Kərimov Əhməd Musa oğlu (Əhməd Oğuz) — şair, ssenari müəllifi, kino redaktoru, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində fəhlə ailəsində anadan olmuşdur. Doğma kəndində orta məktəbi bitirmişdir (1978). Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1978-1982). Azərbaycanın Quba rayonunun Hacıqaib və Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləmişdir (1985-1989). Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra "Azərbaycan" qəzeti redaksiyasında müxbir olmuşdur (1989-1990). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olsa da, bir ildən sonra qiyabi şöbəsinə dəyişilmişdir (1991). "Xəzər" jurnalında şeir şöbəsinə rəhbərlik etmişdir (1991-1992). "Oğuz eli" qəzeti redaksiyasında məsul katib olmuşdur (1992-1993). Hazırda Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışır (1993-cü ildən).
Bədii yaradıcılığa erkən başlasa da, ilk şeirləri keçən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunmuşdur. "Nar ağacı" adlı ilk şeri 1981-ci ildə "Ulduz" jurnalının üçüncü sayında dərc edilmişdir. "Azərbaycantelefilm" yaradıcılıq birliyində onun ssenariləri əsasında bir neçə sənədli fılm ("Bağlı qapı", "O quzeylər" və b.) çəkilmişdir. "Bağlı qapı" sənədli filminə görə "Humay" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (1998). İlk şeirlər kitabı - "Hara gedirsiniz dağlar?" 1998-ci ildə nəşr edilmişdir.
Türkiyədə keçirilən "Türk xalqları şeir şöləni"ndə Azərbaycan poeziyasını təmsil edən nümayəndə heyətinin tərkibində olmuşdur.
Filmoqrafiya
Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-redaktor
Almas Yıldırım (film, 2004)
Cümhuriyyət generalları (film, 2006)
Deportasiya (film, 2001)
Deportasiya. II Film (film)
Deportasiya. III Film (film)
Deportasiya. IV Film (film)
Deportasiya. V Film (film)
Deportasiya. VI Film (film)
Deportasiya. VII Film (film)
Hədiyyələr, həyəcanlar... (film, 2007)
Xalq rəssamı Kamil Əliyev. İlmələrdə yaşayan ömür (film, 1999)(tammetrajlı sənədli film)(TV)
Kamil (film, 1997)
Qəmbər Hüseynli (film, 2007)
Qız qalası (film, 2000)
Naməlum səs (film, 1997)
O quzeylər (film, 2000)
Oyun (film, 2003)
Uluxanlı məktəbi (film, 2007)
Zəlimxan dastanı (film, 2007)
Mən bir Turan yolçusuyam... (2010)
Tarix: 05.02.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 268 Bölmə: Qərbi Azərbaycan