Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetimi sevindir, fəzilət sahibi ol!

“Yetimlə xoş davranmaq, ona qarşı haqsızlıq etməmək Allaha xoş gedər”, — deyiblər. Çünki hər kəs də öz səlahiyyəti altında olan yetim üçün Allah qarşısında hesab verməli olacaq. Cəmiyyət inkişaf etsə də, min il əvvəlki ağrılar bu gün də eyni ağırlığı ilə yaşanmaqdadır. İnsan üçün dəyişməyən duyğular var. Üstəlik, zamanından, məkanından asılı olmayaraq, bu duyğular dəyişmir. Məsələn, gözlədiyinə qovuşan bir insan istər-istəməz sevinir yaxınını itirən bir insan isə istər-istəməz üzülür.
İslam terminologiyasında “yetim” adı həddi-büluğa çatmadan atasını itirmiş uşağa şamil edilir. Yetimlik mövzusu dünən aktual olduğu kimi, bu gün də, aktualdır sabah da öz aktuallığını itirməyəcək. Doğrudur, dövrümüzdə dövlətlər öz yetimlərini himayə etmək öhdəliyini boyunlarına götürürlər, ancaq həmişə olduğu kimi, yenə də bu məsələ çox həssas və çox məsuliyyətlidir. Axı kim zəmanət verə bilər ki, qayğıya möhtac körpələr haqsızlıq görmürlər? Yetimə qarşı haqsızlıq İslamda şiddətlə yasaqlanmışdır. Yetim malının başqaları tərəfindən qəsb olunması çox ağır günah kimi dəyərləndirilir.

Dinimiz yetimlərə hami təyin edilməsini nəzərdə tutur. Hamilərin, ilk növbədə, ona yaxın qan qohumlarından seçilməsi məsləhət görülür. Buyurulur ki, hami öz himayəsində olan yetimin təkcə maddi ehtiyacları ilə deyil, onun mənəvi tələbatları ilə də maraqlanmalı, onların yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməməlidir. “Yetimin qəlbini qətiyyən qırma!” əmrini verən Qurani-Kərim həddi-büluğ yaşına qədər haminin onun əmlakına diqqətlə baxmasını, halala haram qarışdırmamasını tapşırır.Elə yetimlər var ki, heç mirası yoxdur və ya atadan qalan miras gündəlik tələbatı qarşılayacaq qədər deyil. Quranda bildirilir ki, müharibə qənimətlərinin 20 faizi Allaha, Peyğəmbərə, Peyğəmbərin qohumlarına, yetimlərə, yoxsullara və yolçulara aiddir. Zəkatın verilməli olduğu ünvanlar sadalananda da yetimlər ən başda gələnlərdəndir. Ümumiyyətlə, İslamda yetim sevindirməyin çox fəzilətli əməl olduğu xüsusi vurğulanmış, istər əlamətdar günlərdə, bayramlarda, istərsə də ilin hər hansı bir vaxtında Allah rizası üçün yetim qapısını döymək, onun könlünü sevindirmək çox yüksək dəyərləndirilmişdir. Yetim malının yeyilməsi isə Qurana görə böyük günahdır.

Anadoluda çox ibrətli bir söz var: “Tükü bitməmiş yetimin haqqını yemək”. Özü də bu söz çox ağır günah mənasında işlədilir. Yetim cəmiyyətin, fərdlərin sınağıdır, imtahanıdır. Bir məmləkətin bütün yeraltı, yerüstü sərvətlərində hər kəs kimi yetimlərin də haqqı var. Yəni imkan sahibi olan biri insanların haqqını yeyirsə, ağır günahdır. Əgər o yetimlərin də haqqını yeyirsə, vəziyyət daha da ağırlaşır.
Bəli, hər kəs öz vicdanına baxsın, öz aqibətini düşünsün. Vəssalam!


Tarix: 03.12.2014 / 13:23 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Maraqli Hekayeler
loading...