Biri varıymış, biri yoxuymuş, bir kasıb qız varıymış. Bu qızın bir boyu-buxunu varıymış ki, lap pəhlivan kimi, özü də çox qoçax qızıymış. Gündə üç əppək para yeyib, üç kələf yarım da yun əyirərmiş. Elə ki, yeməyi bir gün az olurmuş, işləyə bilməzmiş, yaman gödəmbuliymiş. Günnərin birində bu qız üç əppəyi yeyir, amma parası çatmır. Odu ki, çıxıb damlarının üstünə qışqırıb ki, üçünü yedim, param vay, üçünü yedim, param vay. Elə bu hində bir tacir dəvə karvanıynan yolnan gedirmiş. Kişi qıza məəttəl qalıb qonum-qonşudan soruşur ki:
– Bu niyə belə eləyir?
Qonşulardan biri deyir ki:
– Bu qız gündə üç əppək para yeyib, üç kələf yarım da yun əyirir. Bu gün üç əppək yeyib, parası çatmayıb, odu ki, belə şivən qopardır.
Tacirin qız xoşuna gəlir, həm də fikirləşir ki, elə yaxşı olar, mən alverə gedəndə o da evdə yun əyirər, satıb bir az da ordan qazanaram. Tacir qızın qonşusuna deyir:
– Gəlsənə onu mənə alasan.
Qonşusu tacirin sözünə razı olur. Əhvalatı gedib qıza danışır. Qız deyir:
– Mən tacirə gedərəm, amma şərtim var, gərək ona əməl eləyə.
Qonşu deyir:
– Şərtin nədi?
Qız deyir:
– Gedib tacirə deyərsən ki, mən ona ərə gedəcəm, hər nə desə eləyəcəm. Amma gərək məni çox işlətməyə. Əgər çox işlətsə onda dönüb qarayüyrük olacam.
Qonşu arvad qızın sözlərini gəlib tacirə söyləyir. Tacir öz-özünə deyir: “Adam da dönüb qarayüyrük olarmı? Yəqin məni sınamaq istəyir”. Odu ki, qızın təklifinə razı olur. Bəli, elə həmən günün sabahı tacir toy eləyib qızı alır. Bir gün keçir, beş gün keçir, tacirnən qız şad dolanırlar. Günlərin bir günü tacir arvadına deyir:
– Arvad, indi bir ev dolusu yun qoyub gedirəm alverə mən gələnə kimi bu yunu əyirib qurtararsan.
Arvad deyir:
– A kişi, bəs nə vaxt gələcəksən?
Tacir deyir:
– Bax, odu evimizin dalındakı təpə göyərəndə gələcəm.
Tacir arvadıynan halallaşıb dəvələrini yükləyib başlayır yol getməyə. Tacir gedəndən sonra arvad baxıb görür ki, bir ev dolusu yunu ölənətən əyirib qurtara bilməyəcək. Odu ki, elə hərdən bir az əyirib gündə üç əppək para yeyib gününü keçirir. Bir gün baxıb görür təpə göyərib. Canına qorxu düşür ki, yunu əyirib qurtara bilməyib, ha çalışırsa gündə üç kələf yarımdan artıx əyirə bilmir. Başı o qədər qarışır ki, çörək bişirməyə də vaxt tapmır. Odu ki, xamır yoğurub hər çiyninə bir gündə yapışdırır, əlində də iplik, çıxır damın üstünə. Başlayır haray təpməyə:
– Göy təpə göyərdi, ərim məni döyərdi.
Sonra haf-huf eləyib çiynindəki kündələrin hərəsinnən bir dişlək alıb, bir az da yun əyirir.
Bunu burda qoyax, sizə xəbər verək Çəzən padşahının oğlundan. Bu padşahın oğlunun boğazında neçə il imiş ki, sümük qalıbmış, heç bir həkim-təbib onu sağalda bilmirmiş. Odu ki, hər yeri gəzdirirlərmiş ki, bəlkə buna bir əlac tapıla. Elə bu vaxt o vaxt idi ki, arvad damın üstündə: “Göy təpə geyərdi, ərim məni deyərdi”, – deyib çiynindəki kündələrdən dişləyib hay-küy salmışdı. Padşahın oğlunu həmən küçədən dəm-dəstgahnan gəzməyə aparırdılar. Oğlan neçə il idi qəm dəryasına qərq olmuşdu həmişə bikeyf idi, heç üzü gülmürdü. Oğlan arvadın bu hay-şivənini görüb özünü saxlaya bilmir, bərkdən bir şaqqıltı çəkib gülür, sümük boğazından gedir. Hamı baxıb görür ki oğlan danışır. Bəli, vəzir, vəkil bu işə sevinib şadlıq edirlər. Şahzadə deyir:
– Camaat, bu arvad məni güldürməsəydi, sümük boğazımnan getməzdi. İndi məni istəyən ona xələt versin.
Camaat arvada xələt vermək istəyəndə arvad deyir:
– Ey oğlan, sənnən heç bir şey istəmirəm. Ərim gedəndə bir ev dolusu yun qoyub gedib. Özü də tapşırıb ki, mən gələnə kimi bu yunu əyirib qurtararsan. İndi ki, mənə yaxşılıq eləmək istəyirsən, adamlarına tapşır mənim yunumu əyirsinlər.
Padşahın oğlu o saat əmr eləyir. Bir günün içində yunun hamısını əyirib qurtarırlar. Aradan iki-üç gün keçənnən sonra tacir gəlib görür ki, arvad yunun hamısını əyirib qurtarıb. Deyir:
– Ay arvad, sən nə qoçaxsan, daha bu şəhərdə bizdən dövlətli adam olmayacax, elə mən hər səfərə gedəndə sən bu boyda yun əyirib parça toxusan, var-dövlətimizi yığıb yığışdırmaq olmaz.
Arvad başa düşür ki, əgər əri bir də alverə getsə, yenə bir ev dolusu yun qoyub gedəcək, o da yunu əyirib qurtara bilməyəcək, bütün kələklərinin üstü açılacax. Odu ki, arvad başlayır ərinə kələk gəlməyə. Əri evdən çıxan kimi bir qarayüyrüy tutub bir camın altında gizlədir. Kişi evə gələn kimi arvad xəlvətcə camı qaldırıb qarayüyrüyü buraxır. Qarayüyrüy başlayır evdə gəzməyə. Arvad qarayüyrüyü görən kimi başlayır onun boyunu söyməyə ki:
– Bıy ay xala, sən xoş gəlibsən, səfa gətiribsən, sənə qurban olum, quru yerdə niyə gəzirsən, gəl döşəyin üstündə otur.
Kişi bu əhvalatı görüb lap məəttəl qalır. Deyir:
– Arvad, sən dəli olubsan, nədi, qarayüyrüyə niyə xala deyirsən?
Arvad deyir:
– A kişi, dəli niyə oluram. Bu mənim əsil doğma xalamdı. Bizim cinsimiz belədi. Əvvəlcə qəşəng olurux, elə ki, evdə-eşikdə çox işdədik, onda dönüb qarayüyrüy olurux. Mənim bu xalamın əri də tacirdi. Həmişə alverə gedəndə bu yazığa o qədər yun əyirtdirirdi ki, axırda xalam dönüb olub qarayüyrüy.
Kişi deyir:
– Arvad, sən də çox işləsən belə qarayüyrüy olarsan?
Arvad deyir:
– Bəs nə? Bizim cinsimiz belədi.
Kişi də bir az ağıldan yüngül imiş deyin bu sözə inanıb deyir:
– Arvad, qadan alım, daha innən belə nə işləmə, nə də qarayüyrüy olma. Elə özüm gedib qazanaram, bir təhər dolanarıx.
Bəli, günlər, aylar gəlib keçir, tacir yenə alverə gedir. Bu dəfə arvada heç bir iş tapşırmır. Tacir gedəndə arvadını həmli qoyub gedir. Özü də deyir:
– Arvad, bu dəfə bazarım bazar olsa, lap tez qayıdacam.
Amma iş tərsinə gətirir. Aradan bir ay, üç ay, yeddi ay keçir, tacirdən heç bir soraq çıxmır. Arvad axırda ərini axtarmağa başlayır. Tacir gedəndə tövlədə bir qılçası sınıx at qoyub gedibmiş. Arvad atın ayağına gündə təpitmə döşəyib sağaldırmış. Elə ki, atın ayağı sağalır, arvad atı minib yola düşür. Az gedir, çox gedir, dağlar aşır, dərələr keçir, gəlib çıxır bir meşəyə. Demə bu hində arvadın vaxtı tamammış, düz tacir gedəndən doqquz ay, doqquz gün, doqquz saat keçirmiş. Arvad yavaşca atdan düşüb bir uşax doğur. Uşağı ləçəyinə büküb şəlləyir dalına, yenə sıçrayıb minir atına, başlayır yol getməyə. Demə bu vaxt padşah öz adamlarıynan meşədə ova çıxıbmış, arvadın sakitcə doğub, yenə ata mindiyini görürmüş. Arvad gedənnən sonra padşah öz-özünə fikirləşib deyir:
– A kişi, belə də iş olar? Mənim arvadım hələ doğmağına qırx gün qalmış əlini ağdan-qaraya vurmur, ipək yorğan-döşəyin içində nazqəmzəynən, gah hıqqıldayır, gah zıqqıldayır, nökər, qarabaş onun başına fır-fır fırlanır. Doğannan da qırx gün sonra həngamə qopardır ki, ay öldüm, ay getdim, burda yeriməyin, orda oturmayın, ay yemirəm, ay içmirəm. Amma bu arvad heç belə eləmədi. Bu necə olan işdi. Demək mənim arvadım yalandan eləyir. Gərək gedənnən sonra onun başına bir oyun açam ki, əlləzinəni əzbərdən oxuya.
Bəli, padşah çoxlu quşdan, heyvandan ovlayıb imarətinə qayıdır. Meşədə gördüyü bütün əhvalatı arvadına söyləyib onu bərk danlayır. Arvad nə qədər eləyirsə, padşahı inandıra bilmir. Axırda deyir:
– Yaxşı, mən sənə görsədərəm ki, bu niyə belə olur.
İş elə gətirir ki, padşah uzax səfərə gedəsi olur. Padşahın da bir bağı varıymış ki, misli-bərabəri yox imiş. Dünyanın bütün meyvəsi, gülü, çiçəyi burda varıymış. Bağda hərəsi min rəngə çalan güllərin, çiçəklərin ətri adamı valeh eləyirmiş. Ağaclardakı meyvələrə baxanda adamın ağzının suyu axırmış. Sarı bülbüllər, tutuquşular, tovuz quşları da bağın gözəlliyini birə min artırırmış. Padşah səfərə çıxanda bağbanı hüzuruna çağırtdırıb deyir:
– Bağban, bağa yaxşı fikir ver, ağacları vaxtında sula, qoyma yanıb tərk olmağa.
Bağban ədəb-ərkannan baş əyib gedir. Bu tərəfdən də padşah yaraxlanıb- yasaxlanıb, bir xeylax da qoşun götürüb, başlayır yol getməyə. Padşah gedən kimi arvadı bağbanı çağırıb deyir:
– Bağban, ərim gələnə kimi bağdakı ağaclara, güllərə, çiçəklərə bir damcı da su verməyəcəysən.
Bağban deyir:
– Xanım, axı onda hamısı quruyar, bəs padşaha nə cavab verərəm?
Arvad deyir:
– Sənin işin yoxdu, onun cavabını mən verəcəm. Sənə nə deyirəm, onu elə.
Yazıx bağban əlacsız qalıb arvadın sözünə qulaq asır. Ağacları sulamır. Yayın qızmarında bağ tamam yanıb tərk olur. Aradan bir xeyli keçmiş padşah səfərdən qayıdıb gəlir. Baxıb görür bağ tamam quruyub, bir çəngə ot da qalmayıb. Bağı belə görəndə cin vurur beyninə. O saat əmr eləyir ki, bağbanı gətirsinlər. Gedib bağbanı gətirirlər. Padşah onu görən kimi yerindən qəzəblə qalxıb deyir:
– Kişi, mən gedəndə demədimmi bağdan muğayat ol? İndi sənin dərinə saman təpdirim, sən də bax.
Bağban yenə ədəb-ərkannan baş endirib deyir:
– Qibleyi-aləm, mənim heç bir taxsırım yoxdu, bu işləri eləyən sənin öz arvadındı, çağır ondan xəbər al, hamısını desin.
Padşah tez arvadını çağırıb deyir:
– Arvad, bu nə əhvalatdı?
Arvad deyir:
– A kişi, burda nə böyük iş var, bağban ağaclara su verməyib, onlar quruyub da.
Padşah arvadının bu sözünə təəccüb eləyib deyir:
– Arvad, sən dəli olubsan, nədi, susuz da ağac bitər?
Arvad deyir:
– Bəs meşədəki ağacları heç kim sulamır, onlar niyə qurumur?
Padşah deyir:
– Ay arvad, axı meşədəki ağaclar elə öyrəniblər, ona görə də qurumurlar.
Arvad deyir:
– Mən elə sənnən bu sözü istəyirdim. Yadındadımı meşədə bir arvadın doğub, sonra da ata minib getdiyini görmüşdün. Gəlib məni danlayırdın ki, bəs sən niyə elə deyilsən. Mən sənə nə qədər deyirdim ki, o arvad elə öyrənib, mən də belə. Sən sözümə fikir vermirdin. İndi gördünmü sənin bağındakı ağaclara su verməyəndə quruyur, amma meşədəki ağacları heç sulamırlar, onlar böyüyüb qol-budax atır. İndi mən sənin bağındakı ağaclar kimi tərbiyə almışam. O arvad da meşədəki ağaclar kimi. Odu ki, belə əzmə-büzmə olmuşam.
Padşah görür ki, arvadı yaman yerdə tutub. Bir söz deməyib bağbanı da buraxır.
Bunları burda qoyax, sizə kimnən xəbər verək, tacirin arvadınnan. Arvad o qədər yol gedir ki, gəlib çıxır bir şəhərə. Öyrənir ki, ərinin dəvələri padşahın qoruğuna girdiyinə görə tutub zindana salıblar. Arvad nə qədər eləyirsə, onu nə ərinin yanına buraxırlar, nə də padşahın hüzuruna aparırlar. Axırda arvad fikirləşir ki, bu padşahın hər işi tərsinədi, mən yaxşılığnan onun yanına getmək istəyirəm, buraxmırlar, indi ki, belə oldu, pislik elə, bəlkə tutub aparalar. Odu ki, atını vurur padşahın qoruğuna. O qədər o üzə, bu üzə çapır ki, tamam qoruğu alt-üst eləyir. Qoruxçular arvadı tutub gətirirlər padşahın yanına. Əhvalatı da olduğu kimi danışırlar. Padşah deyir:
– Arvad, sən nə cürətnən mənim qoruğuma at salıbsan?
Arvad deyir:
– Ey padşah, mən yalan bilmirəm, öldürsən də düzünü deyəcəm. Mənim ərimi tutub salıbsan zindana, nə qədər elədim ki, sənin yanına gəlib dərdimi deyəm, buraxmadılar. Mən gördüm ki, düzdüknən sənin torpağında iş getmir, odu ki, başladım sənə pislik eləməyə, öz-özümə dedim ki, heç olmasa padşahı görə bilməsəm də, tutub zindana salacaxlar, bəlkə orda ərimi görə bildim. Bəli, qəsdən qoruğa girdim, indi doğrudan da məni sənin yanına gətirdilər.
Padşah bərk qəzəblənmişdi deyin əmr eləyir ki, bunu da aparın salın zindana. Arvadı aparmaq istəyəndə deyir:
– Ay padşah, səni bir adam ölümnən qurtarsa ona neylərsən?
Padşah deyir:
– Onu dünya malınnan qəni elərəm.
Arvad deyir:
– İndi ki elədi, bəs niyə məni zindana salırsan, mən həmən arvadam ki, sənin boğazında sümük qalmışdı, mənə baxıb gülənnən sonra sümük boğazından getdi, təmiz sağaldın.
Arvad yaşmağını bir az açıb üzünü görsədir. Padşah onu tanıyan kimi əmr eləyir ki, gedin taciri zindandan çıxardın. Gedib taciri azad edirlər. Ər-arvad görüşüb öpüşürlər.
Kişi deyir:
– Arvad, sən hara, bura hara?
Arvad bütün əhvalatı ərinə söyləyir. Hər ikisi evlərinə gəlib keyfdamağnan günlərini keçirib, dövranlarını sürürlər.
Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulaq asanların, biri də tacirin arvadının
Tarix: 21.04.2013 / 18:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 468 Bölmə: Nağıllar