Gecənin səssizliyi onun narahatlığını daha da artırırdı. Balkona çıxaraq, şəhəri seyr etməyə başladı. Şəhər qara örtüyə bürünmüşdü. Tək-tük evlərdə yanan lampalar şəhəri işıqlandırmağa kifayət etmirdi. Birdən gözləri ulduzlara sataşdı.
O, bir cəvahir qədər parlaq olan və gözqamaşdırıcı ulduzları seyr edərək fikrə daldı... Üç ay əvvəl yenə belə gecələrdən biri idi. O zaman gecənin sükutunu bir telefon zəngi pozmuşdu. O vaxt hər şey öz axarında gedirdi. Həyatında heç bir çətinlik hiss etmədən ömür sürmüşdü. Onun üçün hər şey qatarın relslər üzərində getməsi qədər asan olmuşdu: təhsili, peşəsi, evliliyi, uşaq sahibi olması və s. O, əbədi bir həyatın şıltaq və ərköyün uşağı idi. Ta ki telefon zəngi gələnə qədər... Ağır addımlarla telefonun yanına getdi. Səbəbini bilmədiyi bir narahatlıq qəfildən onu bürüdü. Dəstəyi qaldırarkən rahatlığın son pərdəsini bağladığını hiss edirmiş kimi ağır hərəkət edirdi.
Dəstəyin o biri ucundakı adamın səsi gözlədiyinin əksinə təlaş içərisində və hüznlü olmayan bir səs idi. Həmin səs ona adını və soyadını təsdiqlətdi. O, ancaq: "bəli mənəm", - deyə bildi. Artıq maraqla qorxu hissləri bir-birinə qarışmışdı. Gecənin bu vədində tanımadığı bir kəs onun haqqında olan bütün şeyləri bilir, ona aid məlumatları təsdiq elətdirirdi:
telefon zəngi həyatı dəyişmişdi - İzmirdə anadan olubsunuz, deyilmi?
- Bəli.
- 1971-ci ildə, deyilmi?
- Bəli.
- Orta məktəbi və litseyi İzmirdəmi bitiribsiniz?
- Bəli...
Sual verənin o qədər nüfuzedici səs tonu və diksiyası var idi ki, qəhrəmanımız nə üçün bunları soruşduğunu və nə baş verdiyini öyrənməyə cürət edə bilmədi. O, danışığın sonunu maraqla gözləyir, vaxtı qısaltmaq üçün dəstəyin o biri ucundakı naməlum şəxsin suallarına əvvəlki kimi kəkələmədən cavab verirdi. Zəng edən şəxs onu ümumi məlumatlarla yanaşı, ona evləndiyi tarixə qədər şəxsi informasiyanı da təsdiqlətmişdi. Qəhrəmanımız sualların yekunlaşmaq üzrə olduğunu bilirdi. Çünki zəng edən şəxs artıq bu il baş verənləri soruşmağa başlamışdı. Telefondakı səs bir müddət susduqdan sonra sonuncu sualı verdi:
- Dünən bir avtomobil alıbsınız, deyilmi?
- Bəli.
- Fikrimcə, artıq sizi yaxından tanıdığımızı və bir telefon "xəstəsi" olmadığımızı başa düşdünüz. İndiyə qədər haqqınızda verdiyimiz məlumatlarda hər hansı bir qeyri-dəqiqlik var idimi?
- Xeyr.
- Diqqətlə qulaq asın, bu, sizə bir xəbərdarlıq zəngidir. Verəcəyimiz məlumatı necə əldə etdiyimizi sizə deməyəcəyik. Ancaq sizin adınız bir terror qruplaşmasının qara siyahısındadır. Siyahıda min nəfərin adı var. Biz siyahıdakı şəxslərin qətlə yetiriləcəkləri günün qeyd olunduğu sənədi ələ keçirmişik. Ancaq qatillərin işləri püşk üsulu ilə bölünür. Biz isə bütün qatilləri ələ keçirə bilməmişik. Onları ələ keçirəcəyimizə inanırıq, ancaq hər ehtimala qarşı bu məlumatı sizinlə də bölüşmək məcburiyyəti hiss etdik. Bunu bilməyə sizin haqqınız var. Əlimizdəki siyahıya görə siz üç ay sonra, yəni, mart ayının 3-də öldürüləcəksiniz. Əldəttə ki, bu, sizi öldürməli olan qatili həbs edə bilmədiyimiz təqdirdə baş verəcək. Bununla bağlı hər hansı bir yeni bir şey baş versə, sizi məlumatlandıracağıq. Ancaq xüsusi bir qurum olduğumuz üçün sizin bizi tapmağınız qeyri-mümkündür. Unutmayın, üç ay sonra... Unutmayın 3 mart...Gecəniz xeyrə qalsın...
Telefon zəng çaldığı qədər qəribə bir tərzdə də bağlanmışdı. Danışıq başa çatmışdı. O, beynini didib-parçalayan milyonlarla sualdan birini belə soruşa bilməmişdi. Birdən sanki nəfəsi kəsildi. Dəstəyi tutan əlinin taqətdən düşdüyünü hiss etdi. Getdikcə sürətlənən ürək döyüntülərinin səsi və beynindəki yüzlərlə səs sanki bir-birilə bəhsə girmişcəsinə hayqırtı qoparırdı. O, qorxudan daha çox təəccüb hissi keçirirdi. Çünki heç bu barədə fikirləşməmişdi. Ölüm onun planında heç vaxt olmamışdı, ola da bilməzdi. Güclü, sağlam və varlı idi. Nə üçün ölməli idi ki? Kresloya oturduğu zaman yuxusunun qaçdığı gecələrdə nə etdiyini xatırladı. Televizoru yandırdı. İki il boyu maraqla seyr etdiyi teleserialın son bölümü təkrar nümayiş etdirilirdi. Həmin vaxt qonaq getdiyinə görə, serialın sonuncu hissəsinə baxa bilməmişdi. Ancaq heyhat...
Artıq onun üçün bu teleserial nə qədər də əhəmiyyətsiz, ölüm həqiqəti qarşısında nə qədər bəsit və ucuz görünürdü. Hər axşam ən azı dörd saatını bu mənasız işlərə ayıraraqmı xərcləmişdi? Bunu fikirləşdiyi zaman özünü daha pis hiss etdi... Masanın üzərində uzun illər abunə olduğu jurnalları götürdü, qoydu. Moda, dizayn, hobbi, şou-biznes, idman və s. jurnallarını nəzərdən keçirtdi. Uzun illər başqalarının həyatlarını izləyərək və oxuyaraq, vaxtını nə qədər fövtə verdiyini fikirləşdi. Özünü ağıllı hesab edirdi, ancaq səhv etdiyini dərk etməsi üçün ölümün gəlməsini gözləmişdi. Uşaqlarının otağına getdi. Yatırdılar.
Sonuncu dəfə onları nə vaxt öpmüşdü? Sonuncu dəfə nə vaxt onların gözlərinə baxmışdı? Xatırlaya bilmədi. Həmişə çox məşğul idi. Başqaları üçün xərclədiyi vaxtını öz övladlarından əsirgəmişdi. Bunları fikirləşdikcə onları öpməyə belə utandı. Daim şux olan bədəni çökmüşdü və o, başıaşağı vəziyyətdə otağı tərk etdi. Sonra yataq otağına gedərək, hiss və qorxularını həyat yoldaşı ilə paylaşmaq istədi. Həyat yoldaşı çoxdan yatmışdı.Ona baxdı. Baxdıqca da onunla çətinliklər, mübahisələr və görüləsi işlərdən başqa heç bir şeyi bölüşmədiyini xatırladı. Aralarında olan münasibətlər soyumuş və onlar daha çox mübahisə etmişdilər. Daim bir-birilərinin fikir və istəklərinə qarşı çıxmaqla ömürlərini keçirirdilər. Evlilik onlar üçün bir mübarizə səhnəsinə çevrilmişdi. Artıq dil tapa bilmir, bir çox məsələdə razılığa gəlmirdilər. Onları bir-birilərini gözəl hiss və duyğular bağlamırdı. Evlilikləri yalnız maddi ehtiyacları ödəmək üçün olan birliyə çevrilmişdi. Uzun illər sonra həyat yoldaşı ilə elə bu hissləri bölüşə biləcəkdimi?
Bunları fikirləşdikcə, ölmədən, həyat yoldaşını itirdiyini, onun sevgisini qazanmaq üçün heç bir iş görmədiyini dərk etdi. Əslində həyatını ölməkdən qabaq itirdiyini başa düşdü. Bu, ona daha çox ağır gəlirdi. Bir anlıq gözləri parıldadı. Bu qədər ümidsiz olmamalı idi. Axı o müsəlman idi. Deməli, ölümdən sonra həyatın olduğuna inanırdı. Ölüm hər şeyin sonu demək deyildi. Əksinə ölüm başlanğıc idi. Ancaq... Gözləri parıldadığı kimi tez də söndü. İslam dininə inanırdı, ancaq dinə ayıracaq vaxtı heç olmamışdı. Təqaüddə olsaydı, bəlkə, namaz qıla bilərdi. İş tempinin aşağı düşməsindən qorxaraq və çox sevdiyi siqaretindən ayrılmaq çətin olar deyə oruc tutmamışdı. Həcc mövsümü də geridə qalmışdı. O, tuta biləcəyi budaqları bir-bir qırmışdı. Bəhanə uydura bilmirdi. Rəbbinə nə deyəcəkdi? Xəstə deyildi, məhbus deyildi, cahil deyildi.
Öz-özünə: "Axı necə olub ki, bunları düşünməmişəm?" - deyə soruşdu. Susdu. Gözyaşları yanaqlarına süzülərkən maraq və qorxu hissinin tərk etdiyi bədənini əzab və peşmanlıq hissi bürümüşdü. Ulduzlu və sakit bir gecə idi...
O, üç ay bundan əvvəli fikirləşirdi. Üç ay əvvəl ona zəng edən şəxs bir daha ona zəng etməmişdi. Ertəsi gün isə mart ayının 3-ü idi. Gözlənilən gün gəlib çatmışdı. Əgər üç ay əvvəl olsaydı, polis idarəsinə müraciət edər və həmin günün başa çatmasını gözləyərdi. İndi isə bundan narahat deyildi. O, əvvəllər baş vermiş və aradan qaldıra bilmədiyinə inandığı xəta və günahlarına görə narahatlıq keçirirdi. Ölüm qorxusu artıq onu tərk etmiş, yerini üç aydır ki, yenidən tanıdığı və çox sevdiyi rəbbinə qarşı böyük bir üzrxahlıq tutmuşdu.
Bu üç ay sanki həyatını yolunaqoyma imtahanı olmuşdu. Həyat yoldaşı ilə münasibətləri qaydasında idi, gözəl idi. Əvvəllər mübahisə mövzusuna çevirdiyi şeylərin nə qədər kiçik və əhəmiyyətsiz olduğunu dərk etmişdi. Uşaqları ilə maraqlanmış, onlara həyatları boyu faydalanacaqları nəsihətlər vermişdi. Artıq ailə üzvləri yenidən bir arada olmaq üçün axşamın düşməsini səbirsizliklə gözləyirdilər. Yemək masasında başlayan söhbət yuxusuz gecələrə qədər davam edirdi. Həmişə təxirə saldığı bir işi görmüş - Qurani-Kərimi oxumağı öyrənmişdi. Oxuduğu hər bir kəlmə ilə illərin pərçimləndirdiyi "sıxıntı" mismarları və tərəddüdlər bir-bir çıxarılmışdı. Quranı oxuduqca illərlə nəfsi ilə həyatını nə qədər çətinləşdirdiyini dərk etmişdi...
Üşüdü. Balkondan içəri daxil oldu. Gecə namazını qılmaq üçün səccadəsini açdı. Bəlkə də bu, onun son namazı idi. Əzrayılın nəfəsini kürəyində hiss edərək, rəbbinə sığındı. Səcdəyə getdiyi zaman xeyli ağladı. Namazı bitirdiyi zaman salam verərkən həyatının bəlkə də bu son günündə üzündə təslim olmanın rahatlığı var idi. Telefon zəng çaldı. Gecənin səssizliyi, rahatlığı və bədənindəki təslimçilik hissi sarsıldı. Yerində donub qaldı. Yenə gecə yarıdan ötmüşdü. Telefon susmaq bilmirdi. Yerindən qalxmadı. Telefondakı səsin eyni səs olmasından, "Qatillər həbs edildi" deyilcəyindən və əvvəlki həyatına qayıda biləcəyindən qorxdu. Eyni həyat tərzinin, narahatlıqların, başıboşluğun yenidən başlanmasından qorxdu. Qərar verdi: bilmək istəmirdi. Artıq rəbbinin əmr etdiyi kimi gələn hər günü ölə biləcəyi gün, qıldığı hər namazı son namazı imişcəsinə qəbul edəcək və hər bir kəsə sanki sabah öləcəkmiş kimi sevgi ilə baxacaqdı. Telefon uzun-uzun zəng çaldı... Ayağa qalxdı, telefonun şnurunu çıxartdı. Saatını səhər namazının vaxtına quraraq və uşaqlarını öpərək sevdiyi həyat yoldaşının yanına uzandı. Sahib olduğu nemətlərə görə rəbbinə şükür edərək, gecənin qollarına rahatlanmış bədənini buraxdı...
Tarix: 01.12.2014 / 14:44 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: Maraqli Hekayeler