Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Torpaq (nağıl)

Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, əlikli meşələri baxanı heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar bu dünyada. Kimsənin varında, dövlətində gözləri olmazdı bu tayfanın. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar.

Bu mahal ağsaçlı bir müdrik insanı başçı seçmişdi özünə. Adına Böyük ata deyirdi hamı. Bir sözünü iki edən olmazdı dünya dağılsaydı. Hörməti hörmət, ehtiramı ehtiram idi Böyük atanın. Qan-qada ilə işi olmazdı onun.

- Davanızı dağla-daşla edin, igidlərim, - deyərdi həmişə. – Qaya yarın, yol çəkin dağlara, səhralara su çıxarın. Qan axıtmayın, tər axıdın canınızdan. İşiniz onda yüngül olar, təriniz sünbül olar, - deyərdi həmişə.

Qocalar da, cavanlar da həmişə sırğa edərdi qulaqlarında bu müdrik Böyük atanın sözlərini. Uzaq-uzaq ölkələrdən gələn qarətçilərin gözləri götürməzdi bu firavanlığı, bu bolluğu. Həmişə də burunları əzilərdi onların. Bir savaş qurbansız olmazdı. Neçə igid qurban verərdi öz canını el yolunda, qeyrət yolunda. Neçə ananın sinəsi dağlı, neçə sevginin gözü yaşlı qalardı davadan sonra. Hamıdan da çox Böyük ata yanardı, yaxılardı öz igidləri üçün. Bir gün güşmən yenə kəsdirdi qapını, öz pis niyyəti ilə. Mahalın dəliqanlı igidləri silaha sarılıb atıldılar at üstünə.

Böyük ata:

- Səbir edin görək, - dedi, - igidlərim.

İgidlər səbir edib dayandılar. Düşmən elçiləri gəlib çıxdı. Xərrac istədilər Böyük atadan. Böyük ata qızırqalanmadı, bir kisə qızıl verdi onlara, elin varından. Hamı sevindi ki, xata sovuşdu. Səhər tezdən elçilər yenidən göründülər. Böyük ata:

- Buyurun, - dedi, - indi tələbiniz nədir?

Elçilərdən biri:

- Ulu xaqanımız sizin şəxsi döyüş atınızı tələb edir, - dedi.

İgidlər hiddətləndilər bu sözdən. Böyük ata sakitləşdirdi onları:

- Verin, - dedi, - mənim döyüş atımı onlara! Təki qan-qada sovuşsun bizdən.

Elçilər Böyük atanın döyüş atını alıb apardılar.

Səhər oldu, elçilər yenə gəldilər.

Böyük ata:

- Daha nə istəyiniz var?- dedi.

Yenə elçilərdən biri:

- Ulu xaqanımız sizin yeganə oğlunuzu özünə nökər etmək istəyirı

Yenə dəliqanlı igidlər hiddətlənib bağırdılar:

- Biz cəng istəyirik!

Böyük ata sakitləşdirdi onları:

- Bu cəngdə öləcək igidlərimiz mənim bir oğlumdan heç də əskik deyil, - dedi.

Elçilər Böyük atanın tək oğlunu qabaqlarına salıb qul kimi apardılar. Böyük ata sevindi ki, bununla qan-qada sovuşub getdi, sakitlik yarandı mahalda. Ancaq heç də belə olmadı. Səhər elçilər yenə Böyük atanın qapısını kəsdirdilər. Böyük ata özünü zorla ələ aldı və hiddətlə soruşdu:

- Daha nə istəyirsiniz?

Elçilərdən biri dedi:

- Ulu xaqanımız bir parça torpaq istəyir mahalınızdan, məskən salmaq üçün.

Hamının nəzərləri Böyük ataya dikildi. Onun gözləri qəzəbdən alışıb-yandı. Ayağa qalxaraq?

- Haydı, mənim igidlərim! – dedi. – Düşmən həddini aşdı! Düşmənə verdiyim xəraclar mənə məxsus idi. Ancaq torpaq mənim yox, xalqındı. Düşmənə aman verməyin!

Atlandı dəliqanlı igidlər Böyük atanın bir kəlmə sözü ilə. Gəng başlandı, nə başlandı! Qılınclardan şimşək qopdu. Yer-göy dilə gəldi qoç igidlərin nərəsindən. Analar da, bacılar da kişi paltarı geyib, qılınc götürüb döyüşə atlandılar. Bircə günün içində tar-mar etdilər düşmən qoşununu. Mahaldan öləni də oldu, yaralananı da. Yas saxlamadılar ölənlərə.

- Yasla qələbə bir yerə sığmaz, - dedi Böyük ata.

Mahalda hamı şadlıq etdi. Böyük atanın şərəfinə söz söylədi ozanlar.

- Ən böyük sərvət bir parça torpaqdır, elin sərvəti olan bir parça torpaq, - dedi Böyük ata.

Vətənin bir parça torpağına dastan qoşdular o gecə. Müqəddəsləşdi mahalın bir qarış torpağı beləcə həmin gündən.


Tarix: 21.04.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Nağıllar
loading...