Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərə gələn ilk vəhy

Ürvə ibn əz-Zubeyir ona, Peyğəmbərin (s.a.v) zövcəsi Aişənin belə xəbər verdiyini rəvayət edir:
“Peyğəmbərə (s.a.v) ən birinci vəhyin gəlməsinin başlaması, yatdığı zaman sadiq yuxu görməsi olub ki, oyandıqda gördüyü hər bir yuxu sübh açılan kimi açıq-aşkar qarşısına çıxardı. Sonra ona tənhalığa çəkilmək istəyi sevdirildi.Hira mağarasında tənhalığa çəkilərək orada ailəsinə dönmədən bir neçə gecə ibadət edərdi. Bu məqsədlə yanında azuqə ehtiyatı olardı. Sonra Xədicənin yanına qayıdaraq eynilə bir neçə günlük azuqə götürərdi. Nəhayət bir gün Hira mağarasında ikən birdən ona Haqq gəldi. Onun yanına Mələk gəldi və “Oxu” deyərək əmr etdi.
O: “Mən oxuya bilmirəm” deyə, cavab verdi. Sonra belə dedi: “Məni qaldırıb taqətim kəsilənədək sıxdı, sonra buraxıb: “Oxu” deyərək əmr etdi.
Mən yenə: “Oxuya bilmirəm” dedikdə, ikinci dəfə qaldırıb taqətim kəsilənədək sıxdı, sonra yerə buraxıb: “Oxu” deyərək əmr etdi.
Mən yenə də: “Oxuya bilmirəm” dedikdə, məni üçüncü dəfə qaldırıb taqətim kəsilənədək sıxdı, sonra yerə buraxıb dedi: “Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə insana bilmədiklərini öyrətdi.” (əl-Alaq 1-5).
O, qorxudan boynunun əti titrəyərək Xədicənin yanına gəldi və o, “Məni örtün, məni örtün” deyərək təkrarlayırdı. Onu örtdülər. Qorxu ondan getdikdən sonra, Xədicədən:
“Ey Xədicə, mənə nə olur?” deyə soruşdu. Ona: “Nəfsim üçün qorxdum” deyə, başına gələni xəbər verdi.
Xədicə ona: “Xeyr! Müjdə olsun sənə. And olsun Allaha ki, O səni heç vaxt alçaltmaz. And olsun Allaha ki, sən qohumluq əlaqəsi saxlayır, düz danışır, aciz olanın ağırlığına yüklənir, kasıbı, qazana bilməyəni qazandırır, qonağı yedizdirir və haqq işlərdə kömək edirsən.”
Xədicə onu götürüb Varaqa ibn Nofəl ibn Əsəd ibn Əbd əl-Uzzanın yanına apardı. O, Xədicənin əmisi oğlu, atasının qardaşı idi. Cahillikdə nəsraniliyi qəbul etmiş bir kişi idi, ərəbcə yaza bilirdi. İncili Allah istədiyi yerə qədər ərəbcə yazmışdı. Gözləri tutulmuş yaşlı insan idi. Xədicə ona:
“Ey əmi, qardaşın oğlunu bir dinlə” deyə müraciət etdi.
O: “Qardaşım oğlu, nə görürsən?” deyə soruşdu.
Peyğəmbər ona gördüyü şeyi xəbər verdikdə, Varaqa ona belə dedi:
“Bu, İmran oğlu Musaya enən Namusdur (Cəbrail nəzərdə tutulur). Kaş ki, cavan olaydım, kaş ki, tayfanın səni çıxardıqları (qovduqları) zaman sağ olaydım.”
Peyğəmbər (s.a.v) ondan:
“Məgər onlar məni çıxaracaqlar?” deyə soruşdu.
Varaqa ona: “Bəli, sənin gətirdiyinlə gələn elə bir kəs yoxdur ki, onunla düşmənçilik edən olmasın. Sənin o günlərinə kimi qalsam, sənə var gücümlə kömək edərəm” deyə ona cavab verdi.”

Yəhyanın belə dediyi rəvayət olunur: “Əbu Sələmədən belə soruşdum: “Qurandan ən birinci nazil olan hansıdır?
O: “Ey bürünüb sarınan!” deyə cavab verdi.
Mən ondan: “Bəlkə “Oxu” deyə soruşdum?
O belə cavab verdi: “Cabir ibn Abdullahdan (r.a) belə soruşdum:
“Qurandan ən birinci nazil olan hansıdır? O: “Ey bürünüb sarınan” deyə cavab verdi.
Mən ondan: “Bəlkə “Oxu” deyə soruşdum?
O, belə cavab verdi: “Sizə Peyğəmbərin bizə danışdığını söyləyəcəyəm!” və belə dedi:
“Hira mağarasında bir ay qaldım, bir ay tamam olduğu vaxt, vadinin ortasına endim. Çağırıldığımı eşitdiyim zaman, önümə və arxama, sağıma və soluma baxdım, heç kəsi görmədim, sonra yenə çağırıldım, yenə də heç kəsi görmədim. Sonra yenə çağırıldım, başımı qaldırdığım vaxt Onu (yəni, Cəbraili ) havada, ərşin üzərində gördüm. Məni şiddətli titrəmə bürüdü. Xədicənin yanına gəlib “Məni örtün”, dedim. Məni örtüb, üstümə su tökdülər. Allah-Təala bu ayəni nazil etdı: “Ey bürünüb sarınan! Qalx, qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! Pisliyi tərk et!” (Əl-Muddəssir / 1-4).


Tarix: 05.06.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar
loading...