Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsir kişinin hekayəti

Kəndimizdə Nəsir kişi var, yaşı yüzü çoxdan keçib. Bir dəfə nağıl eliyirdi ki, bir yol bir kişiynən yoldaş olmuşdux. Kişinin ayağı dizdən aşağı kəsilmişdi. Soruşdum ki, ayağıva nolub?

Kişi dedi ki, mən dəvə saxlıyırdım. Bir yol bazarda nər məni hersdəndirdi, mən də onu döydüm. Demiyəsən, bı nər mənə başdıyır kin saxlamağa, elə fürsət gözdüyür ki, əvəz çıxsın. Bir yol dəvələri aparmışdım çölə. Çöldə də heş kim yoxuydu. Bir də gördüm ki, nər ağzı köpüklənə-köpüklənə cumdu üstümə. Başdadım qaşmağa. Nər az qalırdı mənə çatsın, bir adam da yoxuydu ki, mənə kömək eləsin. Ölümümü aldım gözümün altına. Ancax can şirin olar, gücüm yetdikcə qaçırdım, hər addımda da Allaha yalvarıb kömək isdiyirdim. Ta nəfəsim qalmamışdı qaçam, dizlərim bükülürdü. Gördüm ki, qabaxda kol-kos basmış bir çuxur var. Birtəhər özümü yetirdim çuxura, sərələndim kol-kosun üstünə. O dəyqə hiss elədim ki, altında nəsə tərpəşdi. Balaca dikəlib baxdım, az qaldı dəli olam, bədənim buza döndü. Dörd-beş qəriş qabaxda bir əjdaha mənə baxırdı, başı pişik başı boyda, xırdaca da buynuzları vardı. Quyruğuynan bədəninin yarısı altımda qalmışdı.

Bı dəmdə nər özünü yetirdi. Qabax ölüm, dal ölüm. Əjdaha sürünüb altımnan çıxdı. Elə bircə onu dedim ki, Tanrım mənə mədəd! Ta dalını bilmədim. Huşum dağıldı, bayılıb yerdə qaldım. Hannan-hana ayılanda yanımda nə əjdaha vardı, nə də nər. Dizdərim əsə-əsə birtəhər ayağa durdum. Əlli-altmış addım oyızda nər uzanılı qalmışdı. Qulağıma bir səs gəldi ki, çıx get, nərə baxma. Yan-yörəmə göz gəzdirdim, heş kimi görmədim. Fikirləşdim ki, gərək nərə yaxınnaşım. Gəldim nərin yanına, gördüm ki, nər həm qaralıb, həm də şişib. Əjdaha da heş yanda görsənmirdi. Ürəyimdə dedim ki, xudaya, kəramətinə min şükür, sən olmasaydın, bı qızıxmış murdar məni öldürəcəydi.

Bı fikirnən nərə təpik vırdım. Bir də gördüm ki, dizəcən ayağım girdi cəmdəyə. Tez çəkib çıxardım, bir üfunət yayıldı ki, az qaldı boğulam. Qaçıb ordan uzaxlaşdım, əmə ayağım bir ağrıyırdı ki, nəfəsim kəsilirdi. Ta gördüm ki, yeriyəmmirəm, ayağım qızarıb, yavaş-yavaş şişir. Qabaxdan iki-üç adam gəlirdi. Onnarı çağırıb özümnən getdim. Adamnardan bir qocası mənə baxan kimi deyir ki, gərək ayağı kəsilsin, yoxsa şiş bütün canına yayılacax, əti çürüyüb töküləcək.

Balta çıxarıb ayağımı dizdən kəsillər, yağlıqara eləyib dizimə basıllar. Xeyli sora ayıldım, ayağımı kəsilmiş görüb ağladım. Birdən əjdaha görünüb mənə dedi ki, bə sənə deməmişdim cəmdəyə baxma? Niyə sözümə qulax asmadın?

Gözlərimi silib bir də baxdım. Əjdaha-zad yoxuydu. Adamlar məni qəzilin üsdünə qoyub şəhərə aparırdılar. O vaxtdan da çolax qaldım.


Tarix: 21.04.2013 / 19:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Nağıllar
loading...