Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səxavət dövlətlə ölçülməz

Peyğəmbərin əmisi nəvəsi, Imam Əlinin qardaşı oğlu Abdullah ibn Cəfər səxavəti ilə tanınan bir adam idi. Onu hətta səxavətdə Hatəmi-Taiyə bərabər tuturdular. Bir gün Abdullahın yolu bir bağın yanından düşür.

Baxıb görür ki, bağda qara dərili bir qul işləyir. Nahar vaxtı çatanda qulun yeməyini gətirib ona verirlər. O da süfrəsini açıb yerə sərir. Yeməyə başlamaq istəyəndə bir ac köpək ona yaxınlaşıb yazıq-yazıq ulamağa başlayır. Qul yemək tikələrindən birini köpəyə verir. Köpək çörəyi yeyəndən sonra yenə istəyir. Qul ikinci tikəni də ona yedizdirir. Köpək doymadığı üçün yenə yemək istəyir. Qul üçüncü tikəni də onun qabağına atır. Beləliklə, süfrədəki bütün yeməyi köpəyə verir, özü isə süfrəni yığışdırıb bir kənara qoyur və işinə davam edir.

Abdullah özünü saxlaya bilməyib qula yaxınlaşır və soruşur: «Niyə öz yeməyinin hamısını köpəyə verdin?». Qul cavab verir: «Nə bu həyətin sahibi, nə də ətrafdakılar it saxlamırlar. Bildim ki, bu köpək uzaqdan gəlib, mənə pənah gətirib. Onu ac qoyub özüm yeməyə utandım». Abdullah soruşur: «Özün üçün yemək saxlamadın?». Qul cavab verir: «Yox, bu, mənim bir günlük yeməyim idi». Abdullah heyrət içində qalır: «Bəs sabaha kimi nə yeyəcəksən?». Qul: «Heç nə. Ac qalıb sabaha kimi səbr edəcəyəm».

Abdullah qulun fədakarlığına valeh olur, öz-özünə deyir ki, bu qul məndən də səxavətlidir. Sonra Abdullah bağ sahibini tapıb bağı da, nökəri də ondan pulla alır. Qulu azad edir, bağı da ona bağışlayır.

(Feyz Kaşani. Əl-Məhəccətül-beyza, VI, 80).


Tarix: 21.11.2012 / 15:52 Müəllif: [Ram] Baxılıb: 461 Bölmə: Maraqlı melumatlar
loading...