Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlarda Hormonal problemlər

Qadınlarda hormonal problemlərlə bağlı suallarımızı ginekolog həkim Rəşad Soltan cavablandırdı.

Ginekologiyada hormonal sistemin rolu nədən ibarətdir?

Ginekoloji orqanlar, həmçinin, qadın cinsiyyət hormonları insanın çoxalma funksiyasına xidmət edir. Başqa sözlə desək, bu hormonların fizioloji rolu qadının cinsi funksiyasını, hamilə qalmasını və hamiləliyi davam etdirməsini, doğuşdan sonra süd verməsini təmin etməkdən ibarətdir. Bir sözlə, qadın cinsi hormonları reproduktiv funksiya daşıyır.

Bu hormonlar hansılardır, hansı orqanlardan və necə ifraz olunur, necə təsir edir?

Qeyd etdiyimiz kimi, əsas məqsəd hamiləlikdir. Qadının hamilə qalması üçün ovulyasiya olmalıdır. Yəni ayda bir dəfə bir yumurtalıqda follikul partlamalı və yumurtahüceyrə ayrılmalıdır. Follikulu yetişdirən hormon isə hipofiz vəzindən ifraz olunan follikul stimuləedici hormondur (FSH). Yetişmiş follikulu partladan isə, yenə hipofizdən ifraz olunan lüteinləşdirici hormondur (LH). Əvvəlcə FSH təsirindən follikul yetişir, sonra LH ifraz olunur və follikul partlayır.

Bəs aybaşı necə baş verir?

Aybaşı uşaqlığın selikli qişasının ölməsi və tökülməsidir. Bu proses də yumurtalıqdan ifraz olunan estrogen və progesteron hormonlarının növbələşməsi ilə mümkün olur. Belə ki, FSH-ın təsiri altında yumurtalıqda follikul yetişirkən, follikulun ətrafındakı hüceyrələrdən estrogen qana ifraz olunur. Bu hormonun təsiri altında uşaqlığın selikli qişası –endometrium qalınlaşır.

Ovulyasiyadan sonra partlamış follikulun yerində sarı cisim dediyimiz toxuma əmələ gəlir. Sarı cisimdən isə LH-ın təsiri altında progesteron ifraz olunmağa başlayır. Progesteronun təsiri altında endometrium hamiləliyə tam hazır olur. Əgər mayalanma olmazsa sarı cisim ovulyasiyadan təxminən 10 gün sonra geri sorulur və progesteron ifrazı dayanır.

Hormonsuz qalan endometrium toxuması isə ölür və qanaxma baş verir ki, bu da aybaşı – menstruasiya adlanır.

Belə çıxır ki, dediyiniz hormonlarda dəyişiklik olanda ay-başı pozğunluğu olacaq?

Tamamilə doğrudur. Elə ona görə də qadınlar bizə ən çox aybaşı düzənsizliyi şikayəti ilə müraciət edirlər.

Bəs bu dəyişikliklərə nə səbəb olur?

Qeyd etdiyimiz kimi qadın hormonal sistemi bir neçə hormonun müntəzəm və periodik ifrazı şəklində işləyir. Bu hormonların ifrazındakı cüzi dəyişiklik aybaşı düzənsizliyinə gətirib çıxarır. Bu cüzi dəyişiklik qadın orqanizmindəki hər hansı proseslə əlaqədar ola bilər. Sinir psixi faktorlardan, qidalanma, kökəlmə və arıqlamayadək bir çox sosial və bioloji amillər, eyni zamanda xəstəliklər və hətta dərmanlar bu dəyişikliklərə səbəb ola bilər.

Bu səbəbləri aktuallıq sırasına görə tək-tək aydınlaşdıraq. Ən çox hansı hormonal pozğunluqlarla qadınlar sizə müraciət edirlər? Bu zaman necə diaqnoz qoyursunuz? Müalicə taktikanız necə olur?

Aybaşı pozğunluqlarını ümumi bir termin olan “disfunksiya” diaqnozu ilə adlandırırıq. Onu deyim ki, disfunksiya diaqnozunu qoymaq heç də həmişə asan olmur. Menstrual funksiyanın pozulması heç də həmişə hormonal dəyişikliklərdən olmur. Qadın cinsi orqanlarındakı anatomik dəyişikliklər və patologiyalar da çox vaxt qarşımıza aybaşı düzənsizliyi şəklində çıxır. Ona görə də aybaşı pozğunluğu ilə bizə müraciət edən qadınları mütləq ginekoloji müayinədən və ultrasəs müayinəsindən keçirib, orqanik patologiyanı istisna etdikdən sonra disfunksiya diaqnozu qoyuruq.

Sonrakı addımda isə, diaqnozumuzu təsdiqləmək və hansı hormonlarda dəyişiklik olduğunu bilmək üçün qanda hormon analizinə müraciət edirik. Bizə müraciət edən xəstələrin bir qrupunu 40 – 50 yaşlarında olan, yəni klimaks dövrünə yaxın olan qadınlar təşkil edir. Bu yaş dövründə yumurtalığın rezervi sürətlə tükənməyə başladığından hormonal balans da pozulur və bu da özünü ya aybaşı gecikmələri, ya da güclü qanaxmalar şəklində göstərir. Məsələ ondadır ki, qanaxmaya səbəb ola biləcək mioma, xərçəng kimi patolo-giyalar da bu yaşda çox rast gəlinir və xəstələrə disfunksiya diaqnozu qoymazdan əvvəl çox diqqət olunmalı, adını çəkdiyim üzvi patologiyalar gözdən qaçırılmamalıdır.

Axı yetişkənlik dövründəki qızlarda da aybaşı düzənsizlikləri çox olur. Bu barədə nə deyə bilərsiniz?

Tamamilə haqlısınız. Aybaşı düzənsizliyi olan xəstələrin digər bir qrupunu da gənc qızlar təşkil edir. Bu da həmin yaş dövründəki qızlarda hələ hormonal sistemin tam yetişməməsi ilə əlaqədar olur. Hər iki qrup xəstələrdə problemin mexanizmi eynidir. Ovulyasiya baş vermədiyindən sarı cisim əmələ gəlmir, progesteron ifraz olunmur və aybaşı düzəni pozulur. Biz də müalicəmizdə progesteron hormonu preparatları təyin edərək aybaşıları nizama salırıq.

Klimaks dövründəki qadınlarda bu müalicəni aybaşıdan kəsilənədək – menopauzaya girənədək davam etdirmək lazım gələ bilir. Gənc qızlarda isə 3-6 aylıq müalicələr çox vaxt kifayət edir ki, aybaşı mexanizmi yoluna düşsün. Müalicədən danışarkən onu da qeyd edim ki, xalq arasında aybaşı düzənsizliyi olan gənc qızlara “ailə qur ki, aybaşılar normallaşsın” kimi müalicələr təyin edirlər. Bunu da bir sıra tanışlarının ailə qurduqdan sonra “sağalması” ilə izah edirlər.

Əslində isə qızlarda aybaşı düzənsizliyi keçici bir haldır və çox vaxt müəyyən yaşdan sonra müalicəsiz də düzəlir. Burada sağalmanın səbəbi ailə qurmaq deyil, yaş keçdikcə hormonal balansın yetkinləşməsidir. Digər tərəfdən də ailə qurmaq sosial bir hadisədir. Müalicə vasitəsi deyil ki, onu reseptə yazıb xəstəyə verək, o da gedib aptekdən alsın.

Həkim, gənc qızlardan danışanda bir də tüklənmə və üzdə sızanaqlardan danışmamaq olmaz. Belə ki, bunlar bir çox qızların problemidir və oxucularımızı da çox maraqlandırır. Günümüzdə hamı bilir ki, tüklənmə və sızanaqların çıxması hormonlarla, daha dəqiq desək, kişi cinsiyyət hormonu olan androgenlərlə əlaqədardır. Hər kişinin bədənində az miqdarda qadın cinsi hormonları, hər qadının bədənində də az miqdarda kişi cinsi hormonları ifraz olunur.

Bu hormonlar bir az çox olanda özünü tüklənmə və ya sızanaqlarla büruzə verir. Belə hallarda bədəndə kişi cinsi hormonunun təsirini blokada edən maddələrdən – antiandrogen dərmanlardan istifadə edirik.

Müasir dövrdə qadınlarımızı narahat edən problemlərdən biri də yumurtalıqların polikistozu sindromudur. Bu xəstəlik barədə geniş məlumat verməyinizi xahiş edərdik.

Yumurtalığın polikistozu doğrudan da çox rast gəlinən bir xəstəlikdir. Qadınların 5%-ində klassik polikistoz sindromunu görmək olar. Qadınların 20%-ində də polikistozun əsas əlamətlərindən biri olan aybaşı düzənsizliyinə rast gəlinir. Xəstəlikdən danışmazdan əvvəl bir mövzunu aydınlaşdırmaq istərdim. Yumurtalığın polikistozu yumurtalıq kistasından fərqli bir xəstəlikdir.

Polikistozda kista yoxdur. Xəstəliyin mexanizminin əsasını follikul yetişməsinin dayanması təşkil edir. Hormonal balansın pozulması ilə əlaqədar olaraq, müəyyən ölçüyə çatdıqdan sonra follikulun böyüməsi durur. 8 – 10 mm ölçüdə olan bu follikullar yumurtalığın səthində xırda kistalar şəklində toplanır və ultrasəsdə mirvari zənciri kimi mənzərə əmələ gətirir. Polikistoz sözü də burdan yaranmışdır. Xəstəliyin 3 diaqnostik kriteriyası var:
Ovulyasiyanın olmaması,
Kişi cinsi hormonlarının yüksəkliyi,
Ultrasəsdə polikistik görüntü.

Yumurtalığın polikistozu diaqnozunu qoymaq üçün bu kriteriyalardan ən az ikisi olmalıdır. Bəs polikistozun müalicəsi necə aparılmalıdır?

Polikistozun radikal müalicəsi yoxdur. Yəni elə bir dərman yoxdur ki, biz xəstəyə yazaq, xəstə onu 1 həftə qəbul etsin və tamamilə sağalsın. Ona görə də müalicənin məqsədi xəstənin bizə müraciət etməyə vadar edən şikayətinə görə dəyişir. Xəstə bizə aybaşı pozğunluğu ilə əlaqədar müraciət edibsə hormonal dərman preparatları ilə aybaşını nizama salırıq ki, bunu əldə etmək çox asandır. Müraciət səbəbi tüklənmədirsə, antiandrogen dərmanlardan istifadə edirik. Xəstəni həkimə gətirən səbəb sonsuzluqdursa, polikistoz xəstəliyində sonsuzluğun səbəbi ovulyasiyanın olmamasıdır ki, bu zaman da ovulyasiyanı həyata keçirən dərmanlardan istifadə edirik. Onu da mütləq qeyd etməliyəm ki, xəstəliyin patogenezində maddələr mübadiləsinin pozulması və piylənmə mühüm rol oynayır.

Buna görə də bu xəstələrə ciddi dieta və arıqlamaq məsləhət görülür. Bədən çəkisinin 5%-nin itirilməsi bu xəstələrin çoxunda ovulyasiyanın bərpasına və aybaşıların özbaşına, dərmansız nizama düşməsinə kömək edir.

Dietadan söhbət açılmışkən, qidalanma şəkli, bədən kütlə-sinin həddindən artıq və ya az olması qadınlarda hormonal sistemə necə təsir göstərir?

Dərialtı piy toxuması cinsiyyət hormonlarının balansında mühüm rol oynayır. Belə ki, piy toxumasında estrogenlər sintez olunur və piy toxuması həddən artıq inkişaf etdikdə, yəni piylənmə zamanı qanda estrogen artdığından hormonal balans pozulur, aybaşı düzənsizliyi meydana çıxır. Buna görə də piylənmədən əziyyət çəkən xəstələrdə klimaks dövründə qanaxmalara çox rast gəlinir. Piy toxumasında ifraz olunan estrogenlərin təsiri altında uşaqlığın selikli qişası – endometrium qalınlaşır və gələcəkdə xərçəng əmələ gəlmə riski daşıyır.

Buna görə də bütün oxucularımıza sağlam qidalanma, gündəlik qəbul edilən kalorini azaltmaq və piylənmə ilə mübarizə aparmağı məsləhət görürük. Həkim, bir az da prolaktin hormonu haqda məlumat vermənizi xahiş edirəm.

Bu hormonun fizioloji rolu nədən ibarətdir və hansı xəstəliklərin gedişində prolaktin hormonu rol oynayır?

Prolaktin hipofiz vəzindən ifraz olunan hormondur. Bu hormonun vəzifəsi hamiləlik vaxtı süd vəzilərini hazırlamaq, doğuşdan sonra da süd ifrazını təmin etməkdən ibarətdir. Süd vermə dövründə ovulyasiyanın dayanması və təbii olaraq qadının hamiləlikdən qorunması da bu hormonun sayəsində baş verir.

Amma hamilə olmayan və ya süd verməyən bir qadında bu hormonun yüksək olması ovulyasiyanın olmamasına və aybaşı gecikmələrinə gətirib çıxarır.

Bəs prolaktinin yüksək olmasının səbəbi nədir? Bunun qarşısını necə almaq olar?

Prolaktinin cüzi yüksəkliyini aradan qaldırmaq üçün dərman müalicəsi kifayət edir. Amma hormonun daha yüksək səviyyələrində bunun səbəbi hipofizin prolaktin ifraz edən xoş xassəli şişləri ola bilər. Bunlara prolaktinoma deyilir. Şişi aşkara çıxarmaq üçün maqnit-rezonans tomoqrafiya deyilən görüntüləmə metodundan istifadə etmək lazım gəlir.

Əgər şiş yoxdursa, ya da ölçüləri kiçikdirsə dərman müalicəsi kifayət edir. Əgər şiş böyükdürsə, o zaman cərrahi əməliyyat lazım gələ bilər.

Həkim, son olaraq, xanımlara nə tövsiyyə edərdiniz?

Mövzunu yekunlaşdıraraq onu demək istərdim ki, hormonal pozğunluqların çoxu müalicə oluna bilən xəstəliklərdir və bunlara görə əhval ruhiyyəni pozmaq lazım deyil. İlk olaraq, qidalanmaya diqqət yetirmək, artıq çəkidən qurtarmaq lazımdır. Dərmanlara çox aludə olmadan, müalicəni dəqiq yerinə yetirmək məsləhətdir.


Tarix: 27.12.2012 / 11:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1409 Bölmə: Saglamliq
loading...