Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA SİTAYİŞ BİLİKLƏ EDİLƏR

Bəli, elmlə, biliklə bağlı məsələlərə mübarək İslam dini fövqəl dərəcədə yüksək əhəmiyyət vermişdir. Mübarək İslamın bünövrəsini təfəkkür, təəqqül, elm təşkil edir. Elm sözü, təəqqül sözü, təfəkkür sözü Quranda çox-çox işlənib. Qurani-Kərimdə yüz beş dəfə «elm» sözü elə «elm» kimi işlənib. Yeddi yüz yetmiş dəfə «elm» sözü müxtəlif variantlarda, müxtəlif formalarda işlənib. Qırx doqquz dəfə Quranda «əql» sözü işlənib, on səkkiz dəfə “fikir” sözü işlənib, iyirmi dəfə “fiqh” sözü işlənib. O zaman «fiqh» - ümumi biliklərə deyirlərmiş. Sonradan yalnız əhkamla bağlı elmə “fiqh elmi” deyiblər. O zaman bir adama fəqih deyəndə, hər sahədə dolğun biliklər malik olan bir insan nəzərdə tutulurmuş. Bu rəqəmlər onun üçün gətirilir ki, İslamda elmə verilən böyük əhəmiyyət əyani surətdə görünsün.

Böyük fransız alimi, mütəfəkkiri Jül Lebon bildirmişdir ki, İslam dininin digər dinlərdən on iki üstünlüyü vardır. Yəni, on iki dənə cəhət vardır ki, İslam bütün başqa məktəblərə bunlardan dərs verə bilər. Bu cəhətlər arasında Jül Lebon elmi xüsusilə vurğulamışdır. İslam elmə, əqlə söykənir. İslama qədərki dinlərin nümayəndələrindən elələri vardır ki, əql və dinin bir-birlərinə uyğun gəlməyən anlayışlar olduğunu düşünürlər. Hesab edirlər ki, inanc mövzuları əlçatmazdır, əql və təfəkkürlə anlanılan deyil. Əqli və fikri təhqir edirdilər. Məsələn, bəzi təhrif olunmuş səmavi dünyagörüşlərinin nümayəndələri bir cür insanlara başa salmalı idilər ki, necə olur Tanrı həm ata olur, həm oğul olur, həm də ki, müqəddəs ruh. İnsanlar soruşanda ki, «bu necə olur?», deyərdilər şeytan sənə vəs-vəsə edir, bu haqda fikirləşmə. Deyirdilər, bunlar ağılla başa düşülən məsələlər deyil.

İslam isə deyir: əqidə əqlə söykənməlidir. Rəsuli-Əkrəm (s) buyurub: “…Allaha sitayiş və itaət - biliklə edilər…”.

Həzrət Əli (ə) buyurub: “Fəzilətlərin başı (başlanğıcı) – bilikdir. Fəzilətlərin son nöqtəsi də bilikdir”.


ELM ÖYRƏNMƏYİN VACİBATI


Əqidə təfəkkürə söykənməlidir. Əqllə dinin arasında zərrə qədər də təzad, zərrə qədər də uyğunsuzluq yoxdur, ola da bilməz. Nəzər salaq, görək Quran elmdən, təəqqüldən uzaq düşən bu fərdlərə necə münasibət bəsləyir? Quran məntiqi açıq-açığına söyləyir ki, düşünməyən, təfəkkür etməyən, əqllərindən istifadə etməyən insanlar, sürünənlərdən, heyvanlardan da aşağı bir dərəcədədirlər. Dinimiz buyurur ki, bütün fəzilətlərin, yaxşılıqların, gözəlliklərin, bəyənilmiş bütün üstünlüklərin hamısının kökü, bünövrəsi, mənbəyi - elmdir. İslam elmi bu dərəcəyə çatdırır. İslamın nəzərində elm bütün fəzilətlərin köküdür.

Hətta, İslam məntiqində bildirilir ki, elmlə yatmaq, cəhalətlə qılınan namazdan daha üstündür. Yəni, bir insan təəqqüllə, təfəkkürlə, elmlə yata, bu onun nadanlıq vəziyyətində qıldığı namazdan qat-qat üstündür. Digər bəhsdə isə görürük, buyurulur ki, elmin, təəqqülün, düşüncənin bir miqdarı, çoxlu elə-belə ibadətdən qat-qat üstündür. Əlbəttə, bu, ibadətin vacibliyini insanın üzərindən götürmür. Sadəcə elmin əhəmiyyətinə vurğu edilir.
Digər bir çaları da göstərmək olar. İslamın elm dalınca getmək buyuruşunu. Buyurulur ki, elm öyrənmək, elm dalınca getmək - həm müsəlman kişisinə, həm də qadınına vacibdir. İslamın nəzərində elmin məqamı gör nə qədər uca və müqəddəsdir ki, İslam buyurur: yer və göy elmlə məşğul olan insana dua edər.

Və yaxud, bildirilir ki, əgər insan ölsə və ölərkən, məşğuliyyəti bir elm ola ki, bu elmlə İslama dirilik gətirmək istəyə, yəni, həmin insanın o elmi öyrənməkdə məqsədi İslama həyat gətirməkdirsə - bu halda İlahi peyğəmbərlərlə bu insan arasında çox az bir fasilə olacaq.
İslam məntiqində, alimin cahillərlə fərqi - dirinin ölülərlə fərqinə bənzədilir. Cahillər arasında olan alim, ölülər arasında olan diri ilə eyniləşdirilir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar
loading...