Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlı varimiş. Bu oğlan bir gecə yuxuda Nar qızına aşiq olur. Sübh olanda vəzirin çağırub yuxusunu söyləyüb buna deyir ki, gərək gedib Nar qızını mana alasan. Vəzir ərz edir ki, başqa hər nə əmrin varsa yerinə yetirim. Amma onı gətirmək mənim üçün mümkün deyil, çünkü o devlərin içindədir. Padişahın oğlu cavab verir ki, hökman gərək gedəsən! Yoxsa boynuvi vuraram.
Vəzirin əlacı kəsilib qəbul edir. Şahzadə buna xeyli pul verüb yola salır. Vəzir də gedəndə bazardan bir xeyli qır-saqqız alır. Bir müddət yol gedəndən sora gəlüb bir evə çıxır. İçəri girəndə baxıb görür ki, burada bir qarı oturmuş ki, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı bunu görəndə səvinib deyir:
– Qadan alım gəl, yaxşı gəldin, altı ay olur ki, adam əti yiməmişəm. Tez gəl, səni yeyim. Yoxsa oğlanlarım gəlib səni mənim əlimdən alub yiyərlər, mana bir şey verməzlər.
Bu sözləri eşidəndə vəzir qarının ağzına bir qədər qır-saqqz tollayır. Qarı saqqızı çeynəməgə başlayur, yazığı gəlüb bunu yiməyir.
Vəzir özi də sehr bilirmiş. Qarının oğlanları gəlməyə yaxınlaşanda, bir sehr oxuyub bir çuvalduz ignəsi olub bir deşigə girir. Bu halda oğlanlar evə daxil olub analarına:
– Ana! Adam-badam iysi gəlir, yağlı badam iysi gəlir, qatır gələr dırnaq salar, quş gələr qanad salar, de görək buraya kim gəlmiş? – diyib bağırırlar.
Qarı cavab verir:
– Buraya kimsə gəlməmiş, yəqin öziniz bağda, daşda tapub yemişsiniz, iysi dişlərinizin dibindən gəlir. Hərgah buraya adam gəlsə, yiyərəm, sizə də saxlamaram.
Qarının oğlanları inanub yatdılar. Sübh olanda işlərinə getdilər. Oğlanlar gedəndən sora, ignə gənə də adam olub qarıdan yolu sorur. Qarı da buna:
– Günbatan tərəfə get, – cavab verir.
Vəzir yolu dutub gedir. Bir müddət getdikdən sora bir evə çatır. İçəri girəndə görir ki, burada bir qarı oturmuş alt dodağı yeri süpürür, üst dodağı göyi. Qarı bunu görəndə:
– Yaxşı gəlmisən, altı aydır ki, adam əti yeməmişəm, gəl səni yeyim. Yoxsa oğlanlarım gələrlər, səni mənim əlimdən alarlar, – diyib istəyir bunu yisin.
Vəzir bunun da ağzına bir parça qır-saqqız tullayır. Qarı saqqızı çeynəməgə məşğul olur, buna yazığı gəlib öldirmir. Buna deyir ki, imdi oğlanlarım gələcəklər, gəl səni gizlədim. Vəzir ismi-əzəm oxuyub bir palaz parçası olur, qarı aparıb bunu göyligdə gizlədir, bu halda qarının oğlanları gəlir, içəri daxil olub:
– Ana! Adam-badam iysi gəlir, yağlı badam iysi gəlir, qatır gələr dırnaq salar, quş gələr qanad salar. Di, görək bura kim gəlmiş? – diyib bağırırlar.
Anaları isə cavab verir ki, buraya kimsə gəlməmiş, yəqin dağda, daşda adam tapub yimisiniz, indi iyisi dişlərinizin dibindən gəlir. Adam olsa, özim yiyərəm, sizə də vermərəm.
Oğlanlar analarının sözünə inanıb yatırlar. Sübh olanda çıxıb işlərinə gedirlər. Oğlanlar gedəndən sora palaz qırığı yenə də adam olub, gəlib qarıdan yolu soruşur. Qarı da günbatan tərəfi buna göstərir. Vəzir bir müddət yol gedəndən sora gənə bir evə yetişir, içəri girəndə görir ki, əvvəlki kimi burada da bir qarı əyləşmiş ki, alt dodağı yer süpürür, üst dodağı göy. Bu qarı da bunu görəndə sevinib buna deyir:
– Qadan alım, xoş gəlmisən. Altı aydır adam əti yiməmişəm, gəl səni yeyim. Yoxsa bu saət oğlanlarım gəlib səni mənim əlimdən alarlar, mana bir şey verməzlər.
İstəyir ki, bunu yesin, tez vəzir bunun da ağzına bir parça qır-saqqız tollayır. Qarı saqqızı çeynəməgə məşğul olub buna yazığı gəlib bunu yiməyir.
Oğlanlarının gəlmək vəqti olanda vəzir ismi-əzəm oxuyub bir cibin olub bir deşigə girir. Oğlanları qapıdan içəri girən kimi bunlar da:
– Ana, adam-badam iysi gəlir, yağlı badam iysi gəlir, qatır gəlib dırnaq salar, quş gəlib qanad salar. Di görək, buraya kim gəlmiş? – diyib bağırırlar.
Anaları cavab verir ki, buraya kimsə gəlməmiş. Yəqin dağdadaşda adam tapub yimişsiniz. Odur ki, iyisi dişlərinizin dibinnən gəlir. Oğlanları analarının sözinə inanıb yatırlar. Sübh olanda qalxub işlərinə gedirlər.
Oğlanlar gedən kimi vəzir genə də adam olub qarıdan Nar qızının yerini sorur. Qarı cavab verir:
– Onı gətirmək müşküldür, bu fikirdən daşın. Devlər səni öldirərlər.
Vəzir cavab verir:
– Hər nə olur olsun, gərək gedəm!
Qarı görür ki, əlac yoxdur, Nar qızının yerini söyləyib, buna deyir:
– Buradan bir az uzaqda bir bağ var, o bağda bir nar ağacı və ağacın başında üç nar var. Əmma ağacın ətrafında devlər keşig çəkirlər. Gərək o narları elə dərəsən ki, devlərin xəbəri olmasın.
Vəzir qarıdan Nar qızının yerini öyrənəndən sora yola düşür, gedib həmən bağa yetişir. Divardan baxub görir ki, doğrudan da devlər keşik çəkirlər, qorxusunnan ismi-əzəm oxuyub bir milçək olub divarın arasında gizlənir. Gecə araya gəlib devlər yuxuya gedəndə xəlvət gedib üç narı üzüb qaçır, başlayır qayıtmağa. Bir müddət gəldikdən sora öz şəhərlərinə yaxınlaşır. Burada oturub əvvəlcə narın birini parçalayır, içindən bir şey çıxmayır, ikincisindən bir şey çıxmayır. Üçüncisini parçalayanda içindən gözəl bir qız çıxır. Çıxan kimi böyüyüb on beş yaşında bir nazənin sənəm olur. Vəzir istəyir ki, bunu aparsun, qız buna deyir:
– Məni bu hal ilə aparma, get libas gətir, geyinim, həm də toy edin, sora aparın.
Vəzir, qızı bir çinarın başında qoyub gəlib əhvalatı həm evdə söyləyir, həm də şahzadəyə söyləyir, toy tədarikinə başlayurlar. Vəzirin qulluqçusu qab götürüb həmən çinarın dibindəki quyudan su aparmağa gəlir. Baxub görür ki, suda gözəl bir qızın əksi görünür. Yuxarı baxanda görür ki, çinarın başında bir nazənin sənəm əgləşmiş. Qulluqçu əhvalatı bilirmiş. Bu da çinarın başına çıxır. Qız ilə bir az söhbət etdikdən sora itələyib birdən qızı quyuya salub özi yerində oturur. Nar qızı quyudan çıxıb kənarda bir gül ağacı olur.
Qərəz toy tədarikini görüb şahzadə paltar götürüb vəzir-vəkil, xeyli qoşın ilə qızı aparmağa gəlirlər. Gəlib görürlər ki, ağacın başında bir qara qız əgləşmişdir. Şahzadə vəzirdən:
– Bı qız niyə belə qaradı? – diyib soranda, vəzir təəccüb etdi. – Günəşin qabağında qalmış, onun üçün qaralmış, – diyib cavab verir.
Xülasə, qara qızı götürüb şəhərə gəlirlər. Toy edüb şahzadəyə tapşırırlar. Vəzir isə çinarın dibində güldən bir dəstə dərüb götirmiş imiş. Ertəsi gün bunu şahzadənin arvadı qara qıza göndərir. Qara qız isə alıb pəncərədən eşigə atır. Bu gül burada bir çinar olur.
Bir ildən sora şahzadənin həmən qara qızdan bir oğlu olur. Arvad şahzadəyə deyir ki, çinarı kəsdirib uşağa beşik qayıtdırılsın. Şahzadə qəbul edib çinarı kəsdirib taxta yondurur. Bu təxtənin birini bir qarı aparır evində taxçaya qoyur. Bu qarı gedib bazardan yun alub əgirib satarmış, qazancı ilə bir növ dolanarmış. Bir gün gənə gedib bazardan on girvənkə yun alır. Götürüb evə qoyub gedir. Bu taxta, bir qız olub qalxub evi süpürüb, bir bu tərəfinə üfürür dügü olur, bir bu tərəfinə üfürür yağ olur. Bunları götürüb bir yaxşı pilov pişirir. Üstündən bir az yeyib qalanını saxlayur. Sora yunun hamısını darayub, əgirib gənə də təxtə olub taxçada öz yerində oturur.
Qarı evə gələndə baxub görir ki, ev təmiz süpürülüb, yun tamam daranılmış, əgrilmişdi. Ocağa baxanda görir ki, pilov də dəmdədir. Bu işə təccüb edib ipi aparub bazarda satır. Ertəsi gün bu əhvalat genə üz verir. Axırda qarı gedib əhvalatı qonşularına da söyləyir. Qonşuları muna məsləhət görirlər ki, evdə gizlənib bussun. Qarı bu sözə əməl edib ertəsi gün bazara getmək bəhanəsilə bir tərəfdə gizlənir. Bir də görir ki, şahzadənin evindən gətirdigi taxta dönib bir qız oldi. Evi təmiz süpürüb yunu daradı, əyirdi. Sora bir o tərəfə, bir bu tərəfə üfürdü: yağ oldu, bir tərəfə üfürdü, dügü oldi. Sora qalxub pilov bişirib üstündən bir az yedi, qalanın gənə ocağa qoydu. Bu halda qarı gizləndiyi yerdən tez çıxıb qızı dutur. Qız buna yalvarır ki, bu sirri bir kimsəyə söyləməsin. Qarı cavab verir ki, xatircəm ol, kimsəyə söyləmərəm. Burada mənim yanımda qal mana kömək et. Qız buna razı olub qarının yanında qalır. Bir gün şəhərə xəbər çıxır ki, padişahın oğlu Məkkəyə getmək istəyir. Ona görə də cəmaətə yayılır ki, bir ayın müddətində kim ata yaxşı baxsa, ona padişah çox pul verəcəkdir. Bu xəbəri eşidəndə Nar qızı cavab yollayır ki, gedib şahzadədən bəslə- mək üçün bir at alsın. Qarı cavab verir ki, bizim nə otumuz var, nə arpa-samanımız, nə də töyləmiz.
Qız dedi:
– Sən get al gətir, orası mənim işimdir.
Xülasə, qarı gedib şahzadədən bir arıq at alır. Qarı atı evə gətirir. Qız atı görəndə bir o tərəfə füləyir, bir bu tərəfə füləyir. Arpa, saman olub atı töyləyə çəkib, burada ona baxmağa başlayır.
Ay tamam olanda atları yığırlar. Şahzadə atlara baxanda heç birisin bəgənməyir. Bu halda şahzadəyə xəbər verirlər ki, bir at da filan qarıda var. Adam göndərir ki, getsin onı da gətirsin. Şahzadənin adamları gəlüb qarının qapısını dögəndə, qarı qabağa çıxdı. Baxıb görür ki, atı aparmağa gəlmişlər. Gedüb qıza xəbər verir. Qız söyləyir:
– Get, ver aparsınlar!
Adamlar gəlib töyləyə girəndə at buları yaxınına qoymayır. Qabağa keçəni ağzı ilə dişləyir, dala keçəni təpik ilə vurur. Xülasə, apara bilməyib gedüb şahzadəyə xəbər verirlər. Bu dəfə adamları ilə şahzadə özi nə qədər çalışırlarsa atı töylədən çıxara bilmirlər. Axırda qarını çağırub diyirlər:
– Atı kim bəsləmişsə, gəlsin töylədən çıxarsın.
Nar qızı bunu heç kəs tanımasın diyə, başına bir palaz parçası salub, gəlüb töylədən atı çıxarub şahzadəyə verir. Qərəz bir noyilə atı aparırlar.
O zaman qayda beləymiş ki, şahzadələr Məkkəyə gedəndə üstü inci muncuq ilə tikilmiş paltar giyərlərmiş. Odur ki, şahzadə bir dəst paltar alub əmr edir ki, şəhərdə nə qədər inci muncuq tikməkdə ustad arvat varisə, gəlüb bunun paltarına inci, muncuq tiksinlər. Bu xəbəri eşitdikdə Nar qızı qarıya yalvarır ki, qarı buna izin versin, gedüb padişahın paltarına inci və muncuq tiksin. Qarı izin verir. Xülasə, arvatlar, qızlar muncuqları gətirub ortaya qoyur. Və onlar nöbə ilə oxuya-oxuya tikməyə başlayırlar. Nöbət Nar qızına çatanda deyir:
Mən bir Nar qızı idim – İncim, düzül, düzül!
Almadan qırmızı idim – İncim, düzül, düzül!
Çıxdım ağac başına – İncim, düzül, düzül!
Qız belə söylədikdə padişahın arvadı qara-qaravaş mətləbi anlayıb və ölümin gözinin qabağına gətirdi. Bir tərəfdən padişahın oğlu gəlüb pəncərənin qabağında oturub arvatların oxumasına qulaq asırmış.
Qara-qaravaş, şahzadə bunun sözlərini eşitməsin diyə arvatların oxumasını bəhanə edüb şahzadəyə söyləyir ki, pencərənin qabağından getsin. Şahzadə pencərənin qabağından çəkilir. Qız oxumağa başlıyanda gənə pəncərənin qabağına gedib dinləyir. Sözinə davam edir:
Qara qaravaş gəldi, aftafanı doldurdı.
İncim, düzül, düzül!
Aftaxanı vurdi daşdan-daşa, incim, düzül, düzül!
Çıxdım qondum ağac başına – incim, düzül, düzül!
Qaravaş baxub gördü ki, şahzadə gənə pəncərədən baxır. Nə qədər istiyirsə şahzadəni pencərənin qabağınnan uzaxlaşdırsın, mümkün olmayır. Bu halda, vəzir də gəlir. Bərabər qızın sözlərinə qulax verirlər. Qız sözinə davam edir:
Məni ağacdan saldı quyuya – incim, düzül, düzül.
Bitdim oldum gül ağacı – incim, düzül, düzül.
Məndən bir dəstə gül dərdilər – incim, düzül, düzül.
Məni gətirdilər şah evinə – incim, düzül, düzül.
Bu sözləri vəzir eşidəndə şahzadəyə deyir ki, mənim gətirdigim qız budur. Qulax ver görək daha nə söyliyəcək. Qız sözinə davam edir:
Otaxdan məni tulladılar güllügə – incim, düzül, düzül.
Qaldım oldum çinar ağacı – incim, düzül, düzül.
Mənim taxtamdan qarı apardı – incim, düzül, düzül.
İndi gəldim inci düzməyə – incim, düzül, düzül.
Vəzir şahzadəyə deyir:
– Yəqin, bu həmən mən gətirdiyim qızdı.
Həmən saat arvatları yola salıb onı saxlıyırlar.
Vəzir bunnan soruşur:
– Sən Nar qızısanmı?
Qız cavab verir:
– Bəli!
Əhvalatı başdan-ayağa bunlara söyləyir. Bunnan sora qırx gün, qırx gecə toy eliyib bu qızı şahzadəyə alırlar. Qaravaşı da bir xam atın quyruğuna bağlayıb səhraya buraxırlar. At onu dağa, daşa çırpıb, parça-parça eliyib öldürür.
Tarix: 21.04.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 872 Bölmə: Nağıllar