Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qorio Ata"

"Qorio ata" romanı dünya ədabiyyatının əsas sütunlarından sayılır. Əsər yazıldığı dövrdən bəri aktuallığını saxlamış və Balzaka dünya ədəbiyyatında ölümsüzlük qazandırmışdır. Qərb filioloqları "Qorio ata"nı yeni dövrün İsası hesab edirlər.



Balzak "Qorio ata" romanında qaldırdığı mövzularla zamanın sərhədlərini aşmağı bacardı. 1834-cü ildə yazılmış “Qorio ata” fransız ədəbiyyatının ilk realist romanı da sayılır. Buna görə də Balzak romanı yazarkən həmin dövrdə baş verən hadisələri, Parisi və orda yaşayan insanları olduğu kimi təsvir etməyə çalışmışdır. Romanın dili olduqca axıcıdır. Əsər iki qızını ifrat dərəcədə sevən atanının faciəsi haqdadır. "Mən qızlarımı tanrının dünyanı sevdiyindən daha çox sevirəm", - deyir Qorio ata. Arvadını erkən itirdikdən sonra Qorio ata bir daha heç evlənməmiş, bütün həyatını,sevgisini iki qızına həsr etmişdir. Onda atalıq hissi çılğınlıq dərəcəsindədir. Keçmişində yoxsul bir fəhlə olan, sonradan isə varlı fabrikanta çevrilmiş Qorio ata qızlarını hər cür təmin edir, onlar üçün xüsusi tərbiyəçilər, qulluqçular tutur, onları yüksək cəmiyyətin tələblərinə uyğun böyüdür. Qızları evlənmək yaşına çatdıqda isə onlara bu məsələdə sərbəstlik verir. Böyük qızı Anastasiya Parisin kübar mühitinin məşhur zadəganlarından olan qraf de Resto ilə, kiçik qızı Delfine isə zəngin bankir olan de Nusingenlə evlənir. Qorio ata min bir zəhmətlə qazandığı sərvətin çox hissəsini qızlarına verir. Qızları evləndikən sonra ilk vaxtlar atalarına qarşı xoş davranırlar, lakin Qorio atanın bütün sərvətini aldıqdan sonra qızlarının ərləri onu evlərinə yaxın qoymurlar. Qızları da atalarına görə utanırlar və zavallı qocanı tənha buraxırlar. Çünki Qorio ata kübar cəmiyyətdən çıxmayıb, keçmiş fəhlədir. Bundan sonra Qorio ata “Madam Vokenin evi” kimi tanınan və Parisin ucqar məhəllələrinin birində yerləşən ucuz pansionata köçür.

Romanın digər əsas qəhrəmanı Parisə hüquq təhsili almağa gələn Ejen de Rastinyak adlı 22 yaşlı tələbədir. Ejen də həmin pansionatda yaşayır. Ailəsi Ejeni böyük ümidlərlə Parisə hüquq oxuması üçün göndərmişlər. Kübar cəmiyyətin dəbdəbəsinə, parlaqlığına heyran olan Ejenin ən böyük arzusu tezliklə varlanıb, bu cəmiyyətə daxil olmaqdır. Müflisləşmiş əyalət zadəganın oğlu olan Ejen kübar cəmiyyətdə yüksəlmək ehtirası ilə yaşayır .Bu arzusuna çatmaq üçün o, Parisin kübar cəmiyyətinin tanınmış xanımlarından olan qohumu Madam de Boseandan istifadə etməyə çalışır. Paris ballarına getməsi üçün Ejenin bahalı paltarlara ehtiyacı vardır. Lakin Ejenin pulu yalnız onun yeməyinə və kitablarına güclə çatır. Buna görə də Ejen anasına və bacılarına məktub yazır. Özünü ağır vəziyyətdə olduğunu bildirərək təcili ona pul göndərmələrini istəyir. Ejenin ailəsi əsilzadə olsa da, olduqca yoxsuldurlar və kiçik bir tarladan əldə etdikləri gəlirlə yaşayırlar. Qənaət etdikləri pulu isə Ejenin təhsil alması üçün göndərirlər. Bununla belə Ejeninin məktubunu alan kimi anası və bacıları bütün qiymətli əşyalarını satıb, pulunu Ejene göndərirlər. Ejen Parisin bal gecələrinin sevimli qonağı sayılan madam de Restonun onunla eyni pansionatda yaşayan yoxsul qoca Qorio atanın qızı olduğunu eşidəndə əvvəlcə buna inana bilmir. Balzak əsərdə bir tərəfdən kübar cəmiyyətdə olmaq üçün hər şey edən Ejeni, digər tərəfdən isə kübar cəmiyyətin simalarının ikiüzlülüyünü, mənəvi çürümüşlüyün müqayisə edir. Balzak Parisin yoxsul və zəngin mühitini romanda bir arada verib. Yoxsul mühitin olduğu yer kimi madam Vokenin köhnə pansionatını seçib. Balzak məkan və zaman təsvirlərini oxucunun özünü orda hiss edəcək qədər ustalıqla vermişdir. Hər şeyi xırdalıqlarına qədər təsvir edir. Heç nə onun diqqətindən yayınmır. Oxucu Balzakın məkan təsvirlərini oxuyarkən həmin yerlərin atmosferini, havasını duyur. Hadisələrin mərkəzindəki məkan “madam Vokenin evi” adlanan köhnə və ucuz pansionatdır. Ora həm də yoxsul sakinlərinin bir gün qaçıb getmək istədiyi sığınacaq kimidir. Balzak pansionatda yaşayanların simasında cəmiyyətin aşağı təbəqəsinin ümumi mənzərəsini yaradır. Pansionatda başqa adla qalan quldur Votren, casus qadın Mişon, safürəkli və atası tərəfindən imtina edilən yetim qiz Viktorina, kasıb tibb tələbəsi Byanşon diqqəti daha çox cəlb edir. Balzak əsərdə yaratdığı saysız tiplər vasitəsilə o dövrdəki Paris cəmiyyətini psixoloji dəqiqliklə mükəmməl şəkildə təsvir. Balzak əsərdə yoxsullarla varlıları qarşılaşdırmış və onlar arasında necə dərin uçurumun olduğunu məharətlə açıb göstərmişdir. Və bu zaman dəbdəbə və səfaləti eyni arada vermişdir. Bu cəmiyyətin qurbanı olan Qorio ata qızlarının bütün nankorluqlarına baxmayaraq, onları çox sevirdi və qızlarının da onu sevdiyinə özünü inandırmışdı. Lakin ölüm ayağında belə qızları gəlməyincə, yanıldığını anladı. Romanın sonunda Qorio ata əzablar içində can verir. Balzak Qorio atanın ölüm ayağında dediklərini, ordakı psixoloji mühiti elə mükəmməl təsvir edib ki, biz romanı oxuyub bitirdikdən sonra da, Qorio atanın iniltilərini, yalvarışlarını bir müddət qulaqlarımızda hiss edirik.


Tarix: 24.03.2013 / 22:39 Müəllif: [Ram] Baxılıb: 557 Bölmə: Maraqli Hekayeler
loading...