Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hərdən sual verirəm: Qadınlar niyə makiyaj edir?

Hərdən sual verirəm: Qadınlar niyə makiyaj edir?
Qadınlar gözəl, cazibədar, fərqli görünmək, qüsurları gizlətmək, kişilərin xoşuna gəlmək, digər qadınlara acıq vermək üçün makiyajdan istifadə edirlər. Elə qadınlar var ki, özlərinə arxayın olmadıqları üçün heç bir zaman makiyajsız evdən bayıra çıxmazlar. Bir yaxın rəfiqəm var ki, onu heç vaxt makiyajsız görməmişəm. Xüsusilə də gözlərinə həmişə çox makiyaj edir və bunu gözlərinin çox xırda olması ilə əsaslandırır. Ona deyəndə ki, axı gözlərin qəşəngdir, deyir: “Yox, çox kiçikdir, lap çinlilərə oxşayıram”. Mən isə əhval-rihəyyəmə görə makiyaj edirəm. Əgər kefim yaxşıdırsa, o zaman makiyaj edirəm, kefim olmayanda, heç kəs məni makiyaj etməyə məcbur edə bilməz. Efirə çıxmaq və ya qonaq getmək istisna olmaqla. Əlbəttə bu zaman makiyaj mütləq lazımdır. Amma gündəlik həyatda - işə gedərkən yalnız kefimə düşəndə, istədiyim vaxtlarda makiyaj edirəm. Bax, bu gün mənim kefim çox yaxşı idi, durub makiyaj etdim, saçıma dwzwm verdim. Gündəlik makiyaj və saç düzümümü özüm normal qaydaya sala bilirəm. Belə hesab edirəm ki, cəmiyyət içində olanda makiyajdan istifadə etmək olar. Bəziləri makiyajsız olmağı bəlkə də əskiklik kimi qəbul edirlər. Düşünürəm ki, fikirləşəcəklər ki, nədən bu belə səliqəsiz, baxımsız görünür. Etiraf edirəm ki, başqalarının fikri məni az da olsa maraqlandırır. Güman edirəm ki, bu, normaldır. Çünki başqalarının fikri çoxlarını maraqlandırır. Mən makiyaj həvəskarıyam. Kimdəsə gözəl makiyaj və ya saç düzümü görəndə, mütləq özümdə sınamalıyam. Məsələn, bu yaxınlarda bir film izləyirdim və orada bir qızın makiyajı çox xoşuma gəldi. Onun qorxu filmi olduğunu sezincə seyr etməkdən vaz keçdim və təəssüfləndim ki, başqa film olsaydı məmnuniyyətlə oturub o qızın saçına, makiyajına tamaşa edərdim. Makiyaja sərf etdiyim vaxt hara hazırlaşmağımdan da asılıdır. Gündəlik makiyaja 20-30 dəqiqə vaxt sərf edirəm, çünki bu işi tələsik edə bilmərəm. Hərdən evdən hazırlaşıb çıxmağa 3 saat vaxtım gedir. Bəlkə də məni sevəcək insan makiyajsız olmağımı istəyəcək, o zaman ona görə mən bəzən makiyajsız gəzə bilərəm. Amma hər halda hərdən bunu edəcəyəm.
Estetik əməliyyat etmək istəyən etsin
Bəziləri gözəl görünmək üçün estetik əməliyyatlara da əl atırlar. Bütün dünya ulduzları hansısa estetik əməliyyat keçiriblər. Ancelina Colidən tutmuş Britni Spirsə qədər hamı estetik əməliyyat masasından yol qət edib. Çünki kamera qarşısında, fotolarda gözəl görünmək lazımdır. Estetik əməliyytalardan ən acığım gələni qaşlara tatuaj edilməsidir. Hesab edirəm ki, bu, üzü kobudlaşdırır. Kimdəsə bunu görəndə əsəbiləşirəm. Ən xoşuma gəlməyən bir şey də xanımlarımızın tonal kremdən həddindən artıq çox istifadə etmələridir. Halbuki, bu krem üz cizgilərində olan xırda qüsurları gizlətmək üçün az miqdarda çəkilməlidir. Xanımlarımız isə öz dərilərinin təbii rəngini gizlətməyə çalışırlar. Mənim bundan heç xoşum gəlmir. Əlbəttə, dəridə xırda qüsurlar olanda bunu etməyə məcbursan. Məsələn, mənim dərimin rəngi xoşuma gəlir, buna görə də mən tonal kremi az çəkirəm. Yalnız bir az dərimin tonunu dəyişdirirəm.
Istəyirəm Monika Belucciyə oxşayım
Hərdən güzgüyə baxıram və xəyallara dalıram. Fantaziyam işə düşür. Çox istərdim əsmər olum, gözüm, qaşım qara olsun. Əsl Şərq qadını olum və ya italyanlara oxşayım. Düzdür indi saçlarım sarışındır, məcburən saxta sarışın olmuşam. Çünki bu, mənim təbii rəngimə daha yaxındır. Istərdim ki, gözlərim açıq deyil, iri, qara rəngdə, badamı göz olsun.
Yaxşı ki TV-də işləmişəm.
Bütün çətinlikllərə baxmayaraq buna şükr edirəm. Veriliş apardığım illərdə mən çox şey öyrəndim. Öyrəndiklərimin siyahısında makiyaj etməyi, zövqlə geyinməyi üst sıralara yerləşdirirəm . Üslubun nə olduğunu işimi görərkən bildim. Buna görə də indi hər hansı bir mərasimə gedəndə ona uyğun geyinib makiyaj etməyi bacarıram. Stilləri uyğunlaşdırmağı da həmçinin.
Anar bir dənədir
Daha çox stilist Anarla işləyirəm. Bir-birimizi başa düşürük. Doğrudur, hərdən məsləhətləri mənim fikirlərimlə üst-üstə düşməsə də…
Efir üçün darıxıram
Gözəllik mövzularından az müddət uzaqlaşmağım daxilimdə bir boşluq yaratdı…yamanca darıxdım…
Az olsun, saz olsun
Hazırda müxtəlif məşhur markaların adı altında ucuz mallar çoxalıb. Bir çoxları hesab edir ki, qarderoblarında ucuz, lakin sayca çox geyim olsa daha yaxşı olar. Mən isə hesab edirəm ki, qoy qarderobumda iki, lakin çox keyfiyyətli və bahalı geyim olsun. Çünki bahalı geyim dərhal hiss olunur.
Baxımsızlıqdan depressiyaya düşə bilərəm
Bəzən elə olur ki, 3-5 gün ərzində mən evdən bayıra çıxmıram və saçıma, üzümə qulluq etmirəm. Bu baxımsızlıq halımdam
depressiyaya düşə bilərəm. Ona görə də 3-5 gündən bir də olsa, ürəyim istəyən kimi bəzənməliyəm. Bu, mənim üçün bir faktor xarakteri daşıyır. Mənə elə gəlir ki, bütün qadınlar üçün bəzənmək antidepressant rolunu oynayır. Adətən deyirlər ki, şoppinqlər antidepressant vasitəsidir. Amma evdən bəzənib çıxmağın özü də antidepressantdır. Bütün qadınlar kimi depressiyada olanda, şoppinq bir saatlıq da olsa, məni bundan uzaqlaşdırır. Nə qədər də adi görünsə, bu, belədir.
Kişilər nəyə fikir verirlər?
Qadınlar digər qadınların makiyajına, məsələn, dodaq boyasının, göz qələminin rənginə, kipriklərinin uzunluğuna daha çox diqqət yetirirlər. Düzdür, adətən qadınlar digər cinsin nümayəndələrinə xoş gəlmək üçün bəzənirlər, amma mənə elə gəlir ki, kişilər qadının yalnız ümumi görünüşünə diqqət yetirirlər. Xırda detallar onları o qədər də maraqlandırmır. Qadınlar isə xırdalıqlara daha çox fikir verirlər. Bu qadının əl çantası ayaqqıbısına uyğundurmu, zövqlə və ya zövqsüz geyinib? Mənə elə gəlir ki, kişilər əsasən, qadınların əl dırnaqlarının səliqəli olmasına, bir də ayaqqabılarına daha çox fikir verirlər. Makiyajın bu gün az və ya uyğunsuz olmasını onlar bəlkə də hiss etməzlər, amma əl dırnağının qaydasında olmasına və ayaqqabının qəşəngliyinə kişilər dərhal diqqət yetirirlər. Hətta mən elə qadınlar tanıyıram ki, onlar da öncə kişinin əl dırnaqlarına və ayaqqabısının səliqəli olmasına diqqət yetirirlər.
Bir ətirdən iki dəfə istifadə etmərəm
Elə qadınlar da var ki, alt paltarlarının gözəl və bahalı olmasına diqqət yetirirlər. Mənim bir rəfiqəm var. Ailəli deyil, amma gözəl alt paltarlarına üstünlük verir. Gözəl, bahalı alt paltarları onun əhval-ruhiyyəsini yüksəldir. O,bunu kiməsə xoş gəlmək üçün etmir. Sadəcə ən zəif yeridir. O, digər şeylərə pul verməyə bilər, amma xoşuna gələn bahalı alt paltarını mütləq almalıdır. Qadınlar da var ki, bahalı ətirlərə üstünlük verirlər. Məsələn, o, bahalı paltar almaya bilər, amma gedib çox bahalı ətir mütləq almalıdır. Mən özüm heç vaxt bir ətirdən iki dəfə istifadə edə bilmərəm. Bu, mənim əhvalımı korlayar. Mütləq təzə ətir olmalıdır, təzə obraz olmalıdır, təzə imic olmalıdır. Həmişə jurnallara baxanda nə isə xoşuma gələn bir obraz seçib fikirləşib onu mütləq üzərimdə tətbiq edirəm. Saç düzümü, makiyaj, ayaqqabı, stil xoşuma gələ bilər. Bəlkə də bu, mənim işimlə bağlı olub, ya da xasiyyətimdən irəli gəlir. Bilmirəm nədəndir. Amma yadıma gəlir ki, uşaqlıqdan zövqlə geyinməyi xoşlayırdım. Televiziyaya gələndə də həmişə arzum qadın verilişi hazırlamaq olub və böyüyəndə də sanki özümü bu verilişdə tapdım.
Dikdabansız olmaz
Ən sevdiyim ayaqqabılarımın hamısı dikdabandır. Onlarsız özümü heç təsəvvür etmirəm və onlarsız özümü bir təhər hiss edirəm. Başqa cür olması mənə bir qəribə gəlir. Bundan söz düşmüşkən istərdim bir az da digər ölkələrin qadınlarından danışaq. İlk dəfə Türkiyədə olanda orada bütün qadınların yastıdaban ayaqqabılarda gəzməyi məni çox təəccübləndirdi. Fikirləşdim ki, axı niyə onlar belə geyiniblər. Əvvəlcə anlamırdım. Sonra gördüm ki, İstanbul o qədər böyük şəhərdir ki, dayanacağa gəlmək üçün heç olmasa yarım saat ayaqla gəzməlisən. Mən də İstanbulda olduğum ilk üç gündə dikdaban ayaqqabıda gəzirdim. Dördüncü gün isə ayaqlarım artıq gücdən düşüb elə şişmişdi ki, həmin anda elə yeraltı keçiddə satılan idman ayaqqabılarından birini alıb geyindim. Bu hadisədən sonra artıq dikdaban geyinməyən qadınları qınamaqdan da vaz keçdim.


Tarix: 11.05.2013 / 14:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...