Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Usta Abdulla (nağıl)

Gülüzarı-məlahətdə gözüm bir gülə düşdü,
Alxala siya sünbülə düşdü.
Əfsus, dərdim dildən-dilə düşdü,
Hər aşiqi-sevda özün yara yetirdi.
İğval zəmin oldu, bizimki də belə düşdülər.

Həkan-həkan içində,
Qoz girdəkan içində,
Dəvə dəlləklik elər,
Köhnə hamam içində.

Milçək mindik Kür keçdik,
yabaynan dovğa içdik.

Günlərin bir günüdə sana kimnən xəbər verim, Yəmən vilayətinnən. Yəmən vilayətində bir padşah vardı. Bı imarət tikdirirdi. Hankı ustanı gətirirdi, boynun vırdırırdı. Hörgü yarımçıq qalırdı. İsfahanda bir usta Abdulla vardı. Bı eşitdi ki, padşah belə iş görür. Bı əhvalatı eşitcək durdu, hər həməssalanın götürüb düşdü yola. Bəli, yolların kənarıynan, dağların dabanıynan, amma dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi özün yetirdi Yəmən şəhrinə. Soruşdu kimin hörgüsü var, usdayam hörəcəyəm, dedilər:

– Padşahın hörgüsü var, elə yarımçıxdı.

Apardılar bunu padşahın yanına. Padşah bunnan soruşdu:

– Adın nədi?

Dedi:

– Adım usta Abdulladı, İsfahanlı.

Dedi:

– Usta Abdulla!

Dedi:

– Bəli.

Dedi:

– Görürsən, mənim bu imaratımı? Onu hörərsənmi?

Dedi:

– Padşah sağ olsun, mən tikəcəyəm. Ancax sənnən belə danışax ki, fəhləni verərsən, onnarın ixtiyarına da verərsən. Ancax yanıma da gəlməzsən.

Bir neçə fəhlə tutdu, verdi bunun əlinin altında işləməyə. Dedi:

– Bax sizin ixtiyarınızı da verirəm buna, lap öldürmək ixtiyarını da.

Fəhləni gətirənnən sora dedi:

– Bilirsiniz nə var?

Dedilər:

– Yox!

Dedi:

– Mənim ağzımnan nə çıxsa, onu elərsiniz.

Başdadılar hörməyə. Gördü padşah gəlir. Dedi:

– Bir adam dinə bilməz, siz elə batdax verin, kərpic verin.

Padşah vəzir-vəkilnən gəldi. Dedi:

– Allah qüvvət versin!

Bir kisə qızıl xələt tulladı. Usta Abdulla kisəni qoyub hördü. Dedi:

– Verin batdax, ver kərpic.

Vəzir padşahın üzünə baxdı, padşah vəzirin üzünə baxdı.

Vəzir dedi:

– Bunun arvadı yəqin gözəldi ki, bu belə eliyir.

Dedi:

– Usta, sənin evin İsfahanda hardadı?

Dedi:

– Mənim evim İsfahanda məşhurdu, gedəndə gennən görükür.

Vəzir yeməlidən, işməlidən, geyməlidən götürdü, dedi:

– Gedəciyəm bunın arvadının görüşünə.

Vəzir düşdü yola. Günə bir mənzil, teyimə nazil, özün yetirdi İsfahana. O küçəynən atı sürdü, gördü bir ağ imaratdı ki, nətər. Yavaşyavaş atı sürdü qapıya, gördü ki, bir qarı oturup qapının ağzında. Dedi:

– Qarı nənə, usta Abdullanın evi budı?

Dedi:

– Bəli, budı, başına dönüm!

Arvad atı bağladı, vəzir yol elədi qırx pilləkannan çıxmağa. Pilləkannan beş pilləkan çıxmışdı, gördü, pilləkan bunı tulladı aşağa. Düşdü bir zirzəmiyə. Bir də gördü, iki əli payalı adam girdi içəri, dedi: – Vəzir, nə əlinnən gəlir, deynən.

Vəziri hərəsi bir yannan payalamağa başdıyanda, dedi:

– Başınıza dönüm, öldürmüyün məni, papax tikmək gəlir əlimnən.

Padşahınan vəkil gözdədilər, gördülər gəlmədi. Padşah dedi:

– O arvada bənd oldu. Vəkil sən də get.

Vəkil də ipək parçalardan-zaddan alıb doldurdu xurcunu. Atı minib düşdü yola. Günə bir mənzil, teymə nazil, özün yetirdi həmən şəhərə. Bı da gəldi gördü, darvazanın ağzında bir qarı oturub, dedi:

– Qarı nənə, Usta Abdullanın evi budı?

Dedi:

– Bəli, budı başına dönüm.

Arvad genə çıxdı, dedi:

– Buyur yuxarı.

Bı bir pilləkan, iki pilləkan çıxdı, beşimci də bu da düşdü zirzəmiyə, gördü, vəzir bir yanda dəri bir yanda iynə-sap papax tikir. Bir vədə gördü, iki əli ağaşdı gəlip başdadı vəkili döyməyə. Vəkil dedi:

– Ay aman döymiyin, öldürmüyün, çarıx tikmək bilirəm.

Padşah gördü bular gəlmədi, yerində bir tirmə qoydu. Özü düşdü yola. Bəli, bu da özün yetirdi İsfahan şəhrinə. Gəldi gördü bir qarı oturub qapının ağzında. Dedi:

– Qarı nənə, usta Abdullanın evi budı.

Dedi:

– Bəli, budı. Buyur, yuxarı.

Bu da çıxmaq istədi düşdü zirzəmiyə. Gördü vəzir papax tikir, vəkili də çarıx. Dedi:

– Bı nədi?

Dedilər:

– Dinmə, işimiz yamandı.

Onda qapı açıldı, iki əli payalı adam içəri girib başdadı padşahı döyməyə:

– İşini de.

Dedi:

– Mən padşah olmamış atıcılıq elərdim!

O saat yun gəldi, toxmax-kargah... Bu da başdadı atıcılıq eləməyə.

Usta Abdulla imaratı tikdi, qurtarannan sora düzəldi yola. Gəldi dedi:

– Arvad, nə iş gördün?

Dedi:

– Get zirzəmiyə, gör nə iş görmüşəm.

Abdulla zirzəmiyə girdi, gördü paho, kimi çarıx tikir, kimi papax tikir, padşah da atıcılıq eliyir. Dedi:

– Padşah! Həmişə bu gündə.

Usta Abdulla buları çıxarıb gətirdi, öz haqqın aldı. Buları da saldı yola dedi:

– Get, bir də belə qələti eləmiyin.

O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü: biri sənin, bir mənim, biri də nağıl deyənin.


Tarix: 21.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Nağıllar
loading...