(9.1) “Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır” .
(9.2) “(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (bu dünyada və Axirətdə) rüsvay edəcəkdir!”
Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bütün müşriklərə və kafirlərə imkan verdilər ki, dörd ay ərzində yer üzündə, müsəlmanlar tərəfindən basqınlardan ehtiyat etməyərək sərbəst gəzib dolaşsınlar. Onlara xəbər verilmişdi ki, bu aylar sona çatdıqdan sonra müsəlmanlar onların qarşısında heç bir öhdəlik daşımayacaqlar. Bu hökm, müsəlmanlarla dörd ay müddətinə və ya ondan az və yaxud da vaxt çərçivəsi ilə müəyyən edilməmiş sülh müqaviləsi bağlamış bütün kafirlərə aid idi. Dörd ay müddətindən artıq bağlanılmış müqavilələrə gəldikdə isə, kafirlər birinci olaraq öz öhdəliklərini pozmasaydılar və müsəlmanları xaincəsinə satmasaydılar, müsəlmanlar onlara riayət etməli idilər.
Sonra Fövqəluca (Fövqəluca Allah – Müqəddəs Allahın mübarək ad və sifətlərindəndir. Azərbaycan dilində indiyədək “ali” – (2:55; 4:34 ? ??) “əla” – (87:1; 92:20); “mutəali– (13:9) sözləri yeganə bir “uca” ifadəsi ilə tərcümə edilirdi ki, bu həmin sözlərin incə və dərin mənalarını tam əks etdirmirdi. Allaın bu adının tez-tez çəkilməsi onun daha müvafiq və dolğun bir istilahla əvəzlənməsini zəruriləşdirirdi. Həm də dilimizdəki “uca” sözü ərəb dilindəki bütün mənaları vermirdi. Rus dilində «?????????» ifadəsi “Allah-təala” – ya daha yaxındır. Bütün bu özəllikləri nəzərə alaraq dilimizdə işlək söz axtarışında “fövqəladə” sözü üzərində dayanmalı oldum. Əvvələn, o, hər şeyin fövqündə, hər şeydən hündürdə və ucadan da uca olmaq mənasını verdiyi üçün, “Uca Allah” ifadəsi əvəzinə “Fövqəluca Allah” – mürəkkəb söz birləşməsini seçməyi məqsədyönlü saydım. Çünki bu, Müqəddəs Allahın ən ucaların da fövqundə olduğunu ifadə edir və buna görə Allahın şan-şöhrətinə daha yaraşandır və məqsədəuyğundur. F.S. )Allah müsəlmanlarla sülh müqaviləsi bağlayan kafirlərə bildirir ki, onlar özlərini möminlərdən təhlükəsizlikdə hiss etsələr də, Onun verəcəyi cəzadan qaça bilməyəcəklər. Əgər onlar yalançı ilahlara ibadət etməkdə davam edərlərsə, onda O, onları mütləq rüsvay edəcəkdir. Belə vəhylər, Allahın təhdidinə heç bir əhəmiyyət verməyən inadkar kafirlərdən başqa, bütün digər dinlərə etiqad edənlərdə İslamı qəbul etməyə həvəs oyadırdı.
(9.3) “Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!”
Allah möminlərə vəd etmişdi ki, Öz dininə qələbə bəxş etsin, Öz adını şərəfləndirsin və Allahla düşmənçiliyə başlamış və Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) və möminləri Məkkədən və Məscidülharamdan – onların hakimiyyətinin yayıldığı torpaqdan qovmuş müşrikləri hər hansı yardımdan məhrum etsin. Sonradan Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və iman gətirənlərə kömək etdi. Məkkə azad edildi, müşriklər isə alçaldıldı, mömin müsəlmanlar bu müqəddəs yeri idarə etməyə başladılar. Qurban bayramı gəldikdə, bu gün həm də böyük həcc günü adlanır, Ərəb yarımadasının hər yerindən müsəlmanlar və kafirlər də Məkkədə yığıldıqda, müəzzinə əmr edildi ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müşriklərdən üz döndərdiklərini hamıya car çəkib bəyan etsin. Allah artıq bundan sonra müşriklər qarşısında heç bir öhdəlik daşımır və müsəlmanlara icazə verildi ki, harada olmasından asılı olmayaraq onları öldürsünlər. Onlara deyildi: “Bu ildən sonra sizə Məscidülharama yaxınlaşmaq qadağan edilmişdir!” O vaxt Mədinəyə hicrətin doqquzuncu ili idi. Həmin ildə həcc ziyarətinə Əbu Bəkr Sıddıq rəhbərlik edirdi, Qurban bayramı günü isə Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müşriklərdən əl çəkməsini ucadan bəyan edən Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əmisi oğlu – Əli ibn Əbu Talib olmuşdu.( İslamım dördüncü xəlifəsi)
Sonra Fövqəluca Allah müşrikləri tövbə etməyə dəvət edir və onları bütpərəstliyə və müşrikliyə bağlılıqdan çəkindirir. Onlara deyilirdi ki, əgər onlar tövbə etsələr bu onların öz xeyirlərinə olcaqdır, amma bundan üz döndərsələr, onda Allahın cəzasından qaça bilməyəcəklər, çünki onlar Onun hakimiyyəti altındadırlar və O, öz mömin bəndələrinin əli ilə onları cəzalandırmağa qadirdir. Onda qoy kafirlər həm bu dünyada və həm də öldükdən sonra dəhşətli və əzablı cəzadan xəbərdar olsunlar. Dünya həyatında onları ölüm, əsir düşmək və ya sürgün olunmaq, Axirət həyatında isə Cəhənnəm və çox pis sığınacaq gözləyir.
(9.4) “Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!”
Müşriklərin qarşısında bütün müqavilə öhdəliklərindən imtina etmək onların hamısına aiddir. İstisna olanlar müsəlmanlarla sülh müqaviləsi bağlayıb, öz öhdəliklərini qüsursuz yerinə yetirənlərdir ki, onlar müsəlmanları müqaviləni pozmağa məcbur etmir, onu özləri də birtərəfli pozmurlar və müsəlmanların əleyhinə vuruşanlara da kömək etmirlər. Müsəlmanlara əmr olunmuşdu ki, belə müşriklərlə müqavilənin (davamlılığından asılı olmayaraq) şərtləşdirilmiş müddəti qurtarana qədər ona riayət edilsin, çünki İslam müttəfiqlərə xəyanət etməyə yol vermir, əksinə, öhdəlikləri yerinə yetirməyi tələb edir. Həqiqətən, Allah verilən tapşırıqları icra edən, müşriklikdən, xəyanətdən və başqa günahlardan çəkinən təqvalı möminləri sevir.
(9.5) “Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”
Allah müsəlmanlarla dörd haram ayları üçün sülh müqaviləsi bağlamış müşriklərlə döyüşməyi qadağan etmişdi. Bu aylar ərzində onlara yer üzündə maneəsiz gəzib dolaşmağa icazə verilmişdi. Lakin həmin müddət keçdikdən sonra, onlar toxunulmamazlıqdan məhrum edilirlər və müsəlmanlara onlarla istənilən yerdə və istənilən vaxtda döyüşməyə və həmçinin onları əsir götürməyə ixtiyar verilir. Bundan başqa, müsəlmanlar onları mühasirəyə almalı və onlara özlərini, Allahın Özünə ibadət edilməsi üçün yaratdığı yer üzündə sərbəst hiss etməyə imkan verməməlidirlər. Müşriklər onun üzərində yaşamağa layiq deyillər və bu torpağın hətta bir qarışına belə haqları yoxdur, çünki yer bütünlüklə Ona məxsusdur, onlar isə Onun düşmənləridir. Onlar öz Rəbbinə və Onun elçilərinə (onlara Allahın salamı olsun) zidd çıxırlar və həm də Yer üzündə Onun dinini sarsıtmağa ümid bəsləyərək vuruşurlar. Lakin Allah buna yol verməyəcək və Öz dininin nurunu, bu kafirlərin nifrətini doğursa da, hər tərəfə yayacaqdır.
Sonra Fövqəluca Allah möminlərə müxtəlif əraziləri tutmaq və Onun yolu uğrunda bütün vasitələrdən istifadə edərək mətanətlə döyüşmək hökmü vermişdir. Müsəlmanlar bu təşəbbüsü, müşriklər saxta ilahlara ibadətdən əl çəkib tövbə edənədək, davam etdirməlidirlər. Əgər onlar tövbə etsələr, layiqincə namaz qılsalar və haqqı olanlara zəkat versələr, onda müsəlmanların onları tutub saxlamaq haqqı yoxdur. İslamı yeni qəbul edənlər bütün digər müsəlmanların malik olduqları kimi, haqq sahibi olurlar və digər müsəlmanlara həvalə edilən vəzifələr onlara da həvalə edilir. Həqiqətən, Bağışlayan və Rəhmli Allah tövbə edənlərə müşrikliyi və bütün digər günahları bağışlayır. O, əvvəlcə qullarını tövbə etməyə ruhlandırdıqda, onlara rəhm edir, sonra isə tövbəni onlardan qəbul edir.
Bu vəhy ona dəlalət edir ki, əgər insanlar namaz qılmaqdan və ya zəkat verməkdən boyun qaçırırlarsa, onda onlarla bu ayinləri icra edənə qədər mübarizə aparılmalıdır. Əbu Bəkr Sıddıq öz vaxtında məhz bu ayəyə istinad etmişdi.
(9.6) “Müşriklərdən kimsə ona aman verməni istəsə, Allahın Sözünü eşitməsi üçün aman ver. Sonra isə onu təhlükəsiz bir yerə göndər. Bil ki, onlar nadan məxluqlardır” .
Əvvəlki ayədə belə deyilmişdi: “Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun...” (Tövbə, 9/5). Bu vəhy ümumi səciyyə daşıyırdı və bütün müşriklərə aid idi. Lakin Fövqəluca Allah xəbər verir ki, əgər şərait müsəlmanlardan tələb edirsə ki, onlardan kimisə özlərinə yaxınlaşdırsınlar, onda belə etməyə icazə verilir. Bundan əlavə, onlar bunu etməyə borcludurlar. Buna görə də, hər hansı bir müşrik müsəlmanlardan ona sığınacaq verilməsini və ya onu bəladan qurtarmağı xahiş edərsə, onda onlar ona zəruri yardım göstərməlidirlər ki, o, Allahın Quranını eşidə bilsin və həqiqi İslamla tanış ola bilsin. Əgər bu adam sonradan Allahin dininə gəlsə, bu çox gözəl olardı. Əgər belə olmazsa, onda müsəlmanlar onu təhlükəsiz bir yerə yola salmalıdırlar.
Ayənin bu hökmü onunla izah olunur ki, kafirlər cahil insanlardır və onların arasında elələri də var ki, öz xəbərsizliyi üzündən küfrə etiqad edirlər, amma əgər onlar gerçək biliklər əldə etsələr, İslama gələrlər. Bax elə buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və ondan (ona Allahın salavatı və salamı olsun!) nümunə götürən bütün müsəlmanlara buyurur ki, müşriklərə sığınacaq versinlər ki, onlar Onun Kəlamını eşidə bilsinlər.
Bu vəhy – Müqəddəs Quranı Allahın Sözü hesab edən Sünnə və camaat əhlinin baxışlarının xeyrinə aydın bir dəlildir. Quran yaradılmamışdır, çünki Fövqəluca Allah onu Özü söyləmiş və onu, Özünün digər keyfiyyətlərini səciyyələndirdiyi kimi, Öz nitqi adlandırmışdır. Bu ayə, Müqəddəs Quranın məxluq olduğunu iddia edən mütəzililərə və bütün digərlərinə qarşı dəlildir. Şübhəsiz ki, belə nəzər nöqtələrinin yanlışlığı çoxsaylı sübutlarla təsdiq olunur, lakin bu şərh onların daha təfsilatlı müzakirəsi üçün münasib yer deyil.
(9.7) “Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!”
Ayədə Fövqəluca Allah Onun və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müşriklərlə bağlanan bütün saziş və müqavilələrdən üz döndərdiklərinin səbəbini izah edir. Məgər müşriklərin Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə müqaviləsi ola bilərmi? Məgər onlar öz vəzifələrini yerinə yetirir və haqq dinə etiqad edirlərmi? Məgər onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və möminlərə əziyyət verməkdən əl çəkiblərmi? Məgər onlar artıq yalanı müdafiə edərək haqqa qarşı vuruşmurlarmı? Məgər onlar yer üzündə fitnə-fəsad yaymırlarmı? Əgər bu belədirsə, onda onlar Allahın onlardan üz döndərməsinə və onların nə Allahla, nə də Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə heç bir müqaviləsi olmamasına layiqdirlər. Təkcə Məscidülharamın yanında, müqəddəs torpaqda bağlanmış müqavilələr qüvvədə qalır. Nəqədər ki, müşriklər həmin müqavilələrə riayət edirlər, müsəlmanlar da öz vəzifələrini onların qarşısında yerinə yetirməlidirlər, axı Allah təqvalı qullarını sevir.
(9.8) “Necə? (Dinsiz və cahil müşriklərlə hansı müqavilədən danışmaq olar? Fasiqlər üçün müqəddəs sayılan və yerinə yetirilməsi mütləq vacib olan bir şey varmı? F.S.) Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqələrinə və nə də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!”
Ey müsəlmanlar! Allahın müşriklərlə hansı müqaviləsi ola bilər? Əgər onlar sizin öhdənizdən gəlmək üçün kifayət qədər güc toplasalar, sizə aman verməzlər və öz qohumluq əlaqələri və müqavilə öhdəliklərini yaddan çıxararlar. Onlar Allahın qəzəblənməsindən ehtiyat etməyərək sizinlə xoşluqla davranmaz və sizi dəhşətli işgəncələrə məruz qoyarlar. Əgər onlar sizə üstün gəlsələr hökmən belə edərlər. Buna görə, siz onların sizdən ehtiyat etdikləri üçün sizə göstərdikləri gülərüzlülüyünə aldanmayın. Onlar ancaq zahirdə özlərini elə göstərirlər ki, guya sizə tərəf meyl edirlər və siz səmimi yanaşırlar, amma əslində, onlar sizə amansız nifrət bəsləyən qatı düşmənlərinizdir. Onların əksəriyyəti dindarlıqdan və igidlikdən məhrum olan günahkarlardır.
(9.9) “Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (İslamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!”
(9.10) “Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!”
(9.11) “Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!”
Onlar cüzi dünya zövqünə üstünlük verərək, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!), Allahın ayələrinə təslim olub iman gətirməkdən boyun qaçırdılar. Onlar düz yoldan çıxmış və başqalarını da ondan çıxartmağa başlamışlar. Onlar möminlərə qarşı heç bir qohumluq və müqavilə öhdəliklərinə riayət etmirlər, çünki haqq dinə və ona etiqad edənlərə nifrət bəsləyirlər.
Ey müsəlmanlar! Məhz iman onların sizə nifrət bəsləməsinə və sizinlə qatı düşmənçilik etməyə səbəb olan yeganə meyardır Buna görə, dininizi qoruyun və ona kömək edin. İslama zidd olanların hamısıyla düşmənçilik edin və ona kömək göstərənlərlə dostluq edin; qoy qərarlarınız bu dinin qanunlarına istinad etsin. Öz istəklərinizə uyaraq və yamanlıq törətməyi əmr edən qəlbinizin çağırışına əsaslanaraq özünüzə dost seçməyin. Yox, əgər müşriklər tövbə etsələr, namaz qılıb zəkat versələr, onda onlar sizin din qardaşlarınız olarlar və belə olduqda, onlar müşrik qaldıqca aranızda olan düşmənçiliyi unutmalısınız. Təkcə bu halda siz Allahın səmimi qulları ola bilərsiniz.
Rəbb Öz əzəmətli hökmlərini və onlardakı böyük hikməti bu qayda ilə izah edir. Lakin bunu təkcə ağıllı insanlar anlayırlar. Bu vəhylər məhz onlara yönəldilmişdir və onların sayəsində başqa adamlar da möcüzələr və hökmlər, İslam dini və şəriət qanunlarından xəbər tuturlar. Ey Rəbb! Öz mərhəmətin və səxavətinlə bizi elm sahibi olanlardan və onu həyata tətbiq edənlərdən biri et! Ey aləmlərin Rəbbi, bizə bu nemətini bəxş et!
(9.12) “Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!”
Fövqəluca Allah müsəlmanlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirən müşriklərlə müqaviləyə riayət etmək hökmündən sonra, möminlərə onların arasından öz öhdəliklərini pozanlarla, müsəlmanlarla slüh sazişini ləğv edənlərlə, müsəlmanlara qarşı vuruşanlara kömək edənlərlə və İslam dinini məsxərəyə qoyanlarla döyüşməyi əmr edir. Bu ayədə dinin təhqir edilməsi dedikdə, İslama və ya Müqəddəs Qurana qarşı yönəldilmiş hər hansı sözlər, əməllər nəzərdə tutulur. Fövqəluca Allah müsəlmanlara əmr edir ki, Onun dinini söyən və şeytan əqidəsini müdafiə edən küfr başçıları ilə döyüşsünlər. O, kafirliyə başçılıq edənləri xüsusilə vurğulayır, çünki onların cinayəti ən ağırdır; axı bütün qalan kafirlər məhz onların ardıyca gedirlər.
Buradan belə nəticə çıxarmaq olar ki, dini təhqir edən və onu təkzib etməyə cəhd göstərən hər kəs küfrün başçılarına aiddir. Belə adamlar nə and, nə də öhdəlik qəbul etmirlər, çünki onları yerinə yetirməyə hazırlaşmırlar da. Əksinə, onlar həmişə xaincəsinə hərəkət edir və vədlərinə dönük çıxırlar. Müsəlmanlar onlara qarşı döyüşsələr, ola bilsin ki, onlar İslamı təhqir etməkdən əl çəkərlər və ona daxi olarlar.
(9.13) “(Ey möminlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!”
Fövqəluca Allah möminləri mübarizəyə ruhlandıraraq, düşmənlərinin, müsəlmanları onlara qarşı vuruşmaya məcbur edən bir sıra əməllərini sadalayır. Məgər müsəlmanlar öz andlarını pozanlara və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!), ona hörmət etməyə, ehtiram göstərməyə və ad-sanını qaldırmağa borclu olduqları halda, onu (ona Allahın salavatı və salamı olsun!) doğma torpağından qovmaq üçün əlindən gələni edənlərə qarşı döyüşməyəcəklərmi? Məgər onlar birinci olaraq öz müqavilə öhdəliklərini pozmuş möminlərin düşmənlərinə kömək etməyə girişmiş kəslərə qarşı döyüşməyəcəklərmi?
Burada söhbət ondan gedir ki, qureyşlilər, müsəlmanlarla sülh müqaviləsi imzaladıqdan sonra, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müttəfiqi olan xuzaitlərə qarşı müharibədə öz müttəfiqləri olan Bəni Bəkr qəbiləsinə kömək edirdilər. Qureyşlilər hətta onların tərəfində döyüşürdülər. Bu barədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatına həsr olunmuş kitablarda ətraflı məlumat verilir.
Ey müsəlmanlar! Doğrudanmı siz müşriklərdən ehtiyat etdiyinizə görə onlara qarşı döyüşmək istəmirsiniz? Əgər siz iman gətirmişsinizsə, onda siz ancaq Allahdan qorxmalısınız. O, sizə müşriklərlə mübarizə aparmağı əmr etmiş və bu hökmün vacibliyini xüsusilə vurğulamışdır. Əgər siz doğrudan da iman gətirmişsinizsə, onda siz müşriklərdən qorxmayın, Rəbbin hökmünə tabe olun və Ona təvəkkül edin.
Allah müşriklərlə döyüşmək hökmü verdikdən sonra cihadın faydası haqqında xəbər verir ki, möminləri bir daha müşriklərin əleyhinə vuruşmağa ruhlandırsın. Fövqəluca Allah buyurur:
(9.14) “Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin”.
(9.15) “Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) Biləndir, Hikmət Sahibidir!”
Ey müsəlmanlar! Əgər siz müşriklərlə döyüşə girsəniz, onda Qüdrətli Allah onları cəzalandırar və onlar sizin əlinizlə həlak edilərlər. Bununla yanaşı O, müşrikləri rüsvay edər və sizə onların üzərində qələbə bağışlayar. Onlar – rüsvayçılığa və namussuzluğa məhkum edilmiş düşmənlərdir və buna görə Allah sizə hökmən yardım göstərəcəkdir.
Bu müjdə və vəd artıq gerçəkləşdirilmişdir. Bundan başqa, müşriklərlə aparılan döyüşlər möminlərin qəlbinə şəfa verir və onların qəzəbini soyudur. Möminlər həmişə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı döyüşənlərə və Onun nurunu söndürməyə cəhd edənlərə qəzəblənirlər. Buna görə onlarla döyüş və onların üzərində qələbə iman sahiblərini narahatçılıqdan və qəm-qüssədən xilas edir və həmçinin onların ürəklərindəki qəzəbi soyudur.
Bütün bu deyilənlər Allahın möminlərə olan məhəbbəti və qayğısının dəlilləridir. Məhz buna görə O, müsəlmanların ürəklərinin müalicəsini və onların qəzəbdən xilas olmasını bəzi dini hökmlərin məqsədlərindən biri etmişdir. Lakin, Əgər Allah İslama qarşı vuruşanlardan kimi isə bağışlamaq istəyərsə, onda O, ona bu dinə qatılmağa kömək edir, onun ürəyində bu dinə qarşı məhəbbət və kafirliyə, günahkarlığa və itaətsizliyə qarşı nifrət oyadır.
Onun gözəl adları arasında – Bilən və Müdrik adları. Allah hər şeyi öz yerinə qoyur və bilir ki, kim doğru yolla getməyə layiqdir, kimsə buna layiq deyil və buna görə O, birinciləri doğru yola yönəldir, sonuncuları isə azğınlıq və zalımlıq zülmətində dolaşmağa buraxır.
(9.16) “Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!”
Ey möminlər! Sizə müqəddəs müharibə aparmaq hökmü verilmişdir. Doğrudanmı siz belə güman edirdiniz ki, əsil möminləri yalançılardan ayırd etmək üçün sizi heç vaxt sınaqdan keçirməyəcəklər? Bu sınağın nəticələrinə görə bəzi insanlar mükafata layiq görüləcək, digərləri isə cəzalandırılmaya layiq olacaqlar, Fövqəluca Allah isə Onun adını şərəfləndirmək xatirinə döyüşənləri, dostlarını kafirlər arasından seçməyənləri və Onu və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri səmimiyyətlə sevənləri tanıyır.
Cihad aparılması hökmünün ən böyük hikməti də elə bundadır və bunun sayəsində ancaq Allahın dininə meyl edən sədaqətli iman sahibləri, özləri özlərini mömin adlandıran, lakin əslində dostlarını və köməkçilərini Allahdan, Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) və möminlərdən başqaları arasından seçən yalançılardan fərqlənirlər. Fövqəluca Allaha insanların etdikləri hər şey yaxşı məlumdur. O, onları sınaqdan keçirir ki, hər bir insana fitrətdən verilmiş əsil keyfiyyətləri üzə çıxsın və onlar əməllərinə görə: yaxşılığa yaxşılıqla və pisliyə pisliklə əvəz ala bilsinlər.
(9.17) “Müşriklər küfr etdikləri barədə özləri-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (od içində əbədi qalacaqlar!)”.
Müşriklər məscidlərdə ibadət etməyə və namaz qılmağa və habelə digər ibadət ayinləri icra etməyə layiq deyillər. Onlar kafir olduqlarını açıq etiraf edirlər və bunu onların əməlləri də sübut edir. Onlar bunu qəlblərinin dərinliyində dərk edirlər, çoxları isə öz imansızlığı və azğınlığından yaxşı xəbərdardırlar. Əgər onlar istənilən saleh əməli qəbul etmək üçün vacib şərt olan imandan məhrumdurlarsa, onda onlar necə özlərini Allahın məscidlərinə layiq saya bilərlər? Onlar təməl əsaslardan məhrumdurlar və buna görə onların bütün cəhdləri əbəsdir və faydasızdır.
(9.18) “Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!”
Fövqəluca Allah bildirir ki, məscidə gəlməyə təkcə möminlər layiqdirlər, çünki onlar Allaha və Qiyamət gününə iman gətirmiş, qəlbləri və vücudları ilə fərz və nafilə namazları icra edir, zəkatı haqqı olanlara verir və təkcə Allah qarşısında qorxu hissi keçirir və hər çür haramdan çəkinir və Onun qarşısında öz vəzifələrini yerinə yetirərkən çatışmazlıqlara yol vermir. Onların malik olduğu iman onlara fayda verə bilər. Onlar xeyirxah işlər görürlər ki, bunların ən mühümü namaz və zəkatdır, Fövqəluca Allahdan qorxarlar. Bütün bu keyfiyyətlət böyük uğurun rəhnidir. Belə insanlar doğrudan da Allahın məscidlərini canlandırmağa qadirdirlər və məscid əhli adlandırılmağa layiqdirlər. Ola da bilsin ki, onlar doğru yolla getsinlər. Qeyd etmək lazımdır ki, Quranda “asa” sözü (“ola bilsin”) təkcə mütləq baş verəcək hadisələrin xatırlanması zamanı istifadə edilir.
Allahın qarşısında qorxu hissi keçirməyərək, Ona və Qiyamət gününə iman gətirməyənlərə gəldikdə isə, onlar məscidləri canlandırmağa qabil deyillər və hətta özlərini məscid əhli ( Yəni, məsciddə namaz qılmağa layiq olanlar. F.S.) hesab etsələr də, əslində onlar belə adlandırıla bilməzlər.
(9.19) “(Ey müşriklər!) Məgər siz hacılara su verənləri və Məscidülharamı təmir edənləri Allaha və Qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!”
Bir sıra müsəlmanların və ya bir sıra müsəlmanlarla bir sıra müşriklərin arasında Məscidülharamın inşasının, onda namaz qılıb ibadət etməyin və həmçinin zəvvarların susuzluğunun aradan qaldırılmasının Allaha ibadətdən və Onun yolunda cihadda iştirak etməkdən üstün olması barədə mübahisə düşmüşdü. Bununla əlaqədar Fövqəluca Allah xəbər verir ki, bu əməllər arasında olduqca böyük fərq mövcuddur. Məgər zəvvarlara susuzluq yanğısını söndürməyə kömək göstərənlər və Məscidülharamı abadlaşdıranlar, Allaha və Qiyamət gününə iman gətirən və cihadda iştirak edən möminlərlə müqayisə edilə bilərmi?
Zəvvarların susuzluq yanğısının söndürülməsi adı altında onların Zəmzəm mənbəyindən götürülmüş suya qonaq edilməsi nəzərdə tutulur. Bu ifadə həmişə, başqa mətn daxilində xatırlanmırsa, qeyd etdiyimiz mənanı verir.
Cihadda iştirak və Allaha iman zəvvarların susuzluq yanğısının söndürülməsi və Məscıdülharamın abadlaşdırılmasından qat-qat üstündür, çünki iman – dinin əsası və sayəsində istənilən yaxşılığın qəbul edildiyi və mənəvi keyfiyyətlərin nəcibləşdirildiyi amildir, müqəddəs müharibə isə - dinin zirvəsi və amilidir ki, onun sayəsində müsəlmanlar öz imanını qoruyur və yayırlar, haqqı müdafiə edir və yalanla mübarizə aparırlar. Məscidülharamın abadlaşdırılmasına və zəvvarların susuzluq yanğısının söndürülməsinə gəldikdə isə, bu əməllər xeyirxah əməllərdir, lakin onlar haqq dindən asılıdır, imanın özünün və cihadda iştirakın gətirdiyi fayda qədər fayda vermir. Buna görə Allah bildirir ki, bu əməllər arasında çox böyük fərq var.
Allah, ayrılmaz xislətləri ədalətsizlik olan zalımları doğru yola yönəltməz. Onlar yaxşılığa layiq deyillər; bundan əlavə, onlar pislikdən başqa heç nəyə layiq deyillər. Bunu xatırlatdıqdan sonra, Fövqəluca Allah açıq-aydın bildirir ki, insanlardan hansıları qalan digərlərindən üstündür:
(9.20) “İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır)”.
Bu ayədə Allaha iman gətirmiş, Onun xatirinə hicrət etmiş, qoşunun və döyüşçülərin silah-sursatla təminatına öz vəsaitlərini sərf etməklə nail olmuş və həmçinin cihadda şəxsən iştirak etmiş möminlərdən bəhs edilir. Onlar bütün qalan insanlardan üstündürlər, çünki müqəddəs məqsədə çatmaq və hər cür narahatçılıqlardan xilas olmaq təkcə sadalanan keyfiyyətlərə malik olan möminlərə nəsib olacaqdır.
Tarix: 20.04.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 631 Bölmə: Sureler