Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybət barədə bilmədikləriniz!

Allah təala insanlara çox böyük nemətlər bəxş etmişdir. Bu nemətlərin Islamdan sonra ən böyüklərindən biri də, dillə danışmaq qabiliyyətidir. Dil insan üçün həm xeyirli, həm də zərərli ola bilər. Allaha itaət yolunda - Quran oxumaq, yaxşı əməlləri əmr edib, pisliklərdən çəkindirmək (əmri bi məruf, nəhyiənil munkər) fağıra yardım etmək, elm öyrətmək kimi işlərdə və ümumən Allaha şükr etmək işində, insana yardımçı ola bilər. Amma şeytana itaət yolunda isə, yəni yalan danışmaq, müsəlmanlar arasına ixtilaf salmaq, söz gəzdirib ara vurmaq, lağ etmək, müsəlmanları
söymək, Allah və Rəsulunun (s) haram buyurduğu şeyləri halal edib, insanlar içində fitnə-fəsad törətməklə özünə zərər gətirə bilər. Deməli, dil insana həm fərəh, həm də kədər gətirə bilər.
Haram yeməkdən, zinadan, oğurluqdan, içkidən, insan özünü qoruya bilsə də, dildən özünü qorumaq çox çətindir. Hətta bəzi adamlar var ki, dünya nemətlərinə meyl etmir, itaət və təqva sahibi kimi tanınır. Buna baxmayaraq Allahın qəzəbinə səbəb olacaq sözləri düşünmədən istifadə edir. Bəziləri də, zülm və günahdan qaçmağa cəhd edir, lakin dili ilə, müsəlmanların ölü və dirilərinə söyər, bunda bir qəbahət, məsuliyyət hiss etməzlər.
Allahın Rəsulu (s) demişdir: "Bir kimsə vardır ki, Allahı qəzəbləndirən sözü fikirləşmədən deyər və bu sözü ilə cəhənnəmin dibini qazanmış olar".
Hədis alimi Müslimin rəvayətində Allahın Rəsulu (s) qeybəti belə tanıdır: "Qeybət nədir, bilirsinizmi?". Səhabələr cavab verdi: "Ən yaxşısını Allah və Rəsulu (s) bilər". Rəsulullah (s) dedi: "Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir". Səhabələrdən biri sual etdi: "Əgər söylədiklərim onda varsa necə?" Allahın Rəsulu (s) "Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) etmiş olursan" cavabını verdi.
Buradan aydın olur ki, qeybət insanın nöqsanını, eybini, qüsurunu yanında olduğu və olmadığı halda, onun xoşlamadığı şəkildə insanlara çatdırılmasıdır. Deməli, bu adam öz qardaşına qarşı günah işlədərək qeybət etmiş olur, yox əgər bu xüsusiyyətlər onda yoxdursa, ona qarşı daha böyük günah işlədərək iftira yaxmış olur.

QEYBƏTIN HÖKMÜ
Qeybət bütünlüklə haram olan böyük günahlardandır. Cəmiyyət tərəfindən xoşlanmayan bir çirkin iş olduğu kimi, hər bir müsəlmana yaraşmayan hərəkətdir.
Islam qeybəti ciddi şəkildə qadağan etdi və haram buyurdu. Çünki, bunda qardaşlıq əlaqələrini qırmaq, dostluq və məhəbbəti məhv etmək, düşmənçilik və eyblərin üzə çıxması təhlükəsi vardır. Buna görə Allah Sübhanəhu Təala bu əmələ nifrət etdirmək üçün Qurani-Kərimdə qeybət edəni öz ölü qardaşının ətini yeyənə bənzətmişdir:- "Ey iman gətirənlər! Çox zənnə -gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir"! (əl-Hucrat,12)
Ibn Kəsir və imam Qurtubi bu ayənin təfsirini izah edərək "Qeybət, alimlərin ittifaqı ilə haramdır" demişlər.
Aişə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Rəsulullaha (s) Səfiyyanın qısa boylu olduğunu başa salmaq üçün əllə onun əlamətlərini göstərdim". O da, "Ey Aişə, Sən elə bir kəlmə dedin ki, dəniz suyuna qarışdırılsa ona qələbə çalar və onu bərbad edər" dedi (Səhihdir, Əbu Davud)

QEYBƏT EDƏNLƏ ONU DINLƏYƏN ŞƏRIKDIRLƏR
Xoşlanaraq və razılıqla qeybət edəni dinləyən özü qeybət etmiş kimidir. Çünki, bu hərəkət qeybət edəni həvəsləndirir və cəsarətləndirir, bununla da, onun dediklərini təsdiq etmiş olur. Deməli, qazanılmış günahda onunla ortaqdır.
Imam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: "Müsəlman kəs qeybət edildiyini gördükdə onu bu işdən çəkindirməli, əgər o bu işdən əl çəkməzsə özü oradan getməlidir. Hətta qeybətçini məsuliyyətə cəlb etmək üçün məsələ qaldıra bilər" (Əl-Əsqar, səh.294). MÜSƏLMAN QARDAŞININ QEYBƏTININ EDILDIYINI DUYAN KIMSƏNIN EDƏCƏYI HƏRƏKƏT
Allah Rəsulu (s) "Kim bir qardaşının şərəfini hədəfə alan qeybətçiyə mane olub onu susdurarsa, onu Cəhənnəmdən qurtarmaq, Allah üzərinə bir haqq olur" demişdir. (Səhihdir, Imam Əhməd: "Səhihul-Cami", səh. 624).

INSAN NƏ ÜÇÜN QEYBƏT EDIR
Insan öz nəfsinə uyub pis duyğuların çoxaldığı zaman qəlbindəki qəzəbə və qeybət etmə xüsusiyyətinə sarılaraq insanların dedi-qodusunu edər və onlara iftira yaxar. Başqalarına kin bəsləmək səbəbi ilə kim olur-olsun, özünə təskinlik vermək üçün, o, adamın qeybətini edər. Bu heç də müsəlmana yaraşan sifət deyil.
Paxıl və qeybətçi kimsə hər hansı insanın tərifləndiyi və sevildiyini gördükdə, onun paxıllıq duyğuları qabarır və o kimsənin gözəl xüsusiyyətlərini məhv etmək üçün öz silahını (dilini) işə salıb qeybət edir.
Laqqırtı və boşboğaz insanlar bir-bir ilə rastlaşdıqda özlərini göstərmək, laqqırtı və yaltaqlıq etmək üçün başqalarının qeybətini edərlər.

QEYBƏTÇININ SIFƏTLƏRI
Qeybətçi pis qoxuludur.
Cabir (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Rəsulullah (s) ilə birgə idik. Külək pis qoxu gətirdi. Rəsulullah (s) "bu qoxu nədir, bilirsinizmi?+ Möminlərin qeybətini edənlərin qoxusudur" dedi (Səhihdir, Imam Əhməd).
Qeybətçi qəbir (bərzax) həyatında əzab görəcəkdir.
Rəsulullah (s) "+ bu iki nəfər təharət əsnasında üstünə sıçrayan sidiyə diqqət etmədikləri və qeybət etdikləri üçün qəbirdə əzab görürlər"- buyurmuşdur (Səhih "ət-Tərqib və ət-Tərhib" kitabından).
Qeybətçi qorxaq və şəxsiyyətsizdir. Çünki, o üz-üzə gəldikdə qəlbindəkiləri onun üzünə deməyə cəsarət etmir. Əgər cəsarətli olsaydı nə işi varsa onun üzünə deyərdi.
Qeybətçi alış-verişdə zərər etmişdir. Qeybətini etdiyi kimsəyə çoxlu savab qazandırır. Çünki, Allah onun savabından alıb-qeybəti edilən adama yazır.
Qeybətçinin imanı əksilir. Çünki, Rəsulullah (s) "Kim özü üçün dilədiyini qardaşına diləmədikcə iman gətirmiş olmaz"- buyurmuşdur. (Buxari və Müslim).
Həqiqi müsəlmanlar biri digərində gördüyü pisliklərdən çəkindirər, yaxşılığa əmr edər. Qeybətçilər isə əməl etmədikləri üçün ziyana uğrayarlar.

QEYBƏTIN ÖRNƏKLƏRI
Qeybət bəzən insanın fiziki qüsurlarını açıqlamaqla olur. Məsələn, kiminsə kök, arıq, tək gözlü, çox uzun və ya qısa, keçəl, pəltək və s olduğunu bildirdikdə.
Insanın nəslini, tayfasını göstərməklə. Məsələn, bu afrikalıdır, kürddür, hindudur və s. Bu onların sənət və məşğuliyyətini deməklə də, ola bilər. Qeybətçi onları dəllək, çöpçü, hambal, nökər kimi sözlərlə təhqir edir.
Insanın əxlaqı ilə əlaqəli olur. Başqalarına əxlaqsız, tənbəl, qorxaq, dəli və s. kimi ləqəblər verirlər. Bəzən dini məsələlərlə bağlı olur. Ancaq günah işləməkdən qorxmayan, Allahın əzabından çəkinməyən, insanlardan utanmaz bir işə sahib kimsələrdən başqa, düz yolda olub dini düzgün yaşayan insanlara oğrusan, yalançısan, valideynə hörmət etmirsən, zəkatı vermirsən və s. Bu kimi şifətləri şamil edərsə artıq qeybət etmiş olur. Qeybət bəzən dünyəvi işlərlə əlaqəli olur. Bir kimsəyə utanmazsan, adamları ələ salansan, yatağansan, gömbulsan, çox danışansan və s bu kimi sifətləri verərsə artıq qeybət etmiş və "ölü əti yeyən" kimi günah qazanaraq Allaha qarşı üsyan etmiş olur. Qeybət tək dillə ifadə edilərək deyil, bəzən göz işarəsi, təqlid, kinayə, tənqidlər kimi digərlərini alçaldacaq hərəkətlərlə də olur ki, bütün bunlar haramdır, qeybətlə eyni hökmə malikdir.

INSANLAR ARASINDA QEYBƏT SAYILMAYAN ƏSLINDƏ QEYBƏT OLAN HALLAR
Biri digərinin xoşlamadığı bir şeyi o olmadığı halda deyir: ona, dalınca danışma deyildiyi zaman "bu sözləri onun üzünə də, söyləməyə hazıram" deyər. Bu heç də onu bu işdə doğru olduğuna əsas vermir, çünki, artıq o bu insanın xoşuna gəlməyən bir şeyi demişdir. Bu da qeybətdir. "Bu sözləri onun üzünə də deməyə də hazıram" məsələsinə gəldikdə isə bunun bəyənilən bir məsələ olduğu haqda heç bir dəlil yoxdur. "Bəzi kimsələr və ya bəzi alimlər belə elədi, başqa cür elədi" deyə onlar haqqında xoşa gəlməyən bir şey danışıldığını duyduqda bil ki, bu qeybətdir. Bir din qardaşının halını soruşduqda "sən kimi soruşursan", "Allah bizi islah etsin", "Allah uzaq etsin" kimi sözləri deyib, o adamdakı xətaları üzə çıxartmaq artıq qeybətdir. "Bu kiçikdir onun qeybətini etmək olar" sözlərini deyən adam günah etmiş olur, çünki, onun buna heç bir dəlili yoxdur. Bəzən günahkar adamın dalınca çox danışırlar. Amma, buna heç kəsin əsası yoxdur. Belə olsaydı, hər müsəlmanın qeybətini etmək olardı. Çünki, elə bir mömin yoxdur ki, günahı olmasın. Birinin xoşuna gəlmədiyi halda, əfəndim, sultanım, alicənablar və buna bənzər sözlərlə müraciət et
məsi düzgün deyil. Çünki, Rəsulullah (s) "Qardaşının xoşuna gəlməyəcəyi bir tərzdə çağırmaq qeybətdir"- demişdir.

QEYBƏTDƏN NECƏ QURTARMAQ OLAR
Bunun iki yolu var.
1. Kişi qeybətə son qoymazsa və Allaha tövbə etməzsə, nə cür qeybət edirsə etsin Allahın qəzəbinə səbəb olur. Qiyamət günü də bütün savabları alınıb, qeybətini etdiyi adama verilir.
Bütün bunları bilən adam, artıq tez bir surətdə əməllərindən peşman olub tövbə etməlidir və bir də bu əməllərə qayıtmamalıdır. Allahdan da təklikdə bu əməlinə görə bağışlanma diləməlidir. Kəffarə olaraq qeybətini etdiyi kimsədən də üzürxahqlıq edib, bağışlanmasını diləməlidir. Qeybətini etdiyi kişiyə xəbər çatmayıbsa, özünün ona gedib bir şey deməsi lazım deyil, çünki, bu həmin adamın qəlbinə xal salır. Lakin kimin yanında qeybət edibsə, onların yanında öz peşmançılığını bildirib, bir də belə şey etməyəcəyinə söz verməlidir və öz nəfsi ilə ciddi mübarizə aparmalıdır.
2. Qeybətin səbəbini araşdırıb tapmalıdır və buna qarşı mübarizə etməlidir. Ağıllı insan başqasının qüsurlarını lağ etməkdənsə, öz qüsurlarını tapıb onlarla mübarizə aparar. Dilini də pis şeylərdən qoruyar. Bununla həm bu dünyada, həm də axirətdə özünü qorumuş olar.


QEYBƏTIN ICAZƏ VERILDIYI VAXT
Imam Nəvəvi (Allah ondan razı olsun) "Əl-Əsğar" adlı əsərində bunları bildirir: Şəriət məsələlərini həll etmək üçün qeybətdən istifadə etmək olar. Bunun altı şərti var.
1. Zülmə məruz qaldıqda.
Həmin adam zülm etmiş adam haqqında məhkəməyə, hakim mövqelərə və ya öz böyüyünə, məruz qaldığı zülmü anlada bilər. Məsələn: "Filan kişi mənə qarşı belə etdi", "filankəs rüşvət almaqla mənə haqsızlıq etdi" - deyə o adamların haqsızlıqlarını dilə gətirə bilər.
2. Günahların və pisliklərin aradan götürülməsi barədə.
Məsələn, içki içən bir adamı gördükdə, onun barəsində müəyyən yerlərə məlumat verib, onun bu işdən islah olunması barədə yardım istədikdə.
3. Fətva istədikdə.
Müftinin yanına gedib "filan kişi mənə qarşı bu pisliyi etdi", "atam, qardaşım mənə qarşı pis davrandı", "bunların belə, pis işləri var"- deyə onların əməllərini dilə gətirmək olar.
Əbu Sufyanın arvadı Hind, Peyğəmbərimizə (s) gəlib belə demişdir: "Əbu Sufyan xəsis adamdır+" (Buxari). Bu hədis artıq bu məsələni təsdiq edir.
4. Müsəlmanlara zəmanət vermək üçün. Hədis rəvayətçilərinin inanılmayanlarının, etibar edilməyənlərinin barəsində qonum qonşusundan, qohum-əqrabasından həmin adam haqqında məlumat almaq olar. Həmin adamlar da onun barəsində məlumat verə bilərlər.
5. Günah və bidətləri açıq-aşkar işlədən adamın halı barəsində onun gələcək qonşusuna xəbər verib o adamı ayıq salmaq lazımdır.
6. Tanıtmaq məqsədilə. Bir kəsi təhqir etməmək şərti ilə, adamın başqa adı olmasa, onun ləqəblərındən (kor və s) istifadə etmək olar.

QEYBƏTDƏN QAÇMAQ OLMADIĞI ZAMAN, GÖZLƏNILMƏSI LAZIM OLAN XÜSUSIYYƏTLƏR.
Hər hansı bir üzürlü səbəbdən bu işə baş vurduqda, insanın niyyəti səmimi olmalıdır. Yəni başqalarının qəlbində şəkk-şübhə oyatmamaq üçün ehtiyatlı davranmaq lazımdır.
Problemlərin həll olunmasında həqiqi xeyiri əldə etmək üçün, ən düzünü söyləmək lazımdır.
Belə bir iş gördükdə çox ehtiyatlı davranmaq lazımdır. Çünki, bunun ziyanı xeyrindən çox ola bilər və müsəlmanlar arasında fitnə sala bilər.

QEYBƏTDƏN DAHA PİS
Günah vmüsəlmanlar arasında fitnə sala bilər.utanmadan öz qardaşının qeybətini etməklə insan imtahan olunur. Bunun isə ona halal və ya haram olduğunu ancaq Allah və Rəsulu (s) bilir. Ona görə bəzi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Bir kişi şan-şöhrətdən qaçaraq sadə paltar geyinirsə, ona xəsis deyərək "bu adam dünyanın bər-bəzəyini özünə haram etmişdir", "gör dinimizi nə hala salıblar", Allah birinə ev, maşın veribsə "buna bax cah-cəlallı evdə qalır, maşın sürür, heç müsəlmanları fikirləşmir" deyirlər. Halbuki bunları deməmişdən qabaq, bu insanların haqqında doğru, yaxud yalan danışdıqlarını düşünməlidir. Çünki, xəsis deyə adlandırdıqları adamın Allah yolunda xərcləyib-xərcləmədiyini haradan bilirlər. Allahın verdiyi evdən və ya maşından istifadə edib və ya imtina etməyin xeyirli və ya zərərli olduğunu onlar haradan bilirlər. Ona görə də elmsizlikdən Allaha sığınır və Ondan kömək diləyirik.

QEYBƏTLƏ MÜBARIZƏ CIHADIN ƏN FƏZILƏTLI NÖVLƏRINDƏNDIR

Bəzi adamlar bu sözlərlə çaşır. Lakin Allahın Rəsulu (s) belə demişdir: "Cihadın ən üstünü nəfslə olan cihaddır" ("Səhihul-Cami"). Başqa bir hədisdə isə "Mücahid- Allah yolunda öz nəfsi ilə mübarizəyə çalışan kəsdir"- deyilir.
Həqiqətdə qeybətə qarşı olan cihad ən böyük cihaddır. Çünki, düşmənə qarşı cihad müəyyən müddətdə olur. Nəfsə qarşı cihad isə ömrü boyu davam edir.

SON SÖZ
Həqiqətdə Peyğəmbərlərdən başqa bütün insanların nöqsanları var. Yaxşı kişi özünün nöqsanlarını görüb, onlarla mübarizə aparar. Ən yaxşı cəhət isə insanlarda nöqsan axtarmayıb, öz nöqsanlarını tapıb onları islah etməkdir.
Allah Rəsulunun (s) bu hədisini hər zaman xatırlamaq bizə fayda verər: "Ey qəlbinə iman girmədiyi halda, dili ilə iman gətirdim deyənlər! Müsəlmanların qeybətini etməyin! Onların gizli işlərini açmayın! Kim onların gizli işlərinin dalınca düşərsə, Allah da onların gizli işlərinin dalınca düşər. Allah kimin gizli işinin dalınca düşərsə, harada olursa olsun, hətta evində olsa, onun sirlərini açar" (Səhih, Əbu Davud).
Ağıl sahibi olan bir kəs qeybət haqqında danışarkən necə də düzgün demişdir: "Qeybət günahkarların qonaq süfrəsi, qadınların otlağı, pis ruhlu insanların qidasıdır."

Allah Təala bizi dilimizin bəlasından və Cəhənnəmin əzabından qorusun. AMIN!
Uca Allahdan yazımızı oxuyan hər bir kəs üçün xeyirli etməsini, o kəslərin də başqalarına belə gözəl nəsihətlər etməsini diləyirik. Bəli, iman gətirib, saleh əməl işləyən, haqqı və səbri tövsiyə edənlər ziyana düşməyəcəklər.


Tarix: 21.11.2012 / 14:39 Müəllif: [Ram] Baxılıb: 2021 Bölmə: Maraqlı melumatlar
loading...