Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 97-106 Ayələr

(97) “Özlərinə zülm etmişlərin canını alan zaman mələklər onlardan soruşacaqlar: “Siz hansı vəziyyətdə idiniz?” Onlar belə cavab verəcəklər: “Biz zəif idik və yerdə incidilirdik”. Onlar soruşacaqlar: “Məgər Allahın ərazisi o qədər geniş deyildi ki, siz başqa bir yerə hicrət edəydiniz?” Onların sığınacağı Cəhənnəm olacaqdır. Ora necə də olduqca pis dönüş yeridir!”

Bu sərt hədə, imkanı olduğu halda hicrət etməkdən boyun qaçıran və bu vəziyyətdə də ölənlərə ünvanlanmışdır. Mələklər onların canını almağa gələndə onları ən qorxunc tərzdə qınamağa başlayacaqlar. Onlar soruşacaqlar: “Siz hansı vəziyyətdə idiniz? Müşriklərdən hansı cəhətinizlə fərqlənirdiniz? Siz onların sıralarını artırırdınız və hətta möminlərin əleyhinə onlara kömək edirdiniz. Siz Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə cihadda iştirak etməyərək, böyük nemətdən məhrum oldunuz. Siz müsəlmanların yanında deyildiniz və onlara düşməni darmadağın etməkdə yardım göstərmirdiniz”. Onlar belə cavab verəcəklər: “Biz zəif idik, bizə əziyyət verir və incidirdilər. Biz hicrət etmək imkanına malik deyildik”.
Lakin onların sözləri yalandır, çünki Allah onları hərəkətsizliklərinə görə qınamışdı və onları cəzalandıracağı ilə hədələmişdi, axı O, insana onun imkanından artıq vəzifə həvalə etmir. Bundan başqa, O, həqiqətən zəif olanlar və əziyyət verilənlər üçün istisnalar qoymuşdur. Buna görə mələklər onlara deyəcəklər: “Məgər Allahın ərazisi o qədər geniş deyildi ki, siz başqa bir yerə köçəydiniz?”
Bu, özündə cavabı əks etdirən sualdır və hər bir insan yaxşı bilir ki, Allahın yeri çox genişdir. Əgər qul yaşadığı ölkədə Allahın dininə açıq etiqad edə bilmirsə, onda o, istədiyi vaxtda Ona ibadət etmək mümkün olan hər hansı bir yerə köçüb gedə bilər. Uca Allah buyurur: “Ey iman gətirmiş qullarım! Həqiqətən, Mənim ərazilərim genişdir, Mənə ibadət edin!” (Ənkəbut, 29/56).
Lakin insan üzrlü səbəb olmadan hicrət etmirsə, onda onun məskəni Cəhənnəm olacaqdır. Bu qayıdış yeri necə də pisdir! Bu ayəni əvvəlkilər kimi nəzərdən keçirmək lazımdır, çünki onda insanı ancaq cəzaya məhkum edən amil xatırlanır. Lakin insan cəzaya o zaman məruz qoyulur ki, bu cəzanı labüd edən amillərin mövcudluğu ilə yanaşı, onu təkzib edən amillər də olmasın. Bu halda elə şərtlərin olması mümkündür ki, itaətsizlik edəni Cəhənnəmdən xilas etsin.
Bu ayədən aydın olur ki, məcburi hicrət dinin fərzlərindən biridir və ondan imtina etmək qadağan olunmuş əməllərə aid edilir və hətta ən ağır günahlardan biri hesab olunur. Həm də aydın olur ki, insanın ölümü onun üçün müəyyən edilmiş müddət, ruzi və əməllər tamamilə bitdiyi zaman baş verir. Bu rəyin lehinə olan dəlil “təvaffa” (“götürmək, tam almaq, “qurtarmaq”) sözünün lüğəti anlamıdır. Əgər insan onun üçün müəyyən edilmiş şeyin bir hissəsini hələ də almalıdırsa, o şeyin qurtarması haqqında danışmaq və onu qurtarmışdır adlandırmaq olmaz. Bu ayə həmçinin mələklərə iman gətirməyin zəruriliyini göstərməklə onların ünvanına tərifdən ibarətdir, çünki Allah onların əməllərini bəyənmiş və onları münasib qəbul etmişdir.


(98) “Bu ancaq o zəif kişilərə, qadınlara və uşaqlara aid deyil ki, onlar bacarıb doğru yol tapa bilmirlər”.

(99) “Allah belələrini bağışlaya bilər, axı Allah Əfvedən və Bağışlayandır”.

Allah həqiqətən hicrət etməyə imkanı olmayan şəxsləri istisna edərək buyurur ki, qorxunc xəbərdarlıq vəziyyətdən çıxış yolu tapa bilməyən zəif kişilərə, qadınlara və uşaqlara şamil edilmir. Allah onları bağışlaya bilər, axı O, Əfvedən və Bağışlayandır.
Belə ifadələr onu göstərir ki, Uca Allah hökmən belə edəcək – alicənablıq və iltifat göstərəcəkdir. Allah bu sözləri ilə bəzi vəzifələrini lazımi qaydada yerinə yetirə bilməyən, diqqətsizliyə yol verən və mükafata layiq olmayan insanlara mükafat almaq imkanı verir. Bu barədə ən yaxşısını bilən Allahdır.
Bu gözəl ayələrdən aydın olur ki, əgər insan ona əmr edilmiş fərz və ya nafilə əməlləri yerinə yetirmək imkanına malik deyilsə, onda o, bağışlanmağa layiqdir. Buna görə, Allah cihadda iştirak edə bilməyənlər haqqında buyurur: “Kora günah yoxdur, şikəstə günah yoxdur, xəstəyə də günah yoxdur. Allaha və Onun Elçisinə müti olanlara, O, çaylar axan Cənnət bağlarını qismət edəcəkdir. Kim də üz çevirərsə, O, onu şiddətli əzaba düçar edəcəkdir” (Fəth, 48/17). Bütövlükdə dini ehkamlardan bəhs edərək Uca Allah buyurur: “Öz imkanlarınız daxilində Allahdan qorxun...” (Təğabun, 64/16). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə demişdir: “Mən sizə əmr vermişəmsə, onu öz imkanlarınız daxilində yerinə yetirin”.
Lakin insan bəraət almağa və bağışlanmaya o vaxt layiq olur ki, əmri yerinə yetirmək üçün əlindən gələn bütün imkanlardan istifadə etmiş olsun, çünki Allah təkcə əlindən heç bir iş gəlməyənlər üçün istisnalar edir.
Bu ayədən məlum olur ki, bələdçinin olması və ya düz yolu tanımaq insanın həcc, kiçik ümrə və ya zəvvarlıqla bağlı digər ehkamları yerinə yetirməsi imkanlarını müəyyənləşdirən şərtlərə aiddir.


(100) “Allah yolunda hicrət edən şəxs yer üzündə geniş daldalanacaq və çoxlu imkanlar tapacaqdır. Allahın və Onun Elçisinin yanına hicrət məqsədilə evindən çıxan haqqa qovuşarsa, onun mükafatını vermək Allahın öhdəsinə qalır. Heç şübhəsiz ki, Allah Bağışlayan və Rəhmlidir”.

Bu ayə məcburi hicrət etməyə çağırır və onun faydasını izah edir. Allahın gerçək vədinə müvafiq olaraq, Onun xatirinə hicrət edən və Onun mərhəmətini qazanmaq istəyən hər bir şəxs yer üzündə çoxlu daldalanacaq və bol nemətlər əldə edəcəkdir. Daldalanacaq dedikdə dini işlərdə əmin-amanlıq və bol nemətlər dedikdə isə, dünyəvi məsələlərdə nailiyyətlər nəzərdə tutulur.
Bir çoxları səhvən elə başa düşürlər ki, hicrət əvvəllər möhkəm olan əlaqələri kəsir, insanı dilənçiliyə, alçalmaya və çətinliklərə məhkum edir, onu zənginliyindən, qüdrətindən və firavanlığından məhrum edir.
Lakin belə təsəvvürlər yanlışdır, çünki müşriklərin arasında yaşayan möminin əməlləri çoxsaylı çatışmazlıqlarla doludur. Bu, insanın həm özünə xeyir gətirən (məsələn, namaza), həm də onun ətrafındakılara (məsələn, kafirlərlə söz və əməllə mübarizəyə və bundan doğan bütün nəticələrə) aid işlərdir. Məsələ orasındadır ki, iman sahibi belə şəraitdə o vəzifələri lazımınca yerinə yetirə bilmir. Bundan başqa, onu istənilən anda, xüsusilə, o, zəif və müdafiəsiz olduqda, Allahın dinindən ayıra bilərlər. Əgər o, Allah yolunda hicrət edərsə, onda o, Onun dininə etiqad etmək, Onun düşmənləri ilə vuruşmaq və onlara zərər vurmaq imkanı qazanar. O, Onun düşmənlərini qıcıqlandıran hər hansı bir işi görə və hər hansı sözü söyləyə bilər. Bununla yanaşı o, maddi nemətlər bolluğu ilə firavan yaşaya bilər.
Həyatda hər şey Uca Allahın vəd etdiyi kimi baş verir. Doğma evlərini tərk edərək, uşaqlarını qoyaraq və öz əmlakını ataraq Allahın yoluna hicrət etmiş səhabələrin taleyi üzərində düşünün. Bunun sayəsində onların imanı kamilliyə yüksəldi və onlar möhkəm əqidə sahibi oldular, böyük cihadda iştirak etdilər, Allahın dininə kömək göstərdilər və öz ardıcılları üçün təqlid edilməyə layiq nümunəvi şəxsiyyətlər oldular. Bununla bərabər onlar çoxlu ərazilər fəth etdilər və bolluca qənimətlər ələ keçirtməklə dünyada ən zəngin insanlara çevrildilər. Bu tale, onların izini tutub ta Qiyamətə qədər gedəcək hər bir insana nəsib olacaqdır.
Sonra Allah buyurur ki, əgər insan Rəbbinin lütfünü əldə etməyə, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) məhəbbətinə layiq olmağa və Onun dininə kömək göstərməyə can ataraq öz evini tərk edib, məcburi hicrətə gedirsə, əgər bu zaman o, heç bir tamahkarlıq məqsədi güdmədiyi halda bu yolda həlak olur və ya ölürsə, onda o, əvvəllər hicrət etmiş və Uca Allahın köməyi sayəsində arzuladıqları məqsədə çatmışların mükafatı kimi mükafatla təltif edilir. Belə bir insan qəti niyyətə malikdi və hətta öz xeyirxah əməlini həyata keçirməyə başlamışdı və Allahın mərhəməti ilə o, xeyirxah əməlini sona çatdıra bilməsə də, mükafatını bütövlüklə alır. Həmçinin Allah onun hicrət zamanı və başqa işlərdə yol verdiyi səhvlərini də bağışlayır.
Məhz buna görə, Allah bu ayəni Özünün gözəl Bağışlayan və Rəhmli adlarını xatırlamaqla bitirir. O, möminlərə, etdikləri xətaları, xüsusilə, onları tövbə edib Onun yoluna qayıtdıqda, bağışlayır. O, yaratdığı zaman bütün insanları Öz mərhəmətinin altına alır və onlara əmin-amanlıq, var-dövlət, övladlar, güc və bir çox başqa nemətlər əta edir. O, möminlərə iman sahibi olmağa kömək edərkən, onlara möhkəm əqidə əldə etməyə imkan verən biliklər verərkən, xoşbəxtliyə və müvəffəqiyyətlərə aparan yolu yüngülləşdirərkən xüsusi lütfkarlıq göstərir. Onlar bunun sayəsində qeyri-adi uğurlar qazanır və heç kəsin görmədiyi, heç kimin eşitmədiyi və hətta heç bir insan zəkasının təsəvvür belə etmədiyi Allahın nemətlərini görmək imkanı əldə edirlər. Biz isə Allaha yalvarırıq ki, bizi özümüzdə olan yamanlıqlara görə bu nemətlərdən məhrum etməsin.

(101) “Siz yerdə səfər edərkən kafirlər tərəfindən aldadılacağınızdan ehtiyat edərsinizsə, bəzi namazlarınızı qısaltmağınız sizə günah yazılmaz. Bu bir həqiqətdir ki, kafirlər sizə məlum olan düşmənlərinizdir”.

Bu və sonrakı ayələr səfərə çıxarkən və təhlükə yarandığı zaman namazların qısaldılması üçün əsas rolunu oynayır. Onun aydın mənasından məlum olur ki, insana istənilən səfərdə, hətta günah işlətmək niyyəti ilə yola çıxdıqda belə, namazları qısaltmağa icazə verilir. Əbu Hənifə bu rəyin tərəfdarı idi. Lakin alimlərin əksəriyyəti, o cümlədən, qalan üç imam onun bu fikrinə şərik deyildilər. Onlar günah işlətmək niyyəti ilə gedilən səyahətlərdə namazın qısaldılmasına, şərh etdiyimiz ayəni məna və şərtlərinə görə konkretləşdirərək, icazə vermirdilər. Allah Öz qullarının vəzifələrini asanlaşdıraraq, onlara səfər zamanı namazları qısaltmağa və orucu pozmağa imkan verir, lakin səfərə çıxan insan öz Rəbbinin hökmünü yerinə yetirmədikdə, o, bu yüngülləşdirilməyə layiq bilinmir.
Uca Allah buyurur ki, müsəlmanlar səfər zamanı namazı qısaltsalar günah etməzlər. Bu müddəa, səfərdə namazı tam qılmaqdansa, onun qısaldılmış formasının daha əfzəl olması ilə qətiyyən ziddiyyət təşkil etmir, çünki bu əməlin günah olmaması ona görə xatırlanır ki, insanların ürəyinə dama bilən yanlış zənni aradan qaldırsın. Bundan başqa, bunun xatırlanması heç də o demək deyildir ki, bu əməl vacib deyildir. Biz bu barədə Allahın: “Həqiqətən, əs-Səfa və əl-Mərvə Allahın ayinlərinin əlamətlərindən biridir. Kəəbəyə həcc və ya ümrə niyyətilə gələnlər onların arasından keçsələr, günah işlətmiş olmazlar. Xeyirxah əməli könüllü surətdə yerinə yetirən bilməlidir ki, Allah Əvəzverən və Biləndir” (Bəqərə, 2/158) kəlamının şərhində qeyd etmişdik.
İndiki halda yanlış zənlərin aradan götürülməsinin zəruriliyi tamamilə aydındır, çünki bütün müsəlmanlara məlumdur ki, onlar namazı tam qılmalıdırlar. Buna görə, bəzi hallarda namazın tam formasının qılınmasının vacib olmamasına əksəriyyəti inandırmaq üçün belə əməlin günah olmadığını onlara bildirmək lazımdır.
Səfər zamanı namazın qısaldılmasının üstünlüyünü təsdiq edən iki cəhət vardır. Birincisi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünün bütün səfərlərində namazlarını qısaldardı. İkincisi, namazların qısaldılması Allahdan gələn asanlaşdırma və Onun qullarına lütf etdiyi mərhəmətidir, axı O, qullarının Onun asanlaşdırmasından istifadə etmələrini xoşlayır və onların Ona itaətsizlik göstərməsinə nifrət bəsləyir.
Uca Allah bəzi namazları qısaltmağa yol verir, amma namazları ümumiyyətlə qısaltmağa razılıq verdiyini söyləməmişdir. Buradan iki faydalı nəticə çıxartmaq olar.
Birincisi, əgər Allah namazı qısaltmaq haqqında əmr versəydi, bu hökm məhdudiyyətə malik olmazdı və güman etmək olardı ki, səfərdə bir rükətdən ibarət namaz da məqbul ola bilər. Lakin Allah ancaq bəzi namazları qısaltmağa icazə verir ki, bu da həmin hökmün, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hərəkətləri ilə və onun səhabələri tərəfindən müəyyənləşdirilən məhdudiyyətlərinin mövcud olduğunu bildirir.
İkincisi, “min” ön şəkilçisindən istifadə edilməsi təsdiq edir ki, bütün namazlar deyil, ancaq bəzi fərz namazları qısaltmağa icazə verilir. Buna görə, fəcr və məğrib namazları qısaldılmır, amma dörd rükətdən ibarət olan namazlar iki rükətə qədər azaldılır.
Səfərdə namazların qısaldılmasına yol verilməsinin asanlaşdırma olması aydınlaşdırıldıqdan sonra, namaz qılanların kafirlər tərəfindən azdırıla bilməsi təhlükəsi halında namazın qısaldılmasına icazə verilməsi barədə şərhçilərin rəylərinin niyə müxtəlifləşməsi məsələsinin izah edilməsinə keçmək olar. Ayənin anlaşıqlı mənasından aydın olur ki, namazlar eyni zamanda iki şərt olduqda qısaldıla bilər: səfər zamanı və təhlükə anında. İslam alimləri arasında ixtilaf “namazın qısaldılmasına icazə” adı altında məhz nəyin nəzərdə tutulması ilə əlaqədardır: təkcə rükətlərin sayının azaldılması və yaxud rükətlərin azaldılması ilə bərabər namazın qılınması qaydasının dəyişilməsi? Təkcə birinci təfsir nəzərdən keçiriləndə anlaşılmazlıq baş verir.
Bu anlaşılmazlıqla möminlərin əmiri Ömər b. əl-Xəttab da rastlaşmışdı və bu onu: “Ey Allahın Elçisi! Niyə biz təhlükəsizlikdə olduğumuz halda namazları qısaldırıq?” – deyə sual verməyə sövq etmişdi. O, Allahın, namaz qılanlara, onlar kafirlər tərəfindən aldadılmaq təhlükəsi hiss etdikləri halda, namazı qısaltmalarına icazə verdiyini düşünürdü. Onda Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdi: “Bu, Allahın sizə bəxş etdiyi sədəqədir. Onun sədəqəsini qəbul edin!” Ola bilsin ki, hədisin mətninin ifadə tərzi bir qədər fərqli olsun.
Bütün deyilənlərdən aydın olur ki, təhlükə zamanı namazın qısaldılması barədə burada ona görə xatırlanır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz səhabələri ilə səfər zamanı məhz daha çox belə şəraitdə olurdu. Onların da böyük əksəriyyəti isə hərbi yürüşlər idi.
Buradan, Allahın niyə namazları qısaltmağa icazə verməsi barədə daha bir nəticə çıxarmaq olar. O, asanlaşdırma üçün əsas ola bilən ən böyük çətinliyi – təhlükə ilə bağlı olan səfərləri xatırladır. Lakin bu o demək deyildir ki, namazı təhlükəsiz səfər zamanı qısaltmaq olmaz, çünki səfər elə özlüyündə insana narahatçılıq yaradır.
Əgər namazın qısaldılması adı altında rükətlərin sayının azaldılması ilə bərabər namazın qılınması qaydasının dəyişdirilməsini nəzərdə tutan ikinci şərhi nəzərdən keçirsək, görərik ki, təhlükə haqqında xatırlatma tamamilə yerinə düşür, çünki səfərdə təhlükə zamanı namazı qısaltmağa və onun qılınma qaydasını dəyişməyə, təhlükəsiz səfərlərdə isə ancaq rükətləri azaltmağa, daimi yaşayış yerində təhlükə zamanı isə, təkcə namazın qılınma qaydasının dəyişdirilməsinə icazə verilir. Bax buna görə, Allah təhlükə zamanı namazın qılınması qaydası haqqında bildirərək buyurur:

(102) “Sən onların arasında olarkən və namazlarına imamlıq edərkən, qoy onlardan bir qrup səninlə birlikdə dayansınlar və silahlarını da götürsünlər. Onlar səcdə qıldıqdan sonra, sizin arxanıza keçsinlər. Namaz qılmayan başqa qrup gəlsin və onlar da səninlə namaz qılsınlar, amma ehtiyatlı olsunlar, silahlarını götürsünlər. Kafirlər istəyirlər ki, siz silahlarınıza və əşyalarınıza qayğısız yanaşasınız ki, onlar da sizə cəmi bir dəfə həmlə etməklə işinizi bitirsinlər. Sizə, yağışda və ya xəstə olduğunuz zaman narahatçılığa görə silahınızı yerə qoymaqda bir günah yoxdur, lakin ehtiyatlı olun. Həqiqətən, Allah imansızlara həqarətamiz işgəncə hazır etmişdir”.

Uca Allah bildirir ki, müsəlmanlar təhlükəli bir vaxtda namaz qılmağa hazırlaşırlarsa, onda namaza rəhbərlik edən imam və digər namaz qılanlar namaza dair fərz hökmləri yerinə yetirməlidirlər. Sonra Allah izah edir ki, onlar bunu necə etməlidirlər: bir qrup namaz qılan imamla birlikdə namaza durmalı, digər qrup isə üzü düşmənə tərəf dayanmalıdır. Son müddəanın lehinə dəlalət edən rəy, namaz qılanlar səcdəyə getdikləri zaman qalan müsəlmanların onların arxasında dayanması ifadəsidir.
Burada səcdə dedikdə, namazın sona çatdırılması nəzərdə tutulur. Allah namazı səcdə adlandırır ki, onun əhəmiyyətini xüsusilə vurğulasın. Bu həm də o deməkdir ki, səcdə namazın sütunudur. Bundan başqa, o, namazın ən vacib sütunlarındandır.
Müsəlmanların birinci qrupu namazı bitirdikdə, hələ namaz qılmamış və düşmənlə üz-üzə dayanmış ikinci qrup yaxınlaşmalı və imamla birlikdə namaz qılmalıdır. Buradan aydın olur ki, imam namaz qılan birinci qrupla namazı bitirməyib ikinci qrupu gözləyir. O qrup ona yetişdikdə, o, onlarla birlikdə namazının qalan hissəsini davam etdirir və bundan sonra isə onlarla birlikdə salamlarını verir. Təhlükə zamanı namazın formalarından biri belə qılınır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) haqqında olan səhih hədislərdə belə namazların bir çox formaları yad edilir.
Bu ayə camaat namazının hər bir müsəlman üçün məcburi olduğunu sübut edir. Bunun lehinə iki cəhət vardır. Birincisi, Uca Allah, müsəlmanlara, düşmən tərəfindən hücum gözlədikləri şəraitdə belə camaat namazı qılınmasını əmr etmişdir. Əgər camaat namazı belə ağır şəraitdə vacib sayılırsa, onda sülh və əmin-amanlıq şəraitində onun vacibliyi daha da əfzəldir.
İkincisi, təhlükə gözlənildiyi bir vaxtda namaz qılanlara namazın bir sıra şərtlərini və vacib tələblərini yerinə yetirməməyə yol verilir. Onlara, başqa vaxtda namazı pozan bir çox hərəkətlər bağışlanılır. Bütün bunlar bir daha camaat namazının vacibliyini göstərir, çünki fərz və nafilə hökmlər arasında ziddiyyət yaranmır. Əgər camaat namazı vacib (fərz) sayılmasaydı, onda müsəlmanlara ona görə namazın bəzi vacib tələblərini yerinə yetirməməyə yol verilməzdi.
Bu ayə təhlükə zamanı camaat namazının bir imamla qılınmasına, hətta bu zaman bəzi qaydaları pozmaq lazım gəlsə də, daha çox üstünlük verildiyini sübut edir. Lakin onu bir-neçə imamla qılmağa da icazə verilir. Bu ona görə edilir ki, müsəlmanlar vəhdət halına gəlsinlər və dağılmasın lar və həm də düşmənin ürəyinə vahimə salsınlar.
Uca Allah təhlükə gözlənilən şəraitdə əldə silahla namaz qılmağı və eyni zamanda xüsusi ehtiyat tədbirləri görməyi əmr edir. Hərçənd buna görə namaz qılanlar bir sıra artıq hərəkətlərə yol verməli olur və bir qədər namazdan yayınırlarsa da, belə davranma onlara daha çox fayda verir, çünki onlar eyni zamanda həm namazlarını qılmağa nail olur və həm də cihaddan ayrılmır və onlara basqın edib əşyalarını qəsb etmək niyyətində olan düşməndən qorunurlar. Bax buna görə, Uca Allah buyurur ki, imansızlar istəyirlər müsəlmanlar öz silahları və əşyalarına laqeyd münasibət bəsləsinlər və bu halda onların işini bitirmək üçün onlara bir dəfə basqın etmək kifayətdir.
Sonra Allah yağışdan və ya xəstəliyi üzündən narahatlıq hiss edənlərə silahı əlindən yerə qoymağa icazə verir. Lakin bu, onları ehtiyat tədbirləri görmək vəzifəsindən azad etmir. Uca Allah buyurur ki, müsəlmanlara, onlar yağışdan narahat olduqda və ya xəstələndiklərinə görə silahı kənara qoymaqda bir günah yoxdur. Lakin bu zaman onlar ehtiyatlı davranmalıdırlar.
Daha sonra Allah bildirir ki, kafirlər üçün həqarətamiz bir işgəncə hazırlamışdır. Bu, artıq, Allahın mömin tərəfdarlarına və tövhid dini uğrunda mübarizə aparan müvahhidlərə kafirləri öldürmək və onlara qarşı, harada olmalarından asılı olmayaraq, döyüşmək, onları hər tərəfdən mühasirəyə almaq və onlar üçün pusqu qurmaq, həmçinin onlardan qorunmaq, onların müsəlmanlara qarşı məkrli niyyətlərini həyata keçirə bilməmələri üçün onlara laqeyd yanaşmamaq haqqında verdiyi əmrində özünü büruzə vermişdir.
Allah möminlərə göstərdiyi mərhəmətinə görə ən böyük təriflərə layiqdir. O, onları möhkəmlətmiş və onlara elə bir təlim hədiyyə etmişdir ki, onun sayəsində müsəlman bayrağı heç zaman məğlub edilməyəcəkdir. Əgər onlar bu təlimə layiqincə riayət etsələr, düşmənlər onların üzərində heç vaxt qələbə çala bilməyəcəklər.
Bir qrup müsəlman camaatının namaz qılanlar səcdəyə gedənə qədər onların arxasında dayanması haqqında bildirilənlərdən aydın olur ki, birinci namaz qılanlar namazı bitirəndən sonra o birilərini mühafizə etməyə getməliydilər. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu zaman ikinci qrup namaz qılanların gəlməsini gözləməliydi ki, öz qalan namazını onlarla birlikdə qılsın və salamları versin. Bu rəyin lehinə dəlalət edən Allahın birinci qrup namaz qılanlara namazı Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə başlamaya hökm verməsi və sonra isə, onlara namazı müstəqil surətdə bitirməyi əmr etməsidir ki, burada artıq Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) yad edilmir.
Müsəlmanların başqa bir qrupunun gəlib Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə namaz qılması haqqında müddəadan aydın olur ki, bu vaxt artıq birinci qrup namazı bitirməlidir. İkinci qrup imamla birlikdə ancaq bir rükət qılırlar ki, bu onlar üçün əslində namazın birinci rükətidir, lakin onlara görə son rükət kimi hesablanır və buna görə imam onların namazlarının qalan hissəsini qılmalarına qədər gözləməlidir ki, onlarla birlikdə salamları versin. Bu, bu ayə üzərində düşünən hər kəs üçün aydındır.

(103) “Siz namazı bitirəndə ayaq üstə, oturan yerdə və ya böyrü üstə uzanmış olsanız da Allahı xatırlayın. Namazı təhlükəsizlikdə olduqda qılın. Həqiqətən, möminlərə namazı müəyyən vaxtlarda (qılmaq) əmr edilmişdir”.

Namazı bitirdikdən sonra, istənilən vəziyyətdə olduğunuz halda Allahı xatırlayın. Bu hökm təkcə təhlükə vaxtı qılınan namaza deyil, qalan bütün namazlara aiddir, lakin onun bu mətndə xatırlanması dərin məna daşıyır.
Birincisi, insanın dindarlığı, uğuru və xoşbəxtliyi Allahı sevməsindən və qəlbinin Onu xatırlayan və mədh edən sözlərlə dolu olmasından asılıdır. Bu məqsədə yetişməyin ən yaxşı vasitəsi, öz mahiyyəti etibarı ilə, qulu onun Rəbbi ilə bağlayan namazdır.
İkincisi, Allahı xatırlama (zikr) insana həqiqi iman və mükəmməl etiqad sahibi olmağa imkan verir və buna görə, O qullarına əmr edir ki, Onu gündüz də, gecə də yad etsinlər. Yaxşı məlumdur ki, insanın həyatı təhlükə altında olduqda, o, namaz zamanı görkəmli nəticələr əldə edə bilmir, çünki qorxu onun qəlbinə də, canına da hakim kəsilir. Bu xətanı aradan qaldırmaq üçün Allah namazdan sonra Onu zikr etmək hökmü vermişdir.
Üçüncüsü, qorxu insanın ürəyinə narahatçılıq salır ki, bu da onun zəifləməsinə səbəb ola bilər. İnsanın qəlbi və ruhu zəifləyib gücdən düşərsə, onun bədəni rəqibə layiqincə müqavimət göstərə bilməz. Lakin Allahı tez-tez yada salmaq qəlbin möhkəmlənməsinə səbəb olan mühüm amillərdən biridir.
Dördüncüsü, Uca Allahı xatırlamaq və layiqincə səbir etmək müvəffəqiyyətin və düşmən üzərində qələbənin rəhnidir. Uca Allah buyurur: “Ey iman sahibləri! Siz bir dəstə ilə toqquşanda, sarsılmayın və Allahı çoxlu-çoxlu zikr edin, ola bilsin ki, uğur qazanasınız” (Ənfal, 8/45).
Bu və bir çox başqa səbəblərə görə Allah əmr edir ki, təhlükə zamanı namazı qılıb qurtardıqdan sonra, Onu tez-tez xatırlasınlar. Müsəlmanlar təhlükəsizlikdə olduqda isə onların cismi də, qəlbi də rahatlıq tapdığı üçün onlar namazı ən kamil tərzdə qılmalı, ürəklə və canla-başla namazın rüknlərini, şərtlərini və bütün qalan hökmlərini müti halda yerinə yetirməlidirlər. Möminlərə müəyyən vaxtlarda namaz qılmaq əmr olunmuşdur. Bu o deməkdir ki, namaz vacib hökmdür və hər bir namaz üçün müəyyən vaxt təyin edilmişdir. Söhbət, uşaq və ya yaşlı, savadlı və nadan adam olmasından asılı olmayaraq, müsəlmanlara yaxşı məlum olan namaz vaxtlarından gedir. Onlar onu öz Peyğəmbərindən (ona Allahın salavatı və salamı olsun) öyrənmişlər. O (ona Allahın salavatı və salamı olsun), demişdir: “Siz mənim necə namaz qıldığımı gördünüz, siz də onu belə qılın”.
Namazın möminlərə əmr edilməsi haqqında xatırlatmadan göründüyü kimi, aydın olur ki, o, imanın meyarıdır, özü də qulun imanı nə qədər güclü olarsa, qul namazı bir o qədər yaxşı və qüsursuz qılar. Buradan həmçinin belə bir nəticə çıxır ki, kafirlər əgər İslam qanunlarına riayət etsələr də, məsələn, onlar müsəlman dövlətində müqavilə şərtləri ilə yaşasalar da, dinin namaz kimi ikinci dərəcəli hökmlərini yerinə yetirməyə borclu deyillər. Bundan başqa, onlar kafir olaraq qaldıqca, yerinə yetirdikləri istənilən ayinlər etibarsızdır. Lakin, buna baxmayaraq, Axirət həyatında onlar namaz qılmadıqlarına və dinin digər ehkamlarını yerinə yetirmədiklərinə görə cəzalandırılacaqlar.


(104) “Düşməni təqib edərkən zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, bilin ki, onlar da siz kimi əziyyət çəkirlər. Lakin siz Allahdan almağa ümid etdiyinizə, onlar ümid bağlamırlar. Allah Biləndir və Müdrikdir”.

Kafirlərə qarşı döyüşəndə və öz sərhədlərinizi müdafiə edəndə zəiflik və qorxaqlıq göstərməyin, çünki ruhun zəifliyi fiziki iqtidarsızlığa səbəb olur. Əgər sizin bədəniniz gücdən düşsə, düşmənlərə qarşı müqavimət göstərə bilməzsiniz. Güclü olun və qeyrətlə vuruşun.
Bundan sonra Allah möminlərin ürəklərini möhkəmləndirən iki amil haqqında xəbər verir. Onlardan birincisi ondan ibarətdir ki, əgər möminlər ağrı, yorğunluq və aldıqları yaralardan əziyyət çəkirlərsə, bilməlidirlər ki, eyni çətinliklər onların düşmənlərinin də payına düşür. Buna görə, cəsarətli və şücaətli olmalı olan müsəlmanlar, onlar kimi çətinlik çəkən düşmən qarşısında zəiflik göstərməməlidirlər. Ancaq daima məşəqqət içində olan və düşmənə məğlub olanlar ruh düşkünlüyünə qapıla bilərlər. Əgər müharibə dəyişən müvəffəqiyyətlərlə gedirsə, onda insana ruhdan düşmək yaraşmaz.
İkinci amil ondan ibarətdir ki, müsəlmanların Allahdan almağa ümid bəslədiklərinə kafirlər bel bağlamır. Onlar mükafat almağa və cəzadan xilas olacaqlarına arxayındırlar. Möminlərin ən yaxşıları isə daha şərəfli niyyətlərə və yüksək məqsədlərə malikdirlər – onlar Allahın dinini qorumağa, Onun qanunlarını bərqərar etməyə, müsəlman ərazilərini genişləndirməyə, yolunu azmışları doğru yola dəvət etməyə və dinin düşmənlərini darmadağın etməyə can atırlar.
Bu şərtlər həqiqi möminləri güclü, enerjili və şücaətli olmağa məcbur edir, çünki vuruşan döyüşçü təkcə ona görə mətinlik göstərir ki, ancaq bu dünyada qüdrət əldə etsin və həm bu həyatda və həm də ölümdən sonra xoşbəxtlik əldə etməyə ümid bəsləyərək, döyüşənlərlə heç vaxt müqayisə edilməsin və Allahın mərhəmətini qazanaraq Cənnət bağlarına düşsün.
Pak və Müqəddəs Allah Öz elmi və müdrikliyinə əsaslanaraq qullarını müxtəlif yaratmışdır. Allah Bilən və Müdrik Rəbdir, kamil biliyə və nöqsansız müdrikliyə malikdir.


(105) “Biz sənə haqq olan Kitab nazil etdik ki, sən insanlar arasında, Allahın sənə göstərdiyi kimi, mübahisələri araşdırıb qərar çıxarasan. Buna görə, xainləri müdafiə etmə”.

Uca Allah bu ayədə bildirir ki, O, Öz quluna və Elçisinə (ona Allahın salavatı və salamı olsun) haqq olan Kitab nazil etmişdir. Bu o deməkdir ki, nazil edilməsi gedişində Kitab şeytanlardan qorunmuşdur və onlar ona yalan uydurmalar qata bilməmişlər. O, bir haqq kimi nazil edilib və özündə həqiqəti təcəssüm etdirir, çünki onun hekayətləri doğru, hökmləri və haramları isə ədalətlidir. Uca Allah buyurur: “Rəbbinin sözü doğru və ədalətlə icra edilmişdir!” (Ənam, 6/115).
Allah qeyd edir ki, Müqəddəs Kitab ona görə nazil edilmişdir ki, insanların arasında olan bütün mübahisələr bu qanunun əsasında araşdırılsın. Başqa bir ayədə isə deyilir: “Sənə isə Biz bu Zikri nazil etdik ki, insanlara nazil ediləni onlara aydınlaşdırasan ki, onu yaxşı başa düşsünlər” (Nəhl, 16/44).
Belə bir rəy mövcuddur ki, şərh etdiyimiz ayə ancaq mübahisəli məsələlərin araşdırılmasına aiddir və digər ayə isə dinin əsas və ikinci dərəcəli məsələlərinin izahı ilə əlaqədardır. Başqa bir şərhə görə isə, hər iki ayənin mənası eynidir. Ondan aydın olur ki, burada çəkişmələr adı altında təkcə insan həyatına, namusuna və onların əmlakına qəsdlə və onların haqlarına qəsdlə bağlı məhkəmə araşdırmaları deyil, həm də dini etiqad və hökmlərə dair iddialar da nəzərdə tutulur.
Sonra Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, o, qərarları Onun ona göstərdiyi kimi qəbul etsin. Ona öz istəklərinə uyğun olaraq rəftar etməyə icazə verilməmişdi. Ona, Rəbbin ona öyrətdiyi kimi davranmaq əmr olunmuşdu. Oxşar bir ayədə deyilir: “O öz istəyi ilə danışmır. Bu, ona təlqin edilmiş vəhydir” (Nəcm, 53/3-4).
Buradan belə çıxır ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hökmləri bəyan edəndə və ya Allahın adından danışanda səhvlərdən qorunurmuş. Bundan həm də aydın olur ki, bilik və ədalət hər bir məhkəmə qərarına verilən tələblərdir, çünki Allah hakimlərin qərarları öz mülahizələri əsasında deyil, Onun göstərdikləri əsasında çıxarmalarını əmr etmişdir. Buna görə də, insanlar arasında mübahisələri həll etmək üçün Allahın Kitabı haqqında biliklərə malik olmaq lazımdır.
Ədalətli və qərəzsiz qərarlar çıxarmaq əmrini verdikdən sonra, Allah ədalətsiz davranmağı və xainləri müdafiə etməyi qadağan edir. Bu o deməkdir ki, müsəlman, bir adamın ona etibar edənə xəyanət etdiyini, ona məxsus olmayana iddia irəli sürdüyünü və yaxud iddiaçı qarşısında öz borclarını inkar etdiyini bildikdə və ya güman etdikdə, onu müdafiə etmək haqqına malik deyil. Beləliklə, başqasının haqqına iddia etmək və belə davrananların maraqlarını təmsil etmək həm dini və həm də dünyəvi məsələlərdə qəti qadağandır. Bu ayədən həm də belə bir nəticə çıxarmaq olar ki, müsəlmana başqasının mənafeyini təmsil etməyə o halda icazə verilir ki, o, onun ədalətsizliyində şübhələnmiş olmasın.


(106) “Allahdan bağışlanma dilə, axı Allah Bağışlayan və Rəhmlidir”.

Törətdiyiniz günahların bağışlanmasını Allahdan xahiş edin, çünki O, Ona bağışlanmaları barədə yalvaranların, əməllərinə görə tövbə edənlərin və Onun yoluna qayıdanların ən böyük günahlarını belə bağışlayır. Rəbb belə insanları bağışlayır və onları mükafata layiq olmağa və cəzadan çəkinməyə imkan verən saleh əməllərə ruhlandırır.


Tarix: 20.04.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 837 Bölmə: Sureler
loading...