Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyanet Qoxusu ...(dedektiv) II Hisse

O dəfələrlə özünə sual vermişdi: “Görəsən düz yoldayam? Bütün qadınlar eynidirmi? Onlara qarşı münasibətdə haqlıyam? Bəlkə də haqlı deyiləm. Birinin günahında beşinin nə təqsiri? Amma yox, hamısı eynidir. Yalançıdırlar. Kişilərdən istifadə edib, sonra da əlcək kimi dəyişirlər hamısı, hamısı eynidir!” Anasının tez-tez xatırlatdığı evlənmək təkidinə baxmayaraq, çalışsa da içində nəsə ona mane olurdu. Nəsə onun nifrətini alovlandırırdı. Nəsə hər dəfə evlənmək sözü gələndə, kobudluq etməmək üçün otaqdan bəhanəylə qaçmağa vadar edirdi onu. Bu nəsə - onun alçaldılmış, təhqir edilmiş saf sevgisi idi... İndi bu sevgi özündən on dəfə böyük olan nifrət, kin, acıq ilə paralelləşmişdi və nifrətin böyüklüyündən əriyib zərrəcə qalmışdı. Anasının xətrinə dəyməmək üçün nə vaxta kimi bəhanə gətirəcəkdi? Onsuz da onun kələyini çoxdan başa düşüblər. Elxan ondan böyük olsaydı məmnuniyətlə onu qarşıya verib vaxt qazanardı. Amma təəssüf ki, belə deyildi. Üstəlik qardaşı hələ tələbə idi, heç bu haqda düşünmürdü. Onun da öz qəribə prinsipləri var. Təhsil, iş onun həyatının təkcə məqsədinə deyil, həm də mənasına çevrilib. “Amma çox yaxşı qardaşım var". – Rauf fikirli gülümsündü - həmişə böyük qardaşının hörmətini saxlayır, sözündən çıxmamağa çalışır. Görəsən indi neyləyir? – saatına baxdı - Trabzon ilə buranın saat fərqinə görə, indi dərsdən gəlmiş olar”. Birdən-birə qardaşı ilə danışmaq, səsini eşitmək düşdü könlünə. Telefonu götürüb Elxanın nömrəsini tapdı. Yığdı. Elə həmin an da Elxanın şən səsini eşitdi:
−Salam. Ürəyə bax e, elə əlimdə sənin nömrəni yığırdım.
−Salam, kişi! – Rauf həmişəki kimi qardaşını zarafatla salamladı. – Necəsən?
−Şükür, salamatçılıqdı. Evdə nə var, nə yox? Atagil necədir?
−Salamları var, yaxşıdırlar, narahat olma. Sənin dərslərin necədir? Yorulmursan ki?
Elxan yüngülcə öskürdü. Amma sinəsi çox bərk xırıldadı.
−Yox əşi, nə yormaq. Əksinə enerji alıram. Anam yanındadı?
Rauf ciddiləşdi:
−Niyə öskürürsən?
−Boş şeydi. Anama ver.
−Boş şeydi deyirsən? Özünü niyə qorumursan? Orda yanında ailən yoxdu. Sənə bir şey olsa... Bizi də fikirləş, vaxtın olanda... Özünə yazığın gəlmir, heç olmasa anama yazığın gəlsin.
Elxan böyük qardaşını sakitcə dinləyib, güldü:
−Şişirtmə, qorxulu heç nə yoxdur. Heç dəyişməmisən, həmişəki kimi bir nöqtəni böyüdüb dağ eləyirsən. Həm də sən deməsən bilməz heç. Soyuq su içmişdim, bir az boğazım ağrayır.
Rauf deyindi:
−Yadında saxla, böyük şeylər də bir vaxtlar kiçik olub.... Özün də hələ həkim olmaq istəyirsən. Əvvəl özündən başla! – Elxanın dinmədiyini görüb söhbəti dəyişdi. - Nəysə, düzələn deyilsən. Hm, anam evdədi, yanımda deyil. Neynirdin ki?
−Heç, elə-belə səsini eşitmək istədim. Evə zəng eləyərəm.
Sən hardasan?
−Zalda.
−Əvvəlki yerdə?
−Hə, elə orda.
Elxan yenə yüngül öskürdü:
−Sənin işlərin necə gedir?
Rauf oynatdığı qələmi yerə saldı:
−İdman dərsini keçirəm yenə.
−Bəs əsas işin?
Rauf mızıldandı:
−Yaxşı iş olanda tək işləyirəm.
−Hə, lap yaxşı. Ən yaxşısını özün bilirsən. Bəri bax, bəs toya nə vaxt gəlirik?
Rauf qaşqabağını tökdü:
−Elxan, bu məsələ çoxdan bağlanıb.
Elxan inadkarlıq etdi:
−Onu demirəm. Qız qəhətdir? Özü də sən bilirsən ki, mən ondan heç vaxt xoşlanmamışam. Sənə görə hörmət eləmişəm. Amma ürəyimə yatmırdı nəsə. Nəysə, o qədər ağıllı, qəşəng qızlar var ki, səndən ötrü dəlidir. Layiqlisin tap, evlən.
−Başqa salamatçılıqdı?
Elxan güldü:
−Hə, yaxşı, başa düşdüm. Elə sən də düzələn deyilsən.
−Yaxşı, onda danışarıq.
−Oldu, soruşanlara salam de. Özün də qız tap, toyu gözləyirəm. Mənim də gəlməyə bəhanəm olsun.
−Hələlik...
Telefonu qapayıb deyindi:
−Evlən, evlən... Bircə bağlansaydı bu söhbət.
****
Heç telefonu əlindən qoymamış zəng melodiyası səsləndi. Nömrə tanış deyildi. Cavab verdi:
−Eşidirəm.
−Rauf Şıxovdur?
−Bəli!
−Salam. Bağışlayın, nömrənizi Cabbarovdan almışam. Sizi bir qədər narahat edəcəm.
Rauf peysərini qaşıdı:
−Hmm, eşidirəm.
−Mənə köməyiniz lazımdır. Telefon söhbəti deyil, mümkünsə görüşüb danışaq?!
−Kiminlə danışıram?
−İlqar Talıbovla. Görüşə bilərik?
−Yəqin ki, olar.
−Çox sağ olun. – kişi bir qədər duruxdu. – Hörmətinizi artıqlaması ilə qiymətləndirəcəm.
Rauf bir az susub dilləndi:
−Hələ nə danışacağımızı bilmirəm... Yəqin ki, məni anladınız.
Kişi yorğun səslə:
−Hə, əlbəttə. Nə vaxt görüşək?
Azacıq düşünüb dedi:
−Bu gün axşam 18:00-da mümkündür.
−Harada?
−Zala gələrsiniz. – ardınca ünvanı diktə etdi.
−Oldu, görüşərik.
Telefonu qapadı. Təkrar peysərini qaşıdı. Təzə vərdiş yaranmışdı. Bəzi filmlərdə gördüyü kimi,nəsə düşünəndə qeyri iradi əli başına uzanırdı. “Allah xeyir eləsin.” - düşündü.
* * *
−Nə yaxşı oldu amma, çox da uzaq deyil. – İradə xanım səsləndi.Maya ayaqqabısının ipini bağlayıb, ayağa qalxdı:
−Hə ana, o barədə yaxşıdır. Görəsən müəllim necə biridir?
Yataq otağından Eldarın səsi gəldi:
−Çox savadlı müəllimdir. Müzəffər mənə pis məsləhət verməz. Onun oğlunu iki il əvvəl bu müəllim hazırlayıb. Yüksək də bal yığmışdı uşaq. Amma hələ bilmirəm qəbul eləyəcək, ya yox. – yoldaşına səsləndi - İradə, həkimə bu gün gedəcəksiniz?
Ana qızının saçını hamarladı:
−Qoy görək oğlum nə vaxt vaxt tapır da.
Nicat da əlindəki qovluğu bağlayıb, ayaqqabısını götürmək üçün ayaqqabı dolabına yaxınlaşdı:
−İcazə ala bilsəm tez gələcəm.
İradə xanım nəyisə xatırlayıb ərinə tərəf döndü:
−Niyə deyirsən ki, hələ bilmirəm qəbul edəcəyini? Niyə qəbul etməsin ki?
Eldar çiyinlərini çəkdi:
−Nə bilim, qəribə, prinsipial adamdır deyirlər. Çox savadlıdır, amma qapalıdır.
Nicat ayaqqabılarını cütləyib dabankeşi götürdü:
−Görək də, təzə müəllim fizikanı sənə öyrədə biləcək, ya yox? Qorxuram ikinci günü qovulasan.
Maya pörtüb qaşlarını çatdı:
−Ona hələ baxarıq. Sənin kimi ədəbiyyatın, dünya tarixinin qorxusundan qrupumu dəyişib,arzumu ürəyimdə qoymamışam ki.
−Arzum ürəyimdə qalmayıb, xanım qız, mən tələbəyəm, sənisə hələ bilmək olmaz.
Maya tərs-tərs baxdı:
−Baxarıq...
Nicat qayışını rahatladı:
−Nə deyirəm ki... İstəməyənin gözü çıxsın. Uyyy gözüm – deyib, qəfil əlini gözünə apardı.Maya və anası eyni vaxtda döndülər. Qızın qardaşına acığı tutsa da, gülməyini gizlədə bilmədi:
−Dəli, bəsdir!
Ana uşaqlarını süzüb başını bulayıb, gülürdü. Eldarın da dodağı qaçdı:
−Az sataş mənim qızıma. Oğlum, tələbə olmaq hələ hər şey demək deyil. Özün də çalış tez icazə al, ananla get həkimə. – qızını səslədi. - Gəl qızım!
Onları yola salan İradə xanım hələ də gülümsəyirdi:
−Yaxşı yol!
* * *
−Ata, ünvanı tapa biləcəksən?
−Hə, sən narahat olma. Müzəffəri də qapılarından götürəcəm.
−Hə, lap yaxşı.
Maşını işıqforda saxladı:
−Nə yaman tıxacdır yenə. - əlini atıb siqaret qutusunu çıxardı. Təzəcə alışdırmaq istəyirdi ki, məzəmmətlə baxan Mayanı gördü. Tamam unutmuşdu... Qızının saçını tumarladı:
−Ağıllı qızım, ələyhqaz yadından çıxmayıb?
İkisi də gülüşdülər. Eldar siqareti maşının qutusuna qoyub dilləndi:
−Deyəsən ləngiməli olacağıq. Hm, qızım alınsa, diqqətli olub, öyrənə biləcəksən?
−Həmişə deyirsən ki, hər şey insan öz əlindədir.
−Bilirəm qızım, amma çalışmaq lazımdır.
−Çalışacam.
−İnşallah, nə kitab, test, filan lazım olsa yaz ver mənə.
−Özüm alaram, o çətin deyil.
−Yox, sən bilmirsən . İndi kitabları o qədər keyfiyyətsiz üsullarla çap eləyirlər ki, saxtalarını ayırmaq olmur. Həm çox ziyanlıdırlar, həm də bir də görürsən hansısa söz, ifadə, hətta vərəq itir arada. Səhvlər də ki, nə qədər. Özüm orijinalın tapacam.
Maya haradansa qəfil duyulan benzin qoxusunu burnuna çəkdi. Benzin qoxusundan çox xoşu gəlirdi:
−Bəs onda niyə o cür çapa qadağa qoymurlar?
Eldar müəllim yan şüşədə arxa tərəfə baxıb, maşını döndərdi:
−Kim deyir ki, qoymurlar? Guya oğurluğa, adam öldürməyə, cinayətə qadağa qoyulmur? Əlbəttə qoyulur. Amma yenə tam qarşısını ala bilmirlər, kökünü kəsə bilmirlər. Bu da elə.
−Onda yəqin gəlirləri də çox olar. – atasını süzdü.
Eldar müəllim gülümsədi:
−Ooo, bəs nə! Heç o kitabların müəllifləri həmin gəlirin yarısını götürmür.
Maya burnunu çəkdi:
−Ağır söhbətdir.
Eldar müəllim güldü:
−Hə, ağırdır. Bax gör blokun qarşısındakı Müzəffərdir, seçə bilmədim.
Maya qabağa əyildi:
−Həə... Deyəsən. Hə, hə, odur.
* * *
Maşın birmərtəbəli yığcam binanın qarşısında dayandı. Müzəffər maşından düşərək qapıya tərəf getdi:
−Dünən söhbətimiz olub özüylə. Eldar, gəlin.
Maya onlara tərəf gələn ucaboylu, yaraşıqlı, sərt baxışlı, hamar saçlarının qarşı tərəfi azacıq gözünə tökülmüş gənc oğlanı süzüb, pıçıldadı:
−Ata, budur müəllim?
Oğlan onların bərabərinə çatıb əl verdi:
−Xoş gəlmisiniz.
Müzəffər salamı alıb, qonaqları təqdim etdi:
−Bu haqqında danışdığım Eldar müəllim, bu da onun qızı Maya xanımdır.
Oğlan eyni ciddiliklə onlarla da əl tutuşdu:
−Şad oldum.
Müzəffər qonaqlara sarı döndü:
−Bu da gələcək müəlliminiz Rauf Şıxovdur...
Eldar xoş bir təbəssümlə başını tərpətdi:
−Bizə də xoş oldu. Çox gəncsiniz, amma Müzəffər sizi yaman təriflədi. Oğlunu siz hazırlamısınız, deyir fizikadan 25 sualın hamısına cavab yazıb. Müzəffər fərəhlə söhbətə qoşuldu:
−Hamısı da düz.
Rauf mimikasını dəyişmədən başını yellədi:
−Mənə də xoşdur. – ardınca da yarıaçılı qapını göstərdi:
−Buyurun kabinetimə.
Stol arxasında əyləşdilər. Mayaya yer çatmadığı üçün özünə divanda yer tutdu. Eldar bu maraqlı otağı nəzərdən keçirib, sözə başladı:
−Doğrusu, Rauf müəllim, qızımın seçdiyi qrupa fizika lazım deyil. Amma ki, attestat imtahanında problem yaranacaq. Bu uşaqlar hansı qrupa hazırlaşırlarsa, bütün qüvvəni sərf edirlər o qrupun fənnlərinə, sonra da qalırlar belə. Əslində bütün dərslər oxunmalıdır. – Raufun diqqətlə qulaq asdığını görüb, fikrini yekunlaşdırdı. – Qısası, qızım fizikadan çox zəifdir.
−III qrupdur? – Rauf soruşdu. Eldar təsdiqlədi:
−Bəli.
−Adətən humanitar fənnlərə maraq göstərənlər texniki fənnlərlə o qədər də çox maraqlanmırlar. – Maya tərəfə baxmadan danışırdı. – Amma inandırım ki, fizika çox maraqlı fənndir. Eldar razılaşdı:
−Bütün fənnlər gözəldir. Hə, o da düzdür ki, humanitarla texniki fənnlər bəzən ayrıseçkiliyə gətirib çıxarır. Elə Maya da humanitara meyillidir. Rauf nəhayət qıza tərəf döndü:
−Nə olmaq istəyirsiniz?
−Rəssam.
−Hmm, qabiliyyət tələb edən peşədir.
Maya gülümsədi:
−Əlbəttə.
Rauf yenidən Eldar müəllimə sarı döndü:
−Qızınız sınaqlarda iştirak edib?
−Hə, hamısına özüm aparmışam. Yaxşı da bal toplayıb.
−Çox yaxşı. Bəs qabiliyyət imtahanından keçmək şansı var?
Eldar müəllim qızını fəxrlə süzdü:
−Hə, yaxşı yaradıcılıq qabiliyyəti var. Bu yaxınlarda gənclər təşkilatı Mayanın əsərlərindən sərgi təşkil edəcək.
Rauf bu dəfə qızı bayaqkından fərqli olaraq, maraqla süzdü:
−Çox yaxşı xəbərdir. Əgər istedadı varsa, bu daha yaxşı. Onun üçün bütün yollar açıq olacaq. Həm də imtahana 4 ay qalıb. Səhv etmirəm ki?
Maya dərhal dilləndi:
−Düzdür, 4 ay qalıb.
Rauf ona ötəri nəzər salıb, yenə Eldar müəllimə sarı döndü:
−Bilirsiniz, əslində məntiq təkcə riyaziyyat kimi fənnlərdə lazım deyil. Bu günlərdə sınaq imtahanlarından birinin testini uşaqlardan biri göstərdi mənə. Riyaziyyatı izah etməyim üçün. Nəysə, III qrupun sınaq testi idi. Maraq üçün bütün fənnlərə baxdım. Fizikanı bilməyimə baxmayın, mən özüm də III qrup üzrə oxumuşam. Düzü, imtahanda 650 balı keçmişdim. Amma etiraf edəcəm, çətinlik çəkdim bu testdə. İndi ən çətin elə humanitar fənnlərin qrupudur. Azərbaycan dili, ədəbiyyat, tarix .Heç birinin düsturu yoxdur. Hamısında da elə suallar qoyulub ki, yenə məntiq... – onu dinləyən qonaqlarını süzdü. – Əslində bunun tərəfindəyəm, şagirdlər daha diqqətli olmağa məcbur olurlar. Buna “mədəni məcburiyyət” deyərdim. Şəxsən mən düşünürəm ki, indiki dövrdə 500 bal toplayan tələbələr imtahanı bizim dövrdə versəydilər, 700 bal toplamışdılar. Buna əminəm.
Eldar təsdiqlədi:
−Düzdü, çox çətinləşib indi.
Bayaqdan sakit dayanmış Müzəffərin sanki yarasını qopardılar:
−Heç yanda belə deyil. Yazıq uşaqları dolaşdırırlar, hələ bir deyirlər də ki, qəbul faizi aşağıdır. Bizim uşaq oxumaqdan qupquru olmuşdu. Xəstəlik tapmışdı mədəsi. Nə qədər yolda-bacada dönər, nə bilim quru-quru yeməklər yemək olar? Hələ qabaqda tələbəliyi var bunun. Məktəbdə dərsi qaydasında keçsəydilər hazırlıq nəyə lazım idi? – üzünü Eldara tutdu – Eldar, sənin yadında olar, bizim dövrdə hazırlıq var idi, sən Allah? Hələ bir qızıl medalla da qurtarırdılar onilliyi. O Şövkət müəlliməm tarixi elə yeritmişdi ki, başıma, 26 il keçib, hələ də soruşsalar Napaleonun hücumlarını bircə-bircə illərinə kimi sayaram. Nə bilim, İsgəndər, Pyotr... Dərsi belə keçərlər. Yoxsa indi? O gün getmişəm balaca qızın dərsinə. Səkkizdə oxuyurlar hələ bunlar. Denən sinifdə and içməyə bir uşaq tapdın? Gəlib evdə yazıq uşağın da gününü qara eləmişəm. Deyir, ata neyləyim, müəllimgil mağazaya getdilər, biz də qaçdıq dərsdən.
Eldar ciddiləşdi:
−Müzəffər, səninlə tam razı deyiləm. Bu məsələdə uşaqları da qınayıram əslində. Dərs keçilmir, gedib tələb eləsinlər. Guya şərait olsaydı, bizdə də olmazdı eyni şeylər? Amma uşaqlar düşüncəli, məsuliyyətli idilər. Öz vəzifələrini bilirdilər ki, məktəbə oxumaq üçün gəliblər. Gün keçirməyə, oynamağa yox... Gedib tələb etsələr, o müəllim ikinci dəfə dərsi qoyub “cuncuq-muncuq” almağa getməz! – gülümsədi - Mənim bir sinif yoldaşım vardı, müəllimlər əlindən zara gəlmişdilər. Zalım qızı tənəffüsdə də dinc qoymurdu onları. Əlində qələm dəftər, düşürdü müəllimlərin arxasına. İndi səfirlikdə tərcüməçidir...
Müzəffər razılaşdı:
−Ay sağ ol, mənim də dediyim elə odur da.
Eldar söhbəti uzatmaq istəmədi, Raufa baxdı:
−İndi necə deyirsiniz, Maya hazırlaşa bilərmi?
Rauf yenə qızı sərt və ötəri nəzərlə süzdü:
−Zənnimcə, hazırlaşa bilər. Bu, onun özündən asılıdır.
−Bəs fizikanı belə yaxşı hardan bilirsiniz? – Maya maraqlandı.
−Sadəcə uşaqlıqdan olan maraq. Elə-belə yox, böyük maraq.
−Hm, maraqlıdır.
Eldar ayağa qalxdı:
−Deməli, danışdıq. Maya bu gündən şagirdinizdir. Onu sizə tapşırıram.
Rauf da yerindən qalxdı:
−Arxayın olun.
Eldar azacıq ona tərəf əyildi , astadan dedi:
−Qaldı qiymət məsələsi.
Rauf ciddiliklə başını buladı:
−O haqda Müzəffər müəllimlə danışarsınız.
−Oldu, lap yaxşı. Bir də mümkünsə Mayanı uşaq az olan qrupda hazırlaşdırın.
Rauf doğrudan təəccübləndi:
−Mən qrupla hazırlamıram ki.
Eldar da təəccüblə maraqlandı:
−Bəs necə? Tək-tək?
−Yox, çoxdandır uşaq hazırlaşdırmıram. İdman hazırlıqlarına vaxt güclə çatır. Dünən Müzəffər müəllim zəng edib dedi ki, yaxın dostsunuz, ona görə.
Eldar bir az sıxıldı:
−İndi tək hazırlayacaqsınız?
Rauf qaşlarını çatdı:
−Məncə bunun ona daha çox xeyri olar.
Eldar fikirli halda başını tərpətdi:
−Hm, məncə də. Bəs burda hazırlaşacaq? Deyəsən bura idman zalıdır axı.
Rauf ötəri gülümsündü:
−Səhv etmirsiz. Burda fərdi də, qrupla da karate və kinqboks dərsləri keçirəm.
Eldar hörmətlə onu başdan-ayağa süzdü:
−Afərin, hərtərəflisiniz.
Bu vaxt bayaqdan bəri onların söhbətinə sakitcə qulaq asan Maya düyünlənmiş qaşlarının altından baxan qəşəng gözlərini süzdürdü:
−Bəs elə yüksək balla qəbul olub oxumusunuz, indi niyə işləmirsiniz? Yeri gəlmişkən, nə üzrə oxumusunuz?
Rauf qıza tərəf baxdı. “Qəşəngdir” - düşündü, amma bu ona zərrəcə təsir etmirdi. Maya da onun üçün yüzlərcə adi adamdan biri idi. Ciddiliklə:
−Məgər bu iş deyil? – dedi və azacıq seziləcək gülüşlə gülümsədi.
Mayanı cavab qane etməmişdi deyəsən. Qaşlarını çatıb, uşaq kimi dodaqlarını yığdı:
−İşdir, amma...
Ona baxan Raufu gülmək tutdu. Qız inadkar uşaqlara bənzəyirdi. Üstəlik yeni müəllimini elə qəribə maraqla süzürdü ki, sanki başqa planetdən gəlib. Rauf qapıya doğru addımlaya-adımlaya söhbəti yekunlaşdırdı:
−Mən burda olanda bura gələcək, evdə olanda da evə. Narahat olmayın, şagirdimə görə məsuliyyəti öz boynuma götürürəm. Mənim dərsimdə olan müddətdə ona özüm cavabdehəm. Çalışqan və diqqətli olsa dərsi də tez qavrayacaq. İndi 50/50-yə çalışacağıq.
Nə isə xatırladı:
−Bir də nömrələrinizi yazıb qoyun. İlk dərs günü üçün özüm xəbər verəcəm.
Maya tələsik çantadan qələm-kağız çıxardı:
−Bəs hansı kitablar lazım olacaq?
Rauf başını buladı:
−Dəftər-qələm gətirin, kifayətdir. Lazım olan dərslik özümdə var.
Eldar və Müzəffər otaqdan birinci çıxdılar. Maya müəlliminə yol vermək istəsə də, Rauf astaca çəkilib onu irəli verdi. Qapıdan çıxanda Eldar dönüb əl tutuşdu:
−Müzəffərə görə sizə inamım vardı. Tanışlıqdan sonra bir az artdı. Uğur olsun!
Rauf da bir-bir hamısı ilə əl tutdu. Maya dönüb bu ciddi və qaşqabaqlı müəlliminin gözlərinə baxmaq istədisə də, artıq o içəri qayıtmışdı...
* * *
Yığcam, kvadratşəkilli otağın içərisində ağ və mavi rənglərin vəhdəti yaranmışdı. Bu onun ən sevimli rəngləri idi. Otağın bir küncündə naxışlı geniş çarpağı, digər küncündə kitab rəfi, yanında yığcam bir kamod var idi. Kitab rəfinin digər tərəfində paltar şkafı qoyulmuşdu. Çarpayının ayaq tərəfində isə yazı stolu vardı. Bir kiçik dolab da çarpayının yanında idi. Maya qapını açıb tələsik dolabına tərəf qaçdı. Balaca açarla dolabın kilidini açdı, gündəliyini çıxardı. Çarpayının üstündə bardaş qurub, gündəliyi səhifələdi...
5 mart 2011
“Hə, əziz gündəliyim! Mənim balaca dostum. Bu gün çox maraqlı gün oldu... Yeni müəllimlə görüşə nəhayət ki, getdik. Sən demə Müzəffər dayının oğlu Teymuru da o hazırlaşdırıbmış fizikadan. Teymur sualların hamısına doğru cavab yazmışdı. Amma mən nə I qrupa, nə də IV qrupa hazırlaşıram. Attestat imtahanında cavabları yazım, bəsimdir. Hə, onu deyirdim. Müzəffər dayı da bizimlə getdi. Əslində müəllimi belə cavan təsəvvür etmirdim. Mənə elə gəldi ki, təxminən 26-27 yaşı olar. Əvvəlcə qardaşım yaşda göründü. Amma hamı deyir ki, qardaşım yaşından böyük görünür. Hə, nə isə. Amma çox qəribə adamdır. Onun kimi insanları görəndə elə bilirəm ki, onlar gülməyi bacarmırlar. Ümumiyyətlə, ömürlərində gülməyiblər. Həm də kobud insana oxşayır. Özü də sualı verirəm, tam cavab vermir. Elə əsəbləşirəm onda. Ən acığım gələn bir şeydir. Guya 650 baldan çox yığıbmış imtahanda. Ay inandım ha! Çox da ki, fizikanı yaxşı bilir, əgər o qədər bal toplamış olsaydı, niyə idman müəllimliyi edirdi ki? Bildiyim qədər idman müəllimliyinə cəmi 50 bal lazımdır. 50-yə 650 demək? Daha bu qədər də yox da. Soruşdum ki, “niyə işləmirsiniz?” Pərtliyindən bilmədi nə desin. Dedi: “Bəs bu iş deyil?” Daha dərinə getmədim, yoxsa yalanını açardım. Nəysə, mənə fizika lazımdır, öyrətsin, vəssalam. Özü də nədəsə səhv edəndə mənimlə kobud danışsa özümə cavabdeh deyiləm. Həmişə öz haqqımı tələb edirəm, insanlara hörmət edirəm, həmişə də hörmət gözləyirəm. Xətrimə dəyəni də cavabsız qoymuram. Bəziləri deyir ki, “diri uşaqdır”. Amma atam başqa cür deyir: “Qızım zəmanə uşağıdır, belə zamandan baş çıxarmaq üçün avamlıq lazım deyil.” Hə, deyəsən çox uzağa getdim... Filosofluğa başladım yenə. Bu gün çox gözəl hava var. Fəsillərin şahı yaz özünü göstərməyə başlayıb. Gedim mən də bir az dincəlim. Hələlik istəkli kitabçam!”
Kitabçanı dolaba qoyub, qapısını açarla bağladı.
−Maya! – qapının ağzında dayanıb qızını süzən ana gülümsədi. – Orda nə gizlədirsən elə?
−Heç nə...
−Məni aldadırsan?
Maya onun üzündən öpüb, gülə-gülə otaqdan çıxdı:
−Əhəmiyyətli bir şey deyil.
Deyəsən İradə xanım əl çəkmək fikrində deyildi:
−Maya, sən niyə mənə açılışmırsan? – qızının ardınca mətbəxə keçdi. Maya təəccüblə döndü:
−Açılışmıram? Necə yəni?
−Mənimlə heç bir sirrin-sözün yoxdur.
Mayanı gülmək tutdu. O, anasının söhbəti nəyə gətirib çıxaracağına əmin idi. Amma İradə xanım qızının ağıllı olduğunu nəzərdən qaçırırdı... Anasına və özünə süzdüyü çayı süfrəyə qoydu:
−Mənim heç bir sirrim-sözüm yoxdur axı.
−Elə şey ola bilməz.
−Buy, niyə olmur ki?
−18 yaşın var. Böyük qızsan daha. İndi deyirsən yəni, heç bir sirrin-filan yoxdur? – İradə xanım mənalı tərzdə gülümsədi. Maya başını buladı:
−Eh, səni inandırmaq müşküldür. Ana, başqa “18 yaşlıları” deyə bilmərəm, amma mənim elə bir “sirrim” yoxdur.
Ana məzəmmətlə gülümsədi:
−Bəs gizlətdiyin nə idi?
−Anaaaa... – qız gileyləndi.
−Bəsdir görüm, soruşmağa haqqım var. Anayam, maraqlanmaq da borcumdur.
Maya qaşqabağını tökdü:
−Gündəlik idi.
−Bəs orda elə gizli nəsə yoxdursa, niyə elə gizlədirsən? – ana əl çəkmədi. Maya məyus halda dilləndi:
−Heyif, çox heyif ki, məni hələ də yaxşı tanımırsan. Ana, sadəcə xoşlamıram ki, mənim hisslərimi, duyğularımı başqaları bilsin. İstər ailəm, istərsə də başqası. Gələcəkdə özüm oxuyacam. Bir də ola bilsin bir nəfər... Vəssalam.
İradə xanım dirçəldi:
−Bir nəfər? Kimdi o “bir nəfər”?
Maya suallardan qurtulmaq üçün fincanı əlinə alıb, otağına keçmək üçün ayağa qalxdı:
−Nə vaxt mövcud olsa, onda deyərəm. – otağına keçib yazı stolunun arxasında əyləşdi.
İradə xanım da yavaşca qapını açıb, içəri keçdi. Onun hələ də qızından söz qoparmağa ümidi qalmışdı. Maya narazılıqla başını buladı. Ana qızının çarpayısının kənarında əyləşdi:
−Deyirsən ki, hiss-duyğularımı heç kəsin görüb, oxumasını istəmirəm. Amma özün də rəssam olmaq istəyirsən.
Maya çayından içdi:
−Onlar tamamilə fərqli şeylərdir. Heç bilmirəm başa sala biləcəm, ya yox?! – söz axrarırmış kimi, ətrafa baxdı. – Gündəliyimdəki yazılar ancaq özümə aid olanlardır. Yalnız öz hislərimdir. Amma rəsmlərimdəki hadisələr, duyğular, sevgi, kədər, xoşbəxtlik, çatdırmaq istədiyim fikirlər, duyğular – hər şey obrazlarımındır, əsərlərimindir. Üzərində həkk etdiyim kətanlarındır. Fırçamdakı çalarlarındır. Mənim deyil! Bax belədir mənim fəlsəfəm. Ona görə də belə şeylər üçün heç bir narahatçılığım yoxdur. – anasına baxıb gülümsədi. - Amma gündəlik tamam başqa şeydir.
İradə xanım başını buladı:
−Yaxşı, olsun. Amma yaxşı başa saldın. – birdən-birə söhbəti dəyişdi. - Bir az da müəllimindən danış.
Maya təəccübləndi:
−Nə danışım axı? Heç özüm də tanımıram hələ. Cavandır, qaraqabaq, kobud, eqoist birinə oxşayır. Amma Müzəffər dayı tərifləməkdən yorulmurdu heç. Dediyinə görə, guya humanitara hazırlaşıb, özü də 650 balı keçib. Amma zalda idman müəllimidi, fizikadan da hazırlıq keçir vaxt tapanda. Nəsə, heç nə anlamadım - bir az fikrə getdi – özünün cüssəli, qüvvətli görünüşü var. Özündən razı danışır. Məndən soruşsan, hiyləgər adama oxşayır. Qısası, ümumilikdə...
−Qızım, – İradə xanım mənalı baxışla qızını süzdü. – amma sabahdan müəllimindən çox, fizikaya fikir verərsən...
Maya pərt oldu. Doğrudan da bu qəribə müəllim haqqında necə oldu ki, bu qədər danışdı? Off... Məyus halda yazı stolunun üstündəki gecə lampasının işığını yandırıb-söndürməyə başladı:
−Sən soruşdun, mən də dedim. Burda nə var ki? Axı özün bilirsən, insanları öz-özlüyümdə araşdırmaq, təxəyyülümdə obrazını yaratmaq adətimdir. Bunu həmişə demişəm. O da eləcə.
−Bəs onun üçün necə obraz yaratdın? – ana maraqlandı.
− Nə bilim, elə olduğu kimi. – mızıldandı, hələ də pərt idi.
İradə xanım qızının könlünü aldı:
−Yaxşı, forslanma sən canım.
−Bilmirəm... – Maya ani susdu. – Doğrusu kobud, özünə güvənən, güclü iradəyə malik bir obraz. – Amma, bilirsən, onda elə bir şey vardı ki, mən onu dərk edə bilmədim. Bir insan ki, olduğu kimi görünməz və göründüyü kimi olmazmış kimi bir şey. Dəqiq bilmirəm, daha düzü ifadə edə bilmirəm. Çünki, heç özüm də dəqiq anlaya bilmirəm bunun nə olduğunu. Amma düzü bir insan kimi o qədər də xoşlanmadım bu müəllimdən.
Anasının ona xüsusi bir baxışla baxdığını görüb, onun fəndini hələ indi anladı. Kefi tamam pozuldu:
−Ana, niyə maraqlanırsan axı?
- Daha uşaq deyilsən, qızım. – İradə xanım təmkinlə dilləndi. - Bunu başa salmaq borcumdur, anayam mən. Kimdir, necədir bilmirəm. Amma zaman pisdir qızım, zaman... O qədər hadisə eşidirəm ki, vallah sən hər gün dərsə, hazırlığa gedib gələnədək ürəyim əriyir. Heç kəsə etibar yoxdu bu zamanda.
Maya etiraz etdi:
−Zamanlıq heç nə yoxdur, ana. Zaman həmin zamandır. Dəyişən insanlardır. Zamanın adı çıxıb... – Qayğıkeş nəzərlərlə anasına baxdı. – Özün də nahaq narahat olursan. Allahın qoruduğuna kim zərər verə bilər ki?!
İradə xanım başını buladı:
−Əlbəttə ki, Allah qorusun əvvəl. Amma, sən get özünü ocağa at ki, Allah qoruyur. Bəs insana verilən ağıl, düşüncə? Qızım, harda olursan ol, heç kəsə tamamilə inanıb, arxayın olma. - etiraf etdi. - Düzü, sən gəlib danışandan bəri yaman narahatam. Cavan müəllim olması ürəyimdən deyil heç.
Maya qalxıb otaqda gəzişməyə başladı:
−Uşaq deyiləm ki, ay ana. Nə də avam, sadəlövh deyiləm.
İradə xanım təmkinlə onun sözünü kəsdi:
−Bilirəm, öz qızıma da, tərbiyəsinə də, düşüncəsinə də bələdəm. Güvənirəm də. Amma insan çiy süd əmib. Heç vaxt ehtiyatı əldən vermə.
Maya keçib çarpayıda – anasının yanında əyləşdi:
−Oldu! Baş üstə! Arxayın ol!
Anası qapıdan çıxanda geriyə boylandı:
−Sözlərimdən nəticə çıxar. – qapını örtüb getdi.
Maya bir neçə saniyə anasının çıxdığı qapıya tərəf baxıb, yorğun halda yerinə uzandı. Gözlərini yumub, bu günkü görüşü təfərrüatı ilə xatırladı. Rauf müəllim... Yox, o nə qədər qəliz, adamayovuşmaz görünsə də, əslində pis adama oxşamırdı. İlk baxışdan özünə qarşı
hörmət doğurur. Anam nahaq yerə narahatdır. O heç mənə tərəf 2-3 dəfədən artıq baxmadı. O da ötəri nəzər saldı. Bəzi şorgöz kişilər kimi gözü başından ayrı düşməmişdi. Çox ciddi idi. Yox, ondan pislik gözləmirəm. Gənc də olsa, özünə hörmət doğurur...
Yerinə uzandı və yuxulamağa çalışdı.
* * *
Səhərdən bəri gözlədiyi qonağı nəhayət ki, gəlib çıxdı. Bu vaxt Rauf zalda tək idi. Avadanlıqların ətrafında dolanır, onların sazlığını yoxlayırdı. Qapı döyüldü və heç cavab gözləmədən də 45-46 yaşlarında ortaboylu, yaraşıqlı, tünd boz, parıltılı kostyum geyinmiş, saçlarını yandan səliqə ilə ayırıb daramış bir kişi içəri daxil oldu. Qapını örtərkən ötəri dönüb maşınına nəzər salması da Raufun nəzərindən qaçmadı. İrəli gəlib qonağı salamdı:
−Salam!
Kişi əlini ona uzatdı. Raufu başdan-ayağa diqqətli nəzərlərlə süzüb gülümsədi:
−Çox gəncsən.
Rauf da gülümsədi:
−Çoxları mənə yaşımdan artıq verir... Telefondakı siz idiniz?
Kişi hələ də Raufun əlini tutduğu halda ətrafa göz gəzdirdi:
−Bəli. Keçək içəri?
Rauf qonağını irəli verdi:
−Buyurun.
Gözucu yarıçəkilmiş pərdənin arasından qonağının avtomobilinə baxdı. Çox bahalı idi... Avtomobilin yanında hündürboylu, iri cüssəli, qüvvətli bir adam dayanmışdı. Çox güman ki, cangüdəni idi, həm cangüdən olmaqla yanaşı, avtomobili də idarə edirdi. “Bunun yumruğunun altına düşənin vay halına.” - düşündü. Otağa keçib, qapını içəridən bağladı, fikirli gülümsündü: “Deməli, qonağım mühüm adamdır.” Rauf stolun arxasına keçib, həmişəki yerini tutdu. Qonaq isə qarşı tərəfdəki kresloda əyləşdi. Yenə adəti üzrə oynaq
gözlərini hərlədərək geniş otağı nəzərdən keçirdi. Raufun dinmədiyini görüb, sözə özü başladı:
−Əvvəl özümü təqdim edim. İlqar Talıbov. Telefonda demişdim adımı. Amma məncə haqqımda bilmirsiniz.
−Adınız istisna olmaqla.
İlqar nəzərlərini otaqdan çəkib, Raufun üstündə saxladı. Ağıllı, diqqətli baxışları vardı. Özünü aparması, hərəkətləri, gözləri, möhkəm əlləri güclü iradə sahibi və bacarıqlı biri olduğunu bildirdi. Əlindəki alışqanla cibindən çıxardığı bahalı siqareti alışdırmaq istədi:
−Çəkmək olar?
Rauf başı ilə razılıq bildirdi. Qonaq alışdırdığı siqaretdən bir qullab vurub, qənaətlə danışan gənc oğlana baxdı:
−Demək belədir... Biz iki bacı, bir qardaşıq. Mən ailəliyəm, bacılarım da ərdədirlər. Yeznələrimlə birləşib iş birliyi qurmuşuq. Necə deyərlər, ailə biznesi yaratmışıq. Qardaşım olmayıb. Amma olmasa da, əmioğlumla qardaş olmuşuq. Yeganə əmimin, yeganə oğlu. Çox istedadlı, bacarıqlı iş adamıidi. Elçin Talıbov... Bəlkə eşitmisiniz, beş ay bundan əvvəl öz ofisində qətlə yetirilib.
Rauf qaşlarını çatdı:
−Bəlkə də...
İlqar başını yellədi:
−Hə, nəysə, indi iş bağlanıbdır. Birini həbs etdilər ki, guya şəxsi münaqişə zəminində Elçini o qətlə yetirib.
Rauf qarşısındakı vərəqin o biri – təmiz üzünü çevirdi:
−Guya?!..
−Bəli, guya. Çünki, buna inanmıram. Qətiyyən!
−Niyə? Bunun üçün tutarlı səbəbləriniz olmalıdır.
İlqar üz-gözünü turşutdu:
−Tutarlı səbəb? Rauf bəy, mən Elçinlə qardaş olmuşam, ən yaxın dost olmuşam. Bundan tutarlısı? Dəqiq bilirəm ki, o heç vaxt yad adamı ofisə buraxmazdı.
Rauf etiraz etdi:
−Cangüdən yaralanıb amma...
İlqar Raufu diqqətlə süzdü:
−Deməli, bilirdiniz?
−Yox, indi yadıma düşdü. İnternetdə oxumuşdum.
İlqar barmağındakı iri, tünd göy qaşlı üzüyü fırlatdı:
−Hm, belə. Düşünürsünüz ki, bir adam ofisə rahatca daxil olub, cangüdəni yaralayıb, bu səs-küyü eşidən Elçin də içəri gələn adamdan müdafiə üçün əlinin altındakı silahı götürməyib. Düz başa düşdüm? Bunu necə izah edəcəksiniz, cənab zabit?


Ardı var...


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 763 Bölmə: Maraqli Hekayeler
loading...