Sirli və əsrarəngiz bir qadın Əlbətdə çoxlarınız onu tanıyır onun musiqisini dinləmisiniz. İnsanı sakitləşdirən, gözlərini bir nöqtəyə zillədən, fikirlərini harasa uzaqlara aparan əsrarəngiz, melanxolik, biraz da kədərli musiqi. Hər dəfə onu dinləyəndə harada olmağımızdan asılı olmayaraq sanki dünyanın rəngləri dəyişir, onun musiqisinin qəribə aurası bütün mənliyimizi, hisslərimizi, duyğularımızı tərpədir. Bu gün ondan, o, qəribə, möcüzəli qadından bəhs edəcəyik. Helen Folaşade Adu — siz onu Şade kimi tanıyırsınız. Gözəl qadın, istedadlı müəllif (mahnıların musiqisi və mətnlərini özü yazır), mahir oranjemançı və təcrübəli prodüsser. O heç vaxt dinləyicinin qürur və iftixar obyekti olmağa çalışmayıb. Həyatını istədiyi — hislərinin ona diqtə elədiyi kimi yaşayıb, özünü pərəstişkarlarının onu görmək istədiyi qəlibə salmayıb. Hər zaman özü olub, ən başlıcası, səmimi davranıb. Heç vaxt özünə xəyanət etməyib, prinsiplərinə və qəlbinin musiqisinə sadiq qalıb. Sirli və əsrarəngiz Şade bugünün ən parlaq musiqiçilərindən biridir. O, səksəninci illərin ortalarında qəfildən səhnədə peyda oldu. Bu cəlbedici, ekzotik xanım soul musiqisini caz üslubunda ifa edirdi. O, sanki təvazökarlıq və səbr mücəssəməsi idi. Sonra zaman keçdi və Şade qadın zərifliyinin simvoluna çevrildi və onun son dərəcədə hissiyyatlı və səmimi musiqisi dinləyicilərin ürəklərinə yol tapdı. Tale çox zaman istedadlarla amansız zarafat edir: Şadeni də o, ziddiyyətli xarakterlə mükafatlandırıb: o həm qiyamçıdır, həm də yaradıcı ilahə. O, musiqi biznesinin bir sıra stereotiplərini dağıdıb: məmurların əllərindən yaradıcı prosesə nəzarət imkanlarını alıb və bu imkanları bilvasitə musiqiçilərə bağışlayıb. Şade həmişə şəxsi həyatını «kənar gözlərdən» qorumağa çalışırdı — nadir hallarda müsahibə verir və belə düşünürdü ki, dinləyicilər özlərinə lazım olan bütün məlumatı onun mahnılarından ala bilərlər. Bu isə öz növbəsində Britaniya KİV-lərini qıcıqlandırır və şaiyə maşını işə düşürdü. Müğənni 1959-cu ildə Nigeriyada, İbadanda anadan olub. Onun valideynləri Londonda tanış olmuşdular, sonradan Şadenin atası Qərbi Afrikada dərs demək dəvəti alır və ailəsi ilə birgə ora köçür. Amma 4-5 il sonra ailədə problemlər yaranır və Şadenin anası uşaqlarını da götürüb İngiltərəyə qayıdır. Rənglərin melanxoliyası 70-ci illərin əvvəllərində Şade at sürməyi öyrənir və özünə at alır, onu saxlamaq üçün şənbə günləri işləməli olur. Eyni zamanda mütaliə edir, modayla maraqlanır, diskotekalarda rəqs və soul musiqisinin sirlərini öyrənir. Kurtis Meyfild, Donni Hetevey və Marvin Gey kimi ağrı və ümid notlarını qeyri-adi şəkildə çatdırmağı bacaran soul ifaçılarını dinləyir. Amma bir gün özünün də müğənni olacağı ağlına belə gəlmir. Londonda Müqəddəs Martinin adını daşıyan incəsənət kollecində üç il geyim dizaynını öyrənir. Rəfiqəsi Coya Mellorla (o həm də Şadenin müasir geyim dizayneridir) birgə kişi geyim atelyesi açır, amma biznesi uğursuzluğa düçar olur. Sonra fotomodellik etməyə başlayır. 1980-ci ildə «Ariva» latino-soul qrupunun meneceri Li Barretlə tanış olur — sonradan o Şadenin meneceri olacaqdı. Barret ondan oxumağı xahiş edir və tövsüyyə edir ki, oxumaq üçün mahnını özü tapsın. Şade qrupa qoşulur və öz mahnılarını yazmağa başlayır. Mətn və musiqi yazmaq prosesi ona gözləmədiyi qədər həzz verir və Şade bu yolda irəliləməyi qərara alır. 1981-ci ildə müğənni öz kiçik qrammafon valları kolleksiyasını da götürüb yanğınsöndürən deponun ən yuxarı mərtəbəsində yerləşir və debüt albomunun bir sıra mahnılarını da elə orada yazır. Bu gün Şadenin Londonda öz evi var. O, qeyd etdiyimiz kimi, KİV-dən qaçır və günlərini köhnə dostları ilə birgə keçirməyə üstünlük verir. Müğənni köhnə «Mersedes»ində tam sürətlə getməyi sevir və daim siqaretə olan alışqanlığı ilə mübarizə aparır. Yenə də gec yatır — bu ona körpə qızı ilə məşğul olmağına mane olsa da, Şade özü ilə bacarmır. Gec-gec albom yazdırır və belə təəssürat yaranır ki, hər albom onun qayıdışıdır. Amma əslində onun mahnıları dəqiq qrafiklə yazılmır, onlar sanki təməli və ideyası olan vahid əsərin ayrı-ayrı elementləridir. Onun mahnıları albomdan-alboma təkmilləşir və caz soulundan daha irəli gedir. Şadenin geyim üslubu — minimal olanla maksimal effekt yaratmaq — həm də onun musiqisində özünü göstərir. Onun şüarı belədir: «deməyə sözünüz yoxdursa, susun!»
Tarix: 24.05.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri