Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muxtarın hekayəti (nağıl)

Biri var imiş, biri yox imiş, bir padişahın on bir oğlu var imiş. On nəfəri bir arvatdan, birisi başqa arvatdan. Bu başqa övrətdən olan oğlının adı Muxtar imiş. Bir gün padişah istəyir ki, oğlanlarını evləndirsin. Buna görə vəziri çağırıb fikrini ona söyləyir. Vəzir isə padişahın fikrini bəyənib, əhvalatı oğlanlara söyləyir. Oğlanlar isə razı olmayırlar. Bu xəbəri eşitdikdə padişah oğlanlarını hüzuruna istəyib, onlara evlənmələrini təkid edir.

Oğlanları çox tədbirdən sora atalarına ərz edirlər ki:

– Çin padişahının on bir qızı vardır. Əgər icazə versən, həmən qızları alarıq. Yox, başqa qız bizə lazım deyildir.

Padişah əlacsız qalıb icazə verir. Ancaq oğlu Muxtarı hüzuruna çağırub ona söyləyir:

– Yol ilə gedəndə bir qoruğa çatacaqsınız, orada bir at otlayır. Nəbadə orada qalasınız. Bir az getdikdən sora, digər bir qoruğa çatacaqsınız. Orada da bir qoç otlayır, orada da qalmayın. Sora bir qalaya rast gələcəksiniz, orada qalmayın.

Bu vəsiyyətləri edəndən sora padişah tədarük görüb oğlanlarını yola salır.

Müxtəsər bir xeyli yol getdikdən sora ataları söylədiyi birinci qoruğa yetişdilər. Gördülər ki, burada bir at otlayır. Qardaşları burada gecələməyi məsləhət gördülər, nə qədər Muxtar burada qalmağı məsləhət görmədisə, qardaşları qulaq asmadılar, qalmağı təkid etdilər. Muxtar əlacsız razı oldu. Yüklərini düşürüb orada qaldılar. Gecəni bir vaxtı at kişnəyib bunlara hücum etdi. Qardaşları qaçdı. Muxtar qalxıb ata hücum etdi və xeyli zəhmətdən sora atı öldürdü, gecəni rahət yatıb ertəsi gün yola düşdilər.

Bir xeyli getdikdən sora, ikinci qoruğa yetişdilər. Gördülər burada bir qoç otlayır. Qardaşları yenə də burada qalmağı təklif etdilər. Muxtar yenə də əlacsız qalıb razı oldu. Gecənin bir vəxti qoç bunlara hücum etdi. Qardaşları qorxub qaçdılar. Muxtar qalxıb qoç ilə tutaşdı və axırda qoçu öldürdü. Qardaşları yığılıb qoçu soyub yedilər və gecəni orada rahət yatdılar. Ertəsi gün genə yola davam etdilər. Bir müddət getdikdən sora ataları xəbər verdiyi qalaya yetişdilər. Muxtarın qardaşları “yorulmuşıq və artıq getməyə taqətimiz yoxdur” deyə burada qalmağı tələb etdilər. Muxtar atalarının vəsiyyətini onların xatirinə saldısa, razı olmayıb tələblərində israr etdilər. Əlacsız qalıb Muxtar qəbul etdi. Baxub gördülər ki, qalanın qapısı bağlıdır. Zorlayıb qapını açdılar, o gecəni orada rahət yatıb ertəsi gün yenə də yollarına davam etdilər.

Bir müddət getdikdən sora böyük bir karvana çatdılar. Bunlardan Çin vilayətinin paytaxtına nə qədər yol qaldığını soruşurlar. Onlara “yarım ağac qalmış” deyə cavab verirlər.

Xülasə, gəlib şəhərə yetişdilər. Baxıb gördülər ki, şəhərdə bir nəfər də olsun görünməyir. Evlər, dükanlar açıq qalmış idi. Gedib bir evə mənzil etdilər və sora Muxtar çıxıb şəhəri nə qədər gəzdisə, bir nəfərə rast gəlməyib, axırda gəlib bir dükandan atları üçün bir qədər arpa və saman, başqa bir dükandan bir qədər ət, çörək və sair yeməli şeyləri götürüb, pulunu qoyub mənzilə qayıdır. Görür qardaşları yatmışlar. Gətirdiyi şeylərdən şam tədarükü edir. Hazır olduqdan sora qardaşlarını oyadır. Bu halda bunların yanına bir qoca kişi gəlir. Bu da bunlar kimi ac olduğundan bunlar ilə bərabər yeyib-içir. Sora Muxtar qocadan şəhərin adamlarının harada olduğunu sorur. Kişi cavab verir ki:

– Çin padişahının bir quşu var, həmişə o quş adam əti yeyir. Odur canlarının qorxusundan xalq şəhəri tərk edib qaçmışdır.

Muxtar bu xəbəri eşitdikdə qocadan xahiş edir ki, onu quş olan yerə aparsın. Qoca razı olub qabağa düşür. Onu bir bağın kənarına gətirib deyir:

– Söylədiyim quş bu bağda qızıl qəfəsin içindədir və ətrafında on nəfər keşik çəkir. Keşikçiləri öldürməmiş quşu öldürmək mümkün deyildir.

Bu sözü eşitdikdə Muxtar özünü bir hiylə ilə bağa salır. Gəlib görür ki, keşikçilərin doqquzu yatmış, bir nəfəri keşik çəkir. Bir səmtdə gizlənir. Bir vaxt görür ki, keşik çəkən qaravul bir səmtə gedir, tez qabağına yüyürüb xəbəri olana kimi onu həlak edir və qayıdıb yatanları dəxi bir-bir öldürür və sora quşu da qəfəsdən çıxarıb başını kəsir. Bundan sora padişah qəsrinə gəlir və bir növilə özünü qaravullardan xilas edib padişah yatan otağa daxil olur və görür, padişah yatır. Tez sinəsi üstə əyləşir. Padişah gözünü açıb bunların kim olduğunu sorur. Muxtar deyir:

– Əzrayiləm, gəlmişəm sənin canını alam. Əgər qızlarıvı filan padişahın oğlanlarına verməyə kağız versən, səndən əl çəkərəm.

Padişah qorxub kağız verməyə razı olur. Muxtar tez padişahın sinəsindən qalxıb padişahın qabağına bir parça kağız, bir qələm qoyur. Padişah qələmi götürüb Muxtar istədiyi kağızı yazıb ona təqdim edir. Bundan sora Muxtar padişahın əl-əyağını bağlayıb, vəzirin evinə gedir. Gəlib vəzir yatdığı otağa daxil olur. Onu da qorxudub padişah yazdığı kağızı möhürlədir. Oradan qalxıb qızlar yatdığı otağa daxil olur. Baxıb görür ki, qızların on nəfəri bir yatmış və bir nəfəri ki, hamısından gözəldir ayrı yatmış. Muxtar anlayır ki, qızların on biri bir anadan, birisi bir anadandır.

Xülasə, Muxtar qardaşlarının yanına qayıdıb, səhər olan kimi padişahın hüzurunda hazır olub qızları istəyirlər. Padişah əlacsız qalıb qızlarını bunlara verir və tədarük görüb yola salır. Bir müddət yol getdikdən sora həmən qalaya yetişirlər və gecəni burada qalırlar. Gecə hamı yatmış, Muxtar yatmayıb keşik çəkir. Gecənin bir vaxtı baxıb görür ki, bir dev gəldi və bunları burada yatmış görüb bunlara hücum edir. Muxtar qalxıb devin qabağına yeriyir və dev ilə tutaşdı və xeyli zəhmətdən sora devi həlak edir. Bu xəbər devin anasına yetişir. Tənurə çəkib gəlir Muxtarı qapıb aparır, Kühqafdə həbs edir. Bir gün bu qarı kitaba baxanda görür ki, Muxtar hansı bir dev ilə mübarizə etsə öldürəcəkdir. Qarı bundan istifadə etmək istəyir. Odur ki, Muxtar zindandan çıxarıb ona deyir:

– Bir yerdə bir üzik var, onu mənə gətirsən, səni azad edib atana yetirrəm.

Muxtar qəbul edir. Qarı bunu cibinə götürüb tənurə çəkib, bunu bir evə gətirir. Bir kənarda yerə qoyub deyir:

– Bu evə daxil olarsan, orada bir çərx gərəcəksən, gərək onun üstünnən elə tullanasan ki, heç bir yerin ona toxunmasın. Sora bir arvad görəcəksən, sənin anana oxşayır, amma sənin anan deyil, onun şirin dilinə aldanma, onu öldür. Üçüncü otaqda bir qarı görərsən, onu da öldür və oturduğu döşəyin altında bir üzük var, onu alıb mənə gətirərsən.

Muxtar ətəyini belinə yığıb bir tullanmaqla çərxi o tərəfə keçdi. İkinci otağa daxil olanda, anası şəklində bir arvad görür. İstəyir öldürsün, arvad yalvarır ki, mən sənin ananam, mana rəhm elə. Məni öldürmə, yoxsa südümü sənə halal eləmərəm. Muxtar bunun yağlı dilinə aldanıb ona rəhm edir. Həmən saat arvad bunu götürüb havaya atır. Əvvəlki qarı bunu havada tutub yerə qoyur, deyir:

– Mən sənə demədimmi, sənin anan deyildir. İndi bu dəfə ona rəhm etməyib öldürərsən və üzüyü mənə gətirərsən.

Muxtar bu dəfə də ikinci otağa daxil olub, həmən anası şəklində olan arvadı öldürür. Sora üçüncü otağa daxil olur. Buradakı qarını öldürüb, döşəyin altından üzüyü götürüb barmağına taxır. Dərhal bir dev hazır olur. Muxtar bundan xəbər alır:

– Sən kimsən?

Dev cavabında deyir:

– Bu üzük hər kimin barmağında olsa, mən ona itaət etməyə hazıram. İndi nə əmrin varsa, söylə əmələ gətirim, – diyib cavab verir.

Muxtar onu atasının vilayətinə aparmağı əmr edir. Dev dərhal Muxtarı götürüb şəhərin kənarında yerə qoyur. Muxtar devi mürəxxəs edir.

Bir qədər yol getdikdən sora bir çobana rast gəlir və görür ki, çoban qara geymiş. Çobandan qara geyməginin səbəbini soruşanda, çoban:

– Padişahımızın Muxtar adlı bir oğlu var idi, həm padişah, həm camaat onu çox sevərdi, onu devlər öldürmüş. Odur ki, bütün camaat qara geymiş.

Muxtar çobana deyir ki:

– Çoban qardaş, qarasını geydiginiz Muxtar mənəm. Get padişaha müjdə apar.

Bu sözü eşidən kimi çoban düz birbaş padişahın yanına gəlir. Bir tərəfdən Muxtarın qardaşları qayıdub əhvalatı söyləyib Muxtarın nişanlısını da, anasını da tapmışdılar. Bu xəbəri eşidən kimi pişvazə çıxıb Muxtarı qəsrinə götürüb toy edib eyş-işrətə məşğul oldular.


Tarix: 21.04.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 429 Bölmə: Nağıllar
loading...