Əgər insana 50 il sonrası göstərilsə, bəlkə də bir gecədə saçları ağarar. Uşaq vaxtı nə qədər böyük ümidlərlə yaşayırsan. Elə o ümidlərlə yaşaya-yaşaya da həyatla barışmağa başlayırsan. Barışdıqca da ümidlərin pillə-pillə reallığa doğru enir. Və bir gün görürsən ki, ya bir qəzetin küncündə, bucağında eşələnib ailənə çörəkpulu qazanan adicə müxbirsən, ya hansısa qapının keşikçisi, ya da hansısa idarənin sıravi bir məmuru. Amma nələr düşünmüşdün, xəyalında nələr qurmuşdun…
Elə bu həyatın bir hikməti, bir gözəlliyi də ondadır ki, bir an öncəni görmək mümkün deyil. Demək, bütün bu ssenariləri yazan bizi bizdən daha çox düşünüb.
Ölüm də elədir. Nə vaxt öləcəyimizi bilsək, bəlkə də aylar, illər uzunu əlimizi, qolumuzu sallayıb o günü gözləyərdik. Amma bilmirik, ehtimal belə vermirik, başımızı aşağı salıb işimizlə məşğuluq.
Ölüm çox qorxuludur, əgər onu düşünmədinsə… Əgər nə vaxtsa ölüm adlı bir həqiqət qapısından keçib başqa bir dünyaya girəcəyini xəyalından keçirmədinsə, kabusdur, dəhşətdir ölüm. Amma düşündünsə, hər şeyin bir Sahibi olduğunu unutmadınsa, axirətini bu dünyaya satmadınsa, toy-bayramdır, gözəl bir səfərdir ölüm.
Səfəriniz xeyrə qənşər olsun!
Tarix: 03.12.2014 / 13:26 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Hekayeler