(12.31) “Qadın onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki insan deyil. Bu ancaq nəcib bir mələkdir!”
Vəzirin arvadı şəhərdə yayılan dedi-qodudan xəbər tutduqda, adlı-sanlı qadınları evinə ziyafət məclisinə dəvət etdi. Qadın qonaqlar üçün mütəkkələr və nimdarçalar sərilmiş bir otaq hazırlanmasına əmr verdi. Süfrəyə düzülmüş yeməklər arasında bıçaqla soyulmalı və ya kəsilməli limon və digər meyvələr də var idi. Buna görə də hər bir qonağın qarşısında bıçaq qoyulmuşdu ki, onları kəsə bilsinlər. Sonra vəzirin arvadı Yusufa əmr etdi ki, geyinib qonaqların yanına girsin. Qonaqlar Yusufu gördükdə, onu ürəklərində tərifləməyə başladılar. Bundan əvvəl heç vaxt belə gözəlliyə təsadüf etməmişdilər. Qadınlar o dərəcədə heyrətlənmişdilər ki, əllərinin necə kəsdiklərini hiss etməmişdilər. Bu onunla izah edilir ki, Allah Yusufa təsvirolunmaz gözəllik vermiş və ona nur və cazibədarlıq əta etmişdi. Bu keyfiyyətlər onu baxanlar üçün möcüzə və düşünənlər üçün isə öyüd-nəsihət etmişdi.
(12.32) “Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.
Zadəgan qadınlar Yusufun zahiri gözəlliyinə əmin olduqda, ona öz heyranlıqlarını bildirdilər, vəzirin arvadı, əslində, onların nəzərində bəraət qazandı.( Çünki cah-cəlal içində yaşayan və iman sahibi olmayan zadəgan qadınlarının əksəriyyəti əxlaqi simaları ilə vəzirin arvadından heç də fərqlənmirdilər. F.S.) Qadın qərara gəldi ki, Yusufun əxlaqi gözəlliyindən və omun kamil ismətindən qonaqlarına söhbət açsın. Qadın ona atəşin məhəbbət hissi bəslədiyini etiraf etdi və bu etirafının nəticələri haqqında heç düşünmədi də, çünki artıq qadınlar onu etdiyi hərəkətə görə qınamaqdan əl çəkmişdilər. O, onlara Yusufu necə yoldan çıxartmağa cəhd göstərdiyini, amma Yusufun onun arzusunu yerinə yetirməyi rədd etməsindən danışdı. Bu zaman qadın gizlətmirdi ki, o, bundan sonra da öz niyyətindən əl çəkməyəcək və bundan sonra da onun məhəbbətinə nail olmağa çalışacaq, çünki qadının Yusufa münasibəti və ona nail olmaq istəyi saatbasaat güclənirdi. Qadın şəhərin zadəgan qadınlarının yanında Yusufu hədələyərək, məhəbbətini bundan sonra da rədd edərsə, onu zindana atdıracağını bildirdi. Belə təhdidlərin vasitəsilə qadın öz məqsədinə nail olmağa cəhd göstərirdi, lakin Yusuf Rəbbinin himayəsinə sığındı və Ondan onu qadının fitnələrindən qorumasını rica etdi.
(12.33) “(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.
Yəqin ki, qadınlar da Yusufa ev sahibəsinin təklifinə razılaşmağı ona məsləhət görməyə başlamış və müxtəlif fəndlərdən istifadə etmişdilər. Lakin o, zindana düşməyi və bu dünyanın cəzasını dadmağı, maddi nemətlərdən zövq almaqdan və özünü ölümdən sonra dəhşətli cəzaya məhkum etməkdən üstün tutdu. O belə etdi: “Ey Rəbbim! Əgər Sən məni bu qadınların fəndlərindən qorumasan, mən onlara tərəf meyl edərəm, çünki mən zəif və köməksizəm. Əgər Sən məni onlardan müdafiə etməsən, mən onların istəklərinə uyaram. Əgər bu baş versə, mən cahil günahkarlardan biri olaram”.
O (ə) günahı cahillik adlandırdı, çünki təkcə cahil insan qısa ömürlü narahat dünyəvi ləzzətləri Cənnət bağlarındakı əbədi və saysız-hesabsız həzz alınası gözəlliklərdən üstün tuta bilər. Bundan da böyük nadanlıq ola bilərmi?!! Həqiqətən, bilik və sağlam düşüncə həmişə insanı ən yaxşı və ən xoşagələn şeylərə üstünlük verməyə sövq edir və buna görə də ağıllı və xeyirxah insan təriflənən sonuclara malik işlər görməyə üstünlük verir.
(12.34) “Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Həqiqətən, O, Eşidəndir, Biləndir”.
Rəbbi Yusufun (ə) duasına cavab verdi və onu (ə) qadın fitnəsindən qorudu. Vəzirin arvadı onu yoldan çıxarmaqda davam edirdi və bu məqsədlə, onun məhəbbətinə nail olmaqdan ümidi kəsilənə qədər hər cür vasitələrə əl atırdı. Həqiqətən, Allah Öz qullarının dualarına diqqət yetirəndir və onların əməlisaleh niyyətlərindən xəbərdardır. Ona o da məlumdur ki, insanların niyyətləri zəifdir və müdafiə olunmağa və Rəbbin lütfkarlığına möhtacdır.
(12.35) “Dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər”.
Allah Yusufu (ə) dəhşətli bir azğınlığa düşməkdən çəkinməyə və böyük bir imtahandan çıxmağa kömək göstərdi, lakin baş vermiş hadisə barəsində xəbər bütün şəhərə yayılmışdı. Adamların bir hissəsi vəzirin arvadına haqq qazandıranlara, digər hissəsi isə onu qınayanlara və günahlandıranlara bölünmüşdülər və buna görə Yusufun sahibləri qərara gəldilər ki, onu zindana atsınlar. Onlar onun günahsızlığını bilirdilər, amma ümid edirdilər ki, əgər Yusuf zindana salınarsa, adamlar baş vermiş hadisəni tezliklə unudarlar. Yaxşı məlumdur ki, dedi-qodunun yaranmasına səbəb olan bəhanə qaldırca, o yayılmaqda davam edir. Ancaq bu səbəb aradan qalxan kimi insanlar həmin hadisəni unudurlar. Bu mülahizəyə əsaslanaraq əyanlar qərara gəldilər ki, Yusufu zindana salmaq məqsədəuyğundur.
(12.36) “Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
Zindana salınmışların arasında iki gənc də var idi və onlar öz yuxularını Yusufa danışdılar. Onlardan biri görmüşdü ki, üzüm sıxır. Digəri isə yuxuda başında çörək olduğunu və quşların çörəyi dimdiklədiyini görmüşdü. Onlar dedilər: “Bu yuxularımızı bizim üçün yoz. Biz səni mömin bir insan sayırıq, çünki sən insanlara yaxşılıq edirsən. Bu gördüklərimizin mənasını bizə bildir və başqalarına göstərdiyin yaxşılığı bizə də göstər”. Onlar Yusufun xeyirxahlığını ona xatırlatdılar ki, onun razılığını əldə etsinlər.
(12.37) “(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!”
Yusuf onlara belə cavab verdi: “Sakit olun, çünki çox tezliklə mən sizə hər ikinizin yuxusunu yozacağam. Sizə nahar və ya şam yeməyi gətirilənədək yuxularınızın əsil yozumunu biləcəksiniz. Allah mənə yuxuları yozmağı öyrətmişdir və mənə bu iltifatını öz Rəbbini inkar edən və Axirət gününə iman gətirməkdən boyun qaçıran dinindən uzaqlaşdığıma görə əta etmişdir”.
O (ə), qərara almışdı ki, ona (ə) müraciət etmələrindən istifadə edərək, onlara haqq dinə gəlməyi təklif etsin, çünki belə hallarda dinə dəvət çox faydalı olur. Həmçinin qeyd etmək lazımdır ki, müəyyən baxışları tərk edən nəinki əvvəllər bu baxışların sahib olmalı və hətta heç vaxt bu baxışların tərəfdarı belə olmaya bilər. Buna görə heç kim düşünməməlidir ki, zindana atılana qədər Yusuf (ə) İbraimin (ə) dininə etiqad etməmişdir. Sonra isə o (ə) demişdir:
(12.38) “Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!”
Yusuf (ə) öz əcdadları olan İbrahimin, İshaqın və Yəqubun dininin mahiyyətini izah edərək deyir: “Biz Allahdan başqa heç kimə ibadət etmirik. Biz tövhidə etiqad və bir olan Rəbbə ibadət edirik. Bu din Allahın mərhəməri, bizə və bizim yolumuzla gedən bütün möminlərə göstərilən xeyirxahlıqdır. Müsəlmanın imanı və haqq din Allahın Öz qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir. Əgər insan bu neməti qəbul edərək bu dinə itaət edirsə, onda ona şərəfli bir qismət nəsib olur və böyük qədr-qiymət verilir. Amma insanların əksəriyyəti Allaha şükür etməkdən boyun qaçırırlar. Onlara mərhəmət göstərilir, lakin onlar onu qəbul etmirlər və Allah qarşısında öz vəzifələrini yerinə yetirmirlər”.
Tamamilə aydındır ki, pak peyğəmbər bu sözləri ilə gəncləri öz yoluna gəlməyə dəvət edirdi. O əmin idi ki, onlar ona (ə) ehtiram və hörmətlə yanaşırdılar. Onlar onu (ə) özlərinin müəllimi və nəsihət verən kimi qəbul etməyə hazır idilər. Buna görə o (ə) onlara Allahın ona (ə) iltifat etdiyi böyük mərhəməti haqqında söhbət açır. O (ə), çoxallahlıqdan, bütlərə ibadətdən necə əl çəkməsi və öz əməlisaleh atalarının izləri ilə getməsi barədə xəbər verir. Bu yol, zindandakı gənclərin onu (ə) gördüyü səviyyəyə çatdırmışdır və o (ə) həmin gənclərə bu yolla getməyi təklif edir. Sonra isə o (ə), gəncləri açıq şəkildə bütlərə ibadət etməkdən əl çəkməyə çağırır və deyir:
(12.39) “Ey mənim zindan yoldaşlarım, ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa Tək olan Qadir Allah?”
Doğrudanmı siz xeyir verə bilməyən və ya zərər vura bilməyən, nemətlər bəxş etməyən və onlardan məhrum etməyən zəif və köməksiz tanrıçalara ibadət etməyi xoşlayırsınız? Sizin tanrıçalarınız bir-birindən xeyli fərqlənirlər, çünki bəziləriniz ağaclara, bəziləriniz – daşlara, bəziləriniz – mələklərə, bəziləriniz də ölülərə və bütlərə ibadət edirlər. Doğrudanmı belə tanrıçalara ibadət etmək, bütün kamil sifətlərə malik olan Allaha ibadət etməkdən yaxşıdır? Təkcə O, ilahi mahiyyətə və gözəl adlara malikdir və tərifəlayiq əməlləri həyata keçirəndir və heç kim Onunla bərabər bu ilahi keyfiyyətlərə sahib deyildir. Onun qüdrəti o dərəcədə böyükdür ki, Ona bütün məxluqlar itaət edir və Kainatda ancaq Onun istədiyi baş verir. Əgər O, nəyisə istəmirsə, onda o baş verə bilməz.
Şübhəsiz ki, belə ecazkar keyfiyyətlər sahibi – Rəbb olan Allah, “ilah” adlandırılan bütlərin hamısından mütləq üstünlüyə malikdir. Buna görə də sonra Yusuf deyir:
(12.40) “Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdıqlarınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir”.
Siz bütləriniz üçün adlar uyduraraq, onları ilah adlandırmısınız, amma o adlar heç bir məna ifadə etmirlər. Sizin bütlriniz ilahlaşdırılmağa layiq olmaları üçün zəruri sifətlərə qətiyyən malik deyillər. Allah bu uydurulmuş tanrıçalara ibadət etmək hökmü nazil etməmişdir. Əksinə, Allah belə rəftarı qadağan etmiş və bütlərə sitayiş edilməsinin yanlışlığını izah etmişdir. Əgər Fövqəluca Allah bütpərəstliyin lehinə olan heç bir dəlil nazil etməmişdirsə, onda heç kim bütpərəstliyi və şirki doğrultmağa və əsaslandırmağa nail ola bilməz. Qanunvericilik hakimiyyəti təkcə Allaha məxsusdur. O, hökm çıxardır və qadağan edir, qanunlar verir və hökmlər nazil edir. O, təkcə Ona ibadət etməyə və yeganə haqq dinə etiqad etməyə hökm vermişdir. Təkcə haqq din insanlara faydalanmağa kömək göstərir, halbuki qalan bütün dinlər yanlışdırlar və öz tərəfdarlarını bədbəxtliklərə məhkum edirlər. Əgər insanlar hər şeyin həqiqi mahiyyətini başa düşə bilsəydilər, onda onlar tövhidlə müşrikliyin arasındakı nəhəng fərqi dərk edərdilər. Lakin insanların əksəriyyəti bundan xəbərsizdirlər və buna görə də çoxtanrıçalıq girdabına batırlar.
Yusuf bu sözlərlə onunla birgə zindanda oturan hər iki gənci bundan sonra Tək Allaha ibadət etməyə və təkcə Ona səmimi xidmət göstərməyə dəvət edirdi. Əgər onlar onun (ə) çağırışına cavab verib, haqqa boyun əysəydilər, onda Rəbbin ən böyük rəhmətinə layiq görülərdilər. Yox, əgər onlar çoxtanrıçalığa üstünlük versəydilər, onda onlar artıq bilməməzlikləri ilə öz cinayətlərinə görə bəraət qazanmaq imkanından məhrum olardılar. Sonra pak peyğəmbər (ə) vəd verdiyi kimi, onların gördükləri yuxularını yozdu. Yusuf dedi:
(12.41) “Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını dimdikləyib yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan fərman verilmişdir”.
Yusuf onlara dedi ki, gənclərdən biri azadlığa çıxacaq və öz ağasına şərab verəcək , ikinci gənc isə çarmıxa çəkiləcək. O (ə) gəncin başında çorək olmasını quşların dimdikləyəcəyi ət, piy və beyin kimi yozdu və bildirdi ki, gənc çarmıxa çəkiləcək və cənazəsi torpağa basdırılmayıb, quşların parçalayacağı yem ediləcək. Sonra da o (ə) öz həmsöhbətlərinə xəbər verdi ki, onun (ə) yozumu mütləq gerçəkləşəcəkdir.
(12.42) “Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı”.
Yusuf, yuxusunda ağasına şərab süzdüyünü görən gəncdən xahiş etdi ki, zindandan çıxandan sonra Yusufun başına gələnləri öz ağasına danışsın. O (ə) ümid edirdi ki, həmin cənabın Yusufa ürəyi yanar və onun zindandan çıxmasına kömək göstərər. Lakin gənc həbsdən azad ediləndən sonra, şeytan gəncin Fövqəluca Allahı yada salmaq və Ona yaxınlaşmaq yollarını axtarmaq zəruriyyətini unutması qayğısına qaldı. Bununla yanaşı həmin gənc ən böyük minnətdarlıq etməli olduğu Yusufu da unutdu. Bu ona görə bu ona görə belə oldu ki, Allahın öncədən təyin etdiyi hadisələr mütləq yerinə yetməliydilər.
Yusuf zindanda bir neçə il də qaldı. Ərəb sözü olan “bid” (“bir-neçə”) üçdən doqquza qədəri bildirir. Belə bir rəy də mövcuddur ki, o, zindanda yeddi il qaımışdır. Fövqəluca Allah başladığı işi sona çatdırmaq və pak peyğəmbəri zindandan xilas etmək istədikdə onun (ə) azad edilməsinə və şöhrətinin geniş yayılmasına səbəb olan bir hadisə baş verdi. Belə bir hadisə Misir hökmdarının gördüyü yuxu oldu.
(12.43) “Hökmdar dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
Fövqəluca Allah Yusufu zindandan xilas etmək istədiyi zaman Misir hökmdarı qəribə bir yuxu gördü. Onun yuxusunu anlamaq üçün bütün camaat cəhd göstərirdi, lakin bunu etmək ancaq Yusufun qismətinə yazılmışdı, çünki bütün insanlar onun üstünlüyünə əmin olmuş, ona hər iki dünyanın şöhrətini nəsib etmiş dərin biliklərinin şahidləri idilər. Bu məramın həyata keçirilməsi üçün belə qəribə röyanı məhz Misir hökmdarı görməliydi, çünki bütöv bir xalq onun sərəncamında idi və rəiyyətinin taleyi ondan asılıydı.
O, yuxusunu gördükdə, bütün alimləri və müdrikləri yanına gətirməyi əmr edərək dedi: “Mən yuxuda gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yedi. Maraqlıdır, görəsən yeddi arıq inək yeddi kök və tam sağlam inəyi necə yecə yeyə bilər? Sonra isə yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey ad-san sahibi olan bilicilər! Gördüyüm yuxunu mənim üçün izah edin və yadda saxlayın ki, hər bir yuxunu ayrılıqda yozmaq kifayət deyil. Yuxunu bütövlükdə şərh etmək vacibdir. Əgər siz yuxu yozmağı bacarırsınızsa, əlinizdən gələni əsirgəməyin!”
(12.44) “Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
Müdriklər və əyanlar çaşıb qalmışdılar və bu yuxunun mənasını yoza bilmirdilər. Onlar qərara aldılar ki, belə yuxular müjdəverici deyil və yozulmur. Eyni zamanda onlar bu məsələ üzrə heç bir müvafiq biliyə malik olmadıqları halda, cəsarət edib qəti qərar çıxartdılar və onların özlərinı haqlı çıxartmaq istəmələri də onlara əslində bəraət qazandırmırdı. Onlar bildirdilər ki, ancaq müjdə verən yuxuları yoza bilirlər, şeytan təlqini və ya nəfsi duyğuların qarışığı olan və rabitəsiz yuxuları isə yozmağı boyunlarına götürmürlər. Lakin onlar bu yuxunu bir-biri ilə əlaqəsi olmayan röya adlandırmaqla özlərinin təkəbbürlü cahil kimi tanıtdırdılar. Onlar sadəcə olaraq bu yuxunu yoza bilmədiklərini etiraf etmədilər və dindar və sağlam düşüncəli insanlara yaraşmayan hərəkətə yol verdilər. Bu hadisə Allahın Yusuf peyğəmbərə (ə) göstərdiyi bir mərhəmət oldu. Əgər o (ə), bu yuxunu Misirin müdrikləri və əyanlarından öncə yozsa idi, onun (ə) əməli o qədər də böyük əhəmiyyət kəsb etməzdi. Lakin müdrik adamlar yuxunun mənasını tapmaq imkanına malikdilər, lakin hökmdarın bu qəribə yuxunun yozulmasına bərk maraq göstərməsinə baxmayaraq bunu edə bilmədilər. Sonra isə bu yuxunu Yusuf şərh etdi ki, bu da insanlara böyük təsir göstərdi. Fövqəluca Allah Adəmin biliyinin üstünlüyünü mələklərə də bu minvalla göstərmişdi. Əvvəlcə Allah mələklərə sual vermişdi, onlar isə ona düzgün çavab tapa bilməmişdilər. Həmin sual Adəmə verildikdə, o (ə) mələklərə bütün varlıqların adı haqqında xəbər vermiş və öz üstünlüyünü sübuta yetirmişdi. Eynilə bu minvalla Qiyamət günü bütün məxluqlar Allahın xəlq etdiklərinin ən yaxşısı olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) üstünlüyünə əmin olacaqlar. Fövqəluca Allah insanlara təlqin edəcək ki, onlar yardım üçün Adəmə (ə), sonra – Nuha (ə), ondan sonra – İbrahimə (ə), ondan sonra – Musaya (ə), daha sonra isə İsaya (ə) müraciət etsinlər. Lakin onların hər biri bəşəriyyət üçün şəfaət istəməkdən boyun qaçıracaqlar. Belə olduqda insanlar şəfaət etməsi üçüm Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət edəcəklər və o (s.ə.s.) belə deyəcək: “Mən buna yarayıram! Mən buna yarayıram!” Sonra isə o (s.ə.s.), Allah qarşısında bəşəriyyət üçün şəfaət istəyəcək və Həmdəlayiq bir yerə qalxacaq və bundan sonra insanların bütün birinci və sonrakı nəsilləri ona (s.ə.s.) qibtə edəcəklər. Allah Pakdır və O, ən əsrarəngiz və misilsiz məharətlə Öz seçdiyi və sevdiyi qullarına nemət bəxş edir!
(12.45) “İki nəfərdən qurtulmuş olanı, uzun müddətdən sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni Yusufun yanına göndərin!”
(12.46) “O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”
Yusufla birlikdə zindana salınmış və yuxusunda öz ağası üçün şərab süzdüyünü görən cavan bir çox illər keçdikdən sonra onu (ə) yadına saldı. O, onun xahişini və Yusufun onların yuxusunu necə dəqiqliklə yozduğunu xatırladı. Gənc başa düşdü ki, əgər ona Yusufla (ə) görüşməyə icazə versələr və o, Yusufdan (ə) hökmdarın yuxusunun yozmasını soruşsa, onda adamlara bunu izah edə bilər. Əyanlar onu zindana göndərdilər və o, Yusufun (ə) yanına gəldikdə, o (ə) oğlanı unutqanlığına görə danlamadı. O (ə) cavanın xahişini dinlədi və suallarına cavab verdi.
(12.47) “Yusuf dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın”.
(12.48) “Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək”.
(12.49) “Bunun ardınca da, elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”.
Yusuf yeddi kök inəklə yeddi yaşıl sünbülü yeddi məhsuldar il və yeddi arıq inəklə yeddi quru sünbülü – yeddi quraqlıq illəri kimi yozdu. Yusufun bunu necə bilməsini ən yaxşı bilən Allahdır. Lakin o (ə) bilirdi ki, əkinçilik yağışlardan və quraqlıqdan çox asılıdır. Mövsüm məhsuldar olduqda, taxıllar və digər otlar qüvvətlənir, əkin sahələri və otlaqlar gözəl görünür və insanlar da bol taxıl məhsulu yığırlar. Quraqlıq düşəndə isə, hər şey əksinə olur. İnəklər isə, əksər hallarda, yeri şumlamaq və suvarmaq üçün istifadə olunan heyvanlardır. Sünbüllər - ərzaq məhsullarından ən məhşurunun mənbəyidir. Sadalanan şərtləri nəzərə alaraq, Yusuf yuxunun hər epizodunu ayrı-ayrılıqda yoza bilmiş, yuxunun mənasını bütövlüklə izah etmiş və məhsuldar illər ərzində gələcək quraqlıq illəri üçün hansı hazırlıqlar görməli və necə rəftar etməli olduqlarını insanlara bildirmişdi. O (ə) belə demişdi: “Yeddi məhsuldar il gələcək və insanlar bol məhsul yığacaqlar. Lakin onlar taxılı sünbüldə saxlamalıdırlar, çünki taxıl sünbüldə yaxşı və uzun müddət saxlanır. Taxılın ancaq az bir hissəsindən istifadə edilməlidir ki, onun ehtiyatda saxlanılan hissəsindən çoxlu fayda əldə etmək mümkün olsun. Bu yeddi il keçdikdən sonra, yeddi quraqlıq ili başlayacaq və bu illər ərzində insanlar yığıb saxladıqları nə qədər çox olsa da, onun böyük bir hissəsini sərf edəcəklər. Onların ehtiyatlarının ancaq kiçik bir hissəsi əl vurulmamış qalacaq. Yeddi ağır illər keçdikdən sonra gələcək ildə bol-bol yağışlar yağacaq və su sahələrdən və vahələrdən sel kimi axacaq. Həmin ildə insanlar o dərəcədə bol məhsul yığacaqlar ki, onların tələbatını qat-qat üstələyəcək və bunun sayəsində onlar yeyilməmiş meyvələri və üzümləri sıxıb şirəsini alacaqlar”.
Hökmdarın röyasında məhsuldar ilin gəlməsi barəsində heç nə deyilmirdi. Yəqin ki, yuxarıda deyilənlərin əsasında Yusuf (ə) özü, yeddiillik quraqlıqdan sonra bədbəxtliklərin qurtaracağı nəticəsinə gəlmişdi. Həm də yaxşı məlumdur ki, uzunsürən yeddiillik quraqlıq, adətən, məhsuldar illə nəticələnir. O (ə) bu biliklərə malik olmasaydı, onun (ə) zənni mənasız olardı ( Çox qəribədir ki, Yusufla (ə) bağlı bu epizod ayənin şərhində verilərkən onun (ə) Allahın peyğəmbəri olması faktı sanki unudulmuş kimidir. Bu mətndə Yusufun (ə) yuxuyozumunun və onun (ə) yeddiillik hadisələri öncəgörümünün Fövqəluca Allah tərəfindən vəhy edilə bilməsinə nədənsə toxunulmur, bu yozumlar onun mühakiməsinə, zənninə şamil edilir. Əslində, əsil möcüzə olan bu yuxuyozumu, əlbəttə ki, Allahın iradəsi ilə peyğəmbərinə vəhy edilmişdir. F.S.). Gənc onun (ə) sözlərini dinlədikdən sonra hökmdarın və orada olan camaatın hüzuruna qayıtdı. O, Yusufun yozumunu onlara danışdıqda, hamı heyrətə düşdü və bərk sevindilər.
(12.50) “Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə Yusuf dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini doğrayan qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”.
Hökmdar Yusufu zindandan azad etmək və onun yanına gətirmək əmri verdi. Lakin hökmdarın elçisi onun (ə) yanına gəldikdə və ona (ə) onun hüzuruna getmək əmrini çatdırdıqda, o (ə) ona (ə) tam bəraət verilməyənə qədər zindanı tərk etməkdən boyun qaçırdı. Bu addımı onun (ə) mətanətli, ağıllı və sağlam düşüncəli olmasına dəlalət edirdi. O (ə) elçiyə dedi: “Hökmdarın yanına qayıt və ondan soruş ki, özləri öz əllərini kəsən qadınlara nə olmuşdu? Həqiqətən, bu qadınların başına gələn əhvalat aydın bir şeydir və heç bir şübhə doğurmur. Mənin ağama məlumdur ki, onların fitnəsi necə də məkrli idi”.
(12.51) “Padşah qadınlara dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır”.
(12.52) “Bu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin”.
Hökmdar qadınları yanına çağırıb soruşdu: “Yusufu siz yoldan çıxarmaq istəmisiniz? Boynunuza alın, onun doğruçuluğuna şübhə etməyə əsasınız varmı?” Onlar onun (ə) günahsızlığını təsdiq edərək dedilər: “Allah eləməsin! Biz onun haqqında pis bir şey deyə bilmərik”. Qadınların etirafı Yusufun əleyhinə qurulmuş ittihamın sübuylarını inkar edirdi. Təkcə vəzirin arvadının ittihamı qalırdı və belə olduqda qadın dedi: “Biz ona böhtan atdıq və onu zindana salmaq istədik, amma həqiqətən indi aşkar oldu. Mən özüm onu yoldan çıxartmaq istəyirdim və o, doğru deyir. O, doğrudan da heç nədə günahkar deyil. Mən öz hərəkətimi etiraf edirəm. Qoy o bilsin ki, mən o olmadığı vaxtlarda, ona xəyanət etməmişəm. Həqiqətən, Allah xəyanətkarların fitnəkarlığına kömək göstərmir, çünki onları məkrli hiylələri həmişə onların öz əleyhinə çevrilir. Zaman keçir, fitnələr hökmən açılır və aşkar edilir”.
Bir şərhə görə vəzirin arvadı öz ərini nəzərdə tutaraq etiraf edir ki, onun əri qadının Yusufu yoldan çıxartmaq istədiyini, lakin zinakarlıq və ərinə xəyanət etmədiyini bilsin. Digər bir şərhə görə isə, qadın Yusufu nəzərdə tutaraq etiraf etmişdir ki, o (ə), qadının yanında olmadığı vaxtlarda qadının ona (ə) xəyanət etmədiyini bilsin. Vəzirin arvadının bu sözlərindən belə görünə bilər ki, o, öz hərəkətinə görə özünə bəraət qazandırır və Yusufun qarşısında özünü günahkar hiss etmirdi. Buna görə də qadın sanki özünü ələ alaraq əlavə edir:
(12.53) “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir!”
Elə düşünməyin ki, mən özümə haqq qazandırmağa çalışıram. Mən doğrudan da onu ehtirasla istəyirdim, onu yoldan çıxarmağa çalışırdım və hətta ona hiylə qurmaq niyyətindəydim. Amma əgər nəfs insana əclaflığı və digər günah əməlləri hökm etdikdə nə etmək olar? Həqiqətən, nəfs – şeytanın gəmisi və insanın qəlbinə girən qapısıdır. Öz nəfsinin günaha sövq edən hökmlərindən təkcə Rəbbin onlara rəhm etdiyi insanlar xilas ola bilirlər. Onların nəfsi arxayınlıq əldə edir və rahatlanır, doğru yola dəvət edənlərin çağırışına tabe olur və məhvə aparan çağırışçılara itaət etməyi rədd edirlər. Lakin bu, insanın nəfsinin xidməti deyil, Allahın Öz quluna bəslədiyi mərhəməti və xeyirxahlığıdır. Doğrudan da Allah günah işlətməyə və itaətsizlik göstərməyə cəsarət edənləri, əgər onlar tövbə edərək doğru yola qayıdırlarsa, bağışlayır və onlara rəhm edir. Allahın belə insana göstərdiyi mərhəməti onun tövbəsini qəbul etməklə və ona saleh əməllər işləməkdə yardım göstərməsi ilə təzahür edir.
Ən səhih rəyə görə, bu sözlər Yusufa (ə) deyil, vəzirin arvadına məxsusdur. Bu, Quran ayəsinin mətnindən tam aydın surətdə görünməkdədir, çünki şərh etdiyimiz mükalimə zamanı Yusuf hələ zindanda idi.
(12.54) “Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın adam edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi”.
(12.55) “O dedi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm”.
Hökmdar və digər insanlar Yusufun tamamilə günahsızlığına əmin olduqda, hökmdar dedi: “Onu yanıma gətirin! O, mənə ən yaxın adam olacaqdır və buna görə hörmət və ehtiramla yanaşın!” Yusufla etdiyi söhbət hökmdarı heyran qoydu və onun ona (ə) münasibəti daha da yaxşılaşdı. O dedi: “Biz sənə hakimiyyət verəcək və dövlətin sirlərini etibar edəcəyik”. Belə olduqda, Yusuf ona hamının mənafeyinə uyğun olan bir təklif vermək qərarına gəldi. O (ə) dedi: “İcazə ver vergini mən yığım və taxıl aymarlarını da sərəncamıma keçir. Mən əmlakı mühafizə edəcək və onun məsuliyyətini daşıyacağam, çünki mən savadlı qoruyucuyam. Mən mənə etibar ediləni həmişə mühafizə edib saxlayır və hər şeyi öz yerinə yerləşdirirəm. Mən anbara daxil olan və oradan çıxarılan şeylərin qeydiyyatını qüsursuz aparıram. Mən əmlaka sərəncam çəkməyi, ərzağı kimlərə verməyi və kimdən alıb saxlamağı bilirəm”. Yusuf bu yüksək vəzifəyə təyin olunmasını xahiş edərkən hakimiyyətə can atmır, bütün xalqa fayda verməyi nəzərdə tuturdu. O (ə), nəyi bacardığını, etibarlı və qənaətcil olduğunu bilirdi. Onun (ə) özü haqqında bildiyi qalan insanlara məlum deyildi və buna görə də bu xahişi ilə hökmdara cəsarətlə müraciət etdi. Hökmdar onun (ə) xahişini yerinə yetirdi və onu (ə) məmləkətinin taxıl ambarlarının nəzarətçisi təyin etdi. Buna görə Fövqəluca Allah buyurur:
(12.56) “Beləliklə, Biz Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin savabını əsirgəmirik”.
Allahın yaratdığı səbəblər sayəsində Yusuf hakimiyyət və qüdrət sahibi oldu. O (ə), cah-cəlal içində yaşayır, bol-bol nemətlərdən istifadəedi və yüksək vəzifə tuturdu. Bunu ona (ə) Allah nəsib etmişdi və bu, Rəbbin Yusufa olan mərhəmətinin nəticəsi idi. Lakin bu lütfkarlıq təkcə bu dünyadakı firavanlıqla məhdudlaşmamışdı. Məhz buna görə Fövqəluca buyurur:
(12.57) “Həqiqətən, iman gətirmiş müttəqilər üçün Axirət mükafatı daha xeyirlidir”.
Yusuf peyğəmbər (ə) ən saleh insanlardan biri idi və həm bu dünyada və həm də ölümündən sonra savaba layiq görülmüşdü. Axirətdə onun (ə) savabı bu dünyadakı savabından dəfələrlə üstün gözəlliyə malik olacaqdır. Belə bir qismət iman gətirən və təqvalılığa etiqad edənlər üçün hazırlanmışdır, çünki Allah qorxusu insana böyük və kiçik günahlardan çəkinməkdə kömək edir, kamil iman isə ona, Allahın iman gətirməyi əmr etdiklərinə bütün qəlbi ilə inanmağa və öz etiqadını qəlbi və cismi ilə yerinə yetirdiyi fərz və könüllü saleh əməllərlə təsdiq etməyə yardım göstərir.
(12.58) “Yusufun qardaşları Misirə gəlib onun yanına daxil oldular. Yusuf onları tanıdı, onlar isə onu tanımadılar”.
Yusuf (ə) Misir torpaqlarının anbarlarını sərəcamına götürdükdən sonra özünü işini bacarıqla idarə edə bilən hakimiyyət sahibi kimi göstərdi. O (ə), yeddi məhsuldar il ərzində bütün Misir torpaqlarında taxıl əkmək hökmü verdi və əkinçilik üçün çox böyük sahələr ayırdı. O (ə), olduqca böyük həcmlərdə ərzaq məhsulları və taxıl ehtiyatları tədarük edilməsinə nail oldu və onları böyük məharətlə qoruyub saxlaya bildi. Quraqlıq illəri başlayanda isə, məhsul qıtlığı hətta qonşu ölkələri də bürümüşdü. Yağış Yaqubun (ə) və oğullarının yaşadığı Fələstində də yağmırdı. Belə olduqda Yaqub (ə) oğullarını Misirə göndərir ki, oradan taxıl alıb gətirsinlər. Yaqubun (ə) oğulları Misirə gəldikdə onlar Yusufla qarşılaşdılar. O (ə) onları o saat tanıdı, lakin onlar isə onu (ə) ümumiyyətlə heç tanımadılar.
(12.59) “(Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!”
(12.60) “Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”
Yusuf (ə) adətən başqa tacirlərə satdığı kimi, onlara taxıl satdı. O (ə) öz ölkəsinin işlərini müdrikcəsinə idarə edirdi və buna görə də hər alıcıya ancaq bir dəvə yükü taxıl satın almağa icazə verilirdi. Sonra o (ə) qardaşlarının işlərinin necə getməsi ilə maraqlandı və onlar da ona (ə) bildirdilər ki, hələ evdə atası ilə qalan bir qardaşları da var. Bunu deməklə onlar Benyamini nəzərdə tuturdular. Belə olduqda Yusuf (ə) onlara dedi ki, gələn dəfə gələndə kiçik qardaşlarını da gətirsinlər. O (ə) onlara göstərdiyi qonaqpərvərliyini xatırlatmaqla, onlarda yenə də Misirə qayıtmaq həvəsi oyatsın, lakin əlavə etdi ki, əgər kiçik qardaşlarını özləri ilə gətirməsələr, o (ə) onlara vermək üçün taxıl ayırmayacaq. O (ə) bilirdi ki, onlar məcbur qalıb yenə Misirə gələcəklər və buna görə ümid edirdi ki, onun (ə) sözləri qardaşları Yusufun (ə) istədiyini yerinə yetirməyə daha tez məcbur edər.
Tarix: 20.04.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 865 Bölmə: Sureler