Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafar Ramazanov

Həyatı
Ramazanov Qafar Əbdüləli oğlu 1955-ci il 23 noyabrda Qərbi Azərbaycanın Yanıqpəyə kəndində anadan olmuşdur. 1973-cü ildə B.Əfəndiyev adına Çaykənd orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) "Kimya" fakültəsinə daxil olmuşdur.

1978-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda elmi fəaliyyətə başlamışdır. Bu institutda o mühəndislikdən böyük elmi işçi vəzifəsinə qədər elmi yol keçmişdir.

O, 1984-cü ildə SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ Elmlər Akademiyasının vitseprezidenti O.M.Nefedov və tanınmış kimyaçı, kimya elmlər doktoru, əməkdar elm xadimi, professor Abas Quliyevin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək "Yüksək molekullu birləşmələr kimyası" sahəsində kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2000-ci ildə ona "YMB" kimya ixtisası üzrə baş elmi işçi adı verilmişdir. 2000-ci ildən həyatını Sumqayıt Dövlət Universiteti ilə bağlayaraq "Neft kimyası" kafedrasında dosent vəzifəsində fəaliyyətə başlamışdır. 2003-ci ildə "Neft kimyası" kafedrası üzrə dosent elmi adını almışdır.

2003-cü ildə ona böyük etimad göstərilmiş və Universitetin "Kimya" fakültəsinin dekanı seçilmişdir. "Kimya" fakültəsinin dekanı işlədiyi müddətdə təlim-tərbiyə prosesinin keyfiyyət təminatında və təhsil sisteminin dünya təhsil sisteminin müvafiq standartlarına uyğunlaşdırılması istiqamətində fakültənin inkişafında məqsədyönlü fəaliyyət göstərmişdir. O, fakültəyə rəhbərlik etdiyi son illərdə fakültə həm formaca, həm də məzmunca tamamilə dəyişmiş, elmi-pedaqoji, idman və digər nailiyyətlərinə görə Universitetin ən qabaqcıl fakültələrindən birinə çevrilmişdir.

Q.Ə.Ramazanov Sumqayıt Dövlət Universitetinin ictimai işlərində fəal iştirak edir, 2003-cü ildən "Kimya" fakültəsinin Elmi şurasının sədri, Universitet Elmi şurasının, Universitet tədris-metodiki şurasının üzvüdür.

Dos Q.Ə.Ramazanov 100-dən çox elmi əsərin müəllifidir. Elmi tədqiqat işlərini davam etdirərək doktorluq dissertasiyasını yekunlaşdırmaq ərəfəsindədir.

Q.Ə.Ramazanov "Kimya" fakültəsinin dekanı vəzifəsində işləməklə bərabər "Neft kimyası" kafedrasında ali peşə istiqamətləri üzrə bakalavr və magistr pillələrində yüksək ixtisaslı kadrlar hazırlamaqla səmərəli elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.

2005-ci ildə elm və təhsildə, həmçinin gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə, Universitetin ictimai həyatındakı fəaliyyətinə görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif olunmuş, Qərbi Azərbaycanlıların ziyalıları haqqında yazılmış "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" və "Oğuz yurdunun övladları" kitablarında onun barəsində ətraflı yazılar dərc edilmişdir.

Ailəsi
Q.Ə.Ramazanov nümunəvi ailə başçısıdır. 2 övlad atasıdır. Oğlu Qafqaz Universitetinin magistrantı, qızı isə Azərbaycan Tibb Universitetinin tələbəsidir. Hər ikisi dərs əlaçısıdır.


Tarix: 06.02.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qərbi Azərbaycan
loading...