Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.
Daşyonan taciri süzüb öz-özünə dedi: “Yəqin dünyada özünü ən güclü sayan adam varsa, o da bu tacirdir. Kaş mən də onun kimi güclü olaydım, bu qədər nökərim olaydı”. Ömrü boyu halal zəhmətlə dolanmış və halal çörək yemiş daşyonanın ürəyindən keçənlər Allaha əyan oldu. Allah-təala onun arzusunu yerinə yetirdi, bir an içində daşyonan kişi tacirə döndü. İndi onun saysız-hesabsız sərvəti, ölçüyəgəlməz pulu və hörməti vardı, özünü hamıdan qüvvətli hesab edirdi.
Bir müddət ötüb-keçdi. Bir gün tacir (yəni keçmiş daşyonan) şəhərdə gəzərkən padşahın yoldan keçdiyini gördü. Padşahın cah-cəlalı onun gözlərini qamaşdırdı. Bəs necə, bu boyda məmləkət onun ixtiyarında idi. Hamı, hətta tacir də onun rəiyyyəti sayılırdı. Tacir fikirləşdi: “Mən padşahın yanında heç kiməm. Onun yüz min nəfərlik qoşunu var. Istədiyi an məni aradan götürə bilər. Kaş mən də onun kimi güclü olaydım”. Allah bu dəfə də onun duasını yerinə yetirdi. Dünənki daşyonan, bugünkü tacir indi də padşah oldu.
O özünü çox xoşbəxt hiss edir, əlindəki hədsiz imkandan ləzzət alırdı. Hamı onun qabağında təzim edirdi. Səfərə çıxanda əyanlar ətrafını bürüyürdü, şairlər ona mədhiyyə yazır, qonşu padşahlar hədiyyə göndərirdilər. Günlərin birində padşah (yəni keçmiş daşyonan) yenə şəhərin içinə gəzməyə çıxdı. İsti yay günü idi. Günəşin hərarəti adamın bədənini yandırır, şüaları adamın gözünü deşirdi. Padşahın başının üstünə çətir tutsalar da, istidən nəfəs ala bilmirdi. Öz-özünə dedi: “Günəşin gücünə bax ha. Nə istisinin, nə də işığının qabağını almaq olmur. Mən padşah olsam da, onun əlində aciz qalmışam. Kaş mən də Günəş kimi güclü olaydım”.
Onun arzusu bu dəfə də həyata keçdi. Padşah Günəşə döndü. İndi o, istədiyi yerə işıq saçır, hamını öz hərarəti ilə isidirdi. O, dünyanın qüdrətli padşahlarından da güclü idi. Amma bir gün səmada iri bir bulud göründü. Bulud gəlib-gəlib Günəşin qabağını tutdu. Hava soyudu, qaranlıq çökdü. Günəş buludun əlində acız qaldı. Onu qovmağa gücü çatmırdı. Öz-özünə dedi: “Bulud məndən daha güclü imiş. Onun arxasında əlacsız qalmışam. Kaş mən də bulud kimi güclü olaydım”.
Yenə onun istəyi qəbul edildi. Keçmiş daşyonan Günəş şəklindən çıxıb buluda döndü. İndi o, pənbə bulud halında səmada durmuşdu. İstədiyi an Günəşin qarşısını kəsə bilirdi. Birdən güclü külək əsdi. Bulud yerindən tərpənmək istəmirdi, amma küləyə gücü çatmadı. Külək onu qoynuna alıb istədiyi səmtə apardı. Bulud düşündü: “Eh, elə bilirdim ki, ən güclü mənəm. Sən demə, külək məndən də güclüdür. Kaş küləyə dönüb buludlara hökm edə biləydim”.
Bulud küləyə döndü, o səmtdən bu səmtə əsdi. Qarşısına çıxan hər şeyi götürüb apardı, buludları bir-birinə vurub yağış yağdırdı. Çox xoşbəxt idi, özünü hamıdan qüvvətli hiss edirdi. Amma bir gün qabağına başı göylərə dəyən qocaman dağ çıxdı. Külək dağa hücum etdi, onu yarıb o biri tərəfə keçmək istədi. Amma dağı yerindən tərpətmək mümkün deyildi. Küləyin bütün səyləri hədər oldu. Yorulub əldən düşəndən sonra öz-özünə dedi: “Demək, dünyanın ən güclüsü dağ imiş. Buludlara meydan oxuyan külək də ondan zəifdir. Kaş mən də dağ olub küləyin qabağını ala biləydim”.
Külək dağa döndü. Sevincindən uçmaq istəyirdi, amma öz yerində möhkəm durmuşdu. Bu dağın bir zərrəsini də qoparmaq qeyri-mümkün görünürdü. Artıq məqsədinə çatmışdı. Heç kim ona qalib gələ bilməzdi. Küləklər onun sinəsinə dəyib qayıdırdı. O qədər uca idi ki, buludlardan yuxarını da görürdü. Günəş onun zirvəsindəki qarları əridə bilmirdi. Dünyanın heç bir padşahının qoşunu onun sıldırım qayalarını aşıb keçməyə qadir deyildi. İndiyə kimi güclü saydığı hər şey onun yanında aciz idi.
Amma… Günlərin birində dağ bir səs eşitdi. Əvvəlcə heç nə anlamadı. Sonra vücudunun sarsıldığını hiss etdi. Kim isə onun ətəklərində külüng vurur, onun qocaman bədənini qəlpə-qəlpə qoparırdı. Dağ gözlərini aşağıya çevirdi. Heyrət! Bir daşyonan öz külüngü ilə onu çapırdı. Vaxtilə onun özü də bu cür bir daşyonan idi. Özünü zəif sayıb bəyənmədi, şəkildən şəklə düşdü. Gözü ətrafda qaldı, başqasını özündən güclü bildi. Sən demə, ən güclü olduğu vaxtlar elə o zamanlar imiş – daşyonan olub, külüngü ilə sərt qayaları yardığı vaxtlar.
Tarix: 03.12.2014 / 13:57 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Maraqli Hekayeler