Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Armud bəy (nağıl)

Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdi. Gördü bir armud ağacı var. Bunun dibi elədi ta nətər, armuddar bütün saralıb dəyib tökülüb dibinə. İrəli gəldi gördü, armud ağacının dibində bir adam oturub elə yanına düşəni yeyir, gen düşəni götürmür. Tülkü irəli yeridi, gəldi bunun yanına.

– Salam əleyküm.

– Əleykəssalam.

Tülkü bı kişidən soruşdu:

– Sənin adın nədi?

Kişi dedi:

– Adım Armud bəydi.

Tülkü baxdı gördü, bı adam o qədər tənbəldi ki, ərindiyinnən durub, birəz aralı tökülən armuddarı yemir. Elə yanına düşəni yeyir, gen düşənə də qalır baxa-baxa. Tülkü buna dedi:

– Bilirsən nə var, Armud bəy?

Armud bəy dedi:

– Xeyr bilmirəm.

Tülkü dedi:

– Onda qulaq as mən deyim.

– De!

– Mən sənnən sığa qardaşdıx olmaq isdiyirəm.

Armud bəy dedi:

– Sən qardaşdıx olan deyilsən. Armuddan yığ ye.

Tülkü bı aralı tökülən armuddarı təmiz yığdı, gətirdi tökdü Armud bəyin yanına. Başdadılar yedilər. Bunnar sığa qardaş oldular. Ta tülküdə qaldı bunun yanında. Bular elə armudun dibində olurdular. Tülkü hər gün armudun dəymişinnən yığıb gətirirdi, yeyirdilər. Bəli, beş gün-on gün belə. Bı tülkü də o qədər kökəldi, ta nətər.

Bı Armud bəyin armud ağacının yaxununda bir əvi vardı, uçuxsökük. Göydən yağan yağış, qar, hər nə olsa, bı əvin içinə tökülürdü. Tülkü ayınnan-oyunnan tapır gətirirdi bunun işıq gələn yerlərini tuturdu. Bir babat bırda dolanırdılar.

Armud ta savışdı. Tülkü gedirdi, kənddən-kəsəkdən toyuq, cücə oğurruyur gətirirdi. Bırda bişirib yeyirdilər.

Bir gün bu tülkü gəzirdi. Bir abbası tapdı. Bu abbasını götürdü, getdi paçcahın elçi daşının üsdə oturdu. Xəbər getdi paçcaha ki, bir tülkü gəlib elçi daşının üstdə oturub. Paçcah dedi:

– Gedin görün nə deyir.

Gəldilər dedilər, tülkü nə deyirsən?

Dedi:

– Paçcahın abbası çanağın isdiyirəm. Qardaşım Armud bəynən abbası bölürəm.

– Gəldilər paçcaha xəbər gətirdilər ki, abbası çanağın isdiyir.

Paçcah öz-özünə dedi:

– Bı nətər adamdı kı abbasını çanağınan bölür.

Dedi:

– Verin aparsın.

Gətirdilər çanağ verdilər tülküyə. Tülkü çanağı götürdü gəldi bənə-bənə birəz girrəndi. Abbasını qoydu çanağın bir yerinə gətirdi verdi. Paçcah baxdı gördü: bəli, abbasının biri çanağın içindədi. Dedi:

– Bu nətər adamdı ki, heç dərbənd olmuyup biri də çanaxda qalıb.

Tülkü çanağı verib qayıtdı, gəldi Armud bəyin yanına.

Dedi:

– Hazır ol, paçcahın qızın saa alıram.

Armud bəy dedi:

– Əşi, sən Allah, armuddan-zaddan ye. Açıl mənim başımnan.

Tülkü bir gün də girrənirdı bir qızıl tapdı. Getdi yenə oturdu həmən elçi daşının üsdə. Paçcah dedi:

– Gedin görün nə deyir.

Gəldilər tülküdən soruşdular:

– Ay tülkü, nə deyirsən?

Tülkü dedi:

– Paçcahın qızıl çanağın verin qardaşım Armud bəyinən, qızıl böləcəyik.

Getdilər paçcaha dedilər. Paçcah məhətdəl qaldı, dedi:

– Gedin verin aparsın.

Gətirdilər çanağı verdilər.

Tülkü çanağı götürdü gəldi bir saata kimi saxladı qayıtdı qızılı qoydu çanağın bir yerinə, gətirdi verdi paçcaha. Paçcah baxdı gördü, çanaqda da bir qızıl gəlib. Dedi:

– Bu nətər dövlətdidi ki, heç qızıla dərbənd olmuyur, biri də çanaxda qalıb.

Tülkü dedi:

– Qardaş, gərək paçcahın qızın saa alam.

Armud bəy dedi:

– Sən olasan o Allah mənnən əl çək.

Tülkü dedi:

– Yox, biz axı qardaşıx, gərək onu alam saa.

Armud bəy dedi:

– Bizim nəyimizə paçcah qızın verir?

Tülkü dedi:

– O mənim işimdi, sən fikir eləmə.

Durdu gəldi genə həmən elçi daşının üstündə oturdu. Paçcaha xəbər apardılar ki, tülkü genə gəlib elçi daşının üstündə oturub. Paçcah dedi:

– Gedin gətirin, görək nə deyir?

Gəldilər tülküyə dedilər:

– Paçcah səni isdiyir.

Tülkünü apardılar paçcahın yanına. Tülkü ədəbinən, kamalınan, o ki lazımdı, heylə durdu paçcahın qabağında. Paçcaha baş yendirdi dedi:

– Paçcah sağ olsun, gəl sən Allahın əmriynən o qızını ver mənim qardaşım Armud bəyə.

Paçcah dedi:

– Axı heç biz onu görməmişik nətər adamdı. Bir gətir, bır görək sora.

Tülkü gəldi Armud bəyin yanına, dedi:

– Qardaş, paçcahın qızın aldım saa, dur gedək.

Armud bəy dedi:

– Ay tülkü, sən mənim başıma nə kələk açırsan?

Tülkü dedi:

– Yox, sənin canın üçün almışam.

Armud bəyi də gətirdi yola. Yavaş-yavaş gəldi bir çayın qırağında bı Armud bəyin əynində olan paltarları təmiz soyundurdu atdı çaya. Qayıtdı kəndə hay saldı ki, gəlin qardaşımı soydular. Bı Armud bəyin də əyninin paltarları tamam cırıx-cırıx, papağın qulağı yox. Buları tülkü elə soyundurub atmışdı ki, lüt qalmışdı. Yığıldılar kənd adamları gəldilər, gördülər bu lüt qalıb. Paçcah o saat buna bir dəst paçcahyana libas göndərdi. Tülkü bunu geyindirdi. Özünə də tapşırdı:

– Qardaş, səni aparacıyam paçcahın yanına. Nəbada otağa girəndə deyikip əyanə-bəənə baxasan. Bir də ortalığa aş qoyulanda əlini uzadıb başınnan sümük götürəsən? Mən ortalıqda gəzinip quyruqumnan vurub çırağın şüşəsin sındıracağam. Çırağı söndürəcəyik, qarannıx olacax, onda sən də ye, nətər isdiyirsən. Heylə qarnını bərkit, çırax yananda az ye, tez çəkil.

Bı dedi:

– Yaxşı.

Getdilər. Armud bəyi atdan düşürdülər. İçəri girdilər Armud bəy əyənə-bəənə devikip şeylərə baxırdı. Dedilər:

– Ay tülkü, sənin bu qardaşın nə çox əyənə-bəənə baxır?

Tülkü dedi:

– O deyir ki, paçcahlığınan tikdirdiyi imarata bax?

Paçcah məhətdəl qalıb dedi:

– Bu nətər adamdı ki mənim əvimi bəyənmir.

Çox söhbətdən sora ortalığa xörək gəldi. Armud bəy o saat əlin uzatdı xörəyin başınnan bir omba sümüyü götürdü, başdadı gəmirməyə. Tülkü əyənə baxdı, bəənə baxdı bunun əlinnən sümüyü aldı atdı çölə. Bir az əyənə-bəənə gəzindi quyruğuynan çırağın şüşəsin vırdı saldı yerə. Çırax keçdi. O saat Armud bəy yedi qarnın doyurdu. Çırax yanan kimi bir iki tikə alıb çəkildi. Paçcah camahatı yığdı, bırda şirni içdilər. Bir molla da gətirtdi qızın kəbinin kəsdi Armud bəyə. Qızı köçürdülər. Qoşunnan, kecabeynan, cehizinən.

Tülkü yolda kimi gördü dedi:

– Soruşan olsa, deyin Armud bəyindi. Məsələn, naxırçıya, çobana.

Qoşun gəldi gördü, yolun qırağında bir sürü qoyun otarır bir çoban.

Dedi:

– Ay çoban, bı kimindi?

Çoban dedi:

– Armud bəyindi.

Qoşun məhətdəl qaldı. Dedilər:

– Bir bı qədər də dövlət olarmı?

Tülkü də irəlidi, gəldi bir dev vardı. Buna dedi:

– Qoşunu görürsənmi paçcahın oğlu azarrıdı ona dərman dev əti deyirlər. İndi o qoşun gəlir səni öldürüb aparsınnar ona.

Dev qaçdı. Əv qaldı tülküyə. İçində də hər bir ehtiyatı vardı. Gəlini gətirdilər, düşdülər həmən devin əvinə. O saat qazannar qoyuldu, düyü töküldü. Xörək qayrıldı. Verdilər qoşuna. Bı adamlara bir həftə bırda belə xörək qayrılırdı qoşuna verilirdi. Qoşun bir həftədən sora xudahafiz eliyip qayıtdı geri.

Armud bəy gündə çıxırdı ov eləyirdi gətirirdi bı gəlin xörəkdən zaddan qayırırdı. Armud bəy, tülkü, gəlin üçü də yeyirdilər, yatırdılar. Armud bəy bir gün ova çıxmışdı. Bunun qabağına bir ceyran çıxdı. Kəməndinən bı ceyranı diri tutdu, gətirdi əvə. Əvdə ceyranın başın kəsdilər kabab elədilər, yedilər, içdilər, axşam yatdılar. Səhər açıldı. Bı getdi genə ova. Tülkü öz-özünə dedi:

– Heç görən bı yaxşılıxlarımı bilir, bilmir?

Özün vırdı ölülüyə. Paçcahın qızı bı tülkünün başın, gözün tumarrıyır ağlıyırdı. Gözünün yaşın od təki tökürdü. Bı hində Armud bəy gəldi, gördü qız tülkünün başın sığallayır ağlayır. Soruşdu:

– Niyə ağlayırsan?

Qız dedi:

– Tülkü öldü.

Armud bəy tülkünün quyruğunnan tutdu, atdı çölə.

Tülkü durdu, gəldi dedi:

– Ə, sən o Armud bəy döyülsən ki, armudun dibində oturub Armudun böyrünə düşənin yeyirdin, ta ərindiyinnən uzağa düşəni də yemirdin. Acınnan ölürdün. Necəsən devi gedim gətirim?

Düzəldi yola getdi devi tapdı. Devə dedi:

– Əvin dağılmasın odu, sənin otağında bir qızınan bir kişi oturur, kef eləyir.

Dev dedi:

– Onda gedək dəmirçinin dükanına bir zəncir qayıtdırax bir ucun sən boğazına bağla, bir ucun da mən. Əyər yalan olsa, səni sürüyüp öldürəcəyəm.

Tülkü dedi:

– Yaxşı.

Getdilər dəmirçidən bir zəncir aldılar. Bir tərəfin tülkü bağladı boğazına, bir tərəfində dev. Tülkü düşdü qabağa, dev də dalcan. Yavaşyavaş gəlirdilər.

Qız pəncərədən baxırdı, buları gördü Armud bəyə dedi:

– Əvin dağılmasın, budu tülkü devi gətirir.

Armud bəy dedi:

– Qoy gəlsin.

Bular qapıya gəldilər.

Armud bəy çıxdı dedi:

– Ədə tülkü, sənin dədən maa bir dev demişdi, yoxsa yeddi dev? Bu biri, bəs altısı hanı?

O saat dev tülkünü sürüdü öldürdü, qaçdı. Bular da bu əvdə yedilər, içdilər ləzzət apardılar.

O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü biri mənim, biri özümün, biri də nağıl deyənin.


Tarix: 21.04.2013 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 518 Bölmə: Nağıllar
loading...