Həyatı
Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında (1982-ci ildə) isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1982-1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan “Xrompik” İB-nin konstruktor bürosunda çalışıb, 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1986-cı ildə Bakı Ali Partiya Məktəbində "İdeoloji kadrlar" kursunun müdavimi olub.
Yaradıcılığı
Mətbuatda ilk yazısı 1978-ci ildə çap olunub.
1985-ci ildən 1989-cu ilin yanvar ayınadək İrəvanda, Ermənistan SSR Ali Sovetinin və Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetində şöbə müdiri işləyib. 1989-cu ilin yanvarında deportasiya nəticəsində Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir. 1990–1992-ci illərdə həmin cəmiyyətin "Təşkilat və hüquq" şöbəsinin müdiri, eyni zamanda, Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1993-cü ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə qayıdıb və 1997-ci ilin aprel ayına qədər "Sosioloji tədqiqatlar, müxbirlər və məktublarla iş" şöbəsinə rəhbərlik edib.
1997–2000-ci illərdə özünün şəxsi təşəbbüsü ilə nəşr etməyə başladığı müstəqil "Dövran" qəzetinin təsisçisi və baş redaktoru olub. 2000–2004-cü illərdə "Spektr" jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ildən "Simurq" Fundamental Araşdırmalar Bürosunun və "Simurq" Milli Mükafat Fondunun rəhbəri, 2007-ci ildən "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru olub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin icraçı katibi, "Birlik" jurnalının baş redaktoru olub. Son illərdə həmçinin "Kaspi" qəzetində baş redaktorun müavini idi.
Salman Vilayətoğlu 30 aprel 2009-cu ildə 47 yaşında dünyasını dəyişib. 1 may 2009-cu ildə Qaraçuxur qəsəbəsindəki məzarlıqda dəfn olunub.
100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Azərbaycan, rus, türk dillərini bilirdi.
Ailəsi
Salman Vilayətoğlu ailəli idi. 4 övladı var.
Dəfn mərasimi
Salman Vilayətoğlu 2009-cu il aprelin 30-da saat 11:30 radələrində ürək tutmasından vəfat edib. Mayın 1-də ATXƏM sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM sədrinin müavini Akif Kərimov, ATXƏM sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Güllü Yoloğlu, təşkilatın üzvləri, mərhumun qohumları və dostları onu son mənzilə yola salıblar. Dəfn mərasimində çıxış edənlər onun gözəl insan, yaxşı dost, qayğıkeş ata, Vətənə, millətə bağlı bir insan olduğunu bildiriblər:
"O, həqiqətən də, belə bir insan idi. Bu itki Türk dünyasının birləşməsi yönündə qollarını çirmələyib real işlə məşğul olan bir təşkilata, bu işdə onunla çiyin-çiyinə çalışan vətənpərvərlərimizə, eləcə də Türk dünyasına ağır zərbədir. Bu gün onun aramızdan vaxtsız getməsi qəlblərimizi sızladır. Heç kim bu reallıqla barışa bilmir".
Sonda mərhumun məzarı önünə ATXƏM adından əklil qoyulub.
Tarix: 05.02.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 152 Bölmə: Qərbi Azərbaycan