətlərinin qəbul edilməsi Allahın məxluqlarına oxşaması demək deyildir.
Biz həmçinin Allahın bəzi sifətlərini qəbul edib, bəzilərini inkar edən və ya Allahın adlarını qəbul edib, Onun sifətlərini inkar edən hər bir kəsə bildirməliyik ki, daha məntiqli olardı ki, ya Allahın bütün ad və sifətlərini qəbul edəsən, ya da Onun bütün ad və sifətlərini inkar edəsən, amma bu halda insan aləmlərin Rəbbinin özünü inkar etməli olacaq. Əgər o, bəzi adları və sifətləri qəbul edib digərlərini inkar edirsə, onda onun baxışları ziddiyyətlidir. Əgər o, ad və sifətlərin bəzilərini qəbul və bəzilərinin inkarını hansı əsaslara istinadla etdiyini sübut etməyə cəhd göstərərsə, buna müyəssər ola bilməyəcəkdir. O, deyə bilər ki: “Mən Allahın Onu məxluqlarına bənzətməyən sifətlərini qəbul edirəm”. Belə olduqda, Sünnə əhli ona etiraz edərək deməlidir: “Biz hesab edirik ki, ağıla istinad edənlərin ilahi sifətləri inkar etmələri Allahın Öz yaratdıqlarına oxşarlığını nəzərdə tutur”. Əgər o desə ki: “Mən hesab edirəm ki, bu sifətlərin qəbul edilməsi Allahın məxluqlarına oxşadığını bildirir” – onda Allahın bütün sifətlərini inkar edən hər hansı bidətçi ona belə etiraz edə bilər: “Mən isə hesab edirəm ki, sənin Allahın bəzi sifətlərini qəbul etməyin Allahı yaratdıqlarına oxşatmaq deməkdir”. Əgər o, Allahın bütün ilahi sifətlərini inkar edən bidətçilərin etirazına cavab verərsə, onda Sünnə əhli eyni qayda ilə onun etirazına cavab verərlər.
Bir sözlə, əgər insan Quran və Sünnənin təşviq etdiyi müddəaları inkar edirsə, onun öz iddiaları təzadlı olur. Onlar nə müqəddəs mətnlər və nə də məntiqi dəlillərlə təsdiq olunmur. Əksinə, onlar sağlam düşüncə və Allahın vəhyi ilə ziddiyyət təşkil edirlər.
(211) “İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın dəlillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir”.
Allah İsrail oğullarına haqqı təsdiq edən və Allahın elçilərinin gerçəkliyini sübuta yetirən çoxlu möcüzələr nümayiş etdirir. Onlar həmin əlamətlərin həqiqiliyinə əmin olub mənalarını başa düşmüşdülər, lakin bu lütfkarlığına görə Allahı tərifləməkdən boyun qaçırdılar. Bundan başqa, onlar bu möcüzələrə iman gətirməyib, Rəbbin xeyirxahlığına naşükürlüklə cavab verdilər. Onlar Onun cəzasına layiq görülərək mükafatından məhrum oldular.
Uca Allah göstərilən lütfkarlığa görə nankorluğu mübadilə adlandırdı, çünki əgər Allah insana maddi və mənəvi nemətlər verməklə ona xeyirxahlıq etdikdə, o, isə bu lütfün əvəzində minnətdarlıq etməkdən boyun qaçırdaraq öz vəzifəsini yerinə yetirmədikdə, belə insan hökmən Allahın mərhəmətindən məhrum olar və onun yerini küfr və itaətsizlik tutar. Əgər insan Allaha minnətdarlığını bildirsə və öz vəzifələrini yerin yetirsə, onda o, ona bəxş edilmiş nemətləri qoruyub saxlayar və Uca Allah, ola bilsin, onları hətta artırar da.
(212) “Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər”
Uca Allah bildirir ki, Allaha, Onun ayələrinə və Onun elçilərinə iman gətirməkdən boyun qaçıran və Onun dininin qanunlarına riayət etməyən kafirlər dünya həyatı ilə yoldan çıxarılmışlar. Dünya həyatı onların gözləri qarşısında və qəlbində gözəl göstərilir. Onlar dünya həyatından məmnundurlar və ona böyük ümidlər bəsləyirlər. Onların arzuları, düşüncələri və əməlləri onunla bağlanmışdır. Onlar bu dünyanın nemətlərini əldə etmək xatirinə ona can atır və ciddi-cəhdlə çalışırlar. Onlar yerə məxsus sərvəti bütləşdirir, onların nəzər nöqtəsini bəyənənlərə hörmət bəsləyir, möminlərə isə nifrət edirlər. Onlara istehza edir və deyirlər: “Doğrudanmı bizim hamımızın arasında Allah ancaq bunlara lütfkarlıq etmişdir?”
Bu rəftarın səbəbi – bu dünyanın sınaq və azdırma məskəni olmasını anlamayan kafirlərin düşüncəsizliyidir; dünya həyatının ağır yükü möminlərin qismətinə düşdüyü kimi, kafirlərin də qismətinə düşür. Lakin möminə bədbəxtlik üz verəndə o, səbir edir və mükafat alacağına ümid bəsləyir və Allah da, onun imanına və göstərdiyi səbirliliyinə görə, onun taleyini yüngülləşdirir, halbuki başqa insanlar üçün bu yüngülləşdirilmə baş vermir. Ən vacib olan odur ki, insan (bu minvalla) əbədi dünyada əsil üstünlük qazanır və buna görə də Uca Allah buyurur ki, Qiyamət günü təqvalı möminlər kafirlərdən uca olacaqlar.
Allah xofu olan qullar yüksək pillələrə qalxacaq və hər cür nemətdən, gözəllikdən və könülaçan şeylərdən istifadə edərək ləzzət alacaqlar. Kafirlər isə Cəhənnəmin müxtəlif pillələrində cəzalandırılacaq, alçaldılacaq və orada onların qisməti sonu olmayan əbədi bədbəxtlik olacaqdır. Beləliklə, bu ayə möminlərə təskinlik verdiyi halda, kafirlərə əbədi zülmə məhkum olunacaqları barədə öncədən xəbərdarlıq edir.
Məxluqların bu dünyada və Axirətdə Allahın qədərinə və iradəsinə uyğun olaraq səadətə nail olduqları üçün, Uca Allah sonra bildirir ki, O, istədiyi kəsə hesabsız sərvət verir. Yer üzündə olan var-dövlət möminlərə də, kafirlərə də qismət olur. Lakin mənəvi sərvət - əsil bilik, həqiqi iman, Allaha məhəbbət, Onun qarşısında qorxu hissi keçirmək və Ona ümid bəsləmək və habelə digər gözəl keyfiyyətlər – təkcə Allahın sevimli bəndələrinə nəsib olur.
(213) “İnsanlar tək bir millət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan Kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”.
Bütün bəşəriyyət küfrə etiqad edirdi, azğınlıq içində çaşıb qalmış və xoşbəxtlikdən məhrum olmuşdu. İnsanların nuru və imanı əldən getmişdi, lakin Uca Allah Öz rəhmini göstərərək, onlara müjdə aparan və qullarını xəbərdar etməklə çəkindirən elçilərini göndərir. Onlar Allaha itaət edənlərə onlara nəsib olacaq xeyirli qismət, fiziki və mənəvi qüvvə, bəxtəvər həyat və saleh əməllərin meyvələri haqqında müjdə verirlər. Ən başlıcası isə, onların insanlara Allahın razılığı və Cənnət bağları haqqında xəbər vermələri idi. Allaha itaətsizlik göstərənləri isə elçilər maddi məhrumiyyətlər, zəiflik, alçalma, dözülməz həyat, habelə itaətsizliyin və etinasızlığın digər pis nəticələri haqqında xəbərdarlıq edirlər. Ən başlıcası isə onları Allahın qəzəbi və Cəhənnəmin odu barədə xəbərdar edirdilər.
Allah göndərdiyi peyğəmbərləri ilə gerçək hekayətlərin və ədalətli hökmlərin əks olunduğu Kitablar da nazil etmişdi. Bu Kitablarda təcəssümünü tapmış bütün vəhylər həqiqət və doğru idi, onlar dinin əsas və ikinci dərəcəli məsələləri üzrə istənilən mübahisəni həll edirdilər. Məhz buna görə, hər hansı ixtilaflar və ziddiyyətlər baş verəndə müsəlmanlar Allahın məhkəməsinə, Onun Elçisinə (s.ə.s.) müraciət etməlidirlər, çünki Allahın Kitabı və Onun Elçisinin (s.ə.s.) Sünnəsi istənilən ziddiyyətləri həll edə bilməsəydi, onda Uca Allah Öz qullarına məsələlərinin həll edilməsi üçün onlara müraciət etmək əmri verməzdi.
Uca Allah Kitab əhlinə əta edilmiş və Müqəddəs Kitabların nazil edilməsindən və onları Allahın vəhyləri ətrafında birləşməyə yönəltməkdən ibarət olan böyük lütfkarlığını xatırlatdıqdan sonra, bildirir ki, Kitab əhli ədalətsiz davrandılar və çoxsaylı ziddiyyətlərə düçar oldular. Onlar bütün insanlardan əvvəl tərəfini saxlamalı olduqları Kitaba münasibətlərində müxtəlif mövqelər tutdular. Onlar aydın ayələri və təkzibolunmaz dəlilləri biləndən və onların həqiqiliyinə əmin olandan sonra bu mövqelər yarandı və buna görə onlar dərin azğınlığa düçar oldular. Uca Allah isə ancaq müsəlmanları düz yola yönəltdi və Kitab əhlinin bir-biriləri ilə barəsində mübahisə etdikləri və zəlalətə düşdükləri haqqı onlara izah etdi. Allah Öz iradəsi ilə haqqı müsəlmanlara izah edərək onların taleyini asanlaşdırdı və onlara rəhm etdiyini göstərdi.
Uca Allah doğru yolu istədiyinə göstərir. O, doğru yola tamamilə bütün məxluqatı dəvət edərək, ali ədalət nümunəsi nümayiş etdirir və haqqı insanların nəzərinə çatdıraraq onları özlərini doğrultmaq imkanından məhrum edir ki, deməsinlər: “Bizə müjdə gətirənlər və öyüd-nəsihət verənlər gəlməmişdilər!” Lakin Allah doğru yola ancaq Özünün seçilmiş qullarını yönəltmiş, onlara nemət bəxş etmiş və kömək göstərmişdir. Xeyirxah və Uca Allah bu qullarına Öz lütfünü əta etmiş, bütün qalanları ilə isə Öz ədaləti və müdrikliyinə əsaslanaraq rəftar etmişdir.
(214) “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?” – deyirdilər. Həqiqətən, Allahın köməyi yaxındır”.
Xeyirxah və Uca Allah bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bədbəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətinliklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzərində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olunur, ya da inkar edilir.
Uca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məhrum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Uca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır.
Öz vəzifəsini yerinə yetirən hər bir kəs labüd olaraq sınaqlarla rastlaşır və onlar hər dəfə daha mürəkkəb və daha ciddi forma kəsb edir. Əgər o, layiqincə səbirlilik göstərib, öz vəzifələrini yerinə yetirməkdə davam edirsə, onda belə sınaqlar onun üçün nemətə çevrilir, çətinliklər isə əmin-amanlıq və rahatlıqla əvəz olunur. O, öz düşmənləri üzərində qələbə çalır və qəlbinin əziyyət çəkdiyi xəstəliklərindən şəfa tapır. Bu barədə Uca Allah buyurur: “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?” ( Ali-İmran, 3/142).
“Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır” (Ənkəbut, 29/1-3).
Bir sözlə, insan sınaq zamanı özünü ya böyüklük qazanmağa, ya da alçaldılmağa düçar edir.
(215) “Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
Adamlar Muhəmməd Peyğəmbərdən (s.ə.s.) soruşurdular ki, onlar nəyi sədəqə verməlidirlər və sədəqə kimə verilməlidir. İstənilən böyük və ya kiçik sədəqələr ilk növbədə valideynlərə verilməlidir, çünki onlar hamıdan çox yaxşı münasibət bəslənilməyə layiqdirlər və insan hamıdan çox məhz onlara borcludur. Valideynlərə yaxşılıq etmək – hər bir müsəlmanın vəzifəsidir və valideynlərə itaətsizlik göstərmək qəti qadağandır. Onlara maddi yardım göstərmək valideynlərə bəslənən yaxşı münasibətin ən üstün göstəricisidir, onlara belə kömək göstərilməsindən boyun qaçırılması isə, onlara edilə biləcək hörmətsizliyin ən dəhşətli təzahürüdür. Bu isə o deməkdir ki, zəngin adam öz valideynlərini maddi cəhətdən təmin etməlidirlər.
Onların ardıyca maddi yardım almaq haqqına yaxın qohumlar, özü də onların hüququ qohumluğun dərəcəsi və maddi vəziyyətləri ilə müəyyən edilir. Əgər bir adam qohumuna maddi yardım edirsə, bu onun üçün həm sədəqə və həm də qohumluq əlaqələrinin saxlanması kimi hesab olunur.
Sədəqə həmçinin yetimlərə, yəni, ailə başçısından məhrum olan azyaşlı uşaqlara verilməlidir. Adətən belə uşaqlar ehtiyac içində olurlar, axı onlar özlərini dolandırmağı hələ bacarmırlar və onları dolandırmaq üçün qazanc gətirən şəxsi itirmişlər. Buna görə, yetimlərə yardım etmək hökmü, Öz qullarına Allahın mərhəmətini və rəhmini göstərməsindən irəli gəlir.
Sədəqə, ehtiyacın miskinləşdirdiyi və alçaltdığı kasıblara da verilməlidir. Müsəlmanlar onlara maddi kömək göstərməlidirlər ki, onlar zəruri olan şeyləri əldə edə bilsinlər və ehtiyac duymasınlar.
Sədəqə, yad ölkəyə düşmüş və maddi vəsaitlərindən məhrum olmuş müsafirlərə də verilməlidir. Belə insanları hər şeylə təmin etmək lazımdır ki, onlar öz yollarına davam edə bilsinlər.
Uca Allah bir neçə dərəcələrdən olan və daha çox ehtiyac duyan insanlara sədəqə verməyi konkret olaraq yad etdiyinə görə, O, sonra geniş mənalı bir vəhy nazil edir və bəyan edir ki, sadalanan dərəcələrdən ehtiyacı olanların və digər insanların xeyrinə verilən hər hansı sədəqə və hər hansı yaxşı əməllər və bəxşişlər, haqlı olaraq xeyirxah əməl hesab edilənlər, Allaha çox gözəl məlumdur. O, bu əməlləri unutmur və onlara görə qullarını hökmən mükafatlandıracaqdır, özü də bu mükafatların ölçüsü onların niyyəti və səmimiyyətindən, sədəqənin ölçüsündən, insanların onlara ehtiyacından, onların vaxtında verilməsindən və faydalılığından asılı olacaqdır.
(216) “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”.
Bu ayə özündə Allah yolunda hökmən döyüşmək hökmünü ifadə edir, hərçənd əvvəllər möminlərə döyüşlərdən çəkinmək əmr olunmuşdu, çünki o vaxt onlar zəif idilər və belə sınaqlara davam gətirə bilməzdilər. Peyğəmbər (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonra müsəlmanların sayı artdı və onlar möhkəmləndilər. Ancaq bu halda Uca Allah kafirlərlə döyüşməyi əmr edir və bildirir ki, döyüş əməliyyatlarında iştirak etmək insanın qəlbinə xoş gəlmir, çünki müharibə böyük çətinliklərlə və məhrumiyyətlərlə bağlıdır. O, insanları təhlükəyə məruz qoyur və çoxlu ölümlərə bais olur. Amma buna baxmayaraq, müqəddəs müharibə mütləq səadətdir, çünki möminlərə ən böyük mükafat qazandırır, onları əzabverici cəzadan xilas edir, onların düşmənlərin öhdəsindən gəlməsinə və qənimət əldə etməsinə imkan yaradır, çoxlu digər faydalar verir ki, bunlar onun mənfi tərəflərindən dəfələrlə üstündür.
Sonra Uca Allah buyurur ki, bəzən insanlar, həqiqətdə onlara zərər verən şeyi sevirlər. Bu, müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmağa və rahat həyatdan zövq almaq arzusuna aiddir. Cihaddan boyun qaçırmaq böyük müsibətdir, çünki belə müsəlmanlar Allahın yardımından məhrum olur və düşmənlərə İslam və onun tərəfdarları üzərində qələbə çalmağa imkan verir. Onlar özlərini alçaldılmaya və namussuzluğa məhkum edir, ən böyük mükafatdan məhrum edir və amansız cəzaya məruz qoyurlar.
Bu vəhy, dini hökmlərin mütləq xoşbəxtlik olduğunu bildirən ümumi qaydalardan ibarətdir. Bununla yanaşı, onların icra edilməsi insanlar üçün ağır da olsa (insan üçün istirahət etmək və əylənmək daha xoşdur), onların yerinə yetirilməsindən boyun qaçırmaq, mütləq bədbəxtlikdir. Yer üzündəki hadisələrə nəzər saldıqda isə, onların heç də hamısı mütləq xoşbəxtliyi əks etdirmir, hərçənd əksər hallarda Allahın dindar qulu qarşısına qoyduğu məqsədə nail olmağı arzulayır, lakin Allah, bir sıra səbəblər üzündən, ona, niyyətinə çatmağa imkan vermir və belə olduqda, baş verənlər onun üçün nemət olur. Belə bir şəraitdə insan Rəbbinə minnətdarlığını bildirərək həmd etməli və gözləmədiyi halda hadisələrin belə dönüşünün onun üçün ən xeyirli olduğuna şəkk gətirməməlidir, çünki Uca Allah Öz quluna onun özündən daha çox can yandırır və Allah ona daha çox xeyir gətirə biləcəyi üçün, ona məhz nəyin daha faydalı olacağını yaxşı bilir. Allahın bildiyini insanlar bilmir və buna görə onlar Onun təyin etdiyi qədərə, onları sevindirməsindən və ya kədərləndirməsindən asılı olmayaraq, itaət etməlidirlər.
(217) “Səndən haram ayda vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidülharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.
Əgər Allah yolunda döyüşmək hökmünün mənası ümumi olsaydı, onda o, hətta haram aylara da aid edilərdi, lakin Uca Allah onu dəqiqləşdirərək, haram ayları üçün bir istisna hal edir.
İslam alimlərinin əksəriyyəti belə hesab edirdilər ki, haram aylarda döyüşməyin qadağan olması, müsəlmanlar müşriklərlə, harada rastlaşmalarından asılı olmayaraq, onlarla döyüşməlidirlər hökmü ilə ləğv edilmişdi. Amma bir sıra şərhçilər belə sayırdılar ki, bu qadağa ləğv edilməmişdir, çünki ümumi məna daşıyan müqəddəs mətnlər, konkret mənalı mətnlər nəzərə alınmaqla, dəyərləndirilməlidir. Müqəddəs müharibə aparmaq haqqında hökm ümumi əmrdir, şərh etdiyimiz ayə isə onu konkretləşdirir və buna görə haram aylarında döyüşün haram edilməsi bu ayların özəlliklərindən biridir. Bundan başqa, o, bu özəlliklərin ən mühümlərindəndir.
Deyilənlərin hamısı döyüş əməliyyatlarının haram aylarda başlamasına aiddir. Əgər müsəlmanlar bu dövrdə müdafiə olunmağa məcbur edilsələr, belə də etməlidirlər, çünki düşmənin basqınına hətta Məscidülharam ərazisində cavab verməyə icazə vardır.
Bu ayə Abdullah b. Cəhşin komandanlığı altında təşkil olunmuş döyüş səfəri ilə əlaqədar nazil edilmişdi. Bu döyüş səfərində müsəlmanlar Əmr b. Hadramini öldürmüş və onun bütün əmlakını ələ keçirmişdilər. Ənənəyə uyğun olaraq, bu rəcəb ayında baş vermişdi və ərəblər müsəlmanları haram ayda vuruşduqlarına görə qınamağa başlamışdılar. Amma onların məzəmməti qətiyyən ədalətli deyildi, axı onlar özləri o qədər çoxsaylı əxlaqsız cinayətlər törətmişdilər ki, onların hər biri öz ağırlığına görə qınadıqları möminlərin əməlini üstələyirdi.
Uca Allah onların bu törətdiklərini sadalayır və bildirir ki, məhz müşriklər Allah və Onun Elçisinə (s.ə.s.) iman gətirənlərə qarşı maneələr yaradırdılar. Məhz onlar möminləri yoldan çıxarır, onları əsil dindən döndərməyə cəhd göstərir və haram ayda, müqəddəs torpaqda açıq-aşkar kafirlik əməlləri törədirdilər. Kafirlik özlüyündə ən dəhşətli cinayətdir. Haram ayda və müqəddəs torpaqda küfr əməllərin baş verməsinə nə ad vermək olar?! Bununla yanaşı müşriklər müqəddəs ərazidə yaşayan insanları Məscidülharamdan qovmuşdular. Onlar oradan Muhəmməd Peyğəmbəri (s.ə.s.) də, onun səhabələrini də qovub çıxartmışdılar, halbuki onlar bu torpaqda yaşamağa daha çox haqlıydılar. Qovduqdan sonra da onlara həcc ziyarətinə gəlməyə icazə vermirdilər, halbuki Məscidülharamda yerli sakinlərlə gəlmələr arasında heç bir fərq qoyulmur. Sadalanan əməllərin hər biri, haram ayda adam öldürməkdən daha ağır günahdır. Sadalanan bütün cinayətlərin hamısını bir dəfəlik törətmiş müşriklərə nə ad vermək olar?!
Bütün deyilənlərdən aydındır ki, müşriklərin möminlərin ünvanlarına söylədikləri ittihamları onların növbəti haqsız addımı və günahıydı.
Sonra Uca Allah buyurur ki, kafirlər heç vaxt möminlərlə döyüşməkdən əl çəkməzlər. Onlar möminlərlə onların var-dövlətini əllərindən almaq və ya özlərini də öldürmək üçün vuruşmurlar. Onlar ona görə vuruşurlar ki, müsəlmanları dinlərindən ayırsınlar, iman sahibi olduqdan sonra İslamdan dönüb kafir olsunlar, onlar da şölələnən Alovun sakinləri arasına düşsünlər. Onlar öz məqsədlərinə çatmaq üçün mümkün olan hər şeyi edirlər, lakin Allah dininin nurunun sönməsinə, bu, kafirləri hiddətləndirsə də, imkan verməyəcəkdir.
Qeyd etdiyimiz keyfiyyət, başqa əqidə sahibləri ilə onları dinindən döndərmək üçün vuruşan bütün kafirlərə xas olan keyfiyyətdir. Xüsusilə bu, müxtəlif cəmiyyətlər yaradan, bütün ölkələrə öz missionerlərini və həkimlərini göndərən, müxtəlif xalqları öz dinlərinə döndərmək məqsədilə məktəblər açan, xalqların etiqad etdikləri din haqqında şübhələr yayan yəhudilərə və xristianlara aiddir.
Biz müsəlmanlar isə, böyük lütfkarlıq göstərmiş, onlar üçün ən şərəfli din seçmiş, imanlarını kamil etmiş Uca Allahdan rica edirik ki, Öz qullarına rəhm etsin və İslama layiqincə etiqad etmək üçün möminlərə kömək göstərsin. Biz Ondan xahiş edirik ki, Onun nurunu söndürmək istəyənlərin hamısını yardımından məhrum etsin, onların bəd əməllərini özlərinə qarşı çevirsin, haqq dini müdafiə etsin və Öz sözünü şöhrətləndirsin.
Bu ayə, əvvəlkilərə aid olduğu kimi, bütövlükdə indiki kafirlərə də aiddir. Uca Allah buyurur: “Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Ənfal, 8/36).
Sonra Uca Allah buyurur ki, əgər insan İslamdan üz döndərib kafirliyi üstün tutsa və kafir olaraq ölsə, onda onun əməlləri həm bu dünyada və həm də Axirətdə faydasız olacaq. Bunun səbəbi isə, Allahın yaxşı əməlləri qəbul edərkən zəruri olan bir şərtin olmamasıdır. Bu şərt – İslamın qəbuludur. Bu qəbildən olan insan Cəhənnəm sakini olacaq və orada əbədi qalacaqdır.
Bu ayədən aydın olur ki, kimsə dindən döndükdən sonra, yenə İslama qayıtmışsa və yaxud, əgər o, öz günahlarında tövbə etmiş olarsa, onda onun əvvəllər etdiyi yaxşı əməllər saxlanılır və hesaba alınır.
(218) “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir”.
Xatırlanan üç əməl xoşbəxtliyin rəhni və ibadətin əsasıdır və insanın onlara bağlılığı sayəsində onun müvəffəqiyyətə nail olacağını və yaxud zərər çəkəcəyini müəyyən etmək olar.
Bu əməllərdən birincisi – faydası və üstünlüyünə şübhə edilməyən imandır. Xoşbəxt möminləri bədbəxt kafirlərdən, Cənnət bağları sakinlərini isə Cəhənnəm əzabkeşlərindən fərqləndirən əməllərə, ümumiyyətlə necə şəkk gətirmək olar? Əgər insan haqq din sahibidirsə, Allah onun saleh əməllərini qəbul edir, yox əgər o, haqq dindən məhrumdursa, onun nə tövbəsi, nə günahını yüngülləşdirən hərəkətləri, nə vacib olan yaxşı işləri, nə də ki, könüllü sədəqələri qəbul olunur.
İkinci əməl isə hicrətdir ki, bu ad altında, Uca Allahın razılığını əldə etmək xatirinə, insanın sevdiyi və əziz saydığı bütün hər şeydən ayrılıb əl çəkmək nəzərdə tutulur. Mühacir Allaha yaxınlaşmaq ümidi ilə və Onun dininə kömək göstərmək üçün vətənini tərk edir, əmlakını atır, qohumları və sevdiyi insanlardan ayrılır.
Üçüncü əməl cihaddır. Cihad adı altında İslam düşmənləri üzərində üstünlük qazanmağa, Allahın dininə kömək göstərməyə və İblisin məzhəbini darmadağın etməyə əzmlə can atmaq nəzərdə tutulur. Cihad – yaxşı əməllərin ən yüksək pilləsidir və onun əvəzi, ən gözəl əvəz olacaqdır. Cihad – müsəlman torpaqlarının genişlənməsi və müşrikliyin yox olmasına kömək edən və müsəlmanların və onların əmlakının təhlükəsizliyini təmin edən ən əsas amildir.
İnsan bu üç əməli, onların mürəkkəbliyinə və ağırlığına baxmayaraq layiqincə yerinə yetirdikdə, dinin qalan bütün hökmlərini daha yaxşı yerinə yetirir. Belə adamın Allahın mərhəmətinə təvəkkül etməyə haqqı vardır, çünki o, insana Allahın lütfünü qazanmasını təmin edən səbəbdən istifadə etmişdir. Bu ayədən aydın olur ki, Allahın mərhəmətinə ümid bəsləmək, insana ancaq xoşbəxt gələcəyi təmin edən əməllər yerinə yetirdikdən sonra mümkündür. Qul tənbəlliyə və yaxşı əməllər etməkdən çəkinməyə ümid bağlayarsa, onda onun halını zəiflik, boş xəyallar və özünü aldatma kimi adlandırmaq olar. Bu, insanın ətalətli olması və ağlının çatışmazlığına dəlalət edir. Axı belə adamı, qadınla əlaqəyə girmədən uşağı olmasını istəyən və ya əkin sahəsinə toxum səpmədən və su vermədən məhsul yığmaq istəyən şəxslə ancaq müqayisə etmək olar.
Ayədə xatırlanan möminlərin Allahın mərhəmətinə ümid bəsləmələrinə dair Quran müddəaları onu göstərir ki, insan təkcə öz yaxşı əməllərinə əmin olub, ümid bəsləməklə qane olmamalı, Rəbbinə təvəkkül etməli, yerinə yetirdiyi yaxşılıqları qəbul etməsi, günahlarını bağışlaması və nöqsanlarının üstünü örtməsi üçün Allaha yalvarıb dua etməlidir. Məhz buna görə, sonra Allah bildirir ki, Onun Bağışlayan və Rəhmli adları vardır. Səmimi qəlblə tövbə edənlər Onun bağışlamasına nail olurlar. Onun rəhməti bütün məxluqatı qaplayır, xeyirxahlığı isə bütün varlığa aiddir.
Bu ona dəlalət edir ki, qul yuxarıda xatırlanan yaxşı əməlləri yerinə yetirdikdə, o, Allahın əfvinə layiq görülür. Saleh əməllər törədilmiş günahları həmişə yuyur və insan Rəbbinin mərhəmətinə nail olur. Bağışlanmaya layiq olduqca, insan həm bu dünyada və həm də Axirətdə cəzadan xilas edilir, çünki artıq ona bağışlanmış və mənfi nəticələri ləğv edilmiş cəza günahların nəticəsi idi. İnsan, Allahın mərhəmətini əldə edərək, həm bu həyatda və həm də ölümündən sonra, ən gözəl şeylərə nail olur. Bundan başqa, yuxarıda qeyd olunan xeyirxah əməllərin özü belə Allahın insana yönəltdiyi mərhəmətidir, çünki Allah onu yönəltməsəydi, o, yaxşılıq etməyi arzulamazdı və əgər Allah yardım göstərməsəydi, o, həmin yaxşılığı edə bilməzdi və bir də, Allahın xeyirxahlığı olmasaydı, onda onun yaxşı əməlləri başa çatmazdı və Rəbbin tərəfindən qəbul edilməzdi. Allah Öz qullarına hər şeydən əvvəl və hər şeyin sonunda mərhəmətini göstərir. O, səbəbləri və nəticələri təklikdə xəlq edir.
(219) “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –”.
Möminlər dinin sərxoşedici içkilər və qumar oyunu haqqında müddəasını bilmək üçün Allahın Elçisinə (s.ə.s.) sual verirlər. Ərəblər cahillik dövründə və İslamın ilk yayıldığı illərdə şərab içir və qumar oynayırdılar. Yəqin, elə buna görə, müsəlmanlar müəyyən çətinliklərlə toqquşmalı olurdular. Onlar Peyğəmbərdən (s.ə.s.) dinin bu məsələlərə necə yanaşdığını tez-tez soruşurdular və onda Uca Allah Peyğəmbərinə (s.ə.s.) şərab içməyin və qumar oyununun faydalı və zərərli cəhətlərini izah etməyi tapşırır. Bu, sərxoşedici içkilərin və qumar oyunlarının sonradan qəti qadağan edilməsinin başlanğıcı oldu.
Uca Allah bildirir ki, bu əməllərin zərəri – onların insanı ağıldan və sərvətdən məhrum etməsində, ona Allahı zikr etməyə mane olmasında, onu namazdan saxlamasında və insanlar arasında düşmənçilik və nifrət yaratmasındadır. Bu ziyan, insanın şərabın ticarətindən qazanacağından, qumardakı uduşdan və ya bu hərəkətləri edərkən alacağı ruhi ləzzətdən, dəfələrlə çoxdur.
Belə izahatlar kifayət edirdi ki, insanlar şərab içməkdən və qumar oynamaqdan çəkinsinlər, çünki ağıllı adam həmişə elə davranır ki, tutduğu iş ona daha çox qazanc gətirsin və ona böyük zərər vura bilən əməllərdən çəkinsin. Lakin ərəblər bu vərdişlərinə çox alışmışdılar və onlardan tezliklə əl çəkə bilmirdilər. Məhz buna görə, şərh etdiyimiz ayə sonrakı qəti qadağan üçün başlanğıc əsas rolunu oynadı. Bu qadağa Uca Allahın aşağıdakı kəlamı ilə ifadə olundu: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”( Maidə, 5/90-91). Bu hökm Allahın xeyirxahlığının, mərhəmətinin vı müdrikliyinin nəticəsi idi; o, nazil edilərkən Ömər b. əl-Xəttab ucadan demişdi: “Biz artıq son qoyduq! Biz artıq son qoyduq!”
Bilmək lazımdır ki, şərab dedikdə, insanı kefləndirən və onu sağlam düşüncədən məhrum edən nə varsa, hamısı nəzərdə tutulur. İstənilən oyunda və yarışmada iki tərəf uduş məqsədilə ortaya pul qoyursa, bu, qumardır. Bunlara, gedişi zamanı ortaya uduş məqsədilə pul qoyulan nərd, şahmat və digər sözlü və fiziki oyunlar daxildir. Amma at və dəvə sürücülüyü üzrə yarışlara və habelə atıcılıq yarışlarına icazə verilir, çünki at çapmaq və sərrast atəş açmaq döyüş əməliyyatları zamanı kara gəlir. Buna görə, Şəriətlə belə yarışlara icazə verilmişdir.
Möminlər bu məsələlərlə yanaşı nə qədər sədəqə vermək lazım olduğu barədə də soruşurdular. Allah onların vəzifəsini yüngülləşdirərək, sədəqə kimi ancaq artıq qalanı, yəni, ehtiyaclarından artıq olan əmlakın hissəsini verməyi buyurur. Sədəqənin ölçüsü insanın maddi vəziyyətindən asılıdır. Bütün insanlar – varlılar, kasıblar və orta təminatlılar sədəqə vermək üçün, hətta bu, xurmanın yarısı da olsa belə, imkan tapa bilərlər.
Məhz buna görə Peyğəmbərə (s.ə.s.), müsəlmanları gücləri çatmayacaq vergi ilə yükləmədən, ehtiyacları olduğundan artıq qalanları sədəqə kimi qəbul etmək əmr olunmuşdu. Allah o hökmü bizə, əmlakımıza ehtiyacı olduğu üçün və ya bizim gücümüz çatmayan vəzifələri yerinə yetirməyimizi arzuladığı üçün nazil etməmişdi. Allahın bizə nazil etdiyi hökmlər bizə xoşbəxtlik verir, bizim bu dünyadakı həyatımızı yüngülləşdirir və həm bizə və həm də qardaşlarımıza fayda gətirir ki, buna görə Allah ən yüksək tərifə layiqdir.
İslam şəriətinin sirlərini belə inandırıcı qaydada izah etdikdən sonra Uca Allah buyurur ki, O, insanlara, haqqa dəlalət edən və onlara faydalı biliklər əldə etməyə, xeyri şərdən ayırmağa imkan verən Öz ayələrini belə aydınlaşdırır. Allah Öz biliklərini insanlara ona görə izah edir ki, onlar Onun şəriətinin sirləri üzərində düşünsünlər və başa düşsünlər ki, Allahın qanunlarının yerinə yetirilməsi – həm bu dünyada və həm də Axirətdə səadətin rəhnidir, dünyəvi həyatın tez keçəriliyi, yer aləminin qısamüddətli olduğunu və Axirət həyatının isə əbədi qalacağını fikirləşsinlər. Axirət, əvəz veriləcək bir məkandır ki, insanlar onu yer üzündə olarkən abadlaşdırmalıdırlar.
(220) “dünya və Axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz içinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir”.
Uca Allahın: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” (Nisa, 4/10) ayəsi nazil ediləndə müsəlmanlar böyük çətinliklərlə rastlaşdılar və yeməklərini yetimlərin yeməklərindən ayırmağa başladılar. Onlar hətta süfrə arxasında yetimlərin əmlakına toxunmaqdan qorxurdular, halbuki insanlar, adətən, yeməyi bir-biri ilə bölüşürlər. Bu barədə Peyğəmbərdən (s.ə.s.) soruşarkən, Uca Allah ona (s.ə.s.) xəbər verir ki, möminlərdən tələb olunan şey yetimlərin əmlakını qorumaq, onlara layiqincə qayğı göstərmək və ticarət vasitəsi ilə onların əmlakını artırmaqdır. Müsəlmanlara yemək vaxtı və başqa belə hallarda öz əmlakını yetimlərin əmlakı ilə qarışdırmağa, əgər, əlbəttə, bu, yetimlərə açıq-aydın ziyan vurmursa, icazə verilmişdir. Bu hökmün səbəbi, yetimlərin möminlərin qardaşları olmasında idi, axı qardaşların həmişə ümumi maraqları bir-birinə qarışır. Yetimlərlə qarşılıqlı münasibətlərin meyarı niyyət və əməldir və əgər müsəlman yetimə səmimi qəlbdən yaxşılıq diləyirsə və onun əmlakına göz dikmirsə, əgər o qəsd etmədən yetimin malının bir hissəsini istifadə edərsə də, günah etməz. Əgər Allaha məlum olsa ki, qəyyum, yetimin əmlakını birləşdirməsi nəticəsində, onun əmlakı hesabına varlanmaq niyyətindədir, onda belə rəftar günah sayılacaq, çünki məqsədə nail olmaq vasitələri barədə niyyət, məqsədin özünə dair niyyətdən asılıdır.
Bu ayədən aydın olur ki, yemək üçün, ticarətdə və başqa bənzər hallarda yetimin əmlakını birləşdirməyə imkan verilir. Bu ayə Allahın mərhəməti və möminlər üçün asanlıqdır. Əgər Allah istəsəydi, müsəlmanlara belə etməyə yol verməzdi və onda onlar çətin vəziyyətdə qalardılar. Onda onlar dinin ağır tələblərini yerinə yetirə bilməzdilər və tez-tez günaha batardılar. Allah belə edə bilərdi, çünki Onun qüdrəti kamil və sonsuzdur. Lakin O, müdrikdir və ancaq Özünün müdrikliyinə uyğun olanı həyata keçirir. Onun qüdrəti Onun müdrikliyinə zidd deyil və buna görə demək olmaz ki, “O, nə istəyirsə, hətta Öz ilahi müdrikliyinə əks olanı da edir”. Əksinə, Allahın bütün əməlləri və əmrləri Onun müdrikliyinə uyğundur.
(221) “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar”.
Uca Allah müsəlmanlara müşrik qadınlarla, onlar Allaha şərik qoşmaqdan əl çəkməyincə və iman gətirməyincə, evlənməyi qadağan edir, çünki ən kifir mömin qadın ən gözəl müşrik qadından xeyirlidir. Allahın bu tələbi, Kitab əhlindən olan qadınlardan başqa, Ona şərik qoşan bütün qadınlara aiddir, çünki Uca Allah buyurur: “Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar” (Maidə, 5/5).
Allah müsəlman qadınlara da bütpərəstlərə ərə getməyi qadağan edir və bu qaydadan geniş mənalı istisnalar yoxdur. Uca Allah müsəlman kişilərin və müsəlman qadınların İslamı qəbul etməyənlərlə nikah bağlamasının qadağan olmasını və səbəbini izah edir. Səbəb ondadır ki, kafirlər öz davranışları və həmçinin öz sözləri və əməlləri ilə ətraflarındakıları Cəhənnəm oduna çağırırlar və onlarla ünsiyyət möminlər üçün təhlükə yaradır, həm də bu, insanın təkcə dünyəvi əmin-amanlığına təhlükə yaratmaqla qalmayaraq, onu əbədi bədbəxtliyə də məruz qoya bilər.
Nazil edilmiş hökmün səbəbini nəzərə alsaq, onda şərh edilən ayədən müşriklər və bidətçilərlə qarşılıqlı əlaqələrin qadağan olunması aydın olur, çünki əgər müsəlmanlara, böyük fayda əldə edəcəyinə baxmayaraq, müşriklərlə nikah bağlamaq qadağan olunursa, xüsusilə, belə əlaqə nəticəsində müsəlman müşrikə xidmət etməli və ya onun qarşısında alçalmalı olursa, onda adicə ünsiyyət də qadağan olunmalıdır. Bu ayədən habelə aydın olur ki, müsəlman qadını qəyyumu ərə verməlidir.
Sonra Uca Allah bəyan edir ki, O, Öz qullarını Cənnət bağlarına və əfvə layiq olmağa çağırır ki, bunun nəticələrindən biri də amansız cəzadan qurtuluşdur. Bunlara saleh əməllərlə, səmimiyyətlə tövbə etməklə və faydalı biliklər əldə etməklə layiq olmaq mümkündür. Allah insanlara Öz ayələrini belə izah edir ki, onlar unutduqlarını yadlarına salsınlar, indiyədək bilmədiklərini öyrənsinlər və əvvəllər laqeyd yanaşdıqları xeyirxah əməlləri həyata keçirtməyə başlasınlar.
(222) “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”.
Uca Allah bildirir ki, müsəlmanlar Muhəmməd Peyğəmbərdən (s.ə.s.) qadınların aybaşı olma vəziyyəti haqqında soruşurlar. Qadına aybaşı dövründə, aybaşı qanaxmasının başlanmasına qədər gördüyü bütün işləri görməsinə icazə verilirmi? Yaxud, yəhudilərin iddia etdikləri kimi, qadın aybaşı dövründə tam natəmizmi olur?
Uca Allah bu ayədə xəbər verir ki, aybaşı qadına əziyyət verir və ilahi müdrikliyi Allahdan tələb edir ki, qulların həmin dövrdə qadınlarına yaxınlaşmasını qadağan etsin. Məhz buna görə, Allah aybaşı qanaxmaları zamanı qadınlarla qan axan orqandan cinsi əlaqəyə girməyi qadağan edir, özü də, İslam alimləri bu məsələdə yekdil rəydədirlər.
Ancaq aybaşı qanının axdığı orqandan cinsi yaxınlığın qadağan olunması konkret müəyyən edildiyinə görə aydın olur ki, aybaşı dövründə kişilərə öz zövcələrinə nəvaziş göstərmək və, cinsi əlaqədən başqa, (yol verilən) hər şey etmək olar. Lakin qadınlar təmizlənmədən onlara yaxınlaşmamaq hökmündən aydın olur ki, kişilər qadının cinsi orqanlarına yaxın yerləşən bədən hissələrinə, yəni, göbəyindən dizinə qədər olan nahiyəsinə toxunmaqdan çəkinməlidirlər. Bütün deyilənlərdən belə nəticə çıxartmaq olar ki, aybaşı zamanı qadını göbəyindən dizinə qədər olan nahiyədə əllə oxşamaq (sığallamaq) olmaz. Bu, Peyğəmbərin (s.ə.s.) davranışı ilə də təsdiq edilir. O, öz zövcəsinə aybaşı zamanı, izar ( İzar – qurşaqdan aşağı hissəni tutan alt geyimdir. F.S.) geyməyi tapşırdıqdan sonra nəvaziş göstərərdi.
Ər arvadı ilə cinsi əlaqədən və onun göbəyi ilə baldırları arasına toxunmaqdan, qadın aybaşı qanaxmasından təmizlənənə qədər, yəni onun dayanmasınadək, çəkinməlidir. Qanaxmanın kəsilməsi ilə, kişini bu hərəkətlərdən saxlayan səbəb aradan qalxır. Amma bu hərəkətləri etməyə ona iki şərtlə icazə verilir: qanaxma kəsildikdən və qadın çimib yuyunduqdan sonra. Qanaxma kəsildikdən sonra birinci şərt yerinə yetirilir, amma hələ ikincisi yerinə yetirilməmişdir. Qadın yuyunub qüsl etdikdən sonra kişiyə onunla, Allahın hökmünə uyğun olaraq, yəni, cinsi orqan yolu ilə (anus dəliyindən olmamaqla) cinsi yaxınlıq etməyə icazə verilir, çünki məhz uşaqlıq rüşeymin inkişaf orqandır.
Bu ayədən aydın olur ki, aybaşı kəsildikdən sonra qadın hökmən çimməlidir. Qüsl alma ancaq aybaşı kəsildikdən sonra doğrudur. Ayədən həm də aydın olur ki, müsəlmanlar bütün hallarda təmizlənə bilərlər, axı Allah təmiz olanları sevir. Buna görə, qüsl namaz qılmaq, Kəəbənin ətrafını təvaf etmək və Quranın səhifələrinə toxunmaq üçün vacib tələbdir. Bu ayədə təmizlənmək adı altında həm də pis vərdişlərdən, yaramaz keyfiyyətlərdən və alçaq əməllərdən ruhən təmizlənmə nəzərdə tutulur.
(223) “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ!”
Kişilərə zövcələri ilə qabaqdan və ya arxa tərəfdən cinsi əlaqəyə girməyə icazə verilir, lakin ancaq cinsi orqandan olmaq şərti ilə, çünki məhz uşaqlıq rüşeymin inkişaf etdiyi “tarladır”. Bu ayə anus dəliyindən cinsi əlaqənin qadağan olunduğunu nəzərdə tutur, çünki Allah təkcə cinsi orqan vasitəsilə cinsi əlaqəyə girməyə icazə verir. Bu qadağa Peyğəmbərin (s.ə.s.) çoxsaylı hədislərində də xatırlanır. O (s.ə.s.), anus dəliyindən cinsi əlaqəyə girənləri lənətləmişdir.
Sonra Allah qullarına qabaqcadan onları Ona yaxınlaşdıran yaxşı işlər görmələrini əmr edir. Belə əməllərdən biri də kişinin zövcəsi ilə cinsi yaxınlıq etməsidir ki, onun sayəsində insan Öz Rəbbinə yaxınlaşmağa, mükafata layiq görülməyə və nəslini artırmağa ümid bəsləyir ki, sonuncu, Allahın iradəsi ilə, ona böyük fayda gətirə bilər. Allah hər cür şəraitdə təqvalı olmağı buyurur və bunun üçün yadda saxlamaq lazımıdır ki, insanlar mütləq Onunla qarşılaşacaqlar və özlərinin saleh və günahkar əməllərinin əvəzini alacaqlar.
Daha sonra Allah Peyğəmbərinə (s.ə.s.) möminlərə müjdə verməsini əmr edir, amma nə ilə onları müjdələməyi bildirmir. Bu isə o deməkdir ki, müjdə ən geniş mənaya malikdir və möminləri həm bu dünyada və həm də Axirətdə sevinc gözləyir. Onlardan hər biri böyük nemət əldə edəcəkdir və öz imanının gücündən asılı olaraq ziyandan qorunacaqdır. Bu və bir çox başqa şeylər burada müjdə adı altında nəzərdə tutulur.
Ayədən aydın olur ki, Allah möminləri də, onlara sevinc gətirən şeyləri də sevir. Ondan bir şey də aydın olur ki, Allahın onlar üçün həm bu dünyada və həm də Axirət həyatında hazırladığı mükafatları xatırladaraq, müsəlmanları xeyirxah əməllərə ruhlandırmaq arzu olunan əməldir.
(224) “Andlarınıza görə Allahın adını yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!”
Hər hansı and ona görə içilir ki, adı ilə and içilən ucaldılsın və barəsində and içilən şeyin doğruluğu, adın ucalığına istinad etməklə təsdiq olunsun. Uca Allah müsəlmanlara, sözün geniş mənasında, andlarını qorumağı tapşırır və bu tapşırıqda bəzi hallar, məsələn, andın icrasının, Allaha daha xoş olan bir şeyin yerinə yetirilməsindən əl çəkməyə sövq etməsi istisna edilir. Buna görə, Allah qullarına, içdikləri and onların xeyir işlər görməsinə, günahlardan çəkinməsinə və insanların arasında barış yaratmasına maneə olduqda, onlara istinad etməyi qadağan edir.
Əgər insan and içibsə ki, vacib hökmü yerinə yetirməsin, onda o, belə andı pozmalıdır; belə halda andı yerinə yetirmək günahdır, yox, əgər o, arzuolunan tələbi yerinə yetirməmək andı içibsə, onun andını pozması vacib deyil, ancaq arzu olunandır. Əgər o, qadağan olunmuş bir əməli etməyə and içmişdirsə, onu hökmən pozmalıdır. Əgər o, arzu olunmaz bir əməli etməyə and içmişdirsə, andı pozmaq arzu olunandır. Əgər o, icazə verilmiş bir hərəkəti etməyə and içmişdirsə, o, öz andına sadiq qalmalıdır.
Bu ayədən məşhur bir şəriət qaydası çıxır. Bu qaydaya müvafiq olaraq, yaxşı əməllər arasında seçim aparmaq lazım gəldikdə, üstünlüyü onlardan ən vacibinə vermək lazımdır. Bizim vəziyyətimizdə, anda sadiq qalmaq xeyirxah əməldir, lakin Allahın mühüm bir hökmünü yerinə yetirmək ondan daha vacibdir və ona görə də üstünlüyü sonuncu olaraq yaxşı əmələ vermək lazımdır.
Bu ayə Allahın iki gözəl adı ilə tamamlanır: Eşidən və Bilən. O, bütün səsləri eşidir və Öz qullarının niyyətini bilir. O, and içənlərin sözlərini eşidir və onların xoş və bəd niyyətlərini bilir. Bunlar haqqında xəbər verərək, Uca Allah qullarını alacağı qisas barədə xəbərdar edir. Qisas vaxtı mütləq gələcəkdir, çünki yaratdıqlarının bütün əməlləri və niyyətləri Ona məlumdur.
(225) “Allah sizi qərəzsiz içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir”.
Allah insanları qəsdlə və düşünərəkdən vermədikləri boş andlara görə məsuliyyət daşımağa çağırmır, çünki onlar çox vaxt belə deyirlər: “Yox, Allaha and olsun! Bəli, Allaha and olsun!” Allah insanları keçmişdə olmuş hadisələrə görə and içərkən, məsuliyyətə çəkmir, çünki onlar o hadisələrin doğru olduğunu güman edirlər. Lakin insanlar qəsdlə içdikləri anda görə mütləq cavab verəcəklər. Buradan aydın olur ki, dəyərləndirmə zamanı niyyətlər nəinki əməllərə görə, həm də mülahizə və fikirlərə görə də nəzərə alınır.
Allahın gözəl adları arasında Bağışlayan və Həlim adları da var. O, tövbə edənləri bağışlayır, itaətsizlik göstərənləri cəzalandırmağa tələsmir və hətta onların günahlarını örtür. O, günahkarlara qarşı həlimdir, yumşaqlıq göstərir, halbuki onları cəzalandırmağa qadirdir, çünki onlar Onun hakimiyyəti altındadırlar.
(226) “Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir”.
Burada söhbət öz zövcələri ilə ümumiyyətlə və yaxud müəyyən bir müddət ərzində cinsi yaxınlıq etməməyə and içmiş kişilərdən gedir. Bu müddət dörd aydan çox və ya az ola bilər.
Əgər bir adam öz arvadı ilə dörd ayı keçməyən bir müddət ərzində cinsi yaxınlıq etməyəcəyinə and içirsə, onda onun andı başqa andlardan heç nə ilə fərqlənmir. Əgər o, andını pozarsa, onda günahını yumalıdır və əgər o, andının üstündə durarsa, onda o, heç bir məsuliyyət daşımır, özü də onun arvadının bu hərəkətə görə ərini məzəmmət etməyə haqqı yoxdur, çünki ər arvadı ilə dörd aya qədər cinsi əlaqəyə girməmək haqqına malikdir.
Lakin əgər o, zövcəsi ilə ümumiyyətlə və ya dörd ay müddətindən artıq cinsi əlaqəyə girməməyə and içərsə və əgər zövcəsi ondan cinsi həyata qayıtmağı xahiş edərsə, ona zövcəsi ilə cinsi yaxınlıqdan özünü saxlamağa ancaq andı içdiyi andan dörd ay ərzində icazə verilir, çünki zövcəsi də onunla cinsi yaxınlıq etməyə haqqı vardır. Müəyyən olunmuş müddət sona çatdıqdan sonra, ər öz zövcəsi ilə cinsi yaxınlıq etməyə borcludur və andını pozduğu üçün kəffarə verməlidir. Əgər o, öz ər vəzifəsini yerinə yetirməkdən boyun qaçırırsa, onda onu boşanmağa məcbur etmək lazımdır. O, buna müqavimət göstərdikdə, hakim arvadın ərindən boşanmasını özü həll edir.
Bilmək vacibdir ki, ər-arvadlıq münasibətlərinin bərpa edilməsi Uca Allahın daha çox xoşuna gəlir, çünki O, bildirir ki, əgər ər zövcəsi ilə cinsi həyatını bərpa edirsə, özünü bundan saxlayacağına and içməsinə baxmayaraq, Allah, müştərək cinsi həyata yenidən başlamaları xatirinə ona içdiyi andı pozmasını bağışlayır.
Allah Öz qulları üçün, içdikləri anddan geriyə çəkilmək üçün çıxış yolları müəyyən etməklə onlara Öz mərhəmətini göstərir və istənilən şəraitdə içdiyi anda riayət etməyə onları məcbur etmir. Allah, qulları zövcələri ilə cinsi yaxınlığı bərpa etdikdə, onlara yenə də rəhm edərək, onlara mehribanlıq və şəfqətlə yanaşır.
(227) “Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!”
Ər zövcəsi ilə birgə nikahda olmaq arzusunu nümayiş etdirərək cinsi həyatı bərpa etməkdən boyun qaçırarsa, onda bunu ancaq qəti boşanma niyyəti kimi dəyərləndirmək olar. Əgər iş bu yerə çatıbsa, ər ləngitmədən zövcəsinə talaq verməlidir. O, bunu etmək istəmədikdə isə, hakim onu buna məcbur etməli və ya ər-arvadı özü boşamalıdır.
Sonra Allah Özünün gözəl adlarını – Eşidən və Bilən olduğunu xatırladır. Bu xatırlatmada ərlərə qarşı ciddi xəbərdarlıq əks olunmuşdur. Onlar belə andları öz zövcələrinin zərərinə və ya onlara əziyyət vermək üçün içirlər.
Bu ayədən aydın olur ki, ancaq kişilərə cinsi əlaqədə olmaq istəməməkləri barədə and içməyə icazə verilir, çünki Uca Allah ayədə öz zövcələri ilə cinsi yaxınlıq etməyəcəkləri barədə and içən şəxsləri xatırladır. Ayədən həm də aydın olur ki, kişi öz zövcəsi ilə heç olmazsa dörd ayda bir dəfə cinsi yaxınlıq etməlidir, çünki dörd ay keçdikdən sonra ər zövcəsi ilə ya cinsi əlaqəyə girməli, ya da onu boşamalıdır; dörd ayda bir dəfə zövcəsinin cinsi yaxınlıq ehtiyacını ödəmək isə ərin vəzifəsidir.
(228) “Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir”.
Qadın ərindən boşandıqdan dərhal sonra ərə gedə bilməz və üç aybaşı müddəti gözləməlidir. İslam alimləri bu hökmün mənasına yanaşmada müxtəlif rəylər söyləmişlər. Bəziləri hesab edirdilər ki, qadın üç aybaşı müddəti gözləməlidir, digərləri isə aybaşıdan üç dəfə təmizlənməyi gözləməyi nəzərdə tuturdular. Birinci rəy bu barədə daha dəqiqdir. Boşanmadan sonra müddətin (iddənin) gözlənilməsi bir sıra səbəblərlə izah olunur, xüsusən, o, boşanmış ər-arvada hamiləliyin olmamasından əmin olmağa imkan verir. Çünki boşanmadan sonra qadın ardıcıl olaraq üçüncü dəfə aybaşı olarsa, onda inamla demək olar ki, o, öz sabiq ərindən uşağa qalmamışdır və onun sonra ərə getməsi qohumluq əlaqələrinin qarışmasına səbəb olmayacaqdır.
Bu səbəbə görə Uca Allah qadınlara əmr edir ki, Allahın onların bətnində yaratdığı haqqında xəbər versinlər və onlara hamiləliyi və aybaşını gizlətməyi qəti surətdə qadağan edir, çünki bunların gizlədilməsi sonradan çoxsaylı pis nəticələrə səbəb olur.
Qadın, boşanmaqdan ötrü müəyyən olunmuş müddətin tezliklə qurtarması və başqa adama ərə getmək ixtiyarı alması üçün hamiləliyini gizlətdikdə, adamlar bir başqasını, onun uşağının valideyni olmadığı halda, onun atası adlandıra bilərlər. Belə olduqda, uşaq özünün həqiqi qohumları ilə əlaqəsini və qanuni varis hüququnu itirir. Onun yaxın qohumları onu tanımır və bəzən o, nikah bağlaması haram olan qohumu ilə evlənir. Digər tərəfdən isə, yad adamı öz atası hesab edərək, o, qanunsuz olaraq onun mirasının bir hissəsini əldə edir və onun qohumlarını özünün yaxın adamları sayır. Bu və digər hallar böyük bir müsibət törədə bilər ki, onu da ən yaxşı bilən qulların Rəbbidir.
Əgər başqa bir kişi ilə tezliklə evlənmək xatirinə hamiləliyi gizlətməyin nəticəsi təkcə etibarsız və qanunsuz nikah əsasında yaşamaq və buradan irəli gələn ən ağır günahlardan birinin daima təkrarlanması – zinakarlıq olardısa, onda elə bu günah bəs edərdi.
Qadına aybaşının başlanmasını da gizlətmək qadağandır. Əgər o, hadisələri qabaqlayaraq, qan axmasının başlanması haqqında yalandan xəbər verirsə, onda sabiq ərinin haqqını tapdalayır və özünü digər kişilərin toxunması üçün mümkün elan edir. Belə hərəkət, artıq qeyd etdiyimiz kimi, çox yaramaz nəticələr verir. Əgər qadın aybaşının başlanmasını, boşanmaq üçün müddəti uzatmaq üçün yalandan gizlədirsə, sabiq ərindən, artıq almağa haqqı olmadığı, maddi vəsait alır. Belə hərəkət də iki səbəbə görə qanunsuzdur. Birincisi, qadın ərindən tam boşandıqdan sonra, ondan maddi təminat almağa haqqı olmur. İkincisi isə, belə bir təhlükə yaranır ki, ər, boşanma üçün ayrılmış müddət keçəndən sonra nikahlı münasibətlərini davam etdirə bilər ki, onda sabiq ər-arvad zinakarlıq etmiş olurlar, çünki müddət keçəndən sonra onlar bir-birilərinə tamamilə yad adamlardır.
Buna görə də Uca Rəbb buyurur ki, əgər qadın Allaha və Axirət gününə iman gətirirsə, o, Allahın onun bətnində yaratdığını gizlətməməlidir. Bunun gizlədilməsi qadının Allaha və Qiyamət gününə inanmadığına dəlalət edir. Əgər o, törədilən əməllərə görə əvəz veriləcəyinə iman gətirsəydi, belə bir günah işlətməyə cəsarət etməzdi.
Bu ayədən həm də belə bir nəticə çıxır ki, qadının öz hamiləliyi, aybaşısının başlanması haqqında və onun ancaq özünə məlum ola biləcək digər iddialarını qəbul etməyə icazə verilmişdir.
Sonra Allah bildirir ki, boşanma üçün ayrılmış müddət keçənə qədər ərlərin zövcələri ilə nikahlarını bərpa etməyə, əgər onları buna sövq edən məhəbbət və yaxşı niyyətlərdirsə, haqları var. Bu müddəadan aydın olur ki, ərlər barışmaq istəmədikdə, onlara ər-arvadlıq münasibətlərini bərpa etmək qadağandır. Ərə, boşanmış zövcəsini bu minvala saxlamağa, ona əziyyət verməyə və ya boşanmaq üçün gözlənilməli müddətin uzadılmasına icazə verilmir. Lakin bir məsələdə alimlər yekdil qərara gələ bilməyiblər: ər belə davrandıqda nikahın bərpası qanuni sayılırmı? Əksər alimlər, ərin günah işlətməsinə baxmayaraq, bunu qanuni sayırdılar. Ən etibarlı rəyə görə isə, nikah bərpa edilərkən ər yaxşı niyyətdə olmazsa, onların nikahı qanunsuzdur. Bu rəyin xeyrinə, şərh etdiyimiz gözəl ayənin aydın mənası da şəhadət verir.
Ərin nikahı bərpa etmək haqqı, qadının boşanmaq üçün müəyyən edilmiş müddəti mütləq gözləməsinə daha bir səbəbdir. Əgər boşanma elan olunduqdan sonra, ər zövcəsi ilə ayrılmasına heyfsilənərsə, onda müəyyən olunmuş vaxt keçənə qədər baş vermiş hadisəni götür-qoy edə və qəti qərar qəbul edə bilər. Bu, ona dəlalət edir ki, Allaha ər-arvad arasında olan yaxşı münasibətlər xoş gəlir, onların ayrılması isə nifrət doğurur. Peyğəmbər (s.ə.s.) isə bu barədə demişdir: “İcazə verilmiş bütün əməllərdən Allahın nifrətini doğuran – boşanmadır”.
Ərin nikahı bərpa etmək haqqı o boşanmalara aiddir ki, onlardan sonra evlilik münasibətlərini yenidən başlamaq mümkün olsun. Qəti boşanmaya gəldikdə isə, o, elan olunduqdan sonra ər arvadını qaytarmaq və nikah əlaqələrini bərpa etmək haqqını artıq itirmiş olur. Əgər qəti boşanmadan sonra sabiq ər və arvadın hər ikisi yenidən nikahlanmağa razılaşsalar, onda onlar bunu adi qaydada ilk nikah bağlayanlar kimi, zəruri şərtləri yerinə yetirərək, etməlidirlər.
Sonra Allah bildirir ki, ərlər zövcələri qarşısında müəyyən öhdəliklər daşıyırlar, zövcələr də ərləri qarşısında müəyyən öhdəliklərə malikdirlər. Ər-arvadın hüquq və vəzifələri, onların yaşadığı ölkələrin və dövrün adət-ənənələri ilə müəyyənləşdirilir, çünki müxtəlif ölkələrdə və müxtəlif zamanlarda bu adətlər fərqli olur. Onlar həmçinin şəraitlə, insanların xasiyyət və vərdişləri ilə də səciyyələnir. Buradan aydın olur ki, maddi təminat, paltar, ailə həyatı, mənzil və hətta ər-arvadın cinsi yaxınlığı da onların yaşadıqları ölkənin və zamanın adətlərindən asılı olur. Bu, nikahlanma gedişində ər-arvadın bir-birinin qarşısında heç bir şərt qoymadıqları evlənməyə aiddir. Əgər belə şərtlər qoyulmuşsa, onların yerinə yetirilməsi zəruridir, lakin onlar bu şərtlərlə Allahın icazə verdiyini qadağan edə və qadağan etdiyinə icazə verə bilməzlər.
Daha sonra Allah ərin vəziyyətinin zövcəsinin vəziyyətindən üstün olduğundan bəhs edir. Bu onu göstərir ki, arvadın vəzifəsi ərin qarşısında, ərin vəzifəsinin arvadın qarşısında olduğundan çoxdur. Bu barədə Quranın başqa bir ayəsində deyilir: “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər...” (Nisa, 4/34).
Təkcə kişilər peyğəmbər və hakim ola, dövləti idarə edə və ya rəhbər vəzifələr tuta bilərlər. Bununla yanaşı kişilər qadınlardan ikiqat artıq haqqa malik olurlar, miras bölüşdürüldükdə və bir çox başqa işlərdə də belədir.
Allahın gözəl adları arasında – Qüdrətli və Müdrik adları vardır. O, kamil qüdrətə və əzəmətli hakimiyyətə malikdir və onların əsasında bütün yaradılmışlar Ona tabedir. Lakin, Özünün məhdudlaşdırılmayan imkanlarına baxmayaraq, Allah Öz məxluqlarını ilahi müdrikliyinə ciddi şəkildə uyğun olaraq idarə edir.
Qeyd etmək lazımdır ki, boşanmadan sonra üç aybaşı müddətində gözləmək haqqında ümumi qayda hamilə qadınlara (onlar hamiləliyin sonuna qədər gözləməlidirlər), nikahdan sonra ərləri onlara yaxınlaşmayan qadınlara (onlar boşanandan o saat sonra ərə getmək hüququna malikdirlər) və kölə qadınlara (onlar ancaq iki aybaşı müddəti gözləməlidirlər) aid deyil. Sonuncu rəyin tərəfdarları Peyğəmbərin (s.ə.s.) səhabələri idi.
Şərh etdiyimiz ayənin mətni onunla nazil edilmiş hökmün ancaq azad qadınlara aid olduğunu sübut edir.
(229) “Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır”.
Cahiliyyə dövründə və İslamın ilk yayıldığı illərdə kişiyə saysız-hesabsız dəfə zövcəsindən boşanmağa icazə verilərdi və əgər o, arvadına əziyyət vermək istəsəydi, ona boşandığını elan edərdi və boşanmaq üçün müəyyən olunmuş vaxtın yaxınlaşmasına az qalmış nikahı bərpa edər və bundan sonra yenə arvadını boşadığını elan edərdi. Bu minvalla, kişi bütün həyatı boyu arvadına məşəqqət çəkdirərək belə edə bilərdi. Bunu ən yaxşı bilən Allahdır.
Buna görə, Uca Allah bəyan edir ki, kişi, ər-arvadlıq münasibətlərini sonradan bərpa etmək şərti ilə arvadını ancaq iki dəfə boşaya bilər. Boşanma üçün ayrılmış müddət ərzində kişi öz qərarını dəyişərək, əgər o, zövcəsinə əziyyət verməyəcəksə, onu geri qaytara bilər. Əgər kişi arvadını üçüncü dəfə boşayırsa, onda ona yenidən ər-arvadlıq münasibətlərini bərpa etməyə icazə verilmir, çünki əgər o, belə edirsə, onda o, ya öz Rəbbinə kobudcasına itaətsizlik göstərir, ya da öz zövcəsi ilə ailə həyatı sürmək istəmir və ona ancaq əziyyət verməyə çalışır.
Ərin zövcəsinə bəyan etdiyi boşanma qəti olmadıqda, ona buyurulur ki, ya başqa ər-arvadların arasında olduğu kimi ləyaqətli ailə münasibətlərini bərpa etsin, vəziyyətin belə inkişafı daha yaxşıdır, ya da zövcəsi ilə qəti olaraq ləyaqətlə boşansın. Bu o deməkdir ki, ayrılarkən ər zövcəsindən qadının mülkiyyətini güclə almamalıdır, çünki bu rəftar ədalətsiz və qanunsuzdur.
Ərə, zövcəsinə verdiyi mehri (Burada söhbət, ərin arvadına “talaq” sözünü bir neçə (3) dəfə təkrar etməsi ilə onu boşamış hesab olunmasından gedir. F.S.)geri götürməyə bir şərtlə icazə verilir ki, onlar Allahın hədlərini qoruyacaqlarından ehtiyat etsinlər. Məsələn, əgər qadın ərinin zahiri görkəminə və ya onun əxlaqi simasına və yaxud dini qaydalara laqeyd yanaşmasına nifrət bəsləyirsə və onunla qarşılıqlı münasibətlərində Allahın hədlərinə riayət edə biləcəyindən ehtiyatlanırsa, onda o, ərinə fidyə verib boşana bilər. Bu ayə arvadın tələbi (hul) üzrə boşanmanın, əgər şərtlər təsvir olunan səciyyəni daşıyarsa, qanuni olmasını təsdiq edir. Bu halda arvad ərinə maddi təminat ödəyir və yaxud nikah bəxşişini (mehri)( Nikah bağlanarkən kişinin qadına verdiyi başlıq, şərti məbləğ (mehr). F.S.) ona qaytarır.
Yuxarıda sadalanan hökmlər Allahın Öz qulları üçün qoyduğu və onları aşmağı qadağan etdiyi hədlərdir. Onları aşıb keçənlər ədalətsiz zalımlardır.
Allahın icazə verdiyi ilə kifayətlənməyərək qadağan olunmuş əməllər törətməyə cəsarət edən insandan başqa kim ən böyük zalım ola bilər?
Qeyd etmək lazımdır ki, zülmkarlıq üç növ olur: ən böyük zülm, bu Allaha şərik qoşmaqdır; qulun Onun qarşısında öz vəzifələrini yerinə yetirdiyi zaman etdiyi zülm və qulun başqa məxluqlara qarşı etdiyi zülm. Allaha şərik qoşma ancaq səmimi tövbədən sonra bağışlana bilər. Başqa məxluqlara zülmkar münasibətə görə insan hökmən ədalətli əvəzini alacaqdır. Qulun, Allah qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdiyi zülmkarlığa görə əvəz isə Qüdrətli Rəbbin istəyi və müdrikliyindən asılıdır.
(230) “Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir”.
Ər arvadını üçüncü dəfə boşayarsa, onun sabiq zövcəsi başqa bir kişi ilə qanuni nikah bağlayıb, onunla cinsi yaxınlıq edənə qədər, sabiq ərin sabiq zövcəsi ilə yenidən evlənməsi qadağan edilmişdir. İslam şəriətində nikah, ər-arvad nikah müqaviləsi bağlayıb cinsi yaxınlıq etdikdən sonra qüvvəyə minmiş sayılır. Alimlər bu məsələdə tam yekdildirlər.
Bilmək lazımdır ki, qadının ikinci dəfə evlənməsi arzuedilən olmalıdır, yoxsa əgər onun ərə getməsinin məqsədi əvvəlki ərinə qayıtmaq olarsa, belə nikah qanunsuz sayılır və boşanmadan sonra onun əvvəlki əri ilə evlənməsinə icazə verilmir. Hətta ikinci əri ilə cinsi yaxınlığın da burada heç bir əhəmiyyəti yoxdur, çünki o, qanuni ər hesab olunmur. Əgər qadın ikinci nikahı təmiz niyyətlə bağlamışsa və əri ilə cinsi əlaqəyə girmişsə, sonra isə ayrılmışlarsa, onda boşanma üçün ayrılmış müddətdən sonra, onun keçmiş ərinə onunla növbəti dəfə evlənməyə icazə verilir. Bundan ötrü onlar hər iki tərəfin razılığı ilə yenidən nikah bağlamalıdırlar, çünki Allah buyurur ki, ər-arvad yenidən birləşə bilərlər. Lakin təkrar nikahın mütləq şərti, onların Allahın hədlərinə riayət edəcəklərinə və bir-birinin qarşısında vəzifələrini yerinə yetirəcəklərinə ümid bəsləmələridir. Bunun üçün, onlar əvvəlki ailə həyatı zamanı yol verdikləri və ayrılmalarına səbəb olmuş səhvlərinə görə Allah qarşısında tövbə etməlidirlər. Onlar həmçinin xoşbəxt ailə yaratmağa qəti qərar verməlidirlər. Ancaq belə olduğu halda onların yenidən evlənməsində günah olmaz.
Bu gözəl ayədən aydın olur ki, boşanmış ər-arvad Allahın hədlərinə riayət edə biləcəklərindən ehtiyat edirlərsə və hesab edirlərsə ki, onların həyatı əvvəlki kimi qəm-qüssə içində keçəcək, onda yenidən nikaha qədəm qoymaları ər-arvadın hər ikisi üçün günahdır. Bilmək lazımdır ki, əgər insan bu və ya digər bir əmələ görə dinin tələblərini yerinə yetirə və Allaha itaət edə bilməyəcəyindən ehtiyat edirsə, onda o əməli etməməlidir.
Ayədən həm də məlum olur ki, əgər insan müəyyən vəzifələri icra etməyə başlayırsa, xüsusilə, öz üzərinə böyük və ya kiçik bir insan qrupunun məsuliyyətini daşımağı götürürsə, o, əvvəlcədən öz imkanlarını dəyərləndirməlidir. O görsə ki, bu vəzifələri yerinə yetirməyə imkanı çatacaq, onda başladığı işi davam etdirə bilər. Əks təqdirdə isə, o, bu təşəbbüsdən çəkinməlidir.
Uca Allah bu mühüm tələblərini xatırlatdıqdan sonra bildirir ki, bunlar dində Onun qoyduğu hüdudlardır və bunu, bilən insanlara izah edir, çünki məhz bilik sahibi olan qullar Allahın izah etdiklərindən faydalanır və ətrafındakılara da xeyir verirlər. Bu ayə alimlərin və fəqihlərin üstünlüyünü vurğulayır, çünki Uca Allah Öz şəriətini onlara izah edir və Öz açıqlamalarını onlara ünvanlayır. Bundan həmçinin aydın olur ki, Allah Peyğəmbərinə (s.ə.s.) nazil etdiyi qanunlarının Onun qulları tərəfindən öyrənilməsini və onların mənasını dərk etmələrini istəyir.
(231) “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və Hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir”.
Əgər siz öz zövcələrinizlə birinci və ya ikinci dəfə boşanmışsınızsa və boşanma üçün ayrılmış müddətin sonunun yaxınlaşmasını gözləmişsinizsə, onda ya gərək vəzifənizi layiqincə yerinə yetirmək niyyəti ilə evlilik münasibətlərinizi bərpa edəsiniz, ya da qəti olaraq zövcələrinizdən, onlara zərər vurmadan, ayrılmalısınız. Onları narahat etmək və əziyyət vermək məqsədilə saxlamaq sizə qadağandır. Siz, sizə yol verilmiş hərəkəti günah törətmək üçün istifadə edə bilməzsiniz. Bu halda yol verilən hərəkət zövcənizi saxlamaq və evlilik münasibətlərini bərpa etmək, günah isə onlara ziyan vurmaqdır. Əgər siz cəsarət edib belə bir rəftar göstərsəniz, bilin ki, siz özünüz özünüzə qarşı zülm etmiş olacaqsınız. Axı hər bir məxluqun haqqının əvəzi veriləndə, cinayətkarlar öz cinayətlərinin acı nəticələrini mütləq dadacaqlar.
Allahın ayələrini zarafat və əyləncə hesab etməyin. O, Öz hədlərini sizə ən gözəl tərzdə şərh edir ki, siz onları öyrənəsiniz və onlara riayət edəsiniz, onlarla kifayətlənəsiniz və yol verilən həddi keçməyəsiniz. Uca Allah Öz qanunlarını əyləncə xatirinə deyil, haqq üçün nazil etmişdir və sizə o qanunlara qeyr-ciddi yanaşmaq və dinin vacib ehkamlarını yerinə yetirməkdən boyun qaçırmaq qadağan edilmişdir. Sizə zövcələrinizi, onlara əziyyət vermək məqsədilə saxlamaq, ayrılarkən azğınlıq etmək, zövcələrinizi tez-tez boşamaq və ya birdəfəlik üç kərə “talaq” demək qadağan edilmişdir, çünki Allah Öz mərhəməti ilə sizə qəti olmayan boşanmalar ( Yəni, bir və ya iki dəfə “talaq” sözünü deməyə. F.S.) elan etməyə icazə vermişdir və bunu ancaq sizin xeyriniz üçün etmişdir.
Allahın səxavətliliyini, Onu dilinizlə tərifləyərək, Onun xeyirxahlığını qəlbinizdə etiraf edərək, və Onun hökmlərini bədəninizin bütün üzvləri ilə yerinə yetirərək, zikr edin. Yadda saxlayın ki, Allah sizə Müqəddəs Quranı və Hikməti – Muhəmməd Peyğəmbərin (s.ə.s.) Sünnəsini nazil etmişdir. Bu iki çeşmənin vəsiləsilə Allah sizə xeyirxah əməlləri izah etmiş və sizi yaxşılıqlar etməyə çağırmış, sizə günah sayılan əməlləri göstərmiş və sizi onlardan agah etmişdir. Allah sizə Özü haqqında bildirmiş, Özünün sevimli qullarına və düşmənlərinə olan münasibəti barədə xəbər vermiş və sizə qətiyyən bilmədiyiniz şeyləri öyrətmişdir.
Belə bir rəy var ki, Hikmət kimi ifadə edilən əsrarəngiz söz İslam şəriətidir. Allahın Kitabı qanundur, Hikmət isə dini ehkamların və haramların nüzul ( Nazil edilmə, endirilmə. F.S) səbəbini açıqlayır. Qeyd olunan hər iki şərh səhihdir, Uca Allah da sonra vurğulayır ki, Kitab və Hikmət insanlara öyüd-nəsihət vermək üçün nazil edilmişdir.
Bu müddəa – Hikmət sözü ilə şəriət ayinlərinin, mərasimlərinin nəzərdə tutulduğunun xeyrinə dəlalət edir, axı öyüd-nəsihət vermək ehkamların və onların mənalarının izahından və həmçinin mükafatla həvəsləndirməkdən və cəza ilə qorxutmaqdan ibarətdir. Dini hökmün açıqlanması sayəsində insanlar cahillikdən və nadanlıqdan xilas olurlar. Mükafatla həvəsləndirmə nəticəsində insanlarda yaxşılıq etmək arzusu oyanır, cəzalandırmaqla qorxutma hesabına isə adamlar Allahdan qorxmağa başlayırlar. Onlar Allahdan hər bir şəraitdə qorxmalı və bilməlidirlər ki, Ona bütün məxluqat haqqında hər şey məlumdur. Məhz buna görə, O, bütün zamanlarda və dünyanın bütün ucqarlarında qullarına ancaq fayda verən dini ehkamlarını izah edir. Buna görə həmd təkcə Ona məxsusdur!
(232) “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz”.
Bu vəhy birinci və ya ikinci dəfə boşanmış qadınların qəyyumlarına ünvanlanmışdır. Boşanma üçün ayrılmış müddətin qurtarması üzrə onların sabiq ərləri onlarla ikitərəfli razılıq əsasında yenidən evlənmək istəsələr, qadınların qəyyumlarına, ya onların ataları olsun, ya da digər qohumları, qadınları belə ərə getməkdən saxlamağa (çəkindirməyə) icazə verilmir. Onlar bu vasitə ilə ər-arvadın əvvəlki boşanma zamanı büruzə verdikləri davranışlarına görə öz narazılıqlarını və hiddətlərini bildirməməlidirlər.
Sonra Uca Allah vurğulayır ki, bu öyüd-nəsihət Allaha və Axirət gününə iman gətirənlərə müraciətdir, çünki məhz iman onları təkrar nikaha maneçilik etməkdən çəkindirməlidir.
Sonra Allah bildirir ki, təkrar nikaha razılaşmaq, ona mane olmaqdan daha ləyaqətli və daha doğrudur, hərçənd qadının qəyyumu belə vəziyyətdə elə zənn edə bilər ki, kişiyə, zövcəsindən boşandıqdan sonra, yenidən onunla evlənməsinə mane olmaq daha ləyaqətli olardı. Təəssüflər olsun ki, adətən təkəbbürlü və dikbaş adamlar məhz belə edirlər. Əgər qəyyum onun vəziyyətində təkrar nikaha mane olmaq qərarına gəlsə, onda ona xatırlatmaq lazımdır ki, onun bilmədiyini Allah bilir və Rəbbin iradəsinə tabe olmalıdır. İnsanlara nəyin xeyir verdiyi Ona məlumdur. O, Öz qullarına xeyir diləyir və onlara hər cür nemət verməyə qadirdir. O, Öz qullarının taleyini, onlara məlum olmayan hadisələrin vasitəsilə yüngülləşdirir.
Bu ayə, gəlinin qəyyumunun razılığını, nikah bağlanmasının vacib şərti olduğunu təsdiq edir, çünki əgər Allah qəyyumlara ərindən ayrılmış qadınlara təkrar nikah bağlamağa mane olmağı qadağan edirsə, deməli onlar qəti qərar qəbul etmək haqqına malikdirlər.
(233) “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür”.
Quranın bu ehkamı hekayət səciyyəsi daşıyır, çünki körpələrə iki il ərzində döş südü əmizdirmək ümumiqəbulolunmuş qaydadır və insanlar bu tələbi əlavə əmr gözləmədən yerinə yetirirlər. “Houl” ( “Houl” – il deməkdir. F.S) sözü tam və natamam ili işarə etmək üçün istifadə olunur və buna görə Uca Allah xüsusi ilə qeyd edir ki, əgər analar axıra qədər döşlə əmizdirmək istəyirlərsə, onda körpələri döş südü ilə tam iki il ərzində yedizdirməlidirlər.
Körpənin iki yaşı tamam olduqda o, südəmər yaşından çıxır və ananın südü onun üçün başqa qida maddələrinə bərabər olur. Bu səbəbə görə, iki yaşdan sonra döşlə əmizdirmə süd qohumluğu yaratmır.
Şərh etdiyimiz ayəni Uca Allahın: “...Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir...” (Əhqaf, 46/15) müddəası ilə müqayisə etdikdə aydın olur ki, hamiləliyin ən az müddəti altı aydır.
Uca Allah həmçinin xəbər verir ki, körpənin atası mövcud adət-ənənəyə uyğun olaraq, onu əmizdirən ananı, nikahda və ya boşanmış olmasından asılı olmayaraq, ərzaq və geyimlə təmin etməlidir. Ata ananı, onun körpəsini yedizdirdiyinə görə, belə mükafatlandırır. Bundan aydın olur ki, əgər ər-arvad nikahdadırlarsa, ər uşağını əmizdirən ananı, normal yemək və geyim əldə etmək üçün zəruri olan xərclərdən artıq maddi vəsaitlə təmin etməyə borclu deyil.
Uca Allah qeyd edir ki, hər bir adamın maddi vəzifələri onun imkanları ilə bağlıdır. Kasıb öz uşağının anasına dövlətlinin xərclədiyi qədər xərcləməyə məcbur deyil. Əgər adamın əmlakı ümumiyyətlə heç yoxdursa, onda o, imkanı yaranana qədər, belə xərcləri çəkməklə bağlı məsuliyyət daşımır.
Uca Allah həmçinin bəyan edir ki, anayla uşağına görə pis davranmaq olmaz. Onu körpəsini döşü ilə əmizdirmək hüququndan və ya onun öz haqqı ilə layiq olduğu normal qidalanmaq, geyinmək və mükafat almaqdan məhrum etmək olmaz. Ata da həmçinin körpəsinə görə əzab çəkməməlidir və buna görə anaya uşağını döşü ilə əmizdirməkdən, bu, körpəyə zərər vurduqda, boyun qaçırması, ərindən dolanışığı üçün lazım olduğundan çox mükafat istəməsi qadağan edilmişdir. Bu ayə valideynlərə uşaqdan ötrü iztirab verilməsinə yönəldilmiş bütün hərəkətləri qadağan edir.
Uşağın atası üçün doğulması haqqında Quran müddəası, uşağın ataya məxsus olduğunu və onun əldə etdiyi Allah payı olduğunu təsdiq edir. Bu səbəbdən, ataya öz oğlunun mülkiyyətinə, onun xoşuna gəlməsindən və ya gəlməməsindən asılı olmayaraq, sərəncam çəkməyə icazə verilmişdir. Lakin bu hökm anaya aid edilmir.
Sonra Allah bildirir ki, uşaq yetim doğulduqda və mərhum atasından miras almadıqda, uşağın qəyyumu onu əmizdirən anasını maddi cəhətdən və geyimlə təmin etməlidir. Bu ayədən aydın olur ki, varlı qəyyum ehtiyacı olan qohumlarına kömək etməyə borcludur.
Daha sonra Allah bildirir ki, əgər valideynlər, hər ikisinin razılığı ilə, iki tam il keçənə qədər körpəni döşdən ayırmaq qərarına gəlsələr, onlar bu qərarın körpələri üçün xeyirli olacağı barədə öncədən məsləhətləşməli və bunu aydınlaşdırmalıdırlar. Əgər onlar körpəni əmizdirməkdən kəsmək və döşdən ayırmağın onun üçün daha yaxşı olacağı qərarına gəlsələr, günah işlətməzlər. Buradan aydındır ki, əgər körpəni döşdən ayırmağa valideynlərdən biri razılaşarsa, digəri razılaşmazsa və əgər döşlə əmizdirməyin kəsilməsi uşağın xeyrinə olmazsa, onda onların körpəni döşdən ayırmağa haqları yoxdur.
Sonra Allah xəbər verir ki, əgər valideynlər uşağa dayə tutmaq qərarına gəlsələr və əgər bu, onun ziyanına olmazsa, onda onlar, dayəyə mövcud adətlərə uyğun olaraq zəhmət haqqı vermək şərti ilə, günah etməzlər. Allah Öz qullarının əməllərini görür və onlara etdiklərinin əvəzini mütləq ya yaxşılıqla, ya da yamanlıqla ödəyəcəkdir.
(234) “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır”.
Kişi öldükdən sonra dul qalmış zövcəsi dörd ay on gün gözləməlidir. Bu gözləmənin mənası ondadır ki, qadın hamilə olmasına və ya olmamasına əmin olsun, çünki uşaq ancaq beşinci ayın əvvəlində tərpənməyə başlayır. Belə gözləmə, hamilə və kölə qadınlardan başqa, bütün dul qadınlara əmr olunmuşdur, hamilə qadınlar hamiləlikdən azad olana qədər, kölə qadınlar isə azad dul qadınların gözlədiyi müddətin yarısı qədər, yəni iki ay beş gün gözləməlidirlər. Bu müddət keçdikdən sonra dul qadınlara, Allahın haramlarını pozmadan və arzuolunmaz hərəkətlərə yol vermədən, ləyaqətlə davranaraq öz bəzək şeylərini taxmağa, ətirlənməyə icazə verilir.
Bu ayə onu göstərir ki, dul qadın vəfat etmiş əri üçün, boşanmış qadınlara aid olmayan hökmlərə riayət edərək matəm saxlamalıdır. Bu məsələdə İslam alimləri həmrəydirlər. Allah Öz qullarının zahiri və batini, gizli və aşkar əməllərindən xəbərdardır və buna görə onlar hökmən layiqli əvəz alacaqlar.
Matəm müddəti keçdikdən sonra qadının öz bildiyi kimi özünü ləyaqətlə aparması ilə onun qəyyumuna günah olmaması haqqında Quran müddəası təsdiq edir ki, qəyyum qadına nəzarət etməli, onu günah əməllərdən saxlamalı və hətta onu vacib dini hökmləri yerinə yetirməyə məcbur etməlidir. Bütün bunlar ərsiz qadınlara qəyyumluq edənlərin vəzifəsidir.
(235) “Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Bu buyruq, mərhum əri üçün matəm saxlayan dul qadınlara və ya qəti (üçüncü) boşanmadan sonra müəyyən olunmuş müddəti gözləyən qadınlara şamil edilir. Keçmiş ərindən başqa heç kimə onlarla elçilik haqqında açıq danışmağa icazə verilmir, çünki Allah onlara gizli vəd verməyi qadağan etmişdir. Əgər kişi təkcə elçilik haqqında işarə vurursa, bu günah sayılmır.
Ərə getmək təklifi ilə elçiliyə işarə vurmaq arasında fərqin olması açıq-aydındır. Kişi elçilik haqqında açıq danışırsa, deməli onun evlənmək niyyəti vardır. Müəyyən olunmuş müddət qurtaranadək belə davranmaq qadağandır, çünki bu, qadını müddətin qurtarması haqqında vaxtından əvvəl bildirməyə sövq edir ki, tezliklə ərə gedə bilsin. Bu qadağan onu göstərir ki, şəriət günaha aparan istənilən hərəkəti qadağan edir və qadın sabiq ərinin qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetirərək, boşanma üçün qəti müəyyən olunmuş müddət və ya matəm müddəti bitənədək, digər kişilərə heç bir vəd verməməlidir.
Kişi elçiliyə işarə vurduqda, bu hələ onun niyyətinin heç də evlənmək olması demək deyildir və buna görə belə etməyə yol verilir. Məsələn, kişi, qəti olaraq boşanmış qadına belə deyə bilər: “Mən evlənməyə hazırlaşıram” və ya “Mən istəyirəm ki, boşanma üçün müəyyən olunmuş müddət qurtardıqdan sonra mənimlə məsləhətləşəsən”. Bu və başqa fikir mübadilə formaları yol veriləndir, çünki onlarda kişilər öz niyyətlərini açıq bildirmirlər, halbuki belə vəziyyətdə öz niyyətini bildirmək arzusu çox güclü olur. Buna baxmayaraq, kişiyə, boşanma üçün müəyyən olunmuş müddətin və ya matəm müddətinin qurtarmasına qədər boşanmış və ya dul qalmış qadınla evlənmək niyyətini gizlətməyə icazə verilir.
Ey müsəlmanlar! Bilin ki, sizin düşüncələriniz və niyyətləriniz Allaha məlumdur! Yaxşı işlər görməyi niyyət edin və cinayətlər törətmək haqqında fikirləşməyin, Allahın verəcəyi cəzadan qorxun və Onun mükafatına ümid bəsləyin və bilin ki, O, tövbə edənlərin və Ona doğru yönələnlərin günahlarını bağışlayır. O, itaətdən çıxanları cəzalandırmağa tələsmir, halbuki O, ləngimədən cəzalandırmağa qadirdir.
(236) “Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində yaxşılıq etməlidir. Bu isə yaxşılıq edənlər üçün bir borcdur”.
Ey ərlər! Əl vurmadığınız və mehr müəyyən etmədiyiniz zövcələrinizi boşasanız, hətta belə hərəkətiniz həmin qadınların ümidlərini puç etsə də, günah işlətməzsiniz. Belə hallarda onlara təskinlik verə bilən hədiyyədir və siz onlara imkanlarınıza uyğun olaraq öz malınızdan bəxşiş verməyə borclusunuz. Bu, həm varlı və həm də kasıb ərlərə bir vəzifə kimi həvalə edilir. Bu hədiyyənin ölçüsü mövcud adət-ənənələrdən asılıdır və şəraitə görə fərqlənə bilər. Xeyirxah kişilərin vəzifəsi belədir. Siz boşadığınız zövcələrinizə onların layiq olduqlarından az verə bilməzsiniz. Siz onların ərə getmələrinə səbəb olmuşdunuz. Siz onların qəlbində ümid yaratmışdınız, amma onların istədiklərini onlara vermədiniz və buna görə siz onları layiqli hədiyyə ilə təskinləşdirməlisiniz.
Allahın bu ehkamı necə də gözəldir! Gör Qanunverici özünün Müdrikliyi və Mərhəmətinə necə də aydın şəhadət verir! Möhkəm əqidəyə sahib olan insanlar üçün kimin qanunları Allahın qanunlarından yaxşı ola bilər?!
(237) “Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınlarının bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür”.
Ərləri əl vurmadıqları və mehr müəyyən etmədikləri qadınların boşanmasını xatırlatdıqdan sonra, Uca Allah mehrləri müəyyən edilmiş zövcələri necə boşamaq haqqında xəbər verir.
Kişi, əlinin toxunmadığı zövcəsini, mehrin ölçüsü haqqında müqavilədən sonra boşadığını elan etdikdə, onun yarısı boşadığı qadına, yarısı da kişiyə verilməlidir. Ər-arvad alicənablıq göstərməyərək qalan hissəni bir birilərinə güzəştə getmədikləri halda məcburi hökm belə həyata keçirilir. Bu o deməkdir ki, zövcə mehrin ona çatacaq hissəsindən sabiq ərinin xeyrinə əl çəkir, kəbin müqaviləsi əlində olan sabiq ər isə ona çatacaq hissəni boşadığı zövcəsinə güzəşt edir.
Ən etibarlı rəyə görə, kəbin müqaviləsi əlində olan şəxs məhz ər olur, çünki o, müstəqil qərar qəbul etmək haqqına malikdir. Gəlinin qəyyumunun, qadına düşəcək hissəni rədd etmək hüququ yoxdur, çünki o, qadının mülkiyyətinin sahibi və sərəncamçısı deyil.
Sonra Uca Allah ər-arvadı səxavətli olmağa çağırır, çünki mehrin ona çatacaq hissəsindən bir-birinin xeyrinə imtina etmək təqvalı olmağa daha yaxındır. Xeyirxahlıq qəlbi həmişə xilas edir və buna görə də insanlar yaxşı əməllər etməyə laqeyd yanaşmamalı və insanlara bəslənilən münasibətin ən yüksək forması olan mərhəmət hissini unutmamalıdırlar.
İnsan münasibətləri iki prinsip əsasında qurula bilər: ədalətlilik və vicdanlılıqla, həmçinin mərhəmətlilik və xeyirxahlıqla. İnsan ədalətlə davranaraq, verməyə borclu olduğu hər şeyi verir və götürməli olduğu hər şeyi götürür. Mərhəmət göstərərək, insan verməli olduğundan daha çox verir və qəlbində oyanan hisslərinə məhəl qoymayaraq götürməli olduğunun bir hissəsini bağışlayır.
İnsan ətrafındakılara olan xeyirxah münasibətin bu ən yüksək formasını unutmamalıdır. Heç olmazsa ara-sıra o, insanlara qarşı, xüsusilə, aralarında yaxın münasibət olanlara, iltifat göstərməlidir. Allah Öz qullarını onların göstərdiyi yaxşılıqlara görə Öz nemətləri ilə həmişə mükafatlandırır, axı O, onların bütün etdiklərini görür.
(238) “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun”.
Uca Allah bütün namazları və xüsusilə, günortadan sonrakı namazı (əsr) müntəzəm və qüsursuz qılmağı əmr edir. Namazlara qayğı ilə yanaşmaq dedikdə, onları müəyyən olunmuş vaxtlarda qılmaq, onların şərtlərinin və rüknlərinin dəqiqliklə yerinə yetirilməsi, namaz oxunarkən mütilik və bütün fərz və sünnələrin qılınması nəzərdə tutulur.
Əgər insan qıldığı namazlara qayğı ilə yanaşırsa, o, hökmən bütün digər ibadət ayinlərini də nöqsansız icra edir və yaramaz, qınanılan hərəkətlərdən çəkinir. Xüsusilə bu, namazı mükəmməl qılan, Allah qarşısında itaətkarlıqla dayanan şəxslərə aiddir. Belə insan Allah xatirinə səmimi namaz qılır, Onun qarşısında əyilir, çünki “qunut” sözü (burada “itaət”, “mütilik”) “Allah qarşısında mütilik hissi ilə uzun müddət ibadət etməkdir”.
(239) “Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!”
Bu ayədə namaz qılanın məhz nədən ehtiyat etməsi xatırlanmadığına görə, ayə çox geniş məna kəsb edir. Əgər insan düşmənlərindən, vəhşi heyvanlardan və ya mövcud təhlükəli şəraitin ona zərər vura bilməsindən qorxarsa, onda ona ayaq üstdə və minik üzərində namaz qılmağa icazə verilir. O, at, dəvə üstündə və ya istənilən nəqliyyat vasitəsində namaz qıla bilər, həm də onun üzünü Kəəbəyə tərəf tutması vacib deyil. Belə namaz qılınmasına təhlükə zamanı yol verilir, çünki müsəlman təhlükəsizlik şəraitində namazı bütün qaydalara uyğun qılmalıdır.
“Allahı təhlükəsizlikdə olanda zikr edin” hökmü – namazı layiqincə qılmağı, göstərdiyi mərhəmətinə görə Allaha həmd edərək tez-tez xatırlamağı nəzərdə tutur. Allah Öz qullarına lütfkarlıq edərək onlara xoşbəxtliklərinin və müvəffəqiyyətlərinin rəhni olan bilikləri öyrətmişdir.
Bu ayə biliyin üstünlüyünü göstərir və təsdiq edir ki, Allah insana onun əvvəl bilmədiyi şeyləri öyrədir və buna görə o, Rəbbini tez-tez xatırlamalıdır. Ondan aydın olur ki, Allahın adının tez-tez çəkilməsi yeni biliklərin əldə edilməsinə gömək göstərir, çünki bəxş etdiyi nemətlərinə görə Ona yönəldilən minnətdarlıq həmin nemətlərin dəfələrlə artmasına səbəb olur.
(240) “Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə, bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə, baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətlə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir”.
Quranın əksər təfsirçiləri hesab edirdilər ki, bu ayə Uca Allahın: “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər...” (Bəqərə, 2/234) ayəsi ilə ləğv edilmişdir. Bu şərhə müvafiq olaraq, əvvəlcə dul qadınlara tam bir il gözləmək əmr olunmuşdu və sonradan o, dörd ay on gün gözləmək ayəsi ilə ləğv edilmişdir. Bu alimlərin rəyinə görə, ləğv edən ayə nazil olma vaxtına görə deyil, ancaq Qurandakı düzülüşünə görə ləğv olunandan əvvəl yerləşə bilər, çünki ləğv olunan dini hökmün (nəsx) vacib şərti – ləğv edən hökmün ondan sonra nazil edilməsidir. Lakin bu rəy inandırıcı dəlillərlə təsdiq olunmur.
Əgər bu iki ayə üzərində düşünsək, onda aydın olar ki, ən etibarlı rəyin tərəfdarları hesab edirlər ki, birinci ayə qadına, məcburi qaydada, dörd ay on gün ərzində gözləməsini əmr edirsə, sonrakı ayə mərhumun qohumlarına yönəldilmiş öyüd-nəsihətdən ibarətdir. Bunun əsasında onlar dul qadına tam bir il ərzində öz yanlarında yaşamağa icazə verməyə borcludurlar ki, qadın təsəlli tapsın və onlar da öz mərhum qohumuna bu minvalla xeyirxahlıqlarını göstərə bilsinlər. Bu o deməkdir ki, Allah Özü mərhum ərin qohumlarına onun dul zövcəsinə yaxşı münasibət göstərmələrini və onu zəruri olan vəsaitlə təmin etmələrini və ərinin evindən qovmamalarını tapşırır.
Dul qadın istəyərsə, mərhum ərinin evində tam bir il ərzində qala bilər. Əgər istəməsə, onda o, matəm saxlama müddəti qurtaran kimi, onun evini tərk edə, gözəl paltarlar geyə və bəzək şeyləri taxa bilər. Bu zaman dul qadın özünü ləyaqətlə aparmalı, dinin hədlərini aşmamalı və adətləri pozmamalıdır.
Bu ayənin sonunda Allah Öz qüdrətinin və müdrikliyinin kamilliyini təcəssüm etdirən əzəmətli adlarını xatırladır. Onların hər biri gerçək və yerində xatırlanmışdır.
(241) “Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur”.
Öncəki ayədə dul qadınların maddi təminatı barədə xatırladıldıqdan sonra, Uca Allah bildirir ki, boşanmış arvadlar da həmçinin öz sabiq ərlərinin himayəsində qalırlar və onlar öz imkanlarına və tələbatlarına uyğun olaraq həmin qadınları maddi vəsaitlə təmin etməlidirlər. Təqvalı qullar bu vəzifələrini ona görə yerinə yetirirlər ki, boşanmış arvadların maddi təminatı təqvalılığın vacib və ya bəyənilən tələblərindən biridir.
Biz yuxarıda, ər, mehrin ölçüsünün müəyyənləşdirilməsinə və cinsi yaxınlıq etməsinə qədər nikahlandığı zövcəsi ilə boşandıqda, qadına çatacaq maddi mükafat barədə xatırlatmışdıq. Qeyd etmişdik ki, bu mükafat ərin maddi vəziyyətindən asılıdır. Biz həm də yada salmışdıq ki, əgər boşanma, mehrin məbləği müəyyən ediləndən sonra, lakin ər-arvad yaxınlıq etməmişdən öncə baş vermişsə, onda qadına mehrin yarısı verilməlidir.
Əgər onlar evlilik həyatına başlamışlarsa, onda ər boşanmadan sonra, ayrıldığı zövcəsini maddi cəhətdən təmin etməlidir. Alimlərin əksəriyyətinin rəyinə görə, bu hökm bəyəniləndir, amma bəziləri onu vacib sayırlar, çünki Allah bunu təqvalı qulların vəzifəsi adlandırır. İstənilən vəzifə, əksi sübut edilməyənə qədər, xüsusilə, əgər o, təqvalıların vəzifəsi adlandırılmışdırsa, məcburi sayılmalıdır. Axı, Allahdan qorxmaq xisləti özü vacib ehkamlardandır.
(242) “Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz”.
Uca Allah ər-arvada aid olan mühüm qanunlarını izah etdikdən sonra, onların aydınlığını və ağıllı insanların tələblərinə tamamilə uyğun gəldiyini vurğulayaraq, onları tərifləyir. Allah onları qullarına ona görə izah edir ki, onlar hökmlərin mənalarını dərk edə bilsinlər, nazil edilmiş qanunları yadda saxlasınlar, onların əhəmiyyətini və vacibliyini anlasınlar və işlərində istifadə etsinlər. Sadalanan əməllərdən hər biri insanın idrak sahibi olduğunu təsdiq edir.
(243) “Minlərlə olduqları halda ölüm qorxusundan yurdlarından didərgin düşüb gedənləri görmədinmi? Allah onlara: “Ölün!” – dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir”.
Məgər sən İsrail oğullarının başına gəlmiş qəribə bir hekayəti eşitməmisənmi? Onlar ölümdən dəhşətə gələrək, vəba xəstəliyinə düçar olmuş yurdlarını tərk etdilər. Lakin bu qaçqınlıq onlara ehtiyat etdiklərindən xilas olmağa kömək göstərmədi. Allah onların taleyini onların arzu etdiklərinin tam əksi olaraq təyin etdi və onların hamısını bir nəfər kimi öldürdü. Sonra Allah rəhm edərək onları həyata qaytardı. Ola bilsin ki, Quran şərhçilərinin əksəriyyətinin hesab etdiyi kimi, bu, peyğəmbərlərdən birinin duası sayəsində edilmişdi, amma, bəlkə də, başqa səbəbə görə baş vermişdir.
İstənilən halda, gerçəkləşmiş hadisə Allahın mərhəməti idi. O, heç vaxt insanları Öz lütfü ilə himayə etməsinə fasilə vermir. Bu hadisə İsrail oğullarını Ona minnətdarlıqlarını bildirməyə yönəltməli, göstərilən iltifatı onlara bəyəndirməli idi. Bundan sonra isə onlar bu hadisədən istifadə edərək, Allahın mərhəmətinə nail olmalı idilər. Lakin o insanların əksəriyyəti Ona layiqincə minnətdarlıqlarını bildirmədilər.
Bu hekayət ona dəlalət edir ki, Allah hər şeyə qadirdir. Ayədə dirilmənin gerçəkliyini təsdiq edən inandırıcı möcüzə təsvir edilir. Bu hekayət məşhur idi və İsrail oğullarının çoxu onu bir nəsildən digərinə ötürürdülər. Buna görə də, Uca Allah bu hekayəti, ayənin nazil olduğu insanlara yaxşı məlum olan bir hadisə kimi təqdim edir.
Belə bir rəy də var ki, İsrail oğulları düşmənlərlə rastlaşmaqdan ehtiyat edərək, qorxaqlıq göstərmiş və evlərini tərk etmişdilər. Bu şərh, Allahın sonrakı ayələrdə müsəlmanlara döyüşmək haqqında verdiyi əmri ilə təsdiq olunur və O, bildirir ki, İsrail oğulları (döyüşdən qaçdıqlarına görə) öz mənzillərindən məhrum olaraq oğullarından ayrı düşdülər.
Hər iki təfsiri nəzərə alaraq, demək olar ki, bu ayə cihada dəvət edir və onda iştirak etməkdən boyun qaçırmaqdan çəkindirərək bəyan edir ki, insanlar qaçmaqla ölümdən xilas ola bilməzlər. Digər ayədə isə deyilir: “Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir” (Ali-İmran, 3/154).
(244) “Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!”
Allah müsəlmanlara Onun yolunda, öz həyatını riskə ataraq və malını qurban verərək döyüşməyi tapşırır, çünki bu iki şərti yerinə yetirmədən müqəddəs müharibə mümkün deyil. Allah cihad zamanı müsəlmanları səmimi olmağa çağırır və ancaq Allahın Sözünü ucaltmaq üçün döyüşmək lazımdır, axı O, istənilən sözü, hətta o, pıçıltı ilə deyilsə belə, eşidir və insanların ürəklərində gizlətdikləri bütün xeyirxah və yaramaz fikirlərini bilir. Əgər Allahın yolunda döyüşən mücahid bilsə ki, O – Eşidən və Biləndir, onda o, müharibənin çətinliklərinin öhdəsindən asanlıqla gələ bilər. Mücahidə məlumdur ki, Onun xatirinə dəf etdikləri məhrumiyyətləri Allah görür və hökmən onları Öz yardımı və mərhəməti ilə mükafatlandıracaqdır.
(245) “Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar. Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız”.
Allah yolunda malını sərf etmək kimi son dərəcə gözəl bir çağırış üzərində yaxşı-yaxşı fikirləş! İnsan ianə verərkən sanki Allaha borc verir. Allah bu borcu dəfələrlə artıracağına və quluna qaytaracağına vədə verir. Bununla əlaqədar Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir” (Bəqərə, 2/261).
İnsanı sədəqə verməkdən çəkindirən ən böyük amil onun dilənçi kökünə düşmək qorxusu olduğu üçün, Uca Allah yada salır ki, zənginliyin və kasıblığın sərəncamçısı təkcə Odur. O, dilədiyinə kasıbçılıq qismət edir, dilədiyinə də Öz səxavətini əta edir. Əgər bir adam Allah xatirinə öz malını bağışlamaq istəyərsə, dilənçilikdən, kasıbçılıqdan ehtiyat edərək və malının hədər yerə batacağını düşünərək ləngiməməlidir. Bütün qullar Allaha qayıdacaqlar və onda sədəqə paylayan və xeyirxah işlər görən möminlər mükafatlarını, ehtiyac olduğu məqamda, bütövlüklə tapacaqlar. Bu onlara elə bir güclü təsir göstərəcək ki, onu sözlə təsvir etmək mümkün deyil.
Gözəl borc dedikdə, sədəqə paylayan zaman büruzə verilən gözəl keyfiyyətlər nəzərdə tutulur. Bunun üçün insan təmiz niyyətə malik olmalı, öz malını həqiqətən ehtiyacı olanlara səmimiyyətlə paylamalı, sədəqə verdiyi şəxslərə minnət qoymamalı, onları incitməməli və mükafatını məhv edən və ya azaldan günah əməllərə yol verməməlidir.
(246) “Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır”.
Uca Allah müsəlmanlara bu əhvalatı danışır ki, onlar özləri üçün ondan faydalı nəticələr çıxartsınlar, cihad etsinlər və onda iştirak etməkdən boyun qaçırmasınlar, çünki insan səbirli olanda onu həm bu dünyada və həm də Axirətdə tərifə layiq aqibətləri vardır. Əgər o, öz vəzifələrini yerinə yetirməkdən üz döndərirsə, həm bu dünyada və həm də gələcək həyatda zərərdə olacaqdır.
Uca Allah bildirir ki, İsrail oğullarının hörmət edilən ağsaqqalları inadla tələb edirdilər ki, cihad elan olunsun və öz peyğəmbərlərindən də xahiş edirdilər ki, bu məsələdə mübahisə düşməməyi və xalqın ona layiqincə tabe olması və onunla söz güləşdirməməyi üçün onlara bir hökmdar təyin etsin. Peyğəmbər ehtiyat edirdi ki, onun qəbilədaşlarının tələbi boş bəyanat olsun və onların ardıyca heç bir xeyirxah əməl edilməsin və buna görə də öz xalqından soruşur ki, onlar nə dərəcədə qəti qərara gəliblər. İsraillilər vəzifələrini layiqincə yerinə yetirəcəklərinə söz verdilər və bildirdilər ki, onlardan hər biri müqəddəs müharibədə iştirak etməyə borcludur, çünki məhz bu yolla mənzillərini qaytara və vətənlərinə qayıda bilərlər.
(247) “Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Peyğəmbər Talutu israillilərin hökmdarı təyin etdi. Ona tapşırılmışdı ki, İsrail oğullarının müqəddəs müharibəsinə başçılıq etsin, çünki onu ləyaqətli rəhbər olmadan aparmaq mümkün deyil. İsraillilər Talutun təyinatına təəccüblənmişdilər, çünki onların arasında şan-şöhrətli nəsillərdən olan çoxlu hörmətli və böyük sərvət sahibi olan kişilər var idi. Belə olduqda, peyğəmbər Talutun onlar üçün Allah tərəfindən seçildiyini, Allahın ona siyasət sahəsində elm və böyük fiziki qüvvə bağışladığını xəbər verdi. Bu iki keyfiyyət insanın cəsarətli, igid və xalqı idarə etmək qabiliyyətinə malik olduğunu müəyyənləşdirir. Xalqının rəhbərinin varlı olması, nəslində şahların və ya qəbilə başçılarının olması qətiyyən vacib şərt deyil. Uca Allah istədiyinə hakimiyyət verir.
(248) “Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”.
Alicənab peyğəmbər Talutun rəhbər üçün zəruri olan istedadı və gözəl keyfiyyətləri haqqında danışmaqla qane olmadı. O dedi ki, Talutun hakimiyyətinin dəlili, mələklərin nazil olaraq, Qüdrətli Rəbdən sülh və əmin-amanlıq sandığını gətirmələri olacaqdır. Bu sandıq israillilərin düşmənləri tərəfindən ələ keçirilmişdi və onda Musanın və Harunun ailələrindən sonra qalan şeylər saxlanılırdı.
İsraillilər möcüzəni öz gözləri ilə görənə qədər Talutun həqiqətən gözəl əxlaqi keyfiyyətlərə malik olması və onu Allahın peyğəmbərinin (ə.) sözü ilə Allahın Özünün təyin etməsi onları razı salmamışdı. Amma onu gördükdən sonra onlar itaət etməyə razılaşdılar və Allahın iradəsinə tabe oldular.
(249) “Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir”.
(250) “Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə kömək et!”
Talut İsrail xalqının rəhbərliyini qəbul edərək böyük bir ordu topladı, döyüşçülər arasında vəzifələrini böldü və düşmənlə görüşə getdi. O, İsrail oğullarının zəifliyini və niyyətlərində qətiyyətsiz olduqlarını hiss edirdi və başa düşürdü ki, mətin döyüşçüləri döyüşdən boyun qaçırmağa hazır olanlardan ayırmalıdır. Məhz onda Talut elan etdi: “Allah keçməli olacağınız çayın sahilində sizi sınayacaqdır. Siz içməli suya güclü ehtiyac hiss edəcəksiniz. Amma sizlərdən kim o sudan içsə mənim ardımca gəlməsin, çünki onun rəftarı səbirsiz olduğunu təsdiq edəcək. Kim ki, mənə sadiq qalarsa, səbir edib çayın suyundan içməsə, ona mənimlə yolumuzu davam etdirməyə icazə veriləcək. Mən, təkcə bir ovuc su götürənləri bağışlayaram”.
İsraillilər çayın sahilinə çatanda doğrudan da bərk susuzlamışdılar və onların əksəriyyəti suya atılıb içməyə başladılar. Ancaq onların çox azı səbir edib su içmədilər.
Talut və onunla bərabər iman gətirənlər çaydan çıxdıqda, adamlar dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq!” Ehtimal ki, bu sözləri deyənlər döyüşdən qaçmaq istəyənlərdi. Ola da bilər ki, bunu deyənlər Talutla birgə çayın o tayına çıxanlar idi.
Əgər bunu deyənlər döyüşdən yayınan israillilər idisə, onda onlar bununla özlərini doğrultmağa çalışırdılar. Ya da onlar Talutla birlikdə çaydan keçən döyüşçülər tərəfindən deyilmişdisə, bu o demək idi ki, onların bəziləri ruhi zəiflik hiss etmişdilər. Buna baxmayaraq mətanətli iman sahibləri onların ruhunu möhkəmlətmiş və onları mübarizəni davam etdirməyə ruhlandırmışdılar. Onlar demişdilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir! Allah həmişə köməyi və qələbə bəxş etməsi ilə Özünün səbirli qullarının yanındadır”. Bu sözlər israilliləri səbirli olmağa səslədi və onlar Calut və onun qoşunu ilə döyüşə qətiyyətlə yönəldilər.
(251) “Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır”.
Davud Calutu öldürdü və israillilər düşmən üzərində qələbə çaldılar. Allah Davuda peyğəmbərlik, hakimiyyət, faydalı biliklər, hikmət və səlis danışmaq qabiliyyəti bəxş etdi. Bunları yada saldıqdan sonra Uca Allah cihadın faydasını izah edərək, buyurur ki, əgər Allahın iradəsi ilə bəzi adamlar başqalarının qarşısını almasaydılar, onda yer üzündə kafirlər, günahkarlar, cinayətkarlar və mürtədlər hökmranlıq edərdilər. Onda orada hərc-mərclik başlayardı. Lakin Allah qullara lütfkarlıq göstərərək möminləri və İslamı Öz qanunları və Öz qədəri vasitəsi ilə kafirlərdən qorudu.
(252) “Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən”.
İsrail barədə hekayətdən sonra Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) xəbər verir ki, Allahın ayələri ona həqiqətən oxunur və o, həqiqətən elçilərdən biridir. Onun peyğəmbərliyinin həqiqiliyinin dəlillərindən biri də bu Quran hekayətidir ki, Peyğəmbər (s.ə.s.) onu Allahın vəhyindən bilmişdir.
Quranda bildirilən bu hadisədən müsəlmanlar çoxlu faydalı nəticələr çıxara bilərlər.
Birincisi, onda Allahın dininin qorunmasının, müsəlman torpaqlarının müdafiəsinin, onların həyatı və mülkiyyətinin toxunulmazlığının təminatı üzrə yeganə vasitəsi olan Allah yolunda cihadın üstünlüyündən və faydasından bəhs edilir. Ondan həmçinin aydın olur ki, müqəddəs müharibədə mücahidlərin böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, onları şərəfli aqibət gözləyir, halbuki, cihaddan yayınan günahkarlar ancaq bir müddət ləzzət alaraq özlərini uzun çəkəcək əzab-əziyyətlərə düçar edirlər.
İkincisi, o, ləyaqətli bir adamı hökmdar vəzifəsinə təklif etməyin qanuniliyinə dəlalət edir. Hökmdarın məziyyətləri iki mühüm keyfiyyətdən hasil olur: siyasət və idarəetmə sahəsindəki biliklərdən və həqiqəti qorumaq bacarığından. İnsan bu keyfiyyətlərə malik olduqda, başqalarından daha çox hökmdar olmağa layiq olur.
Üçüncüsü, o, şəriət alimlərinin belə bir doğru fikrini təsdiq edir ki, ordunun komandanı səfərə çıxmazdan əvvəl qoşunların döyüş tərkibinə baxış keçirərək, yararsız minik heyvanlarını, imanı az olan, səbri çatmayan, fiziki cəhətdən zəif olan və öz varlığı ilə ətrafdakılarına zərər vura bilən piyada və atlıları qoşundan uzaqlaşdırmalıdır. Həqiqətən, hərbi yürüşdə belə döyüşçülər müsəlmanlara ancaq zərər vururlar.
Dördüncüsü, o təsdiq edir ki, döyüşdən əvvəl mücahidlərin döyüş ruhunu möhkəmlətmək, onları mübarizəyə ruhlandırmaq, onları Allaha layiqincə iman gətirməyə, Ona hər barədə təvəkkül etməyə çağırmaq lazımdır. Həmçinin Allaha dua etmək lazımdır ki, müsəlmanları mətanətli etsin, onlara lazımi qədər səbir və düşmən üzərində qələbə bəxş etsin.
Beşincisi, o, başa düşməyə imkan verir ki, insanın döyüşmək və cihad etmək niyyəti hələ o demək deyil ki, o, doğrudan da belə bir əməldə iştirak edəcək. İnsan düşmənlə qəti döyüşmək niyyətində ola bilər, lakin onunla rastlaşanda qətiyyət yox ola bilər və buna görə də, Peyğəmbər (s.ə.s.) belə sözlərlə Allaha dua edərdi: “Mənə bütün əməllərimdə möhkəmlik və düz yolla getməyə qətiyyət ver!”
İsraillilər müqəddəs müharibəyə başlamaq istəyirdilər və qəti qərar qəbul etdiklərini təsdiqləyən çıxışlar edirdilər. Amma düşmənlərlə döyüşmək vaxtı gəldikdə, onların əksəriyyəti geriyə çəkildi. Bütün bunlar Peyğəmbərin (s.ə.s.) bir başqa duasını yada salır: “Qədərim gerçəkləşdikdən sonra məni məmnun et!” Bu o deməkdir ki, öz taleyi ilə həqiqi razılaşma, insanın qismətinə düşən çətinliklərdən narazı olmadıqdan sonra özünü göstərir.
(253) “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir”.
Yaradan bildirir ki, bəzi elçilər Allahın onlara bəxş etdiyi olduqca yaxşı keyfiyyətləri və gözəl xüsusiyyətləri ilə digərlərindən üstündürlər. Onlar kamil iman, möhkəm əqidə, yüksək əxlaq, gözəl davranış sahibi idilər və insanları Allaha dəvət edir, onlara faydalı biliklər öyrədir və hərtərəfli xeyir verirdilər. Onlardan bəzilərini Allah Öz sevimlisi etmiş, digəri ilə heç bir vasitə olmadan danışmış, daha başqalarını isə qalan məxluqları üzərində ucaltmışdır. Allahın elçiləri elə yüksəkliklərə nail olmuşdular ki, oraya başqa insanların qalxması mümkün olmayacaqdır.
Məryəm oğlu İsanı Allah xüsusilə qeyd edir. Açıq-aydın möcüzələri onun Allahın qulu və elçisi olmasına dəlalət edir və onun bütün təbliğ etdiklərinin doğruluğunu sübuta yetirirdi. Allah ona korları və cüzamlı xəstələri sağaltmaq, ölüləri diriltmək və hələ döşəmər körpə ikən beşikdə adamlarla danışmaq imkanı vermişdi. Allah onu həmçinin Müqəddəs Ruhla, yəni İman Ruhi ilə qüvvətləndirmişdi. Peyğəmbərin ruhaniliyi digər yaradılmışların ruhaniliyindən üstün olur və onun sayəsində peyğəmbər əlavə yardım və qüvvə alır.
Heç şübhə yoxdur ki, hər bir iman sahibi öz imanına uyğun olaraq mənəvi yardım alır, çünki Uca Allah buyurur: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla, öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə, dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir...” (Mücadələ, 58/22). Lakin İsa peyğəmbərə göstərilmiş yardım, Allahın digər möminlərə göstərdiyi yardımdan çox yüksək idi və buna görə də Uca Allah o barədə ayrıca xatırladır.
Belə bir rəy var ki, Müqəddəs Ruh – mələk Cəbraildir. Allah onun vasitəsilə İsa peyğəmbərə kömək edir, lakin birinci şərh daha səhihdir.
Elçilərin kamil keyfiyyətlərindən və onlara bəxş edilmiş üstünlüklərdən və özəlliklərdən bəhs etdikdən sonra, Uca Allah bildirir ki, onlar hamısı bir dinə etiqad edir və bir imana çağırırdılar. Bu şərtlər bütün xalqların Allahın elçilərini tanımasını və onlara tam tabe olmasını zəruri edirdi, çünki onlara həm də ecazkar möcüzələr bağışlanmışdı ki, onların hər biri, insanların həqiqi dinə gəlmələri üçün kifayət edirdi. Lakin insanların əksəriyyəti düz yoldan yayınmağı üstün tutdular və buna görə də Yerin xalqları arasında ixtilaf və ziddiyyətlər baş verdi.
Bir sıra xalqlar iman gətirdilər, digərləri isə kafir qalmağı üstün tutdular. Bu ziddiyyətlər müharibələrlə nəticələnirdi ki, onlar mövcud ziddiyyətləri daha da dərinləşdirir və qarşılıqlı düşmənçiliyi gücləndirirdi. Amma Allah istəsəydi onların hamısını düz yola yönəldərdi və ziddiyyətlərdən qoruyardı. Əgər O, istəsəydi, onları müharibələrə və qan tökməyə yönəldən ziddiyyətlərə baxmayaraq, bir-biriləri ilə vuruşmazdılar. Lakin ilahi hikmət tələb edirdi ki, hadisələr bu minvalla getsin və insanların əməllərindən asılı olsun!
Bu ayə Uca Allahın bütün səbəblər üzərində hökmran olmasına ən əzəmətli bir dəlildir. O, bu səbəbləri qüvvədə də saxlaya bilər və onların hadisələrin gedişinə təsirinin qarşısını ala da bilər. Bütün bunlar ancaq Allahın istəyi və hikmətinə uyğun olaraq baş verir. O, istədiyini yaradır və Ona heç bir şey nə mane ola bilər, nə də Onun sarsılmaz iradəsinə müqavimət göstərə bilər.
(254) “Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar”.
Allah möminləri sədəqə verməyə və mümkün xeyirxah məqsədlər üçün mallarını sərf etməyə çağırır. Bu ayə ən geniş mənaya malikdir, çünki onda idarəedilən söz buraxılmışdır. Allah Öz qullarına, onlara lütf etdiyi mərhəmətini – bəxş etdiyi ruzini və müxtəlif yaxşılıqları yada salır və əmr edir ki, bu səxavətinin ancaq bir qismini sədəqə kimi paylasınlar; bunun dəlili cümlədəki “min” ön şəkilçisidir. Bu şərtlər insanları hökmən sədəqə verməyə ruhlandırmalıdır.
İnsanları xeyirxah məqsədlər üçün öz malını sərf etməyə yönəldən şərtlərdən biri də bütün sədəqələrin Allah nəzdində, nə ticarətin, nə digər əqdlərin, nə sədəqələrin, nə də şəfaətin insanlara heç bir fayda verə bilməyəcəyi və hər bir adamın: “Kaş ki, mən yaxşılığı bu həyat üçün saxlayaydım!” deyəcəyi günə qədər saxlanılması haqqında olan ayədir. Həmin gün insana savab qazandıran əməllərdən və Allaha iman gətirməkdən başqa heç nə kömək etməyəcəkdir. Həmin gün Onun qarşısında dayanacaq saf qəlblilərdən başqa, heç kimə nə var-dövlət, nə oğullar heç bir fayda verməyəcək.
Uca Allah buyurur: “Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşayacaqlar” (Səba, 34/37).
“...Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz...” (Muzəmmil, 73/20).
Sonra Allah bəyan edir ki, kafirlər, əsil zalımlardır. Allah onları Ona ibadət etmək üçün yaratmışdır, onları ruzi və əmin-amanlıqla təmin etmişdir ki, bu nemətlərdən istifadə edib savab işlər görsünlər. Lakin onlar yaradıldıqları məqsəddən yayınaraq, Allahla bərabər, Allahın ilahlıqlarını heç bir dəlillə təsdiq etmədiyi bütləri ilahlaşdırmağa başlamışlar. Onlar Onun nemətlərindən istifadə edərək kafirliyə etiqad bəsləyir, ağır günahlar törədir və Ona itaətsizlik göstərirlər. Onların əməllərində haqqa yer verilmir və məhz belə insanları əsil zalımlar adlandırmaq lazımdır.
(255) “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur”.
Muhəmməd Peyğəmbərin (s.ə.s.) dediyi kimi, bu, Quran ayələrinin ən əzəmətlisidir, çünki o, özündə Allahın tövhidinin dəlillərini və həmçinin Uca Yaradıcının əzəmətli sifətlərinin sonsuzluğunu ehtiva edir.
Allah bütün ilahi keyfiyyətlərə malikdir və O, ilahlığa və ibadətə layiq olan yeganə Vahiddir və elə buna görə də digər məxluqları ilahlaşdırmaq haqsızlıq və faydasızdır.
Yaşayan – Allahın gözəl adlarından biridir. O, Allahın Özündə bütün ən gözəl həyati əlamətləri təcəssüm etdirdiyini göstərir ki, bunların arasında da eşitmə, görmə, qüdrət, iradə və Onun mahiyyəti ilə bağlı olan digər sifətləri öz əks tapmışdır.
Bütün məxluqlarının Qəyyumu – Allahın digər bir gözəl adıdır. Bu ad Onun ən kamil əməllər sahibi olduğunu bildirir. O, heç nəyə Möhtacolmayan Hökmdardır, məxluqlarına ehtiyac duymur, lakin onları yaradır, yaşamalarına kömək edir və onları zəruri olan hər şeylə təmin edir.
Allahın kamil həyatı və ehtiyacsızlığı Onun heç vaxt mürgüləməməsində və yuxulamamasında özünü göstərir. Bu keyfiyyətlər ancaq yaradılmışlara xasdır – onlar yorulur, zəifləyir və gücdən düşürlər; lakin həmin xüsusiyyətlər böyüklük, qüdrət və əzəmət sahibi olan Allaha tamamilə yaddır.
Allah bildirir ki, göylərin və yerin üzərində hakimiyyət Ona məxsusdur. Bütün məxluqlar – Allahın quludur və onlardan heç kim bu asılılıqdan xilas olmağa qadir deyildir. Uca Allah buyurur: “Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək” (Məryəm, 19/93).
Allah Öz qullarının sahibidir və Hökmdara, Hakimə məxsus olan hakimiyyətə, qüdrətə, böyüklüyə malikdir. Onun hakimiyyətinin kamilliyi, tamlığı – heç kimin Onun icazəsi olmadan Onun hüzurunda vəkillik etməyə qabil olmamasındadır. Bütün adlı-sanlı məxluqlar və himayəçilər Onun qullarıdır və Allah onlara icazə vermədikcə onlar kiməsə şəfaətçilik edə bilməzlər. Uca Allah buyurur: “De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız” (Zumər, 39/44).
Allah təkcə razı qaldığı məxluqları üçün şəfaətçilik etməyə icazə verir. O, isə ancaq tövhid əqidəsində olan və Onun elçilərinin yolu ilə gedənlərdən razıdır və əgər insan bu keyfiyyətlərə malik deyilsə, onda, şəfaətçidən heç bir qismət gözləməməlidir.
Sonra Allah Özünün hüdudsuz və hər şeyi Əhatəedən elmindən bəhs edir. Onun sayəsində – uzaqlığından asılı olmayaraq, gələcəkdə məxluqları gözləyən hər şey və uzaqlığından asılı olmayaraq, məxluqlarla keçmişdə baş vermiş hər şey Ona məlumdur. Allahdan heç nəyi gizlətmək olmaz – hətta oğrun nəzərlə baxan baxışlar da və qəlblərdə gizlədilənlər də Ona məlumdur. Məxluqların özlərinə gəldikdə isə, onlar Allahın elm mənbəyindən ancaq Allahın onlara öyrətdiyini anlaya bilərlər. O, onlara dini ehkamları və kainat qanunlarını öyrətmişdir ki, bunlar Böyük Yaradanın ilahi bilikləri okeanında, hərfi mənada, yoxa çıxan ancaq kiçicik zərrəciklərdir. Məhz buna görə, Allah haqqında başqalarından daha yaxşı məlumatı olan elçilər və mələklər deyirdilər: “...Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə, 2/32).
Daha sonra Allah Özünün Qüdrəti və Əzəmətinin dəlili – göyləri və yeri əhatə edən Kürsüsü haqqında xəbər verir. Allah göyləri, yeri və həmçinin onları məskunlaşdıran məxluqları kainat üçün qoyduğu nizam və yaratdıqlarının yaşaması üçün müəyyən etdiyi qanunlar sayəsində qoruyur. Lakin bu, Onun üçün qətiyyən çətin deyil, çünki Onun qüdrəti mütləqdir, hakimiyyəti hüdudsuzdur, hökmləri isə Onun müdrikliyinə əsasən tərtib olunur.
Onun gözəl adlarından biri də Ucadır. O, Öz mahiyyəti ilə yaratdıqları üzərindədir, Onun sifətləri əzəmətlidir, bütün yaratdıqları və məxluqları Onun qüdrətinə itaət edir, bütün qullar Onun hakimiyyəti altındadır və Ona tabedirlər. Onun adlarından biri də Böyükdür. O, böyüklük, ehtiram, əzəmət, şan-şöhrət kimi keyfiyyətləri Özündə birləşdirir və bunun sayəsində qəlblər Ona məhəbbət bəsləyir, canlar isə Ona ehtiramla can atırlar. Gerçək biliklərə malik olanlar gözəl anlayırlar ki, istənilən yaradılmışın, hətta qoy ən şan-şöhrətli və dahi olanın böyüklüyü, Uca və Böyük Rəbbin əzəməti ilə müqayisədə heç nədir.
Bu ayə həqiqətən ən şərəfli və heyranedici mənaya malikdir və Quran ayələrinin ən əzəmətlilərindən adlanmağa layiqdir. İnsan onu oxuyaraq, onun əhəmiyyəti üzərində düşünərək dərinliyinə agah olarsa, onda onun qəlbi etiqadla, biliklə və imanla dolar və bunların sayəsində o, özünü şeytanın şər əməllərindən qoruyar.
(256) “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir”.
Bu vəhy İslamın kamilliyini xüsusilə vurğulayır. O, özünün saf dəlilləri və aydın ayələri sayəsində idrak və elm dini, qüsursuz şüuraltı və hikmət, möminlik və nəsihət, haqq və düzgün rəhbərlik dinidir. Özünün kamilliyi və bəşər düşüncəsinə tam uyğunluğu sayəsində İslam məcburiyyətə ehtiyac duymur. Adətən, insanı həqiqətə zidd olan, aydın sübutlar və dəlillərlə təsdiq olunmayan və qəlbinin ikrah bəslədiyi bir şeyə məcbur edərlər. İslam əqidəsinə münasibətdə isə, ancaq inadkarlıq göstərən zalımlar onu inkar edirlər. Düz yolla azmışların yollarının fərqi açıq-aşkardır və heç kim, əgər o, doğru yolu rədd edirsə və haqqın ardıyca getməkdən boyun qaçırırsa, bu əməlinə inandırıcı bəraət qazandıra bilməz.
Qeyd etmək lazımdır ki, bu ayə heç bir formada müsəlmanların müqəddəs müharibə aparması haqqında nazil olmuş çoxsaylı ayələrlə ziddiyyət təşkil etmir, çünki Allah insanlara cihad etməyi ona görə əmr edir ki, onlar təkcə Allaha ibadət etsinlər və bu üsulla müsəlmanlar azğınlıq törədən din düşmənlərini dəf edə bilsinlər.
Müsəlmanlar hər bir hökmdarın rəhbərliyi altında, hətta, o, günahkar olsa belə, cihad etmək məsələsində həmrəydirlər və bütün zamanlarda sözü və əməli ilə cihad etmək müsəlmanın vəzifəsi olmuşdur.
Bəzi ilahiyyatçılar bu ayənin cihad etməyə hökm verən ayələrə zidd olduğunu hesab edirdilər və onu ləğv edilmiş (mənsux) ayə adlandırırdılar. Lakin bu rəy zəif və yanlışdır. Bu, bəhs etdiyimiz bu gözəl ayənin əsil mənası üzərində azca da olsa düşünən adam üçün açıq-aydındır.
Sonra Allah insanların iki qrupa bölündüyünü bildirir. Bir qrupa, şəriki olmayan Tək Allaha iman gətirən və bütün yalançı tanrıçaları rədd edən möminlər daxildir. Tağut (büt) sözü burada çoxallahlığı və Allaha iman gətirməyin əleyhinə olan hər şeyi ifadə edir. Əgər insan möminlərin keyfiyyətlərinə malikdirsə, deməli o, etibarlı və qırılmaz dəstəkdən yapışmışdır. O, gerçək dini əqidə sahibidir və onu Allaha tərəf və Allahın mərhəmət məkanına aparan doğru yolla gedir.
Digər insan qrupu haqqında şərh etdiyimiz ayənin nəticələrinə görə mühakimə yürütmək olar və əgər insan Allaha iman gətirməkdən boyun qaçırırsa, küfrə üstünlük verirsə və uydurma tanrıçalara ibadət edirsə, onda o, özünü əbədi zülmə və sonsuz cəzaya məhkum edir.
Allahın gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O, Ona müxtəlif dillərdə istənilən dualarla müraciət edən bütün yaratdıqlarının səslərini eşidir. O, dua edən qullarının necə Ona yalvardıqlarını və mütiliklə namaz qıldıqlarını eşidir. O, ürəklərdə gizlənənləri bilir, ən sirli düşüncələrdən xəbərdardır və hər bir insana, bütün incəlikləri ilə Ona məlum olan niyyətləri və əməllərinə görə əvəzini verir.
(257) “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.
Bu ayə əvvəlki ilə bağlıdır və onun davamıdır. Uca Allah bildirir ki, O, iman gətirən və öz imanını, onun vacib tələblərini yerinə yetirməklə və onunla bir araya sığışmayan hər şeydən qorunmaqla təsdiq edən möminlərin Himayəçisidir. Allah onlara xüsusi havadarlıq edir, onlara qayğı göstərir və onları imansızlıq, itaətsizlik, laqeydlik və etinasızlıq zülmətindən haqq biliklər nuruna, Qüdrətli Rəbbə əmin olmağa, iman gətirməyə, itaət etməyə və bütün varlığı ilə Ona can atmağa doğru yönəldir. Allah belə insanların qəlbini Vəhyin və imanın nuru ilə işıqlandırır, asan olan hər şeyə qarşı onların yolunu yüngülləşdirir və onları hər cür çətinliklərdən uzaqlaşdırır. Onlardan fərqli olaraq kafirlər öz Uca Himayəçisindən üz döndərmişlər və buna görə də O, onları, özlərinin himayəçisi görmək istədiklərinə, himayəçi təyin edir. Allah onları öz yardımından məhrum edir və onları, onlara kömək etməyə qabil olmayan və ya zərər verə bilməyənlərdən asılı vəziyyətə salır. Bu “qəyyumlar” onları azdırır, bədbəxtçiliyə düçar edir, faydalı biliklərdən uzaqlaşdırır, xeyirxah əməllər işlətməkdən çəkindirir və onları xoşbəxtlikdən məhrum etməklə, Cəhənnəm odunda əbədi işgəncələrə məhkum edirlər. Ey Rəbbimiz, doğru yola yönəltdiklərinin arasında bizi doğru yola yönəlt!
(258) “Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz”.
Allah bizə bəzi əvvəlki peyğəmbərlərin hekayətlərini rəvayət edir, çünki onlarda əksini tapmış tarixi hadisələr haqq olanı izah edir və tövhidin gerçəkliyini sübut edən dəlillərdən ibarətdir. Bu Quran hekayətində Uca Allah, Onun sevimli elçisi İbrahimin, aləmlərin Rəbbinin varlığını inkar edən və şübhə edilməsi mümkün olmayan həqiqətlə razılaşmayan Babilistanın zülmkar hökmdarı Nəmrud ilə necə mübahisə etdiyini xəbər verir. Kainatın Allah tərəfindən yaradılması və idarə edilməsi faktı aydın və mübahisəsiz bir məsələdir, lakin zülmkar hökmdar öz hakimiyyəti ilə o dərəcədə azmışdı ki, bu həqiqəti inkar edir və hətta bu barədə, Allahın (Muhəmməd Peyğəmbərdən (s.ə.s.) başqa heç bir elçisinə layiq görmədiyi) bilik və iman bəxş etdiyi böyük peyğəmbəri İbrahimlə mübahisəyə qoşulmuşdu.
İbrahim öz nəzər nöqtəsini müdafiə edərək bildirir ki, Allah məxluqların yaradılmasında və Kainatın idarə edilməsində, həyat bəxş etməsi və ölüm göndərməsində Təkdir. O, həyat və ölümə ona görə toxunur ki, onlar Allahın məxluqları üzərində hakimiyyətinin ən parlaq nümunələridir. İbrahimə cavab verərək zalım hökmdar özündən razı halda deyir ki, o da həyat və ölüm bağışlayır. Əlbəttə, o, nəzərində tutur ki, kimi istəsə, edam və ya əfv edə bilər, hərçənd o da aydındır ki, o, bu dəlillərlə insanları ancaq azdırmağa cəhd göstərir və qarşısında qoyulmuş sualdan yayınmaq istəyir. Sualın mahiyyəti ondan ibarət idi ki, Uca Allah yoxdan canlı yaratmaqda və canlı məxluqu ölüyə çevirməkdə, Öz qullarını və heyvanları onların yaşmaq müddəti bitdikdən sonra, bu məqsədlə yaratdığı səbəblər vasitəsilə və ya hər hansı bir səbəb olmadan öldürməkdə Təkdir.
İbrahim (ə) gördükdə ki, zalım hökmdar gözə qum atır və cahil camaatın arasında istifadə edilə biləcək yalan sözlər işlədir, ona elə bir dəlil göstərməyi qərara alır ki, o, onunla razılaşmağa məcbur olsun. İbrahim deyir ki, Allah günəşi şərqdən qaldırır və əgər Nimrudun dedikləri həqiqətdirsə, qoy onda o da günəşi qərbdən qalxmağa məcbur etsin. Bu sözlər zalım hökmdarı karıxdıraraq sarsıtdı, onu susmağa məcbur etdi və onun yaymaq istədiyi şübhələri dağıtdı.
Allahın sevimlisi İbrahim (ə) ikinci dəlilini xatırladaraq, birinci dəlilindən də əl çəkmədi. O, dediyi sözləri ilə Nimrudu ancaq qəti inandırmağa, onun sözlərini təkzib etməyə, ona elə bir sübut gətirməyə çalışırdı ki, onu təhrif etmək və başqa səmtə yozmaq mümkün olmasın.
Bütün dəlillər, müqəddəs hekayətlər, məntiqi mühakimələr və fitri istedad kimi fərqli formalarda olmalarına baxmayaraq, hamısı tövhidin gerçəkliyini sübut edir və Allahın Kainatı təklikdə yaratdığını və Öz məxluqlarını idarə etdiyini təsdiqləyir. Onlar sübut edir ki, yuxarıda sadalanan sifətlərə malik olan Allah, tək O, ibadətə layiqdir. Bütün peyğəmbərlər və elçilər yekdilliklə bu mühüm prinsipi təbliğ etmişlər. Onu inkar edənlər isə, zalım hökmdar olan Nimrud kimi inadkar və təkəbbürlü dikbaşlardır və bu da tövhidin haqq olmasına dəlildir.
(259) “Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O, dedi: “Bir gün və yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suyuna bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi”.
Bu və bundan sonrakı ayələrdə dirilmənin və bu dünyada Qiyamət günü başlayanadək əməllərin əvəzinin veriləcəyinin gerçəkliyini sübuta yetirmiş iki böyük dəlildən bəhs edilir. Lakin bu iki möcüzədən biri, öləndən sonra dirilmənin həqiqətən baş verəcəyinə şübhə etmiş bir adamın öz başına gəlmişdir. Bu, şərh etdiyimiz ayəyə istinad edən ən etibarlı və səhih rəydir. İkinci möcüzə, tarixdə tövhidin gerçəkliyini (öncəki ayədə təsvir edildiyi kimi) sübuta yetirmiş Allahın sevimlisi İbrahimlə (ə) baş vermişdir.
Bir vaxt özülünə qədər dağıdılmış kəndin yanından bir kişi keçirmiş. Kəndin sakinləri öldürülmüş, binaları və evləri talan edilərək dağıdılmışdı. Kişi, bütün bu olub keçənlərdən sonra, Allahın o adamları dirildəcəyinə şübhə etdi və belə fikirləşdi: “Doğrudanmı onlar öləndən sonra Allah onları dirildə bilərmi? Onların dirilməsi də, bütün qalan insanların dirildilməsi kimi, mümkün deyil!” O anda onun qəlbində belə bir fikir oyanmışdı, lakin Allah ona da, qalan qullarına da rəhm edir.
Allah onu və yanında olan uzunqulağını öldürüb yüz il saxlayır, yemək-içməyini də əl dəymədən elə saxlayır ki, uzun illər keçməsinə baxmayaraq onlar xarab olmur. Yüz il keçdikdən sonra Allah onu dirildib soruşur: “Sən nə qədər yatmısan?” O cavab verir ki: “Mən bir gün və ya onun yarısı qədər yatmışam!” Onun cavabı zənninə əsaslanırdı və belə olduqda, Allah ona deyir: “Sən yüz il yatmısan!” Ehtimal etmək olar ki, bu mükalimə dirildilmiş insanla Allahın peyğəmbərlərindən birinin arasında olmuşdur.
Allahın bu insana və qalan bütün digər insanlara mərhəməti o dərəcədə mükəmməl idi ki, o, həmin anda baş vermiş möcüzəni öz gözləri ilə görüb inanmışdı ki, Allah onu öldürdükdən sonra diriltmişdir. O, yemək-içməyinin, çox illər keçməsinə baxmayaraq, hətta xarab olmadığını görərək öz Rəbbinin qüdrətinə inanmışdır. Adətən, ərzaq və su, xüsusilə də, meyvələr və meyvə şirələri (şərhçilər məhz bu rəyə meyl edirlər) öz keyfiyyətini tez dəyişir, lakin Əzəmət və Qüdrət sahibi Allah yüz il keçməsinə baxmayaraq, onları çürüməkdən qoruyur.
Kişi görür ki, eşşəyinin cəsədi çoxdan çürüyüb dağılmış və onun sümükləri belə külə çevrilmişdir. Sonra Allah torpağa çevrilmiş sümükləri bir yerə yığıb birləşdirmiş, onları ətlə örtmüş və eşşəyi həyata qaytarmışdır. Kişi bütün bu həqiqi hadisələri öz gözləri ilə görmüş və bundan sonra daha heç bir şübhəyə düşməmişdir. O, ucadan demişdir: “Mən qəti bilirəm ki, Allah hər şeyə qadirdir!” Allahın hüdudsuz qüdrətini etiraf edərək o, insanların çoxu üçün bir möcüzə oldu, çünki onlar onun ölümü və onun uzunqulağının ölümü haqqında məlumata malik idilər, onun tarixini yaxşıca bilirdilər və ən böyük möcüzələrdən birini öz gözləri ilə görə bilərdilər. Bu insan haqqında məlumat məhz belədir.
Lakin bütün bunlara baxmayaraq, təfsirçi alimlərin çoxu hesab edirdilər ki, bu ayədə Allahın saleh bəndələrindən biri və ya hətta Onun peyğəmbərlərindən biri haqqında bəhs edilir. Bəziləri iddia edirdilər ki, söhbət Üzeyrdən gedir, lakin bu barədə başqa rəylər də var. Əgər bu şərhlərə inanmalı olsaq, bu saleh insan xarabazara çevrilmiş kəndin yanından keçərkən, demişdir: “Allah bu kəndi belə talan edildikdən və dağıdıldıqdan sonra necə həyata qaytaracaq?” Allah onu öldürüb ona yüz il keçəndən sonra göstərmək istəmişdir ki, insanların bu xaraba qalmış kəndə necə qayıdacaqlarını görsün. Ötən müddət ərzində həqiqətən dağılmış kəndin yerində əhalisinin sayı çox olan qəsəbə salınmışdı.
Qeyd etmək lazımdır ki, şərh etdiyimiz ayənin mətni də, mənası da yuxarıdakı yozumu təsdiq etmir. Dağılmış yaşayış məntəqələrinin həyata qayıtmasında bir möcüzə və ya dəlil ola biləcək nə var ki? Belə hadisələr çox tez-tez baş verir, çünki bir qisim şəhərlər dağıdılır, başqaları yenidən inşa edilir. Əsil möcüzə ölən adamın və onun uzunqulağının dirildilməsi və onun yemək-içməyinin də tam yüz il ərzində xarab olmadan qalmasıdır. Bundan başqa, Uca Allah bildirir ki, möcüzə dirilmiş adama göstərilmişdir və buradan aydın olur ki, o, öz gözləri ilə möcüzəni gördükdən sonra Allahın kamil qüdrətinə əmin olmuşdur.
(260) “Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” – dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?” – dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”
Burada söhbət, İbrahim Allahdan ölülərin dirildilməsinin necə baş verməsini soruşduqda, Rəbbin İbrahimə göstərdiyi ikinci möcüzəli dəlildən gedir. Allah ondan soruşur: “Bəs sən inanmırsan?” Bununla Allah ona əmr edir ki, o, dirilmənin gerçəkliyinə qətiyyən şübhə etməməlidir. İbrahim (ə) isə belə cavab verir: “Ey Rəbbim! Mən inanıram ki, Sən bütün məxluqatın üzərində hökmransan, ölüləri diriltməyə və qullarına layiq olduqlarının əvəzini verməyə qadirsən. Mən ancaq istəyirdim ki, iman qəlbimdə möhkəmlənsin və inandığımı gözlərimlə görüb əmin olum”. Allah onun duasını qəbul edərək ona böyük iltifat, qullarına da rəhmini göstərir. Allah ona tapşırır ki, dörd quş götürsün, ancaq hansı quşlardan götürməsini bildirmir. Buradan aydın olur ki, bunlar istənilən quşlar ola bilərdi. İbrahimə əmr olunur ki, əvvəlcə quşları yanında saxlayıb özünə alışdırsın,( Yəni, İbrahim (ə.) onları çağıranda tanıyıb yanına gəlsinlər. (F.S.)) sonra onları kəsib tikə-tikə doğrayaraq, hər parçasını bir təpəliyə atsın və sonra da onları öz yanına çağırsın. O, hər şeyi ona əmr olunan kimi yerinə yetirdi, dörd quşun hər parçasını ətrafında yerləşən təpələrə qoydu. Sonra o, quşları öz adları ilə çağırdı və onlar ona doğru gəldilər. Bu o demək deyil ki, quşlar peyğəmbərin yanına ayaq üstdə qaça-qaça gəldilər. Onlar çağırılanda, canlı quşlar kimi, sürətlə onun yanına uçdular.
Uca Allah ona məhz quşları kəsməyi əmr edir, çünki quşların dirildilməsi, başqa heyvanların dirildilməsindən daha şübhəsiz və əyani dəlildir. Ona dörd quş tapmaq və onların hər birini tikə-tikə doğramaq və onların tikələrini təpələrin başında qoymaq əmr olunmuşdu ki, kafirlərin ürəklərində yarana bilən şübhəyə yer qalmasın. Bunun sayəsində İbrahim peyğəmbərin (ə) bu möcüzəsi həm yaxından, həm də uzaqdan açıqca müşahidə edilə bilərdi. Ona əmr olunmuşdu ki, quşların tikələrini özündən uzaqda yerləşdirsin ki, heç kim onun bir fənd işlədə biləcəyini düşünməsin. O, öz Rəbbinin hökmünü yerinə yetirəndən sonra tikə-tikə doğranmış quşları yanına çağıranda, onlar bir anda cəld və sürətlə ona tərəf yönəldilər ki, bu, Allahın mütləq qüdrətini və müdrikliyini təsdiq edən ən böyük bir dəlil oldu. Buradan aydın olur ki, diriltmə, Allahın hədsiz qüdrətinin, tam müdrikliyinin, məhdudiyyətsiz hakimiyyətinin, qüsursuz ədalətinin və böyük mərhəmətinin dəlilidir.
(261) “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir.
(262) “Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Allah, bütün şərtlərə riayət edərək və hər vasitə ilə onların sədəqələrinə zərər vura biləcək əməllərdən çəkinərək Onun yolunda öz malını xərcləyən möminlər üçün hazırlanmış növbəti mükafatlar barəsində xəbər verir. Onlar, insanlara verdikləri sədəqəni onlara xatırladaraq minnət qoymurlar və nə sözlə və nə də hərəkətləri ilə onlara xəcalət vermirlər. Məhz belələri öz Rəbbindən, Ona artıq yaxşı məlum olan onların sədəqələrinə və insanlara verdikləri xeyrə görə, mütləq mükafat alacaqlar. O, onları Öz mərhəməti ilə elə nemətlərlə mükafatlandıracaq ki, onlar hətta verdikləri sədəqələrlə buna heç layiq olmayacaqlar. Onlar qorxu hissi keçirməyəcək və kədərlənməyəcəklər – keçmiş müsibətləri onları bir daha çulğalamayacaq, gələcəkləri üçün narahatçılıq keçirməyəcəklər. Onlar arzu edə biləcəkləri nə varsa, hamısını əldə edəcəklər və hər cür pislikdən və xoşagəlməz şeylərdən xilas olacaqlar.
(263) “Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir”.
Allah yaxşılığın dörd dərəcəsini sayır. Onlardan ən yüksəyi təmiz niyyətlə verilmiş sədəqədir ki, ardıyca nə minnət qoyulur, nə də təhqirə yol verilir. İkinci dərəcə xoş sözə aiddir və bunun adı altında hər cür saleh, yaxşı sözlər və ifadələr nəzərdə tutulur. Bu, müsəlmanlara sevinc gətirən gözəl nitq; insanın müəyyən bir şeydən əl çəkməsi haqqında verdiyi bəraət sözləri və istənilən digər ləyaqətli sözlərdir. Üçüncü dərəcəyə insanları sözü və ya əməli ilə incidənlərə qarşı bağışlama və onlarla yumşaq davranma daxildir. Dördüncü dərəcəli, ən aşağı dərəcəli yaxşılıq – sədəqə verib onu başa qaxmaq, sədəqə verdiyi insanı təhqir etməkdir. Belə rəftara yol verdikdə, insan öz xeyirxahlığına xələl gətirir, özünün yaxşı əməlindən sonra günah işlədir. Buradan aydın olur ki, kiçik bir yaxşılıq, sonu pis nəticə verən böyük sədəqədən daha üstündür.
Bu ayə, insanlara mərhəmət göstərdikdən sonra onları təhqir edən alçaq, axmaq və nadan adamlara qarşı yönəldilmiş möhkəm bir xəbərdarlığı özündə əks etdirir. Qoy insanlar bilsinlər ki, Uca Allahın onların sədəqəsinə ehtiyacı yoxdur və Onun, ümumiyyətlə, qullarına ehtiyacı yoxdur. Onun zənginliyi o dərəcədə kamildir ki, Onun yaxşı əməlləri o dərəcədə bitməz-tükənməzdir ki, O, itaətsizlik göstərənləri cəzalandırmağa tələsmir və onların, etdikləri kobud günahları və cinayətlərinə baxmayaraq, Öz yaxşılıqları, ruzisi və müxtəlif nemətləri ilə təmin olunmalarını davam etdirməkdən vaz keçmir.
(264) “Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli, üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, ona şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz”.
Allah insanlara verilən sədəqəni minnətə çevirməyi qəti qadağan edir və bununla əlaqədar bir məsəl çəkir. Bu ayələrdə Uca Allah bir dəfəyə üç məsəl gətirir – yaxşı işlər görən insan haqqında, o, öz malından Allah xatirinə insanlara sərf edərək onlara minnət qoymur; insanlara verdiyi sədəqəni onların başına qaxan və onları alçaldan şəxs haqqında və nəhayət, özünü başqalarına göstərmək və hörmət qazanmaq xatirinə sədəqə verən ikiüzlü haqqında.
(265) “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür”.
Əgər insan əmlakını Allah xatirinə sərf edirsə, O, onun sədəqələrini qəbul edir və hətta onları artırır, çünki onlar onun imanının və dərin səmimiyyətinin nəticələridir. Belə insan sədəqəni səmimi qəlbdən səxavətlə verir və onun yaxşılıqları hündür təpəlikdə yerləşən və hər tərəfdən külək dəyən, günəş şüaları düşən və bol yağışla sulanan bağa bənzəyir. Leysan yağışlar olmadıqda belə, narın yağan yağış da ona kifayət edir, çünki bu bağ bərəkətli münbit torpaqda və gözəl bir sahədə yerləşmişdir. Orada ağacların böyüməsi, çiçəklərin açılması və meyvələrin inkişafı üçün hər cür şərait vardır və buna görə o bağ həmişə bol məhsul yetirir. Belə bağlar insanların ən çox arzuladığı əziz yerdir və onlar, insanların yüksək imarətlərdə yaşamağa nail olması üçün uyğun gələn ləyaqətli əməllərə bənzəyir.
(266) “Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri belə bəyan edir ki, bəlkə fikirləşəsiniz”.
Əgər insan malını Allah yolunda sərf etdikdən sonra, yaxşılıq etdiyi adamlara minnət qoyursa, onları alçaldır və ya öz xeyirxahlığına zərər vuran digər əməllər törədirsə, onda o, bağına odlu qasırğa düşüb onu yandırmış insana bənzəyir. Bağın əldən düşmüş çox qoca sahibi azyaşlı və köməksiz uşaqlarla ağır vəziyyətə düşür. Kim onun vəziyyətində olmağa razılaşar? Əlbəttə, heç kim! Buna görə, Uca Allah ağsaqqal qocanın ağır vəziyyətini xüsusilə vurğulayaraq (heç kəs özünü onun yerində görmək istəməzdi), bu ayəni sual formasında nazil edir.
Ağacların gül açdıqdan və bar gətirdikdən sonra gözlənilmədən məhv olması böyük müsibətdir. Bu, bağın sahibinin tamamilə zəif və gücsüz bir adama çevrilməsi nəticəsində daha da dərinləşir, onun uşaqları isə daha zəif və ona kömək etməyə qabil deyillər. Əgər insan xeyirxah əməllərini Allah xatirinə səmimiyyətlə həyata keçirirsə, sonra isə öz cinayətləri ilə onları məhv edirsə, onda o, özünü məhz həmin pirani qocaya bənzədir ki, müsibət onun rastına, bağa ən çox ehtiyacı olduğu bir zamanda çıxır.
Üçüncü məsəl, özünü başqalarına göstərmək və hörmət qazanmaq üçün yaxşılıq edən, doğru iman sahibi olmayan və Allahdan mükafat alacağına inanmayan adama həsr olunmuşdur. Onun qəlbi torpaq qatı ilə örtülmüş hamar qayaya bənzər. İnsan belə bir qayaya baxanda zənn edər ki, yağışdan sonra belə torpaq, adi münbit torpaqlarda olduğu kimi, yaşıllığa bürünər. Əslində isə, bu qaya, sadəcə bir daş parçasıdır və bir güclü leysan yağış bəs edər ki, onun üstündəki nazik torpaq örtüyünü yuyub aparsın və özündən sonra təkcə hamar səth qalsın. Bu məsəl, imandan məhrum, sərt, Allah qarşısında yumşalmayan və Allah qorxusu ilə dolmayan münafiqlərin qəlbini dəqiq təsvir edir. Onların əməlləri də, sədəqələri də xeyirxah insanların istinad etdiyi əsaslardan, yaxşı işlərin yerinə yetirildiyi məqsədlərdən məhrumdur.
Bu məsəldə, insana fayda verən başlıca şərtdən məhrum olan əbəs və faydasız əməllərdən bəhs edilir. Bundan əvvəlki məsəldə söhbət bu başlıca şərtdən məhrum olmayan əməllərdən gedirdi, lakin onlar insanlara fayda gətirməyən əməllərin səbəbləri üzündən səmərəsiz idi. Birinci məsəldə isə, Allahın qəbul etdiyi və hətta artırdığı əməllərdən danışılırdı, çünki onlar iman və səmimiyyət əsasında həyata keçirilirdi. Bu, başlıca şərtin özüdür ki, onsuz heç bir əməl fayda vermir, çünki bu şərt hər cür şəraitin və bütün amillərin pozucu təsirindən azaddır. Bu üç məsəl bütün insanlara tətbiq edilə bilər və buna görə də Allahın qulları bu gerçək meyarı və bu dəqiq təşbihləri rəhbər tutaraq öz əməllərini dəyərləndirməlidirlər. Uca Allahın buyurduğu: “Biz insanlara belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayırlar” (Ənkəbut, 29/43) kəlamı əsassız deyildir.
(267) “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir”.
Ayədə Xaliq Öz qullarını ticarətdən və habelə meyvə və taxıl məhsulundan əldə edilən gəlirdən sədəqə verməyə çağırır. Bu hökm – nağd puldan, ticarət etmək üçün təyin olunmuş mallardan, meyvə və taxıl məhsulundan yığılan vacib (fərz) zəkatdan və həm də həmin mülkiyyətdən konüllü verilən sədəqələrdən ibarətdir.
Uca Allah əmr edir ki, sədəqə yaxşı və keyfiyyətli maldan verilməli və borc verdikləri insanlardan gözlərini yummadan almadıqları pis və xarab olmuş malları Allah yolunda sədəqə kimi paylamamalıdırlar. Müsəlman sədəqəni nə ən yaxşı, nə də ən pis malından verməmələdir. Ən yaxşı maldan olan sədəqə ən mükəmməldir, lakin pis əmlakdan olan sədəqənin paylanması qadağan edilmişdir, çünki belə maldan olan vacib sədəqə hesaba alınmır və ondan verilən könüllü sədəqə, əvəzi tam veriləcək sədəqə deyil.
Allahın gözəl adları arasında – Zəngin və Tərifəlayiq adları haqqında. Allah Öz yaratdıqlarına möhtac deyil və Onun xeyriyyəçilərin sədəqələrinə və müti qullarının xeyirxah əməllərinə ehtiyacı yoxdur. O, insanlara belə hərəkət etməyi və xeyirli işlər görməyi ona görə dəvət edir ki, onlar bundan özləri üçün fayda götürsünlər. Ona görə də, bu dini hökmün mahiyyəti, Allahın Öz yaratdıqlarına qarşı mərhəmətli və xeyirxah olması ilə bağlıdır.
Allahın hüdudsuz zənginliyi və mütləq özünəbəsliyi özünü onda göstərir ki, O, qullarına nazil etdiyi və onlara Allahın Mərhəmət Diyarına düşməsinə imkan verən hikmətli hökmlərinə görə, mərhəmətlə dolu, ədalətli və müdrik ilahi əməllərinə görə və həmçinin qullarının dərk etməyə qadir olmadıqları və təsəvvür belə edə bilmədikləri Öz gözəl və qüsursuz sifətlərinə görə, tərifə layiqdir!
(268) “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Xeyir gətirən sədəqə vermək və zərər vuran xəsislikdən çəkinmək hökmünü verdikdən sonra, Uca Allah izah edir ki, insanlar həmişə iki dəvət arasında seçim etməli olurlar. Rəhmli Allahın dəvətçiləri onları yaxşılıq etməyə çağırır və buna görə onlara həm bu dünyada və həm də Axirət həyatında mükafat və onların verdikləri bütün sədəqələrin və bu məqsədlə sərf etdiklərinin hamısının əvəzinin veriləcəyini vəd edirlər. Şeytanın təbliğatçıları isə insanları sədəqə verməkdən boyun qaçırmağa çağırır və qorxudurlar ki, Allah yolunda mallarını xərcləsələr kasıblayacaq və dilənçi halına düşəcəklər. Əgər insan Rəhimli Allahın dəvətinə cavab verir və Onun ona bəxş etdiyi nemətdən sədəqə paylayırsa, onda o, günahlarının bağışlanmasına sevinəcək və arzuladığı nə varsa, ona nəsib olacaq. Əgər o, şeytanın çağırışına səs verərsə, qoy bilsin ki, şeytan öz tərəfdarlarını Cəhənnəm odunun sakinləri olmağa çağırır. Qoy hər bir qul layiq olduğu seçimini özü etsin.
Bu ayənin sonunda Allah Özünün gözəl Əhatəedən və Bilən adlarını xatırladır. Onun sifətləri hər şeyi əhatə edir, Onun hədiyyələri isə qiymətli və zəngindir. O, çox gözəl bilir ki, qullarından mükafatının artırılmasına layiq olanlar kimlərdir və O, belə qullarına saleh əməllər etməkdə və günahlardan çəkinməkdə kömək göstərir.
(269) “Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayırlar”.
Xeyirxah əməl sahibləri olan möminlərin məziyyətlərini və məhz Allahın onlara bəxş etdiyi sərvəti xeyriyyə məqsədləri üçün xərclədiklərini və bunun sayəsində böyük yüksəkliklərə nail olduqlarını xatırlatdıqdan sonra, Uca Allah var-dövlətdən dəfələrlə üstün olan mərhəməti barədə xəbər verir. Bu – müdriklikdir ki, Allah onu, Öz qullarından kimə əsil xeyir və xoşbəxtlik diləyirsə, ona da əta edir. Müdriklik dedikdə, faydalı və doğru biliklər, sağlam ağıl və ehtiyatlılıq və həmçinin bəlağətli nitq söyləmək qabiliyyəti və xeyirli işlər görmək nəzərdə tutulur. Müdriklik ən böyük vergidir və ən şərafətli nemətdir və əgər o, insana bəxş edilmişsə, deməli, o, həqiqətən də böyük nemətlə mükafatlandırılmışdır. Belə olduqda, o, nadanlığın zülmətindən doğru rəhbərlik nuruna qərq olur, axmaqcasına uydurmalardan xilas olur və düz sözlər deməyə, doğru addımlar atmağa başlayır. O, düzgün qərarlar qəbul edir və doğru yolla qətiyyətlə gedir, çünki ona verilmiş böyük nemət onun özünün kamilləşməsinə, həm də yerdə qalan məxluqlara dini və dünyəvi məsələlərdə böyük fayda verməyə imkan yaradır.
Müdrik qərarlar olmadan işləri qaydaya salmaq mümkün deyil, çünki müdriklik – hər şeyi öz yerinə qoymaq, vaxtında irəliyə hərəkət etmək və zəruriyyət yarandıqda geriyə çəkilmək bacarığıdır. Lakin bu böyük neməti yadda saxlayıb onu layiqincə qiymətləndirməyi təkcə mühakimə yürütmək qabiliyyəti və tədbirli olan, nəyin onlara fayda verə biləcəyini və nəyin zərərli olduğunu anlayan, düzgün hərəkətlər edən və yanlışlıqlardan uzaq qaçan kişilər bilirlər.
Maddi nemətlərin sədəqə verilməsi və müdrik qərarların qəbul edilməsi kimi bu iki əməl insanı Allaha daha yaxşı yaxınlaşdırır və ona imkan verir ki, şərəfli mükafata nail olsun. Bu iki əməli Muhəmməd Peyğəmbər (s.ə.s.) də xatırlayaraq demişdir: “İnsanlardan ancaq iki nəfərə həsəd çəkmək olar: Allahın sərvət bəxş etdiyi o insana ki, onu haqq yolunda sərf edir və o insana ki, Allah ona müdriklik bəxş etmişdir, o da bu müdrikliyini digər insanlara öyrədir”.
(270) “Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri, şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz”.
Uca Allah bildirir ki, Ona qullarının bütün sədəqələri, xərclədikləri və verdikləri vədləri çox gözəl məlumdur. Allahın bildikləri haqqında bu xəbərdarlığı labüd əvəz veriləcəyini nəzərdə tutur, çünki Allah insanın əməllərini, o, hətta zərrə qədər olsa belə unutmur. O, insanların yaxşı və pis niyyətlərini bilir və onu da bilir ki, heç kim zalım günahkarların köməyinə gəlməyəcək, çünki onlar öz vəzifələrini yerinə yetirməyə xəsislik etdikləri halda, qadağan olunmuş əməlləri törətməyə cəsarət göstərirlər. Onlar özlərinə kömək göstərmək və onları cəzadan qorumaq üçün köməkçilər tapa bilməyəcək və onlar mütləq amansızlıqla cəzalandırılacaqlar.
(271) “Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır”.
Uca Allah bildirir ki, əgər insan sədəqəni açıq şəkildə verirsə, bu yaxşı hərəkətdir, lakin daha yaxşı olardı ki, o, sədəqəni gizlicə paylayaydı və onu ehtiyacı olan adamlara təqdim edəydi, çünki kasıblara və ehtiyacı olanlara gizli yardım ayrıca nəzərdə tutulmuş xeyirxah əməldir və xeyriyyəçinin saf niyyətli olmasına dəlalət edir. Məhz buna görə, sədəqəni gizli paylayan insanlar – belə ki, onların sol əlinin sağ əlinin nə etdiyindən xəbər tutmayanlar – Allahın Öz kölgəsində sığınacaq verəcəyi möminlərin yeddi qrupunun arasında olacaqlar.
Müsəlmanlar üçün sədəqəni gizlicə və dilənçilərə verməyin daha yaxşı olması haqqında Quran kəlamı özlüyündə incə bir hikmət kəsb edir. Sədəqənin açıq paylanmaqdansa, gizli verilməsinin hikməti, onun dilənçiyə yardım edilməsi ilə əlaqədardır. Şərh etdiyimiz ayədə, müxtəlif xeyriyyə layihələrinə sərf edilən maddi vəsaitlərin gizlicə xərclənməsinin yaxşı olması haqqında heç nə deyilmir. Belə hallarda şəriətin elə bir prinsipinə istinad etmək lazımdır ki, ona uyğun olaraq, daha çox faydalı olan əmələ üstünlük verilsin. Ola da bilsin ki, açıq sədəqə vermək əyani nümunə kimi, başqalarının da belə bir addım atması və digər insanları xeyirxah əmələ ruhlandırması baxımından, müsəlmanlara daha çox fayda gətirsin.
Uca Allah həmçinin qeyd edir ki, sədəqə insanlara ikiqat fayda gətirir, çünki xeyriyyəçi bol mükafata layiq görülür və həm bu həyatda və həm də Axirət həyatında şərdən və cəzalandırılmadan xilas olur; Allah onun yol verdiyi günahlarını bağışlayır. Allah qullarının bütün əməllərindən xəbərdardır və Öz ilahi müdrikliyinə əsaslanaraq, O, hər kəsə, törətdiyi əməllərinə görə əvəz verəcəkdir.
(272) “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”.
Muhəmməd Peyğəmbərə (s.ə.s.) vəhyi insanlara çatdırmaq, onları xeyirxah işlər görməyə çağırmaq və bəd əməllərdən çəkindirmək hökmü verilmişdi. Lakin insanları doğru yola gətirmək təkcə Allaha məxsusdur. Allah bu barədə xəbərdarlıq edərək, bildirir ki, əsil möminlər təkcə öz Rəbbinin mərhəmətini və mükafatını qazanmaq üçün sədəqə verirlər, çünki onları buna yönəldən həqiqi iman sahibi olmalarıdır. Bu ayə möminlərı gözəl surətdə səciyyələndirir və Allaha səmimiyyətlə ibadət etməyin zəruriliyini onlara xatırladır.
Sonra Uca Allah bir daha bildirir ki, insanların verdiyi sədəqələr Ona yaxşı məlumdur və onlar bilməlidirlər ki, O, onların mükafatını bir toz zərrəsi qədər də olsa azaltmayacaqdır. Bir başqa Quran ayəsində deyilir: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər” (Nisa, 4/40).
(273) “Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir”.
Müsəlmanlar əllərindən gələn hər şeyi etməlidirlər ki, sədəqə Allah yolunda çalışan, Allahın razı qaldığı işlərlə məşğul olan və öz vaxtını dünya nemətlərini əldə etməyə görə itirməyi istəməyən və ya buna imkanı olmayan, lakin buna baxmayaraq öz əxlaqını itirməyən möhtaclara çatdırılsın. Cahil adam belə şəxsə baxdıqda elə bilər ki, onlar zəngindirlər, çünki onlar yalvararaq insanlardan sədəqə istəmirlər. Kəskin ehtiyac onları yardım haqqında müraciət etməyə məcbur etdikdə isə, onlar bunu heç də təkidlə etmirlər.
Belə ehtiyac sahibləri sədəqə verilməsinə ən çox layiq olanlardır. Sədəqə onlara öz ehtiyaclarını təmin etməyə, qarşılarına qoyduqları məqsədə doğru getməyə və yaxşı işlər görməyə imkan verir. Onlar layiqincə səbr edərək, öz ümidlərini, məxluqlara deyil, Qüdrətli Yaradana bağladıqlarına görə müsəlmanlar öz sədəqələri vasitəsilə onlara minnətdarlıqlarını bildirməlidirlər. Belələrinin xeyrinə verilən sədəqənin ən yüksək faydası olan sədəqə sayılmasına baxmayaraq, digər ehtiyacı olanlara da hər hansı xeyriyyə məqsədləri üçün verilən sədəqə xeyirxahlıq nümunəsidir və Allahın mükafatına layiqdir. Buna görə Uca Allah buyurur:
(274) “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Allah belə insanlara, başqa bir kölgənin olmadığı bir gündə, Öz kölgəsində sığınacaq verəcək. Allah onlara böyük bir səadət əldə etməyə və qəm-qüssədən, qorxudan və digər xoşagəlməz hallardan qurtulmaya kömək edəcəkdir.
Uca Allah xüsusilə vurğulayır ki, xeyir əməl sahibi olan qullarını öz Rəbbi yanında mükafat gözləyir ki, bu da onların şöhrətini və üstünlüyünü təsdiq edir. Onların sədəqələri, Peyğəmbərin (s.ə.s.) səhih hədisində deyildiyi kimi: “Əgər qul, öz əlinin zəhməti ilə qazandığı bir xurma sədəqə verirsə, mərhəmətli Allah onu Öz əli ilə qəbul edərək, o sədəqəni, nəhəng bir dağa çevrilənə qədər böyüdür, siz də hər biriniz öz dayçanızı belə böyüdürsünüz”.
(275) “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli etmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!” – demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinidirlər. Onlar orada əbədi qalacaqlar”.
Yaxşı əməl sahibi olan müsəlmanların məziyyətlərini və Allahın yanında onlar üçün hazırlanmış gözəl mükafatları və həmçinin onların günahlarının və səhvlərinin bağışlanacağını xatırlatdıqdan sonra, Uca Rəbb sələm yeyən və bədnam sövdə bağlayan zalımlardan bəhs edir və bildirir ki, onlar törətdikləri cinayətlərə müvafiq olaraq mütləq əvəz alacaqlar. Dünya həyatında onlar cin vurmuş dəlilər kimi var-dövlət ələ keçirməklə məşğul idilər və buna görə də öldükdən sonra, Qiyamət günü onlar öz qəbirlərindən, şeytan toxunub ağlını zay etmiş quduz dəlilər kimi qalxacaqlar. Bu biabırçı cəza onların sələm yediklərinə və sələmçiliyin və müamilənin də ticarətə oxşar bir şey olmasını ucadan bəyan etdiklərinə görə onlardan alınan qisasdır. Onlar cəsarət edərək Allahın haram və halal buyurduğu hədlərə etinasızlıq göstərərək sələmçiliyi halal elan etmişlər.
Sonra Allah bütün günahkarları, o cümlədən, sələm yeyən zalımları, xəbərdarlıq onlara çatdıqdan sonra, yəni, əsil həqiqət onlara izah edildikdən və onlar vəd edilmiş mükafat və cəza haqqında hökmü bildikdən sonra da günah işlətməkdə davam edəcəkləri halda, cəzalandıracağını vəd edir. Əgər günahkarlar onlara verilən öyüd-nəsihətdən sonra sələmçiliklə məşğul olmaqdan əl çəksələr, onda onların tövbə etdikləri keçmiş günahları bağışlanacaq və onların işi Allaha qalar və əgər onlar öz tövbələrini pozmasalar, əmin olacaqlar ki, Allah haqlı insanların mükafatını kəsmir. Yox, əgər öyüd-nəsihətlərdən və xəbərdarlıqlardan sonra, onlar yenə də müamiləçilik və sələmçiliklə məşğul olsalar, onda onlar əbədi qalacaqları Cəhənnəm oduna atılacaqlar.
Bu ayədən aydın olur ki, sələmçilik insanı Cəhənnəmə düşməyə və orada əbədi qalmağa məhkum edir. Sələmçilik o dərəcədə ağır və mənfur günahdır ki, hətta iman bu günahkarları əbədi cəzadan qorumağa qadir deyil. Lakin bu dini hökm, ancaq müəyyən şərait yarandıqda və buna maneçilik edən amillərin heç biri olmadıqda qüvvəyə minir və buna görə də həm bu ayə və həm də gələcək cəzalar haqqında bütün qalan ayələr xəvariclərin baxışları üçün dəlil ola bilməz. Müsəlmanlar Quranın və Sünnənin bütün mətnlərini qəbul etməli və insanın qəlbində heç olmazsa xardal dənəsi böyüklükdə də imanın olması ilə əlaqədar onun hökmən Cəhənnəmi tərk edəcəyi barədə çoxsaylı dəlilləri isə inkar etməməlidir. İnsan ancaq ağır cinayətlər işlədib, onları tövbə etmədiyi halda Cəhənnəmə atılmaqla cəzalandırılır.
(276) “Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz”.
Uca Allah xəbər verir ki, müamiləçilərin və sələmçilərin qazancını puç edəcək, xeyriyyəçilərin isə sədəqələrini artıracaq, amma çox vaxt adamlara elə gəlir ki, əslində hər şey əksinə baş verir. Çox adamlar var ki, onlar sədəqənin onları var-dövlətdən məhrum etdiyini, sələmin isə xoş güzəranlarını daha da artırdığını hesab edirlər. Zənginlik və dünya malı Uca Allahın əlindədir və onları əldə etməyə layiq olmaq ancaq halal əməllər sayəsində və Allahın hökmlərini yerinə yetirməklə mümkündür. Əgər insan sələm yeməyə cəsarət edirsə, o, hökmən cəzaya məruz qalacaqdır. Belə insanların taleyi onların gözlədiklərinin əksinə yekunlaşır ki, bunu ətrafımızda baş verən hadisələr də təsdiq edir. Allahın Özündən daha doğru danışan kim ola bilər?! Allahın nazil etdiyi nemətlərə görə Ona minnətdarlıq etməkdən boyun qaçıran, Onun mərhəmətini inkar edən və Ona itaətsizlik etməkdən əl çəkməyən naşükür günahkarlar Onda nifrət oyadır.
Bu ayədən belə bir nəticə çıxarmaq olar ki, Allah Onun çoxsaylı nemətlərinə görə minnətdarlıq, şükür edən və yol verdikləri günahları və xətalarını tövbə edən qullarını sevir.
(277) “Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Allah bu ayəsini sələmçilik ayələrinin mətni ilə yanaşı ona görə yerləşdirib ki, imanın möhkəmləndirilməsinin və onun bütün tələblərinin yerinə yetirilməsinin – sələmdən uzaqlaşmağa kömək edən ən mühüm amil olmasını insanlara izah etsin. Xüsusilə, bu, namaza və zəkata aiddir, çünki əgər birinci çirkin və qınanılan əməllərdən saxlayırsa, sonuncu məxluqlara xeyirxah münasibətin formasıdır ki, özlüyündə, əsası zalımlıqdan ibarət olan sələmçiliklə bir araya sığışmır.
(278) “Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın”.
(279) “Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar”
Bu ayələrdə Uca Allah möminlərə müraciət edərək Ondan qorxmalarını və sələmə əsaslanan və əvvəllər bağladıqları bütün əqdlərini ləğv etməyi buyurur. O, bildirir ki, əgər insanlar bunu etməsələr, onlar Allahla və Onun Elçisi (s.ə.s.) ilə düşmən olacaqlar. Bu, sələmçiliyin və müamilənin əxlaqa zidd olan ən böyük dəlillərindən biridir. Əgər insan inadla sələm yeməkdə davam edirsə, o, sanki Allah və Onun Elçisinə (s.ə.s.) qarşı müharibə edir. Əgər o, sələmçilik və müamilə ilə məşğul olmasına görə tövbə etdikdə, ona ilkin sərmayəsini geri götürməyə icazə verilir. Belə davrandıqda, o, əvvəllər ona sələm verməyə məcbur etdiyi şəxsləri incitmir və özü də zərərə düşmür, çünki öz ilkin sərmayəsini geri alır.
Bir sözlə, insan sələmçilik və müamiləçilik etməkdə tövbə edərsə, onun əvvəllər bunlarla əlaqədar bağladığı və sona çatdırdığı bütün əqdlər və sazişlər ona bağışlanır. Onların bəziləri hələ qüvvədə qaldıqda, o, özünün ilkin sərmayəsini götürməklə qane olmalıdır və belə müqavilələr üzrə sələm almaq artıq azğınlığa bərabər cinayətdir.
Bu ayələrdə sələmçiliyin qadağan olunmasının hikməti şərh edilir və göstərilir ki, sələm ehtiyac içində olan insanlara qarşı ədalətsizlikdir. Müamilə verən onlardan zəruri olduğundan daha artığını götürür, onların borc üzrə öhdəliyini artırır, halbuki o, öz borclusuna verdiyi möhləti zəruri olduqda artırmalıdır. Məhz buna görə növbəti ayədə buyurulur:
(280) “Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir”.
Borclu olan şəxs ağır şərait içindədirsə və borcunu verə bilmirsə, onda borc verən ona borclarını ödəmək imkanı yaranana qədər möhlət verməlidir. Borcu qaytarmalı olan kəs də, öz növbəsində, icazə verilən bütün vasitələrdən istifadə edərək borcunu ləngitmədən qaytarmağa çalışmalıdır. Əgər borcverən rəhm edərək, borcunun yarısını və ya hamısını ona bağışlayarsa, bu, borcverənin öz xeyrinə etdiyi bir əməl olar. İnsana şəriət hökmlərini yerinə yetirməyin asanlaşdırılması, sələmçiliyə əsaslanan əqdlərin bağlanmasından çəkinməsi və ehtiyacı olanlara yardım göstərilməsi üçün o, qəti bilməlidir ki, bir dəfə vaxt gələcək, o, Allaha qayıdacaq və O, ona etdikləri əməllərin əvəzini bütövlüklə verəcək və onu bir zərrə ağırlığında belə incitməyəcəkdir. Bax elə buna görə Allah sonra belə buyurur:
(281) “Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır”.
(282) “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir”.
Yaradan Öz qullarına əqdlər və müqavilələr bağladıqları zaman faydalı qaydaların köməyi ilə öz haqlarının qorunması barədə qayğı çəkmələrini tələb edir. Həmin qaydalar o dərəcədə gözəldir ki, hətta ağıl sahibi olan kişilər belə onlardan daha kamilini fikirləşməyə qabil deyillər. Bu ayədən bir neçə faydalı nəticələr çıxarmaq olar.
Şəriət borc pul götürməyə və kreditlə mal almağa icazə verir, çünki Allah bildirir ki, möminlər belə edirlər. Möminləri səciyyələndirən istənilən əməl onların imanının və əqidəsinin nəticəsidir və onların xatırladılması Qüdrətli Hökmdarın və Hakimin onları bəyəndiyini göstərir.
Borc öhdəliyi və əmlakın icarəyə götürülməsi haqqında müqavilələr bağlayarkən hökmən müqavilənin son müddəti göstərilməlidir.
Belə müqavilələrin bağlanması zamanı onların qurtaracağı son müddət göstərilməzsə, onlar qanunsuz olur və təhlükəli nəticələr verə bilər və bu qumara oxşayır.
Uca Allah borc öhdəlikləri haqqında müqavilələri yazmağı əmr etmişdir. Hüquqlara riayət edilməsi məcburi olduqca bu hökm də məcburi hesab olunur, məsələn, etibarnamə veriləndə və ya qəyyumluq haqqında müqavilə bağlandıqda, yetimin əmlakına sərəncam verildikdə, vəqf (özgəninkiləşdirilməyən) əmlakı (icarəyə) götürüldükdə və ya zəmanət verildikdə. İnsan kifayət qədər əsası olduqda müəyyən haqları tələb etdiyi hallarda, o, demək olar ki, məcburidir və şəraitdən bu və ya başqa dərəcədə asılı olaraq arzuedilən də hesab edilə bilər. Bütün hallarda müqavilənin yazılı formada tərtib edilməsi hər iki tərəfin hüquqlarının qorunmasını təmin edən ən mühüm amillərdən biri hesab olunur, çünki heç kimin unutqanlıqdan və səhvlərdən zəmanəti yoxdur və məhz bu vasitə ilə Allahdan qorxmayan fırıldaqçılardan qorunmaq mümkündür.
Uca Allah katiblərə hər iki tərəfin götürdüyü öhdəliyi, tərəflərdən birinə, qohumluğuna və ya başqa səbəbə görə, güzəşt etməyərək və digər tərəfin haqqını, düşmənçilik üzündən və ya başqa səbəbə görə, tapdalamayaraq, ədalətlə yazmağı tapşırır.
Müqavilələrin yazılı formada tərtib edilməsi ən bəyənilən əməllərdən biridir və hər iki tərəfə qarşı yaxşılıq etmək kimi sayılır. Bu, hər iki tərəfin haqlarının qorunmasına səbəb olur və onları əlavə öhdəliklərdən azad edir və buna görə də katib öz vəzifəsini vicdanla yerinə yetirməlidir ki, öz mükafatından zövq ala bilsin.
Katib öz vəzifəsini düzgün və ədalətlə yerinə yetirə bilən və öz ədalətliliyi ilə tanınmış insan olmalıdır. Əgər bir adam doğru-dürüst müqavilə tərtib etməyi bacarmırsa, onda öz vəzifəsini yerinə yetirə bilməz; əgər o ədalətli insan deyilsə, etibara və ətrafındakıların hörmətinə layiq deyilsə, onda onun tərtib etdiyi müqavilə də insanlar tərəfindən qəbul edilməyəcək və tərəflərə öz hüquqlarını qorumağa kömək etməyəcəkdir.
Katibin ədalətliliyinə onun öz fikirlərini savadlı ifadə etmək, müxtəlif müqavilələrin tərtibatında zəruri olan terminologiyadan istifadə etmək bacarığı da əlavə olunmalıdır. Bu zaman adət və ənənəvi qaydalara riayət edilməsinə mühüm yer verilir.
Müqavilələrin yazılı formada tərtib edilməsi Allahın Öz qullarına göstərdiyi lütfüdür və onlar bunsuz öz dini və dünyəvi vəzifələrini qüsursuz yerinə yetirə bilməzlər. Əgər Allah insana müqavilələri savadlı tərtib etmək bacarığı öyrədibsə, deməli ona böyük mərhəmət göstərmişdir və buna görə Allaha layiqincə minnətdarlığını bildirmək üçün, o, başqa insanlara kömək etməli, onlar üçün müqavilələr tərtib etməli və onlara belə bir xidmət göstərməkdən boyun qaçırmamalıdır. Buna görə, katiblərə müqavilələr tərtib etməkdən boyun qaçırmamaq əmr edilmişdir, çünki bu bacarığı onlara Allah öyrətmişdir.
Katib, digər tərəf qarşısında maddi öhdəliklər daşıyan şəxsi, əgər o, öz öhdəliklərini aydın ifadə edə bilirsə, tanıdığını qeyd etməlidir. Əgər o, azyaşlı, ağıl zəifliyi, dəliliyi, lallığı və ya bacarıqsız olması səbəblərinə görə bunu edə bilmirsə, onun əvəzinə müqaviləni qəyyumu yazdırmalıdır və o, müqavilə bağlanmasında məsuliyyət daşıyan şəxs rolunda çıxış edir.
Tanıma (təsdiq etmə), insanların hüquqlarının təsdiq olunması vasitəsi kimi mühüm şərtlərdən biridir və buna görə Uca Allah katiblərə məhz maddi məsuliyyət daşıyan tərəfləri tanıdığını yazmağı əmr edir.
Əgər insan azyaşlılığına, ağıl zəifliyinə, dəliliyinə və ya başqa səbəblərə görə tam məsuliyyət daşımaq qabiliyyətinə malik deyilsə, onda onun adından qəyyumu çıxış etməlidir.
Qəyyum öz himayəsi altında olanın hüquq və vəzifələrinin tanınmasının tələb edildiyi bütün hallarda onun adından çıxış etməlidir.
Əgər insan başqa bir şəxsi öz vəkili təyin edirsə və ya ona insanlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsində müəyyən səlahiyyətlər verirsə, onda onun səlahiyyətli nümayəndəsinin sözləri məqbul sayılır, çünki o, ona səlahiyyət vermiş şəxsin adından çıxış edir. Əgər qəyyumlara, tam məsuliyyət daşımaq qabiliyyəti olmayanların adından danışmağa icazə verilirsə, onda belə icazə, öz iradəsi ilə müəyyən səlahiyyət verən şəxslərin səlahiyyətli nümayəndələrinə də verilir. Belə səlahiyyətli nümayəndələrin sözləri qəbul edilir və hüquqi qüvvəyə malik olur, fikir ayrılığı yarandıqda isə, səlahiyyət verənlərdən daha çox, onların səlahiyyətli şəxslərinə üstünlük verilir.
Maddi məsuliyyət daşıyan insan müqaviləni və ya razılaşmanı yazdırarkən Allahdan qorxmalıdır və digər tərəfin hüquqlarını məhdudlaşdırmamalı, öz öhdəliklərinin kəmiyyət və keyfiyyət göstəricilərini azaltmamalı və müqavilənin şərtlərini təhrif etməməlidir. Əksinə, o, digər tərəf qarşısında öz öhdəliklərini tam təsdiq etməli, eynilə də digər tərəf onun qarşısında öz öhdəliklərini tam təsdiq etməlidir. Tərəflər belə etmədikdə, onlar çəkidə aldadanlar və fırıldaqçılar sırasına düşürlər.
Müsəlmanlar öz öhdəliklərini, hətta bu öhdəliklər ətrafdakılar tərəfindən qeyd olunmasa da, təsdiq etməlidirlər. Belə davranış – təqvalılığın ən şərəfli göstəricisidir. Əgər insan, digər tərəfin qeyd etmədiyi üçün yadında saxlamadığı, öz öhdəliyi haqqında xəbər vermirsə, bu onun qüsurluluğuna və təqvalılığının natamamlığına dəlalət edir.
Müsəlmanlar ticarət əqdləri bağlayarkən şahid çağırmalıdırlar. Borc öhdəliklər haqqında müqavilələrin bağlanması şahidlərin iştirakına dair müddəa, belə müqavilələrin yazılı formada tərtib edilməsinə dair, artıq şərh etdiyimiz, müddəaya bənzərdir, çünki əslində onların tərtib edilməsində şahidlik qeyd olunur. Nağd sövdələşmələrə gəldikdə isə, onlar yaxşı olar ki, şahidlərin iştirakı ilə bağlansın, amma bu zaman yazılı müqavilələr tərtib edilməyə də bilər, çünki nağd alver geniş yayılmışdır və yazılı müqavilələrin hər dəfə tərtib edilməsi yorucudur.
Şahidlər iki nəfər ədalətli kişi olmalıdır. Əgər onları tapmaq mümkün deyil və ya çətindirsə, onda şahidlər bir kişi və iki qadın ola bilər. Bu, istər ticarət əqdlərinin və ya borc öhdəlikləri haqqında müqavilələrin bağlanması olsun, istərsə də onların şərtləri ilə və ya sənədlərlə bağlı rəsmiləşdirilmələr olsun, insanlar arasında bütün qarşılıqlı münasi-bətlərə şamil edilir.
Burada belə bir məsələ çıxa bilər, şərh etdiyimiz gözəl ayə iki kişinin və ya bir kişinin və iki qadının şahidliyini tələb etdiyi halda, niyə Muhəmməd Peyğəmbər (s.ə.s.) andla təsdiq edilmiş bir şəhadətin əsasında qərar qəbul edirdi? İş orasındadır ki, bu gözəl ayədə Yaradan qullarını öz hüquqlarını qorumaq haqqında qayğı çəkməyə çağırır və bunun ən kamil və etibarlı formasını xatırladır, lakin bu ayə heç də Peyğəmbərin (s.ə.s.) bir nəfərin andı ilə təsdiq olunmuş şahidliyinə əsaslanan qərarına müxalif deyil. Hüquqların qorunması məsələsinə gəldikdə isə, əqdlərin bağlanması ərəfəsində hər iki tərəf ən mükəmməl ehtiyat tədbirləri qəbul etməlidirlər. Mülki iddiaların həlli zamanı isə, onların araşdırılmasında ən inandırıcı dəlillər və sübutlar əsas götürülür.
İki qadının şahidliyi bir kişinin şahidliyinə ancaq dünyəvi məsələlərdə bərabərdir. Dini məsələlərdə isə, məsələn, hədislərin ötürülməsi və ya ictihad məsələlərində onlarda bir qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir və bu iki şərait arasında fərq aydındır.
Uca Allah bir kişinin şəhadətinin iki qadının şəhadətinə bərabər olmasının səbəbini göstərir. Bu ondan ibarətdir ki, qadınlar çox vaxt zəif yaddaşa malik olduqları halda, kişilərin isə yaddaşı yaxşı olur.
Əgər bir şahid hadisəni yaddan çıxartdıqda, ikinci şahid isə onu onun yadına saldıqda, əgər ona xatırladıldıqdan sonra hadisəni yaddaşında bərpa edirsə, belə unutqanlıq şahidin əhəmiyyətini azaltmır. Ayədən aydın olur ki, bir şahid qadın yanıldıqda, ikinci qadın hadisəni onun yadına salmalıdır. Həmçinin hadisəni unutduqdan bir qədər sonra heç kəsin xatırlatması olmadan yadına salmış adamın şəhadəti qəbul edilməlidir, çünki şahidlik hadisədən xəbərdar və əmin olmağa istinad etməlidir.
Biz indicə qeyd etdiyimiz kimi, şəhadət xəbərdar və əmin olmağa istinad etməlidir və şübhələr üzərində qurula bilməz və əgər şahid öz dediklərinə şübhə edirsə, ona ifadə vermək qadağan edilir. Hətta əgər bir adam müəyyən ifadələr verməyə meyl edirsə də, o ona ancaq dəqiq məlum olan şeylər haqqında şahidlik etməlidir.
Şahid, şəhadət vermək məqsədilə dəvət edildikdə ifadə verməkdən boyun qaçırmaq haqqına malik deyil, özü də şahidlik etmək ləyaqətli əməl sayılır, çünki Allah möminlərə belə etməyi əmr etmiş və bunun faydası haqqında xəbər vermişdir.
Katibləri və şahidləri onlar üçün əlverişli olmayan vaxtda və onlara zərər vura bilən şəraitdə vəzifələrini yerinə yetirməyə çağırmaqla onlara zərər vermək qadağan edilmişdir. Məsuliyyət daşıyan tərəflərin də katiblərə və şahidlərə zərər vurmaq haqqı yoxdur, katib və şahidlər də, öz növbəsində, məsuliyyət daşıyan tərəflərə və ya onlardan birinə zərər vurmamalıdırlar. Buradan aydın olur ki, əgər müqavilələrin və bağlaşmaların yazılı formada tərtib edilməsi və şahid kimi ifadə vermək zərərli olarsa, insanlar katib və şahid vəzifələrini yerinə yetirməkdən boyun qaçırarlar.
Uca Allah qeyd edir ki, müsəlmanlar xeyirxahlıq edən şəxslərə zərər verməməlidirlər və onları öhdəsindən gələ bilməyəcəkləri işlə çətinliyə salmamalıdırlar. Uca Allah buyurur: “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?” (Rəhman, 55/60). Qaldı ki, yaxşılıq edənlərə, onlar öz vəzifələrini ən mükəmməl surətdə yerinə yetirməli və insanları onlara göstərdikləri xidmətə görə minnətçi etməməli, nə sözləri və nə də işləri ilə onları incitməməlidirlər, çünki əks halda əməlləri xeyirxah əməl sayıla bilməz.
Katib və şahidlər göstərdikləri xidmətə görə mükafat almaq haqqına malik deyillər, çünki Allah qullarına müqavilələri yazmaq və şahidlik etmək vəzifəsi tapşırdığı halda, göstərdikləri belə xidmətlərə görə muzd almaq müqavilə və saziş bağlayan tərəflərə zərər vurardı.
Uca Allah Onun bu şərəfli nəsihətlərini qüsursuz yerinə yetirən qullarının diqqətini əldə edəcəkləri böyük faydaya yönəldir. Onlar öz haqlarını saxlaya, ədalətə riayət edə, mübahisələrdən və qarşılıqlı iddialardan qurtula, unutqanlıqdan və huşsuzluqdan sığortalana bilərlər. Məhz buna görə, Allah bildirir ki, nazil edilmiş hökmlərə riayət edilməsi Onun qarşısında daha ədalətli, şahidlik üçün daha inandırıcı və şübhələrdən çəkinmək üçün yaxşı olardı. İnsanlar bu məsələlərdə, həqiqətən də, böyük ehtiyac duyurlar.
Müqavilələrin yazılı formada tərtib edilməsi qaydalarının öyrənilməsi dini məsələlərə aiddir, çünki bu qabiliyyət imanı qoruyub saxlamağa və dünyəvi rahatlığı təmin etməyə və həmçinin ətrafdakılara xidmət göstərməyə imkan verir.
Əgər Allah bir insana, başqa insanların ehtiyacı olduğu xüsusi bir qabiliyyət bəxş edirsə, buna görə Ona layiqincə minnətdarlıq bildirmək üçün, həmin insan öz bacarığından Onun qullarının xeyri üçün istifadə edərək, onların ehtiyaclarını ödəməlidir. Belə bir nəticəyə ona görə gəlmək olur ki, yazılı şəkildə müqavilələrin tərtib edilməsindən yayınmanın qadağan olunmasından o saat sonra, Allah katiblərə xatırladır ki, məhz O, onlara düzgün müqavilə tərtib etməyi öyrətmişdir. Hərçənd belə xidmət göstərilməsi onların vəzifəsi olsa da, onlar öz qardaşlarının ehtiyaclarını yerinə yetirdikcə, Allah da onların ehtiyaclarını mütləq təmin edəcəkdir.
Şahidlərə və katiblərə zərər vurmaq günahdır və bu, Allahın dediklərinə qulaq asmamaq və Ona itaətsizlik etmək deməkdir. Günahkarlıq özünü az və çox dərəcədə müxtəlif formalarda büruzə verə bilər və ona görə də, O, bu hökmü yerinə yetirməyən dindarları fasiq adlandırmır, ancaq onların günah işlətdiklərini bildirir. İnsan Rəbbinə itaətdən nə qədər uzaqlaşırsa, onun şərəfsizliyi və günahkarlığı da bir o qədər artır.
Təqva bilik əldə etmənin vasitəsidir, çünki Allah Ondan qorxan iman sahibləri olan qullarına təlim verəcəyini vəd edir. Bu məsələyə dair digər ayə daha səciyyəlidir: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir” (Ənfal, 8/29).
Əldə edilən faydalı biliklərə təkcə ibadət ayinləri ilə bağlı dini məsələlərin öyrənilməsi deyil, habelə insanlar arasında qarşılıqlı münasibətlərlə bağlı olan dünyəvi elmlərin öyrənilməsi də daxildir və bu ona görədir ki, Allah qullarının bütün dini və dünyəvi işləri haqqında qayğı çəkir və buna görə də Onun Müqəddəs Kitabında hər cür məsələlər öz izahını tapmışdır.
(283) “Əgər səfərdə olsanız və katib tapmasanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir”.
Bu ayədən çoxsaylı faydalı nəticələr çıxartmaq olar.
Əqdlər və müqavilələr bağlanarkən girov götürmək və zəmanət tələb etməyə icazə verilir ki, bunlar da, öz növbəsində, qula, tərəflərin kimliyindən – mömin və ya günahkar, etibarlı insan və ya əhdini pozan fırıldaqçı olmasından asılı olmayaraq, ona çatacaq haqqı almağa imkan verir. Belə zəmanətlər insanlara öz hüquqlarını qorumağa imkan verir və mübahisələri aradan qaldırır.
Ən yaxşı zəmanət – götürülməsi mümkün olan girovdur. Lakin bu hələ o demək deyildir ki, götürülməsi və aparılması mümkün olmayan girov qanuni qüvvəsi olmayan girovdur. Uca Allah ələ götürülməsi mümkün olan girovu xatırladaraq izah edir ki, girovu ələ götürmək mümkün olarsa, onda o, insanın hüquqlarının qorunmasının ən etibarlı zəmanətidir. Lakin onu ələ almaq mümkün olmadıqda, belə girovun zəmanəti mükəmməl sayılmır.
Alınıb götürülən girovun müəyyən edilməsi haqqında hökm təsdiq edir ki, girov qoyanla girov saxlayanın arasında borc və girovla əlaqədar mübahisə yarandıqda, son söz girov saxlayana məxsus olur, çünki onun haqqı daha çoxdur və bunun səbəbi də onun əlində qalan girovun onun hüquqlarının zəmanəti olmasıdır. Əgər son qərar ona məxsus olmasaydı, katibin və şahidlərin olmadığı bir şəraitdə, girovsaxlayanın hüquqlarının qorunmasına zəmanət verilə bilməzdi.
Tərəflər bir-birilərinə etibar etdikdə, onların hüquqlarını qoruyan zəmanət və şahidlər olmadan, müqavilə bağlamağa icazə verilir. Lakin belə hallarda onlar Allahdan layiqincə qorxmalıdırlar, çünki əks təqdirdə, almalı olacağından məhrum ola bilər. Məhz buna görə, belə şəraitdə Allah maddi məsuliyyət daşıyan şəxslərə Ondan qorxmağı və ona saxlanmağa verilmiş əmlakı tam qaytarmağı əmr edir.
Bir nəfər başqa birisinə, onun dindarlığına və sədaqətliliyinə görə öz əmlakını etibar etdikdə, bu ona böyük şərəfdir və buna görə maddi məsuliyyət daşıyan şəxs ona saxlanmağa etibar edilmiş əmlakı iki səbəbə görə: məhz belə davranmağı əmr etmiş Allahın qarşısında və həm də öz mülkiyyətini saxlamağı etibar edərək ona verənin qarşısında öz borcunu yerinə yetirmək üçün tam qaytarmalıdır.
Şəriət qəti olaraq şahidliyi gizlətməyi qadağan edir və əgər, buna baxmayaraq, insan yenə də bunu edirsə, onda onun qəlbi – orqanizmin ən vacib orqanı – günaha batmışdır. Bu onunla izah edilir ki, şəhadəti gizlətmək yalandan şəhadət verməyə bənzəyir və insanların hüququnun məhdudlaşdırılmasına və onların arasına qarşılıqlı münasibətlərin pozulmasına səbəb olur. Əgər insan belə bir günah iş tutursa, o, öz əməlinə görə məsuliyyət daşıyır, bu əməl digər tərəf qarşısında maddi məsuliyyət daşıyan şəxsin əməlidir.
Qeyd etmək lazımdır ki, girov götürməyə həm səfər zamanı və həm də daimi yaşayış yerində icazə verilir. Lakin şərh etdiyimiz ayədə ancaq səfər zamanı girovdan bəhs edilir, çünki məhz belə şəraitdə insanlar, adətən, katib və şahidlər tapa bilmirlər və girov qoymağa məcbur olurlar. Ayənin sonunda Allah, insanları ləyaqətli əqdlər bağlamaları, zərərli əqdlərdən qorunmaları üçün onları ruhlandırmaq məqsədilə xatırladır ki, qulların bütün hərəkətləri Ona büsbütün məlumdur.
(284) “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir”.
Uca Allah göylərdə və yerdə Özünün hüdudsuz hakimiyyəti və Özünün hər şeyi əhatə edən elmi ilə qullarının açıq-aşkar etdiklərini də və ürəklərində gizlətdiklərini də bildiyini xəbər verir. Allah onları etdikləri əməllərinə görə hökmən cavab verməyə çağıracaq və ancaq kimi istəsə, onu da bağışlayacaq. Bu qullar, Rəbbi qarşısında tövbə edənlər olacaqdır. Bununla əlaqədar Uca Allah buyurur: “Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır” (İsra, 17/25). Kimi də istəsə, Qüdrətli Allah əzabverici cəzaya məhkum edəcək. Bu bədbəxtlər, arası kəsilmədən qəlbən və cismən günah işlədərək Allaha itaətdən çıxmış kəslər olacaqlar.
Bu ayə, qəlbində pis fikirlər doğan, amma müvafiq əməllər etməyən və onlara uyğun pis sözlər danışmayan insanları Allahın bağışlayacağı haqqında hədislərə zidd deyil. İnsanın qəlbində ona xas olmayan və onun rədd etdiyi müxtəlif pis fikirlər ola bilər. Şərh olunan ayədə insanın qəlbində kök salmış təkcə qəti niyyətlərdən və sifətlərdən söhbət gedir ki, onların yaxşı və ya pis olması mümkündür.
Allah həmçinin bəyan edir ki, O, bütün varlıqlar üzərində hakimiyyət sahibidir və Onun qüdrətinin mükəmməlliyi, istənilən məxluqlarını məsuliyyətə cəlb etməyə, onları layiq olduqları ilə mükafatlandırmağa və ya cəzalandırmağa gücü çatmasında özünü göstərir.
(285) “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”
(286) “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edir. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
Peyğəmbərin (s.ə.s.) bir səhih hədisində rəvayət edilir ki, gecə bu iki ayəni oxumaq şərdən qorunmaq üçün bəs edər. Bunun səbəbi isə onların mübarək mənalarındadır. Bu surənin əvvəlki ayələrinin birində Allah insanları imanın bütün əsas müddəalarını qəbul etməyə dəvət edir: “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə, 2/136). Allah bu ayədə bildirir ki, Elçi (s.ə.s.) və möminlər dinin bu əsaslarına iman gətirdilər, bütün elçilərə və bütün kitablara iman gətirdilər. Onlar Kitabın bir hissəsini qəbul edib, digər hissəsini inkar edənlərə və ya bəzi elçiləri qəbul edib, digərlərini rədd edənlərə bənzəmədilər. Həqiqətən təhrif olunmuş dinlərin ardıcılları isə məhz belə edirlər.
Allahın Elçisinin (s.ə.s.) adının çəkilməsi ilə yanaşı möminlərin xatırlanması onlar üçün böyük şərəfdir. Bu ona dəlalət edir ki, Allahın Elçisinə (s.ə.s.) aid olan dini hökmlər onun ardıcıllarına da şamil edilir. O, bu hökmləri ən mükəmməl surətdə yerinə yetirmiş və bu sahədə bütün möminləri və hətta Allahın digər elçilərini də ötüb keçmişdir.
Sonra, Allah bildirir ki, möminlər belə deyirlər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar Peyğəmbərin (s.ə.s.) Quranda və Sünnədə onlara gətirdiklərini bütövlüklə əməl etməyi öhdələrinə götürürlər. Onlar dini qanunları səmimi qəlblə qəbul edərək və can-başla onlara itaət edərək qulaq asırlar, onların sözləri isə Allah qarşısında mütilik ifadə edir və dini vəzifələrini yerinə yetirməkdə onlara kömək göstərilməsi xahişini və fərz hökmləri yerinə yetirərkən yol verdikləri qüsurlarının və törətdikləri günahlarının bağışlanmasını nəzərdə tutur. Onlar Allaha müti halda dua edir və bu dua onlara fayda verir; Uca Allah Öz Peyğəmbərinin (s.ə.s.) sözü ilə: “Mən bunu artıq etmişəm!” deyə, ona cavab veribdir.
Allah bu duaları, əsasən, hökmən qəbul edir və onları ayrı-ayrı dindarlardan isə bir şərtlə, belə duaların qəbuluna maneə olan amillərin olmaması şərti ilə qəbul edir. Allah müsəlmanları, səhvən və ya unutqanlığı nəticəsində yol verdikləri hərəkətlərə görə məsuliyyətə çəkmir. Allah İslam şəriətini çox yüksək dərəcədə asanlaşdırmış və müsəlmanları, onlardan əvvəlki millətləri yüklədiyi kimi ağır yüklə və vəzifələrlə yükləmir. Allah müsəlmanlara, onların imkanlarını aşan vəzifələr yerinə yetirməyə hökm verməmiş, xətalarını onlara bağışlamış, onlara rəhm edərək kafirlər üzərində qələbə çalmağı əta etmişdir.
Biz, Uca Allahdan Onun gözəl adları və sifətləri vasitəsilə, dininin tələblərini yerinə yetirməyi bizə öyrədərkən bizə göstərdiyi mərhəməti vasitəsilə xahiş edirik ki, bu dualarımızı həyata keçirsin, Muhəmməd Peyğəmbərin (s.ə.s.) vasitəsilə bizə verdiyi vədini icra etsin və bütün mömin müsəlmanların işlərini qaydaya salsın.
Bu vəhydən bir sıra mühüm qaydalar çıxır. Onlardan ən birincisinə uyğun olaraq dini vəzifələri asanlaşdırmaq və bütün dini məsələlərdə müsəlmanları sıxıntıdan xilas etmək lazımdır. Digər qayda öyrədir ki, əgər insan ibadət ayinlərinin icrası zamanı Allah qarşısında səhvən və ya unutqanlığı üzündən vəzifələrini pozarsa, bağışlanmağa layiqdir. Əgər bu səbəblərə görə o, vəzifələrini məxluqlar qarşısında pozmuşsa, onda o, alçaldılmağa və qınanmağa layiq sayılmır. Lakin onun səhvi və ya unutqanlığı insanların ölümünə və ya əmlakın məhvinə səbəb olduqda, o, məsuliyyət daşıyır, çünki insanın başqa insanların həyatına və ya əmlakına nə qərəzlə, nə səhvən və nə də unutqanlığı üzündən qəsd etmək haqqı yoxdur.
Tarix: 20.04.2013 / 16:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2348 Bölmə: Sureler