— Dünyada nə var nə yox?
— Heç nə yoxdu...amma ölüm var!
Dünyada istisnası olmayan yeganə qanun ölüm qanunudur. Gətirən – hər bir varlıq ölümü mütləq dadacaq – aparacağam deyir. Bəli, gələnin gedənini çooox görmüşük amma gedənin gələnini görən olmayıb hələki. Çünki ölüm haqdı. Bəlkə də elə buna görə qədim Çin mütəfəkkiri Konfutsi — İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin, onsuz da öləcəklər, deyirdi.
Ölüm o qədər aydın və hətmi bir hadisədir ki, Allah Qurani-kərimdə mən həyatı olduğu kimi, ölümü də yaratdım deyir — Ölümü də bir yaradılış sayır. (Mülk 2.)
Ölüm hər hansı bir canlı varlığın (insan, heyvan və ya bitki) həyat fəaliyyətinin sona çatmasıdır. Ölümlər bir neçə cür olur. Onlardan biri bioloji ölümdür. Ağır xəstəliklərdən əziyyət çəkən insanların bioloji ölümü uzun müddət davam edə bilir. Bu müddət bir neçə dəqiqədən və ya bir neçə aydan ibarət ola bilər. Bioloji ölüm zamanı insan orqanizmindəki bütün orqanlar öz funksiyasını bir-birinin ardınca itirir. İnsan tam səssizləşir və hərəkət etmir...
“Yalançı ölüm” də ölümün başqa bir növüdür. Bu zaman adamın ürəyi birdən-birə dayanmır. Yalançı ölüm qanda zəhərlənmə, travma, donma, elektrik vurması zamanı özünü göstərir. Belə ölmüşlərin yenidən həyata qayıtma şansı olur bəzən…
Ölüm bəlkə də Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük nemətdi. Heç təsəvvür etmisizmi ölüm olmasaydı dünyada nə xaus olardı...?! Bir tərəfdə onsuz da ölüm yoxdu deyib vəhşiləşən insanlıq, bir tərəfdə milyon illərlə yaşamış və həyatdan bezmiş qoca uzun saqqallılar, bir tərəfdə rəngini və dadını itirmiş sevilməyən həyat, mənasızlıq… Axı eyni hisləri təkrar-təkrar necə yaşamaq olardı?!
Bəlkə də həyatın bu qədər sevilmə səbəblərindən biri də onun müvəqqətiliyidir. Bəli, Hər kəsin içində həyatı itirmə qorxusu var. Bəşər elə bir məxluqdur ki, itirmə qorxusu olmayanda o şeyin qədrini bilmir, laqeyid olur, bəyənmir və hətta dodaq belə büzür. Fransalı riyaziyyatçı Blez Paskal da məhz bunu nəzərə alaraq – ey həyat, ölümə minnətdar ol, Səni ona görə sevirəm deyirdi.
...Ölümü çox uzaq sanmayaq, ölüm bizimlədi. Heç inanırsız, gözümüzlə gördüyümüz və görə bilmədiyimiz hər bir şey bizim qatilimiz ola bilər. İnsanın sevdiyi evi başına uça bilər, gündə 10 dəfə yuyub-sildiyi maşını onu həyatdan silə bilər və s. və ilaxır.
Ölüm elə bir qüdrətdi ki, normal halda həyat mənbəyi olan şeylərdən də qətl aləti kimi istifadə edə bilir. Misal üçün, Hebbel — Damlanın içində həyat var, lakin dalğanın içində ölüm, deyirdi. Su həyat mənbəyidi amma nə çox insanları ölümə təslim edib bu su...
Ölümə yenilməyən elə bir qəhrəman yoxdu. Ona görə ümumiyyətlə əsl qəhrəman ölümlə deyil, həyatla mübarizə aparır. Ölümlə mübarizə aparmaq ağılsızlıqdır. O gəldi, aparacaq deməkdir. Ölüm özünü, sözünü, gücünü təsdiq etmiş bir qüdrətdir. Şekspir — Qorxaqlar tez-tez ölər, cəsurun isə ölümü bir dəfədir deyir. Bəli, həyat insanı öldürmək istəyirsə, buna imkan vermir qəhrəmanlar, həyatın boğazından yapışıb nəfəsini kəsirlər. Amma onları ölüm öldürmək istədikdə qəhrəmanlar əllərini qaldırıb təslim olurlar. Ölümə göstərdikləri ağarmış üzləri – sülh bayrağı da fayda vermir, Əzrayıl (ə) gəldikdə sülh bağlamağa deyil, yenməyə gəlir çünki.
Bəli, çox ağır bir duyğudu sadəcə ölə bilmədiyin üçün yaşamaq. Belə insanlar çox təhlükəli – öldürücü olarlar. Ölə bilmirlər deyə başqalarını öldürərlər, sanki onların ölümünü əvəz etsin deyə...
Ölməyi bacarmayanlar üzündən həyat bu qədər çirkabdır. Hər İnsan hər gün ən azından bir dəfə ölməyi (təsəvvüründə belə olsa) bacarsaydı insan fərdlərindən təşkil tapmış bu həyatımız çox gözəl olardı. Ölməyi bacaranlardı həyatı quran, həyata can verən, yaşadan. Ölməyi bacaranlardı əsl qəhrəmanlar, ölənlər deyil.
Tarix: 03.12.2014 / 13:23 Müəllif: Aziza Baxılıb: 150 Bölmə: Maraqli Hekayeler