Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhrəman (nağıl)

Belə deyirlər ki, bir xanın Qəhrəman adında bir nökəri varıdı. Qəhrəman olduqca zirək, qüvvətli bir oğlandı. Xan da Qəhrəmanın xətrini çox istəyirdi. Xanın həyətində iki böyük dəyirman daşı varıdı. Xan çıxıb nökərlərinə tapşırdı ki, bu dəyirman daşlarını həyətdən götürsünlər atsınlar bir tərəfə. Nökərlər yapışıb dəyirman daşına nə qədər güc elədilər yerindən tərpədə bilmədilər. Xan yuxarıdan öz qızı Pəri xanımnan baxırdı. Bu vaxt Qəhrəman özünü yetirdi, gördü ki, qırx adam iki dəyirman daşını yerindən tərpədə bilmir. Qəhrəman nökərləri itələyib, bir təkan vurub, bayaqdan daşı götürüb atdı. Xan bu şücaəti Qəhrəmanda görüb sevindi. Tez əmr verdi ki, Tus pəhləvanının paltarı Qəhrəmana verilsin. Amma Qəhrəman paltarı almadı. Çünki könlündən pəhləvanlıq keçmirdi. Atası ona tapşırmışdı ki, nəbadə könlündən mənsəb iddiası keçə.

Qəhrəman atasının vəsiyyətini yadında saxlamışdı. Odu ki, xana nökər oldu, amma pəhləvan olmadı. Bunlar burda qalsın. Xəbəri sənə kimdən verim, xanın qızı Pəri xanımdan. Pəri xanım Qəhrəmanın sorağında idi ki, görə, amma o heç rastına gəlmirdi. Bir gün xan Qəhrəmanı çağırtdırıb dedi:

– Gərək gedəsən qızımın bağına, mənə alma gətirəsən. Qəhrəman baş əyib, xanın qulluğundan çıxıb gəldi bağa ki, alma dərə. Gördü ki, burda bir çarhovuz var, bir ucu bağda, o biri ucu sarayda, çox böyük bir çarhovuzdu.

Qəhrəman soyunub girdi çarhovuza. Onun döşünün birində bir xal vardı, bu xaldan iki tük uzanmışdı, gəlib düz dabanına çatırdı.

Qəhrəman çimdi, bu dəmdə xanın qızı saçlarını töküb döşünə sallana- sallana, yüz naz-qəmzə, işvəynən gəlirdi çarhovuza ki, çimə. Pəri xanım gördü ki, çarhovuzda bir oğlan çimir, istədi çığıra, sonra özünü saxlayıb, bir neçə qədəm irəli gedib diqqətnən baxıb gördü ki, çimən xanın nökəri Qəhrəmandı. Pəri xanım da istədiyi bu idi. Özünü pilləkənlərə sarı verib çıxdı çarhovuzun üstünə. Qəhrəman Pəri xanımı görən kimi, utandığından baş vurdu suya, gözdən itdi. Pəri xanım dedi:

– Ey Qəhrəman, and olsun atamın canına, sənnən işim yoxdu, çıx sudan.

Qəhrəman başını qaldırıb dedi:

– Düş ordan, paltarımı geyinim, sonra gəlim.

Pəri xanım razı oldu, düşüb çarhovuz üstündən keçdi ağac altına. Qəhrəmanı gözləməkdə olsun. Qəhrəman çarhovuzdan çıxıb paltarlarını geyinib, gəlib dayandı Pəri xanımın hüzurunda.

Pəri xanım əvvəlcə Qəhrəmana bir hərbə-zorba gəldi ki, nə üçün icazəsiz bağa giribsən? Qəhrəman da işdən onu xəbərdar elədi ki, bəs atan göndərib. Pəri xanım dedi:

– Qəhrəman, Allahdan gizlin deyil, səndən nə gizlədim. Mən sənə aşiq olmuşam.

Qəhrəman bu sözü Pəri xanımdan eşidən kimi, utanıb başını aşağı saldı. Pəri xanım dedi:

– Ay zalım, bütün padşah oğlanları mənim həsrətimi çəkir, niyə dinmirsən?

Qəhrəman dedi:

– Xanım, onlar padşah oğlanlarıdı. Amma mən rəiyyət oğluyam. Xan bilsə, dərimi dabanımdan çıxardar.

Pəri xanıma məhəbbət güc gəlmişdi, əl atıb Qəhrəmanın biləyindən tutdu, çəkdi özünə sarı. Qəhrəman da özünü saxlaya bilmədi qızda gözəlliyi görüb, heyran oldu. Qucaqlaşıb öpüşdülər. Hər iki aşiq əhd-peyman elədilər. Onlar bir-birinə söz verib oturmaqda olsunlar, Qəhrəmanın birdən yadına düşdü ki, xan bunu alma üçün göndərib, tez durdu ayağa Pəri xanımdan ayrıldı, bir səbət alma dərdi. Bunlar gecə görüşmək üçün bir-birilərinə söz verdilər. Qəhrəman alma səbətini götürüb, birbaş gəldi xanın yanına. Xan xəbər aldı ki, niyə belə gec gəldin.

Qəhrəman dedi:

– Xan, qurbanın olum, çarığımın altı çıxmışdı, onu yamayırdım.

Xan əmr verdi ki, Qəhrəmana bir dəst təzə paltar, bir cüt başmaq versinlər.

Nökərlər Qəhrəmanı aparıb üst-başını təzələdilər. Yeri gəlmişkən sizə xanın vəzirindən deyim.

Xanın vəziri baxıb gördü ki, xan Qəhrəmana çox qulluq eləyir. Xanın yanına gəlib dedi:

– Xan sağ olsun, bu gecə pis yuxu görmüşəm.

Xan dedi:

– Danış görüm, necə yuxudu?

Vəzir dedi:

– Bu gecə yuxuda gördüm ki, nökərin Qəhrəman girib gilas bağına, nə ki gilas var, hamısını tələf eləyir.

Xan bu sözdən çox kədərləndi, vəzir gedəndən sonra rəmmalı çağırıb dedi:

– Rəmmal, rəml at, gələcəyimdən bir xəbər ver.

Rəmmal rəmli üç dəfə atıb dedi:

– Xan, qəzəbin tutmasın, izn ver, deyim.

Xan çox səbirsizliklə dedi:

– Danış görək, əgər düz deməsən, boynunu vurduracağam.

Rəmmal dedi:

– Xan sağ olsun, sənə heç bir kəsdən ziyan dəyməyəcək, amma döşü tüklü bir nəfər adam var, o adamdan özünü gözlə.

Xan rəmmaldan bu sözü eşidən kimi, fikrə getdi. Rəmmaldan xəbər aldı:

– Bu döşü tüklü oğlan kimdi?

Rəmmal demədi ki, demədi. Axırda xan qəzəblənib rəmmalı qovdu. O gecəni səhərə kimi yatmayıb çox çalpaşıq yuxular gördü. Səhər tezdən durub rəmmalı çağırtdırdı, amma rəmmal qorxusundan gəlib çıxmadı. Xan bu intizar içərisində qalmaqda olsun xəbəri verim sənə Qəhrəmandan.

Qəhrəmanla xanın qızı Pəri xanım hər gün görüşüb, sevişirdilər. Bir gün Qəhrəmannan Pəri xanım qulacqol olub, sarmaşıq kimi bir-birinə sarılıb bağda uzanmışdılar, öpüşlərinin səsindən budaqdakı bülbüllər səsini saxlayıb tamaşa eləyirdilər. İki aşiq-məşuqu bu çəmənzarda qoyaq, görək xanın vəziri necə oldu.

Xanın vəziri həmin gün Qəhrəmanın mehtərlər arasında olmadığını görüb, çox şübhələndi, vəzir Allah, Məhəmməd deyib, üz qoydu xanın qızı Pəri xanımın bağına. Bağı gəzirdi, yavaş-yavaş gəlib çatdı gilənar ağacının altına, gördü ki, xanın qızı Pəri xanım Qəhrəmanın başını qoyub dizinin üstünə, həzin-həzin oxuyur. Qəhrəman da yatıb. Vəzir bu dəstgahı görən kimi, gözləri həlqələnib az qaldı bəbəyindən çıxa. Özün saxlaya bilməyib, tez bağdan çıxıb xanın imarətinə yüyürdü. Xan oturmuşdu, gördü kü vəzir tövşüyə-tövşüyə, büdrəyə-büdrəyə xana tərəf gəlir.

Xan vəzirdən xəbər aldı:

– Nə olub belə, tövşüyə-tövşüyə gəlirsən? Danış görək?

Vəzirin nəfəsi lap qaralmışdı, oturdu pilləkən üstə, nəfəsini bir balaca dərib dedi:

– Xan, qorxuram qəzəbin tuta.

Xan dedi:

– De görək, qəzəbim tutmaz.

Vəzir dedi:

– Amanın bir günüdü, gəl məndən xəbər alma.

Xan qəzəbləndi, vəzirin boğazından tutub dizinin altına qoydu, boğa-boğa dedi:

– Sənə deyirəm de, deməsən boğazını üzəcəyəm.

Vəzir bir təhərnən xanın əlindən qurtarıb dedi:

– Xan sağ olsun, indi ki belədi, eşit və agah ol! Sənin qızın Pəri xanım nökərin Qəhrəmannan bağda qol-boyun yatdıqlarını gözümnən görmüşəm.

Xan qəzəblənib dedi:

– Mənim qızımda elə cürət ola bilməz ki, nökərnən sevişə.

Vəzir özünü torpağa sürtüb, and, aman elədi ki, öz gözümnən görmüşəm. Xan baxıb gördü ki, vəzir özünü şil-küt elədi. Xan dedi:

– İndi ki, belədi, gedək, gedək. Ta gözlərimnən görməsəm, inana bilmərəm.

Xannan vəzir əl-ələ verib, payi-piyada, ayaqyalın, başaçıq üz qoydular bağa sarı.

Xan bağa girib özünü reyhanlığa saldı, gördü ki, qızı Pəri xanımnan mehtəri reyhanlıqda uzanıb, kef-damaqdadılar. Xan bunları görən kimi, istədi bir qil-qal sala, girə reyhanlığa, mehtər Qəhrəmanı öldürə, amma vəzir qoymadı. Hər ikisi çıxıb getdilər. Xan gecəni səhərə kimi yatmayıb, fikrə getdi. Səhər xan vəziri çağırtdırıb dedi:

– Vəzir, bir tədbir gör! Yoxsa el içində rüsvay olacağam.

Vəzir dedi:

– Xan sağ olsun, tədbir deyəndə tədbir budu ki, Qəhrəmanda olan güc sənin heç bir pəhləvanında yoxdu.

Xan dedi:

– Necə yəni yoxdu? Mən bir mehtərin əlində öz adımı murdarramayacağam ki?!

Vəzir dedi:

– Xan sağ olsun, indi ki belədi, gəl sən üç böyük dəyirman daşını bağla yoğun bir palıdın başına. Qəhrəman bu üç dəyirman daşının əliynən götürüb üç dəfə göyə atıb tutsun. Yəqin ki, daş yerə enəndə başına düşüb həlak olacaq; yox, salamat qalsa, biz başqa tədbir taparıq. Yox, tədbir də tapılmasa, elə orda əmr verib, boynunu vurdura bilərsən.

Xan razı olub, vəzirə dedi:

– Əgər bu dediyin baş tutsa, qızım Pəri xanımı sənə verəcəyəm, yox, baş tutmasa, sənin boynunu vurduracağam.

Səhər xan əmr verib, üç dəyirman daşını bir palıd ağacının başına bağlatdı, bu tərəfdən də Qəhrəmanı çağırtdırıb dedi:

– Əgər bu dəyirman daşlarını bir əlinnən havaya qaldırıb, üç kərə göydə atıb tutsan, qızımı sənə verəcəyəm, yox, tuta bilməsən, elə burda boynunu vurduracağam.

Qəhrəman razı olub, iki əllərini torpağa sürtdü, bir nərə çəkib dəyirman daşlarından yapışdı, havaya qalxızıb, üç kərə atıb tutdu, sonra qoydu yerə, bir çırtıq da vurub oynadı. Xan bunu görən kimi, cəlladı çağırıb əmr verdi ki, xanın qabağında biədəblik elədiyinə görə Qəhrəmanın boynunu vursunlar. Cəlladlar nə qədər çalışdılarsa, qorxudan Qəhrəmanın yanına gedə bilmədilər. Axırda xanın hirsi soyuyub çıxıb getdi. Qəhrəman da durub getdi Pəri xanımın yanına.

Xan vəziri çağırtdırıb dedi:

– Vəzir, buna tədbir.

Vəzir dedi:

– Qəhrəmanı göndər Nil dəryasına, ordan qızıl balıq gətirsin, bəlkə gedib yolda-zadda ölüb qalsın.

Xan razı olub, Qəhrəmanı çağırtdırıb dedi:

– Gərək gedəsən Nil dəryasından mənə qızıl balıq gətirəsən.

Qəhrəman razı olub, balıq toru aldı, qılınc istədi, xan Qəhrəmana nə lazımdı verdi. Qəhrəman atını minib üz qoydu getməyə.

Qəhrəman neçə gün, neçə gecə yol gedib çatdı həmin dəryanın kənarına. Tor atdı, birinci toruna heç bir şey çıxmadı, istədi bir də tor ata, bu dəmdə dəryadan bir heyvan çıxdı. Onun dörd ayağı, iki qolu, alnının ortasında bir gözü, iki dənə də iri buynuzu varıdı. Qəhrəman bu heyvanı görən kimi dedi:

– Allah mənimkini yetirdi. Bu, ata oxşar bir şeydi, tutub saxlaram. Amma bu qəribə heyvan qolun uzadıb, istədi Qəhrəmanı suya çəkə Qəhrəman kəmənd atıb onun buynuzuna keçirtdi, başladı dartmağa. Qəhrəman gördü ki, bu heyvan bunu çəkəcək özünə tərəf, nər kimi dizlərini yerə vurub, bir nərə çəkdi, heyvanı dartıb sudan çıxartdı. Heyvan sudan çıxıb, quzu kimi dayandı Qəhrəmanın qabağında. Sonra Qəhraman tor atıb, bir qızıl balıq tutdu.

Qəhraman iki gün, iki gecə burda qalıb, həmin heyvanı özünə öyrətdi, buna altıayaq ad qoydu, atını minib qızıl balığı da götürüb, üz qoydu xanın torpağına. Xana xəbər getdi ki, Qəhrəman gəlir, Xan çıxıb gördü ki, Qəhrəman gəlir, özü də altında bir at var ki, altı ayağı, alnında bir gözü, iki dənə də maral buynuzuna oxşar buynuzu. Xanda ürək-göbək qalmadı. Qəhrəman altıayaq atını birbaş sürdü xanın qonaq həyətinə, xan qorxusundan danışmadı. Qəhrəman qızıl balığı xana verib, altıayaq atdan düşdü.

Xan xəbər aldı ki, bu necə atdı?

Qəhrəman dedi:

– Birillik yolu bir aya gedir, inanmayan minsin.

Heç kim qorxusundan altıayağa yaxın gələ bilmədi. Xan dedi:

– Allah rizasına bu atı burdan rədd elə.

Qəhrəman altıayaq atını tövləyə çəkib, birbaş gəldi Pəri xanımın yanına; onnan görüşüb, öpüşdü. Pəri xanım xəbər aldı ki bu neçə müddətdi ki hardasan? Qəhrəman başına gələni Pəri xanıma danışdı. Hər iki aşiq burda qalmaqda olsun. Eşit xandan. Xan özünü itirmişdi, bilmirdi neyləsin, odu ki, vəzirə dedi:

– Allah evini yıxsın, sən niyə göndərdin Qəhrəmanı gedər-gəlməzə ki, gələndə də altıayaq, təkgöz atnan gəlib. Vəzir, əgər bir çarə tapmasan, onun yerinə səni dar ağacından asdıracağam.

Vəzirin qorxudan qarnına sancı düşdü, iki gün vaxt istədi. Xan razı olub, vəzirə iki gün vaxt verdi. Vəzir getdi fikrə. İki gün tamamdı. Vəzir ha əlləşdi ki, Qəhrəmanı yox eləməkdən ötrü bir yol tapsın, amma heç bir yol tapmadı. Axırda durub xanın yanına gəldi. Xan gördü ki, vəzir gəlib. Xəbər aldı:

– Vəzir, nə yol tapdın?

Vəzir dedi:

– Gəl sən bir aylığa qızın Pəri xanımı göndər qardaşıngilə. Qəhrəmana deyərik ki, qızı devlər aparıb, gərək gedəsən Pəri xanımın dalısınca. Qoy bu sözdən sonra getsin, kim bilir hansı dərədə batıb qalacaq.

Xan vəzirin bu tədbirinə əhsən dedi. Həmin gün qızı üçün tədarük gördürdü və qardaşına bir kağız da yazdı. Kağızı bi mötəbər adama verib, gecəynən qoşun cəmləyib, Pəri xanımı göndərdi qardaşının yanına. Qəhrəman hər səhər Pəri xanıma bir narınc, bir də alma dərib apardı. O gecənin səhəri də bir narınc bir də alma dərib Pəri xanıma apardı; gördü ki, lələ köçüb yurdu qalıb. Pəri xanım nə gəzir? Qəhrəman kor-peşman dala qayıtdı. Bu tərəfdən də vəzir haray saldı ki, xanın qızı Pəri xanımı ağ dev götürüb qaçıbdı. Xan Qəhrəmanı çağırtdırıb dedi:

– Qızımı bu axşam ağ dev aparıb, əgər Pəri xanımı ağ devlərin əlindən alsan, sənə verərəm.

Qəhrəman elə ki, eşitdi Pəri xanımı ağ devlər aparıb, bayaqdan durub gəldi altıayaq atının yanına. Atını qaydaynan yəhərləyib mindi. Üz qoydu getməyə. Qəhrəman gah göynən, gah yernən gedirdi. Bir yerdə bərk acıyıb atını çəkdi sərinliyə, gördü ki, burda bir cavan oturub ağlayır. Qəhrəman xəbər aldı:

– Ey cavan, adın nədi, nəçisən, niyə ağlayırsan?

Cavan dedi:

– Adım İbrahimdi, özüm də Rum şəhərindənəm.

Qəhrəman dedi:

– Ey oğlan, bəs burda neyləyirsən?

İbrahim dedi:

– Mən Rum padşahının qızına aşiq olmuşam, amma Rum padşahı öz qızını mənə verməyib, öz qardaşı oğluna nişanlayıb. Mənim də gücüm çatmır ki, qızı alım.

Qəhrəman dedi:

– İbrahim, mənim də sevgilimi ağ dev götürüb qaçıb, mən də gedirəm öz sevgilimi gətirəm. Eybi yoxdu, indi ki belə oldu, gəl gedək, əvvəl sənin sevgilini alım sənə verim, sonra da öz sevgilimin dalınca gedərəm.

İbrahim dedi:

– Ey Qəhrəman, ayıb olmasın, sevgilin kimin qızıdı?

Qəhrəman dedi:

– Məlik xanın qızı Pəri xanımdı.

Qəhrəman sözünü qurtarıb geri çəkildi, istədi atını minib gedə, İbrahim dedi:

– Ey cavan, sənin nişanlın Pəri xanımı ağ dev aparmayıbdı.

Qəhrəman dedi:

– Sən hardan bilirsən ki, mənim nişanlımı ağ dev aparmayıb?

İbrahim dedi:

– Pəri xanımı bir neçə gün bundan qabaq qoşunnan əmisinin vilayətinə apardılar.

Qəhrəman bunu eşidən kimi ağlı başından çıxdı, gözləri həlqələnib dedi:

– İbrahim, sən harda gördün?

İbrahim dedi:

– Düz bir il tamamdı ki, burda oturub sənin yolunu gözləyirəm. Üç gün bundan qabaq Pəri xanımı xanın vəziri qoşunnan burdan aparanda, öz gözümnən görmüşəm.

Qəhrəman dedi:

– İndi ki, belə oldu, mənnən Məlik xanın qardaşının vilayətinə gedək, mən onlara qol gücümü göstərim, zor-güc öz sevgilimi alım, sonra da gedərik Rum vilayətinə, səni də sevgilini alıb özünə qaytararam.

İbrahim Qəhrəmanın dediklərinə razı olub, ona qoşuldu. Qəhrəman altıayaq, kəlləgöz atını sürüb, İbrahimi də aldı tərkinə. Qəhrəmanın atı suda balıq kimi üzür, göydə quş kimi uçurdu. Bir aylıq yolu iki günə gəlib Rum vilayətinə çatdılar. İbrahim dedi:

– Qəhrəman, gəl biz şəhərə girməyək. Harda olsa, Pəri xanım gəlib burdan keçəcək.

Qəhrəman baxıb gördü ki, İbrahim ağıllı söz deyir, odu ki, razı oldu. Atını çəkib, şəhərdən bir az kənar saxladı. Düz üç gün Pəri xanımın yolunu gözlədilər. Üç gün tamam olandan sonra Pəri xanımın qoşununun hamısı gəldi. Qəhrəman minib atını, çəkib qılıncını, qoşunun qabağını kəsdi.

Qəhrəman qoşunun barabarına çatıb elə bir nərə çəkdi ki, qoşun diksinib bir az geri çəkildi. Pəri xanım baxıb gördü ki, gələn Qəhrəmandı. Qəhrəmanı görən kimi, sevindiyindən heç bilmədi neyləsin. İstədi atından düşüb, Qəhrəmanın yanına gələ, amma yenə özünü saxladı. Qəhrəman qılıncını çəkib düşdü qoşunun üstünə. Qəhrəman birini öldürdüsə, altıayaq at dördünü qırıb yerə tökürdü. Qəhrəman Pəri xanımı ordan çıxarıb, verdi İbrahimə ki, saxlasın. Bu tərəfdən qasid özünü, Pəri xanımın əmisinə yetirib, xan verən kağızı ona verdi. Pəri xanımın əmisi kağızı oxuyub, işdən xəbərdar oldu. Qəhrəmanın qabağına qoşun göndərdi. Qəhrəman gələn qoşunu qırıb tökdü. Sonra üz qoydu şəhərə. Pəri xanımın əmisini öldürüb, başını kəsib saldı xurcuna. Qəhrəman Pəri xanımı, İbrahimi götürüb gəldi Ruma. Padşaha bir kağız yazdı ki, gərək bir gün ərzində İbrahimin nişanlısını verəsən, əgər verməsən, taxt-tacını başına çevirib, yernən yeksan eləyəcəyəm. Kağızı İbrahimə verdi, dedi:

– Apar, ver padşaha, tez cavabını gətir.

Özü də girdi şəhərə, altıayaq atın qabağına kim gəlirdisə parçalayırdı. Padşaha xəbər getdi ki, şəhərə bir belə adam gəlib, bir atı var, atının altı ayağı, bir gözü, iki buynuzu, kim qabağına çıxır, parça-parça eləyir. Bu tərəfdən də İbrahim kağızı aparıb verdi padşaha. Padşah kağızı oxuyub lap dəli oldu. Əmr verdi ki, nə qoşun var, Qəhrəmannan davaya çıxsın. İbrahimi də tutub saldı zindana.

Qəhrəman İbrahimi gözlədi, gördü ki, gəlmədi, amma İbrahimin əvəzinə qoşun dərya kimi gəldi. Qəhrəman vurdu özünü dəryayi-ləşkərə. Bir əliynən Pəri xanımı saxlayıb, o biri əliylə qılınc çalırdı. Altıayaq da gah buynuzuynan, gah da əliynən qoşunu qırıb tökürdü yerə. Qan su yerinə axırdı. Axırda qalan qoşun da tab gətirə bilməyib qaçdı. Qəhrəman üz qoydu şəhərə tərəf, padşahı öldürüb, İbrahimin sevgilisini özünə verdi. İbrahimi burda padşah tikib, bunuynan siğə qardaşlığı şərtlərini bağladı.

Sonra İbrahim üçün bir yaxşı toy elədi. Qəhrəman atına minib, Pəri xanımı götürüb gəldi xanın torpağına. Xanın vəziri həyətdə oturmuşdu. Qəhrəman da atını sürüb həyətdə atdan düşdü.

Vəzirnən xan Qəhrəmanı görən kimi sancılandılar.

Qəhrəman xurcunundan xanın qardaşının başını çıxardıb, kos kimi ortalığa atdı. Xan öz qardaşının başını görən kimi gözləri kəlləsinə çıxdı. Vəzir istədi qaça, Qəhrəman vəzirin boynunun sapından yapışıb, xannan onu kəllə-kəlləyə vurub, cəhənnəmə vasil elədi. Xanın nə ki adamları varıdı, qırıb yerə tökdü.

Qırx gün, qırx gecə Pəri xanımnan toy eləyib, öz muradlarına çatdılar.


Tarix: 21.04.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 736 Bölmə: Nağıllar
loading...