Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 51-101ayələr

(51) “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”.

Allah, əvvəlki səmavi Kitablara bənzəyən Kitabı Məsihə təlim etdi, ona insanlar arasında ədalətlə mühakimə yürütməyi öyrətdi və peyğəmbərlik verdi. Allah onu İsrail oğullarının yanına göndərdi və açıq-aşkar ayələrinin və inandırıcı dəlillərinin köməyi ilə ona yardım etdi. Onların sayəsində o, insanlara özünün, həqiqətən, Allahın elçisi olduğunu sübut edən möcüzələr göstərdi. Allahın iradəsi ilə gildən quşabənzər bir şey düzəldib ona üfürən kimi, o şey canlı quşa çevrildi. Allahın iradəsi ilə, o, nəinki görməkdən, hətta gözdən məhrum olan insanlara da görmə qabiliyyəti qaytarır və cüzamlıları sağaldırdı. Allahın iradəsi ilə o, ölüləri dirildir və insanlara evlərində yedikləri və saxladıqları şeyləri xəbər verirdi.
Allah ona, Onun peyğəmbərlərinə verdiyi iki növ xarüqəladə və ecazkar möcüzə bəxş etmişdi. O, ona peyğəmbərlik və din bağışlamışdı ki, onu insanlar arasında təbliğ etsin. Onun dini Tövratın və əvvəlki peyğəmbərlərin dini idi və bu onun əsil peyğəmbərliyinin ən böyük dəlili idi. Əgər o, həqiqəti danışmasaydı, dediyi sözləri mütləq Allahın əvvəlki elçilərinin təbliğ etdiklərinə zidd olar və onun baxışları əvvəlki səmavi təlimlərdən öz əsas və ikinci dərəcəli müddəaları ilə fərqlənərdi. Lakin onların təlimləri arasında oxşarsızlıq yox idi və bu da ona dəlalət edirdi ki, o, həqiqətən, Allahın elçisidir və onun təlimi, şübhə edilməyən bir haqdır. Bundan başqa, o, israillilərə əvvəlcə haram edilmiş şeylərin bir hissəsini halal etdi və onların dini vəzifələrini asanlaşdırdı.
O, insanları təqvalı olmağa, ona itaət etməyə və təkcə Allaha – bütün insanların Rəbbinə ibadət etməyə dəvət edirdi, çünki şəriki olmayan Vahid Allaha ibadət və Allahın elçilərinə tam itaət bütün peyğəmbərlərin və elçilərin təbliğatının əsasını təşkil edir. Budur Cənnət bağlarına aparan düz yol!

(52) “İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”

(53) “Ey Rəbbimiz! Biz Sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”

İsrail oğullarının İsa peyğəmbərə münasibəti müxtəlif oldu. Onlardan bəziləri ona iman gətirdilər, digərləri isə iman gətirməyi rədd edərək, onu yalançı saydılar, anasını isə əxlaqsızlıqda və zinakarlıqda ittiham etdilər. Yəhudilər məhz belə rəftar etdilər. Peyğəmbər xalqının ona iman gətirməkdən boyun qaçırdığını və onun moizələrini rədd etdiyini hiss etdikdə, o, İsrail oğullarını ona yardım göstərməyə çağırdı. Belə olduqda, həvarilər Allahın dinini müdafiə edəcəklərini ona vəd edərək, ondan xahiş etdilər ki, onların müti müsəlman olmalarına şahidlik etsin.
Allah həvarilərə və İsa peyğəmbərə böyük iltifat göstərərək, onları ona iman gətirməyə, itaət etməyə və lazımi kömək etməyə ruhlandırdı. Buna görə, onlar Allahın nazil etdiyi nə vardısa, hamısına iman gətirməyi, Onun elçisinə itaət etməyi öhdələrinə götürdülər və Ondan xahiş etdilər ki, onları, tövhid tərəfdarı olduqlarını bəyan edənlərin və Allahın peyğəmbərinin doğruçuluğuna və Onun dininin haqq olduğuna şahidlik edənlərin sırasına yazsın.

(54) “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır”.

İsa (ə) hiss etdi ki, İsrail oğullarının əksəriyyəti ona iman gətirməkdən boyun qaçırır, onun əleyhinə fitnə-fəsad hazırlayır, hiylə qururlar. Allah isə onlara qarşı hiylə qurdu, axı O, hiyləgərlərin ən Xeyirlisidir. Yəhudilər peyğəmbəri öldürməyi və çarmıxa çəkməyi düşünmüşdülər, Qüdrətli Allah isə, onlara onun qiyafəsində bir başqasını təqdim etdi.


(55) “O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm”.

Mürtədlər İsa peyğəmbər hesab etdikləri kəsi tutaraq onu edam etdilər və nəşini çarmıxa çəkdilər, Allah isə peyğəmbərini Öz yanına yüksəltdi və ağır cinayət törətmiş kafirlərdən xilas etdi. Qiyamət günü başlamazdan öncə İsa peyğəmbər (ə) yerə qayıdacaq və İslamın qanunları əsasında ədalətli hökmlər çıxaracaq. O, donuzları məhv edəcək, xaçları sındıracaq və Muhəmməd Peyğəmbərin (s.ə.s.) hökmlərini yerinə yetirəcək və onda yalançılar başa düşəcəklər ki, onlar nə dərəcədə azdırılmış və aldadılmışlar, nə dərəcədə yalançı və haqsız olmuşlar.
Bu ayədə İsa peyğəmbərin (ə) ardıcılları adı altında Allahın azğın bidətçilər üzərində qələbə bəxş etdiyi, haqq dini qəbul etmiş əməlisaleh insanlar nəzərdə tutulur. Muhəmməd (s.ə.s.) milləti gələndən bəri İsa peyğəmbərin yeganə sadiq ardıcılları müsəlmanlar olmuşlar ki, Allah da onlara bütün kafirlər üzərində zəfər çalmağa və Muhəmməd Peyğəmbərin (s.ə.s.) dinini yer üzündə təsdiq etməyə kömək göstərmişdir. Uca Allah buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, onlar üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur, 24/55).
Allahın müdrikliyi həmişə ədalət təcəssümü olduğu üçün tələb edir ki, O, dininin həqiqi tərəfdarlarına açıq-aydın kömək göstərsin və Allahın hökmlərinə, qadağalarına riayət etməkdən boyun qaçıran, dini ehkamları kənara qoyan və günah işlətməyə cəsarət edənləri düşmənin gözü qarşısında cəzalandırsın və alçaltsın.
(56) “Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaq”.

(57) “Allah iman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevmir”.

Bu iki ayədə Uca Allah insanları əməllərinə görə gözləyən əvəz barədə izahat verir. Bu ittihamnamə əvvəlki səmavi dinlərin, sadalanan keyfiyyətlərə malik olan bütün tərəfdarlarına aiddir. Bütün elçilərin Ağasının (s.ə.s.) və Allahın son Peyğəmbərinin (s.ə.s.) gəlişindən sonra, onun peyğəmbərlik səlahiyyəti ilə bütün əvvəlki kitabları qüvvədən saldı, onun dini isə bütün əvvəlki dini qanunları ləğv etdi. Buna görə, İslam dininə etiqad etməkdən boyun qaçıran hər bir kəs, mütləq məhvə məhkum olunmuşlar arasında olacaqdır.

(58) “Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir”.

Bu Əzəmətli Quran insanların ilk və sonrakı nəsillərinin hekayətlərindən və həmçinin peyğəmbərlər və elçilər haqqında tarixdən ibarətdir. O, Allahın aydın ayələrindən ibarət olmaqla qullara, onların ehtiyacı olduğu hər şeyi xatırladır. O, hikmət və aydınlıq təcəssümüdür, onun hekayətləri gerçək və hökmləri gözəldir.

(59) “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu”.

Məryəm və onun oğlu haqqında gerçək rəvayətdən sonra, Uca Allah izah edir ki, İsa peyğəmbər (ə) sadəcə bir qul idi, Allah isə ona böyük lütfkarlıq göstərmişdi. Bu peyğəmbərin (ə) ilahlaşdırılması Allaha, Onun bütün peyğəmbərlərinə və hətta İsa peyğəmbərin özünə də böhtandır. Onu öz allahları sayan günahkarlar şübhəli və qüsurlu dəlillərə istinad edirlər. Onların sübutları ədalətli olsaydı, onda Adəmin allah olmağa haqqı daha çox olardı, axı Allah onu atasız və anasız yaratmışdı. Buna baxmayaraq, bütün adamlar onu adi bir insan və Allahın qullarından biri hesab edirlər. Bax buna görə də, İsanın atasız və qəribə halda doğuluşuna əsaslanan ilahlaşdırılması haqqında bəyanatlar yalan və tamamilə əsassızdır.

(60) “Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma”.

Şübhə edilməsi mümkün olmayan haqq İsa peyğəmbərin (ə) aşağıdakı sözlərində öz əksini tapmışdır: “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən” (Maidə, 5/117).

(61) “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.

Bir dəfə Muhəmməd Peyğəmbərin (s.ə.s.) yanına Nəcrandan xristianların nümayəndələri gəlmişdi. Peyğəmbər (s.ə.s.) onlara İsanın təkcə Allahın qulu və Onun elçisi olması barədə inandırıcı dəlillər gətirdi, lakin onlar inadkarcasına öz yanlış baxışlarını müdafiə etməkdə davam etdilər. Onlar həqiqəti aydınlaşdırdılar, lakin onların öz baxışlarına olan tərs və fanatikcəsinə münasibəti haqqa itaət etmələrinə mane olurdu. Onlar İsanın Allah olduğuna təkid etməkdə davam edirdilər. Belə olduqda, Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr edir ki, yalançılara Allahın lənət etməsi təklifi ilə onlara müraciət etsin.
Allahın Elçisi (s.ə.s.) onlara söz verir ki, öz ailəsini və öz oğullarını gətirsin və onlara da təklif edir ki, öz ailələri və oğulları ilə birlikdə gəlsinlər ki, Uca Allahdan yalançıları cəzalandırmasını və onlara lənət etməsini bir yerdə xahiş etsinlər. Xristianlar onun təklifini qəbul edib-etməmək haqqında öz aralarında məsləhətləşdilər və qərara gəldilər ki, onu qəbul etməsinlər, axı onlar çox gözəl bilirdilər ki, Muhəmməd (s.ə.s.) Allahın əsil peyğəmbəridir. Onlar başa düşürdülər ki, onun təklifini qəbul etmək özlərini, öz övladlarını və öz arvadlarını məhvə məhkum etmək idi və buna görə onlar onunla sülh müqaviləsi bağladılar, adambaşına can vergisi ödəməyə razılılaşdılar və xahiş etdilər ki, onlara qarşı döyüş əməliyyatları aparılmasın. Bu şərtlər Peyğəmbəri (s.ə.s.) qane etdi və o, onlara təzyiq göstərməkdən vaz keçdi, çünki o, istənilən nəticəyə nail olmuşdu. İnsanlar həqiqəti dərk etdilər və xristianların inadkarlıq və kafirlik etdiklərini aydınlaşdırdılar, çünki onlar yalançılara Allahın lənətini çağırmaqdan boyun qaçırmışdılar və əslində bununla ədalətsiz insan olduqlarını etiraf etmişdilər.

(62) “Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ilah yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir”.

(63) “Əgər onlar üz döndərsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır”.

İnsanlar, həqiqət onlara aydın olduqdan sonra, ondan üz döndərir və öz azğın baxışlarından əl çəkmirlərsə, onda onlar fitnəkar və fasiqdirlər və bu, Allaha gün kimi aydındır. Onun qüdrəti o dərəcədə əzəmətlidir ki, bütün məxluqat Onun qarşısında itaət edir, yerin və göylərin sakinləri Ona tabe olurlar. Bunlarla yanaşı O, kamil müdrikliyə malikdir və bunun sayəsində hər şeyi öz yerində yerləşdirir.


(64) “De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi çərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, de: “Şahid olun ki, biz müsəlmanlarıq!”

Muhəmməd Peyğəmbər (s.ə.s.) bu şərəfli ayənin mətnini Kitab əhlinin hökmdarlarına yolladığı dəvət məktublarında əks etdirərdi. Bəzən o (s.ə.s.), bu ayəni sübh namazının sünnəsinin birinci və ya ikinci rükətində oxuyardı. O (s.ə.s.), bu sözlərdə, bütün peyğəmbərlərin və elçilərin təbliğ etdikləri vahid dinə çağırış, şərik qoşmadan, təkcə Allaha ibadət etmək zəruriyyətinin izahı və bütün insanların adi adam, Müqəddəs Allahın sifətlərinə və xüsusiyyətlərinə malik olmadıqlarının təsdiqi olduğu üçün belə edərdi.
Ey möminlər!
Əgər Kitab əhli və yerdə qalan bütün adamlar sizin çağırışınıza tabe olurlarsa, onda onlar düz yolla gedirlər. Yox əgər onlar üz döndərsələr, onda onlara əmr edin ki, sizin artıq İslama daxil olduğunuza şahidlik etsinlər.

(65) “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?”

(66) “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!”

(67) “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi”.


(68) “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır”.

Bütün dini icmaların nümayəndələri – yəhudilər, xristianlar, müşriklər və müsəlmanlar – bəyan edirlər ki, onlar İbrahim peyğəmbərin yolu ilə gedirlər. Lakin Uca Allah bildirir ki, İbrahimə ən yaxın olan adamlar – Muhəmməd Peyğəmbər (s.ə.s.), onun ardıcılları və habelə, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə qədər yaşamış İbrahim peyğəmbərin (ə) özünə sadiq olan ardıcıllarıdır. Yəhudilərə, xristianlara və müşriklərə gəldikdə isə, onların İbrahimə heç bir aidiyyəti yoxdur, çünki onun dini, bütün elçilərə və bütün Səmavi Kitablara iman gətirməyə əsaslanan təmiz tövhid dini idi.
Belə təmiz baxışlara etiqad edənlər təkcə müsəlmanlardır. Yəhudilərin və xristianların da özlərini İbrahimin tərəfdarları adlandırmalarına baxmayaraq, yaxşı məlumdur ki, həm yəhudi və həm də xristian dini, Allahın bu sevimlisinin vəfatından çox əsrlər keçdikdən sonra təşəkkül tapmışlar. Bəs niyə yəhudilər və xristianlar onların yalanını və uydurmalarını ifşa edən baxışları ilə əlaqədar mübahisələrini davam etdirirlər? Onlar bildikləri şeylər haqqında mübahisə edə bilərdilər. Bəs niyə onlar, baxışlarının yanlışlığının, təfərrüatı ilə araşdırılmasına qədər, aydın olduğu halda, mübahisə edirlər?
Buradan belə bir nəticə çıxır ki, insanlar bilmədikləri şey barəsində mübahisə etməməli və hətta danışmamalıdırlar. Allahın möminləri himayə etməsi müddəasından da aydın olur ki, qulun imanı gücləndikcə, Allah Öz mərhəməti sayəsində ona daha çox himayədarlıq edir, onun taleyini yüngülləşdirir və onu çətinliklərdən qurtarır.

(69) “Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və bunu da hiss etmirlər”.

(70) “Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?”


(71) “Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?”


(72) “Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr”.


(73) “Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin və yaxud müsəlmanlar Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah hər şeyi Əhatəedəndir, Biləndir”.


(74) “O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir”.

Allah müsəlmanlara, onlara qarşı düşmənçilik əhval-ruhiyyəsində olan və onları ən yaramaz üsullarla azdırmağa cəhd edən Kitab əhlinin fitnə-fəsad hazırlaması haqqında xəbər verməklə böyük lütfkarlıq göstərir. Onlardan bəziləri hətta bir-birinə deyirlər: “Gəlin günün əvvəlində İslama iman gətirək və günün sonunda isə imandan üz döndərək. Müsəlmanların arasında elə adamlar var ki, sizi bilikli və savadlı sayırlar və əgər onlar sizin belə etdiyinizi görsələr, onda öz dinlərinə şübhə etməyə başlayarlar. Onlar fikirləşərlər ki, siz onda əvvəlki Kitablara zidd olan dəyərsiz baxışlarla rastlaşmasaydınız İslam dinindən heç vaxt əl çəkməzdiniz”.
Onlar müdhiş fitnəkarlıqlar törədirlər, lakin Uca Allah istədiyini doğru yola yönəldir. O təkbaşına Öz mərhəmətinin və səxavətinin sərəncamçısıdır, istədiklərinə onları bəxş edir. O, müsəlmanlara, onlara qədər heç kimin layiq görülmədiyi xüsusi lütfkarlıq göstərməyi istəmişdir. Məkrli kafirlər anlaya bilmirlər ki, Allahın gerçək dini insanların qəlbinə daxil olduqda, zaman keçdikcə onlar daha böyük iman və əqidə sahibi olurlar, hər hansı şübhə isə, onları dinin qanunlarından daha möhkəm yapışmağa və Allaha həmd etməyə, Onu, saysız-hesabsız nemətlərinə və mərhəmətinə görə tərifləməyə yönəldir.
Kitab əhli istəmir ki, müsəlmanlar, onların vaxtilə aldıqlarını alsınlar. Məhz buna görə, onlar Rəbbin qarşısında müsəlmanlarla höcətləşirlər. Buradan aydın olur ki, onların bəd əməllərinin səbəbi həsəd, ədalətsizlik və günahkarlıqlarının ifşa olunacağından ehtiyat etmələridi. Bu barədə Uca Allah buyurur: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir” (Bəqərər, 2/109).


(75) “Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!” – deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər”.

Uca Allah bildirir ki, Kitab əhli arasında elələri var ki, onlara etibar edilməsinə layiqdirlər və əgər onlara böyük miqdarda pul etibar etsən, onu hökmən öz sahibinə qaytararlar. Ancaq onların arasında elə məkrli fasiqlər də var ki, özgəsinin malına, hətta onun çox az olmasına baxmayaraq, qəsd etməyə hazırdırlar. Öz iyrənc məkrliliyinə və xəyanətkarlığına baxmayaraq, onlar əməllərini uydurma sübutlarla doğrultmağa cəhd edərək belə deyirlər: “Biz onların malını mənimsəyəndə günah işlətmirik, çünki o, bizim üçün toxunulmaz deyil”. Onlar Allaha şər atmağa cəhd göstərirlər, halbuki, onlar, belə cinayətlərinə görə məsuliyyət daşıyacaqlarını yaxşı bilirlər. Onlar, etibar etdiklərinə görə, ərəblərə nəinki xəyanət edir və nifrətamiz münasibət bəsləyir, həmçinin şüurlu surətdə Allaha böhtan atırlar. Onlar öz cahilliyinə və sapqınlığına görə belə hərəkət edən adamlara qətiyyən oxşamırlar.


(76) “Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevir”.

Yox-yox! Onların sözləri sonsuzluğa qədər həqiqətdən uzaqdır, buna görə də, müttəqi mömin ancaq Allahın qarşısında və Onun qullarının qarşısında öz vəzifələrini qüsursuz yerinə yetirən şəxsdir və məhz belə insan Allahın məhəbbətinə layiqdir. Əgər insan başqa cür hərəkət edirsə, insanlar qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmirsə və Allahdan layiqincə qorxmursa, onda o, Allahın nifrətinə düçar olur və ən əzabverici cəzaya məhkum edilir.

(77) “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün Axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır”.

Əgər insanlar dini dünya nemətlərinə satırlarsa, keçici maddi zövqə üstünlük verirlərsə, yalandan and içmək və öz öhdəliklərini yerinə yetirməmək hesabına varlanırlarsa, onda Allah Qiyamət günü onlarla danışmayacaq və hətta onların üzünə belə baxmayacaq. Allah onları təmizləməyəcək və əzabverici cəzaya məruz qoyacaq, çünki onlar Onun qəzəbinə layiqdirlər, özlərini amansız cəzaya düçar etmişlər, Allahın mükafatından və mənəvi təmizlənməsindən məhrum olmuşlar. Axirət həyatında onlar cinayətlərin və ağır günahların rəzalətinə bürünəcəklər.


(78) “Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dilləri ilə təhrif edirlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!” – deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar”.

Kitab əhli arasında elə adamlar var ki, Allahın Kitabını təhrif edərək onu düzgün oxumur ki, insanlar onların oxuduqlarını Səmavi Vəhyin sözləri kimi qəbul etsinlər. Onlar Vəhyin mətnini və mənasını yanlışlaşdırır, lakin bu müdhiş cinayətlə də kifayətlənmirlər. Onlar öz uydurmalarının Müqəddəs Kitabdan götürüldüyünü göstərməyə çalışırlar, halbuki bu, açıq-aydın yalandır. Onlar törətdiklərinin ağırlığını və əməllərinin nəticələrini dərk edərək Allaha açıq şəkildə böhtan atırlar.


(79) “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, Hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!” – desin. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimi olun!”
(80) “O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?”

Əgər Allah kiməsə vəhy göndəribsə, Kitabı ona öyrədibsə, ona peyğəmbərlik bəxş edibsə və ona dini hakimiyyət veribsə, onda o, heç vaxt insanlara ona, digər peyğəmbərlərə və ya mələklərə ibadət etməyi əmr etməz. O, heç vaxt bu varlıqların ağa olmalarını təbliğ etməz, çünki belə baxışlar əsil kafirlikdir. Məgər Allah ona, belə baxışlarla bir araya sığmayan İslamı öyrətdiyi halda, o, insanları buna (küfrə) dəvət edə bilərmi? Məgər o, bu dinə zidd olan bir şeyi təbliğ edə bilərmi?! Belə bir şey mümkün deyildir, çünki Allahın peyğəmbərlərinə əta etdiyi mövqe, aşıladığı əqidə və çox yüksək əxlaqi keyfiyyətlər onların özünü ən mükəmməl surətdə Ona ibadət etməyə və öz Tək və Qüdrətli Rəbbi qarşısında müti olmağa məcbur edir.
Nəcran sakinləri belə bir cavabı aldılar. Onlar öz yanlış fikirlərinə o dərəcədə aludə olmuş və o dərəcədə təkəbbürlü idilər ki, belə demişdilər: “Ey Muhəmməd! Doğrudanmı sən bizi sənə ibadət etməyə dəvət edirsən?” Yaradan, onların sözlərini təkzib edərək, bildirir ki, onların etirazları da, kafir sələflərinin etirazları kimi, yalan və əsassız idi.


(81) “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və Hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” – deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?” – demişdi. Onlar: “Razıyıq!” – demişdilər. Allah da: “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – demişdir”.



(82) “Bundan sonra üz döndərənlər – məhz onlar fasiqlərdir”.

Uca Allah bildirir ki, bütün peyğəmbərlər Allahla sərt əhd bağlamışdılar. Kitab və Hikmət nazil edilməsi onlara nümayiş etdirilən bir lütfkarlıq idi və bunlar peyğəmbərləri Onun qarşısında götürdükləri öhdəlikləri mükəmməl tərzdə yerinə yetirmələri üçün əsas yaradırdı. Həmin əhdə müvafiq olaraq hər bir peyğəmbər özündən sonra gələn peyğəmbərə iman gətirməli, o, insanlara müraciət etdikdə isə, ona kömək göstərilməliydi ki, əvvəlki Kitabların doğruluğu təsdiq edilsin və onların arasında tövhid dini, haqq, ədalət və hər bir səmavi şəriətə xas olan digər mühüm baxışlar yayılsın. Peyğəmbərlər belə şərtlərə razılaşmışdılar və bu əhdi yerinə yetirəcəklərini öhdələrinə götürmüşdülər, məhz onda Allah onları bu əhdin doğruluğuna şahidlik etməyə dəvət etmişdi. Bundan başqa, Allah onların razılığına Özü şahidlik etmişdi və bu əhdi pozmağa cəsarət edə bilənin hər birini çox ciddi hədələmişdi.
Bu ayələrdən aydın olur ki, bütün peyğəmbərlər vahid bir yolla gediblər, bir dini təbliğ ediblər və öz aralarında ixtilaf etməyiblər. Onların hər biri, Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməyi və ona (s.ə.s.) kömək etməyi öhdələrinə götürməkdə bir-birilərinə bənzəyirlər. Əgər bir insan özünü Allahın peyğəmbərlərinin ardıcılı adlandırırsa, onda onların dini – Allahın əmri ilə etiqad edəcəyinə razılıq verdiyi və öhdəlik götürdüyü – İslam dinidir. Əgər o, Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə getməkdən boyun qaçırırsa və özünü digər peyğəmbərlərin davamçısı adlandırırsa, onda o, ancaq fasiqdir, Allaha itaətdən yayınır və əslində, özünü ardıcılı adlandırdığı peyğəmbəri təkzib və inkar edir.
Bu ayə Kitab əhlini və Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməyən bütün digər millətlərin nümayəndələrinin hamısını öz cahilliklərinə görə bəraət almaq imkanından məhrum edir. Buradan aydın olur ki, insanlar, elçilərdən sonuncusu və ən şərəfli olanına – Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirmədikcə, özlərini ardıcılları adlandırdıqları elçilərə lazımınca iman gətirə bilməzlər.


(83) “Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar”.


(84) “De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”

(85) “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”.

Biz “əl-Bəqərə” surəsində artıq qeyd etmişdik ki, bunlar – Allahın müsəlmanlara iman gətirmələrini əmr etdiyi əsas baxışlardır. Bütün Müqəddəs Kitablar və Allahın elçiləri onları təbliğ etmişlər. Bu müddəalar hər bir insanın müqəddəs məqsədinə çevrilməlidir, onlar İslam dininin gerçək əsaslarıdır. İnsan onlara etiqad etmək istəmədikdə, Allah onun əməllərini rədd edir və o, ümid bağlaya biləcəyi dinindən məhrum olur.
Həqiqi imanı rədd edib ondan üz döndərən şəxs haraya yönəlir? Doğrudanmı o, ağaclara, daşlara və ya oda ibadət edəcəkdir? Ya da o, mirzələri, rahibləri və xaçları ilahlaşdırmağa başlayacaqdır? Bəlkə, aləmlərin Rəbbinin mövcudluğunu danacaqdır? Ola da bilsin ki, şeytanın uydurduğu yalançı dinlərə etiqad etməyi üstün tutacaq? Həqiqətən, insan bu yollardan birini seçsə, Axirət həyatında ziyana uğrayanlardan olacaqdır.


(86) “İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz”.

(87) “Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir”.


(88) “Onlar bu lənətə həmişəlik qərq ediləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcək”.



(89) “Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”.

Allahın dininə iman gətirdikdən, onu qəbul etdikdən və Allahın Elçisinin (s.ə.s.) həqiqi peyğəmbər olduğunu təsdiq etdikdən sonra, öz öhdəliklərini pozaraq geriyə dönən adamları Allahın doğru yola yönəltməsini təsəvvür etmək mümkün deyil. Belə adamlar haqqı şüurlu surətdə təkzib edirlər və əgər kimsə bu addımı atırsa, onda Allah da onu baş-ayaq edir. ( Yəni, işlərini tərsinə çevirir. Tərc. F.S) İnsanlardan haqqı şüurlu surətdə danmasına və yalanı üstün tutmasına görə belə intiqam alınır. Allah, sadəcə, onları üz tutduqları səmtə yönəldir.
Onlar Allahın, mələklərin və bütün insanların lənətinə düçar olurlar. Onlar əbədi olaraq o lənətə qərq olurlar və əbədi əzabkeşə çevrilirlər. Allahın cəzası onları bir dəfə yaxalayan kimi, onlar artıq bir daha rahatlıq bilmir və onlara möhlət verilmir; axı Allah onlara, ağılları başlarına gəlməsi üçün, kifayət qədər uzun ömür vermişdi. Bundan başqa, Nəsihətverən onlara qisas alınacağı barədə xəbərdarlıq etmişdi. Bu təhdidedici xəbərdarlıq hamıya aiddir, təkcə sonradan kafirliklərindən tövbə edib öz günahkar əməllərini islah edənlər, nöqsanlarını düzəldənlər istisna təşkil edir. Allah belə insanların əvvəl törətdiyi günahları və yol verdiyi qüsurları bağışlayır.
(90) “Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır”.


(91) “Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır”.

İnsan iman gətirməkdən boyun qaçırırsa və öz inkarçılığında inadla qalırsa və bu onda daha da dərinləşir və ölənə qədər ondan əl çəkmirsə, onda o, düz yolunu azmış günahkardır, bədbəxtlik yoluna qədəm qoymuşdur və ən əzabverici cəzaya layiqdir. Ona Allahın cəzasından xilas olmağa heç kim kömək etməyəcək və hətta o, amansız cəzadan qaçmaq üçün dünya dolusu qızıl fidyə versə də, bu ona fayda verməyəcəkdir. Allah bizi kafirlikdən və onun bütün bənzərlərindən saxlasın!

(92) “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir”.

Möminlik – bütün saleh əməlləri özündə birləşdirən anlayışdır. Bu – Cənnət bağlarına aparan yoldur. Lakin insan onun üçün dəyərli olan şeylərdən ianə verənə qədər və ona məxsus olan ən qiymətli və əziz saydığı malından sədəqə paylayana qədər, bu yola qədəm qoya bilməz. İnsan üçün çox xoşladığı və əziz olan ən qiymətli əşyalarından ianə vermək onun möminliyinin, əxlaqlılığının və rəhmdilliyinin ən böyük dəlilidir.
Əgər insan Allahı, məhəbbəti hər insanın qəlbinə hopdurulmuş maddi zənginlikdən daha güclü sevirsə, bu onun Ona olan səmimi məhəbbətini təsdiq edir. Əgər o, məhəbbətində özündən çox Allahı üstün tutursa, onda o, kamilliyin ən yüksək zirvəsinə nail olur. Əgər o, ianə kimi ən qiymətli malını paylayır və Allahın qullarına xeyirxahlıq göstərirsə, onda O, hökmən ona Öz mərhəmətini göstərər və onu saleh əməllərə və yüksək əxlaqlılığa yönəldər ki, bunları başqa yolla əldə etmək, sadəcə, mümkün deyildir.
Bundan əlavə, əgər insan belə ianələr edirsə, deməli o, digər saleh əməllər də yerinə yetirir və bir çox başqa yaxşı məziyyətlərə də malikdir. Hərçənd insana əziz olan şeylərdən ehtiyacı olanlara paylamaq ən gözəldirsə də, Uca Allah qullarının ən qiymətli və o qədər də qiymətli olmayan əşyalarından verdikləri bütün böyük və kiçik ianələrdən agahdır. O, hər bir xeyriyyəçiyə onların əməlinə müvafiq olaraq həm bu dünyada layiqli mükafat və həm də Axirət həyatında əbədi səadət bəxş edir.

(93) “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”

(94) “Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır”.

Yəhudilərin İsanın (ə.) və Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini inkar etmələrinin səbəblərindən biri o idi ki, onlar dini hökmlərin ləğv olunmasını qəbul etmirdilər. Onlar güman edirdilər ki, bir peyğəmbərin şəriəti ondan əvvəlki peyğəmbərin şəriətindən heç vəchlə fərqlənməməlidir. Belə olduqda, Allah nümunə göstərərək onların zənninin yanlış olduğunu onlara izah edir. Bu onlara yaxşı məlumdur. İsrail oğullarına Tövrat nazil edilənə qədər hər cür qida maddəsini yeməyə (İsrail təxəllüslü Yaqub peyğəmbərin xəstəliyi ilə əlaqədar yemədiyi bir sıra ərzaq malları istisna olmaqla) icazə var idi. Tövrat isə israillilərə əvvəllər icazə verilmiş bir çox ərzaq mallarını yeməyi qadağan etdi. Əgər israillilər bunu inkar etsələr və dini qadağaların və icazələrin ləğv olunmadığı iddiasının üstündə təkidlə dayansalar, onda qoy Tövratı gətirib, öz dediklərinin doğruluğunu sübut etsinlər.
Buradan aydın olur ki, öz doğruçuluğunu sübut etmək üçün ən yaxşısı, müqabil tərəfin qəbul etdiyi və təkzib etmədiyi dəlillərdir. Əgər bundan sonra o, haqqı qəbul edirsə, qoy necə istəyir belə də hərəkət etsin. Yox, əgər o, haqqa tabe olmaqdan boyun qaçırırsa və belə izahatı qəbul etmirsə, onda onun yalanı və ədalətsizliyi və habelə baxışlarının şərli olması ifşa ediləcəkdir. Məhz bu, yəhudilərin başına gəlmişdi.

(95) “De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardıyca gedin. O, müşriklərdən deyildi”.

Allah həmişə ancaq həqiqəti söyləyir. Kimin nitqi ümumiyyətlə Onun nitqindən doğru ola bilər? O, bu vəhyində Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin gerçəkliyinin dəlillərini izah edir, onun təbliğatının doğruluğunu təsdiq edir və Allahın Elçisini (s.ə.s.) yalançı hesab edən və onun dəvətini rədd edən Kitab əhlinin azğın baxışlarının yanlışlığını ifşa edir.
Muhəmməd Peyğəmbər (s.ə.s.) Allahın gerçəkliyini bəyan edərək, insanları özünün haqlı olmasında, dağların və güclü insanların qarşısında itaət etməyə hazır olduqları inandırıcı sübutlar və dəlillərlə əmin edir. Bundan sonra bütün bəşəriyyət İbrahimin yolu ilə getməli və təkcə bir olan Allaha şərik qoşmadan ibadət etməli, Onun göndərdiyi bütün elçiləri qəbul etməli, Onun nazil etdiyi bütün Kitabları qəbul etməli, bütün yanlış və təhrif edilmiş dinlərdən uzaqlaşmalıdır, axı İbrahim peyğəmbər tövhidlə bir araya sığmayan nə var idisə, hamısından uzaqlaşırdı və onun bütpərəstlik və müşriklərlə heç bir əlaqəsi yox idi.


(96) “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir”.

(97) “Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur”.

Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülharamın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur.
Məscidülharamın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini məcburiləşdirmişdir. Bunun üçün adamlara bəs edir ki, imkan tapıb Məkkəyə qədər istənilən nəqliyyat vasitəsilə gəlsin və özü ilə ona zəruri olan ərzağını götürsün. Bu ayədə elə sözlər xatırlanır ki, onlar həm hal-hazırda mövcud olan və həm də gələcəkdə olacaq nəqliyyat vasitələrinə aiddir.
Müqəddəs Quranın möcüzələrindən biri də onun ehkamlarının bütün zamanlar və istənilən şərait üçün tətbiq olunarlığıdır. Bundan başqa, insanlar bu hökmlərə riayət etmədikcə, öz işlərini tam qaydaya sala bilməzlər. İnsan onlara tabe olduqda və onları layiqincə yerinə yetirdikdə, o, doğru yolla gedən möminlərdən biri olur. Əgər o, onlara itaət etməkdən boyun qaçırırsa və Məkkəyə həcc ziyarəti etmək istəmirsə, onda o, dinin ağuşundan çıxır və kafir olur, axı Allahın Öz qullarına ehtiyacı yoxdur.

(98) “De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?”


(99) “De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolundan sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.

Allah artıq əvvəlki ayələrdə Kitab əhli üçün, onlar Muhəmməd Peyğəmbərə (s.ə.s.), öz oğullarını tanıdıqları kimi, bələd olmalarına baxmayaraq, İslamın həqiqi din olmasını təsdiq edən inandırıcı dəlillər gətirmişdi. Bu ayələrdə Onun möcüzələrinə iman gətirməkdən boyun qaçırtdıqlarına və insanlara Onun yolu ilə getməyə mane olduqlarına görə, Allah inadkarlıq edən Kitab əhlini qınayır. Bunun səbəbi savadsız Kitab əhlinin öz mirzələrinə və din alimlərinə kor-koranə tabe olmalarıdır. Onların cinayəti Uca Allaha məlumdur və buna görə də onların hər birindən layiq olduqları əvəz çıxılacaqdır.

(100) “Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra belə, döndərib kafir edərlər”.

(101) “Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar”.

Kitab əhlinin yanlış baxışlarını ifşa edərək və onları kafirliyə və inadkarlıqlarına görə qınayaraq, Uca Allah öz mömin qullarını onların aldada biləcəyindən xəbərdar edir, çünki onların arasında elə adamlar var ki, müsəlmanlara zərbə vurmağa, onları iman gətirdiklərindən sonra kafirliyə döndərməyə can atırlar.
Ey möminlər! Allah sizə dindarlıq lütf etmiş, Öz dininin möcüzələrini göstərmiş, onun gözəlliyini və üstünlüyünü sizə izah etmiş və sizə Öz Elçisini (s.ə.s.) göndərmişdir ki, sizə fayda verməyə yarayan əməlləri göstərsin. Sizə onun ətəyindən möhkəm yapışmaq imkanı verilmişdir. Məgər Kitab əhli bütün bunlardan sonra sizi öz dininizdən döndərə bilərmi? Həqiqətən də, əgər din möhkəm və nurlu özül üzərində qurulmuşsa, o, hökmən insanların qəlbini özünə cəlb edər və qullara ən şərəfli yüksəkliklərə nail olmağa və onların ən müqəddəs arzularının həyata keçməsinə imkan yaradar.
Sonra Allah xəbər verir ki, insan Ona təvəkkül edərsə və Onun himayəsinə sığınarsa, onda O, onu mütləq doğru yola yönəldər. Bu sözlərdə Allaha təvəkkül etməyə çağırış əks olunmuşdur, çünki məhz belə etdikdə əmin-amanlıq əldə etmək və düz yola çıxmaq olar.


Tarix: 20.04.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 630 Bölmə: Sureler
loading...