Biri vardı, biri yoxdu. İki qardaş vardı, böyük qardaşın adı Salah, kiçik qardaşın adı Valah. Bular İsfahanda olurdular. Buların hər ikisi böyük, addı şəyirdlərdilər. Bular sınıx düşdülər, kasıb oldular ki, ta nətər.
Bir gün Salah Valahı çağırıb dedi:
– Qardaş, gəl burdan yığışaq bir şəhərə gedək abrımız açılmasın, ayıpdı.
Burdan yığışdılar, yavaş-yavaş getməyin binasını qoydular. Az getdilər, çox getdilər, dərə-təpə düz getdilər, çıxdılar bir şəhərə. Soruşdular ki, bura hankı şəhərdi?
Dedilər:
– Hindistan şəhəridi.
Bular hərəsi gedib bir tacirə nökər oldular. Buların ili tamam oldu. Valahın ağası gətirdi haqq-hesab çəkdi ki, görək nəfimiz, ziyanımız nədi? Gördülər on iki abbası ikisinin nəfləri olub. Tacir dedi:
– Qalacaxsan bala, təzəliyək?
Dedi:
– Qalacağam.
Bular şərti təzələdilər, bu genə oturdu dükanda. O ili qaldı, gələn il genə başladılar haqq-hesab çəkməyə. Genə buların on iki abbası nəfləri oldu. Dedi:
– Bala, Allah bərəkət versin.
Sonra yenə soruşdu ki, bala, genə qalacaxsan, gedəcəksən?
Dedi:
– Qalacağam.
Tacir gördü ki, bı elə müsəlman adamdı ki, çox da yaxşı alver eləyir. O ili qaldı, alverin elədi, gələn il yenə haqq-hesab çəkdilər: on iki abbası nəfləri oldu. Valah üç ildə on səkkiz abbası nəf elədi. Kağızların təzələdilər. Bı o ürəginnən keçdi ki, bu ki belə düz alver eləyir, gərək buna maya verəm, özü alver eliyə. Bı heyində qardaş gəldi, dedi:
– Qardaş, getmirsən sən? Mən gedirəm.
Valah dedi:
– Ay qardaş, mənim nəyim var ki, gedəm.
Salah dedi:
– Neçə manatın var?
Dedi:
– On səkkiz abbasım var.
Salah dedi:
– Altı yüz manat qazanmışam, mən gedirəm.
Valah dedi:
– Yox qardaş, mən onnan gedə bilmərəm.
Salah dedi:
– Onda sən çıx bazara, barı bir az uşaxlarına ayın-oyun al, ver aparım, deyim bunu alıb göndərib.
Valah çıxdı bazara, gördü ki, bir balaca uşağın əlində bir ləl var. Soruşdu ki:
– Bala, satarsanmı?
Uşaq dedi:
– Sataram.
Dedi:
– Bala, nəçiyə verirsən?
Dedi:
– Əmi, bir az yeməli şey al, verim saa.
Valah getdi, bir az kişmişdən, noxuddan, ayın-oyun aldı, tökdü bunun ətəyinə.Ləli aldı, getdi. Dedi:
– Qardaş, mən gedə bilmiyəcəcəm. Kağızımızı bağlamışıq. Sən get, bı ləli də apar ver mənim külfətimə, xırıd eləsin uşaqları dolandırsın, mənim də işim yaxşıdı. İlim tamam olsun, gələcəyəm.
Salah ləli də götürdü mənzilbəmənzil gəldi çıxdı İsfahana. Arvad gəldi Salahın yanına dedi:
– Bəs, Valah necə oldu?
Dedi:
– Elə Valah gedəndə öldü.
Arvad dedi:
– Bəs mənim bı yetimlərim necə olacaq?
Dedi:
– Mən nə bilim, gör necə olacaq?
Bir gün günorta vaxtıdı tacir dedi:
– Valah, bala, get havızdan aftafanı doldu, namazımızı qılax, vaxdı keçməsin.
Havız bir baxçadeydi bu tələsik-tələsik getdi ki, namazın vaxtı keçməsin. Ayağın qoydu kərpicə qalxanda kərpic düşdü yerə. Valah bir istədi kərpici yerinə qoysun, heç bilinməsin, gördü bı kərpicin altında bir küp var. Baxdı gördü, bı küpün içindəki elə ləldi ki, heç qiyməti yoxdu. Bı öz ürəyində dedi: “Ay allah, bı nə pis iş oldu. Tacir deyəcək ki, elə mən buna xayanat eləmişəm. Bı kərpici mən nətər eliyim qoyum yerinə ki, heç bilinməsin?”
Getdi aftafanı verdi, dedi:
– Ata, ürəyinə ayrı şey gəlməsin. Bərk getdiyim yerdə ayağımın altınnan bir kərpic qalxdı. Amma o ləllərə heç əlimi də vurmamışam.
Dedi:
– Bala, neynək. Get dükanına.
Kişi dəsdamazın alıb, namazın qıldı. Gəldi yavaşca həmən kərpici qalxızdı, gördü: bırda bir küpə ləl var ki, heç qiyməti yoxdu. Bı ləldən xeylaq çıxartdı, gətirdi əvə. Axşam olanda dedi:
– Valah, bilirsən nə var?
Dedi:
– Xeyr.
– Ləlləri gətirərsən, aparıb Çində xırıd eliyərsən.
Valah dedi:
– Baş üstə!
Tacir səhər bir neçə nökər də tutdu bunun yanına. Buları yola saldı.
Valah getdi Çinə, başdadı xırıd eləməyə. Sövdəgər ləllərin qalanını da çıxardıb gətirdi əvə. Yığdı bir sandığa. Bir kağız da yazdı qoydu içinə. Bı kağıza yazdı ki, ey Valah, bı ləlləri də, ordakı ləlləri də xırıd eliyib, verərsən, mal alarsan. Yük tutub öz vilayətinə gedərsən. Bırda nə yemisən, nə əziyyət çəkmişəm, hamısı halal xoşun olsun. Kağızı qatdadı sandığı da bağladı. Bir nökər çağırdı dedi:
– Bir at minərsən bunu aparıp Çində verərsən Valaha. Bir kağız da dübarə yazdı verdi nökərinə:
– Valah, Allahın birriyi haqqı, qayıdıp bura gəlsən, boynını vırdıracıyam. Get, öz şəhərinə. Mataxlarını xırıd elə.
Nökəri saldı yola. Nağıllarda mənzil olmaz. Bı nökər günə bir mənzil, tey mənazil getdi çıxdı Çin şəhərinə. Getdi Valahı tapdı, gördü elə Valah xırıd eliyip yük tutub qayıdır. Nökər kağızı verdi. Açdı oxudu gördü belə yazıb. Sandığı açdı, gördü bir kağız da yazıb bıra qoyub. Valah buları da satdı, yük tutub İsfahana gəlməyin binəsin qoydu. Axır aradan üç il keçmişdi. Gəldi çıxdı İsfahana. Bu fikir elədi, öz könlündə dedi:
– Dünyadı dayna, bəlkə tamax artıxlıx eliyip ləli vermiyip. Hələ əvə getmiyim, görüm bir şey bilə bilərəmmi?
Gəldi bir karvansara tutdu, başdadı matahın xırıd eləməyə. Bı bırda qalsın, sizə kimnən xəbər verim, şəhərdə qırx keçəl vardı. Bının birin öz aralarında paçcah tikmişdilər, qalanına da gündə hərəsinə bir aşıx donnux kəsmişdilər. Bı keçəl batdaxdan səki qayırmışdı. Paçcah oturmuşdu səkidə ayağın-ayağının üsdən aşırmışdı. Birin vəzir, birin də vəkil tikmişdilər. Keçəl:
– Tutun, gətirin, basın, – deyirdi.
O saat əməl eləyirdilər. Həmən keçəl Valaha yaxın oldu.
Bir gün Valah gördü bir arvad o adama, bı adama əl açır ki, maa bir qəpik, iki qəpik verin. Gəldi Valaha. Valah baxdı gördü öz arvadıdı. Dedi:
– Az, sən Valah sövdəgərin arvadı deyilsən?
Arvad dedi:
– Bəli!
Bı keçəl də bunu eşidirdi.
Dedi:
– Az, Valah sövdəgər Salaha bir ləl verdi ki, bunu apar ver mənim külfətimə, mən bu il gələsi olmadım qalacağam, onu vermədi?
Arvad dedi:
– Xeyr, vermədi.
Dedi:
– Valah sövdəgər o ləli mənim yanımda verdi ki, onu ver mənim külfətimə xırıd eləsin, uşaqları saxlasın.
Arvad dedi:
– Salah gələndə getdim soruşdum dedi, Valah gedən kimi öldü.
Valah dedi:
– İndi sən get Şah Abbasa şikayət elə. Məni də şahat1 görkəz. Mən gəlip deyərəm.
Arvad gəldi Şah Abbasın yanına, dedi:
– Şah sağ olsun, mənim ərimnən qardaşı gedib başqa şəhərə. Gələndə Salah sövdəgərə bir ləl verib ki, bunu apar ver mənim külfətimə. İndi gətirib verməyir. Mən də dilənirəm.
O saat fərraş yolladı:
– Gedin, Salah sövdəgarı çağırın.
Getdilər Salah sövdəgəri gətirdilər.
Şah Abbas dedi:
– Filan-fılanşüdə, adam qardaşının amanatın gətirib verməz? İndi arvadı dilənir.
Salah dedi:
– Şah sağ olsun, mən onu çoxdan vermişəm, arvad lotunun biridi, satıb yeyib, indi deyir, vermiyib. Neçə adam da şahat görkəzərəm.
Şah dedi:
– Get o şahatdarı da yığ gətir, gəl bura.
Getdi bir neçə yalançı şahat gətirdi. Hamısı dedi:
– Verdi.
Şah Abbas arvada dedi:
– Bunu, saa kim dedi?
Arvad dedi:
– Filan yerdə bir sövdəgər var, o dedi.
Şah Abbas dedi:
– O sövdəgəri gətirin bıra.
Onlar getdi gətirməyə. Keçəl əhvalı bilib, o saat dedi:
– Fərraşdarı gətirin bura.
Gedib gətirdilər.
Keçəl ayağın yerə döyüb dedi:
– Vurun bunları, məyər mənnən başqa bırda paçcah var?
Fərraşdar qaçdı, özdərin yetirdi Şah Abbasa.
Keçəllərdən ikisini göndərdi ki, gedin bu dəqiqə də o Abbasdınədi, onu gətirin bıra. Fərraşlardan əhvalı eşidib fikirləşdi. Bir də Şah Abbas baxdı gördü iki adam girdi içəri:
– Abbas kimdi? Paçcah onu çağırır.
Şah Abbas ürəyində dedi: “Sən öl, məsələ var”.
Vəzirə dedi:
– Vəzir Allahverdixan, dur gedək, görək bı nə deyir?
Yolda dedi:
– Vəzir Allahverdixan, əyər mən gedəndə durdu ayağa boynunu vurduracağam. Bunda bir kəramət var.
Yavaş-yavaş gəldilər keçəlin qulluğuna. Baxdılar gördülər heç bı keçəl başın yuxarı qalxızmır. Keçdilər qabağında durdular, gördülər heç, genə başın yuxarı qalxızmadı. Bir havırdan sora başın qalxızdı dedi:
– Abbas sənsən?
Dedi:
– Bəli.
Dedi:
– O sövdəgəri neynirsən çağırıp?
Dedi:
– Bəs belə-belə.
Dedi:
– Bəs belə-belə, yalan danışıb ona görə çağırtdırdım!
Keçəl yanınnan iki keçəl çağırtdırdı dedi:
– Gedin Salah sövdəgəri də, şahatdarın da gətirin bıra.
Getdilər, gətirdilər. Keçəl Salah sövdəgərdən buların yanında soruşdu:
– Sən o ləli vermisən arvada?
Dedi:
– Bəli.
Arvad da, Salah sövdəgər də, Valah sövdəgər də, Şah Abbas da, vəzir Allahverdixan da, şahatdar da bırda idilər.
Keçəl dedi:
– Buları doldurun bir otağa.
Doldurdular buları bir otağa. Yalnız Şah Abbasnan vəziri qaldı.
Şah Abbas vəzir Allahverdixana dedi:
– Sən öləsən, divan bunınkıdı, görək neyniyir.
Bı birəz batdax gətirdi, bunı balaca-balaca, qarpız-yemiş, xiyar, şamama boyda yumurtlatdırdı. Salah söydəgəri çağırtdırıb dedi:
– O ləli vermisəm arvada?
Dedi:
– Bəli. Beş-altı adamın yanında vermişəm.
Dedi:
– O ləl nə irilikdə idi? Bı batdaxların hansı boydeydi?
Salah dedi:
– İri təsbehin dənəsi boyda.
Dedi:
– Di, dur orda.
Fərraşın birinə dedi:
– O şahatın birin gətirin bıra.
Gətirdilər. Dedi:
– Əşi, o ləli sənin yanında verdi?
Dedi:
– Bəli.
Dedi:
– O ləl nə irilikdeydi? Qarpız boydaydı? Yemiş boydaydı? Boranı boydaydı? Nə boydaydı?
Bı da ləl görməmişdi, dedi:
– Boranı boydaydı.
Dedi:
– Onun rəngi nə rəngdəydi? Ağıdı, göyüdü? Nətəridi?
Dedi:
– Pambıxdan da ağıdı.
Şah Abbas dedi:
– Vəzir Allahverdixan, sən öləsən, divan bunınkıymış.
Keçəl dedi:
– Hə qoçağım, get dur orda.
Onnan da birin gətirtdirdi, dedi:
– Əşi, o ləli sənin yanında verib?
Dedi:
– Bəli.
Dedi:
– Nə boydeydi?
Dedi:
– Qarpız irilikdeydi.
Dedi:
– Rəngi nətərdi?
Dedi:
– Ağ kağız kimiydi.
Bunu da saldılar o birilərinin yanına. Başqa birin çağırdılar, bunnan da soruşdu:
– Sənin yanında verdi?
Dedi:
– Bəli.
Dedi:
– Nə boydeydi?
Dedi:
– Yemiş boydeydi.
Dedi:
– Rəngi nətərdi?
Dedi:
– Göyüdü.
Bunu da saldılar oların yanına. O birin gətirdilər. Dedi:
– Sənin yanında verdi?
Dedi:
– Bəli.
Dedi:
– Nətəridi?
Dedi:
– Uzun şülləy idi.
Dedi:
– Rəngi nətər idi?
Dedi:
– İri xiyardan iriydi, rəngi də sarıydı.
Dedi:
– Qoçağım, sağ ol, get!
Apardılar bunu da onun yanına saldılar. Birin gətirdilər.
Dedi:
– Sənin yanında verdi?
Dedi:
– Bəli.
Dedi:
– Nə boydeydi?
Dedi:
– Şamamadan iriydi.
– Rəngi nə idi?
Dedi:
– Qırmızıydı.
Dedi:
– O biri sövdəgəri gətirin.
Valah sövdəgəri gətirdilər.
Dedi:
– Əşi, o ləli sənin yanında verdi.
Dedi:
– Bəli.
Dedi:
– Nə boydeydi?
Dedi:
– İri təsbehin dənəsi boyda.
Dedi:
– Rəngi nəydi?
Dedi:
– Onun rəngi bir olmaz, gah ağ çalar, gah yaşıl çalar, gah göy çalar, qarannıx yerdə işıq salar.
Qalxdı düşdü Şah Abbasın ayağına dedi:
– Şah, taa ixtiyar sənindi. Nə eləyəcəksən elə.
O saat Şah Abbas qayıtdı qırmızı geyindi, çıxdı taxta.
Dedi:
– Gətirin Salah sövdəgəri, şahatdarın da.
Gətirdilər. Arvadı da gətirdilər. Şahatdara dedi:
– Bəs siz, görməmişdiniz niyə şahat dururdunuz.
Dedilər:
– Qibleyi-aləm, bizim hərəmizə beş-on manat verdi ki, durun, biz də durdux.
Şahatdara dedi:
– Sizin boynunuzu vırdırmazdım. Amma indi vırdırıram ki, mənim şəhərimdə bir də belə iş olmasın.
Bı görk olsun diyə, buların boynun cəllad çağırtdırıp vırdırdı. Onnan da Salah sövdəgərin boynun vırdırdı. Sövdəgərin nə qədər malı vardı yığdı verdi bı arvada, dedi:
– Apar yeginən.
Sövdəgər dedi:
– Axşam gedim arvadın halın da soruşum, görüm məni tanıyacax, ya yox.
Axşam yavaş-yavaş gəldi əvinə sarı. Qapıdan girdi, gördü arvad xörəyi vırıp dəmə, dedi:
– Əy, arvad.
Dedi:
– Belə-belə olasan, dünən maa bir yaxşılıq eləmişən, bu gün maa arvad deyirsən?
Dedi:
– Arvad səf eləmə, mən sənin öz ərin Valah sövdəgərəm.
Arvad baxdı, gördü öz əridi. Təzədən görüşdülər. Valah başına gələnnəri arvada söylədi. Bırda xörəyi də yedilər, içdilər, yaşadılar. O yedi yerə keçdi. Siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.
Tarix: 21.04.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 622 Bölmə: Nağıllar