Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lala və Nərgiz (nağıl)

Bir paçcah var idi. Bir arvadı var idi. Paçcahın Lala adlı bir oğlu, Nərgiz adlı bir qızı var idi. Lala, Nərgiz böyümüşdülər. Birdən anaları öldü. Ataları getdi bir qız aldı. Qızın paçcaha ürəgi yox idi. Paçcah qoja idi. Günlərin bir günü Lala, Nərgiz analıqlarını görməgə gəldilər. Axşam çıxıb gedəndə analıx dedi:

– Nərgiz sən get, Lalaya deyəjək sözüm var.

Nərgiz getdi, Lala qaldı, analıq dedi:

– Lala! Mən səni deyif gəlmişəm. Yoxsa, qoja atannan ötrü uçmurdum ki... İndi gərək mənnən başbirlik eləyəsən. Yoxsa əlimi qan eləyib yaxana çəkəjəm.

Lala analığından bu sözü eşidəndə bir elə şillə onun ağzının üstündən vurdu ki, ağzının-burnunun qanı bir-birinə qarışdı. Yıxıldı, yerə. Yerdən qalxdı, ağzı-burnu qannı gəldi paçcahın yanına. Dedi:

– Taxtın tarac olsun, yəhərin qannan dolsun, bu necə oğuldur saxlayıbsan, mana əl atdı. Əl vermədim deyə məni bu kökə qoydu.

Paçcah höküm elədi, Lalanın boynu vurulsun. Vəzir irəli yeriyib torpağa düşüb dedi:

– Paçcah sağ olsun, bu nə işdir görürsən? Camahat içində tunçur olarsan. İstəmirsən yanında qalmağa torpağından çıxart, qoy getsin.

Paçcah vəzirin təbirinə razı oldu. Höküm elədi, Lalanı sürgün eləsinlər. Nərgiz qardaşının getdigini görüb dedi:

– Mən niyə daha bu analığın danlayışında qalıram.

Nərgiz də qoşuldu qardaşına, iki cəllad onları götürüb atalarının torpağından çıxardıb qayıtdı.

Lala ilə Nərgiz çölə üz qoydular. Az getdilər, çox getdilər, axşama kimi yol getdilər. Axşam gəlib bir meşəyə çıxdılar. Meşədə gecələyəsi oldular. Nərgiz böyük idi, Lala kiçik. Nərgiz başladı gözləməgə. Lala yatdı. Gecədən xeyli keçmişdi, bir cüt quş gəlib düşdü Lala, Nərgiz duran ağacın başına. Biri deyir:

– Bacı, can bacı, bilirsən nə var?

O biri dedi:

– Nə var? Bilmirəm.

Dedi:

– Bu ağacın dibində yatanlar paçcahın oğlu, qızıdır. Analıqları bunları belə çöllərə salıb. İndi mənim bunlara yazığım gəlir.

O biri quş dedi:

– Ha vaxt onlar başımı yesələr, paçcah olarlar. Ürəyimi yesələr, hər gecə başlarının altında yüz tümən pul olar.

Nərgiz bunu eşitdi. O qədər gözlədi ki, quşlar yatdılar. Çıxdı quşu dutdu, öldürdü. Başını, ürəgini bişirib doydu qabağına. Dedi:

– Mən başını yeyim, ürəyini yeyim? Yox, mən qardaşım dura-dura başı yemərəm.

Hə, Nərgiz götürüb ürəyi yedi, başı qoydu qardaşına. Birdən göy guruldadı, bulud oynadı, bir əl göydən uzanıb Nərgizi çəkdi. Nərgiz özünü bilmədi, bir də gözünü açanda özünü bir mağarada gördü, bir devin yanında. Dev gördü qız qorxur, başı üstünə gəldi, dedi:

– Ey gözəl, qorxma, adam yiyənəmsə də, səni yemərəm. Sənə aşıq olmuşam.

Nərgiz dedi:

– Sənə arvad olmaram.

Dev qızdan bu sözü eşidib acığı dutdu, durdu qızı o qədər döydü ki, qız özündən getdi. Çox keçdi, az keçdi, qız özünə gəldi. Dev genə dedi ki, qız, mana arvad olarsan?

Qız razı olmadı. Dev bu yol bərk acıqlandı. Qızı dutub saçından asdı. Qız axşama kimi asılı qaldı. Dev axşam çöldən gəldi qızı düşürdü. Dilə dutdu. Söhbətə başladılar. Qız dedi:

– Sənin canın haradadır?

Dev dedi:

– Mənim canım bir şüşədədir.

Qız dedi:

– Mən uzun gün burada tək qalıram. Onu mənim yanımda qoy, sən gələnə kimi mənə həyan olsun.

Əvvəl dev razı olmadı. Qız çox yalvardı. Devin boynuna qoydu.

Dev dedi:

– Şüşə başının üstündədir. Sabah mən gedəndən sora, al oynat, gözdə qırmayasan ha...

Qız dedi:

– Qırmaram.

Cecə yatdılar, sabah açıldı. Sabah dev çıxıb getdi.

Nərgiz əl atdı başının üstündən şüşəni götürüb saldı yerə. Şüşə qırıldı, içindən bir göyərçin çıxdı. Qız tez göyərçini dutub boğazını üzüb atdı yerə. Bir az keçdi, göy guruldadı, bulud oynadı, dev göydən yerə endi. Bir nərə çəkdi. Yıxılıb öldü. Nərgiz devin əlindən qurtarmasına sevindi. Çəkidə yüngül, qiymətdə ağır, nestələrdən götürüb qardaşı Lalanı axtarmağa getdi.

İndi Laladan xəbər verim. Sabah oldu. Lala ayıldı gördü bacısı yoxdur. Amma bir bişmiş quş başı var. Götürdü başı yedi. Meşəaşağı çox gəzdi. Bacısını tapa bilmədi. Üz qoydu getməyə, çox getdi, az getdi gəlib bir şəhərə çıxdı. Gördü bu şəhərin camahatı yığılıb quş uçurdurlar. Birinə yanaşdı, dedi:

– Burda nə var ki, camahat belə yığılıb?

O adam dedi:

– Bu şəhərin paçcahı ölüb, paçcah seçirlər. O quş da dövlət quşudur, hər kimin başına qonsa, onu paçcah tikəcəklər.

Lala o adamnan danışırdı ki, quşu uçurtdular, gəldi qondu onun başına. Paçcah olmaq üçün bəzənib-düzənən xanzadələr, bəyzadalar düşdülər yazıq Lalanın üstünə, qapaz altda itirdilər. Lala qaçıb bir su gilifində gizləndi. Quşu bir də uçurtdular. Quş gəlib su girifində yenə Lalanın başına qondu. Yenə camahat paçcahlıq tamahında olanlar yığılıb Lalanı döydülər, qovaladılar. Dedilər quş allanıb, bir də uçurdaq. Quşu bir də uçurtdular. Quş yenə gəlib Lalanın başına qondu, yenə istədilər Lalanı paçcah tikməşinlər, ağsaqqal, qarasaqqal töküldülər.

Dedilər:

– Canım, qərib olanda nə olar? Bəlkə paçcah oğludur ki, quş onun başına qonur.

Çox götür-qoydan sora Lala paçcah oldu. O, camahatnan yaxşı rəftar eləyirdi.

Bir gün bir əjdəha peyda olub şəhərin dörd tərəfini xaraba qoydu. Neçə adamlar onun davasına getdü, öldü. Axırda qorxusundan heç kim getməyirdi. Gəlib səhəri dağıtmasın deyə səhərin dərvaza qapılarını axşamdan bağlayıb camahat içəri dolurdu. O yandan Nərgiz qardaşını gəzə-gəzə gəlib həmən şəhərə çıxdı. Axşam idi, qapılar bağlanmışdı. Nərgiz qapını döydü. Dedi:

– Qapıçı, aç qapını, içəri girim, yol adamıyam.

Qapıçı dedi:

– Lala paçcahdan izin yoxdur.

Nərgiz bildi ki, qardaşıdır. Ha dedi:

– Aç, mən onun bacısıyam.

Qapıçı açmadı. Nərgiz gördü əjdəha yaxınlaşıb qurtara bilməyəcək. Belindəki qılıncı çəkdi, verdi əjdəhanın ağzına, yara-yara apardı quyruğunun dibindən o yana çıxdı. Qapıçı gördü, qız əjdahanı öldürdü, amma özü də qüvvətdən düşdü, yıxıldı özündən getdi, qılıncı əlindən yerə düşdü. Qapıçı paçcahdan çoxlu nəmər almaq üçün yerdən qılıncı götürüb Nərgizi doğradı. Bir sandığa qoydu, apardı yaxındakı meşəyə atdı. Qayıtdı gəldi paçcahın yanına, dedi:

– Bu axşam, paçcah sağ olsun, əjdahanı mən öldürdüm.

Lala paçcah vəzirnən gəldi gördü, doğrudan da əjdəha öldürülüb. İstədi qapıçıya nəmər verə, vəzir qoymadı.

Dedi:

– Paçcah sağ olsun, bu iş bunun işi deyil. Bunu kim bilir hansı adlı pəhləvan öldürüb, bu öz adına çıxır. Buyur bunu zindana salaq. Ta ki, düzünü desin.

Paçcah vəzirin tədbirini bəyəndi. Höküm elədi ki, qapıçını zindana saldılar. Sabah tezdən bir odunçu kişi var idi, baltasını götürüb meşəyə getdi, odun eləyib qayıdanda gördü: ki, bir sandıx var. Dedi:

– Baxtım kəsdi, atdım kaşıblığın daşını, yaqın bundakı qızıldır. Odunçu arvadınan barabar sandığın ağzını açdı, gördülər bir qız; günə deyir sən çıxma mən çıxacağam, aya deyir doğma mən doğaçayam. Amma yarası çoxdur. Nərgizi sandıqdan çıxardıb yer saldılar. Gördülər sandığın içində yüz tümən pul var. Odunçu sevindi, getdi bir həkim gətirdi. Həkim dedi:

– Yarası çoxdu. Amma qırx gün baxılsa, sağalar.

Odunçu dedi:

– Hər nə istəyirsən al, tə ki, qurtar.

Həkim qırx gün baxdı, Nərgizi qurtardı. Yüz tümən odunçu pul verib onu yola saldı.

O tərəfdən qapıçı paçcaha söz verib: “Əjdahanı öldürəni gətirəcəyəm” deyib zindandan çıxmışdı.

– Ha vaxt tapa bilməsə, yenə tutduracağam, – demişdi paçcah. O tərəfdən Nərgiz şəhərə çıxmışdı ki, qardaşını tapsın. Qapıçıya rast gəldi. Qapıçı hiylə ilə onu dutub evinə gətirdi. Öz paltarını ona geydirib, gecə zindançıya pul verib, öz yerinə onu zindana saldırdı. Günlərin bir günü bu şəhərə bir tacir gəlmişdi. Malını satıb qayıdanda paçcahın yanına gəldi. Dedi:

– Qara dəryadan keçəcəyəm, orda bir laxa əmələ gəlib, hər ordan keçəndə onun ağzına bir adam atmasam, gəmini batırır. İndi zindanda bir günahlı dustağın varsa, ver aparım onun ağzına atım.

Paçcah zindançını çağırdı. Dedi:

– Bu tacirə bir günahlı dustaq ver, aparsın.

Zindançı gəlib Nərgizi verdi tacirə. Tacir Nərgizi götürüb yükləndi, yola düşdü. Az getdi, çox getdi, gəldi Qara dəryaya çıxdı. Gəmilər gəldi həmən laxada dayandı. Tacir götürdü ki, Nərgizi atsın laxanın ağzına. Nərgiz dedi:

– Bir məni udmaqla laxa sizdən əl çəkməz. Suyun dibinə əl çatmır. Ün yetmir. Mənim belimə ip bağlayıb atın laxanın ağzına, ha vaxt bir xeyli keçmiş qanlı köpük suyun üzünə çıxdı, onda bilin ki, laxeyi öldürmüşəm. İpi çəkin. Ha vaxt qanlı köpük suyun üzünə çıxmadı, onda ipi buraxın, gedin. Onda bilin ki, mən öldüm.

Tacir ip bağlayıb, atdı Nərgizi laxanın ağzına. Nərgiz qılıncı çəkib özünü verdi laxanın qarnına. Ağzından yarıb dalından salamat çıxdı. Tacir xeyli keçdi, gördü qanlı köpük suyun üzünü götürdü. Tacir ipi çəkdi. Nərgiz əlində laxanın başı çıxdı. Tacir Nərgizin alnından öpdü, dedi:

– Səni oğulluğa götürürəm.

Tacir Nərgizi də götürdü gəldi şəhərə. Paçcaha ərmağan hazırladı. Ərmağanı Nərgizə verdi. Barabar o şəhərin paçcahının yanına gəldilər. Paçcah həm ərmağanı, həm Nərgizi bəyəndi. Vəzir dedi:

– Qızın layıqdır.

Paçcah götürdü Nərgizə qızını bağışladı. Tacir o şəhərdə malını satdı. Nərgiznən paçcah qızı ilə barabar yola düşdülər. Lala paçcahın şəhərinə dəryadan keçəndə tacir qızı özünə almax üçün Nərgizi sandığa qoydurub, gəmiçiyə dəryaya atdırdı. Qız Nərgiz üçün çox ağladı. Tacirə getmərəm dedi. Tacir qızı da götürdü, gəldi Lala paçcahın yanına. Qızı bağışladı ona. O tərəfdən dərya dalğalandı, sandığı gətirdi çıxartdı Lala paçcahın yanına. Sandığı bağban tapdı, apardı evinə. Aşdı gördü bir gözəl qız, amma yarı canı qalmayıb. Bağban həkim gətirdi, onu bir neçə gündə sağaltdı verdi bağbana. Bir gün bağban gül yığırdı. Nərgiz xəbər aldı ki, bu gülü kim üçün yığırsan?

Bağban dedi:

– Lala paçcah üçün yığıram. Bu günlərdə tacir ona bir paçcah qızı bağışlayıb. Paçcah qızı çox qəmgindi. Aparıram verəm, onun qəmi dağıla.

Nərgiz bildi ki, bu qız həmən paçcahın buna bağışladığı qızdır. Bir dəstə gül bağladı. Gülün arasına saçından bir tel kəsib qoydu. Dedi:

– Bu gülü də həmən tacir bağışlayan paçcah qızına ver. Deyinən sənin qəmini çəkdigin Nərgiz gülü gəlib.

Bağban Nərgizdən gülü alıb, gətirdi verdi qıza. Dedi:

– Xanım, sənin qəmini çəkdigin Nərgiz gülü gəlib.

Qız bildi ki, Nərgiz dəryadan salamat çıxıb gəlib, çıxartdı muştuluq üçün qızıl boyunbağını bağbana bağışladı. Dedi:

– Get o Nərgiz gülünü mənim yanıma gətir.

Bağban söyünmüş gəldi bağa, Nərgizi götürdü qızın yanına getdi. Nərgiz qıznan görüşdü. Hər ikisi barabar gəldilər Lalanın yanına. Nərgiz özünü tanış verdi. Lala Nərgiz görüşdülər, necə il qalıb bir-birini gəzən bacı-qardaş qol-boyun oldular. Başlarına gələn bəlaları birbirinə başdan-ayağa nəql elədilər.

Lala paçcah qırmızı geyindi, taxta çıxdı. Hökm eylədi qapıçını, zindançını, taciri, bağbanı gətirsinlər. Qapıçının, zindançının, tacirin boynunu vurdurdu. Bağbana xələt verib yola saldı. Nərgiz dedi:

– Qardaş, indi düşmənləri öldürdün, dostların, atamızın gözü yoldadır. Gedək onları da şad edək.

Lala razı oldu. Yerinə bağbanı paçcah tikib Nərgizlə paçcah qızı ilə yola düşdülər. Gəlib atalarının torpağına çıxdılar. Ataları ağlamaqdan kor olmuşdu. Tutyə sürtüb gözlərini açdılar. Başlarına gələni nəql elədilər. Ataları elədiyi zülmə peşman oldu. Höküm elədi, analığı asdırdı. Lalanı öz yerinə paçcah, Nərgizi vəzir elədi.

Nərgiz dedi:

– Qardaş, mən sənə qız gətmişəm. Toy eləcəyəm.

Qırx gün, qırx gecə toy eləyib paçcah qızını Lalaya aldılar. O gündən gözəl günlər keçirməyə başladılar.


Tarix: 21.04.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 572 Bölmə: Nağıllar
loading...