Bildiyimiz kimi saqqız ağız və diş sağlamlığına, iştahı azaltmağa, arıqlamağa kömək edir. Başqa sözlə kalori itkisinə səbəb olur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır və ağızı bakteriyalardan qoruyur. Lakin saqqızı saatlarla çeynəmək gənclərdə baş ağrıları və miqrenə yol açır.
İsraildəki Tel Əviv Universitetindən Dr. Nathan bildirib ki, gündə 1-6 saat saqqız çeynəyən gənclərdə xroniki baş ağrıları olur.
Tədqiqatlarda 1 ay boyunca iştirak edən gənclərdən saqqız çeynəməyənlərin baş ağrılarının tamamilə itdiyi, bəzilərində isə baş ağrılarının sıxlığı və şiddətinin azaldığı görülüb. Saqqızdan təkrar istifadə edənlərdə isə qısa müddətdən sonra baş ağrıları geri dönüb. Dr. Nathan saqqız çeynəyənlərdə alt çənə oynağının çox çalışması və yorulmasının baş ağrılarına yol aça biləcəyini ifadə edib. Bu səbəbdən elm adamları, xroniki baş ağrıları çəkən gənclərə saqqızdan çoxlu istifadə etməməyi məsləhət görüb.
Tədqiqatın nəticələri "Pediatric Neurology" jurnalında dərc olunub.
Tarix: 08.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Saglamliq