Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 96-100

(6.96) “(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)”.

Məxluqların nə ilə qidalanmasını xatırlatdıqdan sonra, Allah buyurur ki, Öz mərhəməti sayəsində O, qulları üçün yeri məskunlaşdırdı və onların ehtiyacı ola biləcək hər şeyi yaratdı. O, işığı və qaranlığı və onların məxluqlara verdiyi böyük faydasını yaratdı. O, toxum və tumları yararaq cücərdir, yerin səthində hər şeyi çulğalayan gecə qaranlığını ziyalandırır. O, sübh şəfəqi ilə tədricən qaranlığı parçalayır və o tamamilə yox olduqda onu parlaq işıq əvəz edir. Məxluqlar isə öz xeyirləri üçün işləmək, ruzi əldə etmək, öz dininin və dünyasının qayğısına qalmaq imkanı əldə edirlər. Lakin bununla yanaşı onlar rahatlığa və istirahətə ehtiyac duyurlar. Amma gün davam etdikcə və hava işıqlı olduqca mükəmməl istirahət etmək mümkün olmur. Buna görə Allah istirahət üçün gecəni təyin etmişdir. Bu zaman insanlar evlərinə dönür, mal-qara tövlə-axuruna qayıdır, çöl heyvanları da öz kahalarına girir, quşlar yuvalarına qonur və onların hər biri istirahət etmək imkanı tapır. Sonra Allah qaranlığı işıqla əvəz edir və bu qayda ta Qiyamət gününədək davam edəcəkdir.
Allah günəşi və ayı da ona görə yaratmışdır ki, insanlar illərin hesabını apara və vaxtı müəyyən edə bilsinlər. Bunun sayəsində onlar Allaha ibadətin və bir-birilərinin qarşısında öhdəliklərinin vaxtını dəqiq müəyyən edə bilirlər. Əgər günəş və ay olmasaydı, əgər onlar bir-birilərini əvəz etməsəydi, insanların əksəriyyəti vaxtı bilməzdilər. Ancaq onların bəziləri çox böyük səylərin nəticəsində dəqiq vaxtı təyin edə bilərdi və onda qullar onların yaşaması üçün zəruri şeylərdən məhrum olardılar.
Xatırlatdığımız qayda – Qüdrətli və Alim Allahın qoyduğu qaydadır. Onun qüdrəti o dərəcədə əzəmətlidir ki, xəlq edilmiş bu nəhəng yaradılmışlar belə Ona mütidir. Onlar Allahın hökmünə tabe olaraq itaətkarlıqla hərəkət edir. Onlar Onun qoyduğu məhdudiyyətləri keçmir, müəyyən olunmuş vaxt hədlərini aşmır və geriyə də qalmır. Onun biliyi bütün aşkar və gizli olana, birinci və sonuncu olana aiddir və həm də Allahın biliklərinin hüdudsuzluğunun xeyrinə olan dəlillərdən biri də Kainatda bərqərar olan ecazkar tarazlığın mövcudluğudur. Bu qayda öz mükəmməlliyi, müdrikliyi və onlara verdiyi fayda ilə məxluqların ağlını məəttəl qoyur.


(6.97) “Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik”.

Allah ulduzları yaratmışdır ki, insanlar onların vasitəsilə quruda və dənizdə, yolu azanda onu tapa bilsinlər. Onların sayəsində insanlar öz məqsədlərini güdərək yer üzündə səyahətə çıxır, ticarət səfərlərinə yollanır və gəzib dolaşırlar. Bəzi ulduzları ilin hər vaxtında görmək olur, çünki onlar səmada öz vəziyyətlərini dəyişmirlər. Digər ulduzlar daima hərəkət edir və təcrübəli səyahətçilər onların hərəkət istiqamətini bilir və onlara müvafiq cəhətləri və vaxtı təyin edirlər.
Bu və buna bənzər digər ayələr sübut edir ki, şəriət səma cisimlərinin yerləşməsini və hərəkətini öyrənməyə icazə verir və bu sahəyə həsr olunmuş elm astronomiya adlanır. Bu da onunla izah olunur ki, müvafiq biliklər olmadan insanlar ulduzlara görə yolu düzgün təyin etmək qabiliyyətinə malik deyillər..
Allah Öz ayələrini edərək bir sıra ayələri digərlərindən fərqləndirir, onları biliyi olanlar üçün daha anlaşıqlı və aydın edir. Quran ayələri məhz belə insanlara müraciət edir və onlardan layiqli cavab gözlənilir. Allahın ayələrindən və Onun elçilərinin gətirdiyi biliklərdən üz döndərən yonulmamış nadanlara gəldikdə isə, heç bir izahat onlara fayda gətirə, onları şübhələrdən xilas edə və onların problemlərini həll edə bilməz.

(6.98) “Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik”.

Bütün insanlar bir nəfərdən – Adəmdən törəmişlər. Allah ondan bütün yer kürəsinə yayılan bəşəriyyəti yaratmış və o, bu günədək artmaqda davam edir. İnsanlar bir-birilərindən əxlaqi keyfiyyətlərinə, zahiri görünüşə və bir çox başqa xüsusiyyətlərinə görə fərqlənirlər, özü də bu fərqlər o dərəcədə böyükdür ki, onları dəyərləndirmək və sözlə təsvir etmək mümkün deyil.
Allah insanlar üçün son yaşayış məskəni kimi Axirət yurdunu müəyyənləşdirmişdir ki, bütün məxluqlar oraya düşəcəklər. Ora onların ən axırıncı və heç vaxt tərk etməyəcəkləri Sığınacaq olacaqdır. Onlar məhz həmin Sığınacaq xatirinə yaradılıblar və yer üzünə gəlmələri öz əməlləri ilə oranı abadlaşdırmaq məqsədi daşıyırdı.
Allah insanların saxlanılması üçün də yer müəyyənləşdirmişdir. O, onları atalarının onurğa sütununda və analarının bətnində saxlayır. O, onları həyatda olduqları zaman yerdə və ölümdən sonra isə bərzəx aləmində saxlayır. Lakin bütün bunlar müvəqqəti mərhələlərdir, çünki insanlar həmin mərhələlərdə çox qalmırlar, son dayanacaq məntəqəsinə çatana qədər növbəti mərhələyə yola salınırlar. Son məntəqə onların axırıncı Sığınacağı, dünya həyatı isə ancaq müvəqqəti məskən və qısamüddətli dayanacaqdır. Allah Öz ayələrini, dəlillərini və sübutlarını başa düşənlər üçün bu minvalla izah edir.
(6.99) “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır”.

Fövqəluca Allah insanların və başqa məxluqların ehtiyacı olduğu ən böyük nemətlərdən birini yada salır. Bu, insanların ona ehtiyacı olduğu zaman torpağı sulayan yağışın yağmasıdır. Yağış suyunun vasitəsilə Allah insanların yeməyinə və heyvanların yeminə yarıyan bitkilər yetişdirir. Məxluqlar Onun səxavətindən zövq alır və onlara hədiyyə edilmiş azuqəyə və Onun mərhəmətinə görə şad olurlar. Onlar quraqlıqdan və qıtlıqdan qurtulur və sevinc onların qəlbini və çöhrələrini nurlandırır. Mərhəmətli və Rəhmli Allah Öz lütfkarlığı ilə onları himayə edir və bu da insanlara həyatdan həzz almağa imkan verir və onlara yorulmadan nemətlər Bəxşedənə ciddi-cəhdlə minnətdarlıq etməyi, Ona ibadət etməyi, Ona doğru can atmaği və Onu sevməyi zəruriləşdirir.
Suyun hesabına bitib-böyüyən ağacları və sair bitkiləri xatırlatdıqdan sonra, Fövqəluca Allah taxılı və xurmanı xüsusilə qeyd edir, çünki onlar məxluqlara böyük fayda verir və əksər insanları qida ilə təmin edir. Allah yaşıl bitkilər əkərək onlardan buğda, arpa, qarğıdalı, düyü və digər taxıl bitkiləri törədir ki, bunların toxumları bir-birinə sıx yerləşmişdir. Bir sünbüldə və ya qıçada çoxsaylı toxumlar yetişir və onlar bir-biri ilə əsla bitişmirlər. Onlar ayrı-ayrı danələr olmaqla ümumi mənşəyə malikdir. Bu barədə xatırlatma onu göstərir ki, taxıl məhsulu bol və insanların həm yeməsi və həm də növbəti əkin sahəsinə səpməkdən ötrü ehtiyatını tutması üçün kifayət qədər artımlı olur.
Xurma ağaclarındakı tumurcuqlardan aşağı sallanan və onu dərmək istəyənlər üçün asan başa gələn xurma salxımları yetişir. Xurma dərmək elə də çətinlik yaratmır, hətta əgər xurma ağacı hündür olsa da, onun qurumuş geniş budaqlarından yapışaraq ağaca dırmaşmaq çox asandır. Fövqəluca Allah xurma ağacları ilə bərabər yağış suyu suvarılan üzüm tənəkləri, zeytunluqlar və nar bağları becərdir. Bu ağaclar da böyük faydalar verir və insanların həyatında mühüm yer tutur. Məhz buna görə Allah onları başqa ağaclar və bitkilər arasında fərqləndirmişdir.
Allah xəbər verir ki, onlar həm oxşar və həm də bir-birindən fərqlidir. Belə bir rəy var ki, bu vəhy həm zeytuna və həm də nara aiddir, çünki bu ağaclar və onların yarpaqları çox oxşardır, amma meyvələri bir-birindən tam fərqlənirlər. Başqa bir şərhə görə isə bu bütün ağaclara və meyvələrə aiddir. Onların bəziləri çoxlu oxşar cəhətlərə malikdir, bəziləri isə qətiyyən bir-birinə bənzəmir. Lakin onları hamısı qullara fayda verir, onları məmnun edir, aclığını aparır və onlar üçün nəsihət rolunu oynayır. Məhz buna görə Allah sonra, meyvə və bəhrələr üzərində düşünməyi əmr edir. Bu, bütövlükdə bütün meyvə ağaclarına, o cümlədən, xüsusilə xurma ağaclarına aiddir.
Baxın görün onlarda meyvələr necə tumurcüqlanır və onlar necə yetişirlər. Bunlarda həqiqətən Allahın mərhəmətinin, Onun hüdudsuz lütfkarlığının, mütləq qüdrətinin və qullarına qarşı xüsusi şəfqətinin dəlilləri olan coxlu möcüzələr vardır. Lakin heç də hamı bundan özü üçün ibrət dərsi götürmür və bu möcüzələr üzərində düşünmür və onların üzərində hər düşünən də onların özündə təcəssüm etdirdiyi mənanı dərk etmir. Elə buna görə, Allah qeyd edir ki, ancaq möminlər ayələrdən faydalana bilirlər. İman onları xeyirxah əməllər işlətməyə sövq edir ki, bu əməllər imanın mütləq şərti və vacib tələblərindəndir. Bunlardan biri də Allahın ayələri üzərində düşünmək və onların əsil mənalarını dərk etməkdir ki, ağıl, təhtəlşüur və şəriət bunun lehinə şəhadət verir.

(6.100) “Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur”.

Fövqəluca Allah bu ayədə bildirir ki, O, Öz qullarına xeyirxahlıq edir və onlara Özünün açıq-aşkar ayələrini və aydın dəlillərini göstərir. Buna baxmayaraq, qureyş müşrikləri və digər müşriklər Ona şərik qoşurdular, öz bütlərinə dua üçün müraciət edir və Allahla bərabər, Onun sadəcə yaratdıqları olan və Rəbbin heç bir keyfiyyətlərinə malik olmayan şeytanlara və mələklərə ibadət edirdilər. Onlar məxluqları, Yaradan, İdarəedən, hər növ nemətlərlə Təminedən, hər cür Şərdənqoruyan Allahla bərabər tuturdular. Onlar olduqca böyük yalan uydurur və heç bir əsasları olmadan Allaha oğullar və qızlar isnad edirlər. Allah haqqında heç bir dəqiq məlumata əsaslanmadan, Onun sonsuzluğa qədər uzaq olduğu dəhşətli qüsurları Ona aid edərək iftira atandan da zalım kim ola bilər?!! Allah pakdır və müşriklərin Ona aid etdikləri hər şeydən ucadır. Çünki O, bütün kamil sifətlərə sahib olandır və hər cür nöqsandan, qüsurdan, çatışmazlıqdan və xətadan yüksəkdədir.


Tarix: 20.04.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 328 Bölmə: Sureler
loading...