Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim üçün bu izzət kifayətdir ki, Sənin bəndən olum

BƏNDƏ OLMAQ NƏDİR?
Bəzən «Allaha bəndəlik» ifadəsi kimisə bir qədər darıxdıra bilir. Onu rəhbər tutaraq ki, insan heç kəsin qulu olmamalıdır, azad doğulmuşdur - düşünür ki, yersizdir bu ifadələri işlətmək. Bu - məsələni tam dərinliklə anlamamaqdan irəli gəlir. Yersizlik - Allahdan qeyrisinə kölə olmaqdır. Rəbbdən başqasına nökərlik etməkdir. Allahın bəndəsi, köləsi olmaq, hər mənada Ona məxsus olmaq isə insana ancaq ucalıq gətirir. Allaha bəndəlik - aliliyin, üstünlüyün eynidir.
Kölə olmaq mahiyyətcə nədir? Kölə olduğunun bütün buyuruşlarını qeyd-şərtsiz yerinə yetirmək. Sahibinin iradəsini özünkündən üstün bilmək. Onun iradəsinə tabe olmaq. İndi kimdir kölə - malın, pulun, şəhvətin, qəzəbin, kinin, vəzifənin, tərifin, şan-şöhrətin yedəyində gedən, yaxud hətta bunun özünün deyil, buna cəhdin, səyin, canatmanın qulu olan, yoxsa könüllü olaraq, iradəvi şəkildə, öz missiyasını yerinə yetirmək üçün, yaradılışın fəlsəfəsinə uyğun gəlmək üçün, kamala çatmaq üçün öz iradəsini Mütləq Kamalın iradəsinə tabe edən? Öz yaradılışının mahiyyətinə xəyanət edərək müxtəlif müvəqqəti və ötəri şeylər üçün nələrdən keçən adam hara, Həqiqi Ruzu Verənə, Rəhimlilərin ən Rəhimlisinə, Qəyyum və Himayəçiyə öz əməllərini uyğun edən hara?!
Əqli olan bilir ki, hər an mövcudiyyət alır Rəbbindən. Bir anlıq Haqq Təala nəzərini çəksə insandan, bir an vücud, varolma verməsə ona - o, yox olar. Əqli olan bilir ki, hər nə ki, onda var, həqiqi mahiyyətə malik deyil, nəyinsə inikasıdır. Onun bütün varidatı qeyri-sabit və müvəqqəti səciyyə daşıyır, bütün duyğuları nəyinsə törəməsidir. Belə olan halda, əsl mənbəyə müraciət etmək məntiqi və əqlani olmazmı? Əsl mənbədən istəmək və gözləmək daha rasional hərəkət olmazmı?
Qurani-Kərimin 35-ci surəsinin 16-cı ayəsində buyrulur: «Ey insanlar! Sizlər Allaha fəqirsiniz, (Allaha yönəli ehtiyaclılarsınız), və Allahdır ki, həqiqi qənilik, həmidlik Ona aiddir, (Ona məxsusdur)».
Əgər insan həqiqətən izzət ardınca gedir, izzəti arayırsa - həqiqi izzət sahibinə müraciət etməlidir. İnsan özü üçün gərək müəyyən etsin ki, həqiqi izzətin mənbəyi Allahdır və yalnız Allaha bağlılıqla, Allaha müraciətlə, Allahın lütfü və inayətilə bir yerə gəlib çatar ki, orada izzət tapar. Allah Təala bu müqəddaratı cəmi insanlara nəsib etsin!


Tarix: 03.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı melumatlar
loading...