Ey aləmlərin Rəbbi!
Ey sevgini sevgiylə yaradan!
Ey sevən, sevdirən və sevindirən!
Ey rəhmətin sonsuz qaynağı!
Ey mərhəmətlilərin ən mərhəmətlisi!
Ey könüllərin mütləq hakimi!
Ey zatına həmd ilə əziz olduğum!
Ey zatını həmddən aciz olduğum!
Mən layiqincə öyə bilmərəm Səni!
Sən öydüyün kimisən Özünü!
Səni layiqincə ancaq Sən tanıyar,
Səni layiqincə ancaq Sən öyərsən!
Həmdim Sənə məxsusdur, duam Sənədir!
Ümüdüm, qorxum və sevdam Sənədir!
Üzümü Sənə çevirdim, Sənə tutundum!
Əlimi Sənə açdım, könlümü Sənə verdim!
’’Məni qovmaz” deyə qapına gəldim!
Əfvi boldur deyə əfvinə gəldim!
Tutdum günahımdan üzümə pərdə,
Qulluq edəmmədim, lütfünə gəldim!
Allahım!
Qanadı qırıq bir quş kimiyəm.
Uçsam uça, qaçsam qaça bilmirəm.
Yarımçıq qalmış yuxu kimiyəm.
Yardan da, sərdən də keçə bilmirəm.
Mənzilə çata bilməmək qorxusu sardı mənliyimi
Qolum-qanadım qırıq, könlüm min parça!
Ey qəlbləri hər səmtə çevirən, ey könüllər Sahibi!
Yaraları sarıyan, dağılanı toplayan Sənsən!
Varlığım Sənin varlığının şahididir!
Varlığım Sənin Rəhmətinin şahididir!
Allahım!
Ey Vədud olan!
Həm sevən, həm sevilməyi diləyənsən.
Ey varlığı sevgi olan, ey sevginin sonsuz qaynağı!
Biz var etdiyini sevərik, Sən sevərkən var edərsən!
O sonsuz xəzinəndən bizim üçün də bir sevgi var et!
O sonsuz sevgi selinin içinə bizi də qat: Sev bizi!
Sən sevəndə sevdirərsən: Sevdir bizi!
Sevdiyini cənnətinlə sevindirərsən: Sevindir bizi!
Allahım!
Varsan! Bütün kainat varlığının aynası.
Birsən! Bütün mövcudat birliyinin şahidi.
İnanmışıq bir tək olan O, Yaradandır!
Bilirik ki, hər nə ki cüt – yaradılandır!
Hər şey Sənə möhtac, heç bir şeyə möhtac deyilsən Sən!
Əhədsən, Vahidsən, Səmədsən Sən!
Allahım!
Maddədəki hər atomun təsbih etdiyi Sənsən!
Nəfəs alan hər canlının zikr etdiyi Sənsən.
Ağıl əmanət etdiyin hər varlığın əql etdiyi Sən
Duyan və duyduran hər duyğunun hiss etdiyi Sənsən.
Qədir-qiymət bilənlərin şükr etdiyi Sən,
Varlığı nemət bilənlərin həmd etdiyi Sənsən!
Allahım!
Yalnız Səndən yardım diləyər, yalnız Sənə qulluq edərik.
Səni siğınacaq, tutacaq, umacaq bilir Ya Allah deyərik.
Şeytandan Sənə sığınar “əuzibillah” deyərik.
Hər işə Səninlə başlar “bismillah” deyərik.
Nemət verdiyində könüldən şükr edərik.
Versən də, alsan da “əlhəmdülillah” deyərik.
Heyran olduğumuzda “maşaallah”,
Peşman olduğumuzda “əstağfirullah” deyərik.
Sevindiyimizdə “Allahuəkbər!”,
Qəmləndiyimizdə “innalillah” deyərik.
Sıxıldığımızda “fəsübhanallah”,
Zəfər qazandığımızda “nasrun minallah”,
Ruzi qazandığımızda “ər-rizki`alallah” deyərik.
Bir işi arzu etdiyimizdə “inşaallah”,
Bir işi bacardığımızda “biiznillah” deyərik.
Güc qarşısında “la-havlə və-la quvvətə illa billah”,
Söz verəndə “v`Allah” və “billah” deyərik.
Allahım!
Mən qulam, Sən Allahsan.
Mən istəyənəm, Sən verənsən.
Mən susayanam, Sən suvaransan.
Mən möhtacam, Sən ehtiyac ödəyənsən.
Mən özümə yetməyən, Sən hər şeyə yetənsən.
Mən məni bilməyən, Sən məni məndən yaxşı bilənsən.
Mən məndə olmayan, Sən şahdamarımdan yaxın olansan.
Qul qul kimi istəyər, Sən Allahca verənsən.
Halım ərzi-halımdır, duruşum duam.
Sənsizsəm nəyim var, Sənliysəm nə qəm?
Allahım!
İmanı olanın imkanı tükənməz.
İmandan və Qurandan ayırma!
Qurandan məhrum olana nur çata bilməz.
Kitaba uyanlardan qıl, kitabına uyduranlardan qılma!
Quranı bizdən razı, bizi Qurandan razı qıl!
Hesab günündə Quranı şahid qıl!
Bizə Quranı aç!
Susuz ürəklərimizə vəhyi əllərimizlə saç!
İnsanlıq zaman çölündə bu suya möhtacdır, Ya Rəbbi!
Allahım!
Dərdlərimizin əlində imanımızı qar kimi əritmə!
İmanımızın əlində dərdlərmizi qar kimi ərit!
Bizi dünya nemətləri altında at etmə
Dünya nemətlərini altımızda Burak et!
Sahib olduqlarımızın bizə sahib olmasına izin vermə!
Ağlımızı ağ, eşqimizi ağ, üzümüzü ağ et!
Bizə götürəcəyimiz yükü yüklət!
Götürə bilməyəcəyimiz yükü yüklətmə!
Qəhrindən lütfünə sığınırıq, Allahım!
Cəlalından cəmalına sığınırıq, Allahım!
Səndən Sənə sığınırıq, Allahım!
Yalnız Sənə sığınırıq, Allahım!
Allahım!
Məni Allahla aldadanlardan etmə!
Allahla aldadanlara aldananlardan etmə!
Şeytana günahlarımızı bəzəməyə izin vermə!
Şeytanın bəzədiyi günahları etməyə izin vermə!
Mənə Adəmin (ə.s) tövbəsini, Nuhun (ə.s) müqavimətini ver!
İbrahimin (ə.s) imanını, İsmayılın (ə.s) təslimiyyətini ver!
Yaqubun (ə.s) dirayətini, Yusufun (ə.s) iffətini ver!
Musanın (ə.s) cəladətini, Harunun (ə.s) sədaqətini ver!
Davudun (ə.s) sədasını, Süleymanın (ə.s) qeyrətini ver!
Eyyubun (ə.s) səbrini, Loğmanın (ə.s) hikmətini ver!
Zəkəriyyənin (ə.s) xidmətini, Yəhyanın (ə.s) şəhadətini ver!
Məryəmin (ə.s) adanmışlığını, İsanın (ə.s) safiyyətini ver!
Və Məhəmmədin (s.a.s) məhəbbətini ver, Ya RƏBB!
Allahım!
Mənə əşyanın həqiqətini göstər!
Mənə həqiqətə itaət, batilə üsyan ləyaqəti lütf et!
Dininin dərdini dərdim qıl, özəl dərdlərimi satın al!
Elə əziz dərdlərə mübtəla et ki, dərman axtarmayım!
Mənə dadından doymaq olmayan kərim acılar yaşat!
İradəmi inayətsiz, elmimi hikmətsiz etmə, Allahım!
İmanımı dözümsüz, sədaqətimi məsnətsiz etmə, Allahım!
Həyatımı məhəbbətsiz, Axirətimi cənnətsiz etmə, Allahım!
İmanımı ağlımın əlində əsir etmə!
Ağlımı hissiyatımın əlində rəzil etmə!
Hissiyatımı şəhvətimin əlində zəlil etmə!
Allahım!
Ağlamayan ğözdən, sızlamayan özdən,
Qızarmayan üzdən Sənə sığınıram!
Şirkdən, küfürdən, müşrikdən,
Cahildən, qafildən, kafirdən Sənə sığınıram!
Harama dayalı sərvətdən,
Haqq edilməmiş şöhrətdən Sənə sığınıram!
Qorxaqlıqdan, bədxahlıqdan,
Qısqanclıqdan Sənə sığınıram!
Həsəddən, fəsaddan, kəsaddan, nifaqdan,
Fisqdan, fücurdan Sənə sığınıram!
İftiradan, xəyanətdən,
Paxıllıqdan, qəbahətdən Sənə sığınıram!
Allahım!
Mənliyimin yandırdığı atəşdəyandırma məni!
Məni nəfsimə qul etmə, qul et nəfsimi Sənə!
Bir anlıq da olsa məni mənlə tək qoyma!
Sən mənə yetərsən, yetməm mən mənə.
Bilmədiyimi bildir, görmədiyimi göstər!
Sən bildirməsən, bilmərəm, görmərəm göstərməsən.
Könlümə huzur, gözlərimə nur, dizimə taqət ver!
Sən “Ol!” deyərkən olar, olmaz ”Ol!” deməsən.
Canana can, cana canan, qəlbə fərman ver!
Budur əllərim, uzatdım Sənə!
Sən mənə yetərsən, yetməm mən mənə!
Amin!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 370 Bölmə: Maraqlı melumatlar