Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 86-96 Ayələr

(86) “Sizə salam verəni daha yaxşı və ya eyni sözlə salamlayın! Həqiqətən, Allah hər şeyi hesaba alır”.

Salamlamaq ifadəsi altında insanların görüşdükləri anda bir-birinə öz hörmətlərini bildirmək üçün söylədikləri sözlər, bir-biriləri üçün etdikləri dua-səna və həmçinin onları müşayiət edən təbəssüm və gülərüzlülük nəzərdə tutulur. Rastlaşan zaman hal-əhval soruşmanın ən yaxşı forması, İslam şəriətində qəbul edilmiş, salam verməkdir. İnsanları salamla qarşılamaq və onların salamlarına eynilə cavab vermək lazımdır.
Uca Allah möminlərə əmr edir ki, onlara yönəldilən hər hansı salamlaşmaya daha yaxşı sözlərlə və ən xoş təbəssümlə və yaxud eşitdikləri eyni ifadə ilə cavab versinlər. Buradan aydın olur ki, müsəlmana salamlaşana heç cavab verməmək və ya onun salamından əskik cavab vermək qadağan edilir.
Bu kəramətli ayə müsəlmanları insanlarla rastlaşarkən birinci olaraq salamlaşmağa çağırır. Bu nəticənin xeyrinə iki dəlil vardır. Birincisi, Allah salamlaşanlara ən yaxşı sözlə və yaxud eyni ifadə ilə cavab verməyi əmr edir və bundan aydın olur ki, salam vermək şəriətin tələbidir. İkincisi, bu ayədə sifətin müqayisəli “əhsən” (“daha yaxşı”) dərəcəsi verilmişdir ki, ondan da salamlaşmanın və ona cavab vermənin gözəl olması aydınlaşır. Belə ayələri təfsir edərkən məhz bu prinsipə əsaslanmaq lazımdır.
Bu ayənin ümumi mənasından olan bir-neçə istisna vardır ki, o hallarda müsəlmana salamlaşana cavab vermək əmr olunmamışdır, məsələn, o, Quran oxuyanda, xütbə dinləyəndə və ya namaz qılanda. Bu və başqa bənzər hallarda müsəlmandan salama cavab vermək tələb olunmur. Qanunyaradan salamlaşana cavab verməyin bir müstəsna halından da çəkinməyi və cavab verməməyi əmr etmişdir. Bu, tövbə etmək istəməyən günahkarlara aiddir ki, onlardan uzaq olmaq və bu üsulla onları itaətsizlikdən çəkindirmək hökmü verilmişdir. Müsəlmanlar onlara birinci olaraq salam verməməli və hətta onların salamını almamalıdırlar, çünki belə davranış daha vacib məqsədə yetişməyə səbəb olur.
Salamlaşmağa cavab vermək hökmü insanların, bir qayda olaraq, istifadə etdiyi və şəriətə zidd olmayan bütün salam formalarına aiddir. İnsanlara onlara daha yaxşı və ya eyni sözlərlə cavab verməlidirlər.
Sonra Uca Allah ayədə qullarını saleh əməllərə görə mükafatlandıracağını və günahlarına görə cəzalandıracağını vəd edir, axı O, hər şeyi hesaba alır və Öz qulları üçün onların yaxşı və pis əməllərini yadda saxlayır ki, onlar Onun mərhəmətinə, ədalətinə və müdrikliyinə uyğun olaraq əvəzini ala bilsinlər.


(87) “Allah – Ondan özgə məbud yoxdur! O, şəkk doğurmayan Qiyamət günü hökmən sizin hamınızı toplayacaqdır. Kimin sözü Allahınkından doğru ola bilər?!”

Uca Allah bildirir ki, Tək O, ibadətə və pərəstişə layiqdir. O, təklikdə kamil mahiyyətə və qüsursuz sifətlərə malikdir. O, təkbaşına yaradır, idarə edir və yalnız O, qullarını hər cür maddi və mənəvi nemətlərlə təmin edir. Bu barədə xatırlatmalar Allaha ibadət etmək və Ona istənilən ibadət ayinləri ilə yaxınlaşmaq hökmünü əks etdirir. Təkcə Allah belə münasibətə layiqdir və O, insanlara Onun qarşısında öz vəzifələrini yerinə yetirdiklərinə və ya onlardan imtina etdiklərinə görə hökmən əvəzini verəcəkdir.
Buna görə, daha sonra Allah ədalətli əvəz veriləcək Qiyamət gününün labüdlüyünə and içir. O, vəd edir ki, əvvəlki və sonrakı insanları bir yerə toplayacaqdır. Həmin Günə şəkk gətirmək olmaz, çünki onun gerçəkliyi məntiqi sübutlar və şifahi hekayətlərlə təsdiq olunur.
Məntiqi sübutlara gəlincə isə, biz yer üzünün quraqlıqdan sonra həyata qayıtmasını müşahidə edə bilərik. Biz məxluqların ilk dəfə dünyaya necə gəldiyini görürük və anlayırıq ki, onları ikinci dəfə yaratmaq daha da asandır. Biz başa düşürük ki, Allah Öz ilahi müdrikliyinin əksinə getməz və məxluqlarını əbəs yerə, təkcə həyat sürmələri və ölmələri üçün yaratmazdı.
Şifahi hekayətlərə dair demək olar ki, onlara Haqq Sahibi Allahın sözləri və hətta andları da daxildir. Kimin sözləri Onun sözlərindən doğru ola bilər?! Bundan başqa, bir-neçə ayədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr edilmişdi ki, Qiyamət gününün həqiqiliyinə and içsin. Uca Allah buyurmuşdur: “Kafirlər əsla dirildilməyəcəklərini güman edirlər. De: “Əksinə, Rəbbimə and olsun ki, siz hökmən dirildiləcəksiniz, sonra isə törətdikləriniz sizə bildiriləcəkdir ki, bu da Allah üçün çətin deyil” (Təğabun, 64/7).
Kimin nitqi Allahın nitqindən daha doğru ola bilər? Kimin sözü Onun sözündən daha doğru ola bilər? Şübhəsiz ki, Allahın sözləri və nəql etdikləri həqiqqəti əks etdirən rəvayətlərdir. Allahın dediklərinə zidd olan hər hansı baxışlar, biliklər və əməllər isə yalan və yanlışdır. Rəbbin şəkk edilməyən gerçək sözləri ilə ziddiyyət təşkil edən nə varsa, düzgün ola bilməz.



(88) “Siz niyə münafiqlərlə bağlı iki dəstəyə ayrıldınız? Allah onları öz törətdiklərinə görə əvvəlki hala salmışdır. Doğrudanmı siz Allahın azdırdığı şəxsi düz yola qoymaq istəyirsiniz? Allahın azdırdığı şəxs üçün sən heç vaxt yol tapmazsan”.

(89) “Onlar istəyirlər ki, siz də onlar kimi kafirliyi qəbul edib bərabər olasınız. Buna görə də onları, Allah xatirinə hicrət edənə qədər özünüzə köməkçi və dost tutmayın. Onlar üz döndərərlərsə, onda onları harada görsəniz yaxalayın və öldürün. Onlardan özünüzə nə havadar və nə də köməkçi götürməyin!”

Münafiqlərin adı altında özünü müsəlman kimi göstərən və öz kafirliyi üzündən hicrət etməkdən boyun qaçıran insanlar nəzərdə tutulur. Səhabələr onlara şübhə ilə yanaşırdılar və onlara münasibətdə rəyləri haçalaşdı. Səhabələrin bəziləri onlara qarşı döyüşmək və onlarla münasibətlərini kəsmək istəmirdilər, çünki onlar özlərini mömin kimi aparırdılar. Digər səhabələr isə onların əməllərinə görə əsil sifətlərini artıq başa düşmüşdülər və onları küfrdə ittiham edirdilər.
Belə olduqda Uca Allah müsəlmanlara münafiqlər barədə şübhə etməməyə əmr nazil etdi, axı onların vəziyyəti aydın idi. Onlar əsil münafiqlər idilər və dəfələrlə kafirliyə qayıtmışdılar. Buna baxmayaraq, onlar özlərini möminlərə oxşatmaq istəyirdilər. Bu o deməkdir ki, müsəlmanlara onları sevmək qadağan edilmişdi, dostluq isə məhəbbətin bir təzahürüdür. Bu həm də onu bildirir ki, onlara münafiqlərə nifrət bəsləmək və onlarla düşmənçilik etmək əmr olunmuşdu, axı hər hansı qadağa qarşı-qarşıya gəlməyi əmr edir.
Allah əmr edir ki, münafiqlər hicrət edənə qədər onlara belə münasibət göstərsinlər, çünki hicrət etdikdən sonra onlar digər müsəlmanlarla eyni hüquqa sahib olurdular. Məhz buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara məxsus olan hüquqları, həqiqi iman sahibi və ya özünü müsəlman kimi göstərən münafiq olmasından asılı olmayaraq, onunla bərabər olan və onun yanına hicrət edənlərin hamısına verirdi. Əgər münafiqlər hicrət etmir və bu hökmü yerinə yetirmirdilərsə, müsəlmanlara icazə verilmişdi ki, istənilən vaxtda və istənilən yerdə onları yaxalayıb öldürsünlər.
Bu ayə haram aylarda vuruşmaya qoyulan qadağanın ləğv olunmasının dəlillərindən biri idi. İslam alimlərinin əksəriyyəti bu rəyi müdafiə edirlər. Onlara etiraz edənlər belə hesab edirlər ki, bu nasslar ümumi məna daşıyır, amma haram aylarda döyüşün qadağan olması xüsusi istisnadır.

(90) “Lakin sizinlə müqavilə bağlamış bir xalqa sığınanlar və ya nə sizə qarşı və nə də öz qəbiləsinə qarşı döyüşmək istəmədiyinə görə qəlbi daralanlar istisnadır. Əgər Allah istəsəydi onlara sizin üzərinizdə qələbə çalmağa imkan verərdi və onda onlar sizinlə hökmən vuruşardılar. Bir halda ki, onlar sizdən geri çəkildilər, sizinlə döyüşmək istəmədilər və sizə sülh təklif edirlər, onda Allah sizə onlara qarşı çıxmağa yol vermir”.

(91) “Siz başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən və həm də öz xalqından təhlükəsizliklərinə zəmanət əldə etmək istəyirlər. Hər dəfə onları fitnəkarlığa sövq etdikdə onlar başlarını da qaldırmadan ona dalırlar. Əgər onlar sizdən geri dönməsələr, sizə barışıq təklifi etməsələr və sizdən əllərini üzməsələr, onda onları harada aşkar etsəniz yaxalayıb öldürün. Biz sizə onlara qarşı aydın dəlil təqdim etmişik”.
Allah müsəlmanlara üç qrup münafiqlərlə döyüşməyi qadağan edir, həm də onlardan ilk ikisi ilə döyüşməyi hər hansı şəraitdən asılı olmayaraq qadağan edir. Onlardan birincisinə aid olanlar, müsəlmanların sülh müqaviləsi bağladığı topluma pənah aparmış münafiqlərdir. Bu topluma sığınaraq onlar öz canları və mallarının təhlükəsizliyini təmin etmişlər.
İkinci qrupa aid olan münafiqlər müsəlmanlara və öz xalqına qarşı vuruşmaqdan ürəyi sıxılaraq möminlərin yanına gələnlərdir. Onların mənəvi-əxlaqi vəziyyəti onlara həm müsəlmanlara və həm də öz qəbilədaşlarına qarşı döyüşməyə yol vermir və buna görə onlar hər iki tərəflə vuruşmaqdan imtina etməyi üstün tuturlar. Müsəlmanlara əmr olunmuşdu ki, onları rahat buraxsınlar və bunun səbəbi ondaydı ki, əgər Allah istəsəydi onlara möminlər üzərində qələbə çalmağa imkan verərdi və o zaman onlar mütləq müsəlmanlara qarşı döyüşərdilər.
Münafiqlərin qarşısında üç açıq yol vardı. Onlar möminlərin tərəfini saxlayaraq onların düşmənlərinə qarşı vuruşa bilərdilər. Lakin onların vəziyyətində bu mümkün deyildi və buna görə onlara bir o qalırdı ki, ya sizə qarşı öz xalqı tərəfində vuruşaydılar, ya da hər iki tərəflə döyüşməkdən boyun qaçırsınlar. Bu iki variantdan sonuncusu müsəlmanlar üçün daha əlverişli idi və onlar hadisələrin belə inkişafı ilə razı qalmalı və Allaha həmd etməliydilər ki, O, onları düşmənləri ola biləcək adamlarla döyüşməkdən xilas etmişdi. Bir sözlə, əgər münafiqlər müsəlmanlara qarşı döyüşməkdən imtina edərək, onlara barışıq təklif edirlərsə, Allah müsəlmanların onlara qarşı vuruşmasına icazə vermir.
Üçüncü qrupa isə öz maraqları barədə qayğı çəkən və müsəlmanlara heç bir hörmət bəsləməyən adamlar aid edilir. Bu münafiqlər müsəlmanlardan qorxurlar və həm onlardan və həm də öz xalqından təhlükəsizlik zəmanəti almaq istəyirlər. Onlar kafirlikdən imtina etmir və münafiqlikdən də əl çəkmək istəmirlər. Onlar fitnəkarlıq girdabına düşəndə gözləri tutularaq baş-ayaq olurlar, kafirliyin və münafiqliyin daha da dərinliyinə batırlar.
İlk nəzərdə bu münafiqlər qrupu ikinci qrupa bənzəyir, lakin əsil həqiqətdə onların arasında böyük fərq vardır. İkinci qrupa daxil olan münafiqlər öz həyatlarına görə ehtiyat etdiklərinə görə deyil, məhz möminlərə bəslədikləri hörmətə görə onlara qarşı döyüşmək istəmirlər. Birinci qrupa aid olan adamlar isə möminlərə hörmət etdiklərinə görə deyil, öz canlarından qorxduqlarına görə müsəlmanlarla döyüşməkdən imtina edirlər. Buna baxmayaraq, əgər onların əlinə möminlərlə vuruşmaq fürsəti düşsə, hökmən bundan istifadə edərlər. Buna görə, əgər müsəlmanlar bu münafiqlərin onları sakit buraxacağına və onlarla döyüşmək istəməyəcəklərinə tam əmin olmasalar, onlara qarşı döyüşmələrinə icazə verilir. Məhz bunu nəzərə alaraq Allah buyurur ki, əgər onlar müsəlmanlardan əl çəkib geriyə dönməsələr, onlara barış təklif etməsələr və silahı yerə qoymasalar, onda müsəlmanlar, onların harada olmasından asılı olmayaraq, onları yaxalayıb öldürə bilərlər. Allah həmin münafiqlərə qarşı müsəlmanlara açıq-aşkar bir dəlil vermişdir, çünki onlar cinayətkardırlar. Onlar möminlərlə zalımcasına davrandıqlarına, dinc yanaşı yaşamaqdan imtina etdiklərinə görə, özlərindən başqa heç kimi qınamamalıdırlar.


(92) “Möminə mömini öldürmək, səhvən törədilməsi istisna edilməklə, yaraşan iş deyil. Mömini səhvən öldürənin kimliyindən asılı olmayaraq, o, mömin bir qul azad etməli və qətl edilənin ailəsinə qanbahası ödəməlidir. Onların ödənci bağışlaması istisnadır. Əgər mömin sizə düşmənçilik edən qəbilədəndirsə, onda bir mömin qul azad etmək lazımdır. Əgər qətl edilən sizinlə müqaviləsi olan xalqa məxsusdursa, onda onun ailəsinə qanbahası verilməli və bir mömin qul azad edilməlidir. Kim bunu edə bilməsə, onda o, Allah qarşısında tövbə edərək iki ay ərzində fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir”.

Bir möminin bir başqasını qəsdən öldürməsi mümkün deyil. Bunun xatırlanması bu qadağanın qətiliyini xüsusilə vurğulayır və göstərir ki, möminin öldürülməsi həqiqi imanla qətiyyən bir araya sığmazdır. Belə bir hərəkəti ancaq kafir və ya itaətdən çıxmış, imanı tam tənəzzülə uğramış və daha böyük günaha yuvarlanma həddinə çatmış bir kəs edə bilər. Həqiqi iman heç vaxt insana imkan verməz ki, öz din qardaşını öldürsün. Belə qardaşlığın telləri insana digər möminləri sevməyi və onlarla dostluq etməyi və onlara heç bir ziyan vurmamağı bir vəzifə kimi həvalə edir. Məgər qətldən daha ağır iztirab varmı?
Bütün dediklərimiz: “Məndən sonra bir-birinizin başını vuraraq kafir olmayın” hədisi ilə təsdiq edilir. Bu o deməkdir ki, qətl əməldə kafirliyin təzahür etməsinə aid edilmişdir və Allaha şərik qoşmadan sonra ən ağır cinayətlərdən biridir.
İman sahiblərinin bir-birini öldürməsinin onlara yaraşmayan bir əməl olması müddəası geniş mənaya malikdir və bütün hallara şamil edilərək göstərir ki, müsəlman heç bir şəraitdə öz qardaşını öldürməməlidir. Allah buna görə, qətlin səhvən baş verməsi halları üçün istisnalar müəyyənləşdirmişdir. Əgər insan öncədən qəsd niyyəti olmadan qətl hadisəsi törədərsə, o, günah işlətməmiş və Allahın hədlərini aşmamış sayılır. Lakin bununla belə onun əməli olduqca çirkin və dəhşətli olaraq qalır, çünki faktın özü, insan onu təsadüfən törətsə də, nifrət doğurucudur. Buna görə də Allah belə hallarda günahı yüngülləşdirən hərəkətlər yerinə yetirməyi və qanbahası verməyi əmr edir.
Köləni səhvən kimin öldürməsindən asılı olmayaraq, istər kişi olsun, istərsə də qadın, azad insan və ya kölə olsun, uşaq və ya yaşlı olsun, ağıllı və ya dəli olsun, müsəlman və ya kafir olsun, o, bir mömin kölə azad etməli və öldürülənin ailəsinə qanbahası verməlidir. Bu şərh ayənin ümumi mənası ilə təsdiq edilir və Allahın burada “mən” (“kim”) sözünü işlətməsini açıqlayır. Bu hissənin mətninə nəzər yetirsək görərik ki, bu ayəni aşağıdakı kimi davam etdirmək lazım gələrdi: “Əgər o, mömini səhvən öldürərsə, onda bir mömin kölə azad etməli və öldürülənin ailəsinə qanbahası verməlidir”. Lakin mətnin beləcə davam etməsi, Allahın sözlərinin əhatə etdiklərini ehtiva edə bilməzdi.
Qeyd etmək lazımdır ki, öldürülənin kişi və ya qadın, uşaq və ya yaşlı adam olmasından asılı olmayaraq, bu hökm öz qüvvəsini saxlayır. Buna şərti cümlənin mətnində ismin qeyri-müəyyən formada işlədilməsi dəlalət edir. Bütün xatırlanan hallarda qatil günahını yüngülləşdirən addımlar atmalı və öz hesabına bir mömin kölə azad etməlidir. Bu kölə uşaq və ya yaşlı adam, kişi və ya qadın, sağlam və ya şikəst ola bilər. Bu rəyin tərəfdarları bəzi alimlər idi. Lakin sağlam mühakimə bizə deyir ki, şikəst edilmiş köləni günahın yüngülləşdirilməsinin əvəzi kimi azad etmək olmaz, çünki bu hökmün mənası ondan ibarətdir ki, öz ağasına fayda verən və öz azadlığından istifadə edə bilən köləyə azadlıq verilməlidir. Əgər insanın bundan sonra da kölə halında qalması onun məqsədinə uyğundursa və köləlikdən azad edilməsi ona zərər vurarsa, onda onun azad edilməsi günahı yüngülləşdirən hal kimi hesab olunmur. “Təhrir” (“azad etmə”) sözünü təhlil etdikdən sonra bu rəyə gəlmək olur. Bundan o vaxt istifadə edilir ki, başqasına fayda verən insan, azad edildikdən sonra, özünə fayda vermək imkanı əldə edir. Əgər o, başqasına fayda verə bilmirsə, onda onu bu baxımdan azad etmək mümkün deyil. Əgər bu müddəanın üzərində lazımınca düşünülərsə, çıxartdığımız nəticə aydın olar.
Qanbahası məsələsinə gəldikdə isə, əgər qətl təsadüfi olduqda və ya onun qərəzli olması şübhə doğurduqda, o, öldürülənin kişi xətti üzrə qohumlarına həvalə edilir. Qanbahası öldürülənin ailəsinə ona görə verilir ki, onlar təsəlli tapıb sakitləşsinlər. Burada öldürülənin ailəsi adı altında onun mirasına varis çıxanlar nəzərdə tutulur. Qanbahası öldürüləndən sonra qalan ümumi əmlaka qatılır və onun bölünməsi İslam şəriətinə aid kitablarda təfərrüatı ilə təsvir edilir.
Əgər öldürülənin varisləri qanbahasını qatilə sədəqə verir və onu bağışlayırlarsa, onda onun qohumları qanbahası vermək öhdəliyindən azad edilirlər. Uca Allah belə bir əməli sədəqə vermək adlandırır və bununla insanları qanbahasını qatilin qohumlarına bağışlamalarına dəvət edir, çünki müsəlmanlardan hər vaxt sədəqə vermək tələb olunur.
Əgər öldürülmüş mömin möminlərlə düşmənçilik edən kafir xalqa məxsusdursa, onda qatil ancaq bir mömin kölə azad etməli və onun varislərinə qanbahası ödəməməlidir, çünki onları canı və malı müsəlmanlar üçün toxunulmaz sayılmır. Lakin əgər öldürülən müsəlman müsəlmanlarla müqaviləsi olan xalqa məxsusdursa, qatilin qohumları qanbahası verməli, qatil özü isə bir müsəlman kölə azad etməlidir. Bu onunla izah edilir ki, sülh müqaviləsi insanların həyatını və əmlakını toxunulmaz edir.
Əgər qatil kölə azad etmək imkanına malik deyilsə və bunun üçün zəruri olan vəsaitdən məhrumdursa, əgər o, ehtiyac içindədirsə və onun əsas tələbatından artıq – bir köləni azad etməyə çatan əmlakı yoxdursa, onda o, iki ay ərzində fasiləsiz oruc tutmalıdır, yəni, üzrlü səbəb olmadan orucu pozmamalıdır. Əgər o, üzrlü səbəbə görə orucu pozmaq məcburiyyətində qalsa, məsələn, xəstəliklə və ya aybaşı ilə əlaqədar, bu orucun fasiləsizliyinin pozulması sayılmır. Əgər üzrlü səbəb olmadan orucu pozarsa, onda o, onu yenidən başlamalıdır.
Qatillərə yerinə yetirilməsi əmr edilmiş günahı yüngülləşdirən məcburi əməllər Allahın qullarına göstərdiyi iltifatıdır. Onlar qatilə əlindən çıxan xətaların əvəzini verməkdə kömək edir və qəsdsiz qətl törətmiş insanlar belə əvəzi tez ödəyirlər.
Allah kamil biliklərə və qüsursuz hikmətə malikdir. Nə yerdə və nə də göylərdə heç bir şey, istər zərrəcik olsun və ya ondan kiçik, ya da böyük olsun, Ondan gizlənə bilməz. Heç vaxt və heç yerdə Ondan haradasa sığınmaq olmaz. Onun yaratdıqları və qanunları ilahi hikmətindən məhrum edilməmişdir. Əksinə, Onun əməlləri və hökmləri ən ali dərəcədə müdrik və düşünülmüşdür. Buna görə, Öz biliklərinə və müdrikliyinə əsaslanaraq, Allah qatilə günahlarını yüngülləşdirən və xətasının ağırlığına uyğun gələn addımlar atmağı əmr edir.
İnsan qətl törədərək, həyatı toxunulmaz olan birisini həyatdan məhrum edir. O, insanı varlıqdan yoxluğa göndərir və buna görə, insanlar qarşısında bir köləni əsarətdən azad edib, ona tam azadlıq verməlidir. Əgər o, bunu etmək imkanına malik olmasa, onda iki ay ərzində ardıcıl olaraq oruc tutmalıdır ki, ruhunu, insana əbədi səadəti qazanmağa mane olan ehtiraslar və maddi ləzzətlər qarşısında köləlikdən xilas edə və Ona ibadət etmək sayəsində Uca Allaha yaxınlaşa bilsin.
Allah uzun müddət ərzində fasiləsiz oruc tutmağı əmr etmiş və günahın yüngülləşdirilməsinin bu formasını ağırlaşdırmış və onu kasıbların yedizdirilməsi ilə əvəz etməyə imkan verməmişdir, çünki sonuncu, törədilən cinayətə müvafiq deyildir. Bu, qətl zamanı yüngülləşdirici əməl, cahillik dövründəki arvadı rədd etmək kimi ayinlərdən (kişi arvadını, evlənməsi qadağan olan anasına, bacısına və ya başqa bir qadına bərabər tutmaqla, onu özündən uzaqlaşdırardı) fərqlənir. Bu ayin haqqında, inşallah, bir qədər sonra bəhs edəcəyik.
Allah Öz müdrikliyinə müvafiq olaraq qanbahasının, hətta qətl qəsdən törədilməyəndə də, ödənilməsinə əmr vermişdir ki, bu insanları adam öldürməkdən çəkindirsin və onları bundan uzaq olmağa sövq etsin. Allah Öz müdrikliyinə müvafiq olaraq qərəzsiz qətlə görə qatilin kişi xətti üzrə qohumlarına qanbahası vermələrini həvalə etmişdir, özü də alimlər bu məsələdə yekdildirlər. Qəsdsiz qətl törədən insan günah eləmir və böyük qanbahası ödəmək hökmü tək onun üçün çox ağır olardı. Buna görə, bu vəzifənin ondan başqa, onunla birlikdə xeyirxahlıq əldə etmək və şərdən qorunmaq istəyənlərin üzərinə qoyulması tamamilə ədalətlidir.
Aydındır ki, bu, qatilin qohumlarına ona yardım göstərməkdən boyun qaçırmağa qadağa qoyulmasının səbəblərindən biridir. Lakin onların vəzifəsi, məsuliyyətin onların arasında imkanlarının və maddi vəziyyətlərinin nəzərə alınması ilə və həmçinin onlara qanbahasını üç il ərzində ödəməyə yol verilməsi ilə asanlaşdırılmışdır.
Qeyd etmək lazımdır ki, Allah qatilin yaxın adamlarına qanbahası ödəməyi ona görə əmr edir ki, öldürülənin qohumlarının dərd-qəmini azaltsın və bu da həmçinin Onun müdrikliyi və elminin nəticəsidir.

(93) “Mömini qəsdlə qətlə yetirən hər bir adamın cəzası həmişəlik qalacağı Cəhənnəm olacaqdır. Allah ona qəzəblənərək, onu lənətləyəcək və ona hədsiz əzab hazırlayacaqdır”.

Əvvəlcə biz qeyd etmişdik ki, bir mömin başqasını öldürməz və qətl kafirliyin əməldə təzahür etməsidir. Bu ayədə isə Allah insanları qəsdən öldürəni elə bir cəza ilə təhdid edir ki, onun hövlündən ürəklər qorxu içində titrəyir, ağıllı insanlar isə rahatlıqlarını itirirlər. Heç bir ağır günah bu dərəcədə sərt və ya eynilə belə cəza ilə qeyd olunmamışdı.
Uca Allah bildirir ki, qəsdən adam öldürmənin cəzası Cəhənnəmdir. Bu dəhşətli günah onu dözülməz ağrıların və böyük rüsvayçılığın gözlədiyi, Qüdrətli Rəbbin qəzəbinə məhkum ediləcəyi, xoşbəxtlikdən və müvəffəqiyyətlərdən məhrum olunacağı, ümidsizliyə qapılacağı və böyük ziyana uğrayacağı yerə düşməsi üçün kifayət edir. Allah bizi Onun mərhəmətindən uzaqlaşdıra bilən hər hansı əməldən qorusun!
Bu qorxunc xəbərdarlıq, bəzi ağır günahlara və itaətsizliyə görə cəzalandırılmanın əbədi olaraq Cəhənnəmdə qalma və Cənnət bağlarına düşmək imkanından məhrum edilmə olması haqqında digər mətnlərlə birlikdə dəyərləndirilməlidir. Alimlərin bu mətnlərin təfsiri ilə əlaqədar fikirləri müxtəlif olsa da, onların hamısı itaətsizlik göstərənlərin, onlar Allaha şərik qoşmasalar belə, Cəhənnəmi heç vaxt tərk etməyəcəklərini iddia edən xəvariclərin və mötəzilələrin yanlış baxışları barədə yekdil rəydə idilər. Həmin mətnlərin ən düzgün təfsiri imam Şəmsəddin İbn əl-Qəyyimin “Mədaric əs-Salikin” adlı kitabında əks etdirdiyi rəy idi.
Məsələ ilə əlaqədar müxtəlif rəyləri sadalayıb onları, onlara dair tənqidi fikirlərini bildirdikdən sonra, imam demişdir: “Başqa alimlər belə hesab edirlər ki, bu və buna bənzər digər mətnlərdə ancaq insanı cəzaya məhkum edən amillər xatırlanır. Lakin ittiham hökmü verilməsini müəyyən edən amillərin mövcudluğu hələ o demək deyildir ki, bu hökm hökmən icra olunacaq, çünki hökmün icra edilməsi üçün təkcə bu hökmün çıxarılmasını müəyyənləşdirən amillərin olması deyil, həm də buna mane olan amillərin olmaması da zəruridir.
Həmin mətnlərin mənası ancaq ondan ibarətdir ki, onlarda xatırlanan günahlar cəzalandırılmanın səbəbləridir və insanı ona məhkum edir. Lakin elə amillər də var ki, insanı cəzadan xilas edir. Bunların bəzilərinin lehinə alimlərin yekdil rəyi dəlalət edirsə, digərlərinin lehinə sübut isə müqəddəs mətnlərdir. Alimlərin yekdil rəyinə görə tövbə onlara aiddir. Tövhid də onlara aiddir və bu, şübhə edilməsi mümkün olmayan çoxsaylı nasslarla təsdiq olunur. Günahları yuyan gözəl saleh əməllər və günahları yüngülləşdirən böyük bədbəxtliklər də bu amillərə aiddir. Bu dünyada şəriətin müəyyən etdiyi cəzaların alınması da həmin amillərə məxsusdur və bu nasslarla təsdiq olunur. Bunların mətnlərinə laqeyd yanaşmaq olmaz və onlara iki tərəfdən yanaşmaq lazımdır. İnsanın yaxşı əməllərini pis əməlləri ilə müqayisə etmək və həm onu cəzaya məhkum edən amilləri və həm də buna mane olan amilləri nəzərə alaraq onlardan ən yaxşısına əsaslanmaq zəruriyyətdir.
Şəriət alimləri belə hesab edirlər ki, insanın əmin-amanlığı və bədbəxtliyi hər iki dünyada məhz bu prinsipə istinad edir. Bu prinsipin özülü üzərində din və kainat qanunları bərqərar olmuşdur. O (prinsip), Kainatda hökmranlıq edən, səbəb və amillər arasında əlaqə yaradan, bütün yaratdıqlarında və hökmlərində bu səbəbləri müəyyənləşdirən Hikmətə tabedir. Allah qarşılıqlı zidd amilləri yaratmışdır ki, onlar bir-birinə qarşı müqavimət və əks-təsir göstərsinlər və buna görə hökm həmişə ən güclü amilə istinad etməlidir.
İnsanın imkanları onun sağlamlığı və təhlükəsizliyi ilə müəyyən olur, onun yaramaz və qüsurlu keyfiyyətləri onu təbii olan işləri görməkdən yayındırır və buna görə də onun fəaliyyəti hansı amilin daha güclü olmasından asılıdır. Beləliklə, dərmanların və xəstəliklərin təsirini də qiymətləndirmək mümkündür. Qul onların təsiri altında ya sağalır, ya da xəstələnir, özü də bu zaman onların hər biri digərinə əks təsir göstərərək onun effektini azaltmağa yönəlir. Son nəticədə, insan üstün gələn amilin təsirinə məruz qalır.
Bu üsulun sayəsində, insanların Cənnətə düşüb Cəhənnəmdən xilas olanlara və Cəhənnəmə düşüb Cənnətdən məhrum olanlara və həmçinin Cəhənnəmə düşüb sonra oradan çıxanlara necə bölündüyünü başa düşmək olar. Belə insanların Cəhənnəmdə qalma müddəti onların oradan tez və ya gec çıxmasını müəyyənləşdirən amillərdən asılıdır. Buna görə, aydın ağıl sahibi olan hər bir şəxs Allahın Öz Kitabında təfərrüatı ilə təsvir etdiyi Axirət həyatı hadisələrinin mahiyyətini, öz gözləri ilə görürmüş kimi, dərk edə bilər.
Bundan aydın olur ki, bu prinsip Allahın ilahlığı, hökmranlığı, qüdrəti və müdrikliyinin labüd nəticəsidir və onun pozulması Onun üçün qəbulolunmazdır. Əgər insan Allaha buna zidd olan bir nəsnə aid edirsə, onda o, öz Rəbbinə Ona yaraşmayan bir şey qoşur. Belə bir davranışla o, sanki günəşi və ayı Allahın gözlərinə aid edir.
Belə iman mükəmməl etiqad adlanır və günahları, od odunu yandırdığı kimi, yandırır. Əgər insanın imanı bu yüksək dərəcəyə çatırsa, onda o, bir də heç vaxt törətdiyi cinayətləri inadcıllıqla təkrar etməz və əgər o, tez-tez günah işlədərdisə də, onun imanının nuru onu hər dəfə Allah qarşısında tövbə etməyə və hər aldığı nəfəslə onu Ona qayıtmağa sövq edər. Allah Özünün bütün yaratdıqlarından məhz belə qullarını daha çox sevir”.

(94) “Ey iman gətirənlər! Siz Allah yolunda yürüşə çıxarkən sizi salamlayana, dünyanın keçəri maraqlarına uyaraq, əmin olmadığınız halda: “Sən mömin deyilsən!” – söyləməyin! Allah dərgahında qənimətlər boldur. Siz də əvvəllər onlar kimi idiniz, Allah sizə lütfkarlığını göstərdi və buna görə əmin olun ki, Allah, həqiqətən, sizin nə etdiyinizi bilir”.

Uca Allah Öz mömin qullarına əmr edir ki, Onun yolunda yürüşə çıxarkən və Onun etimadını qazanmağa can atarkən, hər hansı şübhəli məlumatları yoxlasınlar. Bütün məlumatları iki qrupa bölmək olar: açıq-aydın və şübhəli olanlar. Açıq və aydın məlumatların təsdiqə ehtiyacı duyulmur və buna görə də sübut olunmuşu yenidən sübuta yetirmək zəruriyyəti yaranmır. Aydın olmayan və şübhə doğuran məlumatlara gəldikdə isə, onların təsdiq olunmasına ehtiyac qalır, çünki insanlar bu məlumatlara istinad edib etməmək üçün bir qərara gəlməlidirlər. Əldə edilmiş məlumatın yoxlanması müsəlmanlara çoxlu fayda verə və böyük şərdən qurtara bilər və əgər qul həmişə belə edərsə, onda bu onun dindarlığını, sağlam düşüncəli və ağıllı olmasını sübut edir. Yox, əgər o, aldığı məlumatların gerçəkliyinə əmin olmadan tələsik qərarlar qəbul edirsə, onda bu hökmən onu arzuolunmaz nəticələrə gətirib çıxaracaqdır.
Bu ayədə Allah məhz baş vermiş bu hadisəyə görə müsəlmanları qınamışdı. Onlar müsəlmanlara salam verən insanın səmimiliyinə əmin olmadan onu öldürmüş və yanında olan əmlakını götürmüşdülər. Bu, onların əldə etdikləri hərbi qənimət və yaxud başqalarının ona saxlanmağa verdikləri əşyaları idi. Müsəlmanlar belə qərara almışdılar ki, o, ölümdən xilas olmaqdan ötrü onları salamlamışdı. Onlar belə rəftar etməməliydilər və buna görə, Allah onları belə hərəkət etdikləri üçün qınamışdı. Onlar fani dünya malını ələ keçirməyə çalışaraq, müsəlmanlara salam verən şəxsi kafir adlandırmamalı idilər. Onları Allahın bol və əbədi mükafatından məhrum edən cüzi və dəyərsiz maddi sərvət onları bu ləyaqətsiz əməli törətməyə sövq etməməliydi. Həqiqətən, Onun təltifi çox gözəl və daha uzunömürlüdür.
Buradan belə bir nəticə çıxır ki, əgər qul onun ürəyinə yatan bir əmələ özündə şiddətli meyl duyarsa, o, qoy öz alçaq həvəslərinə müqavimət göstərənlər, öz şəxsi marağındansa, Allahın xoşuna gələn şeylərə üstünlük verənlər üçün Onun hazırladığı mükafatı yadına salsın. Allah bu minvalla insanları, bu onlar üçün çətin olsa da, Onun hökmlərini yerinə yetirməyə dəvət edir.
Sonra Allah, onlara İslama gəlməyə kömək edənə qədər, dindarların hansı vəziyyətdə olduqlarını onlara xatırladır. O, müsəlmanlara düz yola gəlməyi nəsihət edərək onları azğınlıqdan xilas etmişdir və beləliklə, O, qalan başqa insanları da düz yola gəlməyə yönəldə bilər. Müsəlmanlar İslamı tədricən qəbul etmişlər və bu yolla digər insanlar da İslama gəlirlər. Əgər bir insan, kamilliyə çataraq, əvvəllər onda olan nöqsanlar üzərində düşünərsə, əgər o, İslama yenicə gəlmiş müsəlmanlarla öz biliklərinə əsasən davranarsa, əgər o, dini hikmətlə və xeyirxah çağırışlarla təbliğ edərsə, onda bu onun özünə də, başqalarına da bundan faydalanmağa imkan verər. Məhz buna görə, Allah bu barədə xəbərdarlıq etdikdən sonra, alınmış məlumatlara əmin olmaq üçün onları yoxlamağı bir daha əmr edir.
Əgər Allah yolunda vuruşan, Onun düşmənlərinə qarşı mübarizə aparan və onlara sarsıdıcı zərbə endirməyə hazırlaşan müsəlmanlara onlara salam verənlərin səmimiliyinə əmin olmaq əmri verilmişdirsə, onda düşmənin onlara salam verməsinin öz həyatı üçün qorxmasından irəli gəlməsi və ölümdən xilas olmasına cəhd göstərməsi haqqında onların əlində kifayət qədər əsas olsa da, müsəlmanlar hər hansı bir şəraitdə yaranan gümanları və şübhələri yoxlayıb onların mahiyyətini aydınlaşdırmağa borcludurlar.


(95) “O möminlər ki, üzrlülər istisna edilməklə, evlərində oturur, Allah yolunda öz malları və canları ilə döyüşənlərə bərabər deyillər. Allah Onun yolunda malları və canları ilə döyüşənləri evlərində oturanlardan bir dərəcə yüksəltmiş, lakin onların hər birinə ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah böyük mükafatı sayəsində döyüşənləri evdə oturanlardan yüksəltmişdir –”


(96) “Özünün bağışlama və mərhəmət dərəcələri ilə. Allah Bağışlayandır, Rəhmlidir!”

Canlarını və mallarını fəda edərək cihadda iştirak edən möminlər cihadda iştirak etməyən və Allahın düşmənlərinə qarşı vuruşmayanlara bərabər deyillər. Allah bu sözləri ilə müsəlmanları Onun yolunda müharibəyə getməyə çağırır və onları cihaddan boyun qaçırmaq və üzrsüz yerə evdə oturmaq cəhdlərindən çəkinmək barədə xəbərdar edir.
Üzrlü səbəblərə görə, məsələn, xəstəliyə, korluğa, axsaqlığa və ya cihadda iştirak etmək üçün vəsaiti olmadığına görə müharibəyə getməyənlərə gəldikdə isə, onlar da səbəbsiz evdə oturanlarla eyni dərəcədə deyillər. Əgər bir adam cihadda üzrlü səbəbə görə iştirak etmirsə, onda o, səbəbsiz evdə oturanlara o halda bərabər tutulur ki, öz vəziyyətindən razı olsun və Allah yolunda mübarizədə iştirak etməməyindən təəssüflənməsin və hətta bu barədə heç ağlına belə gətirməsin.
Lakin əgər o, Allah uğrunda döyüşmək eşqi ilə hazır olmasına baxmayaraq bunu üzrlü səbəbə görə edə bilmirsə, onda o, cihadda iştirak edənlərdən geri qalmır, çünki bir əməli etmək üçün insanın qəti niyyətdə olması, əgər onun bu niyyəti imkanı daxilində olan sözlər və işlərlə müşayiət edilirsə, onu bu əməli həyata keçirənlərlə bir sıraya qoyur.
Sonra Uca Allah tamamilə aydın bildirir ki, Onun yolunun mücahidləri evdə oturanlardan tam bir dərəcə üstündürlər. O, bu barədə ümumi şəkildə xəbər verir və bundan sonra onların üstünlüyünün mahiyyətini daha təfsilatlı izah edir və onlara Rəbdən bağışlanma və mərhəmət vəd edir ki, bu onlara istənilən nemətləri əldə etməyə və hər cür şərdən uzaq olmağa imkan verir. Dərəcələrə gəldikdə isə, onların əsil mahiyyəti əl-Buxari və Müslimin “əs-Səhih” adlı əsərlərində verilmiş etibarlı hədisdə açıqlanır. Hədisdə deyilir ki, Cənnətdə yüz dərəcə vardır ki, Allah onları Onun yolunda döyüşənlər üçün hazırlamışdır, özü də, bu dərəcələrin hər ikisinin arasındakı məsafə göylərlə yer arasındakı məsafəyə bərabərdir.
Allahın mücahidlər üçün hazırladığı mükafatlar bunlardır.
“əs-Səff” surəsinin bir oxşar ayəsində deyilir: “Ey iman gətirənlər! Sizə sizi şiddətli əzabdan xilas edən ticarəti göstərimmi? * Allaha və Onun Elçisinə iman gətirin və Allah yolunda malınızla və canınızla döyüşün! Əgər bunun sizin üçün necə yaxşı olduğunu bilsəydiniz. * O, günahlarınızı bağışlayacaq və sizi çaylar axan Ədn bağlarında gözəl məskənləri olan Cənnət bağlarına yerləşdirəcəkdir. Bu, böyük uğurdur. * Bir də çox sevdiyiniz şey olacaqdır: Allahın köməyi və yaxın qələbə. Möminləri bu xoş xəbərlə müjdələ!” (Səff, 61/10-13).
Bir fikirləşin, görün Allah bir məsələdən digərinə necə məharətlə keçid edir. Allah əvvəlcə bildirir ki, din uğrunda mübarizə aparan möminlər digər möminlərlə eyni bərabərlikdə deyillər. Sonra O, birmənalı olaraq bəyan edir ki, din uğrunda mübarizə aparanlar evdə oturanlardan tam bir dərəcə üstündürlər. Ancaq bundan sonra O, onların üstünlüyünün müzakirəsinə keçir və onlardan ötrü hazırlanmış bağışlanma, mərhəmət və dərəcələrdən bəhs edir. Tərifləyərkən az dəyərli üstünlüklərdən daha çox dəyərli üstünlüklərə və ya qınayarkən gözə az çarpan nöqsanlardan özünü daha qabarıq büruzə verənlərə belə keçid etmə ən təsirli və insanların qəlbinə toxunan ifadə üsuludur.
Bundan başqa, əgər Uca Allah bəzi adamların digərləri üzərində üstünlüyünü vurğulayırsa və əgər onlardan hər biri müəyyən müsbət cəhətlərə malikdirlərsə, onda Allah hökmən onların yaxşı məziyyətlərini yad edir ki, insanlar səhvən, Allahın üstünlük əta etdiyi möminlərdən geriyə qalanların həmişə qınandıqlarını güman etməsinlər. Bax elə buna görə, bu ayədə Allah buyurur ki, möminlərin hər birinə ən yaxşı olan nə varsa, o da vəd edilmişdir(Ən yaxşı olan” dedikdə, “Cənnət” nəzərdə tutulur. F.S.)
Məhz bu səbəbdən, “əs-Səff” surəsinin əvvəllər xatırlanan ayələrində Uca Allah möminlərə müjdə verməyi əmr edir.
Uca Allah buyurur: “... İnsanlar sizin aranızdan olan və Məkkəni fəth edənə qədər malını xərcləyən və döyüşənlərlə müqayisəyə gəlməzlər. Bunlar, sonradan malını xərcləyib və döyüşənlərdən, dərəcə etibarı ilə, üstündürlər. Lakin onlardan hər birinə Allah ən gözəl olanı vəd etmişdir və Allah sizin nə etdiyinizi bilir” (Hədid, 57/10);
“Biz Süleymana bu məsələni araşdırmaqda yardım etdik və onların hər ikisinə də hakimiyyət və elm verdik...” (Ənbiya, 21/79).
Əgər insan bəzi adamların, xalqların və əməllərin başqalarından üstünlüyünü təhlil edirsə, onda o, bu şərtləri nəzərə almalıdır. Əgər o, adamları və ya onların fikirlərini tənqid edirsə və onların hansı birinin daha çox qınağa layiq olduğunu vurğulayırsa, onda o, onların ümumi nöqsanlarını göstərməlidir ki, heç kim səhvən, daha yüksək qiymət verilmiş adamların və ya onların fikirlərinin mütləq qüsursuz olduğunu zənn etməsinlər. Məsələn, əgər bir nəfər desə ki, xristianlar zərdüştilərdən yaxşıdır, onda o, əlavə etməlidir ki, onların hamısı – kafirdirlər. Əgər o, desə ki, insanı öldürmək zinakarlıqdan daha yaramaz əməldir, onda, sonra əlavə etməlidir ki, bu əməllərin hər ikisi Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) qadağan etdiyi ağır günahlardandır.
Müqəddəs müharibədə iştirak etmiş möminlərə vəd edilmiş bağışlanma və mərhəmət Allahın gözəl Bağışlayan və Rəhmli adlarının təzahürü olduğu üçün bu ayə məhz bu adlarla da bitir.


Tarix: 20.04.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Sureler
loading...