sual-
salam aleykum.
Mənə namazın beş vaxtını göstərən dəlilləri yazasınız.
va aleykum salam.
Allah ibadətlərinizi qəbul etsin.
Bütün aləmlərin Xaliqi olan Tanrımız bizə saysız-hesabsız nemətlər vermişdir. Bu nemətlərə görə Yaradana həmd, şükr və tərif edirik, Onun əmrlərini yerinə yetirmək və yasaqlarından çəkinmək borcumuzdur.
Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır. Vaxtlarına görə bunlardır:
1. Sübh (2 rükət): «… Sübh namazını da qıl». («əl-İsra», 78, və ya bax: «Hud», 114; «ər-Rum», 17).
2. Zöhr, yəni günorta (4 rükət): «…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 18).
3. Əsr, yəni ikindi (4 rükət): «Namazlara, (xüsusi ilə) orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın» («əl-Bəqərə», 238 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «ər-Rum», 18).
4. Məğrib, yəni axşam (3 rükət): «Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın)» («ər-Rum, 17 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «əl-İsra», 78).
5. İşa, yəni gecə (4 rükət): «…gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 17).
Hər namaz öz vaxtında qılınmalıdır: «…Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.» («ən-Nisa», 103). Həmçinin «əl-Muzzəmmil» surəsinin 20-ci ayəsinin təfsiri gecənin bir hissəsi (üçdə ikisini, yarısını və ya üçdə birini) qılınan namazı rüsxət verərək, kün ərzində beş vaxt namazın əmr olduğunu bildirir: «… O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (rüsxət verərək gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, fərz kimi gün ərzində beş vaxt namazı buyurdu)…» («əl-Muzzəmmil», 20).
Müsəlman və ya mömin namaza qarşı səhlənkar olmamalı və namazında riyakarlıqdan uzaq olmalıdır: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar). Onlar (namazlarında) riyakarlıq edər» («əl-Maun», 4-6).
Tarix: 07.04.2013 / 17:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Maraqlı melumatlar