əl-VAHİD və əl-QAHHAR olan ALLAH`a həmd olsun! O, göylərin, yerin və hər ikisi arasında olanların RƏBB`idir. İzzət sahibi və çox Bağışlayandır. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Bu dünya həyatının sona çatmasına hökm etmişdir. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd (sallAllahu əleyhi və səlləm), Onun qulu və Rəsuludur. Seçilmiş və üstün edilmiş Peyğəmbərdir. ALLAH (Subhanahu və Təalə) Ona, əhli-beytinə, seçkin və fəzilətli insanlar olan səhabələrinə çoxlu xeyir-dua və salam etsin!..
Bundan sonra... Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun! Çünki ALLAH`dan layiqincə qorxmaq etibar ediləcək bir hissdir. Sizin üzərinizə düşən vəzifə ümmətin sələfinin və ilk çağında yaşayanların getdikləri yola möhkəm sarılmaqdır. Sizə bağışladığı və uzun müddətə verdiyi nemətlər üçün ALLAH`a (Subhanahu və Təalə) şükr edin və qarşılıqlarınızı azaldın! Anidən gələcək əcəl üçün hazırlanın! Qul gözləntilərini çoxaldarsa əməlini pis edər. ALLAH (Subhanahu və Təalə) belə buyurur:
“Ey iman gətirənlər! ALLAH`dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. ALLAH`dan qorxun! Həqiqətən, ALLAH etdikləriniz-dən xəbərdardır!” (əl-Həşr surəsi, 59/18)
Ey müsəlmanlar! Şübhəsiz aylar və illər, günlər və gecələr əməllər üçün bir vaxtdır və əcəllər üçün təyin edilmiş müddətdir. Hamısı bitər və tezliklə keçib-gedər. Gecə və gündüz bir-birini təqib edər və ayrılmazlar. Onlar hər uzağı yaxınlaşdıran, hər yenini köhnəldən və Qiyamətə qədər hər vəd ediləni gətirən iki vasitədir. Xoşbəxt şəxs tələlərə düşməz və şəhvətlərə aldanmaz. Bir günü qarşılayan nə qədər insan onu tamamlaya bilmədi. Sabahı gözləyən nə qədər insan ona çata bilmədi. ALLAH (Subhanahu və Təalə) belə buyurur:
“Və (bilin ki) ALLAH əcəli çatan heç kəsə möhlət verməz. ALLAH sizin nə etdiklərinizdən xəbərdardır!” (əl-Munafiqun surəsi, 63/11)
Ey müsəlmanlar! Ömrünüzdən bir ilin günləri yenə bitdi, günəşi batdı və hilalı yox olub getdi. Bu dünyanın əbədi bir yurd olmadığını və bu dünyadan sonra cənnət və ya cəhənnəm olacağını elan edərək. Dünyadan və hiylələrindən çəkinin! Çünki o, nə qədər ona meyl edən insanı aldatmış və bir çox insanı məhv etmişdi. Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Rəsulullah (sallAllahu əleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:
“Dünyada sanki bir əcnəbi və ya səfərdə olan kimi ol!” İbn Ömər (Allah ondan razı olsun) belə deyirdi: “Axşama çıxdıqda səhəri gözləmə! Səhərə çıxdıqda axşamı gözləmə! Sağlığında xəstəliyin, həyatında ölümün üçün hazırlan!” (əl-Buxari)
ALLAH`ın qulları! Bu iliniz lehinizdə və ya əleyhinizdə bir şahid olaraq keçdi. Özünüz üçün yetərli azuqə toplayın və yetərli bir cavab hazırlayın! Həyatınızda çoxlu yaxşılıq edin və keçmiş xətalarınızı düzəldin! İnsanları ayıran xəbərçi sizi çağırmadan və ləzzətləri yıxan ölüm anidən qarşınıza çıxmadan öncə zamanın fürsətini dəyərləndirməyə tələsin.
Cabir ibn Abdillahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Rəsulullahın (sallAllahu əleyhi və səlləm) bir adama nəsihət edərək belə buyurduğunu eşitdim:
“Beş şeydən əvvəl beş şeyin qiymətini bil: Qocalıqdan əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl həyatının. Dünyadan sonra (ALLAH`ın) xoşuna gələn əməllər edəcək heç bir yer yoxdur. Dünyadan sonra ancaq cənnət və ya cəhənnəm olan bir yurd vardır.” (əl-Hakim)
Ey ömrünün sonuna yaxınlaşan və əbədi səfərə nə zaman çıxacağını bilməyən insan! Ey nəfəsləri əleyhinə sayılan insan, onları yaxşı dəyərləndir! Ey günləri gəlib keçəcək insan, onları qaçırma! Nəfsiniz sizin ən dəyərli varlığınızdır, onu həlak etməyin! Əbu Malik əl-Əşari (Allah ondan razı olsun), Rəsulullahın (sallAllahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“İnsanların hamısı çalışır, nəfsini satan ya (ALLAH`a sataraq) onu azad edir və ya (şeytana sataraq) onu həlak edir.” (Muslim)
Ey günahları özünə mane olan və asiliyi özünü düz yoldan çıxaran insan! Nə qədər ili puç etdin, oyun və əyləncə ilə keçirdin! Nə qədər çirkin əməl etdin və nə qədər öyüd verən sözdən üz çevirdin. Nə qədər namaz tərk etdin və haqqı pozdun, nə qədər günah işlədin və pisliyi yaydın. Ölüm anını unutdun!? Dilin ağırlaşacağı və əllərin zəifləyəcəyi, gözlərin tavana baxacağı, qonşularının və ailənin sənin üçün ağlayacağı zamanı. Unutdun ölüm anındakı şəxsin ruhu çıxarkən olan halını? Çətinliyinin artdığı və iniltisinin duyulduğu, rənginin dəyişdiyi, yanaqlarının tərlədiyi və hər tərəfinin şiddətlə ağrı hiss etdiyi zamanı... Rəsulullaha (sallAllahu əleyhi və səlləm) diqqət edin!.. ALLAH (Subhanahu və Təalə) qatında Ondan (sallAllahu əleyhi və səlləm) daha dəyərli bir insan yoxdur. Çünki O (sallAllahu əleyhi və səlləm), ALLAH`ın (Subhanahu və Təalə) seçdiyi dostudur. Ölüm Ona (sallAllahu əleyhi və səlləm) gəldiyi zaman önündə, içində su olan bir qab vardı. Əlini suya salıb onunla üzünü silir və belə buyururdu:
“Lə iləhə illə`llah! Şübhəsiz ölümün bir əziyyəti vardır.” (əl-Buxari)
Ey ALLAH`ın qulları! Çox vaxt bir yerdə olduğumuz və dostluq etdiyimiz insanlar haradadır? Könlümüzün meyl etdiyi və sevdiyimiz insanlar haradadır? Nə qədər sevdiyimizə gözümüzü bağladıq! Nə qədər dəyərli insanı dəfn edib ayrıldıq! Nə qədər yaxınımızı qəbrə qoyduq! Ölüm bizdən bir xəstəyə gücsüzlüyü səbəbilə yazığı gəldimi? Heç bir nəfəri uşaqları üçün tərk etdimi? Uşaq sahibi bir insana ailəsi üçün möhlət verdimi?! Keçən illərdə bizimlə birlikdə olanlar indi haradadır?! Ləzzətlərə son verən, şəhvətləri bitirən və insanları ayıran ölüm onlara gəldi. Məscidlər və cəmiyyətlər onlarsız qaldı. Onları qəbirlərdə yatdıqlarını görərsən. Olduqları vəziyyətdən xilas ola bilməzlər. Nəfslərinə fayda və ya zərər verməyə gücləri çatmaz. Ümmətlərin, RƏBB`lərinin hüzuruna çağırılacağı, insanların toplanmaq üçün yenidən dirildiləcəyi günü gözləyirlər. Sinələr o günün qorxusundan titrəyər, gözlər yaşla dolar və qəlblər hesabın qorxusundan parçalanar.
Ey qəflət yuxusunda bir-birinin ardından illərini keçirən insan! Ey xəta dənizində illərini xərcləyən! ALLAH üçün söylə, hansı günə tövbəni ertələdin?! Hansı ilə təyin etdin dönüşünü?! Gələcək ilə?! Bir başqa mövsümə?! Nə ömrün müddətini nə də qədərini bilməzsən. Tövbə etməkdə tələs və sonraya saxlamaqdan çəkin! Qəlbində pozulanı islah et! Əcəlini gözlə və ömrünü daha çox fayda əldə etmək üçün dəyərləndir. Səfər etmək zamanı yaxınlaşmışdır. Ömür bir əmanətdir. İnsan, Qiyamət günü ondan hesaba çəkiləcək. Abdullah ibn Məsud (Allah ondan razı olsun), Rəsulullahın (sallAllahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“Qiyamət günü beş şey haqda soruşulmadan qulun ayaqları RƏBB`inin hüzurundan ayrılmaz: Ömrünü nəyə sərf etdiyindən, gəncliyini necə keçirdiyindən, malını haradan qazandığından və harada xərclədiyindən, bildiyi ilə necə əməl etdiyindən.” (ət-Tirmizi)
Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə deyir: “Günəşi batan, ömrümü azaldan və əməlimi artırmayan bir günə peşman olduğum qədər heç bir şeyə peşman olmadım.”
Ey müsəlmanlar! Dünən edilənlərə peşmançılıq haradadır?!. Qəbir əzabı üçün göz yaşları haradadır?!. Günəşin sizə yaxınlaşacağı gün üçün hazırlıq haradadır?!. Bina sökülmədən, kədər sevinci pozmadan, həyatdan ümid bağı qopmadan, evlər sahibsiz və ölkələr xaraba qalmadan əvvəl RƏBB`inizə tövbə edin!
Keçib-gedən saatları, günləri və illəri yaxşı dəyərləndirin. Sizdən hər biri nəfsini hesaba çəksin! Nəfsini tanıyan və onu hesaba çəkən xoşbəxt olar. Onu təqib edən və şəhvətlərdən uzaqlaşdıran müvəffəqiyyət qazanar. Sakinlərinin ölmədiyi, binalarının sökülmədiyi, gənclərinin yaşlanmadığı və gözəlliyinin dəyişmədiyi bir dünyaya buyurun! Rəsulullah (sallAllahu əleyhi və səlləm) belə buyurur:
“Cənnətə daxil olan rahat bir həyat sürər, çətinlik çəkməz, paltarları köhnəlməz, gəncliyi sona çatmaz.” (Muslim)
Ey ALLAH`ın qulu! Ömrünün qalan illərini yaxşı dəyərləndir və əyləncəni bir tərəfə qoy. Gecənin qaranlığında ibadətə qalx! Zikr edən bir dil, yuxusuz göz qapaqları və axan göz yaşları ilə tövbə qapısına yönəl! Əbu Musa əl-Əşari (Allah ondan razı olsun), Rəsulullahın (sallAllahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“Şübhəsiz ki ALLAH, günəş batdığı yerdən çıxana qədər, gündüz xəta edənin tövbə etməsi üçün gecə əlini açar və gecə xəta edənin tövbə etməsi üçün gündüz əlini açar.” (Muslim)
Qalan günlərini gözəl keçir ki, arxada qalanlar bağışlansın. Qalan ömründə pislik etsən, keçmişdə və sonradan etdiklərin haqda hesab verəcəksən. ALLAH (Subhanahu və Təalə) belə buyurur:
“Ey insan! Sən (ölənə qədər) RƏBB`inə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək. Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: “Ay öldüm!” - deyə şivən qopardacaq, və Cəhənnəmə vasil olacaqdır! O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi. Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün RƏBB`inin hüzuruna) qayıtmayacaqdır. Xeyr! (Onun düşündüyü kimi deyildir. O, Qiyamət günü dirilib ALLAH`ın hüzuruna qayıdacaqdır). Həqiqətən, RƏBB`i onu görürdü.” (əl-İnşiqaq surəsi,84/6-15)
ALLAH (Subhanahu və Təalə) məni və sizi Quran və sünnə ilə bərəkətləndirsin! Məni və sizi onlardakı ayələr və hikmətlər ilə faydalandırsın! Eşitdiyinizi söyləyib, ALLAH`dan (Subhanahu və Təalə) özüm, sizin və bütün müsəlmanlar üçün hər cür günahdan və xətadan bağışlanma diləyirəm! Siz də Ondan (Subhanahu və Təalə) bağışlanma diləyin! Şübhəsiz O (Subhanahu və Təalə), çox Bağışlayan və Mərhəmət edəndir.
Ehsanı üçün ALLAH`a həmd olsun! Müvəffəqiyyətli etməsi və nemətləndirməsi səbəbilə Ona şükürlər olsun! Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur, Şanı ucadır. Şəhadət edirəm ki, Muhəmməd (sallAllahu əleyhi və səlləm) Onun qulu və Rəsuludur. ALLAH`ın rizasına dəvət edəndir. ALLAH (Subhanahu və Təalə) Ona, əhli-beytinə, əshabına və din qardaşlarına xeyir-dua və çoxlu salam etsin!
Bundan sonra... Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun, Ona itaət edin və Ona qarşı asi olmayın!
ALLAH (Subhanahu və Təalə) belə buyurur:
“Ey iman gətirənlər! ALLAH`dan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)” (ət-Tövbə surəsi, 9/119)
Ey müsəlmanlar! Günlər keçib-gedir və ömürlər sona çatır. Bədənlər zəifləyir. Xoşbəxt insan, ömrü uzun və əməli gözəl olandır. Bədbəxt isə ömrü uzun və əməli pis olandır. Əbu Bəkrdən (Allah ondan razı olsun) bu rəvayət edilir: Bir adam “Ey ALLAH`ın Rəsulu! İnsanların hansı daha xeyirlidir?” deyir. Rəsulullah (sallAllahu əleyhi və səlləm): “Ömrü uzun və əməli gözəl olan” buyurur.” (ət-Tirmizi)
Axirətin uşaqlarından olun və dünyanın uşaqlarından olmayın! Bu gün əməl var hesab yoxdur, sabah isə hesab olacaq, əməl isə olmayacaq. Əməllər, sonlarına görə dəyərləndirilir. İnsan yaşadığı kimi ölür və öldüyü həyat kimi dirildilir. Cabir ibn Abdillah (Allah ondan razı olsun), Rəsulullahın (sallAllahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“Hər qul öldüyü kimi dirildilir.” (Muslim)
Ey müsəlmanlar! Tövbə qapısı açıqdır... Ölmədən əvvəl və vaxt keçmədən səmimi şəkildə tövbə etməyə tələsin!
ALLAH (Subhanahu və Təalə) belə buyurur:
“Ey iman gətirənlər! ALLAH`a səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin!..” (ət-Təhrim surəsi, 66/8)
“...Hamınız ALLAH`a tövbə edin ki, nicat tapasınız!” (ən-Nur surəsi, 24/31)
İnsanların ən xeyirlisinə, bəşəriyyətin ən təmiz varlığına (sallAllahu əleyhi və səlləm) xeyir-dua və salam edin! ALLAH (Subhanahu və Təalə) sizə bunu əmr etmiş və belə buyurmuşdur:
“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (əl-Əhzab surəsi, 33/56)
Tarix: 18.04.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Maraqlı melumatlar