Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pinəçi Məhəmməd (nağıl)

Biri vardı, biri yoxdu. Allahdan başqa heç kim yoxdu. Bir pinəçi Məhəmməd vardı. Bu Məhəmməd nə qədər əlləşərdi, gündə bir abbası qazancı olardı. Öz züryəti də yoxdu. Bir arvadıydı, bir də özü. O, bir abbasını da evə gələndə verərdi soğan-çörəyə, gətirib yeyərdilər. Başqa heç bir şey almazdı. Bu şəhərdə də bir lotu vardı. Bu lotunun bir çəkməsi vardı, bunu gətirdi verdi Məhəmmədə ki:

– Bunu yama. Neçəyə yamayacaqsan?

Məhəmməd dedi:

– Gündə nə qədər yamaq yamıyam, bir abbası nəfim olar.

Dedi:

– Mən iki abbası verərəm, yama! Məhəmməd, bir abbasıynan nə təhər dolanırsınız?

Məhəmməd dedi:

– Nə bilim, onu evə gedəndə verirəm soğan-çörəyə, aparıram, yeyib-dolanırıq.

Lotu öz-özünə dedi ki, gedim görüm bunun arvadı nə cür adamdı. Axşamçağı pulu verdi, çəkməni alıb geyindi gəldi Məhəmmədin evinə. Baxdı gördü bunun arvadı göyçək, şücahətdi bir adamdı.

Dedi:

– Məhəmməd hardadır?

Dedi:

– Gedib yamaq yamamağa.

Dedi:

– Mən onnan sığa qardaşam, malım gedir dayana bilmərəm, nətər dolanırsınız?

Arvad dedi:

– Nətər dolanacağıq, gündə bir abbası qazanır, onu da verir soğan, çörəyə, gətirir yeyirik.

Dedi:

– Mən də tələsiyirəm, onnan görüşəsiydim, ta mal gedir dayana bilmirəm. Soğan-çörəyinən adam dolanar? Gələndə Məhəmmədə deyərsən ki, mana bir girvənkə yağ, bir girvənkə bal, onun yanına xurduxuruşuynan alıp gətirməsən, səndə otırmayacağam.

Məhəmməd bu dəfə iki abbası almışdı. Bir az artıx alıb çörəyi soğanı, götürdü gəldi evə. Həmişə Məhəmməd gələndə arvad bunun qabağına yüyürürdü. Bu dəfə Məhəmməd gördü heç qapıya da çıxmadı. Gətirdi soğanı-çörəyi arvadın qabağına qoydu. Arvad dedi ki, sabah axşam gələndə bir girvənkə yağ, bir girvənkə də bal, yanına xurdu gərəyinən alıp gətirməsən, səndə oturmıyaçıyam.

Məhəmməd dedi:

– Arvad ye, hələ Allah kərim Allahdı, bəlkə elə yetirəcək alacağam.

Arvad dedi:

– Xeyr, alıp getirməsən, səndə oturmayacağam.

Məhəmməd səhər getdi yamaqdan-zaddan yamadı, axşam evə gələndə, iynəsin, bizin, sapın, bütün ayın-oynun apardı yanında, bir baqqal dükanı vardı, tökdü ora, dedi:

– Bunları qiymət elə götür, mana bir girvənkə yağ, bir girvənkə də bal, yanının xurdu-xuruşuynan çək ver.

Dedi:

– Məhəmməd, bunları neynirsən?

Məhəmməd dedi:

– Arvad maa təkidinən deyip, gərək gələndə bir girvənkə yağ, bir girvənkə də bal, yanının xurdu-xuruşuynan alıp gətirəsən.

Bu dedi:

– Məhəmməd, apar ayın-oynını, yazıqsan işdə, hazırlaram verrəm, havax əlinə pul gəlsə, verərsən.

Hazırladı hamısın verdi, dedi:

– Məhəmməd, onu öyrədiblər. Heç o yeməyi bilmir ki, nə təhər yeyərlər. Gətir yağınan balı qatax bir yerə.

Məhəmməd dedi:

– Nə deyirəm.

Bu yağı, balı qatdı bir yerə, verdi Məhəmmədə. Məhəmməd götürdü gəldi evə. Arvad baxdı gördü yağınan balı qatıblar bir yerə. Dedi:

– Köpəkoğlu, sana deməmişdim ayrı gətir, qatmısan bir yerə.

Götürdü xonçanı tulladı qapıdan çölə.

Məhəmməd dedi:

– Ay arvad, ta niyə atırdın, qoyeydın barı yeyərdim dayna.

Arvad dedi:

– Xeyr, olmaz.

Gecəni yata bilmədi səhərəcən fikirdən-xəyaldan. Səhər açıldı. Məhəmməd genə ayın-oynun gətirdi verdi baqqala ki, bunları qiymət elə götür. Genə, maa dünənki şeyləri çək ver. Bir çörək pulu da qalsa, mana ver, qalmasa da heç.

Baqqal dedi:

– Məhəmməd genə nolub?

Dedi:

– Heç nə! Dünənkiləri arvad götürmədi, atdı. Dedi ki, sana deməmişdim ayrı gətir bunları, qatışdırmısan. Onları çək ver, aparım verim. Başımı götürüb gedirəm.

Baqqal nə qədər buna öyüd-nəsihət elədi, dedi ki, xeyr, gedəcəyəm. Məhəmmədin haqq-hesabın çəkdi, dedi:

– Bala, altı şaha sana pul qalır.

Məhəmməd dedi:

– Ona da çörək ver, bağlıyım dəsdərxanıma, götürüm çıxım gedim. Bu Məhəmmədin şeylərin çəkdi verdi. Məhəmməd ağzın çevirdi bərri-biyabana, getdi çıxdı bir yerə, burda namazın-zadın qılıp çəkildi bir çəməngaha yatdı.

Sana kimnən xəbər verim, bir Səməd sövdəgər vardı, qırx sövdərin böyükü idi. Bunlar da alverə gedirdilər. Gəldilər bu Məhəmməd yatan çeşmənin yanında çadırgahların qurub oturdular. Səməd sövdəgər çox dindar, ağıllı adamdı. Çətirin aldı əlinə, gəldi çəmənniyə, gəzirdi gördü bir şəxs yatıp. Amma çox dərddi adamdı. Oturdu bunun başının üstə. Çətri tutdu bunun üstünə ki, gün düşməsin. Axşamın mehi qalxanda Məhəmməd ayıldı, gördü bir şəxsdı başının üstə oturup, çətir tutup bunun üstünə. Məhəmmədin ayıldığın Səməd sövdəgər görən kimi dedi:

– Adın nədi?

Dedi:

– Adım Məhəmməddi.

Səməd sövdəgər bunun boynın qucaqladı ki, ay qardaş, mən səni elə axtarırdım, başına dönüm, qurbanın olum.

O biri sövdərlər gördülər ki, Səməd sövdəgər bir şəxsin boynuna qolun salıb gətirir. Bunlar məhəttəl qaldılar ki, görən bu kimdi? Sövdərlər yığışdı bunun başına ki, Səməd sövdəgər bu kimdir?

Dedi:

– Bu mənim qardaşımdı, elə mən diyarbadiyar bunu gəzirdim. İndi gəldim bırda tapdım.

O saat Səməd sövdəgər pul çıxartdı verdi birinə ki, atı minib tez gedərsən filan yerdən bir dəst sövdəryana libas alıb gətirərsən. Atdı gedib paltarı aldı gətirdi. Bunu geyindirdilər, bəzəndirdilər. Səməd sövdəgər bir kağız yazdı arvadına yolladı ki, yolu piyandaz döşərsən ki, qardaşım sövdəgər Məhəmmədi tapmışam, gətirirəm. Arvad da öz-özünə dedi ki, məlum bunun qardaşı varmış, heç maa demirmiş. Sövdərlər yığışdılar düşdülər yola. Gəldilər evlərinə. Şəhərdə eşidən Məhəmməd sövdərin görüşünə gəldilər. Oturdular. Səməd sövdəgər dedi:

– Qardaş, ala sana qırx kisə qızıl verəciyəm. Sövdərlər gələcək bırda oturağağıq, qapıdan qırx adam girəcək. Biz hərəmiz onların hərəsinə bir qızıl verəcəyik, sən də hər kisədən bir qızıl çıxart, hərəsinə birin ver.

Dedi:

– Yaxşı.

Bunlar oturmuşdular, sövdərlər qapıdan girdilər. Bunlar yığışıb malın haqq-hesabı çəkdilər. Qurtarannan sora qapı açıldı, qırx fıqarə girdi içəri. Bunların hərəsi fiqarələrə bir qızıl verdi, növbə gəldi Məhəmmədə. Məhəmməd çıxartdı hər fiqarəyə kisənin birin verdi.

Səməd sövdəgər öz ürəyində dedi ki, ya bu səxavət sahibidi, ya nədi verdi, verdi neynək, ta keçib, görək axırı nə tövr olur.

Bu səs getdi çatdı paçcaha ki, Səməd sövdərin qardaşı Məhəmməd sövdəgər hər fiqarəyə bir kisə qızıl verdi. Paçcah bunların qırxın da, Məhəmməd sövdəri də qonaq təklif elədi. Genə getdi Səməd sövdəgər Məhəmmədə qırx kisə qızıl verdi, dedi qardaş məni sındırma, al bunları, genə orda çörəkdən sora qırx fiqarə girəcək, onda hərəsinə bir kisə verərsən.

Dedi:

– Yaxşı.

Bunlar gecə getdilər paçcahın əvinə, çörəyi yedilər, içdilər, qırx fiqarə girdi içəri. Bunlar hərəsi hər fıqarəyə bir qızıl verdi. Növbə gəldi Məhəmmədə. Məhəmməd bunların hərəsinə genə bir kisə qızıl verdi.

Padşah öz ürəyində fikirləşdi ki, bunun pulu dərya da olsa, dayanmaz qutarar, bu bəs nə təhər işdi? Dedi ki, ta bunnan artıx yığıncaq olmaz. Gətirdi pərdeyi-ismətdə bir qızı vardı, bunun şərbətin içirdilər Məhəmməd sövdərə. Dedi:

– Səməd sövdəgər, aşıxdan-zaddan tap gətir, qardaşının ehtiyatın gör, qızı köçürək Məhəmməd sövdərə.

Xanəndədən, tarçıdan gətirdilər. Neçə gün, neçə gecə toy elədilər, qızı köçürdülər.

Bir müddətdən sora Məhəmməd sövdəgər paçcaha dedi:

– Mənim malım gələcək Şəkidən, Gəncədən, nə bilim hər şəhərdən, atlı göndər.

Qabağına atlı göndərdi hər yerə. Bir aya kimi səs-soraq olmadı. Axır bir gün qıznan çörək yeyirdilər. Qız Məhəmmədin biləyinnən tutup dedi:

– Ay lotu, mənim dədəmgili indi də alladırsan ha...

Məhəmməd dedi:

– Qız biləyimi burax.

Əl atdı xançalı götürüb dedi:

– Xanım, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Ya bu, ya da mən. Vallah elə lütəm ki, mənim heç bir şeyim yoxdu, başımı qırxdırım.

Qız dedi:

– Xörəyini de, Allah kərimdi.

Xörəyi yedilər, içdilər. Gecə yatdılar. Səhər qız Məhəmmədə bir necə ləl verdi dedi:

– Get dədəmə de ki, atlılara məlum elə gəlsinlər, mən özüm gedəcəyəm malımın dalınca. Gedip mal alarsan, götürərsən.

Məhəmməd razı oldu, gəldi paçcahın yanına, paçcaha baş əydi dedi:

– Qibleyi-aləm, gedim özüm görüm malım necə oldu? Sən atlılara xəbər elə, qayıdıp gəlsinnər, özgə özgənin itini bayatıynan çağırır.

Bu özü yola düşdü. Paçcah da xəbər elədi. Atdılar gəlməyin binəsin qoydular. Bu Məhəmməd o günü axşamacan at sürdü, gəldi gördü bir cütçü cüt əkir. Dedi:

– Allah qüvvət versin.

Dedi:

– Xoş gəldin.

Dedi:

– Ay cütçü acdığım var.

Dedi:

– Dur burda, evimiz yavıxdı gedim gətirim.

Bu atdan düzdü. Atı qolbənd elədi, ötürdü otdamağa. Cütçü də tapşırdı ki, öküzlərə əl vurma. Öküzlər bəd havadı.

Dedi:

– Yaxşı.

Cütçü getdi. Gözdən itdi. Məhəmməd durdu dedi:

– Pinəçi Məhəmmədəm dayna, indi artırmamışam ha.

Durdu xışın dəsdəsin aldı əlinə başladı sürməyə. Öküz birəz bərk gedəndə, ayağın qoydu bərk kötüyün üstə. Gördü xışın kötüyü bir zəncirə ilişdi. Zənciri eşə-eşə getdi gördü bir daşa bağlıdı. Daşı qalxızdı, gördü bir qapı var. Qapını açdı, gördü burda bir xəznə var, nətər. Qapını örtdü, gəldi öküzləri də götürdü qoydu öz yerinə, oturdu. Cütçü çörəyi gətirdi. Çörəyi yedi, sora gəldi qapını açdı, girdi içəri. Gördü burda bir bəsdi var, bəsdinin içində də pambığa bükülü bir üzük. Üzüyü götürdü, barmağına saldı, o saat bir qoca hazır oldu. Dedi:

– Ay Məhəmməd, yavaş sıx, bizim canımız ondadı.

Məhəmməd dedi:

– Qoca, sənin canın burdadı?

Dedi:

– Hə...

Dedi:

– Qoca, bu saat bir çadır hazır elə.

Qoca hazır elədi.

Dedi:

– Qoca bir iyirmi dənə at, dəvə, qatır hazır elə.

O saat hazır oldu. Xəznəni daşıtdı çölə, yükləri tutdu. Yarısın saldı Batum yolunnan, yarısın Şəki yolunnan, yarısın Gəncə yolunnan. Neçə yerdən demişdi, ordan saldı yola. Bir kağız da yazdı yolladı ki, ay paçcah, mənim malım getdi onları saxla. Qoca yenə çadırı-zadı yığışdırdı. Məhəmməd cütçünü çağırıb bir neçə ləldən, cəvahiratdan cütçüyə verdi. Atı mindi yükün dalınca, yola düşdü.

Paçcaha xəbər gəldi ki, Məhəmməd kağızı göndərib. Oxudu, gördü yazıp filan yerdən, filan yerdən malım gəlir. Paçcah gözdədi, gördü hardan demişdi bəli, ordan budu mallar gəlir. Yüklər şəhərə cəm oldu. Paçcah gördü ki, ta Məhəmməd sövdərin malı dünyadan çıxdı. Məhəmməd də gəldi çıxdı, atdan düşdü, bunun atın tutdular. Gəldi öz evinə. Axşam xörəyə otdular. Qız dedi:

– Məhəmməd, bu bir belə mal o ləllərin malı deyil.

Məhəmməd o saat ləlləri çıxartdı verdi qıza. Qız baxdı gördü Məhəmmədin barmağında bir üzük var. Dedi:

– Məhəmməd, bu necə işdi?

Dedi:

– Elə bu mallar bu üzüyünən əmələ gəlib.

Qız dedi:

– Üzüyü bərk saxla.

Bir gün paçcahın məclisində oturmuşdu. Vəzir baxdı gördü ki, Məhəmmədin barmağında bir üzük var. Bu vəzir çox oxumuşdu, çox bilikliydi. O saat bildi ki, əngəl üzükdədi. Dedi:

– Ay paçcah, heç mən sənin girvəvi qonaq çağırmamışam. İstəyirəm çağıram.

Paçcah dedi: – İxtiyarın var, çağıra bilərsən.

Dedi:

– Məhəmməd sövdəgər, sabah mənə qonaqsan.

Dedi:

– Baş üstə.

Sabah getdi vəzirin evinə. Vəzir xörək-zad gətirdi, oturdu vəzirnən yeməyə. Xörəyi yedilər. Vəzir dedi:

– Çay gətirin.

Məhəmmədin fincanına bihuşdarı daxil elədi. Məhəmməd çaydan bir qurtum, iki qurtum aldı, bəyqıdı yıxıldı. Vəzir tez durub Məhəmmədin barmağınnan üzüyü çıxartdı, öz barmağına salanda qoca hazır oldu. Dedi:

– Ay vəzir, yavaş sıx, mənim canım ondadı.

Vəzir dedi:

– Qoca, sənin canın ondadı. Bu Məhəmmədi aparıp bir elə yerə atasan ki, tapılmaz.

Qoca Məhəmmədi götürdü, apardı bir elə yerə atdı ki, heç tapılmadı. Vəzir fikir elədi. Dedi:

– Paçcahı da belə öldürrəm. Həm qızın alaram, həm də yerində paçcahlıx elərəm, həm də bir belə mala-dövlətə sahib olaram.

Getdi qızın yanına. Qapıdan içəri girəndə qız üzüyü vəzirin barmağında görüb dedi:

– Ay öldüm, ay çatdadım.

Vəzir dedi:

– Xanım, niyə heylə eləyirsən?

Qız dedi:

– Məhəmmədin barmağında bir üzük vardı. Həmişə mənim yanıma gələndə qabaqca o üzüyü verirdi, qoyurdum rəfə. Onnan oturub söhbət eləyirdik. Yoxsa, o saat başım ağrıyır, ürəyim gedir. İndi görürəm ki, o üzükdən biri də sənin barmağında var.

Vəzir o saat dedi:

– Neynək, çıxardaram üzüyü.

Çıxartdı verdi qıza. Qız başladı yalannan düyü-zad artdıyıb xörək qayırmağa. Hərrəndi o tərəfə-bu tərəfə üzüyü götürdü, barmağına saldı. O saat qoca hazır oldu:

– Ay xanım, yavaş sıx, mənim canım ordadı.

Qız dedi:

– Qoca, bu vəziri tez götür, qulağınnan mismarla göyə.

Qoca tez vəziri götürüb göyə mismarladı.

– Qoca, bu saat Məhəmmədi gətir.

Tez Məhəmmədi gətirdi. Gördü vəzir göydən asılıb, tez xəncəri sivirib vəziri bət-bət doğradı, tökdü yerə. Beş gün-on gün bunlar dolandılar, bir gün paçcah mərhum oldu. Yığışdılar ağsaqqallar, qarasaqqallar paçcah kimi tikək, kimi tikmiyək, dedilər Məhəmməd sövdəri yerində paçcah tikək.

Məhəmməd sövdəri gətirdib cıqqanı qoydular başına, çıxartdılar taxta. Bu başladı burda paçcahlıq eləməyə.

Səməd sövdəgər də eşitdi ki, bəli, Məhəmməd indi paçcahdı, qayıtdı gəldi Məhəmmədin görüşünə.

Səməd sövdərin əlinnən tutdu dedi:

– Qardaş, bu dövlət, bu şöhrət hamısı sənindi, sən vermisən mana. İndi gəl sən paçcahlıx elə, mən də olum sənin vəzirin.

Dedi:

– Qardaş, xeyr, bunlar hamısı sana Allah-taalanın baxşeyşidi.

Məhəmməd dedi:

– İndi ki belədi, gəl ye, iç, bırda qal.

O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.


Tarix: 21.04.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 525 Bölmə: Nağıllar
loading...