Biri var imiş, biri yox imiş, günlərin bir günündə, belə deyirlər, bir vilayətdə Dəşküvar adında bir padşah var imiş. Bu padşahın oğlu olmazmış. Amma çox zalım padşah imiş. Bir gün Dəşküvar öz rəmmalını yanına çağırıb, deyir:
– Rəmmal, dünyanın bütün ləzzətini çəkmişəm. Amma qorxuram düşüb öləm, ürəyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəm at, görüm.
Rəmmal rəm atıb gördü ki, rəm bəd gəlir. Bir də atıb gördü ki, həmindi ki, həmin.
Rəmmal dedi:
– Rəm bəd gəldi. İzn ver sabah gəlim.
Dəşküvar izn verdi rəmmala, rəmmal durub getdi. Sabahısı gün rəmmal padşahın yanına gəlib ədəb salamını yerinə yetirib oturdu. Rəmmal rəml atıb gördü ki, həmindi ki, həmin.
Dedi:
– Padşah sağ olsun, acığı tutmasın.
Padşah dedi:
– De görək!
Rəmmal dedi:
– Tez-gec sənin öz rəiyyətinin bir oğlu olacaq, sən onun əlində öləcəksən.
Padşahı fikir apardı ki, o necə rəiyyətdi ki, bir oğlu olacaq, mən də onun əlində öləcəyəm. Dəşküvar səhərə kimi yatmadı. Fikir fikir üstündən, səhər tezdən rəmmalı çağırtdırıb dedi:
– Rəmmal, eşidəm biləm, bu sirri bir adama demisən, vay halına.
Rəmmaldan söz alıb sirri saxladı. Tədbir istədi.
Rəmmal dedi:
– Tədbiri bu cürdü. Gərək şəhərdə təzə anadan olan uşaqların boynunu vurdurtdurasan.
Dəşküvar rəmmalın fikrinə şərik olub razı qaldı. Öz adamlarından dörd nəfər çağırıb onlar üçün maaş ayırıb dedi:
– Gərək siz evləri gəzib, təzə anadan olan uşaqlarını oğurlayıb gizlin öldürəsiz. Amma nəbadə camaat bilə!
Bunların dilindən kağız alıb yola saldı.
Dəşküvarın adamları öz işlərinə getsinlər, eşidin Dəşküvardan. Dəşküvar durub çıxmışdı bağa. Gördü ki, bir sərçə öz balasını dimdiyinə götürüb gəldi çarhovuzun üstə. Üç kərəm balasını suya basıb, alıb tazadan dimdiyinə apardı. Dəşküvarın ürəyinin başına od düşüb elə bil alışdı, dedi: mənim də oğlum olaydı!..
Bu dəmdə Dəşküvarın bağbanı bağı gəzirdi, gördü ki, padşah oturub çarhovuzun üstə, çox fikirdədi. Bağban ağacdan bir alma dərib, götürüb gəldi Dəşküvar üçün. Baş əyib, ədəb salamını yerinə yetirdi. Almanı Dəşküvara uzatdı. Dəşküvar almanı bağbandan alıb iylədi, dərdi bir idisə, oldu iki. Bir ah çəkib dedi:
– Yaxşı alma saxlayırsan, amma...
Bağban dedi:
– Necə ki, amma?
– Saqqalıma dən düşüb, sabah düşüb ölsəm, görəsən bu bağa kim sahib olacaq.
Bağban başını aşağı salıb dinmədi. Dəşküvar çox fikrə gedib, bağbana dedi:
– Gəl Allah əmrilə bir əhd-peyman edək!
Bağban dedi:
– Padşah sağ olsun nə əhd?
Dəşküvar padşah dedi:
– Qızın olsa qızlığa, oğlun olsa oğulluğa mənə ver!
Dəşküvar çox böyük padşahdı. Bağban Dəşküvarın sözündən çıxa bilmədi, razılıq verdi. Dəşküvar da bağbanın dilindən kağız alıb çıxıb getdi. Eşit Dəşküvarın adamlarından. Pişik ət üçün gəzən kimi, bunlar da evbəev gəzirdilər. Gündə bir, iki təzə doğulan oğlan uşaqlarını oğurlayıb atırdılar çaya. Şəhər adamları da gəzirdilər ki, uşaq oğurlayanı tapsınlar, tapa bilmirdilər. Gəlib neçə kərə Dəşküvara şikayət elədilər. Dəşküvar qulaq asmayıb, gələnləri qovurdu.
Xəbər verim sənə kimdən, bağbanın arvadından. Nağıllarda vaxt çox tez başa gəlir. Doqquz ay, doqquz gün başa gəldi, bağbanın arvadı bir oğlan doğdu. Xəbər gedib çatdı bağbana ki, arvadının bir oğlu olub. Bağban sevinə-sevinə özünü yetirdi arvadının yanına, gəlib nə gördü, arvadının doğduğu oğlanın başında, qaşında, kirpiyində tük yoxdu, özü də ət kimidi. Başı, qolu, qıçı sağ-salamat, amma ki, elə bil ətdi. Bağban baxdı, gördü ki, bu uşaq araya çıxmalı uşaq deyil. Getdi fikrə. Bilmədi padşaha nə cavab versin. İstədi uşağı tullaya, amma ürəyi gəlmədi. Bu burda qalsın, eşit Dəşküvar padşahdan. Şah Dəşküvar eşitdi ki, bağbanın oğlu olub, sevindiyindən dayana bilmədi. Durub gəldi, özünü tez yetirdi bağbanın evinə. Bağban oturub ağlayırdı, bilirdi ki, padşahın yanında xəcalətli olub. Bir də başını yuxarı qaldırıb gördü ki, Şah Dəşküvar gəlir, gözlərin silib iki qat olub padşahın qabağında ədəb salamını yerinə yetirib dayandı. Şah Dəşküvar dedi:
– Oğlun olub, bəs nə üçün mənə bu vaxtacan xəbər verməmisən?
Bağban bu sözdən başını aşağı salıb dedi:
– Padşah sağ olsun, üzüm yanında qaradı.
– Nə üçün qaradı? Olmaya oğlan ömrünü bağışlayıb?
– Kaş ömrünü bağışlayaydı sənə, amma dünyaya gəlməyəydi.
Şah Dəşküvar bu sözdən çox pərişan olub xəbər aldı ki:
– Nə olubdu?
Bağban əhvalatdan Şah Dəşküvarı xəbərdar elədi.
Dəşküvar çox qəmgin oldu, amma inanmadı. Özü-özlüyündə dedi:
Yəqin ki, bunlar uşağı məndən gizlədirlər. Üzün bağbana tutub dedi:
– Gərək uşağı özüm görəm.
Bağban Şah Dəşküvarı apardı evinə, uşağı göstərdi. Şah Dəşküvar uşağı görüb acığı tutdu, birbaş bağbanın evindən çıxıb gəldi, əyləşdi taxta, rəmmal çağırtdırıb dedi:
– Rəm at görək, o uşaq ki, deyirdin, dünyaya gəlib, ya yox?
Rəmmal dəstəmaz alıb, gəlib rəmin atdı. Baxıb Şəh Dəşküvara dedi:
– Bəli, dünyaya gəlib.
Şah Dəşküvar qapıları bağlatdırıb, rəmmalı otağından bayıra buraxmadı. Adam göndərdi, öz yaxın adamlarından bir neçəsini çağırtdırıb dedi:
– Rəmmal tədbir tök!
Rəmmal, dedi:
– Gərək şəhərdə nə ki təzə doğulan uşaq var, hamısının boynu vurula.
Şah Dəşküvar üzün tutub öz adamlarına dedi:
– Sizin üçün filan qədər maaş ayırıram, nə ki şəhərimdə oğlan uşağı var, hamısının boynunu vurasız, amma bu sirri heç kim bilməməlidi.
Padşah öz adamlarının dilindən kağız alıb dedi:
– İndi gedərsiz, bağbanın beşikdəki uşağını götürüb atarsız çaya, arvadın da öldürərsiz.
Padşahın adamları gedib bağbanın arvadını və oğlunu götürüb, istədilər öldürələr, yazıqları gəlib arvadı buraxdılar çölə, uşağı da bir dağın döşündə böyük bir ağac vardı, qoydular ağacın altına, çıxıb gəldilər. Bağbanın arvadı qaldı çöllü-bəri-biyabanda, uşağı da ağacın altında. Ana baladan, bala anadan ayrılıb, belə qalsınlar, eşit Simurqdan3. Simurq göylə uçub gedirdi, gördü ki, yerdə bir şey ağarır. Tez göyün qatından enib yer qatına, gördü ki, ağac dibində bir uşaq var, amma yanında adam yoxdu. Simurq elə bir quşdu ki, yerin altın da, üstünü də bilirdi. Görən kimi bildi ki, bu bağbanın oğludu, özü də təzə gəlib dünyaya. Uşaq Şah Dəşküvarın qəzəbinə gəlibdi. Simurq uşağı götürüb caynağına, qalxdı havaya, qanad çalıb uşağı götürdü gəldi öz balalarının yanına. Simurq elə quşdu ki, fəqirləri çox sevərdi. Qalxıb göyə, başladı bağbanın arvadını axtarmağa. Bir müddət gəzib dolandı, bir soraq tapa bilmədi.
Simurq getməkdə olsun, eşit bağbanın arvadından. Bağbanın arvadı Şah Dəşküvarın şəhərindən çıxıb üz qoydu çöllü-bəri-biyabana. Eşit Simurqdan. Simurq göylə gəzirdi. Gördü ki, çöllü-bəri-biyabanda bir arvad xeylağı gəzir. Simurq üç-dörd qat göydən yerə enib gördü ki, bağbanın arvadıdı. Simurq qanadını açıb, aldı bağbanın arvadını qanadının altına. Bağbanın arvadı ayılıb gördü ki, Simurq qanadını yorğan eləyib salıb üstünə. Bağbanın arvadı qorxub istədi qaça. Simurq tez dilə gəlib dedi:
– Qorxma, gəl min dalıma, səni öz balanın yanına aparıram.
Bağbanın arvadı gördü ki, bu Simurq quşudu. Tez qanadından öpüb, mindi Simurqun dalına. Simurq qanad çalıb qalxdı havaya, özün yetirdi yuvasına, düşüb yerə bağbanın arvadına dedi:
– Aç gözünü!
Bağbanın arvadı gözlərini açıb gördü ki, elə gözəl meşədi daha nə təhər. Bağbanın arvadı bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, Simurq yoxdu. Bir az keçib, Simurq caynağında bir uşaq göydən yerə endi. Bağbanın arvadı xəbər aldı Simurqdan:
– Bu uşaq kimindi?
Simurq dil açıb bağbanın arvadını başa saldı ki:
– Bu uşaq sənindi.
Arvad baxıb gördü ki, həmin uşaqdı ki, ət parçası kimi idi. Əndamında tük yoxdu, indi bir oğlan olub ki, dünyada misli yoxdu. İstədi uşağı götürə qucağına, üz-gözündən öpə, baxıb gördü uşaq elə ağırdı ki, yerindən tərpədə bilmir. Xəbər aldı Simurqdan:
– Bu nə əhvalatdı?
Simurq dedi:
– Göylə gedirdim, gördüm bir çöllü-bəri-biyabanda qoca bir ağac bir yanı üstə yıxılıb. Ağacın altında bir şey ağarır. Yerə enib gördüm ki, bu uşaqdı. Tez götürüb apardım, Nil dəryasında çimdirdim, Qaradağ daşından bir parça götürüb əzdim, tük gələn yerlərinə çəkdim. İndi bir ildi ki, bu uşağı balalarımla bir yerdə saxlayıram.
Bağbanın arvadı Simurqun qanadından öpüb, həmin saat öz oğluna Siman adını verdi. Simurq Simanın anası üçün ağac başında yuva tikdi. Ana-bala bir neçə müddət burda qalmaqda olsunlar, eşit Simurqdan. Simurq hər gün ov ovlardı, yarısını öz balalarına, yarısını da bağbanın arvadı ilə Simana verərdi. Bir müddət aradan keçdi. Bir gün bir əjdaha4 gəlib Simurqun balalarını yemək istəyirdi. Siman onu görən kimi tez bu ağacdan atlandı o biri ağaca, uzun bir çinar ağacından yapışıb, bir nərə çəkdi ki, meşə titrədi, çinarı yerindən çəkib çıxartdı. Əjdaha Simanı görən kimi Simurqun balalarını buraxıb, gəldi Simanın üstə. Siman çinarın qalın tərəfini əjdahanın ağzına salıb həmlə elədi irəli, ucunu sancıb boğazının yoluna, dayadı torpağa. O qədər qazdı ki, əjdaha çapalayıb cəhənnəmə vasil oldu. Bir nərə də çəkdi. Bu dəmdə Simurq göylə gedirdi, eşitdi ki, meşədən nərə səsi gəlir. Enib meşəyə gördü ki, bağbanın arvadı qorxusundan çıxıb lap ağacın başına. Xəbər aldı ki: nə olub? Bağbanın arvadıynan Simurqun balaları Simurqu əhvalatdan xəbərdar elədilər. Simurq tez özünü yetirdi Simana, gördü ki, Siman əjdahanı öldürüb dayanıb başının üstə. Simurq üç dimdik əjdahaya vurub, ətinin yaxşı yerindən balalarına, ürəyini də Simana verib qalanını tulladı. Simurq Simanla anasını mindirib dalına dedi:
– Yumun gözünüzü!
Bunlar gözlərini yumdular. Simurq qanad çalıb göylə bir neçə mənzil yol getdi, gəlib bir yerdə düşüb dedi:
– Açın gözlərinizi!..
Bunlar gözlərini açıb gördülər ki, bir evin qabağındadılar. Simurq bunları qoyub qapını döydü. Bir az keçmədi ki, bir çoban çıxdı. Çoban gördü ki, gələn Simurqdu. Çoban Simurqun qanadından öpdü, Simurq dil açıb dedi:
– Simanla bu arvadı sənə tapşırıram.
Çoban baş əydi, Simanı götürdü oğulluğa. Simurq getmişdi, amma arabir gəlib Simana baş çəkərdi. Nağıllarda vaxt tez başa gəlir. Siman on beş yaşına çatmışdı. Amma elə cürətli pəhləvan olmuşdu ki, Qaf dağına güc eləsəydi, yerindən tərpədərdi. Bir gün Siman çobana dedi:
– At istəyirəm, qılınc istəyirəm.
Çoban tez Simurqun tükün yandırdı, Simurq özünü yetirib çobana, xəbər aldı:
– Bəs nə var?
Çoban dedi:
– Siman at istəyir, pəhləvan paltarı istəyir.
Simurq gözüm üstə deyib, qalxdı göyə. Simurq göydə pər vurub, nər kimi nərildəyirdi. Qanad çalıb gah enirdi, gah qalxırdı göyə. Özün yetirdi Dəşküvar padşahın şəhərinə. Göydə gəzirdi, gördü ki, Şah Dəşküvar imarətindən çıxıb gəldi bağa. Çıxıb çarhovuz üstə canamazın açdı, üzüyünü möhür elədi, başladı dəstəmaz almağa. Simurq göydən baxırdı, gördü ki, Şah Dəşküvarın bir üzüyü var ki, heç padşah xəzinəsində yoxdu. Dedi: bu üzük Simana bəsdi. Yerə enib, üzüyü vurdu caynağına, qalxdı göyə. Şah Dəşküvar Simurqun dalısınca ox atdı, amma ox Simurqa dəymədi. Şah Dəşküvar bu sirri saxlayıb özündə, başladı namazını qılmağa. Simurq özün yetirdi çobana, üzüyü verib, dedi:
– Min dalıma!
Çoban mindi Simurqun dalına, özünü yetirdi başqa bir şəhərə. Şəhərin yarım ağaclığında çobanı düşürüb dedi:
– Gedərsən bu şəhərə. Bu üzüyü verərsən filan tacirə, deyərsən ki, bu üzüyü Xəyyam tacir verdi, dedi ki, pul eləyib versin.
Çoban şəhərə gedib taciri tapdı, üzüyü tacirə verib, necə ki, Simurq demişdi, elə də tacirə dedi. Tacir üzüyü pul elədi, verdi çobana. Çoban pulu götürüb, özün yetirdi Simurqa. Simurq pulun dörddə birini çobana verib dedi:
– Apar bu pulu, bu şəhərdə Yemən vəzirə deyinən Dəşküvar deyir ki, atımın xərcini verib, atımı istəyirəm. Xəbər alsa ki, at nə rəngdədi? Deyərsən ki, ağ atdı, yalınının altı qırmızı. Amma atı nəbadə minəsən. Tez götür gəl bura!
Çoban şəhərə gəlib, getdi Yemən vəzirin yanına. Simurq necə demişdi, eləcə də Yemənə dedi.
Çoban pulu verib atı aldı, özün tez yetirdi Simurqa, Simurq öz tükündən çəkib bağladı atın yalına, atın yalından çəkib verdi çobana, atı buraxdı. Çobanı mindirib dalına, qalxdı göyə. Gəlib çatdı bir qalaçaya, çobana dedi:
– Bu qapını sındır!
Çoban qapını sındırdı, içəri girdilər. Bir dəst pəhləvan paltarı, on arşın uzunluğunda bir qılınc, yeddi dəyirman daşı ağırlığında bir gürz seçdilər. Simurq bunları aldı caynağına, çobanı da mindirib dalına, götürüb gəldi. Gördü ki, Siman başını qoyub anasının dizi üstə, yatıbdı. Simurq Simanı durğuzdu. Siman pəhləvan paltarını başdan geyib, ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı, qılıncın belinə bağlayıb, gürzü əlinə aldı, bir nərə çəkib gürzü əlində fırlatdı. Simurq tez atın tükünü bir-birinə çəkdi. Bir də gördülər ki, ağ at, yalının altı qırmızı, budu gəlib dayandı Simanın qabağında. Siman ata minib, başladı at çapıb, qılınc vurmağa, gürz oynatmağa. Ta bir müddət pəhləvanlığın hər yolunu öyrəndi. Bir gün anasına dedi:
– Ana, mən gedirəm yeddi günün səfərinə.
Anası dedi:
– Gəl getmə!
Dedi:
– Yox, gərək gedəm.
Siman at minib, çıxdı çölə, düz iki gün yol getdi, gəlib çıxdı çöllübəri- biyabana. Bərk acmışdı. Bir quş vurub, kabab bişirib, oturdu yedi, uzandı bir ağac sərinliyində rahat olsun, gördü ki, iki atlı gəlir. Atlılar Şah Dəşküvarın pəhləvanlarıdı. Siman bunları görən kimi durdu ayağa. Əl atıb xurcuna, atına bir ovuc kişmiş verib, özün söykədi qılıncına. Pəhləvanlar gəlib çatdı Simanın bərabərinə, xəbər aldılar kimsən? Buralarda neyləyirsən?
Siman dedi:
– Siz kimsiniz?
Pəhləvanlar dedilər:
– Biz Şah Dəşküvarın pəhləvanlarıyıq.
Siman dedi:
– Mən də bu yerlərin pəhləvanıyam.
Bu söz onlara acıq gəldi, əl atdılar qılınca. Siman da tez əlin atıb gürzə, bir nərə çəkdi ki, Simanın nərəsindən göydə quş qanad saldı. Gürzü atıb yerə, əl elədi qılınca. Qılıncı çəkib pəhləvanın birini cəhənnəmə vasil elədi. Əl atıb o biri pəhləvanın kəmərindən elə vurdu yerə ki, ombası çıxdı. Pəhləvan sürünə-sürünə üz qoydu qaçmağa, birbaş gedib Şah Dəşküvarın yanına, dedi:
– Taxtın dağılmasın nə durmasın?! Bir nəfər çöllü-bəri-biyabanda pəhləvan peyda olub, kim gəlir qabağına, vurub öldürür. Özü də deyir ki, Şah Dəşküvar kimdi, mən onu tanımıram. İstədik tutub gətirək hüzuruna, kiçik pəhləvanı vurub öldürdü, məni də elə vurdu yerə ki, ombam çıxdı.
Şah Dəşküvar bu sözdən çox qəzəblənib əmr elədi ki, vəziri çağırsınlar. Adam gedib vəziri çağırdı. Vəzir gəldi Şah Dəşküvarın hüzuruna, dedi:
– Buyur, qibleyi-aləm!
Şah Dəşküvar dedi:
– Bəs filan yerdə bir pəhləvan peyda olub, mənim də pəhləvanlarımın birini öldürüb. Qoşun götür, gedək görək bu necə pəhləvandı. Vəzir gedib qoşun hazırlığı gördü, gəlib Şah Dəşküvara xəbər verdi ki, qoşun hazırdı.
Şah Dəşküvar ata minib düşdü qoşunun qabağına. Başladılar yol getməyə. Şəhərdən çıxıb üz qoydular Simana tərəf. Eşit Siman pəhləvandan. Siman pəhləvanı öldürəndən sonra ata minib gəlirdi şəhərə tərəf ki, ombası çıxan pəhləvanı tutub öldürsün, bu dəmdə gördü qabaqda bir toz qopdu. Siman atın saxladı. Toz sakit olan kimi tozun içərisindən qoşun peyda oldu. Siman bir dağın döşünü özünə səngər eləyib, çəkib atını dayandı. Şah Dəşküvar özün yetirdi, durbinin qoyub gözünə bir o yana, bir bu yana baxıb gördü ki, burda bir pəhləvan var Şah Dəşküvar anadan olandan bu günə kimi istər şücaətdə, istər gözəllikdə belə bir pəhləvan görməmişdi.
Şah Dəşküvar vəzirə dedi:
– Olsa, bu oğlan olar. Tez bir adam göndər, onu çağırsınlar. Vəzir bir nəfər pəhləvan göndərdi Simanın hüzuruna. Pəhləvan gedib, Simana çatıb dedi:
– Ey oğlan, Şah Dəşküvar səni çağırır.
Simanın bu sözdən acığı tutub, əl atıb pəhləvanın kəmərinə, elə tulladı ki, yazıq pəhləvan gedib birbaş düşdü Şah Dəşküvarın ayağına. Şah Dəşküvar baxırdı, gördü bu pəhləvan elə zırpı pəhləvandı ki, qabağında dağ dayanmaz. Özü minib atına, istədi gedə, öz-özünə dedi: qoy vəziri göndərim.
Vəzirə dedi. Vəzir boyun qaçırtdı. Axırda Şah Dəşküvar atın sürüb birbaş özün yetirdi Simanın bərabərinə. Şah Dəşküvar çatıb salam verdi, amma gözaltı oğlana baxıb gördü ki, elə oğlandı Misiri, Şamı, Rumu gəzəsən belə gözəl tapmazsan. Şah Dəşküvar ta bayaq ürəyi gedib, yıxıldı yerə. Siman Şah Dəşküvarın saqqalından yapışıb qalxızıb oturtdu yerə. Su vurub üzünə, Şah Dəşküvarı ayıltdı.
Şah Dəşküvar dedi:
– Mən bu şəhərlərin padşahıyam. Sənin bu tərəflərə gəlməyini eşidib gəlmişəm. Mənim də oğlum yoxdu, gəl səni götürüm oğulluğa.
Siman dedi:
– Mən istəmirəm. Hələ mən özüm bu yerlərin pəhləvanıyam. Atam da çobandı. Mən hara, sən hara? Məndən əlini çək! Məndən sənə oğul olmaz.
Şah Dəşküvar çox yalvardı, Siman az eşitdi. Siman baxıb gördü ki, Şah Dəşküvar bundan əl çəkməyəcək, öz-özünə dedi: gedərəm, pənah Allaha. Razı oldu, qoşuldu Şah Dəşküvara. Şah Dəşküvar sevindiyindən heç bilmədi ki, nə eləsin. Tez çatdı qoşuna, əmr elədi ki, şadlıq eləsinlər. Qoşun əhli şadlıq eləyib sevindi. Şah Dəşküvar Simanı alıb yanına, birbaş gəldilər şəhərə. Bir neçə müddət Siman burada qalıb, baxıb gördü ki, ürəyi çox darıxır. Çünki Siman göz açıb özün meşə içində, çoban yanında görmüşdü. Şah Dəşküvarın yanında qalmaq ona bir cür gəlirdi. Odur ki, başladı darıxmağa. Bir gün aynaya baxıb gördü ki, çox geriyə gedib. Dedi ki, gərək çıxam gedəm.
Xəbər sənə verim kimdən, xəbəri sənə verim Şah Dəşküvardan. Şah Dəşküvar rəmmalın sözündən sonra, əmr vermişdi ki, təzə doğulan uşaqları tutub öldürsünlər. Padşahın bu əmrindən sonra hər gün üçdörd uşaq yox olurdu. Odu ki, bir dəstə camaat yığılıb, Şah Dəşküvara şikayətə gəldilər ki, bəs uşaqlarımız itir. Bizə bir əlac elə. Şah Dəşküvar şikayətə baxmayıb onları qovdu. Siman pəhləvan da bir yanda durub baxırdı. Gördü ki, Şah Dəşküvar çox ədalətsiz iş görür. Özün verib Şah Dəşküvarın qabağına, baş əyib dedi:
– Padşah sağ olsun, gərək bu itən uşaqların oğrusunu tapasan, yoxsa mən şəhəri alt-üst elərəm.
Padşah qorxusundan bəli-bəli dedi, amma tədbirini dəyişmədi. Elə yenə də gündə bir-iki uşaq yox olurdu. Şəhərdə rəiyyət arasında narazılıq artırdı. Axırda şikayət elədilər Simana.
Siman durub gəldi Şah Dəşküvarın yanına, dedi:
– Mən daha səbr eləyə bilmirəm. Gərək gedəm uşaq oğrularını tapam.
Şah Dəşküvar gördü ki, iş şuluqdu. Əgər Siman işə başlasa, işin üstü açılacaq. Neynim, neynim, axırda Simana dedi:
– Oğlum, mən qocalmışam. Sabah, biri gün düşüb öləcəyəm. Gəl mənə vəliəhd ol. Mən öləndən sonra, padşahlıq sənindi.
Siman razı olmayıb dedi:
– Mən gedirəm. Gərək bu oğruları tapam.
Siman səfərə hazırlıq görməkdə olsun, eşit vəzirdən. Vəzir gördü ki, Şah Dəşküvar Simandan o qədər qorxur ki, axırda padşahlığın da ona verəcək. Tez özünü yetirdi oğlunun yanına. Vəzirin Qəvvas adında bir oğlu var idi, oğluna dedi:
– Qəvvas, çörəyimi sənə halal eləmərəm, əgər Siman pəhləvanı sağ buraxsan. Gərək onu öldürəsən.
Qəvvas dedi:
– Nə yolla?
Vəzir dedi:
– Siman pəhləvan bu günləri şəhərdən çıxacaq. Mən də səni ona qoşaram. Hələ ki, qoşuldun ona, yolda bir məqam tapıb öldürərsən.
Qəvvas razı oldu. Siman da bu tərəfdən elə atını minirdi, gördü ki, vəzirin oğlu Qəvvas gəlir, xəbər aldı ki:
– Haraya gedirsən?
Vəzirin oğlu dedi:
– Çox darıxıram, istəyirəm səninlə gedəm.
Siman özünə elə bir yoldaş axtarırdı. Razı olub, vəzirin oğlu Qəvvası da özü ilə götürdü. Hər ikisi at minib, şəhərdən çıxdılar. At başı saldılar, başladılar sürməyə. Qəvvas atına bir neçə taziyana vurub, sürdü qabağa. Simanın atın keçib, bir qədər gedib, gözdən itdi. Amma Siman atın asta-asta sürürdü. Qəvvas qılıncın əlinə alıb, niqabın çəkdi üzünə. Yetmiş yeddi yerdən özün sərrast edib, qayıtdı, at başı saldı Simanın üstünə. Sürüb atını az qalmışdı ki, gəlib çatsın Simana. Siman gördü ki, gələn Qəvvasdı. Tez əlin uzadıb yapışdı Qəvvasın kəmərindən. Qalxızıb göyə, istədi vura yerə, Qəvvas səsləndi ki:
– Siman, and olsun cavan canına, mən səninlə hənək eləyirdim.
Siman Qəvvası yavaş-yavaş qoydu yerə. Başladılar yol getməyə. Dərə-təpə gedib, çatdılar bir düzə. Qəvvas yenə də at başı salıb, atın başını qaytardı, çəkib niqabını üzünə, sürdü düz Simana tərəf. Qəvvasın atı güllə kimi gəlib yetişincə Qəvvas çəkib qılıncını istədi ki, endirə Simanın təpəsin, Siman əlini qaldırıb, yapışdı Qəvvasın biləyindən, qapıb qılıncını aldı, qalxızıb Qəvvası yuxarı, elə vurdu yerə ki, heç tikəsi də ələ keçmədi. Siman Qəvvası vasil eləyib cəhənnəmə, minib atına, başladı getməyə. Az gedib, çox dayandı, çox gedib az dayandı, gəlib çatdı bir şəhərin qırağına. Gördü ki, bura bir qalaçadı. Amma qalaçada adam-zad görünməyir. Düşüb atından, yumşaq bir otun üstündə atına bir az kişmiş töküb, özü də uzandı ki, dincliyini ala. Siman burda yatmaqda olsun; xəbər verim kimdən, xəbər verim sizə Dəzivar padşahdan. Dəzivar padşah əlində durbin qalaçadan baxırdı ki, görsün onun torpağına gələn kimlərdi. Çünki Dəzivarın torpağına hələm-hələm adamlar sağ gəlsəydi, salamat qayıtmazdı. Dəzivar padşah gördü ki, onun otlağına bir at buraxıblar, pəhləvan da yatıbdı. Dəzivar öz divlərindən bir neçəsini göndərdi ki, gedib görsünlər o bəni-adəm kimdi, götürüb gəlsinlər hüzuruna. Divlər tez qalaçadan çıxıb, özlərini yetirdilər Simana.
Siman uzanmışdı, at gördü ki, div gəlir, başladı kişnəməyə. Siman səsə ayılıb gördü ki, div gəlir, tez minib atına dayandı. Divlər gəlib çatdılar. Siman çəkib qalxanı başına elə bir qılınc çaldı ki, divin biri yeddi parça oldu, başladı o biri divlərlə davaya.
Dəzivar qalaçadan baxırdı, gördü ki, heç bəni-adəmə oxşamır. Tez qoşun göndərdi. Siman gələn-gələni qırıb, cəhənnəmə vasil eləyib, özünü yetirdi Dəzivarın şəhərinə. Nə ki, divlər var idi, qırıb çatdı. Axırda Dəzivar özün yetirdi meydana. Yeddi dəyirman daşından qayırılmış gürz əlində, gəlib durdu Simanın bərabərində. Siman bir nərə çəkib, gürzü aldı əlinə, üç dəfə göydə fırlatdı. İkinci nərədə elə bir gürz Dəzivarın təpəsinə endirdi ki, Dəzivar xamır kimi yerə yayıldı. Siman Dəzivarı doğradı. Girib şəhərə, qalan divləri də qırdı, gördü ki, bir kiçik div qalıb. İstədi vurub öldürə, div dedi:
– Məni öldürmə, özünə qulam götür!
Siman razı olub, balaca divi götürüb, adını qoydu Adamzad. Siman minib atına, Adamzadı da mindirib ayrıca ata, başladılar şəhərdən çıxmağa. Üz qoydular Şah Dəşküvarın vilayətinə. Bir neçə müddət yol gedib, axırda özlərini yetirdilər Şah Dəşküvarın vilayətinə. Şah Dəşküvara xəbər getdi ki, Siman gəlir, amma yanında da bir div gətirir. Vəzir bayıra çıxıb gördü ki, Siman gəlir, amma Qəvvas yoxdu. Vəzirin kürkünə birə düşdü. Bildi ki, Qəvvası Siman öldürübdü. Qorxusundan bir söz demədi. Şah Dəşküvar xəbəri səhih bilib qorxusundan adam göndərdi pişvaz elədilər, Simanı götürüb gətirdilər. Şah Dəşküvar üzdən sevinirdi, amma ürəkdə Allah bilir ki, nələr çəkirdi. Siman bir neçə müddət burada qaldı. Bir gün xəbər gəldi ki, Firəng padşahı Şah Dəşküvardan yeddi ilin bac-xəracını istəyir. Ya gərək bac-xəracı verə, ya da gərək davaya hazır ola. Şah Dəşküvar vəziri çağırıb dedi:
– Vəzir, tədbir gör! Ya yeddi ilin bac-xəracını verməliyik, ya da dava eləməliyik.
Vəzir istəyirdi ki, Simanı aradan yox eləsin, dedi:
– Sənin Siman kimi pəhləvanın var. Göndər Firəng padşahının qabağına, yarım saatın içində qırıb çatsın.
Şah Dəşküvar bu işə razı olub xəbər verdi ki, Simanı çağırsınlar hüzuruna. Adam getdi, Simanı tapdılar, götürüb gəldilər padşahın hüzuruna. Siman ədəb-salamını yerinə yetirib durdu Şah Dəşküvarın əmrində. Siman müntəzirdi. Şah Dəşküvar dedi:
– Oğul, Firəng padşahı bizdən yeddi ilin bac-xəracını istəyir. Ya verməliyik, ya da dava eləməliyik. Gəl mən sənə on min qoşun verim, çıx Firəng padşahının qabağına.
Siman razı oldu. Şah Dəşküvar qoşun verdi. Səhər tezdən xəbər gəldi ki, Firəngin qoşunu gəlib, şəhərin bir ağaclığındadı. Siman tez durub libasını geyib, yetmiş yeddi yerdən özünü möhkəm bağladı, sonra niqabın çəkib üzünə, qılıncın aldı əlinə, bir nərə çəkib vurdu özünü dəryayi-ləşkərə. Birinci nərədə başladı at oynatmağa, ikinci nərədə on arşın qılıncını qılafından çəkib, üçüncüdə elə bir nərə vurdu ki, göydə quş qorxusundan qanad saldı. Özün vurub ləşkərə sağdan vurub, soldan çıxdı, soldan vurub sağdan çıxdı, başladı qoşunu taxıl kimi biçməyə. Firəng qoşununu qırıb qurtardı. Göz gəzdirib o yana, bu yana gördü ki, qoşunun öləni ölüb, qaçanı qaçıbdı. Amma iki pəhləvan qalıb. Tez pəhləvanın birilə başladı cəngə. Qılınc çəkib pəhləvanı cə- hənnəmə vasil elədi. Bundan sonra o biri pəhləvan durub gəldi Simanın bərabərinə. İki pəhləvan qılınc çəkdilər, endirdilər bir-birinin təpələrinə. Baxıb gördülər qılıncdan bir şey çıxmır, qılıncları atıb yerə, əl atdılar gürzə, başladılar bir-birinə gürz atmağa. Siman gördü ki, gürzdən də bir şey çıxmadı; atıb gürzü yerə, bir nərə çəkdi ki, daha nə təhər. Şah Dəşküvar da bu dəmdə çıxıb yuxarıdan tamaşa edirdi. Simanın nərəsinin zərbəsindən Şah Dəşküvar özünü bir boy atdı, gördü ki, Simanın gözləri qızıb, özün-sözün bilmir. Siman əl atıb pəhləvanın bel kəmərinə, qalxızıb göyə, bir də nərə vurub göydə fırlatdı, bir qullacla elə atdı ki, Firəng padşahının pəhləvanı gedib düşdü Şah Dəşküvarın ayağının altına. Şah Dəşküvar gördü ki, Siman Firəngin qoşununu qırıb tamam elədi, sevindiyindən aşağı düşüb Simanın adına təbil vurdurdu. Vəzir eşitdi ki, Siman sağ-salamat davadan qayıdıb, başladı yanıb tökülməyə. Siman gəlib əlini, üzünü yudu, təmizlənib, neçə gün, neçə gecə dincəlməyə başladı. Bir gün durub gəldi Şah Dəşküvarın yanına, dedi:
– Gəlmişəm sənin yanına bir xahişə.
Şah Dəşküvar dedi:
– Buyur!
Siman dedi:
– Gərək vəzirin qızını verəsən mənim div Adamzadəmə.
Padşah başını aşağı salıb getdi fikrə. Vəzir də bu yandan yanayana durub baxırdı. Siman dedi:
– Nə deyirsən? Razı olmasan, yerlə göyü bir eləyərəm.
Şah Dəşküvar əlacı kəsilib, dedi:
– Razıyam.
Yeddi gün, yeddi gecə toy eləyib, Siman vəzirin qızını zor-güc alıb verdi Adamzada, özü də Şah Dəşküvara tapşırdı ki, əgər mənim bu div Adamzadəmin başından bir tük əskik olsa, yerlə göyü bir eləyəcəyəm. Bundan sonra atını minib üz qoydu çöllü-bəri-biyabana. Bu getməkdə olsun, Şah Dəşküvarla vəzir oturub öz günlərinə ağlayırdılar. Eşit Simandan.
Siman at başı salıb, dərələrdən yel kimi, təpələrdən sel kimi, badisərsər kimi, ayaq üzəngidə, diz qabırğada, özün yetirdi çəmənə. Gördü ki, bir ceyran kolun dibindən çıxıb üz qoydu qaçmağa. Siman at başı saldı ceyranın dalısınca. İstədi ha burda, ha orda ceyranı tuta. Gördü ki, ceyranı tuta bilməyəcək, kəmənd atdı. Üçüncü kəmənddə ceyranı tutdu. Siman ceyranı tutub, istədi kəsə başını, ceyran tez cildindən çıxıb, oldu bir qarı. Siman gördü ki, bu tilsimmiş. Tez tutub qarının biləngindən, istədi öldürə, qarı başladı yalvarmağa ki, gəl məni öldürmə, mən sənə bir şey verim ki, dünyalara dəyər.
Qarı tez əlin atıb qoltuq cibindən bir qız şəkli çıxartdı, elə biləsən Allah taala bu qızı birinci dəfə xəlq eləyibdi. Qaşları qara, kirpikləri ox, yanaqları qaymaq, dodaqlarına elə bil ki, qan çilənibdi. Siman xeylağ qızın şəklinə baxıb qarıya dedi:
– Qarı, de görüm bu kimin şəklidi?
Qarı dedi:
– Bu Xan-xani-Çinin qızı Pəridux xanımın şəklidi. Bunun kiçik bacısı da divlər şəhərində əsirdi.
Bunu deyən kimi, qarı yel olub gödən itdi.
Siman gördü ki, qarı yox oldu. Peşman oldu ki, gərək qarını əldən buraxmayaydı. Amma el deyər ki, “daldan atılan daş topuğa dəyər”. Siman at minib başladı div şəhərinə getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, gəlib çatdı bir düzəngaha. Gördü ki, burda bir quyu var, ağzında da bir çöl xoruzu oturub. İstədi çöl xoruzunu tuta, bu dəmdə Simanın qulağına bir səs gəldi. Siman tez dala dönüb gördü ki, bir ağacdı, quyudan neçə addım uzaqda. Amma bu ağacın qollarına haça vurulub, qoca yaşlı bir kişi xeylağı oturubdu onun ortasında. Siman tez özünü yetirib xəbər aldı ki:
– Burda neynirsən?
Qoca dedi:
– Mənim qardaşım tilsimdədi.
Siman dedi:
– Hansı tilsimdədi? Sənin qardaşın kimdi?
Qoca dedi:
– Bu çöl xoruzunu görürsən? Bu bir qarıdı ki, hər bir heyvanat cildinə girir. Bir gün ceyran cildinə girib, çıxır qardaşımın qabağına. Qardaşım bu qarını ceyran bilib istəyir ki, tuta, amma qarı qardaşımı salır tilsimə. İndi neçə ildi ki qardaşım tilsimdədi, mən də avara-sərgərdan gəzirəm. Amma bir abiddən eşitmişəm ki, Siman adında bir pəhləvan olacaq, neçə zalım padşahları öldürüb, bu tilsimləri də qıracaq. Odu ki, gəlib oturmuşam burda, gözləyirəm Simanın yolunu.
Siman özünü tanış verib kişiyə, kişi durub ayağa, istədi Simanın ayağından öpə, Siman razı olmadı. Siman kişinin adını xəbər alıb bildi ki, Məlikdi.
Dedi:
– İndi ki mənə pənah gətiribsən, razıyam, gəl gedək! Mən gedirəm Xan-xani-Çinin vilayətinə.
Məlik razı olub, qoşuldu Simana, başladılar yol getməyə. Siman atın minib, Məliki aldı tərkinə, yol elədi günçıxan tərəfə. Az gedib çox dayandılar, çox gedib az dayandılar, axırda gəlib çatdılar bir şəhərə. Siman atdan düşüb, atın çəkdi karvansaraya, özləri də gedib girdilər aşbazxanaya.
Siman bir qoyun alıb bişirtdi. Məliklə yeyib gecəni qaldılar orda. Səhər Siman durub Məlikə bir at tapdı. Hər ikisi ata minib düşdülər yola. Bəli, belə deyirlər: dərələrdən yel kimi, təpələrdən sel kimi, badi-sərsər kimi, əlində taziyana, baxır o yan bu yana, belində qılıncı, əlində gürzü, ayaq üzəngidə, diz qabırğada, düz bir il ruzigar yol gedib axırda çatdılar bir dağın döşünə. Siman gördü ki, qabağına iki yol çıxdı. Yolun sağını qoyub, üz qoydu soluna. On gün, on gecə yol getdilər. Siman bərk yorulmuşdu, çatıb bir bulaq başına, düşüb atından, atların sulayıb, əl-üzlərin yudular, oturub çörək yedilər, günü batırıb, gecəni növbə ilə yatıb, səhər tezdən durub, minib atlarına, üz qoydular getməyə. Az gedib çox dayandılar, çox gedib az dayandılar, gəlib çatdılar bir şəhərə.
Siman xəbər aldı:
– Bu kimin şəhəridi?
Məlik dedi:
– Bu şəhər o gördüyün qarının ortancıl oğlunun şəhəridi. Adına da Şah Div Firuz deyirlər.
Siman dedi:
– Gərək gedəm görəm Div Firuz necə padşahdı ki, bütün padşahlar ondan qorxur.
Məlik çox dil-ağız elədi ki, gəl getmə; Siman dedi: yox, gərək gedəm. Siman at salıb qabağa, Məlik də onun dalısıncan gəlib çatdılar şəhərin darvazasına. Elə ki çatdı, Siman bir nərə çəkdi ki, yer-göy nərənin zərbindən zəlzələyə gəldi. Bu dəmdə Div Firuz keyfdə idi. Simanın nərəsini eşidən kimi Div Firuz bir boy atıb diksindi. Tez adam göndərdi ki, gedib görsünlər bayırda bu nə səsdi. Divlər gəlib şəhərdən qırağa, gördülər ki, şəhərin darvazasının qabağında iki atlı dayanıb. Özü də atlıların biri qoca, biri cavandı. Gəlib irəli dedilər: kimsiz, nəçisiz? Simanın bu sözdən acığı tutub, yapışıb boyunlarının ardından iki divi elə vurdu kəllə-kəlləyə ki, canları elə orda çıxdı. Div Firuz göndərdiyi adamların gəlib çıxmadığını görəndə iki div də göndərdi ki, xəbər gətirsinlər. Siman dayanmışdı, gördü ki, iki dənə də div gəlir. Divlər gəlib çatdılar Simana, Siman bu divləri də cəhənnəmə vasil elədi. Div Firuz bir qədər gözlədi, gördü ki, divlərdən də xəbər çıxmadı. Axırda özü çıxıb qalaçaya, alıb durbini əlinə, qalaçadan durdu baxmağa. Gördü ki, göndərdiyi divlərin cəmdəyi yerdədi. Amma darvazanın qabağında bir pəhləvan dayanıb ki, şücaətdə tayı yoxdu. Div Firuz nə ki, divlər vardı, yığıb göndərdi Simanın qabağına. Siman gördü ki, qoşunun qabağı açıldı. Tez bir nərə çəkib, əl atdı on arşın qılıncına, özün vurdu dəryayi-ləşkərə. Taxıl kimi başladı bu divləri qırmağa. Div Firuza xəbər gətirdilər ki, nə qoşunu var Siman qırıb çatdı. Bu xəbəri Div Firuz eşidən kimi özünü itirdi, uşaq kimi ağlamağa başladı. Bu tərəfdən də Siman Firuzun qoşunlarını qırıb, qurtarmışdı. Gördü ki, Div Firuz gəlmir, istədi girə şəhərə. Xəbər getdi Div Firuzə ki, Siman girib şəhərin içinə. Div Firuz dava paltarını geydi, başdan geyinib ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı, gürzü alıb əlinə, çıxdı şəhərdən qırağa. Siman da Firuzu gözləyirdi. Gördü ki, Div Firuz özüdü. Əl atıb qılıncına, başladılar davaya. İki gün, iki gecə dava eləyib, elə eləyib, elə ki, qılıncdan, gürzdən çıxdılar, başladılar kəmər yapışmağa. Siman yapışırdı Div Firuzun kəmərindən, istəyirdi qaldırıb göyə çırpsın yerə, gücü çatmırdı. Siman gücünü verirdi yerə, Div Firuz əl atırdı Simanın kəmərinə başlayırdı dartmağa.
Beləliklə, bunlar düz üç gün vuruşdular. Siman bərk yorulmuşdu. Canını boğazına yığıb, bir nərə çəkdi ki, göydə gedən quş qanad aldı. Bu nərədən dağ-daş titrəməyə başladı. Siman verib özünü irəli, yapışdı Div Firuzun kəmərindən, sol dizini verdi yerə, sağ əli ilə Div Firuzu qalxızıb göyə, elə vurdu yerə ki, cəmdəyi yetmiş yeddi tikə olub, səpələndi çölün düzünə. Siman durub ayağa, əl-üzünü yuyub Məliki götürüb, özü ilə bərabər girdi qalaçaya. Başladı qalaçadakı otaqları birbir gəzməyə. Gördü ki, iki otaq var. Açıb otaqların birini, o yana, bu yana baxıb, gördü ki, burda bir qız var, gəl görəsən... Qız Simanı görən kimi aşiq olub, dedi:
– Heyif cavan səndən, gəlib çıxıbsan buraya. Div Firuz xəbər tutsa səni öldürər. Tez ol qaç burdan!
Siman iki barmağın qatlayıb, üç barmağı ilə qızın ağzına iki sillə vurdu, qızın ağzı doldu qanla, dedi:
– Div Firuz çoxdan cəhənnəmə vasil olub, nə səfeh-səfeh danışırsan? De görüm sən kimsən, burda neyləyirsən?
Qız dedi:
– Mən Xan-xani-Çinin kiçik qızıyam. Bir ildi ki, divlər məni gətirib salıb bura. Atam bilsə ki, sən Div Firuzu öldürübsən məni verər sənə.
Siman yapışıb qızın qolundan çıxartdı şəhərdən bayıra, dedi:
– Azadsan, gedə bilərsən atanın yanına.
Qız dedi:
– Sən dayan burda, mən gedim atama xəbər verim ki, bir pəhləvan gəlib Div Firuz öldürüb, məni də azad etdi. Atam sənin qabağına qoşun çıxartsın.
Siman dedi:
– Lazım deyil. Get deyirəm sənə, get!
Qız qulaq asmayıb, tez özünü yetirdi atasının torpağına. Eşit Simandan! Siman üz qoydu Xan-xani-Çinin şəhərinə tərəf getməyə.
Gəlib şəhərə çatmışdı, amma bu tərəfdən də şəhərdə bir qəza üz vermişdi. Xan-xani-Çinin darğasını öldürmüşdülər. Xan-xani-Çin də darğanı öldürənləri tutdurub əmr vermişdi ki, dar ağacından assınlar. Darçı dəmbədəm idi ki, həmin adamları tutub çəkə dara, Siman tez özünü yetirib, gördü ki, dar ağacı qurulub. Xəbər aldı camaatdan ki:
– Burda nə olub?
Camaat Simanı başa saldı. Siman düşdü atdan, adamları darçının əlindən alıb azad elədi. Darçı çox atlanıb düşdü. Simanın acığı tutub bunların yerinə darçını çəkdi dara.
Xan-xani-Çinə xəbər getdi ki, bir nəfər gəlib sənin qanun-qaydanı pozub, darçını da öldürdü. Xan-xani-Çin pəhləvan göndərdi Simanın qabağına. Siman gördü ki, Xan-xani-Çinin pəhləvanı gəlir. Əl atıb qılınca, bir nərədə pəhləvanı cəhənnəmə vasil elədi. Xan-xani-Çinə xəbər getdi ki, xeyir a, bu adam elə adamdı ki, nəinki bir pəhləvan, on pəhləvan da ona cavab verə bilməz.
Xan-xani-Çin istədi qoşun göndərə, Xan-xani-Çinin kiçik qızı özünü yetirdi. Xan-xani-Çin qızını görən kimi sevindi, xəbər aldı ki:
– Səni kim qurtardı?
Qız dedi:
– Odu, Siman adında bir pəhləvan gəlib, şəhərdədi. Div Firuzu öldürüb məni azad elədi.
Xan-xani-Çin gördü ki, əgər qoşun göndərsə Siman qırıb çatacaq. Həm də Div Firuz Xan-xani-Çinə çox korluq vermişdi. Odu ki, bəxatir danışmadı, qoşun göndərməyib, özü durub çıxdı Simanın qabağına.
Siman Məlikdən xəbər aldı ki:
– Bu kimdir?
Məlik dedi:
– Xan-xani-Çindi, gəlir.
Xan-xani-Çin gəlib yetişdi Simanın müqabilinə, dedi:
– İndi ki, qızımı Div Firuzun pəncəsindən qurtarmısan, qızım da sənin, gəl gedək bizə!
Siman Məliki verdi qabağa, düşdülər Xan-xani-Çinin dalısınca getdilər.
Xan-xani-Çin onları qəbul elədi. İki gün, iki gecə böyük şadlıq elədilər. Eşit Xan-xani-Çinin kiçik qəzəndan. Xan-xani-Çinin kiçik qızı gedib böyük bacısı ilə görüşdü. Böyük bacı kiçik bacıdan xəbər aldı ki:
– Necə oldu divin əlindən qurtardın?
Kiçik bacı başına gələni danışıb, axırda dedi:
– Məni Siman pəhləvan qurtardı.
Qız o qədər Simanı tərif elədi ki, Xan-xani-Çinin böyük qızı Pəridux xanım görməmiş bilməmiş Simana aşiq oldu. Siman bu qalmaqla bir neçə gün burda qaldı. Eşit Xan-xani-Çindən. Xan-xani-Çin Div Firuzun qorxusundan neçə illər olardı ki, şəhərdən bayıra çıxmırdı. Bir gün vəziri çağırtdırıb dedi ki:
– Vəzir, neçə ildi mən Div Firuzun qorxusundan heç səyahətə çıxmamışam. İstəyirəm ki, Simanı da götürüb iyirmi günün səyahətinə gedəm, qoşun hazırla!
Vəzir baş əyib Xan-xani-Çindən ayrıldı. Qoşun hazırlandı. Tədarük görülüb, şeypur çalındı. Xan-xani-Çin Simanı çağırtdırdı, Siman gəldi hüzuruna. Simana dedi:
– At min, mənimlə şikara gedirik.
Siman dedi:
– Qoy səninlə mənim əmim getsin, mən qoşunla getməyə adət eləməmişəm.
Xan-xani-Çin razı olub, Məliki alıb yanına, at minib, düşdülər qoşunun qabağına. Təbil vurulub şəhərdən çıxdılar kənara. Siman da atı minib qoşundan bir az dalda gedirdi.
Qoşun dərə-təpələri keçib, çıxdı bir yola. Xan-xani-Çinin qabağında pəhləvanlar at oynadırdılar, qılınc oynadırdılar, ta gəlib çatdılar bir çayın kənarına. Başladılar çay başıyuxarı getməkdə olsunlar, ta bir müddət yol gedib, çatdılar bir meşənin kənarına. İstədilər ki, meşə ağzında çadır qursunlar. Bu dəmdə qəflətən bir əjdaha Xan-xani-Çinin qabağına çıxıb ağzını mağara kimi açdı; istədi Xan-xani-Çinlə Məliki uda. Xan-xani-Çin haray elədi, qoşunu köməyə çağırdı. Amma qoşun qorxusundan yaxın durmayıb, başladılar qaçmağa. Siman gördü ki, qoşun qaçır, Məliki də bu saat əjdaha yeyəcək. Tez özün yetirdi əjdahaya. Durub əjdahanın bərabərində, çəkib qılıncı ta bayaq əjdahanı iki bölüb, cəhənnəmə vasil elədi.
Bunu görən Xan-xani-Çin çox sevindi, amma yan-yörəsinə diqqət edib, on min qoşundan, bircə Simandan başqa, heç bir əsər görmədi. Əmr verdi ki, on min qoşunun gözünü çıxartsınlar. Siman bu sözü eşidən kimi, gəlib Xan-xani-Çinin bərabərinə, qoymadı ki, on min qoşun gözsüz qalsın. Bunu eşidən qoşun əhli Simandan çox razı oldu. Təbil vuruldu Simanın adına. Təbil saxlanılıb başladılar çadır qurmağa. Çadır qurulub qurtarandan sonra o günü səhərdən axşamacan keyf çəkib, gecəni yatdılar. Səhər açıldı, Xan-xani-Çin yuxudan oyanıb, Məliklə meşəni bir qədər gəzib dolandı. Qayıdıb gəlib gördü ki, Siman yoxdu. Xəbər aldı ki:
– Siman hanı?
Simandan soraq verən olmadı.
Sənə xəbər verim kimdən, xəbər verim sənə Simandan, Siman atı minib üz qoydu şəhərə tərəf. Siman yolla gəlirdi, az gedib çox dayandı, çox gedib az dayandı, gedib çatdı bir dərəyə. Bu dəmdə Simanın qabağına bir dovşan çıxdı. Siman dovşanı görən kimi, atını sürdü dovşanı tuta. Dovşan başladı qaçmağa. Tez əlin atıb kəməndə bir neçə kəmənd atdı, kəməndi boşa çıxdı. Dovşan qabaqda, Siman dalda güllə kimi gedirdilər. Dovşan özünü tez saldı Xan-xani-Çinin nar bağına. Siman bağın içində başladı atın sürməyə. Nə ki, Xan-xani-Çinin gülləri, çiçəkləri vardı, atın ayağının altında qoyub tələf elədi. Amma dovşan toz olub gözdən itdi. Siman çox axtardı, dovşanı tapa bilmədi. Axırda yorulub əl əkdi dovşandan, gəlib bir böyük çarhovuzun yanında atın açıb, yancidar elədi, qabağına qaysı, kişmiş töküb, çıxdı çarhovuz üstünə. Əl-üzünü yuyub bir qədər sərinləşib, qalxanını yastıq eləyib qoydu başının altına, uzanıb yatmaqda olsun, xəbər verim sənə kimdən, xəbər verim sənə Xanxani- Çinin böyük qızı Pəridux xanımdan.
Pəridux xanımı çox padşahlar istəyirdi. Amma Xan-xani-Çin Pəridux xanımı verməyirdi. Pəridux xanım öz kiçik bacısından Simanın bir neçə nişanələrini öyrənmişdi. Görməmiş Simana aşiq olub, hər gün intizarla onun sorağını gəzirdi. Pəridux xanım evdən bayıra çıxıb, özünü yetirdi nar bağına. Gəzirdi, gördü ki, bağın içərisində at ləpiri var. Atın ləpirinin izini tutub, birbaş gəlib çıxdı çarhovuzun qırağına, gördü ki, burda bir oğlan yatıb ki, şücaətdə, gözəllikdə, qəddi-qamətdə tayı heç yerdə yoxdur. Tez kiçik bacısının dediyi nişanələri gözünün qabağına gətirib, öz-özünə dedi: olsa-olsa Siman bu olacaq. Pəridux xanım təzədən aşiq olub, məhəbbəti ürəyində neçə qat artdı. Oturub Simanın başı üstündə, əl atdı qalxanını götürdü, dizini yastıq eləyib qoydu başının altına, başladı üzünü yelləməyə. Siman yatmışdı, gördü ki, başı çox yumşaq yerdədi, üzünə də elə sərin ətirli yel dəyir ki, elə bil behiştdədi. Açıb gözlərini gördü ki, başı üstündə bir qız var ki, Misiri, Rumu axtarsan belə gözəl qız tapmazsan.
Siman qızdan xəbər aldı ki:
– Kimsən?
Pəridux xanım dedi:
– Xan-xani-Çinin qızı Pəridux xanımam. Sən kimsən?
Siman özünü tanış verdi, sonra əlini atıb qoltuq cibinə, şəkli götürüb bir şəklə baxdı, bir qıza, gördü ki, qarı deyən qızdı. Oturub başladılar söhbətə. Pəriduxun ürəyində o qədər Simanın məhəbbəti vardı ki, istədi iki busə verə Simana. Siman busələri almadı. Axırda Pəridux başladı ağlamağa. Siman gördü ki, Pəriduxun gözləri yaşla dolub, yaş damlası al yanağının üstündə almaz kimi parlayır. Siman özünü saxlaya bilməyib, başladı Pəriduxa ürək verməyə, sonra da ondan iki busə aldı. Hər ikisi əl-ələ, qol-qola verib, çarhovuzun üstündən düşüb gəldilər ağacın altına. Uzanıb yatmaqda olsunlar, eşit Xan-xani-Çindən. Xan-xani-Çin Simandan çox nigaran qalıb, əmr verdi ki, çadırlar yığılsın, qatırlar yüklənsin. Gedib qoşun əhli çadırları yüklədilər qatırlara, hərə minib öz atına, Xan-xani-Çinlə Məlik düşdü qabağa, atlarının başını qaytarıb birbaş gəlib çıxdılar nar bağına. Xan-xani-Çin çox yorulmuşdu, öz-özlüyündə dedi ki, gedib bir az nar bağında meyvə yeyim. Qoşunları bayırda saxlayıb Xan-xani-Çin bir az meyvə yeyib, baxıb gördü ki, həyətdə at ləpiri var. Tutub at ləpirlərini çıxdı birbaş ağacın altına. Gördü ki, qızı Pəriduxla Siman qucaqlaşıb yatıblar. Xanxani- Çinin ovqatı təlx olub, tez qayıtdı dala. Əmr verdi ki, qoşun getsin şəhərə. Qoşun yola düşdü, özü də atı minib, gəlib çıxdı taxtına, vəziri çağırtdırdı. Vəzir gəldi, baş əyib Xan-xani-Çinə, dayandı əmrində.
Xan-xani-Çin dedi:
– Vəzir, bundan qabaq qorxum Div Firuzdandı. Amma indi qorxum Siman pəhləvandandı.
Vəzir xəbər aldı:
– Nə olub? Niyə ovqatın belə təlxdi? Niyə belə qorxursan?
Xan-xani-Çin nar bağının hekayətini vəzirə danışdı. Amma vəzirin dilindən bir kağız aldı ki, bu sirri heç kəsə deməsin. Vəzirdən məsləhət istədi. Vəzir belə məsləhət gördü ki, qonaqlıq çağırıb, həmin qonaqlığa da Simanı çağırsınlar. Şərab məclisi qurub, şərabın içində bihuşdarı verib Simanı bihuş edəndən sonra, öldürsünlər. Xan-xani-Çin vəzirin bu hiyləsindən razı olub dedi:
– Əgər bu iş baş tutsa qızım Pəriduxu sənin kiçik oğluna verəcəyəm.
Xan-xani-Çin ertəsi gün günortaya xörək bişirtdirib, Simanı da məclisə qonaq çağırdı. Məclis başlamışdı keyfə, şərabın içinə bihuşdarı töküb içirtdilər Simana. Siman bihuş olub bir yana yıxıldı. Vəzir Simanın əl-qolunu bağlayıb, atdı otağın birinə ki, səhər tezdən öldürüb meyidini atsınlar çaya. O biri tərəfdən Simanın əmiliyi Məlikin əl-qolunu bağlayıb atdılar çaya.
Siman da o biri otaqda qalmışdı. Bihuş idi, özündən xəbəri yox idi. Eşit Simurqdan. Simurq Div Firuzun qorxusundan bu tərəflərə gələ bilməzdi. Eşitmişdi ki, Div Firuzu Siman öldürübdü, özü də bərk dardadı. Qanad çalıb özünü yetirdi Xan-xani-Çinin torpağına. Gəzib Simanı tapdı, gördü ki, qabağında böyük bir pəncərə var. Vurub qanadı ilə şüşəni sındırıb, saldı özünü içəri, gördü ki, Siman bihuş yıxılıb evin bir küncünə. Tez Simurq dava-dərman eləyib, Simanı ayıltdı. Siman haçandan-haçana özünə gəlib, gördü ki, Simurq başının üstündə dayanıb. Durub öpdü Simurqun qanadından, xəbər aldı:
– Nə olub, niyə gəlmisən?
Simurq dil açıb Simanı başa saldı, mindirib dalına aparıb qoydu nar bağına.
Dedi:
– Siman, al bu tükü, darlığa düşsən bu tükləri bir-birinə çəkərsən, mən harada olsam gəlib harayına çataram. Amma qorxma, sənə ölüm yoxdu.
Siman Pəriduxu tapıb haman saat başladılar keyfə. Xəbər getdi Xan-xani-Çinə ki, bəs Siman ayılıb qaçıbdı, özü də nar bağında qızın Pəridux xanımla eyş-işrətdədi. Xan-xani-Çin bu işdən çox qəzəblənib, bir tərəfdən də qorxuya düşüb vəziri çağırtdırdı. Vəzir Xan-xaniÇinin yanına gəldi, ədəb salamını yerinə yetirib dedi:
– Əmrin nədi?
Xan-xani-Çin dedi:
– Vəzir, tədbir! Yoxsa qız əldən çıxar, özüm də padşahlar yanında xəcil olaram.
Vəzir xəbər aldı ki:
– Nə olub?
Xan-xani-Çin dedi:
– Simana bihuşdarı əsər eləməyib. Gecə vaxtı ayılıb, özün salıb nar bağına. Pəriduxu tapıb, onunla keyfdədi. Vəzir, tədbir tök!
Vəzir dedi:
– Ocıbınıx padşahı yer üzündə çox möhkəm padşahdı. Özü də sənin qızını istəyir. Gəl Simanı göndər davaya. Siman Ocıbınıx padşahının torpağından sağ-salamat gəlib çıxa bilməz. Yəqindi ki, Ocıbınıx padşah onu öldürəcək.
Xan-xani-Çin vəzirin bu məsləhətinə afərin deyib, adam göndərdi nar bağına ki, Simanı çağırtdırsınlar.
Adam gəlib nar bağında Simana xəbər verdi ki, Xan-xani-Çin səni çağırır.
Siman bunu eşidib, Pəridux xanımdan ayrılıb, durub gəldi Xanxani- Çinin hüzuruna. Baş əyib ədəb salamını yerinə yetirib, durdu Xan-xani-Çinin hüzurunda.
Xan-xani-Çin dedi:
– Siman, Ocıbınıx padşah mənim qızım Pəridux xanımı istəyir. Əgər qızı verməsəm, biznən dava edəcək. Bilmirəm qızı verim, ya dava edim.
Siman gördü ki, Pəridux xanım əldən çıxacaq, razı olub dedi:
– Qoşun ver mənə!
Qoşun alıb Xan-xani-Çindən, üz qoydu Ocıbınıx padşahının torpağına. Siman gedirdi, amma vəzir özün yetirdi Ocıbınıx padşahın yanına, dedi:
– Siman adlı bir pəhləvan peyda olub, Xan-xani-Çindən Pəridux xanımı istəyir. Xan-xani-Çin də verməyib belə cavab verdi ki, guya qızı Ocıbınıx padşaha adaxlıdı. Odu ki, Siman səninlə davaya gəlir, hazır ol!
Ocıbınıx padşah şəhərin qırağına qoşun qoyub, özü də qalaçadan durbinlə baxırdı, bir gördü ki, Siman öz qoşunu ilə üz qoydu şəhərə. Ocıbınıx dava şeypurunu çalıb, Simana aman verməyib qoşun göndərdi qabağına. Siman gördü ki, qoşunun ardı kəsilməyir. Hər tərəfdən alıblar onu dövrəyə. Qılıncını çəkib elə nərə vurdu ki, dağ-daş titrəməyə başladı. Ocıbınığın qoşunu qorxudan meydanı qoyub qaçdı. Siman qılıncı çəkib başladı davaya. Vurub özünü dəryayi-ləşkərə, bu tərəfdən girib qıra-qıra o tərəfdən çıxdı.
Ocıbınığa xəbər getdi: evini Allah yıxsın, diş qurdalamağa bir dənə adamın qalmayıb, belə pəhləvandı ki, qabağında qoşun davam eləyə bilmir. Ocıbınığın qoca bir pəhləvanı vardı, tez həmin pəhləvanı çağırtdırıb, göndərdi Simanın qabağına. Siman pəhləvanla başladı qılınc davasına, hərə bir neçə qılınc çalıb, gördülər ki, qılıncdan heç şey çıxmadı, əl atdılar gürzə, başladılar gürz davasına. Ocıbınıx da qalaçadan durbinlə baxırdı. Siman gürzü atıb yerə, əl atdı qoca pəhləvanın kəmərinə. Başladılar kəmər yapışmağa. Siman nərə çəkib dizin vurdu yerə, yapışırdı pəhləvanın kəmərindən, başlayırdı xış kimi yerlə sürməyə. Pəhləvan yapışırdı Simanın kəmərindən, istəyirdi yerindən tərpətsin, gücü çatmırdı. Hər iki pəhləvan yorulub dayandılar. Siman yorğunluğunu alandan sonra, başladılar əl-ələ verib meydan gəzməyə. Siman bir nərə çəkdi ki, qoca pəhləvanın tükləri biz-biz oldu. Siman əl atıb qoca pəhləvanın kəmərinə, elə vurdu yerə ki, qoca pəhləvan yetmiş yeddi parça olub, səpələndi yerə. Ocıbınıx bunu görüb kürkünə birə düşdü. Siman tez minib atına, üz qoydu Ocıbınığın yanına. Gördü ki, Ocıbınıx elə hündür adamdı ki, Siman onun heç yarısıycan yoxdu. Başladılar Ocıbınıxla qılınc davasına. Siman üç qılınc endirdi Ocıbınığa. Axırıncı qılıncında var gücünü yığıb elə zərb ilə vurdu ki, Ocıbınıx cəhənnəmə vasil oldu. Siman Ocıbınığın başın kəsib qoydu xurcuna, girib şəhərə, Xan-xani-Çinin vəzirini burada gördü. Tutub vəziri, başını sərçə başı kimi üzüb qoydu xurcuna, düşdü yola. Siman özünü yetirdi Xan-xani-Çinin yanına. Vəzirlə Ocıbınığın başın atdı Xan-xani-Çinin qabağına. Xan-xani-Çinin gözləri çıxdı kəlləsinə. Qorxudan danışmayıb, vəzirlə Ocıbınığın başın gizlicə tullatdırıb, Simana bir otaq verdi ki, orada rahat olsun. Xəbəri sənə kimdən verim, xəbəri sənə verim Xan-xani-Çinin qızı Pəridux xanımdan.
Pəridux xanım çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı, tez öz paltarını dəyişib bir dəst pəhləvan paltarı geyib, çıxdı bayıra ki, Simanı tapıb gətirə. Eşit Simandan. Siman dincəlib çıxmışdı çölə, Xan-xaniÇin də xəbər vermişdi ki, kim Simanın başını kəsib gətirsə, ona bir qatır qızıl verəcək. Siman atla gedirdi, gördü ki, qabaqda bir pəhləvan dayanıb. At sürüb tez gəlib çatdı pəhləvana. Pəridux xanım da Simanı görən kimi tanıyıb, qılıncın sıyırdı, uzaqdan bir nərə çəkib şığıdı Simanın üstünə. Hər iki pəhləvan əl atdılar qılınca. Elə ki, qılınclar göydə par-par parıldayırdı, atların nalından od çıxırdı. Qılınc davası kara gəlmədi, əl atdılar kəmərə. Üç gün, üç gecə qurşaq yapışıb, üç günü tamam elədilər. Səhər tezdən Siman yenə durub meydanı gəzdi. Qollarına elə bir qüvvət gəldi ki, əl atsaydı Qaf dağına, Qaf dağını yerindən tərpədərdi. Əl atıb Pəridux xanımın kəmərinə, qaldırıb göyə, istədi vura yerə, Pəridux xanım dedi:
– Siman, amanın günüdü, əl saxla!
Bu səs Simana tanış gəldi. Siman Pəridux xanımı yavaşca yerə qoydu. Pəridux xanım üzündən niqabı götürəndə, saçları töküldü topuğuna. Siman gördü ki, onunla üç gün, üç gecə dava edən Pəridux xanımdı, dedi:
– Bu nə işdi?
Pəridux xanım əhvalatdan Simanı xəbərdar eləyib, təzədən hər ikisi qucaqlaşıb, öpüşdülər.
Pəridux xanımla Siman at minib, hər ikisi üz qoydular gəlməyə. Az gəlib çox dayandılar, gəlib çatdılar qalaçaya. Siman çox yorulmuşdu. Qalaçaya girib gördülər ki, burada hər şey var, ipək yorğandan tutmuş ta düyüyə kimi.
Siman dedi:
– Pəridux xanım, gözləmək vaxtı deyil. Mən yorulmuşam, bir az yatım, sən dur xörək bişir!
Hər ikisi əl-üzlərini yudular. Siman uzandı ki, dincəlsin, Pəridux xanım da xörək bişirməyə başladı. Bunlar burada qalsınlar, xəbəri sənə kimdən verim, xəbəri sənə verim Dəşküvar padşahdan. Şah Dəşküvar Simanı çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı. Vəzirin qızını da Adamzaddan alıb, şəhərdən qovdu. Adamzad şəhərdən çıxıb, başladı Simanı axtarmağa. Neçə gün, neçə gecə yol gedib, axırda çatdı uca bir qalaçaya. Gördü ki, bu qalaçadan tüstü çıxır. Girdi içəri, gördü ki, Siman burdadı.
Siman gördü ki, gələn div Adamzaddı. Tez çağırıb içəri xəbər aldı ki:
– Niyə gəlmisən?
Div Adamzad dedi:
– Şah Dəşküvar məni qovub. Adaxlımı da əlimdən alıb.
Siman dedi:
– Qorxma, bir neçə gündən sonra adaxlını sən yetirərəm. Amma yaxşı oldu ki, sən gəlib özünü mənə yetirdin. İndi bir az qarovul çək, mən də neçə gecədi ki, yatmamışam, bir az yatım.
Qərəz, Pəridux xanım xörəyi hazır elədi, hər üçü oturub xörəklərini yedilər. Div Adamzad qarovul çəkdi. Simanla Pəridux xanım qolboyun olub yatdılar.
Eşit Xan-xani-Çindən. Xan-xani-Çin gördü ki, arxasız qalıb, çarəsi kəsilib istədi ki, Pəridux xanımı verə öz qardaşı oğluna. Bu tərəfdən də xəbər gəlib çatdı ki, Siman Pəridux xanımı götürüb qaçıb, gəl köməyə! Xan-xani-Çinin qardaşı öz oğluna güclü qoşun verib göndərdi. Xan-xani-Çin də öz qoşunun qatıb qardaşının qoşununa, göndərdi Simanın dalısınca.
Bunlar qalaçaya tərəf gəlməkdə olsun, div Adamzad baxırdı, gördü ki, böyük bir qoşun dəstəsi peyda oldu. Div Adamzad tez gəlib Simana xəbər verdi ki, düşmən qoşunu gəlir. Siman durub gördü ki, Xan-xaniÇinin qoşunudu. Pəriduxa xəbər elədi. Başlayıb geyinməyə, yetmiş yeddi yerdən üst-başın bərkidib geyindi, qılıncın belinə bağladı, qalxanın əlinə alıb bir vaxt gördü ki, Pəridux xanım Simandan qabaq geyinib hazır oldu. Hər iki pəhləvan çıxıb qoşunun qabağına, nərə çəkib, özlərin vurdular dəryayi-ləşkərə. Qırhaqır... başladılar qırmağa. Qoşun davam gətirə bilmədi. Qan su yerinə axmağa başladı. Cəmdək cəmdəyə söykəndi, dağ əmələ gəldi. Qoşunun qaçanı qaçdı, qaçmayanı tələf oldu. Pəridux Simandan qabaq öz əmisi oğlunu öldürdü, üz qoydular Xan-xani-Çinin torpağına.
Siman gəlib çatdı Xan-xani-Çinə. Çəkib qılıncı, Xan-xani-Çini öldürüb, cəhənnəmə vasil elədi. Alt-alt, üst-üst qoyub düzəldilər Şah Dəşküvarın torpağına. Az gedib çox dayandılar, çox gedib az dayandılar, gəlib çatdılar bir çöllü-bəri-biyabana. Siman bərk yorulmuşdu. Div Adamzadı göndərdi suya. Amma eşit ceyran cildinə girən qarıdan. Qarı Simanın sorağında idi ki, tutub salsın tilsimə. Eşitdi ki, gəlir, hər tərəfdən suları qurudub, tilsimdən bir odan düzəltdi. Siman gördü ki, div Adamzad gedib gəlmədi. Bir o yana, bir bu yana baxıb gördü ki, lap yanlarında bir odan var. Pəridux xanıma dedi:
– Sən burada dayan, mən gedim odandan su götürüm.
Siman durub getdi odana ki, su götürə, düşüb qaldı tilsimdə. Pəridux xanım gözətdədi, Siman gəlib çıxmadı. Bu tərəfdən də Adamzad gəlib çıxdı, xəbər aldı:
– Niyə ağlayırsan?
Pəridux dedi:
– Siman girdi bu odana çıxmadı.
Div Adamzad baxıb odana, gördü ki, tilsimdi. Yaxın getmədi. Pəridux xanıma dedi:
– Siman düşüb tilsimə. Gəl, mən səni götürüm aparım Şah Dəşküvarın torpağına. Sən orada qal, mən də Simurqu tapım.
Pəridux razı oldu. Div Adamzad Pəriduxu mindirdi dalına, qaldırdı göyə, apardı Şah Dəşküvar torpağına. Şəhərin bir ağaclığında bir qalaça vardı, div Adamzad silib süpürüb, Pəridux xanımı qoydu orada, özü də getdi Şah Dəşküvarın imarətinə. Xalçadan, ipək yorğan-döşəkdən oğurlayıb, götürüb gəldi. Pəridux xanımın yerini düzəldib, yeməyin qoyub, qapıları bağlayıb, birbaş getdi Simurqun dalınca gəzib Simurqu tapıb, dedi:
– Siman tilsimdədi, nə durmusan?
Simurq dedi:
– Min dalıma!
Div Adamzadı Simurq mindirdi dalına, götürüb gəldi cinlər şəhərinə. Düşüb yerə dedi:
– Gedərsən o qalaya. Cinlər padşahının taxtının altında bir sandıq var, o sandığı götürüb gələrsən bura.
Div Adamzad Simurqa baş əyib özünü yetirdi cinlər taxtına. Taxtı söküb, sandığı götürüb gəldi. Simurq sandığı açıb qılıncı götürüb, gəldi birbaş odanın ağzına. İki ağız Siman çağırıb, üçüncü ağızda qalxdı göyə. Qılıncı tutub, dedi:
– Siman, əgər qılıncı göydə tuta bildin, tutubsan, elə ki tutdun, qabağına nə gəldi qır! Ta ki, tilsim qırılıb qurtardı susayacaqsan, nəbadə su içəsən.
Bunu deyib qılıncı atdı. Siman qılıncı göydə tutub, başladı tilsimləri qırmağa. Birinci qapıdan girib içəri gördü ki, bura elə meşədi ki, içəri girmək mümkün deyil. Çəkib qılıncı qırıb, gördü ki, oldu bura çöllü-bəri-biyaban. Amma qabağına bir qapı çıxdı. Çəkib qılıncını, qapının qıfılına elə bir qılınc vurdu ki, qapı iki bölünüb, laybalay açıldı. Siman içəri girib, gördü bir bağdı ki, Xan-xani-Çinin bağı bunun yanında heç nədi. Siman bir neçə qədəm irəli gedəndə, qabağına bir arvad çıxdı, oğlum – deyib istədi Simanı qucaqlaya. Siman tez qılıncı istədi endirə arvadın təpəsindən, arvad toz olub gözdən itdi. Simurqun səsi gəldi:
– Siman, irəli get! Qabağına bir qapı çıxar. Qapıya iki qılınc çək! Elə ki, açıldı, qabağına on iki əncir ağacı çıxacaq. Əncir ağacının birini vurub o birilərinin altından elə keç ki, yarpaqlar sənə dəyməsin. Elə ki, çıxdın, axırıncı ağacı qılıncla vur, tilsim qurtarsın.
Siman bu sözləri yadında saxladı. Gəlib qapının bərabərinə, çəkdi qılıncı qapıya, qapı laybalay açıldı, gördü o qədər əncir ağacı var ki, saysız-hesabsız. Çəkib qılıncı, ağacın birini vurub yıxdı. Ağac yıxılan kimi, toz olub qalxdı havaya. Keçib əncir ağaclarının altından, axırıncı ağaca elə bir qılınc vurdu ki, ağac yerindən oynadı. Göy, yer titrədi. Ağac toz olub qalxdı havaya. Siman çıxdı tilsimdən. Amma eşit qarıdan, qarı çəkilmişdi göyün üzünə. Görüb Simanı dedi:
– Ey anası vayına oturan, gör sənə neyləyəcəyəm.
Siman qulaq asmadı, başladı yol getməyə. Siman getməkdə olsun, eşit qarıdan. Qarı bir uzun ilan olub, qaralıb uzandı yolda, Siman yola baxıb gördü yolda bir gürzə ilan var. Çəkib qılıncı başladı ilanı doğramağa, çatıb başına, istədi əzə, qarı tez yuva tapıb girdi, gözdən itdi. Siman başladı getməyə, qarı bir siçan olub istədi dolaşa Simanın ayağına. Siman çəkdi qılıncı atdı, qılınc dəydi siçanın quyruğuna, qaçdı. Qarı bu dəfə bütün suları qurudub, əlinə bir cam alıb durdu yolun ağzında. Simana bərk susuzluq üz verib, ələtəş olmuşdu. Gəlib çatdı bir bulağa. Gördü ki, bulaqda su yoxdu. Qarı da bir tərəfdən gəlib dedi:
– Ey oğlan, görürəm bərk susuzsan, al iç!
Siman çəkib qılıncı, qatdı qarını qabağına. Ha orda, ha burda qarını tuta bilmədi, axırda kəmənd atdı, kəmənd düşdü qarının boynuna. Siman kəməndi dartıb endirdi qılıncı qarının təpəsindən, qarını cəhənnəmə vasil eləyəndən sonra gördü ki, bulaqların gözü açıldı. Tez verib özünü bulaq başına, əlin-üzün yudu. Neçə vaxt idi ki, gözünə yuxu getmirdi, uzanıb dincini almaqda olsun, eşit Simurqdan. Simurq göylə gəzirdi, gördü ki, Siman bulaq başında yatıb. Tez endi aşağı, qanadın saldı Simanın üstünə, başladı qarovulunu çəkməyə. Siman bu yatmaqla iki gün yatdı, ayılıb gördü ki, Simurq başının üstündə dayanıb. Tez durub Simurqun qanadından öpdü. Simurq dedi:
– Siman, Pəridux xanım yolunu gözləyir. Min dalıma, aparım səni.
Siman mindi Simurqun dalına, Simurq qalxıb göyə, Simanı götürüb çıxartdı çobanın yanına. Siman anası ilə görüşdü. Simurq dedi:
– Siman, bu sənin doğma anandı. Sənin atan da Dəşküvarın bağbanıdı ki, rəhmətə getdi.
Simurq necə vardı, hamısını danışdı Simana. Siman Simurqun qanadından öpüb öz atın istədi. Simurq atın tükünü çəkdi bir-birinə, o saat Simanın atı gəlib hazır oldu.
Siman paltarını geyinməyə başladı, yetmiş yeddi qələm ziynət verib özünə, mindi ağ atın belinə, başladı sürməyə. Siman üz qoydu Şah Dəşküvarın şəhərinə tərəf.
Eşit Şah Dəşküvardan. Şah Dəşküvar rəm atırdı, rəmində çıxdı ki, Siman çox bərk darlıqdadı. Bu tərəfdən də şah Pəridux xanımı almaq istəyirdi. Div Adamzad da kəsib qalaçanın qapısını, gecə-gündüz qarovulda idi.
Siman da bu tərəfdən özünü yetirdi şəhərə. Div Adamzad Simanı görən kimi, tez gedib Pəridux xanıma muşduluğa, gözaydınlığı verdi, özü də çıxdı Simanın qabağına. Pəridux gördü ki, Siman gəlir, neçə vaxtdı qara geyib oturmuşdu, qaranı soyunub tez gəlin paltarını geyib, özünə ziynət verib, çıxdı Simanın qabağına. İki aşiq görüşüb, öpüşdülər. Pəridux istədi çəkə Simanı mənzilinə, Siman dedi:
– Şah Dəşküvarla işim var.
Div Adamzadı Pəridux xanımın yanında qoyub, girdi şəhərə. Bir ucdan Şah Dəşküvarın adamların qırıb çatdı. Çatıb vəzirə, vəziri cəhənnəmə vasil elədi, özünü yetirdi Şah Dəşküvara.
Şah Dəşküvar gördü ki, Siman gəlir, deşik axtardı girə. Siman aman verməyib, Şah Dəşküvarı öldürüb, malın camaata paylayıb, şəhərdən çıxdı. Gəlib özünü yetirdi Pəridux xanıma. Div Adamzadın adaxlısını özünə verib, yol elədilər anasının yanına. Ev tikdirib imarət saldırdılar, yeddi gün, yeddi gecə toy vurub, murad hasil elədilər.
Tarix: 21.04.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1251 Bölmə: Nağıllar