Erkən nikah problemi - o, hardan yarandı və məğlubedilməzdimi?
Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Bu isə o deməkdir ki, bizim ölkədə 16-17 yaşlıların ailə qurmaq hüququnu qanun tanıyır.
Uşağın nişanlanması və nikahı
Maraqlı burasıdır ki, həmin Ailə Məcəlləsi 18 yaşına çatmayan şəxsləri uşaq hesab edir. Bu, həmçinin “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Yəqin, biz hansısa toy şənliyində 16-17 yaşlı bəy və ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq, nəinki onların, hətta valideynlərinin də ciddi qınağına tuş gələrik. Söz oyunu kimi görsənsə də, məcəllədəki iki maddənin tutuşdurmasından çıxan nəticə ortadadır: Azərbaycanda uşaqların (yetkinlik yaşına çatmayanların) ailə qurmasına qanun icazə verir. Bu isə öz növbəsində tərəfdaş çıxdığımız beynəlxalq qanunvericiliklə ölkə qanunları arasında ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır. Belə ki, qeyd-şərtsiz şəkildə ratifikasiya etdiyimiz “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın 16.2-ci maddəsində “Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil...” müddəası əks olunub. Nikah yaşının aşağılığı, özəlliklə kişi və qadınlar üçün onun fərqli olmasını zaman-zaman beynəlxalq təşkilatlar insan hüquqları baxımından mənfi qiymətləndiriblər.
Etiraf etmək gərəkdir ki, Azərbaycan parlamentinin 2010-cu ildəki sessiyalarında bəzi deputatlar, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə dəfə qadınların nikah yaşlarının artırılması ilə bağlı təkliflərlə çıxış ediblər. Bu təkliflər, elə təklif kimi də qalıb, hələ bu istiqamətdə dəyişiklik yoxdur.
Erkən nikah deyiləndə...
Bizim toxunacağımız problem erkən nikahdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar sayın hədsiz çox olduğunu yazmağa əsas verir. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.
Nikahda iki tərəf - kişi və qadın iştirak etsə də, “erkən nikah” dedikdə beyinlərdə qız uşaqlarının yetkinlik yaşına çatmamış ərə verilməsi canlanır. Bu, əlbəttə, təsadüfi deyil. “Hərbi xidmət haqqında” qanunda son çağırış yaşının 26-dan 35-ə qadırılması və hərbidən möhlət üçün iki uşaq sayının üçə çatdırılması sırf əsgər olmamaq üçün erkən nikaha can atan fürsətcillərin əl-qolunu bağladı.
İki zidd mövqe
Çox təəssüf ki, Ailə Məcəlləsinə qızların nikah yaşı ilə bağlı təklif edilən dəyişikliklər qəbul edilsə belə, vəziyyətin düzələcəyi haqda yekdil və qüvvətli inam yoxdur. Məsələn, Milli Məclisin üzvü, ixtisasca həkim Musa Quliyev hesab edir ki, qızlar üçün nikah yaşının yüksəldilməsi problemin həlli ola bilməz: “Qanunvericilikdə yaş həddini artırmaqla erkən nikahın qarşısını almaq qeyri-mümkündür. Bunun üçün azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər aradan qaldırılmalıdır. Bu problemlər ilk növbədə sosial sfera ilə bağlıdır. Ailələrdə işsizlik aradan qaldırılmasa, ailə büdcəsinin gəlirləri tələbata uyğun səviyyədə artmasa, erkən nikah problem olaraq qalacaq. Belə halda nikah üçün yaş həddini 20-yə də qaldırsaq, heç bir nəticəsi olmayacaq. Bu halda da qeyri-rəsmi və erkən nikahların sayı artacaq. Ona görə, biz qanunlarımızı hansısa ölkənin qanunvericiliyinə uyğunlaşdırmaq əvəzinə, sosial problemlərin aradan qaldırılmasına çalışmalıyıq”.
Musa Quliyevin deputat həmkarı Məlahət Ibrahimqızı isə qanunvericilikdə sərt dəyişikliklər etməyin tərəfdarıdır və inanır ki, belə olan halda daha effektiv nəticə əldə etmək realdır: “... burada valideynlərin məsuliyyəti də çox böyükdür. Məncə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşımalıdır. Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir”.
Erkən nikah sərhədləri aşır
Əvvəllər erkən nikahların respublikanın cənub rayonları üçün spesifik olduğu düşünülsə də, indi onun sərhədləri şimal rayonlarına qədər xeyli genişlənib. Hələlik qərb rayonları bu tendensiyadan özünü müəyyən qədər qoruya bilir. Təsirli tədbirlər olmayacağı təqdirdə yetkinlik yaşına çatmadan ailə qurmaların bu ərazidə də vüsət alacağı şəksizdir.
Erkən nikahların yaranması sırasında hər nə qədər sosilal-iqtisadi amillər qabardılsa da, burada mövhumat və feodal ənənələrin təsiri danılmaz üstünlüyə malikdir. Ötənlərdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin Qlobal Qadın Fondu ilə birgə həyata keçirdiyi layihə çərçivəsində keçirilən sorğuda rəyi soruşulanların cəmi 20 faizi erkən nikahların yaranmasında dini faktorun rolunu qeyd edib. Lakin müşahidələr və təkzibolunmaz faktlar yumşaq ifadə etsək, sorğunun nəticəsinə tənqidi yanaşmağı tələb edir. Əvvəla, gizlətmək mənasız olar, əksəriyyətin özünü müsəlman saydığı azərbaycanlıların tapındığı Islam dini qızların 13 yaşda ərə getməsinə icazə verir və ümumiyyətlə, tez evlənməni müstəhəb əməl kimi alqışlayır.
Bu yazı hazırlanarkən erkən nikahlara dair kiçik bir jurnalist təhqiqatı apardım və bəlli oldu ki, məsələn selektiv abortun (qız uşaqlarının doğulmasını əngəlləmək üçün abort edilməsi) lehinə, əleyhinə xeyli məqalələr, mövqelər əks edilsə də, erkən nikahlarla bağlı cəmiyyətin sekulyar kəsiminin mövqeyi birmənalıdır. Hər kəs “olmaz” deyir. Yeganə olaraq, dini saytların forumunda erkən nikahlara “hə” deyən qeydləri oxumaq olar.
TQDK sədri Məleykə Abbaszadənin inanclı insanların çoxluq təşkil etdiyi rayonlar haqda dediyi fikirləri də elə-belə qatlayıb bir kənara qoymaq olmaz. “Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-i qızlardı”, - deyə TQDK sədri bildirib.
Erkən nikaha meyl salmağa dəyərmi?
Köhnə ənənələrin dirçəlməsi də erkən nikahlara “oksigen balışı” kimi təsir edib. Gerilikçi düşüncədə olan bir çoxları hesab edir ki, qızlar “ayılmadan” ərə getməlidir, onların formalaşması ərin sərt nəzarəti altında baş verməlidir. Sanki valideynlər qız uşaqlarının məsuliyyətini tezliklə çiyinlərindən ər evi üstünə atmağa çalışırlar. Guya ki, yetkin qız bir az özü ilə baş-başa qalsa, nəsə xəta çıxara bilər.
Erkən nikahlara meyllərin belə artdığı vaxtda “madam ki, xalqın bu qədər istəyi var, ona qarşı çıxmağa dəyərmi?” sualı ola bilsin, aktuallıq qazanıb. Ona görə də “nə üçün erkən nikahlara qarşı çıxılır” sualını aydınlaşdırmalıyıq. Lap sadə, ancaq ciddi səbəblərdən birincisi odur ki, erkən nikah fizioloji olaraq qadınların istismar edilməsi, onun tükəndirilməsidir. Həmin yaş həddində orqanizm törətmək potensialında olsa da, hələ formalaşma tam başa çatmayıb. Buna görə hormonal sistem pozğunluğu baş verir, nəticədə gənc ana bir sıra daxili problemlərlə, eləcə də vaxtsız qocalma ilə baş-başa qalır. Istisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Ən nəhayət, 13-16 yaşda olan qızların haqqı var ki, ömürlərinin bu müddətini birbaşa özlərinə, təhsillərinə, əyləncələrinə sərf edib, bu dövrdə ailənin nə olması haqda heç olmasa, nəzəri biliklərə yiyələnsinlər.
Erkən nikah qızların ali təhsil almasında da mənfi rol oynayır. Lakin, kiminsə ali təhsil almaq üçün biliyi və həvəsi yoxdursa, bu qətiyyən “daha nə gözləyirsən, çıx ərə get” əmrinə tabe olmasına səbəb ola bilməz. Ona görə bəzən tək təhsil məsələsini əsas tutub, erkən nikahın üzərinə gedənlərin əks cəbhə tərəfindən tərk-silah edilməsi asan olur.
Erkən nikahın hazırda cəmiyyətimizin probleminə çevrildiyini danmaq olmaz. Lakin o, qətiyyən qarşısında əl-qolu sallaq vəziyyətdə durduğumuz problemlərdən deyil. Yaxın tarix sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, maarifçilik və vətəndaş məsuliyyətini artırmaqla bu problemə “əlvida” demək mümkündür.
Tarix: 18.05.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri