Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir qılçalı toyuq (nağıl)

Bir vardı, bir yoxdu. Bir dərviş vardı. Günnərin bir günündə yolnan gedirdi gördü bir keçəl aşıx-aşıx oynuyur. Amma saqqanı ha yannan qoşa-qoşa çıxardır. Dərviş dedi:

– Keçəl, peşən nədi sənin?

Keçəl dedi:

– Peşəm ələ bıdı ki, aşıx-aşıx oynaram, uşaxlardan aşıx uduram, aparıram onu da satıram, verirəm çörəyə, aparıram evə yeyərik.

Dərviş dedi:

– Baçınnan, qardaşınnan, nənənnən, dədənnən nəyin var?

Dedi:

– Heç-zadım yoxdu, bircə xalam var, elə gedib onun ocağının başında otururam.

Dərviş dedi:

– Keçəl, gəl mənim yanımdaca ol. Yeməyi-içməynı verrəm. Səninki də o olsun ki, elə qalyanımı yandır, afdafama su tök.

Keçəl dedi:

– Nə deyirəm olaram.

Bu keçəli götürdü, gəldi əvə. Beş-on gün dolandılar. Bir gün dərviş dedi:

– Keçəl!

Dedi:

– Hey!

Dərviş dedi:

– Keçəl, gətir sənin gözüvə bir dərman çəkim, sən onu görəsən, o səni görmüyə. Gedəsən paçcahın xörəyi çəkiləndə götürüp gələsən.

Keçəl dedi:

– Axı məni vırıp öldürəllər.

Dedi:

– Yox, sən oları görəcəksən, olar səni görmüyəcəklər.

Dərviş gətirdi bunun gözünə bir dərman çəkdi. Bu qorxa-qorxa düşdü yola. Getdi gördü heç buna deyən olmur ki, hara gedirsən, hardan gəlirsən. Girdi içəri, gördü heç bına söz deyən olmadı. Gözdədi paçcahın xörəyi çəkiləndə, xörəyi götürüb qapıdan çıxdı. Yolda əlin uzatdı yuxanın altınnan gördü xörəyin üsdə bir toyux var, bir qılçın qopartdı yedi. Gətirdi xörəyi qoydu dərvişin qabağına.

Dərviş yuxanı götürdü, gördü toyuğun bir qılçı yoxdu. Dərviş dedi:

– Keçəl, bəs bu toyuğun bir qılçı hanı?

Dedi:

– Bıy, məgər toyuğun iki qılçı olar?

Dərviş dedi:

– Keçəl, toyuq iki qılçlıdı.

Dedi:

– Xeyr, toyuq bir qılçlı olur.

Dərviş nə qədər dedi, dedi, keçəl dedi ki, xeyr, toyuq bir qılçlı olar. Gündə gedərdi paçcahın xörəyin gətirərdi, yolda toyuğun bir qılçın yeyərdi. Hər gələndə dərviş deyirdi ki, keçəl toyux iki qılçlı olar, bir qılçlı olmaz. And içirdi, aman eliyirdi ki, sən nətər dərvişsən, toyuq bir qılçlı olar. İki qılçlı da toyuq olarmı? Boynuna almırdı. Paçcah car çağırtdırdı ki, bir belə əyyar peyda olub. Hər kəs onu tutsa, dünya malınnan onu qəni elərəm. Dərviş durdu getdi, paçcaha baş endirdi. Dedi:

– Onun ixtiyarın ver mana, mən onu tutaram.

Getdi bir dərman verdi, dedi:

– Aşbaza deyinən ki, xörəyi çəkməmiş onu atsın ocağa, yansın. Dərmanı apardılar verdilər aşbaza. Xörəyi çəkməmiş atdı ocağa. Qayıtdı xörəyi çəkdi. Keçəl girdi içəri, dərmanın tüsdüsü gözün acışdırdı. Başdadı gözün avmağa, dərman getdi. Gördü budu keçəl girdi içəri, sinini isdədi götürsün, qolunnan yapışdılar. Gətirdilər qoydular keçəli dərvişin yanına. Bu da gördü, baho dərviş də burdadı. Dərviş dedi:

– Keçəl, indi sənin boynunu vuracaxlar. Gəl lotuyana boynuna al, yemisən. Yemisən, ta mən səni öldürmüyəm. Ha yeyəndə nolar.

Keçəl dedi:

– Paho vey... sən nəzirçi dərviş imişsən, sənin də canın üçün, dədənin də goru haqqı, nənənin də goru haqqı, toyuq bir qılçlıdı.

Başın bılıyıb dərviş dedi:

– Keçəl, düzün de. İndi səni öldürəcəklər.

Keçəl dedi:

– Neynim öldürəcəklər, düzün deyirəm mən, toyuq bir qılçlı olar, iki qılçlı toyuq olmaz.

Dedi:

– Keçəl, mən bir löh oxuyacıyam, qalxacağam göyə. Onda mənnən bir yumax düşəcək, onu göynən yerin arasında tuta bildin, dalımca gələcəksən. Elə ki, tuta bilmədin, ta gələ bilmiyəcəksən. Boynun vıracaxlar.

Bu bir löh oxudu, qalxdı göyə. Yerə bir yumax düşdü, keçəl atılıp yumaxı göydə tutdu. Bu da dalınca qalxdı göyə. Gəldilər bir xaraba bərri-biyabanda yerə düşdülər. Dərviş dedi:

– Mən bir löh oxuyacağam, bu dağdan bir əjdəha gələcək, alnında bir gözü var. Ala bu qılıncı, elə vur ki, boynu üzülüb yerə düşsün, onda qurtarrıx. Elə ki, vıra bilmədin səni də öldürəcək, məni də.

Keçəl dedi:

– Baş üstə.

Dərviş löhü oxudu, əjdəha gəldi. Bu keçəl qılıncı götürüp elə vırdı ki, bunun boynu düşdü yerə. Dərviş tez sıçradı bunun quyruğundan kəsdi, atdı yerə. Qayıtdı bir tava çıxartdı. Bunu təmiz doğradı qovurmağa. Abanın altınnan da beş-altı çörək çıxartdı. Dedi:

– Keçəl, gəl otur yeyək.

Dedi:

– Mən yemirəm, deyirsən ki, yeyəm məni öldürə.

Dərviş başladı özü yeməyə. Şirin-şirin çörəyin yedi qurtardı, abasın qoydu başının altına yatdı. Keçəl fikir elədi, dedi:

– Öldürsə, elə bunu öldürərdi dayna.

Başdadı bu tavanı yalamağa. Keçəl yaladı, bir də gördü otlar səslənir ki, mən filan dərdin dərmanıyam, qayalar səslənir ki, mənim altımda neçə-neçə küplər var. Keçəl közələnirdi, dərviş oyandı. Dərviş təpiyiynən keçəli vırdı, keçəl bir parça ət olub, yıxıldı cızığın içinə. Dərviş bir xeylaq getdi, dedi:

– Keçəl!

Dedi:

– Hey!

Dedi:

– Gedirəm, səni qurd-quş yeyəcək, indi düzün de görüm, toyuğun bir qılçın yemisən? Yemisən nolar?

Dedi:

– Paho, qəribə zirçih, sital dərvişmişsən. Sən nəyidin, mən nəyidim, sən mənim başıma bu oyunnarı gətirirsən. Mən düzün deyirəm, toyuq elə bir qılçlı olar. İki qılçlı toyuq olmaz. Sənin meyitini görüm ki, toyuq bir qılçlı olar.

Qayıtdı gəldi bir löh oxudu, keçəl oldu əvvəlki kimi. Keçəli də götürdü yenə gəldi bir xarabalıq yerə. Bir cızıx çəkdi, dedi:

– Keçəl, bir ilan gələcək, onu öldürməlisən, vura bilməsən səni də öldürəcək, məni də.

O saat bir löh oxudu, qılıncı da verdi keçələ. İlan gələn kimi keçəl elə vurdu ki, başı düşdü yerə. O saat dərviş yenə sıçradı. Quyruğun kəsdi atdı. Tavanı çıxartdı bunu da doğradı qavırdı. Dedi:

– Keçəl, gəl yeyək.

Dedi:

– Nə deyirsən, yeyəm öldürə məni, mən yemirəm.

Başladı dərviş özü yeməyə. Yedi, abanı qoydu başının altına yatdı.

Keçəl dedi:

– Bu ki belə yeyir. Dibin sivirim görüm bu neçə şeydi.

Başladı qazanı sivirməyə, o saat gördü ot səsləndi, mən filan dərdin dərmanıyam, daş səsləndi, məni filan şeyə vırsan qızıl ollam. Keçəl bir o yanə-bir bu yanə kərələndi, o saat dərviş oyandı. Yenə buna bir təpik vırdı, dedi:

– Keçəl, mən gedirəm, səni bırda qurd-quş yeyəcək. Gəl denən görüm, toyuğun bir qılçın neynəmisən?

Dedi:

– Paho vey, sən nə zirçik adamsan. Toyuq bir qılçlı olar.

Dərviş gördü ki, keçəl dediyinin üsdə durub, gəldi löh oxudu keçəli yenə elədi həmən adam. Gəldilər bir dağın başına. Dərviş bir avuc arpa çıxartdı səpdi yerə. Səpən kimi bu göyərdi. Əlinə sini aldı, dedi:

– Keçəl, görürsən o qapını?

Baxdı gördü dağın döşündə bir qapı görükür. Dedi:

– Gedərsən qapını açarsan, heç nəyə əlini vırmazsan. İçəridə bir şam var yanılı, onu götürüb gələrsən. Qayıdanda şir, pələng, əjdəha səni qavacax çölə, çıxanda hamısı qayıdacax, qorxma. Ora tilsimdi.

Keçəl dedi:

– Yaxşı.

Keçəl yola düşdü, getdi qapını aşdı. Gördü rəflərdə çoxlu ləl var. Bunlardan yığıb qoynına, şamı götürdü, qayıdanda gördü qapı bağlandı. Keçəl qaldı bırda ağlıya-ağlıya. Gecə oldu bu başın qoydu bir daşın üsdə yatdı. Yuxuda gördü deyillər ki, bu daşı qalxızsan bır qapı açılacax. Oyandı, daşı qalxızdı, qapını aşdı. Bir müddət getdi, çıxdı bir şəhərə. Şəhərə də nabələddi. Gəldi gördü bir karvansara var. Bu karvansarada şam yandırdı, o saat qırx incə qız hazır oldu ki, keçəl, nə buyurursan. Keçəl bu qızları görəndə sevindi.

Paçcahın qızı artırmadan baxırdı. Gördü bir karvansarada bir keçəl var. Qulluğunda qırx incə qız durub. İki qaravaş göndərdi ki, gedin o keçəli də, qızdarı da gətirin bıra. Qaravaşlar gələn kimi şam söndü, o saat qızlar da yox oldu. Bu qaravaşlar keçəli götürdülər gəldilər. Qız dedi:

– Ədə keçəl, köpəkoğlu, bu nə işdi?

Dedi:

– Xanım, məndə nə günah var, iş bu şamdadı.

Dedi:

– Şamı maa ver.

Şamı aldılar.

Dedi:

– Qızlar, şama od vurun!

Qızlar şamı yandırdılar. Qız o saat gördü qapıdan qırx burma oğlan girdi. Biri vəzirin qızın, biri vəkilin qızın basmarradı. Dedi:

– Şamı söndürün.

Şamı söndürdülər. Bu əhvalat getdi paçcaha çatdı.

Dedi:

– Keçəli gətirin.

Gedib keçəli gətirdilər. Paçcah dedi:

– Keçəl, bu nə işdi mənim qızımın başına gətirirsən? Vəzir, şamı yandır.

Yanan kimi qırx dəllək hazır oldu. Başladılar paçcahın, vəzirin bığın-saqqalın qırxmağa. Paçcah dedi:

– Ədə, tez şamı söndürün, verin özünə.

Şamı verdilər keçələ. Keçəl şamı götürdü gəldi gördü dərviş elə sini əlində gözünün yazın buludun baharı kimi tökür. Dedi:

– Keçəl, şamı gətirdin?

Dedi:

– Bəli.

Dedi:

– Maa ver. Keçəl, şamı yandır!

Keçəl o saat şamı yandırdı. Qırx incə qız hazır oldu:

– Adə dərviş, nə buyrursan?

Dedi:

– Çəpəllər, amanatı gətirin.

Keçəl gördü o saat bir xonçada bir ceyranın şəklin gətirdilər. Bir löh oxudu, bu bir qız oldu ki, ta nə təhər. Dərviş dedi:

– Keçəl, sən get o qızdarınnan kef elə, bu mənimdi.

Keçəl öz ürəyində dedi:

– Gör sənin başına nə gətirəcəyəm. Yağın özün yeyip, ayranı maa ötürürsən.

Yığışıb gəldilər dərvişin evinə, bu dərviş bir az qızınan söhbət elədi, başın qoydu dizinə yatdı. Keçəl o saat gəlip qıza dedi:

– Əziyyətin hamısın mən çəkim, onnan söhbət elə.

Qız dedi:

– Neynək, bu dərvişin canı o süşədədi, öldür, sənnən söhbət eliyim. Ama o löhləri gərək öyrənəsən.

Keçəl bir az oxumax-yazmax bilirdi. Bu dərviş löh oxuduqca, bu yazdı öyrəndi. Dərviş yenə yatmışdı. Şüşəni aldı.

Dərviş oyandı, dedi:

– Keçəl, onu qoy yerinə, yeddi paçcahı sənin itaətinə gətirim.

Keçəl dedi:

– Ta o sözlərdən keçib.

Şüşəni vırdı yerə, o saat dərviş öldü. Yığışdılar şamı çıxartdığı imarata. Keçəl başdadı orda paçcahlıx eləməyə.

Olar yedilər, işdilər, kef elədilər. O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri sənin, biri mənim, biri də nağıl deyənin.


Tarix: 21.04.2013 / 18:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Nağıllar
loading...