Ofis şəraitində xəstəlik riski sadə görünsə də ciddi problemlərə yol açır. Əsasən mədə-bağırsaq, tənəffüs yolları infeksiyaları, mövsümlə bağlı qrip kimi bir sıra xəstəliklər qaçılmazdır.
Tənəffüs yolları ilə keçən infeksiyalar, xüsusilə asqırma, öskürmə kimi hallarda yayılan mikroorqanizmlərin digər insanlara keçməsilə yaranır.
Eləcə də tənəffüs yolları ilə yoluxan digər infeksiyalar vərəm, zökəm, qızılca, suçiçəyi kimi xəstəliklərin yaranmasına yol açır.
Bir sıra mikroorqanizmlərin yayılmasına isə əl yumadan yeyib-içmə şərait yaradır ki, bu baxımdan əl yumaq alışqanlığı mühüm amildir. Ofisdə çalışanlarda həmçinin allergiya, ağciyər və digər orqanlarda xroniki narahatçılıq, hərəkət azlığı ilə yaranan problemlərə də rast gəlinir. Ofislərdə kondisionerlərdən düzgün istifadə də çalışanların sağlığı üçün çox önəmlidir.
Hər beş insandan birində kürək ağrıları var
Kürək ağrıları, xüsusilə ofisdə çalışanlar arasında ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Hər beş insandan birində bu ağrılara rast gəlinir. Bu əsasən əzələ ağrıları ilə müşayiət olunur. Belə ki, uzun müddət eyni vəziyyətdə durma, düzgün duruşun olmaması, kompyuterdən istifadə və hərəkətsiz həyat tərzindən qaynaqlanan əzələlərin gərilməsi, sərtləşməsi kimi ağrılar var. Digər kürək ağrıları səbəbləri arasında belin əyilməsi, onurğanın yana əyilməsi, ürək-ağciyər, mədə və öd kisəsi başda olmaqla daxili orqanlardan yayılan ağrılar, onurğanın tüberkülyozu, şişlər və s. göstərmək olar. Əgər bu əlamətlər müşahidə edilərsə, həmin an həkimə müraciət etmək lazımdır ki, bunlar əsasən gecə tərləmələri, gecələri artan ağrılar, zəifləmə, ani başlayan şiddətli ağrı, tənəffüs sıxıntısı, bəlğəmdə qan görülməsi hallarıdır. Bir qrup ofis çalışanları arasında keçirilən sorğuda iştirakçıların 25 faizi ofisdə boynunun, 22 faiz kürəyinin, 20 faiz başının, 12 faiz belinin, 10 faiz gözlərinin ağrıdığını bildirib.
Avstraliya alimlərinin apardığı araşdırmaya görə, masa arxasında çalışanların qısa bir müddətli fasilələr verərək, az da olsa hərəkət etməsinin, ürək sağlamlığını qorumağa yardım etdiyi göstərilir. Alimlərin fikrincə, bu fasilələr ateroskleroz və diyabet kimi xəstəliklərdən də qorumağa kömək edir. Araşdırmaya görə, verilən fasilələrin sayına görə, bel ölçülərində önəmli fərqliliklər müşahidə edilir və iş yerində arabir ayağa qalxaraq hərəkət etməyə alışanların belləri 4 santimetr daha incədir. Sağlamlıq üçün daha çox hərəkət etməyi tövsiyə edən alimlər masa arxasında çalışanlara bir iş yoldaşı ilə danışmaq lazım gəldikdə telefonla deyil, ayağa qalxaraq gedib danışmağı məsləhət görürlər. Həmçinin ofisdə lift deyil, nərdivanlardan istifadə etmək məsləhətdir.
Dayaq-hərəkət aparatı sistemi xəstəlikləri insan bədəninin quruluşunu dəyişir
Dayaq-hərəkət aparatı orqanizm üçün böyük əhəmiyyətə malik olduğunu deyən tibb elmləri doktoru, cərrah-ortoped Məhəmməd Hüseyn Herişçi bildirdi ki, bu sistemdə olan xəstəliklər insan bədəninin quruluşunu dəyişir: "Son vaxtlar bir çox hallarda müşahidə etmişəm ki, iş yerində gənclər kompyuterdə işləyərkən qabağa əyilmiş vəziyyətdə çalışırlar. Bu, qətiyyən düzgün vəziyyət deyil. Onların qarşısındakı masa aşağıda deyil, əksinə, daha yuxarı vəziyyətdə olmalıdır ki, əyilmiş vəziyyətdə işləməyə məcbur olmasınlar. Eləcə də uzun müddət kompyuter arxasında oturmaq və ya digər sənət sahələrində fəqərə sütunu problemləri ortaya çıxır".
Ortopedin sözlərinə görə, konkret olaraq kompyuterdən söhbət gedirsə, hər şeydən əvvəl göz, sonra boyun fəqərələrinin sağa ya sola əyilməsi həmin nahiyədə fəqərə iltihabı, fəqərədə önə əyilmənin artıb-azalması, əyilməsi, fəqərəarası diskin qabarması və ya yırtığı müşahidə olunur. Bu isə vaxtındə muayinə edilərək, müalicə olunmazsa, daha dərin problemlərin meydana çıxmasına səbəb ola bilər. Təbii ki, bu, yalnız boyuna deyil, eləcə də döş və bel fəqərələrinə də aiddir. Profilaktiki tədbirlərə gəldikdə isə ortoped deyir ki, ilk olaraq oturan zaman fəqərə sütunu mütləq 90 dərəcə olmalıdır. Yəni, stol bir qədər stuldan hündür olmalıdır, stul üstündə əyri oturmaq olmaz. Hərəkət zamanı qamət düz olmalıdır, hər səhər tibbi idmanlar yerinə yetirmək, vaxtaşırı mütəxəssis nəzarətindən keçmək lazımdır.
Düzgün qidalanmamaq nələrə yol açır?
Ofis xəstəliklərindən biri də mədə-bağırsaq problemləri ilə bağlıdır. Qastorenteroloq Lalə Vəliyeva isə bildirdi ki, adətən ofisdə çalışanların çoxu düzgün qidalanmırlar: "Onların vaxtında qidalanmağa imkanları olmur, buna görə də həzm pozğunluqlarına onlarda daha çox rast gəlinir. Bunun nəticəsində ilk növbədə, qastritlərə, xroniki xolstridlər, öd kisəsi, az hərəkətliliklə bağlı problemlər yaranır. İş rejimi şəraitində insanların əksəriyyəti gərgin olduğu üçün bağırsağın qıcıqlanma sindromuna daha sıx rast gəlinir. Xora xəstəlikləri bir qədər az olur. Əsəblə əlaqədar "mədə nevrozları" adlandırdığımız qıcıqlanmalar olur". Həkimin sözlərinə görə, bu xəstəliklərin yaranmaması üçün ilk növbədə rejim olmalıdır. Eləcə də stres fonunu azaltmaq önəmlidir.
Ayaqüstü yeməklərdən uzaq durun
L.Vəliyevanın sözlərinə görə, bu xəstəliklərin müalicəsi insanların özündən asılıdır. Belə ki, vaxtında müraciət etsələr, problemi daha tez həll etmək olur. Əks təqdirdə, müalicəsi daha çətin olur. O da vurğulandı ki, ofisdə çalışanların əksəriyyəti ayaqüstü yeməklərə, buterbrod, "fastfood" - lara üstünlük verirlər: "Bununla əlaqədar həm mədə infeksiyaları, həm də həzm pozğunluqları çoxalır. Vaxtında yemək, idmanla məşğul olmaq lazımdır. Sözsüz ki, əsəbləri cilovlamaq lazımdır. Daha çox sakitləşdirici bitkilərdən istifadə etsinlər".
Normal və düzgün qidalanmanın çox önəmli olduğunu deyən qastorenteroloq bildirdi ki, hətta körpələrə belə, südün saatla verilməsi məsləhət görülür: "Çünki vaxtsız veriləndə, südün normal miqdarda yığılmasına imkan verilmir. Sözsüz ki, uşaq da doymur. Həmin amillər mədə bağırsaqda da olur. Öd, mədəaltı şirəsi üçün vaxt lazımdır ki, normal miqdarda yığılsın. Vaxtında qidalandıqda, qida həzm edilir, bağırsağı qıcıqlandırmır, köp yaratmır, gəyirmə əmələ gətirmir. Amma şirə bağırsağa süzülüb getdikdə və qida gəldikdə, onu həzm etmək çətinləşir. Hər zaman quru yemək də problemdir".
Tarix: 08.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Saglamliq