Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət Fatimədən (ə) Hədislər

Hər kim öz xalis (səmimi) ibadətini Allaha ünvanlasa, Allah da özünün ən yaxşı məsləhətini ona endirər” (yəni Allah məsləhət bildiyi ən xeyirli neməti ona bəxş edər).



“Möminin üzünə gülümsəmək insanın cənnətə düşməsinə səbəb olar. Amma inadkar və ədavətkar adamın üzünə gülmək isə adamı cəhənnəmə salar”.

“Allahın Rəsulu buyurub ki, imam Kəbə kimidir. Camaat ziyarət üçün onun yanına gedər, Kəbə camaatın yanına gəlməz. Allaha and olsun, əgər haqqı öz sahibinə qaytarsaydılar, Peyğəmbərin nəslinə tabe olsaydılar, Allahın dini barədə bir-biri ilə ixtilafda olan iki nəfər belə, tapılmazdı...”.

“Yeməkdən sonra əlləri yağlı halda yatan adam özündən başqa heç kimi danlamasın”.

“Süfrənin 12 xüsusiyyəti var ki, hər bir müsəlman bunları bilməlidir. Bu xüsusiyyətlərin dördü fərz (vacib), dördü sünnətdir, dördü isə ədəb-ərkandandır. Fərz olan xüsusiyyətlər bunlardır: mərifət (yəni ruzini verən Allahı tanımaq), razılıq, Allahın adını çəkmək (“bismillah” demək) və şükr. Sünnət olan dörd xüsusiyyət budur: yeməkdən qabaq dəstəmaz almaq, oturmuş halda yemək, sağ tərəfi üstə (yəni sağ tərəfə dayaqlanıb) oturmaq və üç barmaqla yemək. Ədəb-ərkandan olan xüsusiyyətlər isə bunlardır: öz qabağında olan qidanı götürüb yemək, loxmaları kiçik etmək, yeməyi yaxşı çeynəmək və süfrə arxasında başqalarının üzünə az baxmaq”.

“Peyğəmbər buyurub: “Cümə günündə elə bir saat var ki, müsəlman həmin saatda Allahdan nə isə xeyir-bərəkət istəsə, ona verər”. Fatimə soruşdu ki, bu hansı saatdır? Peyğəmbər cavab verdi: “Qürub vaxtı Günəşin yarısı üfüqün arxasında itəndə”.

“Sizin ən yaxşılarınız – insanlarla ən mülayim, öz həyat yoldaşı ilə ən mehriban rəftar edəninizdir”.

“Əgər oruc insanın dlini, qulağını, gözünü və sair əzalarını günahdan çəkindirmirsə, belə orucun insana nə faydası var?”.

“Sizin dünyanızdan yalnız üç şeyi xoşlayıram: Allahın Kitabını oxumağı, Allah Rəsulunun çöhrəsinə baxmağı və Allah yolunda ehtiyaclılara yardım göstərməyi”.

Fatimə ərə gedərkən atasına demişdi: “Ey Allahın Rəsulu! Xalqın qadınları pulun xatirinə ərə gedirlər. Bəs, mənimlə onların arasında nə fərq olar? İstəyirəm Allaha dua edəsən ki, mənim mehriyyəm Sənin ümmətinin günahkarlarına şəfaət etmək ixtiyarı olsun”.

“Allah sizin şirkdən pak olmağınız üçün imanı, təkəbbürdən təmizlənməyiniz üçün namazı, ruhunuzun saflaşmasından və ruzinizin artmasından ötrü zəkatı, ixlasda möhkəm olmağınız üçün orucu, dininizin möhkəmliyindən ötrü həcci, ürəklərinizin mehriban olması üçün ədaləti, ümmətin nizam-intizama nail olması üçün bizə (yəni Əhli-beytə) tabe olmağı, təfriqədən amanda qalmağınız üçün bizim imamətimizə inanmağı, İslamın izzət qazanmasından ötrü cihadı, savab qazanmaq vəsiləsi kimi səbri, camaatın islahı üçün əmr bil-mərufu (yaxşı işlərə çağırmağı), Allahın qəzəbindən xilas olmaq üçün valideynə yaxşılıq etməyi, sayınızın artması üçün sileyi-rəhimi (qohumlarla mehriban olmağı), canın qorunmasından ötrü qisası, bağışlanmaq vasitəsi kimi əhdə (nəzrə) vəfa etməyi, qəhətliyə düçar olmamaq üçün çəkini düz çəkməyi, alçaqlığa sürüklənməmək üçün şərb içməkdən çəkinməyi, Allahın lənəti qarşısında müdafiə vasitəsi kimi iftiradan uzaq olmağı, iffəti qorumaq üçün oğurluqdan çəkinməyi, Allahın rübubiyyətinə (rəbbliyinə) tam səmimiyyətlə bağlanmağınız üçün şirki haram saymağı vacib buyurdu”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...