Biri var, biri yoxmuş. Səmərqənddə bir paçcah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bının adı Zərnigardı. Bı bir molla tutmuşdu ki, bir ayrı otaxda bı qıza dərs deyə. Bı molla həmişə qabaxca bı qıza gəlib dərs deyirdi. Sora gedib başqa uşaqlara dərs deyirdi.
Bir gün oturub ərri-arvatdı xörək yeyirdilər. Bı arvad ərinə dedi ki:
– Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək.
Bı Şəmil arvadının sözün qəbul elədi. Dedi:
– Nolar, yaxşı olar.
Səmil vəziri çağırdı. Dedi:
– Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun saa bir ehtiyacdığı yoxdu, yeməyi yanında, içməyi yanında. Otur yerimdə paçcahlıx elə, ölərəm paçcahsan, gələrəm də genə vəzirsən. Mən gedirəm Məkkəyə, o qızı saa tapşırıram, səni də Allaha.
Bı qızı tapşırdı vəzirə, arvadı da götürüb getdi. Günə bir mənzil teyi-mənazil, gedip çıxdılar Məkkəyə. Vəzir də bının yerində paçcahlıx elədi. Vəzir bir gün çıxmışdı balkonda gəzirdi, bı qız da əlinə aftafa alıb çölə çıxmışdı. Vəzir baxdı gördü ki, vallahı, bı bir qızdı ki, Allah-taala xoş gündə, xoş saatda yaradıb. Vəzir buna min könüldən aşıx oldu. Dedi:
– Kim bilir, paçcah, necə olacax! Qoca kişidi indi görən ölüp harda qalacax.
Gecəni saldı arıya. Getdi qızın qulluğuna. Qız gördü, vəzir qapıdan girdi. Dedi:
– Filan-fılanşüdə, sən nə cürət edib mənim otağıma girirsən?
Qıza vəzir dedi:
– And olsun Allaha, birəz o ən-buən eliyərsən, boynunu vırdıraram.
Dədən də bir qoca kişidi. İndi görən harda ölüp qalacax. Qız gördü ki, bı çox qəzəbnak olub, bını öldürəcək.
Dedi:
– Vəzir, otur, bı saat əlimə qab alım, gəlim.
Qız əlinə qab alıp çölə çıxdı. Ağzın çevirdi bərri-biyabana. Yavaşyavaş getməyin binəsin qoydı. Ayın qarannığı, bir yer görməmiş, paçcah qızı. Getdi, bir çobana ürcah çıxdı. Çoban qızı görən kimi dedi:
– Ay bacı, başına dönüm, bacım yoxdu, Allah səni maa yetirip, gəl gedək.
Başdadı bı qızın boynun qucaxlıyıp, o üzünnən-bı üzünnən öpməyə. Qızı da götürüp apardı. Qız gördü ki, bir meşənin qırağında əvi var. Çobanın bir qoca nənəsi də var. Əvdə də yağ, süd, qatıx, pendir hər şey var. Çoban içəri girən kimi dedi:
– Ay nənə, bir bacı tapmışam.
Nənəsi dedi:
– Bala, sənin bacına da qurban olum, özünə də.
Qız biraz oturdu, baxdı gördü bı arvadın üst-başı çirklidi. Qayıtdı su qoydu, bı arvadı yudu, çimizdirdi, paltarın yudu. Çoban da hər saatda gəlip tapşırırdı ki, bacım amanatı mənə bax, gələm, görəm, bacım bekardı, bı dəyənəyi görürsənmi? Sınınca, səni döyəciyəm. Bı burda qalsın, sizə kimnən xəbər verim, Şəmil paçcahdan. Bı Məkkəni ziyarat elədi qayıtdı. Vəzir də bildi ki, bı gələndə bı sirr açılacaq. Atın mindi bir mənzil bı kişinin qabağına getdi. Kişiynən görüşdülər, elədilər, kişi tez qızının əhvalın soruşdu. Vəzir başını bılıyıb dedi:
– Ey Şəmil! Ona qız demə, bir lotunun biri de. Bütün şəhəri birbirinə qırdıdı, nə qədər öyüd-nəsihət verdim, baxmadı. Axırda dedim:
– Atan gələndə xəbər verəciyəm, səni öldürsün.
Gecəynən qaçıp. Hər şəhərdə sorax salmışam, həmən qız tapılmır. Paçcah gəldi camaatınan görüşdü. Gəldi çıxdı genə taxdı səltənətinə. Başdadı paçcahlıx eləməyə. Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, taa mən vəzirrik eləmirəm.
Paçcah dedi:
– Niyə?
Dedi:
– Bına görə ki, taa qocalmışam, vəzirrik elədiyim də taa bəsdi.
Paçcah bını vəzirrikdən çıxartdı. Bı gəldi bir dərviş libası alıb geydi. Başdadı dərviş-libas gəzməyə. Bı şəhərdən o şəhərə qızı gəzirdi. Qız da bı çobanın yanında bir ay qaldı.
Bir gün öz-özünə dedi:
– Əyyar, mən paçcah qızıyam, bırda nə gəzirəm?
Gecəni saldı araya qaçdı, gəldi hava işıxlananda çıxdı bir yerə. Gördü, bəli, bırda bir çinar ağacı var, bı çinar ağacının koxuşunda gizlənip pünhan oldu.
Gördü bir atdı gəlir. Bı atdı da paçcahın oğluydu. Bı atdı gəlhagəl gəldi başdadı atı suvarmağa. Bı atı çəkdi suya, gördü bı at içmir. Baxdı gördü suya bir şövq düşüb. Ənə-ənə baxdı gördü çinarın dibində bir zənən oturur! Çevrikdi qıza dedi:
– Nəçisən? Hardan gəlirsən?
Zərnigar dedi:
– Qaçqınam.
Dedi:
– Gəl, tərkimə min.
Qızı aldı tərkinə, getdi gəldi evlərinə. Qız bir ay qaldı. Arvad baxdı gördü, bı bir qabil adamdı, lap paçcahyana. Ərinə dedi:
– Əşi, gətir bı qızın kəbinin kəsdirək, alax oğlumuza.
Qızın kəbinin kəsdilər, necə gün, neçə gecə toy eləyib qızı gəlin gətirdilər oğluna. Qız dedi:
– Mən Yəmən paçcahının qızıyam.
Bı oğlan dedi:
– Bəs paçcah qızısan, indiyətən taa niyə deməmisən?
Vaxt oldu, ay ötdü, il dolandı. Bı qızın gəldi düşdü boyuna bir uşax. Gəldi bının bir oğlu oldu.
Bı qalsın bırda, sizə xəbər verim çobannan. Gəldi əvə, gördü qız yoxdu. Dedi:
– Nənə, bəs bacım necə oldu?
Dedi:
– Bala, gecə yox olup.
Bı çoban da sürünü unudur, dərviş-libas olub başdadı şəhərbəşəhər bı qızı axtarmağa.
Bı Zərnigarın da oğlu da gəldi oldu üzə gülən. Paçcahın oğlu vəziri çağırıb dedi:
– Vəzir, gəl bını apar, öz atasının vilayətinə. Yəmən şəhərinin paçcahının qızıdı. Ata-anasıynan görüşsün, gənə gətir.
Bını qoşunnan, cəlalınan vəzirə qoşdu, yola saldı. Bıllar gəlməyə məşğul oldu. Gəldilər Yəmənin üç ağaşdığında düşdülər. Çadırı, kənəfi qurdular. Vəzir gecəni saldı arıya dedi:
– Bəli, bırda kim var.
Durdu yavaş-yavaş getdi qızın yanına. Qız gördü vəzir gəldi, dedi:
– Filan-südə, sənin nə həddin var ki, mənim çadırıma girirsən?
Vəzir dedi:
– Bı saat sənin də, oğlunun da boynun vırdırram, artıx uzun eləmə.
Qız baxdı gördü, olmuyacax. Dedi:
– Sən otur, bı saat əlimə qab alım gəlirəm.
Çölə çıxdı, başdadı daşmağa. İşıxlananda gəldi-gəldi, çıxdı bir şəhərə. Gördü, bıra öz dədəsinin vilayətidi.
Zərnigar bələd idi dükan-bazara. Gəldi dərzi dükanına dedi:
– Mənim ərim dərvişdi, ona bir dəst dərviş paltarı verərsən.
Köşkülünəcən, təbərzinəcən aldı. Geyindi. Saçın yığdı papağın altına, təbərzini də aldı əlinə, köşgülü də. Gəldi böyük bir çayxananın qabağına. Başdadı bir qəsidə oxumağa. Bında bir ləvs vardı ki, bını eşidən səsinə valeh olurdu. Camahat hamısı yığışdı bıra. Çayçı, aşbaz gördü gündə bılların yüz manat qazancı olurdusa, bı dəfə iki yüz manat qazancı oldu. Bı aşbaz dedi:
– Ağa dərviş, yeməyin də mənnən, içməyin də. Nə qədər qalacaxsan, qal bırda.
Bı bırda qalmaxda olsun, sizə kimnən xəbər verim vəzirdən.
Səhər açıldı, vəzir qoşunu da götürüb geri qayıtdı, getdi paçcaha dedi:
– Qız lotunun biriydi. Çıxdı getdi.
Vəzir də dərviş-libas olub, başdadı qızı axtarmağa.
Qız qəsidə oxıdığı yerdə, gördü camaatın içində bir dərviş durur. Nəzər saldı, gördü dədəsinin vəziridi. Dedi:
– Ağa dərviş, buyur sən də bir qəsidə de.
Bı dedi ki, mənim nə laiqim var ki, sənin yanında oxuyam? Qız dedi:
– İndi ki belədi, gəl bırda mənim yanımda çal.
Bir gün də gördü ki, çoban dərviş-libas gəlir. Dedi:
– Buyur, bir qəsidə də sən oxu!
Bı da dedi:
– Mənim nə qüdrətim var ki, sənin yanında qəsidə deyəm.
Dedi:
– Onda, sən də qal mənim yanımda.
Bılar oldular beş dərviş. Bı qız gündə çıxıb meydan eləyirdi; camaatı yığırdı başına. Bı höl-hölə, bı qul-qula bı səs getdi çıxdı paçcaha. Paçcah bı əhvalatı eşidəndə adam göndərdi ki, o dərvişi qonax eliyin. Qız gələn fərraşa dedi:
– Paçcaha deyin bir nəfər deyilik, beş nəfərik.
Bı fərraş gəldi paçcaha dedi ki, belə-belə deyir. Bı qaytardı dedi:
– Get denən, paçcah deyir ki, beşi də maa qonaxdı.
Bıllar beşi də gəldilər paçcaha qonax, yedilər, içdilər. Bı qız bir qəsidə başdadı. Padşah gördü ki, bında bir nəfəs var ki, göyünən gedən quş valeh olub dayanır. Qəsidəni tamam eliyənnən sora dedi:
– Paçcah sağ olsın, ərzim var.
Paçcah dedi:
– Buyur.
Dedi:
– Paçcah sağ olsun, mənim sənnən bir təvaqqe eliyirəm.
Paçcah dedi:
– Nə desən, əməl eliyərik, ağa dərviş. Buyura bilərsən.
Qız dedi:
– Qapıda bir qarol qoy, içəridən çölə çıxanı buraxmasın, çöldən içəri gələni buraxsın.
Paçcah dedi:
– Baş üstə!
Qayıtdı qapıda bir qarol qoydu. Bı qız dedi:
– Dərviş qəsidə deyənnən sora gərək arasında qə zoqədərdə desin.
Paçcah dedi:
– Buyura bilərsən, ağa dərviş!
Qız dedi:
– Günnərin bir günündə, paçcah sağ olsun, bir paçcah vardı. Bının da bir qızı vardı. Bir gün bı paçcah arvadıynan çörək yeyəndə arvadı dedi:
– Əşi, gəl bir Məkkəyə gedip ziyarət eliyək.
Kişi dedi:
– Çox yaxşı.
Qızın xurdu-xörəyin də qoymışdı yanına, bir molla da təyin eləmişdi ki, ona dərs versin. Bı vəziri çağırdı. Dedi:
– Vəzir, bilirsən nə var? Biz gedirik Məkkəyə, səni yerimdə qoyuram. Pərdeyi-ismətdə bir qızım var. Onu saa tapşırıram. Səni də Allaha.
O saat paçcah dedi:
– Ay qurban olum, o qız necə oldu?
Dedi:
– Dinmə, nağılın axırına qulax as!
Vəzir də dedi:
– Qoy çölə çıxım.
Dedilər:
– Olmaz, otur yerində. Vəzir razı oldu.
– Bəli, bılar getdilər, bir gün vəzir balkonda gəzirdi. Gözü sataşdı bı qıza. Gecəni saldı arıya, gəldi qızın yanına. Qız nə qədər bına yalvardı, nə qədər minnət elədi, olmadı. Qız gördü ya bını öldürəcəy, ya ələ gətirəcək. Dedi:
– Əlimə qab alım gəlim!
Çıxdı qaçdı. Bərri-biyabanınan gedirdi, bir çobana ürcah çıxdı. Çoban bının o üzünnən, bu üzünnən öpdü: Bıy bacı, saa qurban olum; bacın yoxdu; Allah səni maa yetirdi.
Çoban dedi:
– Ay ağa dərviş, başına dönüm, o qız necoldu?
Dedi:
– Axırına qulax as!
Çoban bını apardı əvlərinə. Qız gördü, hər şey var əvlərində, yağ, motal, süd, qatıx. Bir də bir qoca nənəsi var, heç nəyi tay yoxdu. Çoban anasına dedi:
– Ana, bir bacı tapmışam, bı anda, bı kalama bını bikef görsəm, bı ağac sınıcan səni döyəcəyəm. Səhər qız biləyin çırmayıb evi-eşiyi təmizdədi. Arvadı suya saldı. Arvad dedi:
– Ay, Allah, saa şükür, bını maa hardan yetirdin. Beş gün, üç gün bırda yedi-içdi, ləzzət apardı. Bir gün dedi:
– Mən paçcah qızı bırda havaatan qalacağam.
Gecəni saldı arıya qaçdı. Səhər açılanda özün yetirdi bir şəhərə, gördü bir çinar var. Bının koğuşundə pünhan oldu. Bir vədə gördü bir atdı gəlir. Bı atdı gəlib atın süvaranda gördü ki, at su içmir. Baxdı, gördü suya şövqü düşüb. O yana-bı yana baxdı, gördü çinarın koğuşunda bir qız oturub. bınnan soruşdu ki, niyə bırda oturmısan? Nəçisən?
Qız dedi:
– Qaçqınam.
Bına dedi:
– Gəl tərkimə min.
Qızı tərkinə alıb apardı evlərinə. O saat paçcahın oğlı dedi:
– Ay başına dönüm, o qız necə oldu?
Qız dedi:
– Axırına qulax as.
– Bəli, paçcahın oğlu bı qızı əvlərinə apardı. Bı qız beş gün, on gün bırda dolandı. Oğlanın nənəsi baxdı gördü, bı bir qabil adamdı. Ərinə dedi, bının kəbini kəsdirək oğlumuza. Bının kəbini kəsdilər oğluna. Bir gün bı qız dedi:
– Bəli, mən filan paçcahın qızıyam, bının bir oğlu da olmışdı. Əri dedi, bəs indiyətən niyə bını maa demirdin. Sabah bını cəh-cəlalınan, qoşınnan, vəziri də yanına qoşub yola saldı.
O saat ərinin vəziri dedi:
– Qoyun, mən çölə çıxım.
Dedilər:
– Olmaz, otur yerində.
– Bıllar, bəli, vilayətdərinə üç ağac qalmış durdular, düşdülər gecə vəzir öz-özünə dedi: bırda kim var, getdi qızın yanına. Qız nə qədər elədi, of eliyə bilmədi. Dedi:
– Sən otur, bı saat gəlirəm.
Asda qaçana imam mənim, qaçdı. Qız gəldi bir dəst dərviş libası aldı, geyindi, gəldi çıxdı atasının şəhərinə. Başdadı bir çayxanada dərvişdik eləməyə. İndi bax, paçcah sağ olsun, o sənin vəzirin, bı çoban, bı da mənim ərim. Bı da mənim ərimin vəziri. Siz də atam. Başınnan papağın götürdü:
– De, görüm, qızınammı?!
Paçcah o saat cəlladı çağırdı. İki vəzirin də boynın vırdırdı. Qızın ərin öz yerində paçcah elədi, çobanı da vəzir.
O yedi, yerə keçdi. Siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.
Tarix: 21.04.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 725 Bölmə: Nağıllar