Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müəllim və tələbə

Bir həftə idi ki, anası bərk naxoşlamışdı. Son üç gün isə, ümumiyyətlə, qızdırması düşmürdü. Bütün günü anasına qulluq edir, gecələr də yanından çəkilmirdi. İmtahana elə bu səbəbdən hazırlaşa bilməmişdi. Stress , gərginlik, anasının xəstəliyi onu bərk sarsıtmışdı, fikrini toplamağa mane olurdu. Bu gün isə imtahan günü idi. Dostuna:

- Mən hazır deyiləm.

- Nə danışırsan , neyləyəcəksən?

- Bilmirəm.

Adı çəkiləndə ürəyi tez-tez döyünməyə başladı. Nə edəcəkdi, müəlliminin gözünə baxmağa utanırdı. Nə cavab verəcək, "anam xəstə idi" desə , bu bəhanə kimi səslənməyəcəkdi ki? Belə vəziyyət onun üçün yad idi. Həmişə birinci olub, istər məktəbdə, istər universitetdə. Hamının sevimlisi, nümunəvi olmaq, hər kəsin hörmət dolu baxışlarına yaman öyrəşmişdi, xüsusən də müəllimlərinin. Bəs bu gün? Bu onun üçün cəhənnəm əzabı idi. Müəlliminin səsi onu fikirlərindən ayırdı:

- Bilet çək!

O, fikiri - fikirli bilet çəkdi. Təbii ki, onun vəziyyəti müəlliminin gözündən yayına bilməzdi. Sadəcə üz vurmadı. Biletə baxdı. Bir dənə də olsun sualın cavabını əla bilmirdi. Olsa - olsa "kafi" ala bilərdi. Bu isə gələcəkdə fərqlənmə diplomu arzusunun üstündən xətt çəkmək demək idi. Gözləri dolmuşdu. güclə özünü ələ aldı.

- Mən hazır deyiləm.

Müəllim gülümsədi , mənalı baxışlarla:

- Bunun əsaslı səbəbi olar yəqin?

O, susurdu. Başını aşağı saldı. Müəllim qiymət kitabçasına nəsə yazırdı. Bu anın tez bitməsini istəyirdi. Bircə qiymət kitabçasını alıb, auditoriyanı tərk edə bilsəydi. Müəllimin səsi sükutu pozdu:

- Oxuyarsan.

Onun gözləri dolmuşdu.

- Mən gedə bilərəm?

- Gedə bilərsən.

Axır ki, otaqdan çıxmışdı. Dərindən nəfəs aldı. Son günlər çox ağır keçmişdi. Qiymət kitabçasını açdı. Gözlərinə inana bilmədi. "Əla"? Bu ola bilməz. Demək müəllimi semestr boyu mühazirələrdə onun fəallığını, istedadlı gənc olduğunu nəzərindən qaçırmamışdı. Bu hadisə ona böyük dərs oldu. Bildi ki, əziyyət heç vaxt yerdə qalmır.

P.S Belə müəllimləri qoyub, tələbələrinə " öküz", "qoyun" -deyə müraciət edən müəllimlərdən danışılmasına dözə bilməzdim.


Tarix: 01.12.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqli Hekayeler
loading...