(11.41) “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
Nuh (ə) əmr aldıqdan sonra dedi: “Gəmiyə minin! Bu gün o, Allahın adı ilə üzəcək və Onun iradəsi ilə dayanacaqdır. Həqiqətən, mənim Rəbbim – Bağışlayan və Rəhmedəndir. O, bizi bağışlamış, bizə rəhm etmiş və ədalətsiz xalqın əlindən xilas etmişdir”.
(11.42) “Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
Allah gəminin hərəkətini elə təsvir etdi ki, sanki biz öz gözümüzlə onu müşahidə edirdik. Nuh (ə) və onunla birlikdə olanlar gəmi ilə nəhəng dalğaların arasından üzüb gedirdilər, Allah isə gəminin və onda olanların hamısının salamat qalmasının qayğısını çəkirdi. Nuh (ə) gəmiyə qalxanda, onun göyərtəsinə qalxan möminlərdən aralıda dayanmış oğlunu gördü. O (ə), oğlunu yanına çağırdı və təklif etdi ki, gəmiyə minsin. O (ə) dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma, onların hər birini gözləyən aqibət sənin də başına gələr”.
(11.43) “(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu”.
Oğlu yenə atasına inanmadı və ancaq gəmiyə minənlərin xilas olacağı ilə razılaşmadı. O dedi: “Mən hündür bir dağa qalxıb orada sudan daldalanaram”. Belə olduqda, peyğəmbər (ə) dedi: “Bu mümkün deyil! Bu gün nə dağlar, nə də digər sığınacaqlar Allahın cəzasından qurtulmağa kömək edə bilməz”. Bu anda dalğa onları bir-birindən ayırdı və Nuhun (ə) oğlu suda boğulanlardan oldu.
(11.44) “(Allahdan bir əmr olaraq:) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi”.
Müşriklər suda qərq edildikdən, Nuh (ə) və onunla birlikdə olanlar isə xilas olduqdan sonra, Allah yerə, öz tərkindən püskürdüyü suyunu səthindən udmağı, göyə isə bol leysan yağdırmağı dayandırmağı əmr etdi. Onlar Allahın hökmünə itaət etdilər: yer öz səthindən suyu özünə çəkdi, göy isə yağışını kəsdi. Su yatdı, müşriklər məhv oldular, möminlər isə xilas edildilər.
Bir müddət keçdikdən sonra gəmi Mosul (İraq Respublikasının ərazisində şəhər adıdır. F.S.) yaxınlığında yerləşən əl-Cudi dağına yanaşdı. Belə deyildi: “Məhv olsun günahkarlar!” Onlar məhv edildilər. Lakin bunun ardınca onları əbədi lənət və bədbəxtliklər gözləyirdi.
(11.45) “Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!”
Ey Rəbbim! Sən mənə əmr etdin ki, biri erkək və digəri dişi olmaqla hər bir heyvan növündən və mənim ailəmi gəmiyə mindirim, mənim oğlum (Kənan) da mənim ailəmin bir hissəsidir. Həqiqətən, Sən heç vaxt Öz vədini pozmursan. Sən – hakimlərin Ən ədalətlisi və müdrikisən!
Yəqin ki, Nuhun (ə) öz ailəsinə ürəyi yanırdı və Allah ona (ə) ailəsini xilas etməyi söz verəndə, Nuh (ə) elə zənn etmişdi ki, bu vəd onun (ə) bütün ailə üzvlərinə - həm iman gətirənlərə, həm də kafirlərə aiddir. Buna görə o (ə), belə bir dua ilə Allaha müraciət edir. Buna baxmayaraq, o (ə) qəti qərar qəbul ediləcəyini Onun kamil müdrikliyi ilə bağlamışdı.
(11.46) “Allah buyurdu: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
Ey Nuh! Sənin oğlun xilas olunacaqları vəd edilmiş sənin ailə üzvlərinə aid deyildir. Allaha və Onun elçisinə iman gətirməkdən boyun qaçıran allahsızın bağışlanması haqqında dua etmək isə ədalətsizlikdir. Nəticəsi sənə məlum olmayan şeylər haqqında isə Məndən xahiş etmə, axı onlardan bəziləri xeyir verə bilərsə, digərləri sənə zərər yetirər. Mən sənə təkidlə məsləhət görürəm ki, sən kamil qullarımdan biri olasan və cahil insanlara xas olan sifətlərdən xilas olasan.
(11.47) “(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
Nuh (ə) atdığı yalnış addım haqqında bərk təəssüfləndi və dedi: “Ey Rəbbim! Sənə bilmədiyim bir şeylə əlaqədar dua etməkdən Sənə sığınıram. Məni bağışla və rəhm et. Əgər məni bağışlamasan, mən ziyana uğramışların arasında olaram. Həqiqətən, böyük ziyandan ancaq bağışlanma və rəhm edilməsi sayəsində qaçınmaq olar”.
Bu dua ona dəlalət edir ki, Nuh (ə) kafir oğlunun xilas edilməsi haqqında Allahdan xahiş etməyin ona qadağan olunduğunu bilmirmiş. Fövqəluca ona belə buyurmuşdu: “Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar” (Nuh, 11/37).
“...Heyvanların hər növündən bir cüt... və öz ailəni... gəmiyə mindir” (Nuh, 11/40).
Peyğəmbər (ə) hər iki hökmü birləşdirərək, elə bilmişdi ki, oğlu onun (ə) ailəsinin üzvlərinə aiddir. Lakin sonradan ona (ə) bəlli oldu ki, oğlu kafirlərə aid olduğu üçün onun tərəfini saxlamaq qadağan edilmişmiş.
(11.48) “(Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”
Ey Nuh! Sənə və səninlə birlikdə olan xilqətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlə gəmidən sahilə çıxın və dünyanın bütün guşələrinə yayılın! Amma bilin ki, sonrakı xalqların nəsilləri arasında elələri olacaq ki, Biz əvvəlcə onlara maddi nemətlər verəcək, sonra isə şiddətli cəzaya məruz qoyacağıq. Biz sizi xilas etdik, lakin bu, Bizə sonrakı nəsilləri kafirliklərinə görə cəzalandırmağa maneə olmayacaq. Onlar qısa müddətə nemətlərdən həzz alsalar da, haqq onları mütləq yaxalayacaqdır.
Bu, təkcə Allahın peyğəmbərlik bəxş etdiyi şəxsin bilməyə qadir olduğu ecazkar hekayətin təfsilatlı izahı bitdikdən sonra, Fövqəluca Allah Muhəmmədə (Allahın ona salavatı və salamı olsun!) belə buyurdu:
(11.49) “Bunlar (bu əhvalatlar) sənə vəhylə nazil etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et! Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!”
Bundan qabaq nə sən, nə də sənin xalqın bu hekayəti bilirdi. Onlar deyə bilməzlər ki, onu əvvəlcədən bilirdilər. Buna görə Allaha həmdsəna et, Ona minnətdarlığını bildir və dininin hökmlərini səbrlə yerinə yetir, doğru yolla get və insanları Ona dəvət et! Həqiqətən, xeyirli son günahlardan qorunanlar və itaətsizlikdən çəkinənlər üçün hazırlanmışdır. Nuh öz xalqı üzərində zəfər çaldı, sən isə kafirlərə qalib gələcəksən.
(11.50) “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə yalnız iftiraçısınız!”
Hud peyğəmbər öz xalqı Adlara (ə) göndərildi. Bir zamanlar məşhur olan bu xalq Yəməndə yerləşən Əhqaf adlı bir yerdə yaşayırdı. Allah Öz peyğəmbərini Adların qardaşı adlandırır, çünki o (ə) həmin xalqın içindən çıxmışdı. İnsanlara onun (ə) doğru danışan olduğu məlum idi və Allah elçisi kimi məhz onu (ə) seçmişdi ki, insanlar onun (ə) təlimini rədd etməsinlər. Hud (ə) onlara bir Allaha ibadət etmək hökmünü vermiş və Allaha şərik qoşmağı yasaq etmişdi. O (ə) onlara xəbər vermişdi ki, bütün qalan “ilahlar” uydurmadır və belə “ilahlara” ibadət böyük yanlışlıqdır. O (ə) həm də izah etmişdi ki, tək Allaha ibadət etmək hökmən vacibdir və müşriklik ( Müşrik – çoxallahlıq tərəfdarı. F.S.) ən dəhşətli nəticələrə səbəb olacaqdır. Sonra isə o (ə) qeyd etmişdi ki, onun (ə) tayfadaşlarının ona (ə) itaət etməməsinə heç bir səbəb yoxdur. O (ə) demişdi:
(11.51) “Ey xalqım! Mən buna (peyğəmbərliyə) görə sizdən mükafat istəmirəm, çünki məni Yaradan mənə Özü savab verəcəkdir. Niyə siz bunu anlamırsınız?”
Mən sizin üzərinizə maddi mükəlləfiyyət qoymuram və məni möizələrimə görə mükafatlandırmağınızı xahiş etmirəm. Əks təqdirdə siz deyə bilərdiniz ki, bu adam var-dövlətimizə sahib çıxmaq istəyir. Həqiqətən də mən öz möizələrimə və nəsihətlərimə görə sizdən haqq istəmirəm, axı məni təkcə Fövqəluca Yaradan savablandıra bilər. Doğrudanmı siz mənim möizələrim üzərində düşünmək istəmirsiniz? Onlar hər bir insan üçün haqqa iman gətirməyi zəruri edir və onların rədd edilməsi üçün heç bir səbəb qalmır.
(11.52) “Ey xalqım! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”.
Keçmişdə etdiyiniz günahlara görə bağışlanmanızı diləyin və sonradan törədə biləcəklərinizdən tövbə edin. Qoy tövbəniz cəmimi olsun və o, ancaq Fövqəluca Allaha yönəldilsin. Əgər siz belə etsəniz, onda Allah sizə göydən bol yağış nazil edər və onun sayəsində torpaq sizə çoxsaylı hədiyyələr bəxş edər və siz bol məhsul yığarsınız. Siz nəhəng fiziki qüvvəyə maliksiniz və: “Qücdə bizi kim ötüb keçə bilər?” (Fussilət, 41/15) deyirsiniz. Lakin əgər siz mənə qulaq assanız, onda Allah qüvvənizi artırar. Öz Rəbbinizdən üz döndərməyin və Allaha ibadət etməkdən təkəbbürlə boyun qaçıran və kobud günahlar etməyə cəsarət göstərən cinayətkarlar olmayın!
(11.53) “Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!”
(11.54) “Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!”
(11.55) “Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!”
(11.56) “Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim haqq (doğru) yolun Rəbbidir!”
(11.57) “Əgər (imandan) üz çevirsəniz, bilin ki, mənə buyurulanları sizə təbliğ etmişəm. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”
Xeyirxah peyğəmbərin (ə) kafir qəbilədaşları onun (ə) möizələrini rədd edərək belə dedilər: “Ey Hud! Sən bizə aydın bir möcüzə göstərmədin”. Əgər onlar peyğəmbərdən (ə) onu acizlikdə və gücsüzlükdə ifşa etmək üçün özlərinə lazım olan bir möcüzə nəzərdə tuturdularsa, onda haqqın təsdiq edilməsindən ötrü belə bir möcüzənin göstərilməsinin heç bir mənası yox idi, çünki peyğəmbərdən (ə) təkcə onun təliminin doğruluğunu təsdiq edən möcüzələr tələb olunurdu. Amma əgər onlar onun (ə) ümumiyyətlə öz doğruçuluğuna dəlalət edən möcüzələr göstərmədiyini nəzərdə tuturdularsa, onda onlar yalan danışırdılar, çünki peyğəmbərlərin hamısı öz xalqlarının yanına göndərilərkən, mütləq qaydada, Allahın iradəsinə müvafiq olaraq, kifayət qədər möcüzələr göstərirdilər ki, insanlar onlara iman gətirə bilsinlər.
Hud onları səmimiyyətlə tək Allaha ibadət etməyə, Ona şərik qoşmamağa, saleh işlər görməyə, nəcib əxlaqi keyfiyyətlərə yiyələnməyə dəvət edir, onları bütpərəstlikdən, iyrənc əməllərdən, zalımlıqdan, hər cür günahlardan və digər alçaq xasiyyətlərdən çəkindirirdi. Bununla yanaşı o (ə) ancaq ən yaxşı və ən sədaqətli insanlara xas olan məziyyətlərə malik idi. Əgər onun (ə) möizələri və əxlaqi sifətləri onun yeganə möcüzəsi olsaydı belə, bu bəs edərdi ki, onun (ə) doğruçuluğuna əmin olaydılar. Bundan başqa, hər bir sağlam düşüncəli və şüurlu insana tamamilə aydındır ki, ancaq bəzi həssas insanların müşahidə edəbildiyi təəccüb doğuran qeyri-adi xarüqəladə hallara nisbətən, möcüzələr daha çox qabarıq şəkildə özünü büruzə verir.
Xeyirxah peyğəmbərin (ə) həqiqətə sadiqliyinə dəlalət edən aydın möcüzələrə diqqət yetirin. O (ə), nə köməkçiləri, nə də səhabələri olmadan öz qəbilədaşlarının qarşısına çıxaraq onlara belə bəyan etdi: “Mən Allaha, mənim də sizin də Rəbbinizə təvəkkül edirəm. Mən Allahı şahid çağırıram və sizdən də şahidlik etməyinizi xahiş edirəm ki, sizin Allaha şərik qoşduğunuz “ilahlara” heç bir aidiyyətim yoxdur. Mənə qarşı öz qüvvələrinin birləşdirin və mənə möhlət də verməyin!” O (ə), gücə və hakimiyyətə malik olan, onun (ə) təliminin nurunu hər cür vasitələrlə söndürməyə çalışan düşmənlərinin mövqeyinə əhəmiyyət verməyərək, onlara çağırışla müraciət etdi və onlar ona (ə) heç bir pislik edə bilmədilər. Həqiqətən, bunda anlayan insanlar üçün bir möcüzə var idi.
Onun (ə) kafir qəbilədaşları deyirdilər: “Biz ancaq sənin bizə yasaq etdiyinə görə öz ilhlarımıza bu qaydada ibadət etməkdən əl çəkmərik. Biz belə hesab edirik ki, sən öz sözlərini təkzibolunmaz möcüzələrlə təsdiq etməyə nail olmadın. Biz sənə iman gətirməkdən imtina edirik”. Bu sözləri ilə onlar xeyirxah peyğəmbərə (ə) anlatmaq istəyirdilər ki, heç vaxt haqq dinə üz tutmayacaqlar və küfr zülmətində dolaşmaqdan əl çəkməyəcəklər. Sonra isə onlar belə dedilər: “Biz ancaq onu deyə bilərik ki, ilahlarımızdan biri səni divanə etmiş və ağlını əlindən almışdır. Sən sayıqlayırsan və nə dediyini bilmirsən”. Bu mürtədlərin qəlblərini möhürləmiş Allah Pakdır! Onlar aralarında açıq-aydın haqqı təbliğ edən ən sədaqətli insanı tamamilə abırsızcasına səciyyələndirdilər. Əgər Fövqəluca Allah onların sözlərini xəbər verməsə idi, ağıllı kişilər bu müdhiş yalanı təkrar etməyə xəcalət çəkərdilər.
Lakin Hud (ə) qəti əmin idi ki, nə müşriklər, nə də onları uydurulmuş tanrıçaları ona (ə) zərər vura bilməzlər və buna görə də belə söyləmişdi: “Mən Allahı şahid çağırıram və sizdən də şahidlik etməyinizi xahiş edirəm ki, sizin Allaha şərik qoşduğunuz “ilahlara” heç bir aidiyyətim yoxdur. Mənə qarşı öz qüvvələrinin birləşdirin və mənə möhlət də verməyin və ləngimədən hərəkət edin. Mən ancaq bütün varlığı yaradan, bizim qayğımıza qalan, bizi və sizi idarə edən Allaha təvəkkül edirəm. Bütün canlılar ancaq Onun iradəsi ilə hərəkətə gəlir və ya yerində donub qalır və əgər siz birləşib mənə zərər vurmaq istəsəniz, Allah mənə üstün gəlməyi sizə icazə vermədikcə, buna nail ola bilməzsiniz”. Əgər belə bir şey baş versə, onda bu Allahın hikmətinə müvafiq olacaqdır. Həqiqətən, mənim Rəbbim ədalətlidir, insaflıdır və müdrikdir. Onun qədəri, qanunları, hökmləri, savabı və cəza verməsi ən şərəfli təriflərə layiqdir. Onun bütün əməlləri düzgün və tərifəlayiqdir. Əgər siz mənim sizi dəvət etdiyimdən imtina edərsinizsə, onda bilin ki, mən öz vəzifəmi yerinə yetirmişəm və sizin əməllərinizə görə cavab verməyəcəyəm. Bilin ki, mənim Rəbbim sizi, tək Ona itaət edəcək, Ona şərik qoşmayacaq başqa bir xalqla əvəz etməyə qadirdir. Öz cinayətlərinizlə siz ancaq özünüzə zərər vura bilərsiniz, çünki tabe olmayanların itaətsizliyi Allaha heç bir zərər vurmur və eynilə də möminlərin itaəti Ona heç bir fayda vermir. İnsan yaxşı əməllər etdikdə, bu onun özü üçün xeyirli olur, günah işlətdikdə də bu onun zərərinə olur. Həqiqətən, mənim Rəbbim mövcud olan hər şeyi mühafizə edir və yadda saxlayır”.
(11.58) “(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!”
Ad xalqı üçün Allahın cəzası – qorxunc qasırğa oldu. Fövqəluca o barədə belə buyurmuşdur: “Adın (Ad xalqının) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik. O, qarşısına çıxan heç bir şeyi buraxmır və sovurub külə (çör-çöpə) döndərirdi” (Zariyat, 51/41-42). Ondan təkcə Hud (ə) və onunla birlikdə iman gətirənlər xilas oldular. Onun (ə) xalqının bütün qalan nümayəndələri isə amansız cəzaya məruz qoyularaq, məhv edildi. Son nəticədə, adlardan onların ancaq yaşayış yerlərinin xarabalıqları qaldı.
(11.59) “Bu Ad xalqı idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə itaət etdilər”.
Onlar zalım insanlar idilər və amansız cəzaya layiq görüldülər. Onla öz Rəbbinin ayələrini inkar etdilər və peyğəmbərə (ə) belə dedilər: “...Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin...” (Hud, 11/53). Onlar onun (ə) möizələrini inadkarcasına rədd etməkdən əl çəkmirdilər, halbuki haqlı olduğuna əmin idilər. Onlar Allahın elçilərinə itaətsizlik göstərirdilər, çünki hətta bir elçiyə belə itaətsizlik edən şəxs, əslində bütövlükdə bütün elçilərə itaətsizlik göstərir. Bunun səbəbi onların hamısının eyni bir dini təbliğ etmələrindədir. (Müəllif burada demək istəyir ki, Allahın bütün elçiləri ancaq tövhid dinini, yəni Allahdan başqa haqq məbudun olmaması əqidəsini bəşəriyyətə aşılayan yeganə bir dini – İslamı təbliğ edirdilər. İslam ərəb sözüdür və təkcə bir Allaha təslim olmağı, ibadət və sitayiş etməyi ifadə edir. F.S. ) Bununla yanaşı onlar, Allahın qullarına zalımcasına münasibət bəsləyən və Allahın ayələrini inadla inkar edən təkəbbürlü tərs insanlara itaət edirdilər. Bütün bu deyilənlərdən aydın olur ki, onlar Allahın qullarına səmimi qəlbdən xeyirxahlıq diləyən və onlardan ötrü narahatlıq çəkən insanlara itaət etmdikləri halda, onları aldadanlara və məhvə aparanlara tabe oldular. Allahın belələrini məhv etməsi heç də təəccüblü deyil.
(11.60) “Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad xalqı öz Rəbbini inkar etdi. Məhv olsun Adlar – Hudun xalqı!
Bütün zamanların insanları bu əxlaqsız xalqın tarixini və onun yaramaz əməllərini xatırlayacaq və alçaqlıq hissi onları əsrlər boyu addım-addım təqib edəcəkdir. Qiyamət günü başladıqda isə onlar lənətlənmişlərin arasında olacaqlar, çünki onları xəlq edən, mal-mülklə təmin edən və tərbiyələndirən öz Rəbbini onlar inkar etmişdilər. Məhv olsun Hudun xalqı olan Adlar! Allah artıq onları sonsuzluğa qədər hər cür xeyirdən uzaqlaşdırmış və onları hər cür müsibətlərə yaxınlaşdırmışdır.
Tarix: 20.04.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 533 Bölmə: Sureler